Homoseksuallıq və Təkamül: Təbiətdə homoseksuallıq

Post date:

Author:

Category:

Homoseksuallıq və Təkamül: Təəssüflər olsun ki , bu mövzu ən çox yanlış anlaşılan mövzudur. Buna görə də əminik ki , bu mövzunu ictimaiyyətlə bölüşdüyümüzə görə yazını oxumadan insanlar bizə müxtəlif mənfi fikirlər yollayacaqlar, ancaq bu məqaləni tərcümə etməyin və cəmiyyətlə bölüşməyin nə qədər önəmli olğunu bilirik və ona görə də məsuliyyətdən qaçmırıq. Məqaləyə keçid etməzdən öncə hazırladığımız bir videonu sizinlə bölüşəcəyik.

Məqalə başlıqları:

1.Bəsit anlayışlar(Sex-Gender-Cinsi Orientasiya-Cinsi Kimlik)

2.Təbiətdə Homoseksuallıq:”Homoseksuallıq xəstəlik və ya anormallıqdırmı?”

3.Təkamül və Homoseksuallıq

4.Homoseksuallıq anadangəlmədir? “Gey genləri” varmı?

5.Homoseksuallığın genetik olduğuna sübut

6. Nəticə

 

Homoseksuallıq, hər hansı bioloji növə aid olan  fərdin özü ilə eyni cinsiyyətdə olan  başqa bir fərdə romantik və ya seksual yaxınlıq hiss etməsi və yaxud da bu iki fərd arasında yaşanan seksual qarşılıqlı münasibət halıdır.

Tarixdə homoseksuallara qarşı bir neçə dəfə çox sərt və amansız kampaniyalar təşkil edilməsinə baxmayaraq, elm və ictimai şüurun nisbətən inkişafı sayəsində bu qarşıdurmalar hələ də bəzi coğrafiyalarda özünü göstərsə də, getdikcə azalır. Bu azalmada elmi təfəkkürümüzün inkişafı, təkamülü çox daha yaxşı başa düşməyimiz, təbiətlə əlaqədar həqiqətləri qavramağımın da birazdan görəcəyiniz kimi çox böyük rolları olmuşdur.

 

Mətn bir qədər gözə böyük görünsə də , oxuyarkən heç sıxılmayacağınızı iddia edirik və sona qədər oxuyub dostlarınızla bölüşməyin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməyinizi istəyirik.

 

 

 

Göy qurşağı rəngindəki bayraq bir çox fərqli hərəkat tərəfindən istifadə olunsa da, 1978-ci ildən bəri bir çox ölkədə “Azadlıq bayrağı” adı ilə homoseksualların rəmzi bayrağı olaraq tanınır. Bayrağın ən üstündəki qırmızı rəng həyatı, narıncı inkişafı, sarı  günəş işığını, yaşıl təbiəti, mavi harmoniyanı, bənövşəyi isə ruhu tərənnüm edir.

Günümüzdə homoseksual münasibətlərə çox rast gəlinir. Bunun detalları ilə yazının davamında tədricən tanış olacağıq. Lakin əvvəlcə bəzi terminlərini açıqlamasını vermək və bununla da mövzunu daha anlaşıqlı etmək istəyirik.  Sözlərin tərcümə zamanı qarşılığının dilimizdəki eyni məna verməyən sözlərlə əvəz edilməsi bir çox  doğru olmayan anlayışlar yaradır. Bunları təmizləmək, mövzunun daha aydın çatdırılması üçün əvvəlcə aşağıdakı anlayışlara baxaq.

Cinsiyyət (Sex)

Əvvəlcə bu sözün  terminologiyada Azərbaycan dilinə “cins” olaraq tərcümə olunduğunu qeyd edək , amma burda qarışıqlıq yaranmasın deyə, Təkamüldən  bu qədər bəhs edərkən ağlımızın Taksonomiyadakı(təsnifat) “cins” – “heyvan cinsləri” anlayışına getməməsi üçün xalq arasında daha çox işlənən “cinsiyyət” anlayışından istifadə edəcəyik. Cinsiyyət, bir canlının anadangəlmə, genetik olaraq qazandığı, nəsil artırma xüsusiyyətlərinin cəmidir. Burada başa düşülməli olan cütləşərək çoxalan bütün bioloji  fərdlərin hər hansı bir cinsiyyəti olduğudur. Cinsiyyət, spermatozoid və yumurta hüceyrənin birləşmə bacarığına sahib olduğu halda və birləşdiyi anda ortaya çıxan ünsürdür. Yəni hər bir insan mütləq bir cinsiyyətlə dünyaya gəlir. Bəzi hallarda bu cinsiyyəti digər cinsiyyət anlayışları ilə qarışdırmamaq üçün “bioloji cinsiyyət” də deyirlər. Qısası, bioloji cinsiyyət bir fərdin genetik əsaslı çoxalma orqanları və onun xüsusiyyətləri ilə təyin olunur.

Bilinən 3 fərqli cinsiyyət mövcuddur: erkək, dişi və hermafrodit. X-Y xromosom sisteminə əsaslanaraq təkamül keçirmiş canlılarda erkəklər XY xromosom kombinasiyası ilə, dişilər isə XX xromosom kombinasiyası ilə doğulurlar. Hermafrodit cinsiyyət isə bu sistemdə bir neçə fərqli şəkildə ortaya çıxa bilər. Hələlik bu mərhələdə empirik(sadə) olaraq həm XY-in, həm də XX-in birlikdə olmasından ortaya çıxdığının bilinməsi kifayətdir. Bir başqa tez-tez qarşılaşılan səbəblərdən biri də Y xromosomu üzərindəki SRY geninin X xromosomu üzərinə keçməsidir. Xülasə, hermafrodit fərdlərdə hər iki çoxalma sistemi bir arada mövcud olur.

Bioloji cinsiyyət xüsusiyyətləri bu cinsiyyətləri yaradan genlərin təsiri ilə formalaşır. Əgər bu genlərdə və ya hormonal sistemdə bir problem yoxdursa, bütün erkəklər penis və xaya (latınca-testis), bütün dişilər isə vagina, yumurtalıq və digər cinsiyyət üzvləri  ilə dünyaya gəlir. Bu xüsusiyyətlərə əsas cinsi xüsusiyyətlər deyilir.

Buna bənzər şəkildə  spermatozoid  və yumurta hüceyrənin gözlənilən kimi problemsiz birləşib, mutasiyaların olmadığı hallarda bütün dişilərdə yeniyetmə çağında sinənin böyüməsi, erkəklərdə isə sinədə və üzdə tüklərin əmələ gəlməsi müşahidə olunur. Bu xüsusiyyətlərə isə ikincili cinsi  xüsusiyyətlər deyilir. Bütün bunlar, dediyimiz kimi spermatozoid  və yumurta hüceyrənin birləşdiyi anda X və Y xromosomlarının kombinasiyalarına görə təyin olunur, fərdin və toplumun düşüncələrindən asılı deyil.

 

Erkək və dişi cinsiyyətlərinin xromosomlarla əlaqəsi.

 

Lakin, bu orqanlar və bu orqanlardan asılı olaraq ifraz olunan hormonlar fərdlərin özlərini necə (erkək və ya dişi kimi) hiss edəcəklərinə tək başına təsir etmir. Hələ də bilinməyən səbəblərdən (təxminən, genetika, hormonlar, epigenetika və psixologiyanın birgə təsiri ilə) bəzi fərdlər cinsiyyətlərinin ümumi xüsusiyyətlərindən (cəmiyyətin normal dediyi şeylər) fərqli şəkildə hiss edirlər. Dolayısı ilə, bir insanın anadangəlmə xüsusiyyəti olan “erkək”lik və ya “dişi”lik, onun cinsi fəaliyyətlərinin necə və hansı cinsi orientasiyaya  yönələcəyini müəyyən etməyə yetmir. Elə homoseksuallıqla bağlı formalaşan  səhv anlayışların kökü bu fərziyyələrdən qaynaqlanır. Anlamalı olduğumuz şey  isə, bir fərdin erkək (və ya dişi) genetik quruluşu ilə dünyaya gəlməsi onun əminliklə dişilərlə (və ya erkəklərlə) cütləşəcəyini deməyə əsasımız olmadığıdır. 

