Genetik xəstəliklər.

Post date:

Author:

Category:

1.Tey-saks xəstəliyi (GM2 qmqliozidoz və ya heksozaminidoz A defisiti) nadir rast gəlinən autosom-ressesiv irsi çatışmazlıqdır. Bu xəstəlik nəticəsində mərkəzi sinir sistemi zədələnir. Ilk dəfə 1881 və 1887-ci illərdə bir-birindən asılı olmayaraq ingilis oftalmoloqu Uorren Tey( Warren Tay) və amerikan nevroloqu Bernard Saks( Bernard Sachs) tərəfindən göstərildiyindən belə adlandırılmışdır.

Yaranma səbəbi:

Bu xəstəlik insanın 15-ci xromosomunda yerləşən HEXA geninin mutasiyası nəticəsidir. Bu gen heksoaminidaza A fermentinin α-subvahidini kodlaşdırır. Xəstəlik autosom-ressesiv tipə aid olduğuna görə yalnız hər iki valideyn bu genin daşıyıcısı olduqda özünü biruzə verir. Xəstə uşağın doğulma ehtimalı 25% olur. HEXA geninin 100-dən çox mutasiyası müəyyən olunub.

Heksoaminidaza A fermenti lizosomlarda yerləşərək qlikolipidləri parçalayır. Fermentin çatışmazlığı lipidlərin mərkəzi sinir sistemində, sinir kələflərində, gözün torlu qişasında, qaraciyər və dalağın hüceyrələrində toplanmasına gətirir.

Tədqiqatlar bu mutasiyanın bir neçə qrup əhali üçün xarakter olduğunu müəyyən etmişdir:

Əşkinəz yahudilər. Onların 3%-i mutasiyalı HEXA geninin daşıyıcısıdır.

Fransız-kanadalılar və cajunlar. Bu mutasiya Fransada yoxdur,ancaq Kanadaya köçmüş fransızlarda müşahidə edilmişdir.

Bu xəstəliyin üç forması vardır:

Uşaq Tey-saks xəstəliyi. Doğuşdan 6 ay sonra müşahidə edilir. Əqli və fiziki inkişafdan qalır. Karlıq, korluq və udma qabiliyyəti itmiş olur. Əzələlərin atrofiyası nəticəsində iflic baş verir. 3-4 yaşlarında ölümlə nəticələnir.

Yuvenil forma. 5-8 yaşdan sonra müşahidə edilir. Disfagiya( udma aktının pozulması), ataksiya(parez, əzələ tonusunun pozulması), dizartriya( nitq qabiliyyətinin pozulması), piylənmə ilə nəticələnir. Davam etmə muddəti 10-15 ildir. Göz dibində dəyişikliklərə görmə siniri disklərinin atrofiyası və piqmentli retinit səbəb olur.  Xəstədə həmçinin psixi dəyişikliklər, karlıq, bəzi hallarda lal-karlıq, epilepsiya tutmaları olur.

Yetkin forma (gec Tey-saks xəstəliyi). Ilk simptomları adətən gənc yaşlarda görünür. Irəliləməsi çox ləng gedir. Udma çətinliyi, yerişin pisləşməsi, psixi xəstəliklərlə( xüsusilə şizofreniya) ilə xarakterizə olunur.

Belə xəstələrdə retinada qırmızı ləkə olur və oftolmoskopdan istifadə etməklə həkim tərəfindən asanlıqla müşahidə edilir.

 

2.Talassemiya-genetik defekt nəticəsində hemoqlobinin sintezinin pozulmaqsı və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Insanda hemoqlobinin əsas variantını(97%)hemoqlobin A təşkil edir.  Hemoqlobin eritrositlərin daxilində olan zülaldır. Bu zülalın əsas funksiyası ağciyərlərdən toxumalara oksigen daşımaqdır. Hər bir eritrositdə 300 mindən artıq hemoqlobin malekulu olur. Hemeqlobin malekulunda  4 hem və qlobin zülalını təşkil edən 4 polipeptid zənciri vardır.  Hemoqlobinin qlobin zəncirini  ( zülal hissəzini) təşkil edən 4 polipeptiddən bir cütü α-, digər bir cütü isə β- zəncir adlanır.  α-zəncirini kodlaşdıran HBA1 və HBA2 genləri, β-zəncirini kodlaşdıran isə HBB genidir. Hemoqlobinin bu genlərində baş verən mutasiya muəyyən tip zəncirlərin sintezini poza bilər. Cəmi 2-3% insanın  hemoqlabinini hemoqlobinA2 təşkil edir ki, bu da iki alfa və iki delta-zəncirlərindən ibarətdir.

