Georq Zimmel – sosial toxuma / Sosiologiya

Post date:

Author:

Category:

Yəhudi mənşəli alman Georq Zimmel (Georg Zimmel, 1858- 1918) sosiologiyanın klassikləri arasında ən iri esseistdir. Onun ən vacib əsərləri sırasına aiddir: “Sosial differensiasiya haqqında” (Uber
die soziale Differenzierung, 1890), “Pulun fəlsəfəsi” (Philosophic des Geldes, 1900) və “Sosiologiya” (Soziologie, 1908). Bundan başqa, onun tərəfindən fəlsəfəyə, incəsənətə, mədəniyyət məsələlərinə dair
bir neçə esse və kitab da yazılmışdır (“İri şəhərlər və mənəvi həyat”, Die GroBstadte und das Geistesleben, 1902, “Mədəniyyətin anlayışı və faciəsi”, Der Begriffund die Tragodie der Kultur, “İki nəfərin cəmiyyəti”, Die Gesellschaft zu zweien, 1908 və başqaları).

Zimmel sosial həyatı sosial qarşılıqlı təsir (Wechselswirkung) prizmasından nəzərdən keçirmişdir. Zimmelə görə, sosiologiya fərdlər arasında qarşılıqlı təsir haqqında elmdir. Elə buna görə də, onun daxilində relyasion təfəkkür, yəni münasibətlərin terminləri ilə fəaliyyət göstərən təfəkkür reallaşır. Sosiologiyanın diqqət mərkəzində fərdin sosiallaşma formaları dayanır. Sosial qarşılıqlı təsir obyektiv, fərdlərin fövqündə duran strukturlarda necə deyərlər, “tormozlana” bilər. Onlar birləşdirici simvollar, zamandankənar normalar və i.a. ola bilərlər. Amma onlar həmçinin, spesifik formalar (pul dövriyyəsinə əsaslanmış iqtisadiyyat, kooperasiya, rəqabət və i.a. ) olaraq da meydana çıxırlar. Zimmel üçün qarşılıqlı təsir “proses  olaraq həyatdır”. Bu, onu nəzərdə tutur ki, sosial reallıq geniş mənada açıq prosesdir. Zimmel cəmiyyətin bu və ya digər dərəcədə qapalı sistem kimi anlamını rədd edir. Eyni zamanda, sosial qarşılıqlı təsir kimi başa düşülən sosial həyat tarixin və cəmiyyətin bütün monokazual nəzəriyyələrini (yəni bir səbəbin mövcud olmasını qəbul edən nəzəriyyələr) istisna edir.

Zimmel üçün sosiologiya bir çox hallarda, özünəməxsus sosial mikroskopa oxşayır. Bir sıra esselərində və böyük məqalələrində o, qarşılıqlı təsiri iki fərd arasında (“İki nəfərin cəmiyyəti”) və ya “yadla” (Fremden) böyük sosial qrup arasında olan münasibət kimi izah edir. “İnsan düşmən kimi” (Der Mensch als Feind, 1908) essesində Zimmel
göstərməyə səy edir ki, qruplar arasındakı konflikt qrup üzvlərini onların ümumi düşmənin əleyhinə  mübarizəsində yekdil edə bilər (“bizqrup” (in-group) və “onlar-qrup” (out-group) sosioloji anlayışlar cütü ilə müqayisə edin). Lakin konfliktdə olan qruplar arasındakı qarşılıqlı təsir həmçinin, onları yaxınlaşdıra da bilər. Bütövlükdə, Zimmel üçün cəmiyyət saya-hesaba gəlməyən qarşılıqlı təsirlərdən toxunmuş “toxumadır”. “İri şəhərlər və mənəvi həyat” əsərində Zimmel göstərir ki, müasir şəhər həm qarşılıqlı təsirin yeni formalarını, həm də yeni insanları törədir. O, müasirliyə (modernity) aşağıdakı keyfiyyət xarakteristikasını verir:

Böyük şəhərdə biz təəssüratların qasırğası altında oluruq. Hər bir fərdin “əsəb həyatı” intensivləşir. Biz fövqəladə dərəcədə həssas oluruq. Həyatın intensivliyi elə böyükdür ki, biz ona sahib ola bilmirik və özümüzlə bizi əhatə edən fiziki və sosial mühit arasında distansiya saxlamağa məcbur oluruq. Özümüzü artmaqda olan  təəssüratlardan qorumaq üçün biz reallıqdan təcrid olunmağa məcburuq.

