Epikürçülük Cərəyanı

Post date:

Author:

Category:

Epikürçülük insanda qorxu hissini yenməyi və xoşbəxtliyə yetişdirməyi hədəfləyən, e.ə. 342-270-ci illər arasında yaşamış antik yunan filosofu Epikürün düşüncələri əsasında ellinizm və Roma mədəniyyətlərinin hakim olduğu zamanda yayılmış fəlsəfi cərəyandır. Epikür Somos adasında yaşamış daha sonra Afinaya gedərək “Bağ” (yunanca: Κῆπος) adlanan məktəbi yaratmışdır. Onun yazılarından günümüzə bəzi hissələr gəlib çatmışdır.

Epikürün insanlara əfsanə və mifoloji əsatirlərə inanmamağa səsləyir, bunların yararsızlığına diqqət çəkirdi. Onun əsas düşüncələri fizika, etika və kanonika ətrafında şəkillənmişdi.

Fizikada Epikür Demoktitin “Atomlar Fikri“ni mənimsəmiş və hətta inkişaf etdirmişdi. Demokrit, əsasən, atomların forma və sayına fəzada tutduğu yerə önəm verirdi. Epikür isə atomların ağırlığına da diqqəti yönəldirdi. Demokrit kimi Epikür də atomların boşluqda hərəkət etdiyini söyləyirdi. Amma ondan fərqli olaraq, Epikür onların ancaq düz yöndə getdiyini yox, bəzən bu düzxətli istiqamətdən yayına biləcəyini də bildirirdi. Demək ki, Epikürə görə atomların hərəkətində əyintilər də ola bilərdi. O, hesab edirdi ki, əgər atomlar yalnız düzxətli hərəkət etsə, onlar bir-biri ilə toqquşa bilməz, beləcə heçnə yaranmazdı.

Epikürün yuxarda bəhs etdiyimiz fikri həm də Demokritin qədərçilik (fatalizm) ideyasına qarşı yönəlmişdi. Demokrit təbiətdə ancaq zərurətin (nə olmalıydısa, o olur) hökm sürdüyünü iddia etmişdi. Epikürə görə atomlar həm düzxətli, həm də əyri yönlərdə hərəkət edir deyə zərurət kimi təsadüfün də var olmasını iddia edirdi.

Kanonika adlandırdığı idrak və dünyanın qavranılması ilə bağlı məsələlərdə Epikür sensualizmə (duyğuçuluğa) üstünlük verirdi. Buna görə o, duyğu orqanlarını gerçəyi müəyyən etməyin əsas vasitəsi elan edirdi. Yəni düşüncənin yaranması tam olaraq duyğulardan asılıdır.

Etikasında da sensualizmi sezmək olur: Epikürə görə xeyir və şər anlayışları duyğular ilə əldə olunur. Ən böyük nemət isə həzz, zövq, məmnunluq və ləzzət hisləridir. İnsan bunlara mane olan hər bir şeydən çəkinməlidir. Həyatdan həzz alma və iztirablardan çəkinməyi hədəfləməlidir.

Epikürə görə insan ruhunun müstəqil və sakitlik məqama çatması müdriklik və xoşbəxtlikdir. Bu məqama çatan müdrik biri zərər verən hər bir şeydən uzaq durar, ona yarar verən şeylərdən həzz almağa başlayar. Həzz alma məqamına çatmanın zəruri şərti ataraksiyadır (yun. ἀταραξία – ruhun sakitliyi).

Ataraksiya halına dünyanın xarici təsirindən və ehtiraslardan azad olduqdan sonra çatmaq mümkündür. Fəlsəfə ilə məşğul olmaq isə ruha ən böyük həzz və məmnunluq hissləri verir. Epikür fəlsəfəsinin bu nöqtəsi sonrakı dönəmlərdə tənqid olunub, eqoizm kimi başa düşülmüşdür. Amma Epikür insanların həzz almaq naminə bir-birinə zərər verməmək məsələsində anlaşmaq gərəkdiyini də vurğulayırdı. Çünki zərər həzzə maneə törədir. Ona görə dostluq qurmaq müdriklərin ən uca məsələrindən biridir.

Epikrürün ölüm haqqında düşüncələri də olduqca maraqlıdır. O, ölümdən qorxmağın absurd olduğunu bildirirdi, çünki insan var olduğu müddətcə ölüm, ölüm olduqda isə insan yox olurdu. Yəni belə deyə bilərik ki, insan öləndə qorxu hissi də yox olur. Ölüm bütün duyğuların sona varması olduğundan Epikürçülük anlayışına əsasən müdrik biri ölümdən qorxmaz.