Hansı zəncirinin sintezini pozulmasından asılı olaraq tallasemiyanın 3 forması ayırd edilir: alfa,betta və delta-talassemiya.

α-talassemiya HBA1 və HBA2 genlərində baş verən mutasiyanın nəticəsidir. α-zəncirini kodlaşdıran 4 lokus vardır. Hər hansısa bir lokusda mutasiyanın baş vetməsi minimal kliniki təzahürlərə gətirir. Iki lokusda mutasiya yüngül anemiya, üç lokusda mutasiya isə α-qlobulinin sintezini kəskin şəkildə azaldır. Bunun nəticəsində betta və qamma zəncirləri toplanır. β- və γ-zəncirinin çoxluğu isə tetramer- β4 (HbH) və γ4 (Hb Bart’s) yaradır. Bu da öz növbəsində eritrositlərin dağılması ilə nəticələnir. Bu tetramerlərin isə oksigen daşımaq qabiliyyəti yoxdur. Klinik təzahürləri hipoxrom anemiya, hemoliz və oksigenin toxumalara daşınmasının pozulmasıdır. Hər 4 alleldə mutasiyanın baş verməsi ölümcüldür. Belə uşaqlar  ana bətnində və yaxud doğulduqdan dərhal sonra ölür.

β-talassemiyanın iki növü vardır: major (böyük talassemiya) və minor. Böyük talassemiya(Kule anemiya) ən ağır formadır. β-qlobulin geninin hər iki allelində mutasiyanın baş verməsi zəncir β-lərinin sintezinin kəskin azalmasına gətirir ki, bunun da nəticəsində hemoqlobulin A hemoqlobulin F tərəfindən xaric edilir. Hemoqlobulin F normada döldə sintez olunur, doğuşdan sonra isə hemoqlobulin A ilə əvəzlənir. Bu zaman xəstə daima qan köçürülməsinə məcbur olur. Minor forma bir alleldə baş vermiş mutasiyanın nəticəsidir və yüngül keçərək müalicə tələb etmir.

Talassemiyanın simptomları:

Talassemiyanın yüngül forması simptomsuz olur, əgər hər hansı simptomlara rast gəlinirsə də, o, yüngül formalı anemiyanı xatırladır.

Ən kəskin Kule anemiyasının simptomları müşahidə edilir.

  • Tez-tez viruslu infeksiyalar
  • Solğunluq
  • Iştahsızlıq
  • Sarılıq
  • Daxili orqanların böyüməsi

3.Hemofiliya.  Anadangəlmə xəstəlik olub qanın laxtalanmasının pozulmasıdır. Genetik yolla X xromosomu vasitəsilə ötürülür. Bu termin 1828-ci ildə yunan sözləri olan  <<haima>> -qan və  <<philia>>- sevgi sözlərindən götürülmüşdür. Qısaca olaraq qanın laxtalanmasının nə olduğunu izah edək.

Qanın laxtalanması(hemostaz) – qan damarlarının zədələnməsi zamanı qanaxmanın qarşısını alan biokimyəvi reaksiyalar  toplusu olub orqanizmin qoruyucu funksiyasıdır. Onun əsas faktoru plazma fibrinogenindən əmələ gələn fibrin zülalıdır.  Qanın laxtalanmasının fermentativ nəzəriyyəsinə əsasən, trombositlərin, plazma və toxumaların tromboplastinini aktivləşdirən fermentativ reaksiyaların bir neçə kaskadı mövcuddur.  Qanın laxtalanmasının bütün mərhələlərində toxuma, plazma və trombositar faktorlar işə düşür. Plazma faktorları rum rəqəmi ilə işarə olunur və 15 faktordan ibarətdir.

Hemofiliya xəstəliyi isə qanda VIII, IX və XI laxtalanma faktorunun çatışmazlığıdır. Bu çatışmazlıq qanda laxtalanma faktorları yaradan genlərin mutasiyası nəticəsində yaranır.Hemofiliya X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Xəstəliyin üç tipi fərqləndirilir (A, B, C).

Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar. Lakin, onlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər.