 

 

Bunu başa düşməyin ən asan yolu yuxarıdakı şəkilə diqqət yetirməkdir. Bu şəkildə cinsiyyətə bağlı fiziki xüsusiyyətlərə görə soldakı şəsxin “erkək”, sağdaki şəxsin “dişi” olduğunu fərz edə bilərsiniz (uğurlu estetik və cinsiyyət dəyişimi əməliyyatları nəzərə alınmasa, bu fərziyyəniz təxminən doğru olacaq). Lakin, sadəcə şəkilə baxaraq sağdakı və ya soldakı fərdin hansı cinsiyyətə meyl edəcəyinə bilə bilməzsiniz. Çünki sadəcə cinsiyyətə bağlı fiziki xüsusiyyətlər fərdlərin cinsi meyllərini müəyyən etməyə imkan vermir. Bu anlaşıldıqda homoseksuallıqla bağlı yanlış düşüncələrdən qurtulmuş olacağıq. Cinsi meyllərin nə qədər dəyişkən olduğunu anlamaq üçün bu keçidə daxil olaraq Kinsey Şkalasını incələyə bilərsiniz.

Bəzi hallarda isə spermatozoid və yumurta hüceyrənin birləşməsi nəticəsində cinsi orqanlar tam olaraq formalaşmır və ya hansı cinsiyyətə aid orqanların formalaşdığı anlaşılan olmur. Bu cür göstəriciləri olan insanları interseks qrupuna aid edirlər. Keçmişdəkindən fərqli olaraq günümüzdə bu insanlar da LGBT populyasiyası kimi sıradan bir variasiya (müxtəliflik) olaraq dərk edilirlər. Belə ki, əvvəllər cinsi orqanların bu qeyri-müəyyən və ya qarışıq inkişafına “atipik (tipik olmayan) genital bölgə” deyilirdisə, günümüzdə “qeyri-müəyyən genital bölgə” deyilir. Eynilə bu vəziyyət əvvəllər “doğuş xətası” olaraq təsnif edilirdisə, günümüzdə isə “doğuş variasiyası- müxtəlifliyi” olaraq dəyərləndirilir. Hər nə qədər bizim verdiyimiz adlar təbiətin bütün genetik variasiyalarından asılı olmasa da, bu yeni anlayışlar çox daha önyarğısız və çox daha izah edicidir.

İndi isə cəmiyyətin cinsiyyət anlayışından doğan başqa bir anlayışı incələyək və yuxarıdakı açıqlamaları aydınlaşdıraq.

Cəmiyyətdəki cinsiyyət (gender)

Ümumi mənada cəmiyyətdəki cinsiyyət cinsiyyətlərə cəmiyyət tərəfindən yüklənən fiziki, bioloji, zehni və davranış xüsusiyyətlərinin cəmidir. Cinsiyyət bütün cütləşərək çoxalan canlılarda rast gəlinən bir anlayış olduğu halda, insan populyasiyalarında  “cinsiyyətə xas davranış”(qız kimi ol və ya kişi kimi ol)   və ya “cəmiyyətdəki cinsiyyət” anlayışlarına da rast gəlinir. Bu anlayışlara bəzi iri beyinli primatlarda da rast gəlindiyi deyilir.

Bu anlayış insan növünün bioloji təkamülü nəticəsində ortaya çıxan mədəni təkamülünün bir məhsuludur. Təkamül müddətində əldə etdiyimiz rolların indiki vaxtda da etibarlı olduğu fikrinə əsaslanır.

Asan başa düşülsün deyə tərifi daha sadə olaraq kişilik (masculin) və qadınlıq (feminine) kimi verə bilərik. Bəzi fiziki xüsusiyyətlər, hərəkətlər, davranışlar cəmiyyət tərəfindən “kişiyə xas” kimi görünərkən, bəziləri isə eyni cəmiyyət tərəfindən “qadına xas” olaraq başa düşülür. Bu yanaşmaların birbaşa bioloji  əsası yoxdur. Üstəlik bu ayrıseçkilik, mədəniyyətdən-mədəniyyətə dəyişə bildiyi kimi eyni mədəniyyət içərisində fərqli zaman dilimlərində fərqli təriflər qazana bilir.

 

Şəkildəki kişi cəmiyyətimiz tərəfindən feminine (qadına xas) olaraq görülür. Gözlə görünən özəlliklərinə görə (saqqal , qolunun tükü , qaş forması və s.) biz onun kişi olduğunu bilirik , ancaq əlində güzgü tutmağı , baxımlı olmağı cəmiyyətin gözündə onu “feminine” edir . Lakin nə cinsi özəllikləri , nə də cəmiyyətdəki cinsiyyət anlayışa görə biz bu insanın cinsi orientasiyasını bilə bilmərik. Feminine birinin hetero olması da, olmaması da , mümkündür. Ona görə də görünüşə görə orientasiya təyin etmək cahillikdir.

Ən tipik nümunə kimi kişilərə uşaqkən “mavi” rəngin yaraşdırılması , “çəhrayı” rəngin isə qızlar üçün istifadə edilməsidir. Əgər bir kişi çəhrayı geyinirsə, “qadın kimi” olaraq damğalanır. Oxşar şəkildə kiçik bir kişi körpəsinin Barbie ilə oynaması, gender daxilində “anormal” hal kimi hesab ediləcək. Halbuki bu “normalar” vasitəsilə “anormal” olan şeyin obyektiv təyin olunması qeyri-mümkündür. Ancaq bizim kimi cəmiyyət halında  yaşayan insanlarda, bu anlayışlar fərdlərin həyatlarına müdaxilə edilməsini “qanuni” edir, heç bir elmi əsası olmayan düşüncələrlə  anlayışlar yaradılır və ixtiyari qadağalar  qoyulur.

 

 

Yuxarıdakı nümunədə etdiyimiz kimi bu nümunəyə baxıb cinsi əlamətlərinə(hamar dərisi , qaş forması,dodaq qıvrımları və s.) görə qadın deyə bilərik. Ancaq cəmiyyətin gözündə sinəsini qabartmayan paltarı,taxdığı boyunbağı,saç stili bu şəxs “kişi kimi” görünür. Ona görə unutmaq olmaz ki , nə cinsi əlamətlər , nə də cəmiyyətdəki cinsiyyət ayrımı şəxsin orientasiyasını müəyyən edə bilməz.

 

Yuxarıda qeyd etdiyimiz iki şəkilin bizə cinsi orientasiya ilə əlaqədar məlumat verməməsini gördük. Buna görə də tək bir fərdin müxtəlif şəkillərdə fərqli görünməsini göstərə bilərik. Bu daha anlaşılan olar.

 

Məsələn yuxarıdakı ilk iki fotoşəkildə, Brad Pitt “qadına xas”(feminine) olaraq dəyərləndirilsə də , altdakı iki fotoşəkildə çox daha “kişi kimi ” (masculin) olaraq qiymətləndirilə bilər. Dörd fotoşəkildə də, fərdin kişi olduğundan hardasa qətiyyətlə əmin ola bilərik. Ancaq altdakı fotoşəkillərdə bu cinsiyyətə aid əsas xüsusiyyətlər daha çox vurğulandığından cəmiyyətdə “normal” kimi bir hiss yaranır. Yəni geyim tərzindən, saç quruluşuna, saqqal stilinə və daha bir çox vizual məlumata əsaslanaraq cəmiyyət bir fərdin cinsi orientasiyasını “təyin edir”. Əgər “kişiyə xas” olan və bir kişidə “olması lazım olan” xüsusiyyətlər daha az vurğulanırsa və ya əks cinsə aid olaraq görülən xüsusiyyətlər daha çox ortaya çıxarılırsa, bu vəziyyətdə “anormal” kimi bir hiss meydana gəlir. Halbuki bunlar cəmiyyətin zaman içərisində müəyyən etdiyi və obyektiv əsası olmayan fərziyyələrdən çıxarılan anlayışlardır. Buna görə də cəmiyyətin əlində fərdlərin cinsi orientasiyasını mühakimə edə biləcək etibarlı bir meyarı yoxdur. İnsan hüquqlarını önəmsəyirsinizsə , mühakimə etdiyiniz meyarların qeyri-insani olduğunu görməlisiniz.

