Elea məktəbi və Eleaçılar

Post date:

Author:

Category:

Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (lat.Velia) şəhəri qədim dünyanın mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Bu şəhərdə fəlsəfi fikir də inkişaf etmişdir. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar.

M. ö. VI – V yüzillikdə yaşamış Ksenofanes Elea məktəbinin ilk filosofu hesab edilir.

O, indiki Türkiyənin Qərbində yerləşən Kolofon şəhərindən idi. Sonra Cənubi İtaliyaya səfərlər etmiş və sonradan Eleaya köçmüşdür. Ksenofanes çoxtanrılı yunan panteonunu şiddətli tənqid etmişdir. O hesab edirdi ki, Olimpus dağında yaşayan yunan tanrıları əslində şairlərin uydurduqları və xalq təxəyyülündə formalaşan mifik obrazlardan başqa bir şey deyildir.

Ksenofanesə görə insanlar özlərinə bənzər tanrılar yaratmışdılar. Bu baxımdan hər bir xalqın tanrılar haqqındakı təsəvvürləri məhz öz dünyagörüşləri əsasında formalaşmışdır.

Yenə Ksenofanesə görə əgər öküzlər, atlar və başqa heyvanların düşüncəsi olsaydı, onlar tanrılarını elə özlərinə bənzər təsvir edərdilər.
Tanrıların təbiəti və başqa xüsusiyyətləri haqqında doğru biliyi əldə etmək olmaz, bu barədə ancaq ehtimal edilə bilər. Buna görə də, Ksenofanes qədim yunan şairləri Hesiodos və Homeri tanrılara insan xüsusiyyətlərini aid etməkdə günahlandırmışdır. Eyni zamanda, Ksenofanes ateist də olmamışdır. O, dini və tanrını özünəməxsus tərzdə təsəvvür edirdi.

Onun fikrincə yunan toplumunda olan baxışlar ibtidai səviyyədə olmuşdur.(Tanrını insan görkəmdə və ya hansısa keyfiyyətlərdə insana bənzər şəkildə təsəvvür etmə “antropomorfizm” adlanır.) Buna görə də Ksenofanes yunanların dini dünyagörüşləri ilə razılaşmayaraq öz fikirlərini açıqlamışdır. Onun fikrincə Tanrı bir və bölünməzdir; eyni zamanda, o dünyadan ayrı bir şey də deyildir. Beləliklə, Ksenofanes Tanrını dünya ilə eyniləşdirmiş, onu təbiətdən ayırmamışdır. Buna görə də, dünya yaradılmamış, həmişə var olmuş və hər zaman da olacaqdır. Bu baxımdan Ksenofanes panteizmin əsasını qoyan filosoflardan biri olmuşdur.

O güman edirdi ki, dünya əbədi, məhv olunmaz və vahiddir. Ona görə vahidlik elə Tanrının özüdür. Ksenofanes ay, günəş və ulduzları tanrılaşdırmamış, onları fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə dünyaların sayı sonsuzdur. Yağışlar isə yerdən günəş şüalarının təsiri altında baş verən buxarlanmanın nəticəsidir. Buxar göyə qalxır və yenidən su olub yerə yağır. Onun fikrincə insanlar və başqa canlılar su və torpağın qarışığından yaranmışdırlar. (Qədim Misir dinində də insanları qoyunbaşlı tanrı Hnum torpaqdan (gildən) yaratmışdır. İnsanın torpaqdan yaradılması haqqında rəvayətlər Yəhudilik, Xristianlıq və İslamda da vardır.)

Parmenides (təxminən m. ö. 540 –470) də ən tanınmış Elea filosoflarından idi. Ksenofanesin öyrəncisi olmuşdur.

Parmenides (təxminən m. ö. 540 –470)

O, “Təbiət haqqında” adlı kitabın yazarı hesab edilir. Ancaq bu kitabın özü deyil, onun bəzi fraqmentləri dövrümüzə gəlib çatmışdır. Parmenidesin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir. Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları olmayan tam hərəkətsiz kürədən ibarətdir.Beləliklə, Parmenides ilk dəfə yerin kürə olması fikrini irəli sürən düşünürlərdən biri olmuşdur. Bu kimi iddialar ondan irəli gəlmişdir ki, Parmenidesin fəlsəfəsində varlıq və yoxluq problemi kəskin olaraq qoyulmuşdur. Onun fikrincə var olan şey yoxluqdan yarana bilməz.

Deməli, var olan şeylər hər zaman mövcuddur. Əks təqdirdə belə çıxır ki, onlar nə vaxtsa olmamışlar. Bu isə imkansızdır. Çünki yoxdan nəsə var ola bilməz. Həmçinin, heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Deməli, var olan şeylər hər zaman olacaqdır. Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqasına keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır.

