Həqiqəti filmləri ilə axtaran rejissor

0
10

   “Sənətkar, dünya qeyri-mükəmməl olduğu üçün mövcuddur. Çünki mükəmməl dünyada incəsənət əhəmiyyətini itirərdi.”

Bu fikirlər 20-ci əsr rus, eləcə də, dünya kinematoqrafiyasının ən görkəmli nümayəndələrindən biri olan Andrey Tarkovskiyə məxsusdur. O, ekzistensial, poetik kino rejissoru kimi ağla deyil, daha çox duyğulara xitab edən üslub yaratmış və hədəf olaraq izləyicisinin şüurunu deyil, təhtəlşüurunu seçmişdir. Filmlərində qəribə yuxular, gizli xatirələr, uşaqlıq illəri, qapalı yerdə yağan yağış kimi motivlər tez-tez təkrarlanır. O, parçalanmış insan ruhunu təhlil edir və bu baxımdan əksər qəhrəmanları Dostoyevskinin daim mübarizə aparan, həqiqət axtarışında olan obrazlarını xatırladır.

“İncəsənətin köməyi ilə insanlar ümidini dilə gətirir və bu baxımdan kino təsəlli sənətidir. Bu ümiddən məhrum, mənəvi tələbi olmayaların incəsənətlə əlaqəsi yoxdur”. (Andrey Tarkovski)     

Rejissor öz tamaşaçısına əsrarəngiz təbiəti ayrılıqda bir obraz olaraq, sanki bir rəssam, fotoqraf gözü ilə təqdim edir. İnsani xüsusiyyətlər təbiət hadisələri üzərinə köçürülür; yaranışın başlanğıcı hesab edilən dörd ünsürlə (hava, od, su, torpaq) yanaşı, qəzəb – qum fırtınası, peşmanlıq – qarın yağması kimi əks olunur. Ümumilikdə isə Tarkovski filmləri sanki rəssam əliylə çəkilmiş siluetləri xatırladır, zaman hüdudlarını aşaraq ağ – qara rənglərlə əhatə olunan və əksərən eyni məkanda baş verən hadisələrə əsaslanır. Ustad rejissor izləyicisini faydasız görünən səslərə qulaq verməyə çağırır…
Heç vaxt öz ideyanızı tamaşaçı kütləsinə birbaşa çatdırmağa çalışmayın. Bu, onlara qarşı hörmətsizlikdir. Onlara həyatı göstərin, o zaman işiniz qiymətli olacaq və layiqincə dəyərləndiriləcək”.

Andrey Arsenyeviç Tarkovski 1932-ci ildə dünyaya göz açıb. Rus poeziyasının ən görkəmli nümayəndələrindən biri olan atası, şair Arseni Tarkovski və anası Mariya İvanova Maksim Qorki adına Ədəbiyyat İnstiutunu bitirmişdilər. Tarkovski dörd yaşında olarkən atası ailəni tərk etməsi, anası ilə boşanaraq yenidən ailə həyatı qurması gələcək rejissorun həyatında dərin iz qoyur…
Daha sonra o və bacısı Mariya, anası ilə birlikdə Moskvaya köçürlər. Anası burada redaktor kimi işləməyə başlayır. Bu illəri xatırlayarkən Tarkovski deyir: “Həyatın bu dönəmi çətinlik və yoxsulluqla keçdi. Anam bütün həyatını bizə fəda etmişdi. O, heç vaxt yenidən ailə həyatı qurmadı. Özümü tapmağımda anamın rolu böyükdür”. Anası oğlunun incəsənət, xüsusən də rəsm və musiqi ilə məşğul olmağını istəyirdi. 

Beləliklə, o, musiqi məktəbində piano çalmağı öyrənir, rus, alman klassikləri ilə tanış olur və bu baxımdan, I.S.Baxın yaradıcılığını daha çox mənimsəyir. Lakin bununla yanaşı, o həmçinin ədəbiyyat, xüsusən də poeziya ilə maraqlanırdı.
Təhsilini başa vurduqdan sonra (1951-1952) Şərq universitetinə daxil olaraq burada ərəb dili üzrə təhsil almağa başlayır, lakin təhsilini yarımçıq qoyur və bir nəçə il mədən mühəndisliyi üzrə oxuyur. Daha sonra film sahəsində özünü sınamağa qərar verir və bu məqsədlə Kinematoqrafiya İnstitutuna daxil olur. Həyatının bu dönəmi N.Xruşşovun hakimiyyətinin erkən dövrlərinə təsadüf edirdi və bu, onun bir rejissor olaraq dünyagörüşünün artmasında böyük rol oynayır. Belə ki, Xruşşov kino sahəsinə ayrılan büdcəni artıraraq, nisbətən dövlət təzyiqini azaldır. Bütün bunlar sənətkarlara Qərb ədəbiyyatı, musiqisi ilə tanış olmağa, Tarkovskiyə də İtalyan neorealistlərinin, fransız yeni dalğasının, Berqman, Bresson və Krusava kimi rejissorların bənzərsiz işlərini izləməyə imkan yaradır:

“Mən yalnız iki insanın dünyagörüşü, fikirləri ilə maraqlanıram: onlardan biri Bresson, digəri isə Berqmandır”. (A.Tarkovski)

1956-cı ildə Ernest Hemenqueyin hekayəsinə əsaslanan “Qatillər” (“The Killers”) adlı ilk qısametrajli filmini çəkir. 1957-ci ildə isə ailə həyatı quran Tarkovski, üç ildən sonra “Silindir və skripka” (“The streamroller and Violin”) filmi ilə Nyu York film festivalında ilk mükafatını qazanır.