Bəs bu bəhs etdiyimiz “cinsi orientasiya” nədir?

İndi bir az bu məsələyə toxunaq:

 

Cinsi orientasiya(Sexual Orientation)

Cinsi orientasiya ən geniş tərifiylə bir fərdin (əgər fizioloji olaraq hiss edirsə) hər hansı bir cinsə romantik və ya cinsi maraq hiss etməsidir. Eyni zamanda heç bir cinsiyyətə maraq hissinin olmaması da (aseksuallıq) cinsi orientasiyalara aiddir. Buna görə də cinsi orientasiyaya dörd kateqoriyadan nəzər yetirmək olar: eyni cinsiyyətə maraq duymaq (homoseksuallıq), əks cinsiyyətə maraq duymaq (heteroseksuallıq), iki cinsiyyətə də maraq duymaq (biseksuallıq), heç bir cinsiyyətə maraq duymamaq (aseksuallıq).

 

 

Eyni cinsdən iki insanın bir-birinə maraq duymasına homoseksuallıq deyilir. Ümumiyyətlə, homoseksual olmayan fərdlər, qarşı cinslə olan homoseksual əlaqələri “daha normal” hesab edir ,amma öz cinsindən olan homoseksual əlaqəni “anormal”, “gərəksiz”, “yersiz” kimi dəyərləndirirlər . Yəni kişilər üçün lezbiyanlıq adətən “qulağa xoş” gəlirsə, (və kişi homoseksuallar “anormal” hesab edilərkən ), qadınlar da homoseksual kişiləri lezbiyanlara nisbətən daha məntiqli və cazibədar hesab edirlər. Bunun səbəbi, bu düşüncələrin və hisslərin yalnız ictimai fikirlərlə deyil , həmçinin hormonlar və beyindəki sinir fəaliyyətinin təsiriylə də təyin edilməsidir. Hetero bir kişi, dərhal hər mühitdə potensial çoxalma mənbəyi olaraq dişilərə yönələcək və lezbiyan olmağı onun üçün bir maneə olmayacaqdır. Lakin kişilərdəki homoseksual əlaqə, çoxu heteroseksual kişinin uzaq duracağı bir vəziyyətdir; çünki hormonal fəaliyyəti bu cür təzahür edir. Ancaq bunun, homoseksual üçün də belə olduğu başa düşülməlidir: homoseksual bir kişi üçün qadınlarla cinsi əlaqədə olmaq “anormal”lıq olacaqdır. Bunun səbəbi ictimai qınaqdan çox, cinsi orientasiyanı törədən hormonal fəaliyyətlərdir. Buna görə də fərdlərin cinsi orientasiyasını və bundan yaranan hiss, istək və arzularını seçmə şansları yoxdur. Bu orientasiya, yəqin ki, çox erkən yaşlarda bir dəfə təyin olunduqdan sonra sabitləşir və dəyişmir, dəyişdirilmir və artıq müasir elm çağında dəyişdirilməsinə(müalicəsinə ) olan cəhd isə vəhşilik hesab edilir.

 

Daha sonralar aparılan araşdırmalar, bir çox  tərifi da öz bərabərində gətirmişdir. Məsələn, bütün cinsi orientasiyalara maraq duyma (panseksuallıq) və ya orientasiyaların içindən  spesifik olaraq bir neçəsinə maraq duyma (poliseksuallıq) da bu kateqoriyalar içərisində dəyərləndirilirlər.

 

Hər nə qədər insanlar bioloji olaraq bir cinsiyyətə və o cinsiyyətə “tərəfdar” olaraq yaranan bəzi gender anlayışları ilə dolu bir cəmiyyətin içində doğulsalar da, fərdlərdə  həmişə bu anlayışlara uyğun cinsi orientasiyalar inkişaf etmədiyi görürük. Bax cəmiyyətdəki yanlış “homoseksuallıq” anlayışının başladığı nöqtə kimi bunu göstərə bilərik. Yəni hər nə qədər bir fərd kişi olaraq (XY xromosomları ilə) doğulsa və bu doğum səbəbiylə, bioloji və ictimai olaraq dişilərə meyl etməsi gözlənilsə də, saysız-hesabsız növdə gördüyümüz kimi  bu cür meylin olmasına məcbur deyil. Daha doğrusu , hər kişi kimi doğulan fərd dişilərə, hər qadın kimi doğulan fərd erkəklərə yönəlmək məcburiyyətində deyil.

Burada başa düşülməsi lazım olan çox əhəmiyyətli bir nöqtəyə toxunmaq istəyirik; çünki bunun aydın olmaması, homoseksualların səhv mühakimə olunmasına səbəb olur: fərdlər homoseksual olmağı özləri seçmirlər.  Çünki heç bir fərd cinsi meylini seçə bilməz. Homoseksual olmayan fərdlər necə ki qarşı cinsə maraq göstərməyi istəyərək etmirlərsə, homoseksuallar da öz cinslərinə maraq göstərməyi istəyərək etmirlər.

Bu əhəmiyyətli nöqtəylə əlaqədar çox sayda araşdırma aparılır.

Demək olar ki, hamısı oxşar nəticələni əldə edib: cinsi orientasiya hələ konkret olaraq bilinməyən səbəblərin təsiri altında, çox kiçik yaşda formalaşır və sonrasında (çox nadir hallar istisna olmaqla) dəyişmir. Bu vəziyyətdə bu kəslərin cəmiyyət tərəfindən  olduqları kimi qəbul edilməsi ən müasir və ağıllı olan qərar olacaq. Çünki əksi üçün heç bir əsasımız yoxdur və bunu etmək cahillikdir!

Cinsi Kimlik (Gender Identity)

Bütün bu təriflərdən aydın olduğu  kimi cinsiyyətlər və bunların cəmiyyət tərəfindən qavranılması sadə  XX və XY cinsi xromosomunun kombinasiyasına  əsaslanmır. Cinsi şəxsiyyət anlayışı şəxsin orientasiyasını müəyyən etdiyinə görə yaranır. Yəni bir fərdin  genlərindən və ya cəmiyyət tərəfindən yaradılan anlayışlardan azad  olaraq öz iradəsilə  özünün hansı ictimai cinsiyyət qəlibinə uyğun gəldiyini müəyyən etməsidir. Mürtəce cəmiyyətlərdə bu cür yanaşmalar “şeytani” olaraq görülsə də, günümüzün müasir cəmiyyətlərində və müasir düşüncə işığında bir fərdin cinsi şəxsiyyətinin tamamilə özünə aid olması məntiqli və insan cəmiyyətinin çatdığı mədəniyyət səviyyəsinə uyğundur. Əgər bir fərdin cinsi şəxsiyyəti onun bioloji cinsiyyəti ilə eyni olmasa, bu kəslərə transseksual (transgender) adı verilir. Hər nə qədər cəmiyyət daxilində bu söz “əməliyyat ilə cinsiyyət dəyişdirmə” mənasını versə də, terminologiya baxımından mütləq əməliyyatla cinsiyyət dəyişməsi lazım olmamaqdadır. Transeksuallıq fərdin cinsi əlamətlərindən uzaqlaşmasını göstərən bir anlayışdır;bu  səbəbindən transeksual  fərd yuxarıda saydığımız hər hansı bir cinsi orientiasiyaya sahib ola bilər.

