Eyniyyət qanunu nədir?

Post date:

Author:

Category:

Eyniyyət qanunu və onun idrak prosesində rolu

Məntiqi təfəkkürün ümumbəşəri xassələrindən biri fikrin müəyyənliyidir. Mühakimə prosesi bu xassədən məhrum olarsa, onda hər cür mənasını itirə bilər. Fikrin müəyyənliyinin obyektiv əsasını maddi gerçəkliyin ən mühüm xassələrinin, tərəflərinin şüurumuzda inikası təşkil edir. Konkret mühakimə prosesində eyniyyətin gözlənilməsi təfəkkür qanunudur, buna əməl olunduqda həqiqi nəticələrə gətirib çıxarır. Bu qanunun mahiyyəti belə ifadə olunur ki, predmet və hadisə haqqında hər bir obyektiv, həqiqi və məntiqi düzgün fikir, yaxud anlayış müəyyən olunmalıdır və bütün mühakimə prosesində eyni mənalılığı saxlamalıdır.

Bu qanunda ifadə olunan ən mühüm müddəa odur ki, mühakimə prosesində götürülən fikir, anlayış müxtəlif mənalarda işlədilərsə, onda gerçək nəticələr almaq mümkün olmur, terminlərin dördləşməsi (həmçinin bax: Müzakirədə hiylə işlətmək, yoxsa həqiqət axtarışı?) deyilən məntiqi səhvə gətirib çıxarır. Belə bir nümunəni nəzərdən keçirək:

Qanunlar obyektivdir, başqa cür desək, insan şüurundan asılı deyildir.

Konstitusiya qanundur.

Nəticə: Konstitusiya obyektivdir, başqa cür desək, insan şüurundan asılı deyildir.

Bu mühakimə prosesində alınan yekun bilik yanlışdır, çünki qanun anlayışı müxtəlif mənaları bildirir.

“Bütün insanlar qardaşdır.

Ayrımlar insandır.

Deməli, ayrımlar da qardaşdır”.

Belə mühakimə zamanı işlədilən “qardaş” anlayışı müxtəlif mənaları kəsb edə bilər. Ancaq eyniyyət qanununa əsasən, qardaş anlayışını ilk istifadə etdiyimizdə hansı mənada işlətmişiksə, mühakimənin davamında da eyni mənada işlətməliyik. Yuxarıdakı misalda qardaş anlayışı “dostluq, düşmən olmamaq” mənasında istifadə edildiyinə görə mühakimənin davamında da eyni mənada işlədilməsi vacibdir.

Bu qanunu çox vaxt belə formula edirlər: A-A-dır və ya a=a

Bu qanun onu ifadə edir ki, müxtəlif fikirləri heç vaxt eyniləşdirmək olmaz.

Eyniyyət qanunu fikrin təbiətindən irəli gəlir, bunsuz insanlar mühakimə prosesinə başlaya bilməzlər, ikicə anlayışı da yaratmaq mümkün olmazdı. Müəllifin təcrübəsindən və bu elmin tədrisi praktikasından çıxardığı nəticə belədir ki, məntiqi öyrənməyə başlayan tələbələr eyniyyət qanununun mahiyyətini digərlərinə nisbətən çətin qavrayır, bu çətinlik həmin qanunun mürəkkəbliyi ilə bağlı deyildir. Bunun səbəbi məntiq kitablarının əksəriyyətində bu qanunun mahiyyətinin yanlış izahı ilə bağlıdır. Dərsliklərin və bir çox istərsə daxili, istərsə də xarici mənbələrin çoxunda belə bir fikir nəzərə çatdırılır: “Fikrimizdəki hər bir obyekt, hər bir predmet necə varsa, olduğu kimi öz-özünə bərabərdir”. Yuxarıdakı simvolik işarələrin yerinə predmet və anlayışlar qoyulduqda, onda “dəmir-dəmirdir”, “insan-insandır”, “elm-elmdir” və başqaları kimi nümunələr gətirilir.

Eyniyyət qanununun bu cür şərhi iki cəhətdən yanlışdır; əvvəla, bu qanunda fikrin eyniyyətindən deyil, gerçəklikdəki predmet və hadisələrin eyniyyətindən söhbət gedir. Belə halda burada təfəkkür qanunu yox, varlıq qanunu ifadə olunur, bunları eyniləşdirmək yanlış fikirdir, təfəkkür qanunlarının spesifikliyi ondadır ki, bunlar subyektiv xarakter daşıyır, obyektiv gerçəkliyin inikasıdır. Biz təbiətdə heç vaxt anlayışlara tərif verməyin qaydalarına, onlar üzərində aparılan məntiqi əməliyyatlara rast gələ bilmərik, bunlar ancaq mühakimə prosesinə aiddir. Təfəkkür qanunları fikir aktlarında, fikir proseslərində fəaliyyət göstərir. İkincisi, bu qanunu metafizikcəsinə şərh edirlər, tərifdə eyniyyətin nisbiliyi nəzərdə tutulmur. Eyniyyətə mütləq, əbədi, dəyişməz bir şey kimi baxmaq fikri tamamilə yanlışdır, çünki gerçəklikdə hər bir şey dəyişir, hər bir şey inkişaf edir.

