İbn Xəldun kimdir?

Post date:

Author:

Category:

Öz dövrünün görkəmli mütəfəkkirlərindən biri olan İbn Xəldunun dünya elminin inkişafında böyük xidmətləri olmuşdur. İbn Xəldun güclü bir hafizəyə, işlək bir zehnə, parlaq bir zəkaya, sağlam bir mühakiməyə, iti məntiqi düşüncəyə malik bir şəxsiyyət olmuşdur. O, 1332-ci ildə Tunisdə doğulmuş, 1406-cı ildə Qahirədə vəfat etmişdir. İbn Xəldun bir alim kimi şöhrət tapmazdan əvvəl, şair və ədib kimi də fəaliyyət göstərmişdir. Sonralar o, dövlət fəaliyyəti və elmi fəaliyyətlə də məşğul olmağa başlayır. İbn Xəldun geniş müşahidə, dərin düşüncə, elmi təhlil və axtarışlar vasitəsilə dünyanın inkişaf qanunlarının dərk edilməsini təbliğ edən məşhur Şazili təriqətinin tərəfdarlarından olmuşdur.

İbn Xəldun 43 yaşında ikən siyasətlə məşğuliyyətdən ayrılır, elmi fəaliyyətlə və öz nəzəriyyəsini şərh edən mühazirələrin oxunması ilə məşğul olmağa başlayır. Böyük siyasi təcrübəyə malik olan İbn Xəldun 1375-ci ildə dünya tarixini yazmağa başlayır. Bu baxımdan onun yeddi cildlik əhatəli, ibrətamiz örnək kitabı olan “Kitabul- İbar” əsəri olduqca əhəmiyyətlidir. İbn Xəldun Roma Respublikasının mövcudluğu haqqında məlumata malik olan yeganə ərəb tarixçisi olmuşdur (başqaları isə Bizans mənbələrinə əsaslanaraq Romanın tarixini Sezardan başlayırdılar).

O, nadir müəlliflərdən biri idi ki, özünün ərəb tərcümələrində latın və yəhudi mətnlərindən istifadə etmişdir.

İbn Xəldunun son dərəcə bəsirətliliyi və orijinallığı onun “Böyük tarix”ə “Giriş”ində (“Müqəddimə”sində) aydınlaşır. Bu əsərdə İslam elmlərinin inkişafının yekunları, həmçinin özünün tarixə dair nəzəri yanaşması şərh edilir. İbn Xəldun bəşəriyyət tarixinin hadisələrinin ardıcıllığını sosioloji baxımdan nəzərdən keçirir, köçəri və oturaq həyat tərzləri arasındakı ziddiyyəti göstərir, qidaya, evə və təhlükəsizliyə olan sosial və siyasi tələbatın mənşəyini və inkişafını açıqlayır, dövlətlərin əmələ gəlməsi və inkişafının əsasında duran irqi və milli hərəkətverici qüvvələri təhlil edir, müxtəlif növ siyasi institutları diqqətlə müəyyənləşdirərək onların inkişafının, süqutunun və məhv olmasının səbəblərini aydınlaşdırırdı.

İbn Xəldunun məşhur “Müqəddimə” (“Giriş”) əsərində dövlət və siyasət haqqında nəzəriyyəsinin fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, ümumi tarixi-sosioloji təhlillə dövlətlərlə bağlı olan fəlsəfi və hüquqi yanaşmaları birləşdirirdi. O, hər şeydən əvvəl, dövlətin təşəkkülünün, inkişafının, süqutunun “təbii qanunları”nı aşkara çıxarmağa çalışırdı. Beləliklə, o, bunları “sivilizasiya”nın göstəricisi, forması, meyarı və təzahürü kimi səciyyələndirirdi.

İbn Xəldun nəzəriyyəsinin digər xarakterik xüsusiyyəti ideal deyil, real mövcud olan müsəlman dövlətini öyrənmək idi, çünki həmin dövrdə hökmdarlar öz siyasətlərində müsəlman hüququndan çox uzaqlaşmışdılar, Bunun əsasında da o, xilafətin tarixi təkamülünü tədqiq edə bilmiş və orijinal idarəçilik formalarının təsnifatını işləyib hazırlamışdır.