Buraya qədər bir çox anlayışdan bəhs etdik, ancaq bu mövzuları araşdıran  elm sahəsi  seksologiyanın (Sexology) mövzularına azacıq toxunmuş olduq . Ancaq bu anlayışların mətnin digər bölmələrilə birlikdə kafi olacağını düşünürük. Lakin bilməlidir ki, cinsiyyət anlayışı psixoloji, sosioloji, təkamül, antropoloji, və s. elmlərin araşdırma mövzusu olaraq buraya sığışdıra bilmədiyimiz onlarla kitabda geniş analiz edilib  və yalnız bir neçə sətirdə bunların tamamilə dərk olunması mümkün deyil. Üstəlik, bu təriflərin çoxu, davamlı olaraq gələn yeni məlumatlar işığında dəyişməkdə, elm ictimaiyyəti içərisində yeni müzakirələrə səbəb olmaqda davam edir. Buna görə bu verdiyimiz anlayışlarla bağlı çox da konkret şərh vermək mümkün deyil. Biz bu yazıda sizlərə bacardığımız qədər rahat anlaşılan  xülasə verib,  bəzi nəzəri səhvləri düzəldib, daha ətraflı araşdırmaları tərcümə etmək və ya hazırlamaq  üçün könüllü olmağı hədəfləmişik . Ümid edirik ki , uğurlu olarıq.

Təbiətdə homoseksuallıq:”Homoseksuallıq xəstəlik və ya anormallıqdırmı? “

Günümüzdə quşlardan insanlara, kərtənkələlərdən böcəklərə , bizonlardan pinqvinlərə qədər yüzlərlə fərqli növdə homoseksual əlaqə müəyyən edilmişdir. Bu səbəbdən homoseksuallıq tamamilə normal qarşılanmalıdır. Çünki bu fakt sadəcə barmaqla sayılacaq qədər deyil, təbiətdə 500 -1500  növ canlıda olduğu müəyyən edilib. Ən azı 350 fərqli növdə homoseksuallığın konkret  müəyyənləşdirildiyi bilinir. Günümüzdə hələ də homoseksuallığın genetik səbəblərinin açıqlaması tapılmış deyil, amma araşdırmalar davam edir.

Homoseksual erkək aslanlar

 

Bu zaman yaranan ilk etirazlardan biri, təbiətdə bu faktın olmasının insan həyatında da təbiii hesab edilməsinə məcburiyyətin olmadığıdır. Bəli, bu doğrudur. Məsələn, təbiətdə adam yemə hallarının(cannibalism)  olması günümüzdəki cəmiyyətdə də adamyeyənliyin doğru qarşılanmalı olduğu  mənasına gəlmir. Homoseksuallığı bu cür qulağa xoş gəlməyən anlayışlarla bir tutmaq söz oyunundan başqa bir şey deyildir. Çünki homoseksuallıq adam yeməyə  və ya buna bənəyən digər vəhşi davranışların əksinə cəmiyyət içərisindəki digər şəxslərə heç bir zərər vermədiyi kimi digər şəxslərin istəkləri xaricində bir şeyi onlara zorla etdirmirlər. Yəni iki şəxs arasında  baş verən şəxsi münasibətdir. Üstəlik homoseksuallığın xəstəlik hesab olunması üçün bioloji əsası olan  hər hansı bir səbəb də yoxdur. Homoseksuallıq sadəcə günümüzdə bir qisim canlıda müşahidə edilən  “anormallıq” sayılmamalıdır. Tamamilə əksinə,  təkamülün(təbii seçmənin) letal(öldürücü) və sərt “testinə” qarşı milyonlarla il mübarizə aparmış, bu səbəbdən də təbiiləşmiş davranışdır. Buna görə də sadəcə şəxsi inanclar və düşüncələr çərçivəsində, sırf öyrəşilmədiyi üçün bir cinsi orientasiyanı “anormal” saymaq və buna qarşı təbliğat aparmaq ən yumşaq dildə desək insanlıqdan kənardır. Bu zəif iddialardan uzaqlaşmaq və elmi cəhətdən anlamağa çalışmaq lazımdır.

Köhnə ədəbiyyatlarda “inappropriate animal behavior” , yəni “uyğunsuz heyvan davranışları” ifadəsi ilə rastlaşanlar çox yanlış nəticəyə varırlar. Hər nə qədər keçmişin qəlibləri olsa da , bu ifadədəki uyğunsuz (xəstə və ya anormal deyil!) ifadəsi homoseksuallığın növün çoxalmasına fayda vermədiyi üçün işlədilib. Çünki təkamül cəhətdən uyğun olan növün çoxalmasını və həyətda qalmasını təmin edən şeydir. Ancaq bizim də mətndə qeyd etdiyimiz kimi homoseksuallıq heç də uyğunsuzluq deyil və homoseksuallıqla bağlı bu ifadə keçmiş təsnifatlarda qalıb.

 

 

Məsələn, Yapon makakaların dişiləri cütləşmək üçün əsasən dişiləri seçərlər və təbii olaraq bunu bacarmırlar. Bu səbəbdən seçimləri nə qədər dişilər olsa da, erkəklərdən törəyirlər, qısaca, biseksualdırlar(iki cinsə qarşı da maraqları olan heyvanlar).

 

Homoseksuallıq elmi cəhətdən nə anormallıq, nə də xəstəlikdir. Xəstəliklərin nə olduqları ilə əlaqəli daha ətraflı bir məqalə də hazırlayacağıq; ancaq bunun ən bəsit halda “xəstəlik” və ya “anormallıq” olaraq adlandırılması üçün bu ünsürün bir fərdin ölümünə səbəb olması və ya fərdin həyat standartlarında fiziki, bioloji və ya psixoloji pisləşməyə səbəb olmalıdır. Homoseksuallıq bunların heç birinə səbəb deyildir (heteroseksuallığın olmadığı kimi). Bu mövzuda tək mümkün etiraz homoseksuallığın çoxalma şansını  sıfıra endirdiyi və buna görə də  təkamüldə  faydasız olduğudur. Halbuki, bu etiraz da yanlışdır. Mətndə dəfələrlə qeyd etdiyimiz və edəcəyimiz kimi homoseksuallıq çoxalmağa tamamilə əngəl ola bilməz. Üstəlik daha öncə dediyimiz kimi təkamülün bütün seçmə mexanizmlərinə və öldürücü testlərinə baxmayaraq günümüzə qədər gəlib çıxmağı bacarmışdır.

Homoseksuallıq tamamilə təbii və dediyimiz kimi təbiətdə bol görünən haldır. Əslində, homoseksuallığın “xəstəlik” olduğu iddiası bəşər  tarixində başqa xüsusiyyətlərə sahib insanlar üçün də dilə gətirilmişdir: qara dərililər, karliklər(alçaqboylular), nəhənglər(giqantlar)  və digər insanlar üçün. Günümüzdə bu faşist yanaşmanı və kənarlaşdırmanı bütün Dünya olaraq şiddətlə qınayırıq. Homoseksuallar da günümüzün “cadugərlər”(1480-1750 illər arasında avropada onminlərlə insan cadugərlikdə günahlandırılıb öldürüldü , bunların çoxu qadın idi)  mövqeyində olan insanlardır və bu səhv  gec-tez anlaşılacaq. Ümumdünya Sağlamlıq Təşkilatı (WHO – ÜST) homoseksuallığı 70-ci illərdə xəstəlik və psixi narahatlıq çərçivəsindən çıxartdı. ÜST-ün qərarından bir qədər sonra Amerika Psixiatrlar Asossiasiyası( APA)  da homoseksuallığın bir seçim olmadığını, təbii olduğunu və dəyişdirilə bilməyəcəyini açıq və konkret bir şəkildə bildirdi. APA həmçinin homoseksual fərdlərin müalicə edilməyə çalışmağın onların sağlamlığına təhlükəli olduğunu qeyd etdi.

