Fransız kinosunda öz tərzini yaratmaq: Jean-Luc Godard

Post date:

Author:

Category:

Fransız rejissor, çağdaş fransız kinematoqrafiyasında “Yeni dalğa” cərəyanının öncül ustadlarından biri – Jan-Lük Qodar.

3 dekabr 1930-cu ildə Parisdə doğuldu. Varlı bir ailənin oğlu idi. Uşaqlığı və gəncliyi atasının Cenevrədəki klinikasında keçdi. Paris universitetində etnologiya (red. etnik prosesləri öyrənən elm) təhsili aldı, şəhərin canlı sənət və düşüncə həyatına qoşuldu və müxtəlif sahələrdə işlədi.


1954-də sənədli film rejissoru Jan Ruş (Jean Rouch) ilə ilk qısa filmi olan “Opération ‘Béton'”-u (Beton əməliyyatı) çəkdi. Bu ilk dönəmlərində Gi de Mopassanın (Guy de Maupassant) bir hekayəsi əsasında “Une femme coquette” (Nazlı bir qadın), Erik Römerin (Éric Rohmer) bir ssenarisi əsasında isə “Tous les garçons s’appelent Patrick” (Bütün oğlan uşaqlarının adı Patrikdir), ilk Jan-Pol Belmondolu (Jean-Paul Belmondo) filmi olan “Charlotte et son Jules” (Şarlot və onun Jül’ü) və “Une histoire d’eau” (Suyun hekayəsi) kimi qısa filmlər çəkdi. Eyni zamanda yeni bir baxış və zövq yaradan “Yeni dalğa” cərəyanının gənc üzvlərindən biri kimi film tənqidləri də yazdı.

“Nəfəssiz” filmi

İlk uzun metrajlı filmi “A bout de souffle” (Nəfəssiz) 1959-da nümayiş etdirildiyi zaman böyük səs-küyə səbəb oldu. Film cəmiyyətə zidd olan bir gənclə (Jan-Pol Belmendo) amerikalı sevgilisinin (Cin Seberq (Jean Seberg)) hekayəsini çox azad bir kino dili ilə ifadə edirdi. O illərdə kinoya duyulan böyük sevgi Paris şəhərinin kino sahəsində kəşf edilməsi, yaşama və eşqə yeni bir baxış, “Nəfəssiz”i isə öz dönəmində kinematoqrafiyanın ən orijinal əsərlərindən biri etdi.

 

“Nəfəssiz” filmindən kadr

 

Bunu bir il sonra “Le petit soldat” (Balaca əsgər) filmi davam etdirdi. Əlcəzair müharibəsinə eyham vuran film Fransa səlahiyyətliləri tərəfindən qadağan edildi.

“Balaca əsgər” filmindən

Qodar bu filmdə də yeni bir kino dilinin öncüllüyünü edirdi. Hadisə axışındakı məntiq bağına və davamlılığa bir forma qazandırır, jump-cutflasb-cut texnikalarından, əl kameralarından, həmçinin afişalar, maşınlar, filmlər, istehlak maddələri və başqa bu kimi çağdaş dünyaya məxsus ünsürlərdən yaradıcı şəkildə istifadə edirdi.

 

“Nifrət” və “Jandarmlar”

1963-də sonradan şah əsərləri arasında sayılacaq iki filmi birdən yaratdı. Biri Alberto Moravia (Alberto Moravia) ssenarisi olan “Le Mepris” (Nifrət), digəri isə “Les Carabiniers” (Jandarmlar) idi. “Nifrət”də bir film rejissoru (Mişel Pikoli (Michel Piccoli)) həyat yoldaşı (Brijitt Bardo (Brigitte Bardot)) və çəkəcəyi filmin amerikalı sponsoru (Cek Palans (Jack Palance)) arasında olan hekayə Moraviaya məxsus bir eşq əxlaqını müdafiə edir. Bütün aktyorlar öz ana dillərində danışdığı üçün onlar arasında bir tərcüməçi vasitəsilə əlaqə yaradılır. Bu dil ünsiyyətsizliyi problemi ər-arvad arasında gedərək zəifləyən evliliyin əlamətidir.