Fövqəladə dərəcədə həssaslığa adekvat reaksiya olaraq, ətrafda olanlara qarşı müasir tox (blasiert) münasibət yaranır. Sağ qalmaq üçün biz qapalı oluruq, mühitə qarşı antipatiya hiss edirik və özümüzü ondan
uzaqlaşdırırıq. Bu halda, biz ya reaksiya verməyi dayandırırıq, ya da qeyri-adekvat reaksiya veririk. Son nəticədə, fövqəlhəssaslıq bizi vakuuma salır. Zimmelə görə, nevrotik həm şeylərə həddindən artıq yaxın olduğu üçün, həm də onlardan həddindən artıq uzaq olduğu üçün əziyyət çəkir.

Zimmel öz işini makrososioloji anlayışlardan deyil, sosial reallığın dəyişkən “fraqmentlərindən” başlayır. Zimmelə görə, müasirlik ifadənin dinamik formasını əldə etmişdir. Bütöv kiçik qeyristabil fraqmentlərdən ibarətdir və Zimmel onun “izlərini” həyatın xırdalıqlarında tapır. Bu fraqmentləri tədqiq edərək, o, həmçinin, universalı üzə çıxarmağa səy edir. Onun üçün cəmiyyət fərdlərin və qrupların qarşılıqlı təsir göstərdikləri labirintdir. Bu qarşılıqlı təsiri anlamaq üçün, sosiologiya mikrosəviyyəni tədqiq etməlidir. Ona öz işini qarşılıqlı təsirin ən sadə formalarından başlamaq zəruridir. Bu halda, fərdləri bir-biri ilə əlaqələndirən görünməyən bağların axtarışı
sosial şəbəkənin başa düşülmə şərtidir. Bu labirintdən baş çıxarmaq sistemli anlayışlardan istifadə etmə yolu ilə deyil, “ani fotoşəkillərin”, fraqmentlərin və xüsusi təəssüratların yığılması yolu ilə mümkündür.
Məsələn, sikkə müasir sosial münasibətlərin, sonsuz qarşılıqlı təsirin simvoludur. Sikkənin fraqment olaraq anlamı sosial reallığa doğru bir açar ola bilər.

Bir çox hallarda, məhz Zimmelin ideyaları XX yüzilliyin inkişafda olan sosiologiyasının ilham mənbəyi idi. Bir çox sosioloqlar, o cümlədən də, Veber onlara istinad edirdilər. “Pulun fəlsəfəsi” adlı böyük monoqrafiyasında Zimmel “məqsəd-vasitə” terminləri ilə fəaliyyət göstərən təfəkkürün müasir həyatda getdikcə daha çox yayılma
prosesini təsvir edir. İnstrumental-məqsədli rasionallıq rasionallığın bütün digər formalarını sıxışdırır. Dərrakə üstünlük əldə edir və hisslərə təzyiq göstərir (Parsonsda “emosional neytrallıq” anlayışı ilə müqayisə
edin). Göstərilən kitabda Zimmel həmçinin, özgələşmənin orijinal nəzəriyyəsini də işləyib hazırlamışdır, bu nəzəriyyə sonradan macar filosofu Lukaçın (Gyorgy Lukacs, 1885-1971) və tənqidi nəzəriyyə adlandırılanın nümayəndələrinin (Frankfurt məktəbinin) baxışlarında mərkəzi yer tutdu. Zimmel həm “obyektiv ruhun” (Hegel mənasında)  fasiləsiz artımını, həm də mədəni obyektlərin bizi getdikcə daha çox necə gücsüz etdiklərini təhlil edir. Bizim tərəfimizdən yaradılan şeylər bizim ağalarımız olur (reifikasiya prosesi). Nə qədər sənaye fəhləsi
Zimmel soruşur, işlətdiyi maşınların fəaliyyət prinsiplərini, yəni necə deyərlər, maşınlarda maddiləşmiş ruhu anlamaq iqtidarındadır?

Beləliklə, ruh və onun nəticələri insana yad olur.

