“Düşən” ulduz?

0
15

Ulduz axması (sürüşməsi) və ya düşməsi haqqında az eşitməmişik. Öz gözlərimizlə də dəfələrlə şahidi olmuşuq. Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüşsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur. Soruşandaki bu nə olan şeydi, valideynlərimiz, nənə və babamız həmişə deyirdilər ki, hər insanın göy üzündə ulduzu var və hər ulduz axanda bir insan ölür. Bəs bu dedikləri doğrudurmu?

Çoxunuz yəgin bu söhbətləri eşitmisiniz. Astronomiya haqda səthi biliklərə sahib olan kəslər isə bir qədər də irəli gedərək “düşən” cismin əslində ulduz deyil də meteor olduğunu bilir. Gəlin bu barədə qısa məlumat alaraq əsas mətləbə keçək.

Gecə səmada gördüyümüz ulduzların hamısı, bizim də içərisində olduğumuz Südyolu Qalaktikası içərisində yer alır. Bu ulduzların bəziləri çox yaxın, bəziləri isə çox uzaqda olduğundan, onların parlaqlıqları bir-birlərinə görə fərqli olur. Lakin hər nə qədər yaxınmış kimi görünsələr də, aralardakı məsafə təsəvvür belə etməyəcəyimiz qədər böyükdür və səmadakı mövqeləri illər içərisində belə fərq yaradacaq bir şəkildə dəyişməz qalır. Ulduz axması olaraq gördüyümüz hadisə isə meteoritlərin atmosferə girərək yanmaları nəticəsində buraxdıqları izlərdir. Buna görə “ulduz axması” bir elmi ifadə deyil və səhv hesab olunur. Müşahidə edilən hadisə, meteoritin atmosferə girərək yanmasıdır. Bu daşlar elə sürətlidir ki, çox qısa bir müddət içərisində atmosferdə çox uzun yol qət edə bilərlər. Atmosfer daxilində olan zaman yanmalarına görə diqqətə çarpan və parlaq bir işıq saçarlar. Bu sırada parçalandıqları üçün, arxalarında buraxdıqları quyruqları, qısa bir müddətə qala bilər. Üstəlik, tərkibində olan elementlərə görə, rəngləri belə dəyişə bilər. Məncə, meteorlar barədə bu qədər kifayətdir. İndi isə keçək əsas suala.

Bəs görəsən “düşən” ulduzlar doğrudan da mı yoxdur?

Hər kəsin bildiyi “düşən” ulduzların meteor olduğunu çoxu bilsə də real olaraq düşən ulduzların da mövcud olduğunu bilən kəslər elə də çox deyil. Amma onlar da həmçinin mövcuddurlar və hipersürətli ulduz adlanırlar. Bu ulduzlar bəzən bizim Günəşin çəkisindən 10 dəfə böyük olurlar və saatda milyon kilometrdən çox sürətlə hərəkət edirlər. Bu sürət o qədər böyükdür ki, onlar rahatlıqla bir qalaktikadan digər qalaktikaya keçə bilərlər. Əgər belə ulduzlardan biri Günəş sistemimizə daxil olarsa o, çox rahatlıqla Yeri öz orbitindən kənara çıxara bilər və Yer özünün daimi enerji mənbəyindən uzaq qala bilər. Xoşbəxtlikdən bu ehtimalın baş verməsi çox da real görünmür.

Bəs hipersürətli ulduz nədir?

Günəşin Qalaktika üzrə sürəti kosmik şatlın orbitdəki sürətindən 30 dəfə böyükdür (Qalaktikanın mərkəzinə nəzərən 220 km/san). Və Qalaktikamızın da bir çox ulduzları təxmini olaraq bu sürətlə hərəkət edirlər. Lakin bəzi ulduzlar mövcuddur ki, “yol qayda-qanunlarını pozaraq” sürəti aşırlar. Təxmini olaraq, 1 milyarda yaxın ulduz bizim Günəşin sürətindən 3 dəfə daha sürətlə hərəkər edir. Və bu sürətlə onlar qalaktikalararası səyahət edirlər.

Biz bu tip onlarla hipersürətli ulduz kəşf etmişik. Amma bu ulduzlar necə olur ki bu qədər sürətə çata bilirlər?