Tarkovskinin ailəsi müharibə illərində böyük əzablar çəkmişdi. Atası döyüşdə ayağını itirmiş, anası çətinliklə onlara baxmağa davam etmişdi. Müharibənin dəhşətləri, Sartrın sözləri ilə desək, “müharibə hətta sağ buraxdıqlarını belə öldürür” ideyası onun filmlərində öz əksini tapmışdır. Bu baxımdan, Tarkovskinin ilk tammetrajlı filmi olan “İvanın uşaqlığı” (“Ivan’s Childhood”) böyük əhəmiyyət kəsb edir. “Bizlərdən heç biri on doqquz yaşından böyük deyildik və bir saat müddətində öldürüləcəyimizi bilirdik. İntiqamımızı onlardan alın!”.Filmin baş qəhrəmanı Sovet ordusu üçün döyüşən on iki yaşlı yetim bir uşaqdır. Bu film Tarkovskiyə dünya şöhrəti qazandırır. Nəticədə, o, Venesiya film festivalında “Qızıl aslan” mükafatına layiq görülür. Elə həmin ildə də ilk oğlu Arseni dünyaya gəlir.

Onun digər filmi olan “Andrey Rublyov”da (“Andrei Rublev”) hadisələr 15-ci əsrdə yaşamış rus rəssamın həyatı və mübarizəsi üzərində qurulub. Rəssamın mübarizəsi incəsənətin barbarlıq üzərində qələbəsi kimi səslənir.

Tarkovskinin həyati faktlarının nisbətən üstünlük təşkil etdiyi və poetik elementlərin daha çox istifadə olunduğu filmi “Güzgü”dür (“Mirror”). Film əvvəlcə “Ağ gün” adlandırılmışdı və heç də təsadüfi deyil ki, atasının yazdığı şeir kitablarından biri məhz belə adlanırdı. “Yəqin ki, ölən bir insan ölümündən öncə həyatının ən önəmli xatirlərini yada salar”… Film məhz həmin xatırlamalar, insanın öz vicdanını yenidən düşünməsi üzərində qurulub.

Rejissorun polşalı yazıçı Stanislav Lemin eyniadlı kitabı əsasında ekranlaşdırdığı ən önəmli filmlərindən biri də “Solyaris”dir. Romanda olduğu kimi filmdə də fəlsəfi və psixoloji elementlər özünü göstərir. Söhbət təkcə ayrı-ayrı adamlardan yox, bütün yer sivilizasiyasının kosmosun dərinliklərində həll edilməsi mümkün olmayan tapmaca ilə üzləşməsindən gedir. Solyaris planetini araşdıran alimlər, buradakı şüurlu okeanın sirrini öyrənməyə çalışırlar. Bu okean insan qəlbinin, insan hisslərinin dərinlərinə nüfuz etmək, gizli istəklərini ortaya çıxarmaq gücünə malikdir. Adət etdiyimiz elmi-fantastika filmlərindən fərqli olaraq, “Solyaris”də tamaşaçı daha çox elmi-bəşəri sualların fəlsəfi izahını görür. İnsan deyilən varlığın təməl ehtiyacının nə olduğunu çatdıran filmdə maddə və ruhla şüurun qarşılıqlı münasibəti canlandırırlır. “İnsanın insana ehtiyacı var” fikri isə, bütün film boyu özünü doğruldur.

“Təbiət insanı yaradıb ki, onu kəşf edib öyrənsin. İnsan həqiqəti tapanda bütün qəlbi ilə elmə bağlanır. Yerdə qalan hər şey boş və mənasız olur”. (“Solyaris”filmindən)

Tarkovski filmlərinin əsas özəlliyi müasir yaşamı və insanı texnologiyanın və sənayeləşmənin qurbanı olaraq görməsindədir. Bu məqsədlə filmlərini uzaqlaşdığımız hislərə yönəldərək onları inanc, iman, fədakarlıq, ailə, vətən, Tanrı, eşq kimi metafizik mövzularla zənginləşdirir. “Stalker(Stalker) filmi də bu cür ekran əsərlərinin sırasında böyük əhəmiyyətə malikdir. Alleqorik üslubda çəkilən film, modern dünyamızın əksi olan heçlik haqqındadır.