Zimmel sosioloji metodun müzakirəsinə tamamilə az diqqət yetirir. Öz tədqiqatlarında o, qeyri-sistematik və ya hətta antisistematik yanaşmadan istifadə etmişdir. Onun əsərləri ən azı ilk baxışda, öz fraqmentarlığı ilə bizi təəccübləndirir. Onun sosiologiyası bir çox hallarda “esseistdir”, iqtibasları və sitatları özünə ehtiva etmir.
Zimmelin ən məşhur əsərləri – sistematik tədqiqatlardan daha çox esselər yığımıdır. Onlar Zimmelin cəmiyyət haqqında elm olaraq nəzərdən keçirdiyinin müstəqil fraqmentləridir. Esse – elə bir ədəbi janrdır ki, Zimmelin cəmiyyətin dərk olunmasını antipozitivist, antiakademik və antisistematik formada ifadə etmək meylinə uyğun
gəlir. Onun təsvir manerasında biz səbəbiyyət-analitik “metodun” tətbiqi ilə rastlaşmırıq. Onu da anlamaq vacibdir ki, Zimmel öz hipotezlərinin eksperimental olaraq yoxlanmasına səy etmir. O, hipotetik-deduktiv metoddan da istifadə etmir. Esse forması sistematik elmin oyun qaydalarına tabe olmur. Bir çox şeylərdə Zimmelin essesi
– özünəməxsus “sosioloji poemadır”. Elə buna görə də, onun sosioloji prezentasiya metodu yenidən çətin yaradıla bilən “üsluba” malikdir. Onun üslubu sənətkarın yaradıcılığı ilə və poeziya kimi çıxış edən fəlsəfə ilə assosiasiya yaradır (biz belə bir fenomeni məsələn, Nitşedə, sonrakı Haydeggerdə və Adornoda müşahidə edirik). Bu, göstərir ki, Zimmel o intellektualı müdafiə etməyə çalışmışdır ki, onun yaradıcı fəaliyyəti Zimmelin hiss etdiyinə görə təhlükə altındadır. Amma eyni zamanda, bu “üslub” onun əsərlərinin müasir sosioloji dilə tərcüməsini
də çətinləşdirir. Şəxssiz elm hesab formasında şərh olunduğu zaman Zimmelin esseləri mühüm olan nəyisə itirir. Lukaç deyirdi ki, Zimmel bir çox münasibətlərdə – sosial tədqiqatçı-impressionistdir.
İmpressionist-sənətkarlar öz rəsmlərinin məzmununa az diqqət yetirdikləri, reprezentasiya üsulunu isə daha çox vurğuladıqları kimi,  Zimmel də bir sıra müxtəlif mövzu işləyib hazırlamışdır ki, onlar üçün nöqteyi-nəzər fərdi detallardan daha mühümdür. Yapon vazaları, Mikelandjelo, Rilkenin poeziyası, Nitşe, Kant, tənhalıq və “iki nəfərin
cəmiyyəti” (Zweisamkeit), sikkə iqtisadiyyatı və şəhər həyatı da bu mövzuların arasındadır. Lukaç deyirdi ki, Zimmel “impressionizmin filosofu” idi və dünyanın impressionist görüntüsünün konseptual ifadə
formasını işləyib hazırlamışdır.

Bir çox sosial münasibətlərin və proseslərin məğzini böyük bir fəhmlə ifadə etmək Zimmelə nəsib olmuşdu. O, gündəlik təcrübəni yeni, impressionist nöqteyi-nəzərdən təsvir etmişdir. Elə buna görə də, təəccüblənmək lazım deyildir ki, o bizi bir çox şeylərə başqa cür baxmağı öyrədir. Onun esseləri sosial “toxumanın” necə toxunduğunu
daha yaxşı anlamaqda bizə kömək edir. Onları oxuyaraq, biz sosial labirintdə bağların ardınca gedə bilmək qabiliyyətini özümüzdə işləyib hazırlayırıq. Zimmel sosiologiyada müasir həyatın fraqmentləşmiş ərazisində özlərinə yol axtaranlar üçün “yeni yollar kəşf etdi”. Lakin sosial həyatın onun tərəfindən verilən “axıcı” mənzərəsi həmçinin, ona xas olan təsvir formasına təsir göstərir. Nəticədə də, onun arqumentləri çox vaxt hipotetikdir və inandırıcı deyildir. Çətin ki, elə bir sosioloq və ya filosof mövcud olsun ki, “mümkündür ki” sözündən Zimmel qədər tez-tez istifadə etmiş olsun. Elə buna görə də, alman filosofu Ernst Blox (Ernst Bloch, 1885-1977) onu əsaslı olaraq, “felin lazım formasının mütəfəkkiri” (ein Vielleichtdenker) adlandırmışdı.

 

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

 

STAY CONNECTED

20,393FansLike
2,282FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...