Fransua Kene -“İqtisadi cədvəl”/ İqtisadiyyata giriş

Post date:

Author:

Category:

Fransua Kene və “İqtisadi cədvəl”

Kapital haqqında təlim təkrar istehsal prosesinin və bütövlükdə ictimai kapitalın tədavülünün təhlili Fransua Kene (fr. François Quesnay) üçün çıxış nöqtəsi idi. Siyasi iqtisad elmində o, ilk dəfə istehsalın və satışın daima “təkrar istehsalı” anlayışından istifadə etmiş və ümumiyyətlə, “təkrar istehsal” kateqoriyasını bu elmə o gətirmişdir. Təkrar istehsal prosesinin təhlilini F Fransua Kene özünün məşhur əsəri olan “İqtisadi cədvəl”də vermişdir (1758).

“İqtisadi cədvəl“də F.Kene üç birləşmiş sinifdən ibarət olan cəmiyyətə vahid bir orqanizm kimi baxmışdır. Çünki F.Kenenin “İqtisadi cədvəl”ində məcmu məhsul tədavül prosesi zamanı bilavasitə üç sinif arasında bölüşdürülür.

F.Kene yazırdı ki, millət üç sinif vətəndaşlardan ibarətdir. Buraya o, aşağıdakı sinifləri daxil edirdi: məhsuldar sinif, mülkiyyətçi siniflər, səmərəsiz sinif. Məhsuldar sinfə və ya fermerlərə o torpaqdan istifadə edənləri, torpaqla əlaqədar olaraq xərc çəkən adamları daxil edirdi. Beləliklə, məhsuldar sinif dedikdə o, kəndliləri, fermerləri, kənd təsərrüfatında olan muzdlu fəhlələri, yəni kənd təsərrüfatında məşğul olan bütün əhalini başa düşürdü. Mülkiyyət sahiblərinə isə F.Kene “xalis məhsul” əldə edənləri, yəni torpaqdan gəlir alanları aid edirdi.
Mülkiyyət sahiblərinə F.Kene kralı, torpaq sahiblərini, kilsə işçilərini daxil edirdi. Sənayedə məşğul olan bütün əhali “səmərəsiz”, qeyriməhsuldar sinif adlandırılırdı. “Səmərəsiz”, qeyri məhsuldar sinif dedikdə F.Kene sənayedə məşğul olan muzdlu işçiləri, sənətkarları, kapitalistləri, tacirləri və kiçik alverçiləri nəzərdə tuturdu. F.Keneyə görə “səmərəsiz sinif”, mülkiyyət sahibləri “xalis məhsul” yaratmırlar, lakin onlar öz əməkləri vasitəsilə özlərinə lazım olan miqdarda istehlak şeyləri istehsal edir və tələbatlarını ödəyirlər.

