Təfəkkürün əsas formal-məntiqi qanunları

Post date:

Author:

Category:

Məntiqi qanunların xarakteristikası

Məntiq – təfəkkürün forma və qanunlarından, onlar üzərində aparılan məntiqi əməliyyatlardan bəhs edən elmdir. Mühakimə prosesində düzgün ümumiləşdirmələrin, nəticə çıxarmağın aparılmasında qanunlara riayət etməyin xüsusi idraki əhəmiyyəti vardır. Obyektiv aləmin şüurumuzda məntiqi inikası olan təfəkkür xaotik, kortəbii formada deyil, qanunauyğun halda beynimizdə əksidir. Bu fikir onu bildirir ki, fikirlər də obyektiv qanunauyğun əlaqələri özündə birləşdirir. Mühakimənin məntiqi düzgünlüyü şüurumuzda ancaq obyektiv əlaqələrin deyil, təfəkkür qanunlarının da dəqiq inikasını şərtləndirir. Bu qanunların tələblərinə riayət olunmadıqda müəyyən məntiqi səhvlərə aparıb çıxarır.

Əvvəla təfəkkürün qanunu nə deməkdir? Qanun predmet və hadisələr arasında mühüm, daxili, sabit, zəruri və təkrarlanan əlaqə və münasibətlərdir. Bu ümumi tərifdən çıxış edərək “təfəkkür qanunu” anlayışına belə tərif vermək olar. Təfəkkür qanunları fikirlərimiz (fikir elementləri) arasındakı mühüm, zəruri, daxili, sabit və təkrar olunan əlaqə və münasibətlərdir. Bu əlaqə və münasibətlərin mənbəyi obyektivdir. Təfəkkür qanunları varlığın qanunauyğunluqlarının şüurumuzda ümumiləşmiş inikasıdır, başqa cür desək, insan beynində şəkli dəyişilmişvə düzəldilmiş dərkedici təfəkkürün ümumi prinsipləridir. Buradan aydın olur ki, predmet və hadisələrin düzülüş və əlaqələri fikrin qayda və əlaqələrini müəyyən edir.

Təfəkkürdə bu proses iki istiqamətdə həyata keçirilir:

1. Məzmunlu formada (insan təfəkküründə real predmetlərin və onların xassələrinin inikası prosesi şəklində);

2. Formal qaydada (fikrin formaları arasındakı əlaqələrin müəyyən olunması). Birinci istiqamət dialektik qanunlarda həyata keçirilir və dialektik məntiq tərəfindən öyrənilir. İkinci istiqamət isə (formalar arasındakı əlaqələr) formal-məntiqi qanunlarda həyata keçirilir və ənənəvi (klassik) məntiq tərəfindən öyrənilir. Lakin fikrin formaları arasındakı əlaqələri də tamamilə məzmundan təcrid etmək olmaz, çünki məzmunsuz forma olmadığı kimi, formasız da məzmun yoxdur.

Formal-məntiqi qanunlar dedikdə, ona müəyyən forma verən fikrin elementləri arasındakı struktur-məna əlaqələri nəzərdə tutulur ki, bunun vasitəsilə də fikrin məzmunu ifadə olunur. Bu qanunlarda insanın çoxəsrlik praktiki fəaliyyəti nəticəsində cəmləşmiş fikir prosesinin daxili strukturunun sabit əlamətləri, gerçəkliyin ümumi xassələri və tərəfləri əks olunur. Lakin formal məntiqin qanunlarını mütləqləşdirmək olmaz. Onlar bizim fikirlərimizin həqiqiliyini müəyyən edən şərtlər kompleksində, ayrıca anda vacib olsa da, bu qanunları hər bir şəraitdə tətbiq etmək olmur, onların fəaliyyəti, əsas etibarı ilə, məntiqi formalar hüdudunda qanunauyğundur, fikrin məzmunu ilə ancaq dolayı yolla əlaqəlidir.

 Formal-məntiqi qanunların aşağıdakı növlərini fərqləndirmək vacibdir:

  1. Mücərrəd təfəkkürün ayrı-ayrı formaları ilə (anlayış, hökm və əqli nəticə) əlaqəli olan qanunlardır ki, bunlar məntiqdə qeyri-əsas qanunlar adlanır. Bu qanunların əsasında konkret qaydalar çıxarılır. Bu qanunlardan anlayışın məzmunu və həcmi arasında tətbiq olunan əks əlaqə qanununu, hökmlərdə terminlərin ehtiva olunması qanunlarını, əqli nəticələrin qurulması qanunlarını və başqalarını göstərmək olar.
  2. Təfəkkürün bütün formalarında fəaliyyət göstərən və ən ümumi xarakter daşıyan əsas qanunlar formal-məntiqi qanunlardır (eyniyyət, ziddiyyətsizlik, üçüncünü istisnakafi əsas qanunu). a) Bunlar ona görə ümumi qanunlar adlandırılır ki, əvvəla, fikir fəaliyyətinin bütün sahələrində tətbiq olunur, öz təsirini genişləndirir; b) Bu qanunlar anlayış və hökmlərlə aparılan bütün məntiqi əməliyyatların əsasında durur; c) Əqli nəticə və sübut prosesində bu qanunlardan geniş istifadə olunur; d) Bu qanunlar düzgün təfəkkürün mühüm əlamətlərini (müəyyənlik, zidiyyətsizlik, ardıcıllıq, əsaslılıq) əks etdirir.

                                      Yeni qanun – Kafi əsas qanunu

Yuxarıda qeyd olunan birinci üç qanun Aristotel tərəfindən aşkar edilmişdir. Onları simvolik məntiqin formulları şəklində ifadə etmək mümkündür. Dördüncü qanunu (kafi əsas) isə  18-ci əsr alman filosofu Q. Leybnits (ingGottfried Wilhelm (von) Leibniz) kəşf etmişdir. Onun riyazi formulası yoxdur.