Elm adamlarının bu mövzu ilə bağlı qərarları heç bir müzakirəyə qapı açmayacaq qədər aydındır: “Homoseksuallıq bir xəstəlik deyil, buna görə də müalicəsi ola bilməz”.
Psixoloq Mahmud Şefik Nil bunları deyir:
“1940-cı illərdə dünyada müalicə yolunda çox səy göstərildi. Homoseksuallar ‘əskik kişi’ olaraq qiymətləndirilib kişilik hormonları verilərək normallaşdırılmağa çalışıldı. Eynilə, bədəndəki mineral əskikliyini tamamlamaq kimi. Amma artıq homoseksuallığın bir xəstəlik olmadığı və bununla əlaqədar olaraq müalicəsinin olmadığı yavaş-yavaş anlaşılmağa başlanıb.”
Homoseksuallıq bir xəstəlik, ya da dəyişdirilə biləcək bir xüsusiyyət olmadığı üçün bu istiqamətdə ediləcək və edilmiş bütün sınaqlar gerçək problemləri və xəstəlikləri yaradacaq xüsusiyyətdə olacaqdır. Günümüzdə məcburiyyətlə bir erkəyin bir dişiyə maraq hiss etməsinə əngəl ola bilmədiyimiz kimi, bir homoseksual kişinin  bir başqa kişiyə duyduğu maraq hissinə qadağa qoya bilmərik. Çünki  qadağa qoya bilməyimiz üçün elmi və  faktoloji əsası olan bir səbəb yoxdur.
 Homoseksuallıq və Təkamül

Belə bir sual ortaya çıxır: “Əgər ki homoseksual əlaqədə uşaq doğulmursa, təkamül prosesində homoseksuallar və ya buna meyilli olanlar niyə aradan qalxmayıblar?”

Beləliklə, üzərində durulması gərəkən əsas nöqtə homoseksuallığın təkamül baxımından faydalı olub-olmaması, faydalıdırsa niyə faydalı olduğu, deyildirsə niyə canlılar arasında bu qədər geniş şəkildə rast gəlindiyidir . İndi isə bununla bağlı araşdırlamara baxaq:

Bu məsələdə ilk olaraq vəhşi təbiətdən ayrı düşmüş insanlara baxmaq lazımdır: insan təbiətinə uyğun olaraq qurulan sosial əlaqələrlə bağlı araşdırmalar göstərmişdir ki, homoseksual əlaqələrin tolerantlıqla qarşılandığı toplumlarda homoseksual cütlər lazım gəldiyində uşaq sahibi olmaq üçün qarşı cinslərlə cinsi əlaqəyə girirlər. Üstəlik, uşaq sahibi olmanın tək yolu bioloji çoxalma deyildir. Təbiətdə də çox tez-tez görülən “övladlığa götürmə” təkamül baxımından homoseksuallığın davamı üçün bir üsuldur. Çünki övladlığa götürmə zamanı fərdlərin cinsi yoldaş tapmaq üçün əlavə güc sərf etmələrinə gərək qalmaz və bütün diqqətlərini övladlığa götürdükləri uşağa yönəldərlər. Əgər təkamül cəhətdən adaptasiya qabiliyyəti yüksək olan fərdi  övladlığa götürsələr, vəhşi təbiətdə bu böyük bir avantaj doğurar və homoseksualların bu sayədə təkamül baxımından uğur qazanılmasında rolları olmuş olar. Üstəlik əgər insandan danışırıqsa, bu günümüz baxımından düşüyündüyümüzdə, süni mayalandırma kimi üsulların varlığı bu məsələni həll edir. Əlbəttə, bunlar yeni texnoloji inkişafın nəticələri olduğu üçün, homoseksuallığın təkamül müddətində necə varlığını qoruya bilməsi sualına cavab deyil. Sadəcə müasir üsulları xatırlatmaq istədik.

Niyə Təkamül Mexanizmləri homoseksuallığı təkamül müddətində sıradan çıxarmamışdır?

Bununla bağlı bir çox fikirlər irəli sürülmüşdür. Bunlardan biri homoseksuallığın cinsi uğuru dolayı  olsa da, artırdığı fikridir ki , bu da  diqqət toplayan  bir iddiadır. Bu iddiaya görə, eyni cinsə maraq duyan fərdlər iyerarxik sıralamada asanlıqla üst pillələrə çıxaraq qarşı cinsə çatma şansını artırırlar. Bu iddiaları düşünərkən yalnızca insanları deyil, digər heyvanları da nəzərə almaq lazımdır.

Məsələn, qağayıların bir növündə görülən homoseksuallıq fərdlər arasında qəribə bir əlaqəni göstərir. Dişi qağayılar erkəklərin yetərsizliyi vəya sayca azlığına görə onlarla cütləşərək balalar əmələ gətirir, ancaq bu balalara münasibətdə olduğu digər bir dişi ilə ortaq olaraq baxırlar. Bu müddətdə onlar arasında cinsi əlaqə bənzəri davranışlara da rast gəlinir. Yəni, erkək sadəcə bir çoxalma vasitəsi olaraq görülür, həqiqi partnyor olaraq isə eyni cinsin nümayəndələri (bu qağayı növündə dişilər) görülür. Yuxarıda qeyd etdiyimiz kimi , bu quşlar dişidir , cəmiyyətin cinsiyyət anlayışına görə erkəklərlə cütləşməlidir , ancaq cinsi meyl olaraq lezbiyandır .

Yuxarıda qeyd etdiyimiz kimi, homoseksual fərdlərin digər fərdlərin övladlarını götürməsi digər cəhətlərdən də təkamül müvəffəqiyyətinin gücləndirilməsinə təsir göstərə bilər. Məsələn, valideyni olmayan fərdlər adətən adaptasiya xüsusiyyəti yüksək olsa da, gen köçü  zamanı asanlıqla çıxdaş ola bilər. Beləliklə,populyasiyalardakı bu fərdlərin  “elit” fərdlər (“elit” termini biologiyada təkamüllə bağlı mövzularda “adaptasiya xüsusiyyəti ən yüksək fərd” deməkdir) olması onları məhvdən qorumaz . Ancaq populyasiya içərisində homoseksual cütlərin varlığı bu fərdlərin övladlığa götürülməsini və həyatda qalmasını təmin edə bilər. Bunun nə qədər sıxlıqla baş verməsi müzakirəlidir.

Bir digər fikir isə, fərdləri dəstəkləmək yerinə qrupları və qrup həyatını dəstəkləməsini əsas götürür.

Məsələn, heyvanlar aləmindəki  ən yaxın qohumlarımızdan  olan bonobo meymunlarında homoseksuallıq ictimai əlaqələri gücləndirmək üçün istifadə edilən bir vasitədir. Samoada edilən bir araşdırmaya görə  homoseksual kişilər qohumu olan körpələrin baxımına daha çox vaxt ayırır və qayğısına qalır. Bu da təkamül biologiyası baxımından olduqca əhəmiyyətli bir anlayış olan təbiətdə nepotizm – “qohum seçimi” (kin selection) ilə açıqlanır. Homoseksuallıq təkamül mexanizmləri tərəfindən dəstəklənmək üçün birbaşa fərdin adaptasiyasını artırmaq məcburiyyətində deyil. Qohumların və ya qrupun müvəffəqiyyətini artırması da kafidir.

 

Homoseksual bonobo meymunları. Homoseksual seks, yəni “çoxalma məqsədli olmayan cinsi fəaliyyət” bonobolarda çox tez-tez rast gəlinir. Bu növ seks, populyasiya içərisindəki gərginliyi azaltmaq və stress atmaq üçün edilir.

İnsanın yaşayan ən yaxın qohumu olan bonobolarda yalnız kişilər arası deyil, dişilər arası homoseksual əlaqə də çox məşhurdur.

Buradan da lezbiyan bonobolarla bağlı videonu izləyə bilərsiniz.

 

Bir digər hipotez homoseksuallığın neytral xarakterli olmasıdır; yəni homoseksuallıq nə üstünlük, nə də zərər verir (və ya üstünlükləri ilə mənfi cəhətləri bir-birinə təxminən bərabərdir). Makaka meymunlarında edilən araşdırmada homoseksuallığın yalnız zövq məqsədli istifadə edildiyi aşkar edilib . Yəni Təbii Seçməyə bir təsiri olmadığı üçün çıxdaş olması  üçün də bir səbəb yoxdur; təbii ki, zamanla çıxdaş ola  və ya geniş vüsət ala bilər. Bunu “az qala neytral xüsusiyyətlər” baxımından , genetik köç səviyyəsində araşdırmaq mümkündür. Təbiətdə bir çox xüsusiyyət, əslində birbaşa heç bir üstünlük və ya zərəri olmamasına baxmayaraq, köç edərək  populyasiya içərisində sabit qala bilir.