Beləliklə, Parmenidesə görə gerçək olan yalnız varlıqdır, yoxluq isə yoxdur və onun haqqında düşünülməz. Yoxluq olmadığına görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün deyildir. Yoxluğun mümkün olmamağına görə varlıq hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz.

Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət edərdilər. Bununla belə, insan hər şeyin dəyişkənliyini və hərəkətdə olmasını görür. Beləliklə, burada duyğularla düşüncələrin qarşıdurması baş verir. Belə olan halda isə düşüncələrə üstünlük verilməlidir, çünki “düşünmək və var olmaq eyni şeydir”.

Beləliklə, Parmenides insanları öz duyğularına inanmamağa çağırmışdır və buna görə də tənqidlərə məruz qalmışdır. Onun fəlsəfəsində həqiqət idealizmlə əvəz olunur ki, bunu da sonra Platon inkişaf etdirmişdir.
Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində sevgi tanrıcası Afrodita durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir. Hər şey kişi və qadın başlanğıcların (substansiyaların) qovuşmasından yaranır.

Parmenidesin öyrəncisi Zenon ( m. ö. 490-430) isə müəllimini şiddətli tənqidlərdən qurtarmaq üçün bir sıra yeni ideyalarla çıxış etmişdir.

Zenonun tərəfindən bir neçə paradoksal müddəa irəli sürülmüşdür. Onları “aporiyalar” (Aporiyalar (ya da paradokslar) – həll olunmayan ziddiyyətlərdir.) adlandırırlar. Filosof onların vasitəsi ilə varlığın tam, boşluqsuz, vahid və hərəkətsiz olduğunu sübuta yetirməyə çalışmışdır. Zenonun aporiyaları haqqında Aristotel “Fizika” əsərində xəbər vermiş, onu dialektikanın yaradıcısı hesab etmişdir.
“Dixotomiya” (yun. – ikiyə bölünmə) adlı aporiyasında Zenon iddia edir ki, hər bir məsafəni keçmək üçün öncə onun yarısı, sonra yarısının yarısı, daha sonra o yarının yarısı və s. keçilməlidir. Bu keçidlər sonsuzluğa qədər davam edəcəkdir. Sonsuzluğu isə keçmək mümkün deyildir.

Məhz bu fikirdən çıxış edərək Zenon “Axilles və tısbağa” adlı aporiyasında sübut edir ki, yunan əsatirlərinin tanınmış qəhrəmanı Axilles nə qədər surətlə qaçsa da, tısbağanı ötə bilməz. Çünki Axilles məsafəni qısaltdıqca bu məsafə sonsuz hissələrə bölünəcək və onların hamısını keçmək lazım olacaqdır. O da onları keçmək üçün hərəkət edərkən tısbağa bir addım qabağa irəliləyəcək və nəticədə Axilles tısbağaya çata bilməyəcəkdir.

“Ox” adlı aporiyada isə Zenon sübut edir ki, buraxılan ox əslində hərəkət etmir və sükunətdədir. O yenə də zamanı sonsuz anlara, fəzanı isə sonsuz hissələrə bölür. Beləliklə, hər an atılan ox bəlli olan bir yer tutur. Bu yer onun uzunluğuna bərabərdir. Bu isə o deməkdir ki, ox sükunətdədir, çünki hərəkət ehtimal edilsə də, onda belə çıxır ki, ox həmin an fəzada özündən daha da çox yer tutur, bu isə mümkün deyildir. Deməli, hərəkət əslində yoxdur və o sükunətlərin cəmidir. Beləliklə, hərəkət anlayışının olduğu ehtimal edilərsə, o zaman mütləq ziddiyyətlər yaranacaqdır.

Bu aporiyanın müddəalarını çağdaş dönəmdə animasiyalarda görmək mümkündür. Orada hərəkət edən şeylər əslində sükunətdə olan şəkillərin cəmidir.

Elea məktəbinin daha bir tanınmış filosofu Melissus (təxminən m. ö. 485 – 425) olmuşdur. O da başqa eleaçılar kimi varlığı bir tamlıq kimi təsəvvür edərək hərəkətin varlığını və boşluqların mövcud olmasını inkar edirdi. Melissusa görə varlıq elə kainatdır və o zaman içində sonsuzdur. Deməli, sonsuzluq təkcə zamana deyil, həm də fəzaya aid edilir.
Ehtimal olunur ki, Melissus ilk dəfə kainatın sonsuzluğu fikrini ortaya atmışdır. Həmçinin o qeyd etmişdir ki, tanrılar haqqında fikir yürütmək mümkün deyildir, çünki onlar dərk edilməzdir.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...