Heraklit kimdir?

Post date:

Author:

Category:

Heraklitin həyatı

Yunan fəlsəfəsinin ilk dövrlərində bir çox filosoflar heç bir fəlsəfi məktəbə bağlı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərmişdirlər. Onlardan biri də Heraklit (yun. təxminən m. ö. 530 – 470) olmuşdur. O, indiki Türkiyənin ərazisində yerləşən antik dünyanın mədəni mərkəzlərindən biri hesab edilən Efesdə anadan olmuş və orada yaşamışdır. Rəvayətlərə görə o, abid(dini) həyatı yaşamış, “Təbiət haqqında” adlı kitabın müəllifi olmuşdur. Onun yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır.

Onun fəlsəfəsinin əsasında dünyanın dəyişkən olması ideyası dayanır.

Bu barədə Heraklitin “İki dəfə bir axara girmək olmaz”kimi məşhur ifadəsi də vardır. Platon Heraklitin bu ifadəsini “Kratilles”dialoqunda işlətmişdir. Heraklit həm də dialektikanın (Qədim yunanlara görə dialektika-mübahisədə rəqibin sözlərində ziddiyyət taparaq onun ortadan qaldırılması yolu ilə həqiqətin üzə çıxarılmasıdır.) əsasını qoyan filosoflardan biridir. O qeyd edir ki, dünyada hər zaman varlıqlararası mübarizə müşahidə edilməkdədir. Bir varlıq başqasını yox etməyə çalışır və bunu edərkən o özü üçün həyat qazanmış olur. Beləliklə, soyuq-isti, qaranlıq-işıq kimi dualistik anlayışlar bir-biri ilə ziddiyyət və mübarizədədirlər. Bu kimi qarşıdurmaların nəticəsində inkişaf və dəyişikliklər baş verir. Çünki bu ziddiyyətlər olmasaydı dünyada durğunluq müşahidə edilərdi. Eyni zamanda, bu ziddiyyətlər bir-biri ilə vəhdətdədir. Məsələn, qaranlıq olmasaydı işığın, soyuq olmasaydı istinin nə olduğu bilinməzdi.

Heraklit hesab edirdi ki, dünyanın əsasında ilk maddə durur. Onun fikrincə bu maddə oddur.

O, odun şölələnməsində varlığın dəyişkənliyini və formasını dəyişdirdiyini görürdü. Heraklitə görə hər şey oddan yaranır və oda qayıdır. Ona görə bu proses daim təkrarlanmaqdadır. Bu səbəbdən də Heraklit qeyd edirdi ki, əgər bu dünya məhv olarsa odun şölələnməsi nəticəsində başqa dünya yaranar. Odun ən çox cəmləşdiyi yer günəşdir. Araşdırmaçılara görə Heraklitin bu baxışları Zərdüştiliyin təsiri altında formalaşmışdır. Heraklitə görə dünyada olan dəyişkənlik “yuxarı və aşağıya doğru hərəkətdir”. Belə ki, od qatlaşaraq suya, sonra isə bərkiyərək torpağa çevrilir. Bu məhz aşağıya doğru hərəkətdir. Digər tərəfdən yer və sudan buxarlanma baş verir və bu da yuxarıya doğru hərəkətdir. Göründüyü kimi bu fikirlərdə hər şeyin dairəvi hərəkətdə olması və maddələr mübadiləsi ideyaları ortaya çıxır. Buxarlanma “qaranlıq” və “işıqlı” olur. İlin fəsilləri,gündüzün gecə ilə dəyişməsi kimi olaylar bunun nəticəsidir. Gün və yay “işıqlı”, gecə və qış isə “qaranlıq” buxarlanmalardan doğur.

Heraklitə görə dünyanı heç kəs yaratmamışdır. O əbədidir, hər zaman hərəkətdədir. Ancaq onu idarə edən bir prinsip var, bu da “Loqos”dur. Loqos qanunauyğunluq, mütləq qanun, fələk, tale və alın yazısıdır. Hər şey, hətta tanrılar belə ona tabedir.

Heraklitə görə həqiqətin meyarı kütlələrin razılaşdığı fikir ya da ayrı-ayrı adamların rəyi deyil. Həqiqət Loqosdur. Bizim fikirlərimiz onun bir hissəciyidir. Ona görə həqiqət hər kəsdə vardır. Ancaq, köz oddan uzaq düşəndə sönən kimi, fərdi düşüncə də Loqosa yaxınlaşmasa həqiqətdən uzaqlaşır. Həqiqətə çatmaq istəyən hər şeyi başqa şeylərlə və dünya ilə bağlılıqda görməlidir. Şeylərin bir-birindən ayrılıqda təsəvvür edilməsi yanlışlıqdır. Əslində çoxluq yoxdur, yalnız birlik vardır və o müxtəlif formalarda özünü göstərir. Buna görə də, kainatda ümumi qanunauyğunluq vardır. Beləliklə, Loqos həm birlik, həm də qanunauyğunluqdur.

Heraklit hesab edirdi ki, insan dünyanı duyğular və düşüncə ilə qavrayır. Ancaq o, duyğulara etibar etməmiş, yalnız həqiqətin tək bir meyarı kimi düşüncəni tanıyırdı. Onun fikrincə yetkin insan duyğulara etibar etməz, bunu cahil adamlar edirlər. Eyni zamanda, hər bir düşüncə də həqiqəti açmır. Bunu yalnız Loqosa uyğunlaşan düşüncə edə bilir. Beləliklə, insan öz təbiətinə görə ağılsızdır. Yalnız öz üzərində işləməklə, düşünməklə, çevrəni (ətrafı)anlamaqla, bilikləri əldə etməklə ağıl sahibi olur.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

Müəllif: Nisə Quluzadə

Redaktor: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...