Hermetizm: Tarixi Dini-Fəlsəfi Cərəyan

Post date:

Author:

Category:

Hermetizm” sözü Misir tanrısı Tot, yunanların isə Hermes Trismagistus, yəni “Üç Dəfə Böyük Hermes” adlandırdıqları mifoloji fiqurla bağlıdır və ellinizim dövründə tarix səhnəsinə çıxmışdır.

Antik Romada Hermes Merkurius tanrısı ilə eyni sayıldığından ona Ulu Merkurius da deyilir. Neoplatonçuluqdan (yeni-platonçuluqdan) fərqli olsa da, onun yaranmasına təkan vermişdir. Bir çox yeni-platonçu fəlsəfəçilərin astrologiya, mistika, teurgiya (tanrıların rəğbətini qazanaraq, iradəsinə təsir etmə cəhdləri), cadugərliyə meyilləri də Hermetizmdən qaynaqlanırdı. Bəhs etdiyimiz dini-fəlsəfi cərəyanın təlimləri yunan fəlsəfəsi və Qədim Şərqin mifik inanclarının qarışımı və ya sinkretizmindən ibarətdir. Yəni bir-biri ilə iç-içə keçmişdir sanki. Hermetizm yeni-platonçuluqdan başqa tarixdən bildiyimiz orta əsrlər mədəniyyətinə, bir çox mistik inancın yaranmasına da təsir etmişdir.

Onun əsas müddəaları “Korpus Hermetikum” adlı kitabda toplanmışdır. Bu yazılı məcmuə tanrı sayılmış Hermesin dialoqları şəklində yazılmışdır və 16 kitabdan ibarətdir. Korpus Hermetikum e.ə. 2-ci, ya da 3-cü yüzilliklərdə yazılmış və münəccimlik, okkultizm, mistika, və fəlsəfə kimi sahələri əhatə etmişdir. Amma bir çox araşdırmaçılar Korpus Hermetikanın xristianlıqdan sonra təxmini 100-300-cü illər arasında qələmə alındığı fikrini müdafiə edir, çünki antik dönəm yunan yazıçıları və filosofları bu kitab haqqında bildirməmişdilər. Hermetistlər bu yazıların gizli və yalnız yüksək bilik (loqos) sahiblərinə ünvanlandığını hesab edirlər. Onlara görə Tanrı Hermes bu dialoqlarında bütün dünyanın sirlərini açıqlayırmış.

Hermetik yazılar içində Poemandres nisbətən sistemli şəkildə bu dini-fəlsəfi cərəyanın iddialarını açıqladığındandır ki, daha çox seçilir. Orada hər şeyin başlanğıcında “Ata Tanrı” (Əql) olduğu iddia edilir. Hermetistlərə görə Ata Tanrı qaranlıqdan çıxan maddi təbiətdən öncə var olmuşdur, daha sonra Ondan (Ata Tanrıdan) emenasiya, yəni işıqsaçma olmuş, beləcə onun “Söz (Kəlam; Loqos)” adı ilə bilinən oğlu yaranmışdır. Ona görədir ki, hermetistlər Ata və Oğlu bir sayır (burada Xristianlıqla bənzərlik var).

Tanrının sözü gözəl olduğundan hermetizm bütün varlığın ondan yarandığını bildirir. Sonradan varlıq 7-yə bölünmüş, dünyanın “Yeddi Hökmranı” yaradılmışdır. Daha sonra Tanrı Sözü yaradılmış təbiətə vararaq Demiurqosla (Yaradıcı ilə) birləşmiş, bununla da, aşağı qatlarda olan maddi təbiət və heyvanlar yaradılmışdır. Və yer göydən ayrılmışdır (hermetizmin iddiasına görə). Hermetist mənbələrdə ilk insanın yaranması haqqında onun Ata Tanrı tərəfindən özünə bənzər yaradılmasını iddia edilir. İnsanı sevdiyi üçün Ata Tanrı təbiəti onun iradəsinə tabe etmiş, təbiətdəkiləri insanın hökmünə vermişdir. Hermetizm dini mətnləri ilk insanda həm qadın, həm də kişinin birləşdiyini söyləyir. Bunlardan daha 7 qarışıq cinsli (həm qadın, həm kişi – hermafrodit) insanlar ortaya çıxmışdır. Daha sonra qadın və kişi olmaq üzərə iki cinsli insanlar yaranmışdır. (Qeyd: bu bəhsi keçən dinin iddiasıdır, obyektiv reallıq deyil; simvolizm olma ehtimalı da var)

Hermetizm insanın ikili təbiətdə olduğunu deyir: ölməz ruhani və ölümlü cismani təbiəti. Hermetik inancda insanın qurtuluşu ruhanilikdən keçir ki, bu da inanca görə gizli biliklərə (qnosis) sahib olmaqla mümkündür. Bununla, insan Tanrıyla uyğunlaşmalıdır. Qnosisə yiyələnmiş ruh bədənin ölümündən sonra yeddi göy qatından keçməli, orada bütün pisliklərdən qurtulmalı və ilk başlanğıca (Tanrıya) qayıtmalıdır.

Hermetizmin əsaslarından biri odur ki “yuxarıda olanla aşağıda olan eyni şeydir”. Bu sözlər Hermetizmin əsas ideyalarını əks etdirən “Zümrüd lövhə” adlanan kiçik bir yazıdandır. Yəni görünən və görünməyənin arasında belə bir bağlılıq var ki, ona gizli biliyi əldə etmişlər çata bilərlər. Bununla da, hermetizm magiya, münəccimlik, teurgiya və cadugərlik kimi mistik praktikalara yol açmışdır.

Qeyd: Məqalədə Aydın Əlizadənin “Antik Fəlsəfə Tarixi (Bakı 2016)” əsərindən (səh.230-233) yararlanılmışdır.

(http://www.anl.az/el/Kitab/2016/Azf-289695.pdf)

Hazırladı: Subhan Qulu

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....