Fransua Kene sübut etməyə çalışırdı ki, kral və torpaq sahibləri cəmiyyətin əsasını təşkil edirlər. Lakin mülkiyyət sahiblərini birinci yerə keçirə bilmirdi. Əgər o mülkiyyət sahiblərini birinci yerə keçirsəydi öz nəzəriyyəsinə qarşı ziddiyyət yaradardı. Çünki F.Kene üstünlüyü kənd təsərrüfatına verirdi. Kənd təsərrüfatına verilən belə bir üstünlük
fiziokratların əsas konsepsiyasını təşkil edirdi.
Torpaq sahibləri F.Kenenin əsas ideyasını təşkil edir və xüsusi sinif kimi izah edilirdi. O, xüsusi sinif adlandırdığı torpaq sahiblərini məhsuldar siniflə “səmərəsiz” sinif arasında yerləşdirirdi.
Qeyd edək ki, F.Kenenin siniflərin belə bir bölgü prinsipi onun yaşadığı tarixi şəraitdən irəli gəlirdi. Çünki F.Kenenin dövründə Fransa fəhlə sinfi təzə formalaşırdı. Kapitalist müəssisələri rüşeym halında idi,
kapitalizm manufaktura dövrünü yaşayırdı və bu manufakturalar feodalizmin tərkibində inkişaf edirdi.
F.Kene tərəfindən cəmiyyətin fermerlərə, mülkiyyət sahiblərinə və sənayeçilərə bölünməsi cəmiyyətin orta əsrlərdə silklərə-kəndlilərə, zadəganlara və şəhərlilərə bölgüsünə uyğun gəlirdi. Onun dövründə məlum idi ki, sənaye kənd təsərrüfatından asılı idi. Məhz buna görə fiziokratlar belə bir nəticəyə gəlirdilər ki, guya sənaye “xalis məhsul”
istehsal etmir və qeyri-məhsuldar sahədir. Sənayeçi siniflər də “səmərəsiz”siniflərdir. Məlumdur ki, kapitalistlərin özləri “xalis məhsul” istehsal etmirlər (xalis gəlir), sənayedə olan fəhlələr əmək prosesində istehlak dəyərlərinin şəklini dəyişirlər.
F.Kene tərəfindən kənd təsərrüfatının yeganə istehsal sahəsi və fermerlərin ancaq məhsuldar sinif elan edilməsinin əsası vardı. Çünki kənd təsərrüfatında yaradılan torpaq rentası izafi məhsul kimi dərk edilirdi.
F.Kene öz “İqtisadi cədvəl”ində əsas problemlərdən biri olan xalq təsərrüfatı proporsiyalarını açmışdır ki, bu proporsiyalar da ölkənin iqtisadi inkişafını təmin edirdi. “İqtisadi cədvəl” cəmiyyətin illik məhsulunun reallaşdırılmasını və təkrar istehsalın formalaşdırılmasının şərtlərini özündə əks etdirən bir sxemadır. Milli miqyasda sadə təkrar istehsalın imkanlarını və siniflər arasında olan iqtisadi əlaqələri göstərmək məqsədilə bu “cədvəldə” reallaşdırma prosesini sadələşdirmiş və bir çox momentləri sərfnəzər etmişdir. Beləki o “İqtisadi cədvəldə” sadə təkrar istehsalı təhlil etmək məqsədilə yığım prosesini cədvəldən çıxarmışdır.

Fransua Kene “İqtisadi cədvəldə” pulun dəyərinin dəyişməzliyini, əmtəələrin qiymətlərinin sabitliyini təklif etmiş və reallaşma prosesinə xarici ticarətin təsirini cədvəldən çıxarmışdır.
F.Kenenin “İqtisadi cədvəl”i iqtisad elmi sahəsində böyük kəşflərdən biri hesab edilir. Çünki o, bu əsərində bütövlükdə kapital istehsalı prosesinə təkrar istehsal prosesi kimi baxmış, tədavülü isə təkrar istehsal
prosesinin forması kimi izah etmişdir. F.Kene təkcə bununla kifayətlənməyərək kapital və gəlirlər arasında olan mübadiləni, təkrar istehsal ediləcək və istehlak üçün yaradılacaq münasibətləri, istehsalçılar və istehlakçılar arasında olan əlaqələri (həqiqətdə kapital ilə gəlirlər arasında olan əlaqələri) də cədvəldə təhlil etmişdir. Digər tərəfdən F.Kenenin fikirləri ondan ibarətdir ki, o, iki istehsal bölməsinin-xammal istehsalı ilə sənaye arasında olan əlaqələrin iqtisadi mənalarının təhlilini vermişdir. Qeyd edək ki, XVIII əsrin son rübündə belə bir “İqtisadi
cədvəl”in yaradılması siyasi iqtisad elmində yenilik demək idi. Çünki siyasi iqtisad da göstərilən dövrdə bir elm kimi hələ də formalaşmamışdı, bu elm hələ də özünün bəsit dövrünü yaşayırdı.

F.Kenenin “İqtisadi cədvəl”inin mahiyyətinin təhlili göstərir ki, o, bu cədvəldə siyasi iqtisad elmində birinci dəfə olaraq ictimai məhsülün reallaşdırılmasının əsas yollarını göstərmişdir. Belə bir proses daxilində o pul və əmtəələrin hərəkətini mübadilə prosesində çoxsaylı aktlarının birləşməsi prinsiplərini təhlil etmişdir. Belə bir metodoloji prinsip F.Keneyə imkan vermişdir ki, o, təkrar istehsal prosesini və reallaşdırmanın fasiləsiz
həyata keçirilməsini təhlil edə bilsin. F.Keneyə görə belə bir proses o zaman həyata keçirilə bilər ki, xalq təsərrüfatının inkişafında müəyyən proporsiyalara riayət edilsin.
Kənd təsərrüfatı məhsulunun istehsalına sərf olunmuş bütün xərclər çıxıldıqdan sonra əmələ gələn artığı Kene “xalis məhsul” adlandırmışdır. F.Kene öz “İqtisadi cədvəl”ində xalis məhsulun istehsalını, bölgüsünü və dövranını təhlil etmişdir. Fiziokratların şərhində xalis məhsul izafi məhsulun və izafi dəyərin ən yaxın timsalıdır. Doğrudur,
fiziokratlar xalis məhsulu birtərəfli olaraq torpaq rentasına müncər edir və torpağın təbii bəhrəsi hesab edirdilər. Lakin fiziokratların, o cümlədən F.Kenenin çox böyük xidmətləri bunda idi ki, onlar izafi dəyərin mənşəyi
haqqında tədqiqatı tədavül dairəsindən bilavasitə istehsal dairəsinə keçirmişdilər. Belə bir metodologiyaya baxmayaraq F.Kene və fiziokratlar dəyər anlayışının sirlərini təhlil etmirdilər. (BAX: Karl Marksın iqtisadi təlimi – Dəyər və İzafi Dəyər)

