Hanna Arendt – “vita activa “

Post date:

Author:

Category:

Hanna Arend və ya Arendt (Hannah Arendt) yəhudi intellektuallarının o nəslinə məxsusdur ki, buraya Markuze, Adorno və Valter Benyamin (Walter Benjamin, 1892-1940) aiddirlər. O, 1906-cı ildə Hannoverdə anadan olmuş və Şərqi Prussiyada Köniqsberqdə (indiki Kalininqradda) boya-başa çatmışdır. 1920-ci illərdə Arend Haydeggerin, Husserlin və Yaspersin rəhbərliyi altında fəlsəfəni öyrənmişdir. On səkkiz yaşlı birinci kurs tələbəsi olarkən, o, bu zamanlar özünün başlıca əsəri olan “Sein und Zeit”ı tamamlayan Haydeggerlə yaxından tanış olmuşdur. Beş il sonra o, Avqustin təlimində məhəbbət anlayışı mövzusunda fəlsəfi dissertasiyanı müdafiə etmişdir. 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra antinasist fəaliyyətinə görə həbs olunmuşdu. Sonradan Parisə getmiş və bir qədər sonra isə, 1940-cı ildə ABŞ-a mühacirət etmişdir. O, 1977-ci ilə ömrünün sonuna qədər burada qalmışdır. Arend XX əsrin məşhur siyasi mütəfəkkirləri sırasına daxildir. Lakin onu hansısa siyasi cərəyana aid etmək çətindir. “Sol” və ya “sağ”, “radikal” və ya “mühafizəkar” kimi işarələr onun fəlsəfəsinin xarakteristikası üçün yaralı deyildir. Arend hər şeydən çox müstəqil mütəfəkkir olmaq istəyirdi, bu və ya digər fəlsəfi “izmin” nümayəndəsi olmaq istəmirdi.

Arend üçün siyasət bizim çox vaxt şahidi olduğumuz kimi hakimiyyətə və zorakılığa, birinin başqaları üzərində nəzarətinə aid edilə bilməz. Parlament hakimiyyəti uğrunda və ya hakimiyyət koridorlarında nüfuza malik olma uğrunda mübarizə də həqiqi mənada siyasət deyildir. Siyasətin mahiyyəti debatlarda, müzakirələrdə və antik yunanların praksis adlandırdıqlarındadır. Arendin məqsədi siyasətin o konsepsiyasının dirçəldilməsindən ibarətdir ki, o, çox vaxt sıxıntılara və unudulmaya məruz qoyulmuş, amma hələ də daimi imkan olaraq özünü tarixdə aşkar etməkdədir. Burada siyasət yunan polisi nümunəsinə uyğun olaraq, ictimai fəaliyyətdə iştirak kimi nəzərdə tutulur. Arend həqiqi ictimai həyatın təzahürünü Amerikan inqilabında (1776), Paris kommunasında (1871), birinci dünya müharibəsindən sonrakı sosialist hərəkatında, macar qiyamında (1956), vətəndaş hüquqları uğrunda amerikan hərəkatında və Parisdə tələbə çıxışlarında (1968) görür. Bütün bu hadisələr üçün ümumi olan o, idi ki, onların buna qədər siyasətdən kənarda qalan və ya siyasi marqinal vəziyyətində olan iştirakçıları öz fərdiliklərini ifadə etməyi bacarmışdılar və siyasi azadlığın yeni ölçüsünü yaratmaqla özlərini spontan olaraq təşkilatlandırmışdılar.

