Emil Dürkheym – cəmiyyət və ictimai həmrəylik / Sosiologiya

Post date:

Author:

Category:

Həyatı. Emil Dürkheym (Emile Durkheim, 1858-1917) Fransanın Almaniya ilə sərhəd vilayətində, Epinal şəhərində anadan olmuşdur. Onun atasının ravvin olmasına baxmayaraq, Dürkheym özünün dinə olan münasibətində kifayət qədər aqnostik mövqe tuturdu. O, fəlsəfəni və siyasi nəzəriyyəni Parisdə öyrənmişdi, Bordo universitetində pedaqogikadan və sosial elmdən dərs vermişdi, sonradan isə Parisdə professor olmuşdu, öncə pedaqogika, sonra isə sosiologiya üzrə.

Dürkheym əməksevər, ciddi və diqqətli, hər şeyə fikir verən idi. Öz qarşısına cəmiyyət haqqında yeni elmin, sosiologiyanın yaradılması vəzifəsini qoymuşdu. O, həmçinin, siyasətdə də iştirak etmişdir. Dürkheym Alfred Dreyfusu (Alfred Dreyfus, 1859-1935) müdafiə etmiş və birinci dünya müharibəsi zamanı alman militarizmin əleyhinə mübarizədə iştirak etmişdir.

Dürkheymin başlıca ideyası ondadır ki, cəmiyyət insanların həmrəyliyinə əsaslanmışdır. Sosial həmrəylik zəiflədiyi zaman cəmiyyət xəstə olur. Elə buna görə də, həyati olaraq vacib olan bu həmrəyliyi bərpa etmək üçün düzgün müalicəni tapmaq zəruridir.

Sosiologiya Dürkheymə görə, həmrəylik, onun əsasları, zəifləmə səbəbləri və möhkəmləndirmə üsulları haqqında elmdir. Dürkheym belə hesab edirdi ki, ona müasir olan Fransa zəifləmiş həmrəyliyə malik olan, yəni xəstə olan cəmiyyət idi.

 O, belə bir təsəvvürü rədd edirdi ki, sosiologiya həmin o sosial anlayışlardan istifadə etməlidir ki, cəmiyyətin üzvləri öz məxsusi sosial qarşılıqlı təsirlərini başa düşmək üçün onlardan istifadə edirlər (baxın: Uinç, fəsil 29). Dürkheymə görə, sosiologiya digər və daha yaxşı anlayışları tapmalıdır. O, bu müddəanı intihar anlayışının köməyi ilə illüstrasiya edir. Gündəlik dildən və adi həyatdan uzaqlaşaraq, Dürkheym intiharın elə bir konsepsiyanı işləyib hazırlamağa səy edir ki, intiharların tezliyi ilə müxtəlif sosial şəraitlər, yəni psixoloji xarakterli olmayan şəraitlər arasındakı əlaqəni müəyyənləşdirərək, onu statistik olaraq emal etmək mümkün olsun.
İntiharın müxtəlif emosional və fərdi aspektlərindən – insanların intiharla bağlı olaraq hiss etdiklərindən və düşündüklərindən mücərrədləşərək, Dürkheym bir sosioloq olaraq psixologiyadan uzaqlaşdır. O, intiharların tezliyində cinsindən, yaşından, ailə vəziyyətindən, dinindən, milliyyətindən, sosial sinfindən və i.a. asılı olaraq, statistik dəyişiklikləri tapmağa səy edir. Toplanmış statistik göstəricilər Dürkheymin bir sosioloq olaraq nəzəri fəaliyyətinin əsasını təşkil edirlər. (Amma o, statistikada dayanmır). Onlara istinad edərək, Dürkheym cəmiyyət nəzəriyyəsini, yəni ictimai həmrəylik nəzəriyyəsini ifadə edir. Bu nəzəriyyəyə görə, intiharların yüksək tezliyi zəifləmiş həmrəylik hissinin göstəricisidir.

Bəzən Dürkheymin metodunu pozitivistik də adlandırırlar. Lakin bu söz o qədər çoxmənalıdır ki, hər dəfə onun istifadə olunması zamanı izah etmək zəruri olur ki, bu terminin altında nə nəzərdə tutulur. Dürkheym məntiqi pozitivizm mənasında pozitivist deyildir. O, o mənada pozitivistdir ki, verilənlərlə (verilənlər = “pozitiv”) maraqlanır və cəmiyyətin fəaliyyət göstərdiyi zaman necə fəaliyyət göstərdiyini anlamaq istəyir. O, radikal dəyişiklikləri həyata keçirməyə (“inkar etməyə”) səy etmir (Hegellə, Marksla, Sartrla müqayisə edin: tənqidi olan, dəyişən = “inkar edən”). Qeyri-sağlam ictimai dezinteqrasiyanın əleyhinə dərman tapmaq, yəni müalicəni
həyata keçirmək üçün Dürkheym şeyləri olduqları kimi anlamaq istəyir. (Qeyd edək ki, o, ona müasir olan sosial dəyişikliklərə cəmiyyətin zəiflənməsinə aparan dəyişikliklər kimi baxırdı. )