Dovşanlarda da homoseksuallıq rast gəlinir

Xoruzlarda da homseksual münasibətlərə rast gəlinir

 

Homoseksuallıq da belə bir müxtəliflik qaynağı ola bilər və ya digər fərziyyələrin irəli sürdüyü versiyalarda kiçik bir üstünlük belə versə, çox qısa bir müddət içərisində populyasiya içərisində müəyyən bir gen tezliyində özünə yer edə bilər.

İrəli sürülən bir digər fərziyyə, bəzi dişilərin, homoseksual meyilli erkəkləri seçməsi nəticəsində Cinsi seçmə yolu ilə, çoxalma mövzusunda mənfi təsirləri olsa da, dişi seçimi səbəbindən homoseksuallığın qorunmasıdır. Bu fərziyyə əsasını tovuz quşlarından alır: Erkək tovuz quşlarının böyük və dəbdəbəli quyruğu onları asanca ov edir; ancaq dişilər, bu kişiləri seçir. Burada, Təbii seçmə ilə Cinsi seçmə arasında tərs mütənasiblik qurulur. Homoseksuallıq üçün də bu tip bir şərh irəli sürülmüşdür.

Bir ço xhəşəratlarda da homoseksuallığa təsadüf olunur

Biz bu şərhlərdən birini mütləq doğru kimi qəbul etməkdənsə, birləşdirmə edərək hər canlı üçün homoseksuallığın varlığının səbəblərinin fərqli ola biləcəyini düşünürük. Bu fərziyyələrin hər biri müxtəlif növlər üzərində edilən araşdırmalarla təsdiqlənmişdir, ancaq kifayət qədər əhatə edici olmayan şərhlərdir. Zamanla bu yanaşmaların inkişaf etdirilərək, genetik və psixoloji sahələrdə edilən kəşflər və təkamül biologiyanın açıqlayıcı gücü sayəsində, mövzunun dəqiq olaraq aydınlaşacağını, əhatə edici və açıqlayıcı bir ümumi nəzəriyyənin irəli sürülə biləcəyini düşünürük.

Homoseksuallığın genetik kökləri: ”Gey genləri varmı?” və “Bu cür doğulurlar? ” sualına cavab 

Homoseksual kişilərin  ortaq bir “gey geninə” sahib olduqları iddiası 1990-cı illərdə insanlar arasında fikir çaşqınlığına səbəb oldu .Çünki homoseksual insanların anadangəlmə təbiətlərinə görə belə olduğu fikri o dövrə qədər homoseksualların “azğın” olduqlarına görə “o cür “ olduqları fikrinə  zidd idi. Üstəlik bu insanların heteroseksual insanlar kimi çox normal , anadangəlmə bu cür  olduqları mənasına gəlirdi .Bu da yaradılışın  qüsursuzluğu və müqəddəsliyi kimi iddiaların arxasına sığınaraq homoseksual insanları təcrid etməyə çalışan insanların planlarını suya saldı. Ancaq son 20 ildə edilən yeni araştırmalar bu ayrıseçkilik edən insanları heç də sevindirmədi : tapıntılar , geylərdə ortaq bir genin olduğu fikrini doğrulayır , hətta homoseksuallığa səbəb olan yeni gen üzvləri belə ictimaiyyətə təqdim edilir !

Təkamülçü bir genetik üçün  bir insanın genomunun  onun partnyor seçiminə də təsir etdiyini düşünmək heç də təəccübləndirici deyil. Bunu yuxarıda göstərdiyimiz kimi heyvanlar aləmində də hər zaman görürük . Güman ki, insanların cinsi orientasiyalarına  təsir edən çox sayda gen var.

Bu mövzuda edilən  araşdırmalar çox qəribə bir nəticəni ortaya çıxardı: Bəlkə də ,  homoseksuallığı tamamilə yanlış şərh edirik. Bəlkə də , homoseksuallıq sadəcə cinsiyyətlərin bir-birilərinə olan yaxınlığına təsir edən genlərdəki bir fərqlilik ,variasiyadır ? Yəni homoseksuallığa səbəb olduğu düşünülən  və hələ də dəqiq olaraq təsbit edilməmiş olan bu genləri “gey genləri” olaraq düşünmək yerinə , bəlkə də, bu genləri “kişi sevmə genləri” olaraq şərh etməyimiz lazımdır! Çünki yeni araşdırmalar bu dəyişkən genlərin dişilərin erkəklərlə daha tez və daha çox cütləşməsini və buna görə də daha çox uşağa sahib olmasını təmin etdiyini göstərir .Buna görə də  lezbian qadınlarda “dişi sevmə genləri”nin olmaması təəccüblü olardı .Bu genlər də onların dişilərə qarşı mövqelərini göstərir. Ancaq bu mövzunu anlamaq üçün ”gey genləri” deyilən bu genlərlə bağlı edilən əsas araşdırmalara baxmaqda fayda var .

“Gey Genləri”in Varlığına Sübut

İnsanlarda tapılan genetik variantlar (bir genin fərqli növləri)o insanların ailələrindəki fərqlilikləri izləyərək müşahidə edə bilərik. İrsiyyətdə gördüyümüz bəzi kombinasiyalar  “allellər”olaraq da bilinən gen variantlarını ortaya çıxarır. Bunlar saç rəngi kimi sadə özəlliklərimizi təyin etdiyi kimi oraqvari hüceyrə anemiyası kimi xəstəlikləri daşıyıb-daşımayacağımıza  da qərar verirlər .Boy kimi ədədi olaraq ölçülə bilən özəlliklərimiz belə bir çox  genin iş birliyi ilə təyin olunur(təbii ki , xarici faktorlar da önəmlidir).

Ancaq bu texnikaları kişilərin  homoseksuallığının aşkarlanmasında istifadə etməyimiz çətindir . Çünki  bir çox homoseksual kişi bu mövzuda açıq deyil və “sirlərini” özlərinə saxlayırlar .Bu səbəblə də alimlər bir ailədə kimin  homoseksual olduğunu  bilmir və elmi araşdırma başlamadan bitir . Hətta bu tip genetik araşdırmalarda çox güclü nəticələr verən “ekiz təcrübələrini” (bir ailədəki genetik olaraq  eyni olan ekizlər üzərində edilən araşdırmalar) etmək çox  çətindir, çünki ekizlərin  homoseksual olduğunu açıqca ifadə etməsi çox nadir rast gəlinən haldır.Lakin nadir  olsa da , bu edilmişdir və bu araşdırmalar homoseksualların genetikasının araşdırmanın  sadəcə bir qismi olduğunu göstərir. Çünki eyni zamanda hormonlar, hamiləlik və doğuş zamanı olan xarici faktorlar bir fərdin cinsi orientasiyasını  təyin etməsində önəmli rol oynayır .

1933-cü ildə amerikalı genetik Dean Hamer ana tərəfindən bir neçə homoseksual kişinin olduğu bir ailədə ortaq genlərin olduğunu və bunların X xromosomuna ilişikli keçdiyi iddia etdi. Etdiyi araşdırma nəticəsində homoseksual olan qardaşların X xromosomlarının uc hissəsində kiçik bir hissənin ortaq olduğunu göstərdi  və bu bölgənin içində kişiləri homoseksual  edən bir gen olduğunu qeyd etdi. Hamerin nəticələri mübahisəli idi.Həyatının və araşdırmalarının hər dövründə homoseksuallığı qismən belə olsa, genetik olmadığını iddia edən insanlar tərəfindən ona meydan oxundu.Bu insanlar eyni zamanda homoseksuallığın seçilmiş bir həyat forması olduğunu düşünürdülər.

