Eşqin fəlsəfi izahı

Post date:

Author:

Category:

Redaktor qeydi: Başlıqda da yazıldığı kimi oxuyacağınız məqalə fəlsəfi fikirlər toplusudur, bu məqalədə yazılanlar elmi-təcrübi yolla təsdiqlənmiş həqiqətlər toplusu kimi yox, Şopenhaur və Freydin fikirləri kimi bu filosofları araşdırmaq baxımından oxunmalıdır. Rezonanss.com bu və ya digər şəkildə insanlar arasında hər hansı ayrı-seçkilik salacaq fikirləri dəstəkləmir, onların sadəcə bilgi kimi öyrənilməsini hədəfləyir.

Bugünə qədər minillərdir eşq bir çox insana ilham mənbəyi olmuş, haqqında saysız-hesabsız kitablar, romanlar şeirlər hekayələr yazılmış, rəsimlər çəkilmiş, mahnılar bəstələnmişdir ancaq bunların demək olar ki hamısı sadəcə eşqin nəticələrini təsvir etməklə kifayətlənmiş amma özünə enib onu yaradan səbəbləri araşdırmaq ehtiyacı duymamışlardır. Biz isə bu gün bu məsələni araşdıracağıq və eşqin əslində nə olduğunu, niyə və necə meydana gəldiyini izah etməyə çalışacıq.

Oxucunu böyük bir səhvə sürükləməmək üçün əvvəlcə bildirməliyəm ki, burada bəhs edəcəyim məfhum sevgi yox, eşqdir. Bu iki anlayış çox zaman qarışdırılır, lakin aralarında önəmli bir fərq var və məqalənin sonunda siz bu fərqi öyrənəcəksiniz. Eşqin nə olduğunu izah etmək üçün öncə cinsi istək, yəni şəhvət məfhumunun izahından başlayaq.

Şəhvət növün çoxalmasını və varlığını qoruması üçün canlıları cinsi əlaqəyə yönləndirən şiddətli bir arzudur.

Eşq isə insanlarda bu əlaqənin nəticəsinin yəni doğulacaq körpənin ola biləcək variantların ən yaxşısı olması üçün insanları uyğun olan qarşı cinsə yönləndirən duyğudur.

Daha açıq izah üçün deyək ki, şəhvət insanları cinsi əlaqəyə yönləndirir, eşq isə bu əlaqənin kimlə qurulmalı olduğunu müəyyənləşdirir.

Ancaq unutmamalıyıq ki, bu seçimdəki uyğunluq heç də iki insanın birgə xoşbəxt yaşamaq üçün uyğun olduğu mənasına gəlmir. Bu uyğunluq sadəcə onların birləşməsindən meydana gələcək fərdin daha mükəmməl olacağı mənasına gəlir. Hətta çox zaman elə olur ki, belə bir uyğunluğa sahib olan iki şəxs birbirlərinə tamamilə zidd insanlar olur və bu eşq hissi ilə qurulan ailə bir müddət sonra yaşanan anlaşmazlıqlar ucbatından dağılmalı olur. Çünki eşq sizin xasiyyətinizə, kriteriyalarınıza baxmır, onun öz kriteriyaları var və lazımı əlaqəyə qədər bu kriteriyaların sizin kriteriyalarınız olduğuna sizi mükəmməl bir şəkildə inandırır. Bəs bu kriteriyalar hansılardır, bu seçim necə baş verir?

1. Boy: bədən quruluşu bu seçimdə önəmli rol oynayır. Belə ki, uzunboylu insanlar daha qısaboylu olanlarla və qısa boylular da əks şəkildə daha uzunboylularla əlaqədə olmağa üstünlük verirlər. Bunun səbəbi odur ki, qısaboylu insan özündəki boy çatışmazlığının növbəti nəsildə olmaması üçün daha uzunboylu olanlarla əlaqəyə üstünlük verir. Uzunboylu insanların qısalara marağının səbəbi isə daha nəhəng insanların formalaşmasının növün həyatda qalması üçün təhlükə yaradır. Belə ki, tarixdə yaşanan aclıqlar və digər problemlər səbəbi ilə daha nəhəng insan növlərinin, məsələn, neandertalların yox olduğunu bilirik.

2. Bədən quruluşu: Qadınların sağlam və güclü əzələli kişilərə daha çox cinsi istək hiss etməsi bilinən bir həqiqətdir. Bu istəyin səbəbi isə doğulacaq uşağın daha sağlam olmasına səbəb olmasıdır. Kişilər də eyni şəkildə daha geniş çanaqlı, daha böyük döşlü və çox arıq və ya çox kök olmayan qadınlarla cinsi əlaqə arzulayırlar. Bunların səbəbi isə geniş çanağın daha rahat doğuşa imkan yaratmasıdır, daha böyük döşlər isə qadının körpəsinə daha çox süd verə biləcəyinə işarə edir və çəki isə çox kök qadınlarda bəzi qadına xas problemlərin ehtimalının daha artıq olması səbəbindən doğurqanlıqda problem ola bilməsi, fiziki cəhətdən çox zəif olanlarda isə həm doğuşun çətin olması, həm də körpəyə kifayət qədər süd verə bilməyəcəyi ehtimalı səbəbindən orta çəkili qadınlar həm daha yaxşı qida ilə təmin edə, həm də sağlam körpə dünyaya gətirə bilir.