Arendə görə, bu, aktiv həyatın (vita activa) ali formasıdır. O, siyasi partiyalar tərəfindən həyata keçirilən və nəzarət altında saxlanılan siyasətlə az maraqlanır. Parlamentli demokratiya, siyasi “sövdələşmələr” və xüsusi maraqları ifadə edən siyasət də onu həmçinin, az məşğul edirdi. Arendin niyyətini daha yaxşı anlamaq üçün onun başlıca əsərində (“Vita activa” – “Vita activa” ilk dəfə 1958-ci ildə (Chicago) ingilis dilində “The Human Condition” adı altında çapdan çıxmışdır) təsvir olunan üç əsas fəaliyyət formasının analizini qısaca olaraq nəzərdən keçirək: Bu kitabda o, əmək, istehsal və aktivlik arasındakı fərqi işıqlandırır. Əməyin köməyi ilə insan animal laborans (işləyən heyvan) kimi yaranmışdır. İnsan işləyərək, yeməyi və öz mövcudluğunu qoruyub saxlaq üçün zəruri olan qalan hər bir şeyi əldə edir. Yaşamaq xatirinə bu elementar aktivlik özündən sonra heç bir məhsul saxlamır. O, yalnız Knut Hamsunun sözləri ilə deyilsə, “həyatın yaşanmasını” (life is lived) təmin edir. Antik yunanlarda əmək evdə, ev təsərrüfatı, eykos (oikos) sferasında baş vermişdir. Qədim yunan dövründə eykos xalqa çatdırılmaq üçün nəzərdə tutulmayan xüsusi sfera idi. Ailənin başçısı eykosu despotik olaraq idarə edirdi. Yunan sözü olan despotes (despot) sadəcə olaraq, evin sahibi deməkdir. Eykosda zərurət, məcbur etmə və azadlığın yoxluğu üstünlük təşkil edirdi (ev təsərrüfatında kölələrin rolu ilə müqayisə edin). İstehsalın köməyi ilə insan özünü və öz ətrafını dəyişdirən yaradıcı varlıq, homofaber kimi formalaşır.

Arend üçün istehsal yunanların poyezis (poiesis) adlandırdıqlarına, yəni “süni” olanın, insan tərəfindən düzəldilən obyektlər dünyasının yaradılmasına uyğun gəlir. Amma insanı spontan olaraq fəaliyyət göstərmək qabiliyyətindən, dünyaya qabaqcadan bilinməyən prinsipial yeniliyin gətirməsindən daha öncə nə səciyyələndirir?! Bu mənada aktivlik müəyyən əməl sferasını, iştirakı və müzakirəni mümkün edən siyasi “kütləvi meydanı” tələb edir. Sonra demək olar ki, aktivlik sadəcə olaraq, əmək və istehsal olmaqdan daha böyük bir şeydir. Arend üçün aktivliyin modeli polisdə onun bərabərhüquqlu vətəndaşları arasında baş verən praksisdir. Nə üçün əmək, istehsal və aktivlik arasındakı fərq Arend üçün son dərəcə vacibdir? O, belə hesab edir ki, XX yüzilliyin siyasi hərəkatları aktivliyi əməyə və istehsala şamil etməyə səy edirlər. Bu halda siyasət elə şərh olunur ki, o, sanki siyasi ustalığın, texnikanın və ya “sosial mühəndisliyin” bir formasıdır. Nəticədə, aktivlik üçün məkan yox olur. Əmək və istehsal siyasi həyatı özlərinə “tabe edirlər”. Siyasi məsələlər “sosial problemlərə” aparılıb çıxarılır ki, bu da, dramatik nəticələrə gətirilib çıxardılır.

Arendin tənqidi bir çox müasir siyasi hərəkatlara, xüsusən də, nasizmə və stalinizmə qarşı yönəlmişdi. Əməyin, istehsalın və aktivliyin əlaqələri probleminin tədqiqi onun ilk böyük əsərində – “Totalitarizmin mənbələri”də (The Origins of Totalitarianism, 1951) mühüm yer tutur. Arend nasizmə və stalinizmə münasibətdə totalitarizm terminindən ilk dəfə istifadə edənlərdən biri idi. Arendə görə, stalinçi Sovet İttifaqında və hitlerçi Almaniyada yeni olan yeni insanın və tamamilə yeni siyasi nizamın yaradılmasına yönələn meyl idi. Ənənəvi diktaturaların əksinə olaraq, bu rejimlər totalitar ideologiyaya, kütlələrin iri miqyaslı səfərbərliyinə, sistematik olaraq onlarla manipulyasiya etməyə, onların ideoloji emalına və siyasətə münasibətdə ardıcıl texnokratik nöqteyinəzərə əsaslanmışlar. Sənətkarın öz məmulatını formasız xammaldan hazırlamasına oxşar olaraq xarizmintik lider (Fuhrer) də yeni insan və yeni cəmiyyət yaratmaq istəyirdi. İnsan və cəmiyyət – fürerin əlində bir gil parçası idi! Totalitar cəmiyyətlərdə aktivlik istehsala, praksis isə poyezisə şamil edilir. Totalitarizmin düşmənləri əleyhinə mübarizəni eyni texnokratik yönüm səciyyələndirir. Arendin yazdığı kimi, nasistlərin yəhudiləri gülləbaran etməsi (yəhudi probleminin qəti həlli, Endlosung) ənənəvi qarətlərin (pogroms) oxşarı deyildi, təfsilatları ilə planlaşdırılmış və bürokratik olaraq, təşkil edilmiş kütləvi qırğın idi. Adolf Eyxmann (Adolf Eichmann, 1906-1962) əmin idi ki, Almaniyanın “yadellilərdən” təmizlənməsi məsələsi ən effektiv üsulla həll edilmişdir. Stalinçi baxışlara görə, “sinfi düşmənlər” (o cümlədən köhnə bolşevik elita da daxil olmaqla) sinifsiz cəmiyyətin yaradılması xatirinə məhv edilməlidir. Həm bu və həm də digər halda patoloji instrumental-məqsədli təfəkkür (a means-to-an-ends thinking) göz qarşısındadır. Arendi narahat edən odur ki, bütün bunlar necə baş verə bilərdi. Totalitarizmin mənşəyinin onun tərəfindən verilmiş tarixi analizini təfsilatları ilə şərh etmədən onun yalnız bir neçə fundamental hissəsi üzərində dayanaq.

