İ.Kant və onun əxlaq fəlsəfəsi.

Post date:

Author:

Category:

Kant fəlsəfəsinə ümumi baxış

İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr«tənqidə qədərki dövr» adlanır (1770-ci illərin əvvəllərinə qədər dövr). Kant fəlsəfi problemləri həll etmək üçün belə bir inama əsaslanırdı ki, fəlsəfə nəzəri mücərrəd elm kimi, yəni təcrübənin məlumatına müraciət etmədən araşdırıla və əsaslandırıla bilərdi. Bu dövrdə Kantın əsərlərində fəlsəfi məsələlər ilə yanaşı təbiətşünaslığa həsr edilmiş tədqiqatlar da əsas yer tuturdu (məsələn, Günəş sisteminin qurulma prinsipləri və b.). Dünyanın inkişaf prosesinin (zamanın) sonsuzluğunu qəbul edən Kant bununla yanaşı hesab edirdi ki, bu prosesin başlanğıcı var. Dünyanın səbəbi filosofa görə Tanrı idi. O, belə bir elmi nəticəyə gəlmişdi ki, kainat ilk qaz dumanlıqlarından təbii yolla yaranmışdır.

Kant düşünürdü ki , fəlsəfə geniş miqyasda rasional biliklər ehtiyatına malik olmaqla, bu bilikləri bir ideya şəklində birləşdirir və bütün digər elmləri sistemli vəhdət halına gətirir.

Kant fəlsəfəsinin ikinci, yəni tənqidi dövrü 1770-ci illərin əvvəllərində formalaşdı. Bu təlim onun «Təmiz ağılın tənqidi», «Praktik ağılın tənqidi» və «Mühakimə qabiliyyətinin tənqidi» əsərlərində şərh edilir. Bu əsərlərin birincisində Kant özünün idrak, ikincidə etika-əxlaq, üçüncüsündə estetika haqqında görüşlərini və təbiətdə məqsədəuyğunluq təlimini izah edirdi. Kant təzahürü öz-özünə mövcud olan əşyadan – “şeyi ozündən” ayırmağa çalışırdı; axırıncı təcrübədə verilə bilməz. Əşyalar özlüyündə dərkedilməzdir, biz yalnız təzahürləri dərk edirik (aqnostisizm). Son nəticədə «şey özündə» transsendent, yəni zaman və məkandan kənarda, o dünyada mövcud olur.

Kantın fikrincə ümumi və zəruri əhəmiyyət kəsb edən biliyin qaynağı nə təcrübə, nə də ağıl ola bilər. Kantın fəlsəfəsinə görə həqiqi bilik mövcuddur, onun qaynağı təcrübədən asılı olmayan və ondan əvvəl mövcud olan, aprior hissiyyat və düşüncə formalarıdır. Məsələn, biz pəncərədən çölə baxaraq yağış yağdığını söyləyiriksə, bu hökm bir faktı təsdiq edir. Ola bilər ki, yarım saatdan sonra yağış dayansın və söylədiyimiz hökm həqiqiliyini itirsin. Buna gorə də Kantın fikrincə bu yol ilə (yəni empirik, hissi müşahidə) ümumi və zəruri bilik əldə etmək qeyri- mümkündür. Hissi müşahidənin verdiyi bilik həmişə ehtimal xarakteri daşıyır. Çünki o təcrübəyə əsaslanır (a-posteriordur) və öz dəqiqliyinə, ümumiliyinə və zəruriliyinə görə heç vaxt apriori (təcrübəyəqədərki) mühakimələrlə müqayisə oluna bilməz.

Kant üç əsas idrak qabiliyyəti haqqında danışır: hissiyyat, düşüncə və ağıl. Hissiyyat – duymaq, düşüncə – anlayış və mühakimə, ağıl – ideyalara gedib çatan əqli nəticə çıxarmaq qabiliyyətidir. İdeya bütün təzahürlərin qeyd-şərtsiz birliyi haqqında ağıldır.

Kantın fikrincə reallığın iki səviyyəsi var: elmə uyğun gələn fenomenal və etikaya uyğun gələn noumenal səviyyələr. Fenomenal qayda insan ağılı ilə yaradılır. Noumenal qayda insan ağılına münasibətdə transsendentaldır; o mənəvi reallığa uyğun gəlir, insanın etika və dini həyatı məhz bu reallığa söykənir. Davranış qanununu Kant şərtsiz göstəriş (qəti imperativ) kimi başa düşürdü. Bu qanun tələb edir ki, hər bir fərd elə hərəkət etməlidir ki, onun şəxsi rəftarı hamı üçün ümumi qayda ola bilsin.