3. Üz quruluşu: Təbii ki, hər kəs üçün instinkt olaraq gözəllik əhəmiyyətlidir. Xüsusilə də sümük quruluşu, ancaq burada da gözəlliyin növləri vardır və instinkt olaraq əsas maraqlı olan növbəti nəslin daha gözəl olmasıdır. Buna görədir ki, burunu daha yuxarı qalxıq insanlar, burunu əksinə aşağı əyilmiş olanlarla cinsi əlaqəyə üstünlük verirlər bu özündə olan qüsuru əksiylə birləşərək məhv etmək instinktidir. Ancaq unutmamalıyıq ki, cinsi arzuda üz quruluşu və gözəlliyi bədən quruluşundan daha sonra gəlir, yəni bədəni daha sağlam olan insanlar üzü eybəcər olsa da, bizə cəlbedici gələ bilər.

4. Zəka: Bu əsasən kişilər üçün maraqlıdır, çünki uşaqlar zəkasının böyük bir hissəsini kişidən yox qadından alır və buna görə də bir qadın üçün kişinin ağıllı olub olmamasının eşq hissi üçün heç bir əhəmiyyəti yoxdur, əsas olan fiziki olaraq lazımı kriteriyalara cavab verməsidir. Buna görə qadınlar daha ağıllı kişilər yerinə çox zaman daha güclü və axmaq kişilərə cinsi istək hiss edirlər. Kişilər isə digər cəhətlərlə birlikdə özləri belə hiss etmədən daha yüksək zəkalı qadınlar arzulayırlar, amma təbii ki, bu xüsusiyyət də fiziki xüsusiyyətlərdən sonra gəlir. Belə ki, mükəmməl bədən quruluşu olan bir qadının zəkası aşağı olsa da, kişi ona qarşı cinsi istək duymağa davam edəcək.

Beləcə eşq arzusunu formalaşdıran səbəbləri gözdən keçirdik və bunların sadəcə növün gələcəyi üçün olduğunu gördük, ancaq inkişaf etmiş mədəni insan artıq sadəcə növün gələcəyi üçün hərəkət edə bilməz, qurulacaq ailə sadəcə bu məqsədlə qurula bilməz, qurulsa da, xoşbəxtlikdən söhbət gedə bilməz. Çünki bu eşq cinsi əlaqədən sonra forma dəyişdirə biləcək bir şeydir, hətta bir maraqlı fakt da var ki, cinsi əlaqədən sonra kişinin qadına olan eşqi çox böyük miqyasda kiçilir, hətta bu əlaqədən əvvəl gözü sevdiyi qadından başqasını görməyən kişi üçün digər qadınlar daha cəzbedici görünür, amma əks şəkildə qadınlarda eşqin cinsi əlaqədən sonra daha da artdığı müşahidə edilmişdir.

Təbii ki, bunların da səbəbləri var. Belə ki, hər şey gələcək nəsilə görə olduğu və bir kişinin bir ildə yüzlərlə yeni övlad dünyaya gətirə bildiyi üçün kişilərdə cinsi sədaqət hissi daha zəifdir, ancaq qadınlar bir ildə əkiz və ya bir doğuşda daha artıq uşaq olmasa, ildə sadəcə bir uşaq dünyaya gətirə bildiyi və onun qayğısına qalmalı olduğu üçün sadiqlik hissi daha güclüdür.

Müasir mədəniyyət dövründə ailə məfhumunun və bir çox digər fərqliliklərin olduğu üçün münasibətlərin bu qədim instinktlərə söykənən eşq hissi ilə deyil, cinsi istəkdən azad olan sevgi hissi ilə qurulması daha düzgündür. Belə ki, sevgi hissi bir-birinə zövq, fikir, seçimlər və dəyərlər cəhətdən daha uyğun olan insanların arasında olan və sadəcə bir nəfərə deyil, bir çox insana və digər varlıqlara da duyulması mümkün bir hissidir. Qısaca eşq şüuraltında formalaşan bir şey olduğu halda sevgi supereqoyla və şəxsi iradə ilə seçdiyimiz bir şeydir. Gənc insanlar bu məlumatları bilərək seçimlərini daha şüurlu şəkildə etməlidirlər.

Mənbələr:
Mehrac Abdurahmanlı – Cinslərarası münasibətlərin fəlsəfəsi.
SchopenhauerMetaphysik der Geschlechtsliebe
Sigmund FreudDrei Abhandlungen zur Sexualtheorie

Müəllif: Mehrac Adurahmanlı

Redaktor: Ziya Mehti

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.