O zaman ki, siyasi liderlər insanı yumşaq mum (və məqsədə nail olma vasitəsi kimi) kimi şərh edirlər, bu, bizə XX əsrdə insani mövcudluğun şəraiti barədə çox şey danışır. Totalitar şəraitdə insan aktivlik göstərmək imkanından məhrumdur, ona görə ki, totalitar rejimlər onun aktivliyini hədə olaraq nəzərdən keçirir və daha asan nəzarət üçün öz vətəndaşlarının davranışında spontanlığın aradan qaldırılmasına nail olurlar. Fərdləri özünə tabe etdirmək və atomlaşdırmaq üçün, bu rejimlər bütün “kütləvi meydanların” bağlanması üçün mümkün olan hər bir şeyi edirlər. Arendə görə, totalitarizmin müqəddim şərtlərindən biri təcrid olunmuş və atomlaşdırılmış fərdin meydana çıxması ilə bağlıdır (liberal cəmiyyətin özünəməxsus əks tərəfi), o fərdin ki, həqiqi aktivlik qabiliyyətinə malik deyildir və hətta onun imkanından belə məhrumdur. Deməli, müasir “kütləvi insan” siyasi diktatorların yeni tipinə uyğun gəlir. Arendin analizində heyrətə salan və dərindən narhat edən odur ki, müasir differensiasiya və rasionalizasiya yeni fərdləri törədir ki, onlar köklərə malik deyillər və identiklikyə sahib deyillər. Onlar özlərini artıq kimi hiss edirlər və buna görə də, onları yeni məqsəd və yeni identikliklə təmin edə bilər liderlərə doğru can atırlar. Totalitarizmin (həmçinin də, posttotalitar cəmiyyətlərin) intellektual müqəddimələrindən bəziləri daha erkən dövrlərə gedib çıxır. Arend bir qədər gözlənilməz tərzdə elmdə və texnikada nəzərdən keçirilən tərəqqi ideyasını totalitar şirniklənmə (temptation) ilə birləşdirməyə səy edir.