“Les carabiniers” isə Qodarın çox sevdiyi alleqorik hekayələrdən biridir. Var olmayan bir ölkədə “vətən və kral” üçün savaşmağa gedən Ülis (Ulysse) və Mikelancelo (Michelangelo) kralın düşmənlə saziş imzalamasının ardınca sanki sədaqətlərinin bir mükafatı olaraq güllələnirlər. Filmə Brextçi (Bertolt Brecht (Bertold Brext)) yadlaşdırma üsulu və bu üsula uyğun gələn, ilk baxışdan zəif kimi görünən bir motiv hakimdir. Böyük bir maraqla qarşılanan film Cabiers du Cinema jurnalında uzun müzakirələrə yol açmışdır.

 

Qodar 1965-də böyük bir izləyici kütləsinin coşğu ilə qarşıladığı “Pierrot le fou” (Çılğın Pier-rot) filmini çəkdi.

Bu işində baş rolu Belmondoya verərək bir mənada “Nifrət”dəki coşğulu, amma məğlub olmuş gəncliyin orta yaş dövrünü bizə göstərmişdir. Film bütün bağlarını qopararaq gənc bir qızın arxasınca gedən və qarşısını ala bilmədiyi hadisələrə qarışan evli bir kişinin ətrafında cərəyan edir. Müasir miflər, çağdaş yaşamın gərginlikləri, uzun müddətli münasibətlər yarada bilməməyin ağrısı bərabər ölçüdə şiddət və şeirlə dolu olan bu filmin əsasını təşkil edir.

“Çılğın Pier-rot” filmindən

 

Qodar sonrakı ildə yetkinlik dönəminə aid işlərindən birini yaratdı: “Deux ou trois choses que je sais d’elle” (Onun haqqında bildiyim iki-üç şey).

Qodar filmdə əlavə gəlir qazanmaq üçün hər gün bir neçə saat fahişəlik edən kiçik bir burjuaziya qadınının (Marina Vladi (Marina Vlady)) hekayəsi ilə kapitalizmi tənqid edirdi. Fahişəliyi müasir yaşamın başlıca özifadəsi olaraq görürdü. Bu filmin əsası Qodarın mənimsədiyi yenilikçiliyin ən üstün örnəyidir. Afişalar, modern kapitalizmin hər cür obraz və simvolları, xəbər filmi texnikaları ilə ticari kino texnikalarının uğurlu sintezi onun çağdaş əxlaq mövzusundakı fikirləri ilə tam mənada üst-üstə düşür.

 

1966-cı ildə “Masculin Féminin” (Erkək-Dişi) filmini ərsəyə gətirir. Bu film Qodarın filmoqrafiyasına aydın şəkildə siyasi yön verən ilk filmidir.

Rejissor “Balaca əsgər” filmində bu yöndə bir ip ucu vermişdi, ancaq daha dəqiq siyasi mesajlarla dolu olan filmlər izləməmişdik. Filmdə yer alan Pol (Leaud) məcburi əsgərlik vəzifəsini tamamlamasının ardından ətrafındakı insanlarla, xüsusilə də pop müğənnisi olan bir qızla ünsiyyətə girir. Film texnika və mövzu etibarilə müasir Fransanın gənclik mədəniyyəti haqqında müşahidə və tənqidləri ortaya qoyur. Rəhbərin inancları ilə ətrafındakı gənclərin müxalifəti “Karl Marks və Koka-Kola uşaqları” başlığı altında açıqlanır.

“Erkək-Dişi” filmindən

 

Eyni dönəmdə Qodarın sol meyilli olduğu və bunu filmlərində də ifada etdiyi görülür. İlk olaraq “La chinoise” (Çinli qız) filmində yalnızca ironik bir “əxlaqçı” olmaqla kifayətlənməyib, sosialist ictimai tənqidə yönəldi.