Fiziokratlar əkinçilikdə izafi məhsulu haqqı ödənilməmiş insan əməyinin nəticəsi kimi deyil, təbiətin bəhrəsi kimi izah edirdilər. İzafi məhsul artıq natural məhsul formasında, xüsusilə də çörəkdə bilavasitə mövcuddur. Öz modelini yaradarkən Kene bu model üçün yardarlığa işləyən kasıb kəndlini deyil, daha çox işçi qüvvəsini və sadə avadanlığı olan, həmçinin pulla muzdur tutan icarəçi fermeri əsas götürmüşdür.
F.Kene yazırdı ki, kapitalist nəyin hesabına kapital (o, kapital qoyuluşunu avans adlandırırdı) yığa bilər? Bunu aydınlaşdırmaq üçün F.Kene belə bir fikir irəli sürürdü ki, yalnız xalis məhsuldan alınan, yəni torpaq sahiblərinin gəlirindən alınan yığım normaldır, iqtisadi cəhətdən “qanunidir”. Fabrik sahibi və ya tacir isə öz “əmək haqqlarından” müəyyən şey kəsib götürməklə o qədər də “qanuni” olmayan üsulla kapital yığa bilərlər.

F.Kenenin iqtisadi fikirlərindən, xüsusilə onun “İqtisadi cədvəlindən” hansı əməli nəticələr irəli gəlir. Hər şeydən əvvəl F.Kenenin ilk tövsiyəsi iri fermer təsərrüfatı formasında əkinçiliyin hər cür həvəsləndirilməsi olmuşdur. Lakin, daha sonra ən azı o vaxtlar üçün o qədər də zərərsiz görünməyən iki tövsiyə var idi. F.Kene belə hesab edirdi ki, yalnız yeganə həqiqi iqtisadi “artıqlıq” olan xalis məhsula vergi qoymaq lazımdır. Hər cür başqa vergilər təsərrüfatı çətinə salır. F.Kenenin bu qədər mühüm və şərəfli sosial funksiyalar aid etdiyi həmin feodallar əslində bütün vergiləri verməli idilər. O zamankı Fransada məsələ tamam əksinə idi: həmin feodallar heç bir vergi vermirdilər.
Bundan əlavə, F.Kenenin dediyi kimi, sənaye və ticarət əkinçiliyin “himayəsində” olduğundan lazım idi ki, bu himayə ucuz başa gəlsin. Bu isə o zaman baş tuta bilərdi ki, sənaye və ticarət üçün yaradılmış bütün
məhdudiyyətlər və çətinliklər ya ləğv edilsin və ya heç olmasa zəiflədilsin.

F.Kenenin iqtisadi təlimi öz dövrü üçün istər nəzəriyyədə və istərsə də praktikada mütərəqqi olan bütün iqtisadi və sosial dünyagörüşü idi.Məsələn, F.Kenenin məşğul olduğu başlıca problem, müasir elmin dili ilə deyilsə, iqtisadiyyatın inkişafını təmin edən əsas xalq təsərrüfatı proporsiyaları problemidir. Bu problem müasir dövr üçün son dərəcə aktual və əhəmiyyətlidir. Demək olar ki, F.Kenenin ideyaları bir çox ölkələrdə tərtib edilməkdə olan sahələrarası əlaqələr balanslarının əsasında dururdu. Bu balanslar sahələrin (mikroiqtisadiyyat) və təsərrüfatın idarə edilməsində daha böyük rol oynayırdılar.

İQTİSADİ TƏLİMLƏR TARİXİ

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....