Müasirlik (modernity) bütün məhdudiyyətlərdən keçərək özünə yol açır. Müasir insan həmişə irəli getmək istəyir, o, öz mövcudluğunun dəyişməz şəraiti ilə görünür, daha məmnun deyildir. O, heç bir zaman “səyahətdən yorulmur” və ölməzlik axtarır. O, özünün Yerə mənsubiyyətdən xilas olmağa can atır və artıq öz kosmik gələcəyini planlaşdırmağa başlayır. Arend üçün tərəqqi ideyası xudbinliyin bir formasıdır. Bu ideya onu ifadə edir ki, modernizasiya insani mövcudluğun dəyişməz şərtlərinin əleyhinə çıxış edir. Arend güman edirdi ki, bu xudbinliyin tarixi mənşəyini aydınlaşdırmışdır, onun fikrinə görə, onun tarixi Renessansdan, təbiəti tabe etdirmə və təbiət üzərində nəzarət ideyasından başlayır. XX əsrdə bu ideya bütün sferaları silahlandırmışdı. Təbiət, cəmiyyət və insan – bütün hər bir şey nəzarət və manipulyasiya obyekti olmuşdu. Bu nöqteyi-nəzərdən, totalitarizm demokratik və liberal cəmiyyətləri səciyyələndirən mentallığın yalnız bir ifrat versiyasıdır. Müasir texnologiya “fövqəltəbii” imkanlar əldə etmişdir və hər şeyi eyni bir xətkeşlə ölçən, bütün hər bir şeyi əhatə edən təfəkkür üsulunun əsasına çevrilmişdir. Arendin tənqidi yalnız siyasi ideologiyaların əleyhinə yönəlməmişdir. O, həmçinin, müasir fəlsəfənin dəqiq və yerinə düşən analizini işləyib hazırlayır. Habermasa oxşar olaraq, o da, Marksı praksisi əməyə aid etdiyinə görə tənqid edir. Hətta əgər Marks Arendin bir çox qayğılarını bölüşdürsəydi də, onun maraqlarının mərkəzində siyasət deyil, daha çox iqtisadi həyat dayanır. Marks üçün insanın əməklə bağlı olan özgələşməsi azadlıq və özünüreallaşma üçün ən mühüm olardı (nəzər salın, fəsil 21). Sosialist inqilabının başlıca məqsədi də əməyin və istehsalın elə dəyişdirilməsindən ibarətdir ki, insan özünü əmək vasitəsi ilə reallaşdıra bilsin. Gələcəkdə kommunist cəmiyyətdə dövlət “ölüb getməli”, siyasət isə “şeylərin idarə olunması” ilə əvəz edilməlidir. Lakin Marks bütövlükdə praksisə insanın aktivlik şərti kimi münasibətdə təəccüb  doğuracaq bir tərzdə susur. O, bütün etik-siyasi ölçünü əməyə və istehsala aid edir. Görünür ki, bu, həmin o faktın amillərinin biri idi ki, XX yüzilliyin marksizmə əsaslanmış sosialist “eksperimentləri” fəlakətli nəticələrlə tamamlandı.

Oxşar tənqid Haydeggerin ünvanına da irəli sürülə bilər. “Varlıq və zaman” əsərində o, insan qarşısında duran müxtəlif vəzifələri instruktiv formada təsvir edir, amma o da, Marks kimi “vita activa”nı əməyə və istehsala aid edir: məhz onda mərkəzi yer əkinçinin və sənətkarın həyatına məxsusdur. Amma Haydeggerin əli zərbə vurur, tumarlamır. Yer üzərində sənətkarlıqla və kənd əməyi ilə məşğul olma etik-siyasi diskussiyalar üçün heç bir yer saxlamır 468. Beləliklə, Haydegger praksisin fəlsəfəsini (prakseologiyanı) praksis olmadan işləyib hazırlayır. O, eykoloqa çevrilir və ruhunun dərinliklərində apolitik mütəfəkkir olaraq qalır (bax. Fəsil 30). Doğrudur ki, “sonranın” Haydeggeri Arendi maraqlandıran bir çox problemlərlə məşğul olmuşdur. O, texnoloji artımın təhlükələrini aydın bir tərzdə görmüşdür. Lakin bu çağırışa yeganə mümkün cavabın poeziya olması barədə onun tezisi göstərir ki, onda adekvat siyasi anlayışlar yoxdur. Biz qeyd etmişdik ki, Arendin siyasət anlayışı azad və eyni hüquqlu iştirakçılar arasında diskussiyanı nəzərdə tutur. Diskussiyanın məqsədi bizim təsəvvürlərimizin və fikirlərimizin izah olunmasından və yoxlanılmasından ibarətdir. Arend üçün mühüm olan həqiqət və təsəvvür (rəy) arasındakı fərqdir. O, həqiqət (aletheia) və rəy (doxa) arasında məsələn, Platonun sofistlərin əleyhinə mübarizəsində baş verən mübarizəni göstərir. Arend bu konfliktdə demək olar ki, sofistik mövqe tutmadan fəlsəfənin “aletheia”sı əleyhinə siyasətin “doxa”sını müdafiə edir. O, vurğulayır ki, fərdlər özlüyündə rəylərə “malik deyillər”. Onların xüsusi nöqteyi-nəzərləri və ideyaları müxtəlif nöqteyi-nəzərlərin həqiqi çarpışmasının gedişində sınaqdan keçdiyi zaman onlar əsaslandırılmış rəyləri formalaşdırırlar. Belə diskussiyalarda biz öz konsepsiyalarımızı daha yaxşı arqumentlərin işığında yenidən nəzərdən keçirə bilərik. Yalnız belə bir qaydada biz situasiyanı müxtəlif tərəflərdən nəzərdən keçirməyi öyrənə bilərik və onun haqqında reprezentativ rəy formalaşdıra bilərik. Aristotelin ardınca Arend vurğulayır ki, siyasət müdrikliyin xüsusi formasını (fronezis, phronesis), yəni konkret situasiyanın və ya halın qiymətləndirilməsi zamanı həmişə aşkar edilən praktik bəsirəti nəzərdə tutur. Nəzəri idrak deməli ki, heç bir zaman siyasi müdrikliyi əvəz edə bilmir. Baxmayaraq ki, Habermas Arendin etdiyi kimi nəzəri və praktik diskurs arasında kəskin sərhəd qoymur, onların hər ikisi razıdır ki, siyasi diskussiya yalnız sofistik dilətutmalar üçün deyil, rasional arqumentlər üçün də, inam üçün də açıq olmalıdır.