Hemofiliya A ( X xromosomunda ressesiv mutasiya) qanda lazimlı zülalın- VIII faktorun(A antihemofil qlobulini) çatışmazlığıdır.  Bu klassik hemofiliyadır və daha çox( hemofiliyalı xəstələrin 80-85%-i) rast gəlinir. Qanda zülalın miqdarı nə qədər azdırsa, xəstəlik o qədər şiddətlidir. Gen X xromosomu ilə keçir və ailədə yalnız oğlanlarda özünü göstərir. Qızlar isə bu genin yalnız daşıyıcısı ola bilərlər.

Hemofiliya B(X xromosomunda ressesiv mutasiya) daha az rast gəlinir(təxminən hemofiliya xəstələrinin 10-20%) və IX faktorun ( B antihemofil qlobulini, Kristmas faktoru) çatışmazlığıdır.

Hemofiliya C xəstəliyinə isə 1-2% rast gəlinir və bu tip hemofiliya cinsi yox autosom X xromosomu ilə ötürüldüyündən həm kişi, həm də qadınlarda rast gəlinir.

Hemofiliyanın tarixi.

İlk dəfə hemofiliya xəstəliyi İngiltərə kral ailəsində müşahidə olunmuş və onun nəsildən-nəslə keçməsi yaxşı öyrənilib. Hemofiliya xəstəliyi övladların dörddə birində, o da oğlan övladında baş verə bilər. Zənn edirlər ki, hemofiliya ilk dəfə mutasiya yolu ilə Kraliça Viktoriyanın X xromosomunda aşkar edilib. Kraliça bu cəhətdən heteroziqot imiş, yəni hemofiliyanın daşıyıcısı olub. Viktoriyadan qabaq kral ailəsində bu xəstəlik müşahidə edilməyib. Rus çarı II Nikolay kraliça Viktoriyanın hemofiliyanı daşıyan nəvəsi Aleksandra ilə evlənib və doğulan  şahzadə Aleksey hemofiliyadan dünyasını dəyişib.

Hemofiliyanın klinik təzahürləri.

Hemofiliyanın şiddəti, qandakı faktorların nə qədər əskik olduğuna bağlıdır. Əlaməti qanamadır. Uşaqlıq çağında ortaya çıxan beyin qanaması ölümə səbəb ola bilər. Ümumiyyətlə, bu yaşdakı qanamalar yaralanmalarla bağlıdır. Uşaq ağzını ya da burnunu bir yerə vurduğunda qan itkisi baş verir. Bu, sıx təkrarlandığı təqdirdə, ciddi probemlərə gətirib çıxarır. Oynağın hərəkətlərini məhdudlaşdırır, hətta tamamilə oynaqları hərəkətsiz qoya bilir. Sümüklərin qaynaşmasına səbəb olur. Bundan əlavə, qanamalar qaraciyər, böyrək kimi daxili orqanlarda da ortaya çıxır. Yaş artdıqca xəstəliyin fərqinə varan şəxs daha diqqətli bir həyat sürür. Beləliklə uzun illər həyatını davam etdirə bilər. Lakin kiçik yaralarda və zədələrdə belə bədəndə qaralmalar müşahidə edilir. Xəstəliyin nəticələrini yaş irəlilədikcə təxmin etmək çətinləşir. Kiçik qanamalardan sonra qarşısı alınmaz qan itkinləri meydana gələ bilər.

  1. Marfan sindromu– autosom-dominant genlə otürülən birləşdirici toxuma xəstəliyidir. Malekulyar-genetik olaraq bu sindrom 15-ci xromosomda yerləşən FBN1(fibrillin 1) genindəki mutasiyanın nəticəsidir. Bu xəstəlik təxminən həır 5000 insandan birində təsadüf edilir.Müalicəsiz xəstələrin yaşam müddəti 30-40 yaşlarda məhdudlanır. Bu da ən çox aorta anevrizması və ürək çatışmazlığından baş verir

Xəstəliyin təzahürləri ilk dəfə 1875-ci ildə amerikalı aftalmoloq E. Vilyams( ing. E. Williams) tərəfindən qeydə alınmışdır. O bu xəstəliyi çox uzun boya və hipermobil oynaqlara malik olan bacı və qardaşda göz billurunun ektomiyası zamanı müşahidə etmişdir. Sonradan bu xəstəlik fransız pediatrı A. Marfan tərəfindən öyrənilmişdir.