İbn Xəldunun nəzəriyyəsinə görə, hər bir cəmiyyət insan təbiətinə görə “dayandırıcı başlanğıc”a (nəfsi saxlamaq, səbr etmək) ehtiyac duyur, bu insanların təcavüzə və qarşılıqlı məhvə olan “təbii” cəhdlərinin qarşısını almaq üçün lazımdır.

Belə məcburi hakimiyyət dövləti sadə qəbilə “başçılığı”ndan fərqləndirir, bu və ya digər xalqın nail olduğu mədəniyyət səviyyəsinin göstəricisi olur. Dövlət cəmiyyət üzvlərini özünə tabe etdirir, öz vətəndaşları və xarici aləm üzərində məcburi hakimiyyətini tətbiq edir.

Bu hakimiyyətin “daxili” tərəfi hökmdarın mütləq hakimiyyətidir: vətəndaşları idarə etmək, qanunları tətbiq etmək, dövlət daxilində qayda-qanunu təmin etmək, vergiləri yığmaq və ordu təşkil etmək gücünə malik olması. Xarici sahədə dövlətin hakimiyyəti onun hər hansı digər hakimiyyətə və ya məcburiyyətə tabe olmasında təzahür edir.

İbn Xəlduna görə dövlət siyasəti ancaq hökmdarların iştirakı ilə məhdudlaşdırılmamalıdır, həm də burada bütün vətəndaşların iştirakı nəzərdə tutulmalıdır. Buna görə də, dövlət sahəsində olan bütün dəyişikliklər yalnız dövlət başçısının vəziyyətinə deyil, həm də bütün cəmiyyət üzvlərinin vəziyyətinə təsir edir. Dövlət üç nəslin yaşı ilə müəyyən olunan müvəqqəti mövcudluq dövrünə malik olur. Bu müddət ərzində dövlət beş inkişaf mərhələsi keçir:
  1. əvvəlki hakimiyyətin əvəzinə yeni məcburi hakimiyyətin əmələ gəlməsi;
  2. hökmdarın hakimiyyətə gəlməsi zamanı ona kömək göstərən silah- daşlarını cəzalandıraraq ali hakimiyyəti öz əlinə alması;
  3. qayda-qanunun, sakitliyin və inamın hökm sürdüyü dövlətin inkişafı;
  4. müxalifəti susdurmaq üçün zorakılığa və qəddar üsullara əl atmaq;
  5. dövlətin tənəzzülü və məhvi.
İbn Xəldun yalnız dövlətin inkişaf mərhələlərini nəzəri müstəvidə araşdırmır, həm də xilafətin tarixi təkamülünü, monarxiyaya (mütləq hakimiyyətə) çevrilməsinin təhlilinə öz nəzəriyyəsini tətbiq etməyə çalışırdı.

Xilafətin monarxiyaya çevrilməsinin əsas səbəbini, o, müsəlmanları birləşdirərkən “qılıncın inamı əvəz etməsində” görürdü.

Əgər əvvəlki dövrlərdə xilafət monarxiyaya xas olan xüsusiyyətlərdən məhrum idisə, müsəlman dövlətinin hakimiyyət forması tədricən xilafət və monarxiyaya xas olan xüsusiyyətləri özündə ehtiva edərək sonda tamamilə monarxiyaya çevrilmişdir.

İbn Xəldunun fikrincə müsəlman dövləti öz inkişafında dörd mərhələdən keçmişdir:
  • ədalətli xəlifələrdən ibarət tam (“xalis”) xilafət; xilafətin xarici atributlarını saxlamaqla tədricən monarxiyaya (mütləq hakimiyyətə) keçid,
  • “inam”ın tədricən “güc”lə əvəz olunması,
  • xilafətin “məsləhətxanaları” və müqavilələri isə öz yerini qılınca və qəddar (istibdad) idarəetmə üsullarına (Müaviyədən Abbasilər xilafətinin başlanmasına qədər) verirdi; “xilafət” adını saxlamaqla dövlətin mahiyyətcə monarxiyaya çevrilməsi (Abbasilər xilafəti); vahid müsəlman dövlətinin süqutu və ərəblərin digər xalqlar tərəfindən istilası, bu zaman dövlət hətta rəsmi olaraq xilafət adlanmır və dövlət başçısı müctəhid ola bilmir.