Nəzərdə tutmaq lazımdır ki, bu qanunlar ənənəvi formal məntiqdə həyata keçirilir. Düzgün ümumiləşdirmələr aparmaqda, gerçək nəticələrin alınmasında, fikir strukturlarının qurulmasında və əlaqələndirilməsində onun rolu əvəzsizdir, lakin təfəkkürdə (xüsusilə elmi-nəzəri təfəkkürdə) bu qanunlarla yanaşı dialektik məntiqin qanunları da (1. kəmiyyət və keyfiyyət dəyişmələrinin birinin digərinə keçməsi; 2. əksliklərin vəhdəti və mübarizəsi; 3. inkarı inkar qanunu) geniş istifadə olunur. Müasir məntiq elmlərində (qismən də riyazi, simvolik məntiqdə) belə fikirlərə də təsadüf edirik ki, məntiqi qanunlar çox olduğundan bunları əsas və ikinci dərəcəli qanunlara bölməyin əsası yoxdur. Bundan başqa, məntiqi sistemlərin qurulması qanun deyildir, belə hesab edirlər ki, intuisionist məntiq və çoxmənalı məntiqin bəzi sistemləri üçüncü istisna qanununu, bir neçə ziddiyyətsizlik məntiqi isə ziddiyyət qanununu aradan qaldırır.

Bu cür fikirlərin real və məntiqi əsası yoxdur. Məntiqi qanunların real məzmununu gerçəklikdəki predmet və hadisələr arasındakı əlaqə və münasibətlər təşkil edir. Bu qanunları “mütləq ideyanın”, “dünya ruhunun” törəməsi, məhsulu adlandırmaq, yaxud insanın sərbəst yaradıcılığın nəticəsi, qaydaya salınmış mənəvi normalar olduğunu iddia etmək də məntiqsiz və cəfəng fikirdir. Hegelin səhvi onda idi ki, bu qanunları təbiət və cəmiyyətdən hasil etmək əvəzinə, təfəkkür qanunları kimi təbiət və cəmiyyətin fövqündə hesab edirdi.

Materiyadan kənarda təfəkkür və onun qanunlarından danışmaq boşboğazlıqdır. Obyektiv gerçəkliyin inikası olan təfəkkür qanunları düzgün dərk olunarsa, onda təbiət qanunları ilə məzmunca üst-üstə düşür, lakin formaca onlar müxtəlifdir, birincilər təfəkkürdə, ikincilər isə təbiət hadisələrində təzahür edir.

                             Məntiqi qanunların obyektivliyi

Formal-məntiqi qanunlar obyektiv dünyadan kənar, necə deyərlər, yalnız “xalis fikir” qanunları deyil, bu qanunlar dünyadakı predmetlər arasındakı real münasibətlərin insanın şüurunda əks olunmasıdır. Sözügedən qanunlar idrakın çoxəsrlik praktikası gedişində insanlar tərəfindən predmetlərə məxsus xassə və münasibətlərin (onların keyfiyyət müəyyənliyinin, nisbi sabitliyinin, başqa predmetlər ilə səbəbiyyət əlaqələrinin) ümumiləşdirilməsi nəticəsində yaranmışdır, yəni onların obyektiv əsası vardır.

Məntiqi qanunlar insanların ictimai-istehsal fəaliyyəti prosesində gerçəklikdə rast gəldiyimiz ən adi və ümumi qanunauyğunluqların dəfələrlə müşahidəsi və beynimizdə inikası nəticəsində meydana gəlmişdir. Bu qanunlar obyektiv gerçəklikdə dəfələrlə rast gəldiyimiz xassə və qanunauyğunluqların şüurumuzda inikası olduğundan onlar öz mütləqliyi ilə fərqlənir. Məsələn, üzvi aləmdə cins və növ arasında fərq  mövcuddur və bu da öz ifadəsini təfəkkürdə də göstərir. Həmçinin məlumdur ki, gerçəklik qanunları kimi, təfəkkür qanunları da obyektiv xarakter daşıyır, yəni bu qanunlar insanın şüur və iradəsindən asılı deyil və onlar yeni məntiqi qanunlar yarada bilməzlər.

Formal-məntiqi qanunları ləğv etmək və ya başqaları ilə əvəz etmək qeyri-mümkündür. Onlar ümumbəşəri xarakterə malikdir, yəni irqindən, millətindən, sosial mənsubiyyəti və peşəsindən asılı olmayaraq hamı üçün ümumidir.

Bu qanunlardakı obyektiv və subyektiv ünsürləri də inkar etmək olmaz. Bu qanunlar formaca subyektivdir, obyektiv surətdə təbiətdə mövcud deyildir. Lakin gerçəklikdəki predmet və hadisələrin xassə və münasibətlərinin öyrənilməsi əsasında meydana gəlmişdir və məzmunca obyektiv səciyyə daşıyır. Məntiqi qanunlara metafizik yanaşma da yanlışdır, çünki bu qanunlar fikir obyektində baş verən dəyişiklikləri və inkişafı da nəzərdən qaçırmır. Bu qanunlar prof. V. Asmusun (rus. Валенти́н Фердина́ндович А́смус) da qeyd etdiyi kimi, bütün təfəkkür prosesinə aid olan həqiqi qanunlardır və sağlam düşüncəli hər bir adam bunların tələbinə ciddi riayət etməlidir. Bu  baxımdan təfəkkür qanunlarının ayrı-ayrılıqda təhlilini verməyə ehtiyac duyulur.

 

 

 

 

Mənbələr:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Nizami Qasımov, Ziya Mehdiyev

STAY CONNECTED

20,186FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...