Təsdiq edərək ki, sosioloq sosial hadisələri şeylər kimi nəzərdən keçirməlidir, Dürkheym dürüstləşdirilmiş adi anlayışların köməyi ilə sonradan nəzəri olaraq emal oluna bilən statistik materialı toplamağa çalışır. Bu yanaşma sosial tədqiqatların o ənənəsindən ayrılmadır ki, o, tamamilə başa düşməyə əsaslanmışdır. Amma sosial hadisələrin təbii obyektlər kimi, necə deyərlər, ontoloji statusa malik olduğundan çıxış edən naturalistik reduksiya belə bir statistik nəzəri yanaşmanın zəruri hissəsi deyildir.

İntiharlara dair statistik materialdan çıxış edərək, Dürkheym güman etmişdir ki, o, sosial həmrəyliyi izah etməyi və onun zəifləməsinin səbəblər göstərməyi bacarmışdır. O, sosial həmrəyliyin bu zəifləməsini anomiya (yunanca, a-nomi – qanunun, normanın yoxluğu),yəni “normasızlıq” adlandırır. Qısaca olaraq deyilsə, anomiya vəziyyəti – elə bir vəziyyətdir ki, burada insanları birləşdirən əlaqələr zəifləmişdir. Anomiya vəziyyətində fərdlər çətinliklərə daha az dözümlü olurlar və bu da ki, intiharların tezliyinin artmasına aparıb çıxarır.

Dürkheym belə hesab edirdi ki, statistik olaraq əsaslandırılmış şəkildə təsdiq etmək olar ki, anomiya evlilər arasında subaylar arasında olduğuna nisbətən, uşaqlı ailələrdə uşaqsız ailələrə nisbətən, katoliklərdə protestantlara nisbətən, kiçik icmaların adamlarında böyük şəhərlərin adamlarına nisbətən (və i.a. ) daha azdır (sosial həmrəylik nə qədər güclüdürsə, intihar imkanı bir o qədər azdır). Nikah, ailə və din (həyatın sosial formaları olaraq), xüsusən də, katolisizm beləliklə, cəmiyyəti möhkəmləndirən amillərdir. İqtisadiyyat Dürkheymə görə, başqaları ilə birgə qarşılıqlı təsir göstərən institutlardan yalnız biridir və heç də onların içərisində həlledici olanı deyildir. Bu məqamda, o, iqtisadiyyata birincilik verən Marksdan ayrı düşür.

Dürkheym hesab etmirdi ki, cəmiyyətin humanistləşdirilməsi üçün əmək bölgüsü ləğv edilməlidir. Əksinə, əməyin hərtərəfli bölgüsü gələcəkdə cəmiyyətə bir daha harmonik olmaq imkanını verərdi. Əməyin inkişaf etməmiş bölgüsü zamanı insanlar arasında bərabərlik hökm sürür, amma onların fərdiyyəti rüşeym vəziyyətindədir. Burada Dürkheymin sözlərinə görə, “mexaniki həmrəylik” üstünlük təşkil edir. Əmək bölgüsü dərinləşdikcə, fərdlər
bir-birindən daha çox asılı olurlar ki, bu da, “orqanik həmrəyliyin” yaranmasına gətirib çıxarır. Hər bir kəs başqasından asılıdır, bir orqanizmin üzvlərinə oxşar olaraq. Dərinləşməkdə olan belə bir əmək bölgüsü ixtisaslaşmaya və fərdiləşməyə aparıb çıxarır.

Dürkheymə görə, əmək bölgüsünə əsaslanmış cəmiyyət sağlam da ola bilər, xəstə də. Cəmiyyətin vəziyyəti onunla müəyyənləşir ki, iqtisadiyyat normalara uyğun olaraqmı fəaliyyət göstərirmi? Əgər yox, onda anomiya yaranır. Dürkheym üzünü arxaya, əmək bölgüsü olmayan cəmiyyətə çevirmir, o, üzünü irəliyə, əmək bölgüsünə əsaslanmış harmonik cəmiyyətə doğru çevirir.