Hər nə qədər maddəci olsa da, kütlənin inandığı tanrı anlayışını qınasa da, filosof Epikür tanrıların varlığını inkar etmirdi. Onun fikrincə tanrılar aləmlərarası boşluqda yaşayır və insan yaşamına, ümumən, təbiətə müdaxilə etmir. İnsanlar öz problemlərini özləri həll etməlidir. Epikürə görə bu barədə tanrılara yalvarmaq boş işdir. Əgər duaların hamısı qəbul edilsəydi, bəşəriyyət məhv olardı. Çünki insanlar bir-birinin əleyhinə dualar edir. Filosof kütlənin inandığı tanrı anlayışını qınayır.

Epikürün bir çox tələbəsi olmuşdur. Onlardan Lampsakuslu Metrodorus (yunanca: Μητροδωρος, e.ə. 331-278), Militenalı Hermarxus (yunanca: Ἕρμαρχoς, e.ə. 325-250), Qadaralı Filodemus (yunanca: Φιλόδημος, e.ə. 110-40), Titus Lukretius Karus (latınca: Titus Lucretius Carus, e.ə. 99-55) ən tanınmışları olmuşdur.

Lampsakuslu Metrodorus zamanımıza gəlib çatmayan bir çox əsərin müəllifi olmuşdu. Siseron onun cismani hissiyatlara böyük önəm verib.

Militenalı Hermarxus Platon və Aristotelin tələbələri ilə fəlsəfi müzakirələrə də qatılmış, müəlliminin fəlsəfəsini yaymağa çalışmışdır. Epikür öldükdən sonra onun məktəbinə başçılıq etmişdir. Onun da yazıları günümüzə çatmamışdır.

Qadaralı Filodemus ən görkəmli epikürçü mütəfəkkirlərdən biri idi. Arxeoloji qazıntılar zamanı onun əsərləri gün üzünə çıxarılmışdır. O, Afina epikürçü məktəbinin başçısı Sidonlu Zenonun öyrəncisi idi. E.ə. 80-ci ildə Filodemus İtaliyaya gedib, Neapol şəhərinin yaxınlığındakı Herkulanumda epikürçü məktəbini yaratmış və ona başçılıq etmişdir. Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Herkulanum Pompeya ilə birlikdə yox olmuşdur.

Əsərləri içərisində “İnduksiya haqqında” adlanan kitabı diqqətədəyərdir. Orada Filodemus stoaçıların düşüncələrini təhlil etmişdir.

Roma epikürçülüyünün Titus Lukretius Karus (latınca: Titus Lucretius Carus, e.ə.
99-55) olmuşdur. “Hər şeyin təbiəti haqqında” (lat. Dererum natura) adlı kitabında o, bir çox fəlsəfi problemlərə toxunarkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius kütlə arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə, onlar insanlarda qorxu yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır. Lukretiusa görə mövhumatların əsasında din durur, insanları bədbəxtliklərə sürükləyir. Ona görə də, Lukretius dini tamamilə inkar edirdi. Lukretius tanrıları inkar etməsə də, onları yaradıcı və müdaxiləci gücdən məhrum qavrayırdı.

Lukretiusdan öncə filosoflardan tanrıların var olmadığını, onların insanlar tərəfindən qorxu yaradıb, toplumdakı düzəni təmin etsin deyə uydurulduğunu dilə gətirirdilər. Amma ki, Lukretius bu fikirlə razı deyildi. Onun fikrincə, dinlər insanı cinayətə belə sürükləyir. Təbiətdə hər şey özü-özlüyündən, yəni onun əzəli qanunauyğunluğundan irəli gələrək baş verir. Bütün bunların yaranmasında heç bir tanrı iradəsi yoxdur. Dünyanı da heç bir tanrı yaratmayıb və idarə etmir, çünki heç nədən nə isə yarana bilməz.

Yəni ümumi götürsək, Epikür məktəbi təbiəti təbiətin özü kimi anlayır, orda fövqəltəbiiliyin olmadığını bildirirdilər. Bununla da, modern elmi təfəkkürə olduqca yaxın idilər.

İstifadə edilmiş ədəbiyyat: Aydın Əlizadə (2016) Antik fəlsəfə tarixi

Yazdı: Subhan Qulu.

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.