“Çinli qız” filmindən bir səhnə

 

Kapitalizm miflərini alleqorik-tənqidi bir baxışla məsxərəyə qoyduğu son filmi 1967-dəki “Weekend” (Həftə sonu) oldu. Bunu davam etdirən filmlərində burjua ifadə tərzləri olaraq xarakterizə etdiyi hekayə və hadisə zəncirini rədd etdi.

“Həftə sonu” filmi

 

1968-də oturduqları qaranlıq bir otaqda ünsiyyət məsələsini müzakirə edərək yeni bir dil yaratmağa çalışan bir cütlüyü “göstərməklə” kifayətləndiyi “La gai savoir” (Şən bilgi) adlı televiziya filmini çəkdi. Bu filmlə başlayaraq ticari ya da yarı ticari kinodan bütünlüklə qopan Qodar siyasi kinematoqrafiyaya yönəldi.

“Şən bilgi” filmindən kadr

 

1968-ci il tələbə hərəkatı zamanı çəkdiyi 3 dəqiqəlik cine-tract (kino-bildiriş) bu yönəlimin ən qabarıq örnəkləridir. Kino dili artıq bütünü ilə öyrədici və göstərici olmuşdu.

Jan-Lük Qodar və Anna Karina

Qodar 1959-da 17 yaşındakı Anna Karinanı (Anna Karina) bir sabun reklamında kəşf etdi. Ona “Nəfəssiz” (A bout de Souffle) filmində kiçik bir rol təklif edir, lakin soyunmalı olduğu üçün Karina roldan imtina edir. 3-4 ay sonra filminin yüksək uğuru ilə birlikdə Qodar yenidən şansını yoxlayır, bu dəfə “Balaca əsgər” (Le petit soldat) filmində ona baş rol təklif edir. Karina qəbul edir və beləliklə, rejissorun həyatına girmiş olur.

Modellik və müğənnilik edən, hətta Serj Gensbur (Serge Gainsbourg) tərəfindən yazılmış 2 məşhur mahnısı olan Anna Karina, hər nə qədər bir çox insan tərəfindən aktrisa kimi tanınsa da, ədəbiyyat dünyasında 4 roman və bir xatirə kitabı ilə də qarşımıza çıxır.

Ümumilikdə, Karina dedikdə ilk ağıla gələn Qodar filmləri olsa da, məşhur aktrisa Lukino Viskontinin (Luchino Visconti) “The Stranger” filmində, Jak Rivetin (Jacques Rivette) “The Nun”, Corc Kyukorun (George Cukor) “Justine”, Toni Riçardsonun (Tony Richardson) “Laughter in the Dark” filmində və R.W. Fasbindanın (Rainer Werner Fassbinder) “Chinese Roulette” filmində də rol aldı. Karinanın ilk uzun metrajlı film təcrübəsi, əslində Mişel Dövil (Michel Deville) imzalı “Ce soir ou jamais” filmidir. Ancaq Karinanin bir ulduz kimi parladığı, 1961-də Berlin film festivalında ən yaxşı aktrisa mükafatına layiq görüldüyü film Qodarın rejissorluğu və ssenaristliyini etdiyi “Une femme est une femme” (Qadın qadındır) filmidir.

1961. “Qadın qadındır” filmi üçün səhnəyə hazırlaşan Anna Karina və Qodar (güzgüdən görünən eynəkli)

Son filmləri

Qodar 1971-də ağır yaralandığı bir maşın qəzasından bir il sonra uzun metrajlı “Tout va bien” (Hər şey yaxşıdır) ilə 1968 öncəsi duruşunu xatırladan, ifadə baxımdan ənənəvi sayıla biləcək bir kino anlayışına geri döndü. Film köhnə bir “Yeni Dalğa” rejissoru (İv Montan (Yves Montand)) və amerikalı bir qadın jurnalistin (Ceyn Fonda (Jane Fonda)) beş günlük bir tətil əsnasında fabrikin müdiri ilə fabrikdə sıxışıb qalmaları üzərinə qurulmuşdu. Bunu siyasi bir qısa film olan “Letter to Jane” (Ceynə məktub) izlədi. Film Ceyn Fondanı şimali vietnamlı bir əsgərlə yan-yana göstərən bir şəkil üzərində 45 dəqiqəlik sınaq idi. Son işləri olan 1981 tarixli “Passion selon Godard” (Qodara görə ehtiras) və 1983 tarixli “Prénom: Carmen” (Adı: Karmen) adlı filmləri isə hələ də üzərində müzakirə aparılan müasir filmlərdir.