Arendin siyasi fəlsəfəsində heç də hər bir şey yaxşı düşünülmüş və dəqiq deyildir. Demək olar ki, o, yalnız azlığın siyasi olaraq aktiv olduğu elitar nümayəndəli demokratiyanın müasir ifadəçisi kimi çıxış edir. O, müxtəlif siyasi partiyaların oyunları ilə səciyyələnən durğun, süst parlamentli sistemi kəskin bir şəkildə tənqid edir. Arend siyasətin özünəməxsus romantik görüntüsünə malikdir: siyasət vətəndaşların özlərinə şərəf və etiraf axtardıqları və hər bir fərdin özünü reallaşması üçün ünsiyyət meydanı (communicative battleground) olmalıdır. Bu görüntü daha yaxşı bir tərzdə özünüreallaşma demokratiyası (self-realization democracy) olaraq səciyyələndirilə bilər, bu zaman siyasət əsasən estetikləşdirilir və aktivliyin ifadəsinə şamil edilir.

Arend üçün əsl (autentik) siyasət böyük teatr sənətinə bənzəyir. Belə bir nöqteyi-nəzərdən, yalnız “gündəlik siyasət” deyil, həm də siyasi xadimlərin zamanın çatışmazlığı, kompromisslərə getmək, strateji mülahizələri nəzərə almaq və i.a. hallarında qərar qəbul etməyə məcbur olduqları şərait yox olur. Heç də həmişə aydın deyildir ki, Arend siyasətin predmeti və siyasi problemlərin altında nəyi başa düşür. Bir çox kontekstlərdə o, “sosial” və “siyasi” arasında kəskin sərhəd qoyur və sosial məsələlərin siyasətdən ayrılması üzərində təkid edir. “Heç nə… bəşəriyyəti siyasi vasitələrlə yoxsulluqdan azad etmə səyinə nisbətən daha köhnəlmiş, daha mənasız və ya daha təhlükəli hesab edilə bilməz” (red. H. Arendt. On Revolution. – New York, 1963, p. 110..) Burada etiraz etmək olardı ki, yoxsulluğun ləğv edilməsi siyasi həyatda arendsayağı mənada iştirak üçün müqəddimədir, deməli ki, bu ləğv edilmə həmçinin, siyasi məsələdir. Amma Arend üçün nə yoxsulluq, nə də digər sosial problemlər siyasi vasitələrlə həll oluna bilməz. Onlar polisə məxsus olan məsələlər deyildir. Onları ya ev təsərrüfatı sferasında həll etmək ya da nəzərdən keçirmək üçün ekspertlərə vermək lazımdır.

Bu, çox mübahisəli mövqedir. Əgər Arendin ardınca gedilərək, bütün sosial məsələlər siyasətdən kənarlaşdırılsa, onda bunun nəticəsi siyasi həyatı onun mühüm məzmunundan məhrum etmə olacaqdır. Bu zaman diskussiya nə barədə getməlidir? Arend görmür ki, siyasətin nə olduğunu və nə olmadığını siyasi həyatın iştirakçılarının özləri həll etməlidir – siyasi arqumentlərin köməyi ilə. Siyasəti mənalandıran filosoflar onun məzmununu müəyyənləşdirə bilməzlər. Yuxarıda söylənilənlərdən sonra vurğulamaq lazımdır ki, Arendin gücü siyasi proqramın hazırlanmasında deyildir, onun diaqnostik görüntüsündədir.

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....