Homoseksual insanlar isə ikiyə bölünmüşdü. Bir qismi deyirdi ki, bəli bu araşdırmalar mənim belə doğulduğumu təsdiqləyir ona görə də edilsin. Digər qismi isə araşdırmaların törədə biləcəyi nəticələrdən qorxurdu. Çünki bu yolla homoseksual insanların genomuna baxaram onların homoseksual olduğu aşkarlana və bundan sonra onların həyatına təhlükə yaradıla bilərdi. Ona görə də araşdırmalardan uzaq durmağı seçirdilər.

Daha sonradan edilən bənzər araşdırmalar isə ziddiyyətli nəticələr doğurdu.Məsələn, sonradan edilən araşdırmalardan birində digər 3 ədəd xromosom üzərində tapılan genlərin  homoseksuallıqla əlaqəli olabiləcəyi iddia edilirdi .2014-cü ildə isə homoseksual qardaşlar üzərində aparılan çox ətraflı bir araşdırma İnsanın Genom Proyekti sayəsində  sahib olduğumuz genetik işarələrdən istifadə edərək orijinal tapıntını doğruladılar  və 8.xromosomda bir  “gey geni” olduğunu təsdiq etdi .Bu da dunya miqyasında mübahisələri yenidən qızışdırdı.

Burada belə bir sual ortaya çıxır:”əgər ki homoseksual variasiyaların həşəratlardan  böyük məməlilərə qədər bir çox sayda heyvanlarda tapıldığını biliriksə,niyə bu nəticələrə bu qədər reaksiya verilir?”

Homoseksuallıq yuxarıda qeyd etdiyimiz kimi heyvanlar aləmində çox rast gəlinən və buna görə də adiləşən faktdır.Bir neçə əlavə nümunə verək.Siçanlarda tapılan bəzi genlərin bu heyvanların partnyor seçimlərini dəyişdirdiyi müşahidə edilib. Drozofillərdə tapılan bir mutasiya isə erkəklərin dişilərlə yox, erkəklərlə romantika yaşamasına səbəb olduğunu göstərir .Yuxarıda verdiyimiz bu numunələr birləşdiriləndə homoseksuallığın genetik əsası olduğunu göstərir.

Homoseksuallıq  Geni əslində Yalnız “Kişi Sevmə Geni” ola bilər Mi?

Hal-hazırda elmin cavab tapmağa çalışdığı şey “İnsanlarda gey genləri var mı?” sualı deyil. Daha çox, yuxarıda təkamül olaraq da izah etdiyimiz kimi, populyasiya içərisindəki homoseksualların sayının niyə bu qədər çox olduğudur: ümumi olaraq kişilərin 5-15%  homoseksual olduğu deyilir. Homoseksual kişilər ortalama olaraq daha az sayda övlada sahib olurlarsa, bu genetik variantlar niyə təkamül müddətində yox olmadılar? Bu suala yuxarıdakı mövqelərdən cavab verə biləcəyimiz kimi bir digər mövqedən də cavab verə bilərik. Genetik əsası olduqca güclü olan bu cavabı ayrıca ələ almaq istədik.

Daha əvvəl də qeyd etdiyimiz kimi homoseksuallığın bu qədər geniş yayılmasının təkamül baxımından açıqlamalarından biri sabit polimorfizmdir. Bu amil populyasiyaların təkamülündə bəzən üstünlük qazandırsa da , bəzən növün əksinə işləyə bilir.Bunun klassik bir nümunəsi oraqvari hüceyrə anemiyasıdır. Əgər xəstəliyə aid iki allele də sahibsinizsə, öləcəksiniz. Ancaq  bu allelerdən yalnız bir dənəsinə sahibsinizsə, malyariyaya qarşı müqavimət qazanırsınız. Əgər müasir tibbin olduğu bir dünyada belə malyariyadan hər il təxminən 500000 insanın öldüyünü düşünsək ,bu müqavimətin necə önəm daşıdığını da bilərik .Bu səbəblə malyariyanın bol rast gəlindiyi bölgələrdə təkamül müddəti ərzində oraqvari hüceyrə anemiyası allelləri sayca çoxalmışdır. Sabit polimorfizmin mövzusu olan cinsi olaraq ziddiyyət yaradan genlər isə, homoseksuallığın izahında istifadə edilə bilər.Bu genlər bir cinsiyyətdə təkamül uyğunlaşma müvəffəqiyyətini artırsa da, digər cinsiyyətdə təsirsiz  və ya mənfi təsirə sahib ola bilər (hətta ölümcül ola bilər). Bu cür genlərə aid bir çox nümunə var. Buna görə də “gey genlərinin” də belə olduğu düşünülür. Bəlkə də, bu genlər dişilərin kişilərlə daha tez cütləşməsini sürətləndirməklə  daha çox övlada sahib olmasını təmin edir. Yəni bu fərdlərin bacıları, anaları və xalaları(ana tərəfdən bu geni daşıyan bütün qohumları) bu genlərdən daha çox övlada sahip olarsa, homoseksual kişilərin daha az övlada sahib olmasının mənfi təsiri tarazlaşdırılmış olar. Beləliklə kişilərdə homoseksuallığa səbəb olan gen populyasiyadaki ümumi cütləşmə dərəcələrini artıraraq təkamül uyğunlaşma müvəffəqiyyətini artıra bilər!

Həqiqətən də belə məlumatlara sahibik.İtaliyadakı bir qrup üzərində edilən bir araşdırma homoseksual kişilərin dişi qohumlarının, heteroseksual kişilərin dişi qohumlarına görə müqayisədə 1.3 qat daha çox övlada sahib olduğu göstərmişdir! Bu say az görünsə də , təkamüldə üstünlük baxımından nəhəng bir saydır. Çünki təkamül müddətində  0.5%  kimi kiçik üstünlüklər belə böyük dəyişikliklərə səbəb ola bilirsə, homoseksuallıq mövzu olduğunda gördüyümüz bu 30%  faizlik üstünlük təkamüldə ciddi hesab olunmalıdır. Bu homoseksullığın adi bir hal olduğunu və normallığını göstərən ən ciddo məlumatlardan biridir. Təkamül və genlər yalan deməz.

Hal-hazırda edilən müxtəlif araşdırmaların “gey genləri” olaraq təqdim etdiklərinin eyni və ya fərqli genlər olduğunu tam olaraq bilmirik. Hamerin təsbit etdiyi orijinal gen X xromosomu üzərində idi, çünki bu xromosomda digər genlərlə müqayisədə törəməyə təsir edən bir çox gen var.Lakin genetiklər digər xromosomlarımızda da partnyor seçiminə birbaşa təsir edən bir çox gen olduğunu düşünürlər. Bu genlərin bəziləri sahib olduqları adama qadınları, bəziləri isə kişiləri özünə uyğun görməyi və onları sevməyi ilə təsir edə bilər.

Əgər bir populasiyadaki on minlərlə fərddə “dişi sevmə” və “kişi-sevmə”  allelleri bir mübarizə içərisindədirsə, populasiyamızdaki çox sayda variant (orientasiya) olmasına təəccüblənməmək lazımdır. Xarici faktorların da homoseksuallıqla əlaqələndirildiyini düşünsək, bu genlərin və variantların spesifik olaraq kimlərə təsir etdiyi bilmək çox çətin bir prosesdir , ancaq həll olunması mümkündür. Buna görə  mənasız ictimai qarşıdurmalara təzyiq etməkdənsə, azad düşüncə və araşdırma mühitini təmin edə bilsək, populasiyamızda homoseksual insanların niyə bu xüsusiyyətə sahib olduqlarını çox qısa müddətdə tapa bilər və onları anlaya bilərik. Çünki təbiətdə gördüyümüz bir faktın əsas səbəbini araşdırmaq, yəqin ki, mənasız müzakirələrin çoxunu yekunlaşdıracaq və daha konstruktiv müzakirələri doğuracaq. Homoseksuallıqla əlaqədar edilən axmaq müzakirələrin əksəriyyətini göz önünə alsaq, insanlığın ehtiyacı olan homoseksuallara qarşı ön mühakimə yürütmək deyil, bu xüsusiyyətin səbəblərini kəşf etməkdir deyə düşünürük.