Anomiyanın aradan qaldırılması üçün sosial-iqtisadi həyatın normalarının zəruri olaraq möhkəmləndirilməsi sadə əxlaqçılıqla və ya yalnız dövlət hakimiyyətin tətbiq olunması yolu ilə baş verə bilməz. Dövlətdə iqtisadiyyatın harmonik idarə olunması üzrə institutlar -korporasiyalar mövcud olmalıdır. Dürkheym korporativ dövlət ideyasını əsaslandırır, burada kooperativ təşkilatlar iqtisadiyyatı professional səviyyədə və bacarıqla idarə edirlər. Amma
bu dövlət faşist korporativizmindən fərqlənir, belə ki, burada korporasiyaların müəyyən siyasi müstəqilliyə malik olmaları güman olunur.

Dürkheym (Hegelə oxşar bir qaydada) özünəməxsus “sosial demokratik” həll təklif edir. O, xalis liberalizmin nəzarətə yatmayan ekspansionizminin və Marksın radikal dəyişikliklər nəzəriyyəsinin əleyhinə çıxış edir. Dürkheymin terapiyası əhəmiyyətli dərəcədə liberalizmdə, sosializmdə və marksizmdə ümumi olanın əleyhinə, yəni Maarifçilik dövründən onlara çatan ümumi siyasi mirasın, yəni inkişaf, azadlıq və tərəqqi ideyalarının əleyhinə yönəlmişdir. Bəzi nəzəriyyəçilər bu ideyalara müstəsna dərəcədə güclü əhəmiyyət verirlər. Amma Dürkheym onları ictimai tənəzzülə doğru təhlükəli tendensiyanın tərkib hissələri kimi şərh edir. Cəmiyyət stabil olmalıdır, baxmayaraq ki, o, statik deyildir. Dürkheym inkişaf və tərəqqi kimi anlayışları şübhə altında alır. Əgər bu anlayışları dəyişikliklərin bütün növlərinə tətbiq etsək, onda onlar əslində, dağıdıcı anomiyanın yalnız gözəl yeni təsviri ola bilərlər. Məsələn,Dürkheymə görə, biz özümüzü hər şeydən “azad” etməməliyik, biz bizim sosial təhlükəsizliyimizin və xoşbəxtliyimizin müqəddəm şərti olan ictimai həmrəyliyə nail olmağa səy etməliyik.

Amma o məsələ mübahisəlidir ki, iyerarxiyanı və harmoniyanı barışdırmağa nail olmaq Dürkheymə nəsib olmuşdumu?

İndiki vaxtda sosial nəzəriyyələrin iki növünü fərqləndirmək qəbul olunmuşdur. Bunlardan biri əsas olaraq, konflikti, digəri isə harmoniyanı nəzərdən keçirir. Bu mənada, Dürkheym şübhəsiz ki, harmoniyanın nəzəriyyəçisi, Marks isə sinfi cəmiyyətə tətbiqən konfliktin nəzəriyyəçisidir.
Dürkheym təliminin kökləri tarixi olaraq, Renessansa qədərki siyasi nəzəriyyələrə, o cümlədən, sosial həmrəyliyin və stabilliyin vacib olduğunu vurğulayan Platonun və Aristotelin siyasi nəzəriyyələrinə gedib çıxır. Bizim günlərdə onun təlimi görünür ki, ekoloji aspektdə də marağa səbəb olur. O, ekoloji müvazinət vəziyyətində olan cəmiyyətin mümkün sosiologiyasına özünəməxsus bir tövhədir.
Fərdin və ictimaiyyətin münasibətlərini nəzərdən keçirərək, Dürkheym müəyyən üstünlüyü ictimaiyyətə və həmrəyliyə verir.
Fərdlər funksiyalarını yaxşı yerinə yetirən cəmiyyətdə zəruri olan normalara və qaydalara uyğunlaşmalıdırlar. Bunun alternativi isə prinsipcə, anarxiyadır ki, bu da, son nəticədə fərdin xeyrinə deyildir (red. müəllif belə düşünür).

Bununla belə, aşağıdakı məsələ açıq qalır. Fəaliyyətdə olan cəmiyyətdə Hegelin sözləri ilə ifadə etsək, unikal olanın və ümumi olanın dialektik vasitələndirilməsinin köməyi ilə fərdiyyət və liberallıq kimi dəyərlərə təminat verilə bilərmi? Fərdinin və ictimainin bu vasitələndirilmə problemlərini həm nəzəri olaraq, həm də praktik olaraq həll etmək çətindir. Amma bəzi alimlər hər halda güman edirlərki, Dürkheym bu məsələyə kifayət qədər diqqət yetirməmişdir.

Əsərləri: onun əsərləri arasında aşağıdakıları xatırlayaq: “İctimai əməyin bölgüsü haqqında” (De la division du travail social, 1893), “Sosiologiyanın metodu” (Les Regies de la methode sociologique, 1895), “İntihar” (Le Suicide, 1897), “Dini həyatın elementar formaları” (Les Formes elementaires de la vie religieuse, 1912).

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...