1988-ci ildə astrofizik Cek Hils (Jack Hills) Amerikada Los Alamos Milli Laboratoriyasında hipotetik olaraq hipermassiv qara dəliklə 2 ulduzdan ibarət olaraq bir-birinin ətrafında fırlanan ulduz sisteminin qarşılaşmasını izah etməyə çalışmışdır (Bildiyimiz kimi, ulduz sistemində 1-dən artıq ulduz olar bilər). O, başa düşmüşdür ki, qara dəliklə qravitasion rəqsin nəticəsində ulduz cütündən biri bir neçə min kilometr sürətlə kənara atılacaq. Cek bunu qovulan ulduzun hipersürəti adlandırırdı. Eyni zamanda qara dəlik digər ulduzu özünə çəkirdi. Lakin uzun illər ərzində heç kim bu ideyaya diqqət verməmişdir. Səbəb də məlum idi. Çünki heç kim qalaktikadan bu qədər sürətlə uzaqlaşan ulduz görməmişdi.

Daha sonra 2005-ci ildə Uorren Braun (Warren Brown) adlı astronom  Südyolu qalaktikasında müəyyən bir parlaq-mavi ulduzu axtarırdı. Qravitasiya təsiri ilə Braun qalaktikanın çəkisini hesablamağa çalışırdı. Lakin birdən o çox sürətlə hərəkət edən bir ulduz aşkar etdi, həddən artıq sürətlə. O qalaktikanı 853 km/san (3 mlnkm/saat-dan çox) sürətlə tərk edirdi.

Daha sonra o Hilsin qəzetinə rast gələrək ideal izahı tapdı. Bundan sonra Braun və digər astronomlar axtararaq 20-dən çox belə ulduz tapdılar.

Hipersürətli ulduzları Lester universitetinin alimləri də izah etməyə çalışmışdır. Onların isə 2 mövcud variantları vardır. Onlardan biri bizə artıq yaxşı tanış olan qara dəlik məsələsi, digəri isə supernova partlayışı idi. Gəlin bir az da bu varianta nəzər salaq.

Dr Kastitis Zubovas (Kastytis Zubovas) qeyd edir ki, supernova partlayışları bu kimi cüt ulduz sistemlərini dağıtmaq qabiliyyətinə malikdir və bəzən yerdə qalan ulduz bununla da qalaktikanı tərk edə biləcək sürətə qalxmağa imkan tapır. Lakin bunun bir əmması var. Sistemin 2 sürəti vardır. Birincisi bir-birlərinin ətrafında fırlanma sürəti, ikincisi isə qalaktikanın mərkəzi ətrafında fırlanma sürəti. Və əgər bu sürətlər bir-birinə yaxın olarsa qeyd etdiyimiz prosesin baş verməsi ehtimalı xeyli artır.

Bütün bunları isbat etmək üçün ikili ulduz sistemində supernova partlayışını müşahidə etmək lazım idi. Lakin alimlər bu hadisəni gözləyəcək halda deyildilər. Onlar bütün fiziki xüsusiyyətləri, cisimlərin yerləşməsini, onların orbital parametrlərini və s kimi faktorları cəmləşdirərək hadisənin statiki ehtimalını kompüter modelləşməsində izləməyə güvəndilər. Və nəticələr maraqlı alındı:

  1. Supernova partlayışı nəticəsində ikili ulduz sisteminin dağılma ehtimalı 93%-dir.
  2. Bu halda ulduzların sürətlə uzaqlaşma ehtimalı isə 4-25% hallarda mümkündür.

Zubovas bu kimi nadir hadisələrin nəticəsində yaranan hipersürətli ulduzların olması ehtimalının son araşdırmalarda yüksək və tam real olmasını qeyd edir. Bu modelləşdirmə xeyli uğurlu hesab olunur və sonrakı hesablamalarda daha dəqiq parametrlərin əlavə olunması ilə daha dəqiq cavablar alınacaq. Hipersürətli ulduzların yaranma ssenarisinin hər ikisinin də baş verməsi ehtimalı tam realdır. Hər ikisinin araşdırılması bizə bu kimi ulduzların yaranmasında yaranan xeyli suala cavab verəcək. Və ən əsası odur ki düşən ulduzlar var…


Mənbə:

Rezonans – “Göydən ulduz düşdü, arzu tut”- ifadəsinin gizli tərəfləri

BBC.com

universetoday.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here