Bu mövqelərdən baxanda yuxarıda da izah etdiyimiz kimi, homoseksuallığı müxtəlif xəstəliklərə bənzətməkdənsə, “boy uzunluğu” kimi bir xüsusiyyətə bənzətməyimiz lazımdır. İkisi də, bəlkə də, minlərlə genin variantlarından təsirlənməkdədir. Üstəlik ikisi də xarici mühit faktorlar nəticəsində kökündən dəyişə bilir. Buna görə də populyasiya içərisində yalnız 1.80 və 1.60 (sm) boyu olan insanlardan çox, geniş bir spektruma yayılmış çox sayda variasiya (müxtəliflik) var: 1.61 olan da tapılar, 1.92 olan da ..

Homoseksual kişilər arasında evlilik təklifinə aid romantik bir videonu buradan izləyə bilərsiniz

                     NƏTİCƏ

Unutmamalıyıq ki , təbiətin bir-birindən fərqli milyardlarla halının bizim xoşumuza gəlsə də, gəlməsə də var olduğu olduğu və bütün bu halların sadəcə fərqlilikdən yarandığıdır. Təkamül biologiyasında hər cür halla qarşılaşmaq mümkündür və bunlara şəxsi düşüncəmiz çərçivəsindən baxmaqdansa, obyektiv və elmi spektrdən baxmaq ən doğrusu olacaqdır. Homoseksuallar hüçün yürüdülən  qaralama kompaniyalarl ,iddialar keçmişdə qaradərililərə qarşı edilənlərdən heç bir vəcdə fərqlənmir. Lakin artıq bu ayrıseçkilik nifrətlə qınanılır və bir cinayət hesab edilir. Bu kimi insanlar tərəfindən “azğınlıq” olaraq göstərilən homoseksuallıq heyvanlar aləmində də geniş yayılmışdır. Biologiyanın güclü işığı altında bütün canlılara obyektiv olaraq baxanda bu kimi halların normal olduğu görünür və canlılıq bütün müxtəlifliyi ilə sevilir. Getdikcə ölkələrin homoseksuallıqla bağlı qadağaları aradan qaldırması və bərabər haqlar tanımağa başlaması, çox qısa vaxt içində “homoseksuallığın” deyil, “homoseksuallıq qorxusu” olaraq bilinən homofobiyanın nifrətlə qarşılanması və cinayət olaraq xarakterizə olunması mütləqdir. Onsuz da, ağlı olan hər kəsin gələcəyi nəticə budur.

 

Yazımızdan da görə biləcəyiniz kimi hər bir insanın öz cinsi orientasiyası var və bu orientasiya mütləq ki, “yalnız kişilərə” və ya “yalnız qadınlara” aid olmaq məcburiyyətində deyil. Bunu ətrafınızda da görə bilərsiniz. Məsələn, bir kişi cinsinə mənsub olan dostunuz açığı-açığına şəkildə heteroseksual olmasına rəğmən yolda gördüyünüz başqa bir  kişinin yaraşıqlı olduğunu açıqca ifadə etmək məsələsində bir çoxundan daha rahat ola bilər. Bu rahatlığın səbəbi mütləq ki, mentalitetdən və ya həmin şəxsin mədəni səviyyəsindən  asılı olmaq məcburiyyətində deyil. Bu məsələ bu cür dərk edildiyində cinsi orientasiyanın sırf sekslə əlaqəli olmadığı da anlaşılacaqdır. Cinsi orientasiya termin olaraq “cinsiyyətlərə olan meyl ” mənasındadır və bir kişinin digər kişini cinsi olaraq daha cazibədar və ya yarışıqlı olaraq görməsi onun sırf homoseksual olduğu mənasına gəlməyə bilər. Yəni ki, homoseksuallığa geniş və elmi aspektdən baxmaq bu məsələnin nə qədər normal olduğunu göstərəcəkdir.Eyni zamanda gələcəkdə bunun bir reallıq kimi gündəlik həyatımızda adi bir hal kimi qəbul olunacağını indidən sezə bilərik. Unutmayaq ki, ötən əsr qaradərili olmaq xəstəlik və ya aşağı səviyyəli olmaq kimi dəyərləndirilirdi. Günümüzdə artıq bunun bütün izləri silindi və qaradərili insanlar da ağ dərililər kimi cəmiyyətin üst təbəqələrində yer almağa başladılar. Bundan bir müddət sonra da homoseksuallığın bu cür olacağını görməmək üçün kor olmaq lazımdır.

 

MƏQALƏ REZONANSS.COM ÜÇÜN TƏRCÜMƏ EDİLMİŞDİR.

TƏRCÜMƏ: NADİR İSMAYILOV, GÜLƏR ARİF, GÜLƏR CƏBRAYILOVA, ÜMİD ABBASZADƏ ,TOFİQ CƏFƏROV NİZAMİ QASIMOV,  NİHAD QƏHRƏMANLI,ZİYA MEHDİYEV

REDAKTƏ:ZİYA MEHDİYEV

VİDEONU HAZIRLADI:VÜQAR MƏMMƏDLİ

MÜƏLLİF: ÇMB (Evrim Ağacı)
 

MƏNBƏLƏR VƏ ƏLAVƏ ƏDƏBİYYAT

HOMOSEKSUALLIQ XƏSTƏLİK DEYİL

  1. Science – 1
  2. Science – 2
  3. Science – 3
  4. Science – 4
  5. Nature
  6. Genetics
  7. Human Genetics
  8. BMC Genetics
  9. PLOS One
  10. Hormones and Behavior
  11. BioEssays
  12. Archives of Sexual Behavior
  13. Social Behavior and Personality
  14. Proceedings of the Royal Society B: Biological Sciences
  15. Experimental and Clinical Endocrinology & Diabetes
  16. Amerikan Psikologlar Birliği (APA)
  17. Kıta Amerikası Sağlık Organizasyonu (PAHO)
  18. Dünya Sağlık Örgütü (WHO)
  19. Uluslararası Lezbiyen, Gay, Biseksüel, Trans ve İnterseks Birliği (ILGA)
  20. ScienceDaily
  21. Medical News
  22. EurekAlert
  23. Wikipedia “List of Animals Displaying Homosexual Behavior” Makalesi
  24. The Guardian
  25. The Conversation
  26. IFLS
  27. Animal Homosexuality
  28. PBS
  29. Sommer, Volker & Paul L. Vasey (2006), Homosexual Behaviour in Animals, An Evolutionary Perspective. Cambridge University Press, Cambridge. ISBN 0-521-86446-1
  30. Namekawa, Satoshi (2009). XY and ZW: Is Meiotic Sex Chromosome Inactivation the Rule in Evolution? 5 (5). Public Library of Science. p. 3. doi:10.1371/journal.pgen.1000493.
  31. Penalva, Luiz O. F. (2003). “RNA Binding Protein Sex-Lethal (Sxl) and Control of Drosophila Sex Determination and Dosage Compensation”. Microbiology and Molecular Biology 67 (3): 343–359. doi:10.1128/MMBR.67.3.343-359.2003.
  32. Cox, James J. (6 January 2011). “A SOX9 Duplication and Familial 46,XX Developmental Testicular Disorder”. New England Journal of Medicine 364: 91–93.
  33. Udry, J. Richard (November 1994). “The Nature of Gender”. Demography 31 (4): 561–573. doi:10.2307/2061790. JSTOR 2061790. PMID 7890091.
  34. Haig, David (April 2004). “The Inexorable Rise of Gender and the Decline of Sex: Social Change in Academic Titles, 1945–2001”. Archives of Sexual Behavior 33 (2): 87–96.
  35. Neil R., Carlson, and Donald Heth C.. “5.” Psychology–the science of behaviour, fourth Canadian edition [by] Neil R. Carlson, C. Donald Heth. Toronto: Pearson, 2010. 140-141. Print.
  36. Minton, H. L. (1986). Femininity in men and masculinity in women: American psychiatry and psychology portray homosexuality in the 1930s, Journal of Homosexuality, 13(1), 1–21.

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.