 

Xəstəliyin simptomları arasında:

– hündür boy (2 m yaxın və bundan hündür)
– qısa bədən, çox uzun nazik qollar və ayaqlar
– uzun barmaqlar (hörümçəyə bənzəyir)
– oynaqların həddindən artıq hərəkətliliyi
– əzələ zəifliyi
– bud-çanaq oynağının quruluşunun anomaliyaları
– kifoz, skolioz
– döş qəfəsinin deformasiyası

– yastıpəncəlik
– kiçik aşağı çənə, dişlərin anomaliyaları
– qasıq yırtıqları, bağların tez-tez yırtılması
– aorta patologiyaları, ürək qüsurları, arteriyaların daralması. Bunların nəticəsində xəstədə aritmiya,  ürək çatışmazlığı inkişaf edə bilər.
– görmənin pozulması, çəpgözlük, göz büllurunun burulması, göz damarlarının patologiyaları. Bütün bunlar xəstələrdə korluğun inkişafına  səbəb ola bilər

Marfan sindromu nadir xəstəlik sayılır. Maraqlıdır ki, məşhur insanların arasında bu sindroma tez-tez təsadüf edilir. Marfan sindromu olan məşhurlar: tanınmış skripkaçı Nikkolo Paqanini(Niccolo Paganini), yazıçı Hans Xristian Andersen( Hans Christian Andersen ), Amerika prezidenti Avraam Linkoln(Abraham Lincoln), Fransa prezidenti Şarl de Qoll(Charles de Gaulle)və bəzi digərləri.

  1. Düşen əzələ distrofiyası.

Bu xəstəlik 1853-cü ildə Düşen tərəfindən təsvir edilmişdir. Ona görə də əzələ distrofiyasının bu növü onun adını daşıyır. Xəstəliyə hər yeni doğulmuş 100 000 uşaqdan 14-də rast gəlinir. Düşen əzələ distrofiyası irsi xarakter daşıyır və xromosomlarda baş verən çatışmazlıqlarla əlaqədar olur.Xəstəlik əzələ toxumasının yenidən yaranması, onun piy və birləşdirici toxumalarla əvəz olunması və liflərin nekrozu ilə səciyyələnir. Xəstəliyin başlanğıcı uşağın həyatının 1-3-cü illərinə təsadüf edir. Əvvəlcə uşağın hərəkətlərində ləngimə baş verir, uşaqlar gec oturur, gec durur və gec yeriyir. Bu zaman hərəkət inamlı olmur, yeriyən zaman xəstələr tez-tez büdrəyir, yıxılırlar. Xəstə uşaq 3-4 yaşlarına çatdıqda onlarda uzunmüddətli gəzinti zamanı, pilləkən qalxdıqda patoloji əzələ yorğunluğu, yerişin ördəyəbənzər olması müşahidə edilir. Bu dövrdə üfüqü vəziyyətdən, çömbəlmiş vəziyyətdən və ya stuldan qalxarkən uşaqların hərəkətində müəyyən narahatçılıq olur. Əzələ atrofiyaları əvvəlcə çanaq və bud əzələlərində, sonra isə bazu qurşağı və bel əzələlərində baş verir. Atrofiyalar simmetrik xarakter daşıyır. Xəstəliyin tipik klassik əlaməti baldır əzələlərinin yalançı hipertrofiyasıdır. Bu zaman əlləndikdə əzələlərdə ağrı hissi olur. Xəstəliyin ilk mərhələlərində diz refleksləri, sonralar isə ikibaşlı və üçbaşlı əzələ refleksləri itir.

Düşen əzələ distrofiyası zamanı sümük-oynaq sistemi və daxili üzvlərin patoloji halları ilə birlikdə rast gəlir. Sümük-oynaq pozulmaları onurğa, daban və döş sümüyünün deformasiyaları ilə xarakterizə olunur. Bu zaman rentgenoqrammada sümük iliyi kanalının daralması aşkar edilir. Ürək-damar pozulmaları özünü kliniki şəkildə göstərir. Xəstəlik durmadan inkişaf edən bədxassəli gedişə malik olur. Belə ki, 7-10 yaşlarında kəskin hərəki pozulmalar təzahür edir, 14-15 yaşlarında isə tam hərəkətsizlik baş verir.

 

 

 

Mənbə:

  1. http://is-med.com/publ/19-1-0-467
  2. http://lookmedbook.ru/disease/gemofiliya-
  3. https://myfamilydoctor.ru/gemofiliya-chto-eto-za-bolezn-i-chto-o-nej-nuzhno-znat/
  4. https://www.marfan.org/about/marfan
  5. http://www.eurolab.ua/diseases/155/

 

Müəllif: Azadə İsmayılova

 

STAY CONNECTED

18,757FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.