Fəlsəfi ideyalarla zəngin olan dialoq və monoloqların, Bekket və Kafka romanlarının izlərini daşıyan filmdə deyilir: “Sərtlik və güc ölümün, yumuşaqlıq və zəiflik yaşamın əlamətləridir. İnsan yeni doğulduğunda aciz və zəifdir, bu yenicə böyüməyə başlayan, hər an qırılma təhlükəsi olan ağacı xatırladır. Insan öldüyündəsə, sərt və möhkəm hal alır. Lakin bizlər qəddarlaşmaq, sərtləşmək üçün yaradılmamışıq. Sərtləşən və güclənən hər bir şey məğlub olmağa, ölümə məhkumdur.”

1979-cu ildə Tarkovski İtalyaya səyahət edir və bir daha vətəninə qayıtmır. Burada dostu ilə birgə “Zamanda səyahət” adlı sənədli filmini çəkir. Elə bu illərdə ona şöhrət gətirən digər bir filmi “Nostalgiya”nı (“Nostalghia”) ərsəyə gətirir. Film ölkəsini tərk etmiş, vətən həsrəti çəkən və həyatın anlamını axtarmağa çalışan şairdən bəhs edir. Bu yolda ona Domeniko adlanan toplumun dəli hesab etdiyi şəxs köməklik edir.

Domeniko xilas yolunu yenidən əl-ələ verməkdə, insanların suları hələ çirkləndirmədiyi, yanlış yola üzlərini çevirmədiyi vaxtlara, təbiətə geri dönməkdə görür. Monoloqunu bitirdikdən sonra meydanda, yadlaşmış insanların önündə özünü yandıran obraza heç kim əhəmiyyət vermir, onun kədərinə yalnız zəncirlənmiş it və digər bir dəli şərik olur.

Monoloqunu isə bu sözlərlə başa vurur. “Bu necə bir dünyadır ki, dəli hesab olunan biri, siz insanların özünüzdən utanmalı olduğunuzu tələb edir…”

Tarkovskiyə İsveçdə yaşadığı illərdə xərçəng xəstəliyi diaqnozu qoyulur. Son filmi olan “Qurbanvermə” də (“Sacrifice”) məhz burada çəkilir. Filmdə Berqman üslubunun izləri aydın gözə çarpır. Süjet isə Ukraynada baş vermiş Çernobıl qəzasına həsr olunub.
1986-cı ildə 54 yaşında vəfat edən dahi sənətkar Parisdə dəfn olunur. Bəzi tədqiqatçıların fikrincə o, rus casusları tərəfindən qətlə yetirilmişdi. Bir sıra filmlərinə ölkədə qadağa qoyulması, onun vətənini tərk etməsi və oğlunun Rusiya ərazisini tərk etməsinə izin verilməməsi kimi faktlar bu şübhələri daha da artırmışdı.

Tarkovski həm də “Möhürlənmiş zaman”, “Zaman içində zaman” kitablarının, bir sıra memuarların müəllifidir. Bəhs etdiyi incəsənənətlə bağlı aşağıdakı fikirlərə nəzər salaq:
 Incəsənət nədir? Bu suala cavab vermək üçün, daha önəmli bir suala cavab tapmaq lazımdır: Həyatın anlamı nədir? Bəlkə də, biz ruhumuzu inkişaf etdirmək üçün burdayıq. Ruhun mükəmməlliyini arzulamayan heç bir insan dəyərli deyildir. Onun bir siçandan, tülküdən heç bir fərqi yoxdur. Əgər həyatın mənası ruhumuzu zənginləşdirməkdədirsə, bu yolda bizim ən böyük köməkçimiz incəsənətdir. Bəzilərinin fikrincə o, insanlığa dünyanı dərk etmədə kömək edir. Mən buna qatılmıram və bu baxımdan tam bir aqonostikəm. Daha çox bildikcə daha az bildiyimizə əmin olur, öyrənməyə daha çox ehtiyac duyuruq. Bu isə həqiqətdən uzaqlaşmağımıza səbəb olur. Kino sənəti insanlığa heç bir şey öyrədə bilməz, insanlıq heç bir şey öyrənməyəcəyini son 4000 ildə yetəri qədər sübuta yetirmişdir”.

 

Redaktor: Xavər Zahir

Mənbə:

1.://youtu.be/PTvIybrtMqU

2.://biography.yourdictionary.com/andrei-arsenyevich-tarkovsky

3.://www.openculture.com/2016/06/andrei-tarkovsky-answers-the-essential-questions-what-is-art-the-meaning-of-life.html

4.://andrei-tarkovsky.com/bio.html

5.http://sensesofcinema.com/2002/great-directors/tarkovsky/

6.://www.nytimes.com/1986/12/30/obituaries/andrei-tarkovsky-director-and-soviet-emigre-dies-at-54.html

7.https://www.gwarlingo.com/2013/the-polaroids-of-andrei-tarkovsky-the-mystery-of-everyday-life/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here