Kantın əxlaq-etika haqqında təsəvvürləri

Kant özünün «Praktiki ağılın tənqidi» əsərində əxlaq ilə insan əməllərinin leqallığı (qanuniliyi) arasındakı fərqi müəyyən edir. Əgər şəxsin davranışı “obyektiv” olaraq əxlaq qanununun tələblərini pozmursa, hər hansı bir niyyət (cəza almaq qorxusu, acgözlük, şöhrətpərəstlik, xoşbəxtliyə can atmaq və s.) ilə həyata keçirilirsə bu halda davranış leqal hesab edilir. Kant hesab edirdi ki, hüququn vəzifəsi ayrı-ayrı şəxslərin elə hərəkətlərinə icazə verməkdir ki, bu hərəkətlər zahirən obyektiv olaraq əxlaq qanununun tələbləri ilə birgə olsun. Hüquq öz tələblərini həyata keçirmək, onların pozulmasının qarşısını almaq, pozulmuşsa bərpa etmək üçün məcburetmə qüvvəsinə malik olmalıdır.

Kanta görə əxlaq fəlsəfəsi, bütün empirik və antropoloji cəhətlərindən təmizlənməli idi. Kanta görə etika lazım olan haqqında elmdir, o öz əsasını təbiət və cəmiyyətdə mövcud olan ilə deyil, ağılın qeyd-şərtsiz qəbul edilən xüsusi, qeyri-empirik müddəalarında axtarmalıdır. Kant etik relyativizmi qətiyyətlə rədd edirdi. Onun fəlsəfi fəaliyyətinin əsas məqsədi hər bir etikanın təməli hesab edilən əxlaqi prinsipin tamamilə möhkəm, ümumi olmasını sübut etmək idi (yəni elə əxlaqi qanunlar olmalı idi ki, o hamı üçün keçərli olsun). Belə prinsipi Kant kateqorik imperativ adlandırırdı.

Əxlaq qanunları onun dediyinə görə elə imperativlərdir (qəti göstərişlər, tələblərdir) ki, onların həyata keçirilməsi lazımdır, lakin buna baxmayaraq heç də həmişə yerinə yetirilmir. Kant təsdiq edirdi ki, biz özümüzün xüsusi mənafeyimizdən imtina etməli, öz hərəkətlərimizi hamı üçün ağlabatan, hamı tərəfindən özününkü kimi qəbul edilən qaydalar əsasında qurmalıyıq. Kateqorik imperativ bizim istək, məqsəd və niyyətimizdən asılı olmayaraq nəyi isə şərtsiz olaraq yerinə yetirməyi, tələb etməyi göstərən termindir. Bu mənada Kant etikada imperativ istiqamətin klassikidir.

Kant etikanın vəzifəsini insanın faktiki mövcud olan əxlaqi həyatını təsvir və izah etməkdə deyil, daha çox həmin elm üçün mütləq qanunların yaradılmasında görürdü. Kantın əxlaq fəlsəfəsinin predmeti haqqında dedikləri XX əsr qərb etik fikrində geniş yayılmışdır. Burada əxlaqın mövcud formalarının təsviri başqa fənlər sahəsinə (sosiologiya, psixologiya, antropologiya, etnoqrafiya) keçirilir. Əxlaqın fəlsəfəsi üçün iki sahə saxlanılır. Əvvəla, elə imperativ (məcburi davranış qaydası) axtarılır ki, onlar mövcud gerçəklik ilə əlaqədə olmayan və təsvir edilən elmi faktlardan məntiqi yolla çıxarılmayan nə isə lazımi bir şey olsun.

İkincisi, pozitivistlər tərəfindən məntiqə və idraka, əxlaq dilinin, davranış haqqında mühakimələrin və anlayışların təhlilinə aid edilən problemlər. Bunun əksinə olaraq irrasionalist filosoflar etikanı həyati-praktiki fəlsəfə hesab edirlər. Marksistlər nəzəri və praktiki etikanı bir-birinə qarşı qoymağı qəbul etmir və göstərirlər ki, hər bir bilik insanın dünyanı mənimsəmək sahəsində göstərdiyi praktiki fəaliyyət sahəsidir. Normativ etika nəzəri etikanın məlumatlarına əsaslanır.

Mənbələr:

1). Zeynəddin Hacıyev—”Fəlsəfə”., Ali məktəblər üçün dərslik., Turan evi nəşriyyatı., Bakı-2012., səh- 14; 77; 79.

2)Yusif Rüstəmov- “Fəlsəfənin Əsasları”., Nurlar nəşriyyat-poliqrafiya mərkəzi., Bakı-2007., Səh-139; 464; 465.

Əlavə araşdırma mənbələri:

Bertrand Russell—”Batı Felsefesi Tarihi-Modern Çağ”.

İmmanuel Kant- “Praktiki Ağılın Tənqidi”.

Korrektə: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...