Deməli, mütləq, abstrakt eyniyyət yoxdur, eyniyyət nisbidir, dəyişkəndir, hər bir eyniyyətdə fərqli cəhətlər vardır. Bəzən bu qanunu belə də ifadə edirlər: “Həqiqət həmişə və hər yerdə eyni şeydir, heç vaxt və heç yerdə öz məzmununu dəyişmir (A=A)”. Bu yanlış fikrə Q. Struvenin “Elementar məntiq” kitabında da rast gəlirik. Onun fikrincə, əgər A fikri doğrudursa, onda həmişə və hər yerdə A-dır.

Nəzərdən qaçırmayaq ki, eyniyyət hər hansı bir münasibətdə predmetlərin təxmini bərabərliyi, oxşarlığıdır. Obyektiv gerçəklikdə mütləq eyniyyət yoxdur, o fərqlə qarşılıqlı əlaqədə mövcuddur. Bununla belə məlum şəraitdə, müəyyən çərçivədə biz mühüm fərqlərdən uzaqlaşa bilirik və öz diqqətimizi predmetlərin və onların xassələrinin oxşarlığına yönəldə bilirik.

 

Anlayışın dəyişilməsi

Eyniyyət qanunun pozulması “anlayışın dəyişilməsi” adlanan səhvə aparıb çıxarır. Anlayışın dəyişdirilməsi şüurlu, bilərəkdən və yaxud bilmədən də ola bilər. Əgər “istehkam” və “qala” anlayışlarını eyniləşdirsək, onda bu qanunun tələbləri pozulur, çünki hər cür istehkam qala deyildir. Yaxud “ticarət kapitalı” kimi dəqiq və aydın anlayışı “kapitalistləşmə” və “gəlirlərin kapitalistləşdirilməsi” anlayışları ilə heç cürə əvəz etmək olmaz, ona görə ki, “kapitalistləşdirmə” anlayışı dedikdə hər şeyi (işçini də, binədarlığı da, buxarla işləyən fabriki də) nəzərdə tutur. Anlayışları dəyişməklə real prosesin məzmununu aradan qaldırmaq mümkünsüz bir işdir. K. Kautski sollarla mübahisəsində iqrar edirdi ki, “imperializm yalnız xarici siyasət sistemidir”. Bununla da o, kapitalizmin yüksək iqtisadi mərhələsini təhrif etmiş olurdu, bu sözü işlətməyi qadağan etmək heç cürə mümkün deyildir. Mübahisə prosesində anlayışları dəqiq ifadə etmək lazımdır, məzmunu dəyişdirilməməlidir.

Bu qanun o qədər sadə və aydındır ki, məntiq elmi haqqında anlayışı olmayanlar da istər-istəməz ona riayət edirlər. Hegel bu qanunun mahiyyətini anlamadığından onu təkzib edərək  yazırdı: “Təfəkkürün bu qanunu məzmunsuzdur və fikri irəliyə doğru heç yerə aparıb çıxarmır”. Hegelin bu fikri yanlışdır, çünki bu qanun öz elementarlığına baxmayaraq, adi danışıqda deyil, ciddi elmi-nəzəri mühakimələrdə də fəaliyyət göstərir, mühüm idraki əhəmiyyəti vardır. Bu qanunu ehkam kimi də anlamaq olmaz, çünki o anlayışların dəyişməsini tamamilə inkar etmir. Dialektik məntiqdə “eyniyyət” anlayışı gerçəkliyin ən ümumi inkişaf prosesində nisbi sükunətin momenti kimi nəzərdən keçirilir, burada anlayışların dəyişkənliyi, elastikliyi həqiqi idrak prosesinin əsas şərtidir.

Klassik məntiqin bütün qanun və müddəalarını mütləqləşdirib demək olmaz ki, onlar bizi gerçək biliklərə aparıb çıxarmır. Bu qanunların idrak prosesində fəaliyyətinə dialektik məntiqin mövqeyindən nəzər yetirdikdə, aşkar olur ki, bu elm formal-məntiqi qanunların idrak prosesində yerini, rolunu düzgün müəyyənləşdirməyə imkan verir. Bu qanunların tələblərinə düzgün riayət etmək həqiqi məntiqi nəticələrin çıxarılmasına kömək edir. Əgər fikrin quruluşu düzgün olmasa, biz heç vaxt həqiqətə nail ola bilmərik.

Beləliklə, eyniyyət qanunu təfəkkürdə mühüm normativ qayda kimi də çıxış edir. Fikir fəaliyyətini norma və prinsiplərdə həyata keçirərək eyniyyət qanunu mühakimənin gedişində fikir predmetininin, yaxud predmet haqqında fikrin dəyişilməsi və qarışdırılmasını qadağan edir.

Mənbələr:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

 

Redaktə etdi:  Fatimə Əliyeva

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...