“Adı: Karmen” filmi

 

Qodarın film estetikası: Qırmızı və Mavi

Film kütlələr üzərində güclü bir təsirə sahib olduğundan bəri dolğun ifadə vasitələri ilə ekrana köçürülüb. Davamlılıq bu qaydalardan, bəlkə də, ən önəmlisidir. Çünki ən kiçik bir təkrarı belə görən izləyici bu “səhv” ilə filmə yadlaşa bilir. Ancaq “Yeni Dalğa” başda olmaqla, Qodar tərzi haqqında danışsaq, davamlılığı qırmağın səhvdən çox, bir seçim ola biləcəyini bütün dünyaya sübut etmişdir. Qodar filmlərində təkrar edən eyni səhnələrin fərqli versiyalarını görmək mümkündür. Davamlılığın bu şəkildə qırılması Qodarın kino estetikasının təməli kimi dəyərləndirilə bilər.

“Çinli qız” filmindən

Aşağıdakı videoda daha dəqiq şəkildə görə biləcəyiniz kimi Qodarın kino estetikasının əsas ünsürlərindən biri də rənglərdən istifadə üsuludur. Ağ-qara çəkdiyi filmləri bir kənara qoysaq, Qodarın filmlərində yoğun bir qırmızı və mavi gözə çarpır. Əslində, Hollivuda baxdığımız zaman görərik ki, bu rəng istifadəsinin kontrastı narıncı və mavinin yaratdığı daha yumşaq biçimlərdə yer alır. İsti və soyuğun tarazlığını quraraq tanış və yumşaq bir hiss verən bu kontrast Qodarın mavi və qırmızıları ilə qarşılaşdırıldıqda bir xeyli fərqli görünür. Qodarın qırmızı və maviləri yumşaq keçidlərə və hissiyyata sahib olmağın əksinə, olduqca kəskin bir istifadəyə sahibdir.

Bundan başqa yoğun bir intellektual alt mətnə sahib olan Qodar filmoqrafiyasında dolğun dialoqlara, hətta monoloqlara rast gəlmək olar. Hər küncündən şərhlər çıxa biləcəyini nəzərə alıb diqqətlə izləsək, Qodar filmlərində yeni şeylər kəşf etməyimiz mümkündür.

 

Qodar Orson Uellsdən (Orson Welles) sonra dünya kino tarixində filmin dilini, mifologiyasını, cəmiyyət hadisələrinə baxışını, qısaca, bəsləndiyi bütün qaynaqları və istifadə etdiyi bütün vasitələri dəyişdirən ikinci “möhtəşəm uşaq” sayılır. Filmləri fikir zənginliyi baxımından modern kinematoqrafiyanın ən diqqətə çarpan örnəkləri sırasındadır.

Mənbələr:

 

3 Dakikada Jean Luc Godard’ın Film Estetiği

Anna Karina Jean-Luc Godard ve Filmleri Hakkında Konuştu

Jean-Luc Godard ve Anna Karina’nın İkonik Aşk Hikayesi

 

http://www.filozof.net/Turkce/edebiyat/edebi-sahsiyetler-kisilikler-biyografileri/20862-jean-luc-godard-kimdir-biyografisi-filmleri-hakkinda-bilgi.html?showall=1

 

httpstps://www.bfi.org.uk/news-opinion/news-bfi/features/gallery-set-jean-luc-godard-1960s

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

19,697FansLike
2,178FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...