İbn Xəldun idarəetmə formalarının üç növünü fərqləndirirdi:

  • “təbii” monarxiya,
  • “siyasi” monarxiya
  • xilafət.
Onun fikrincə, “təbii” monarxiyanın mahiyyəti hökmdarın öz şəxsi mənfəətlərinə görə rəiyyətlərini idarə etməsidir. Başqa sözlə desək, “təbii” monaxiya subyektiv maraq daşıyan qəddar hakimiyyət rejimidir. “Siyasi” monarxiya səmərəli, “ağıllı” meyarlara əsaslanan, “düşüncəli” siyasət yeridən və rəiyyətə “ziyan” vuran hər şeyə qarşı müqavimət göstərən idarəetmə üsuludur. İbn Xəldun bu üsulu iki cür qiymətləndirirdi: bir tərəfdən, onun müsbət xüsusiyyətlərini (“səmərəli” ədalətin yerinə yetirilməsini) qeyd edirdi, digər tərəfdən, hökmdarların siyasətinin dini dəyərlərlə əlaqələndirilmədiyini tənqid edirdi.

Xilafət idarə üsulu isə idarəetmədə bu çatışmazlığı aradan qaldırırdı, xəlifənin rəiyyət üzərindəki hakimiyyəti müsəlman hüququna istinad edirdi və eyni zamanda inama, dünyəvi işlərin yerinə yetirilməsinə istiqamətlənirdi. Başqa sözlə, xilafətin “qanunu” müqəddəs müsəlman hüququnun əsaslarına istinad edirdi, burada bütün vətəndaşların maraqları istisnasız olaraq mükəmməl şəkildə nəzərə alınırdı. İbn Xəldun, təbii ki, dövlət idarəçiliyində dini və dünyəvi dəyərləri özündə birləşdirən xilafət üsul – idarəsinə üstünlük verirdi.

İbn Xəlduna görə, monarxiyanın suverenliyi onun məcburi gücündə idisə, xilafətin suverenliyi isə onun ali ədaləti özündə təcəssüm etdirən müsəlman hüququnda idi.

Monarx, rəiyyətlər üçün “yad” bir hökmdar idi, o, dövləti ancaq məcburi hakimiyyətlə idarə edirdi. Xəlifə isə “öz” dövlət başçısı idi, o, öz siyasətində müsəlman hüququnun ədalətinə ümumi inamı əsas tuturdu. İbn Xəldunun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri sivilizasiyaların inkişaf və tənəzzül səbəblərini təhlil etmək idi. İbn Xəldun xalqların və dövlətlərin qanunauyğun müntəzəm böhranlardan və tənəzzüldən xilasının sehrli açarını tapdığını iddia etməyərək ictimai-siyasi və iqtisadi sabitliyi möhkəmləndirməyə, millətlərin inkişafını təmin etməyə və vaxtsız iqtisadi iflasdan, dövlətlərin və sivilizasiyaların siyasi tənəzzülündən xilas olmağa kömək edən müəyyən tövsiyələr verir:
  • mülkiyyət hüququnun və azad sahibkarlığın dəqiq müəyyənləşdirilməsi və müdafiəsi;
  • ədalətin bərqərar olunması üçün qanunun mövcudluğu və məhkəmə sisteminin etibarlılığı;
  • ictimai təhlükəsizlik və ticarət əlaqələrinin təhlükəsizliyi;
  • məşğulluğun, məhsuldarlığın və gəlirlərin artırılması üçün vergilərin azaldılması;
  • bürokratik aparatın və müzdlu ordunun ixtisarı və eyni zamanda onların səmərəliliyinin artırılması;
  • istehsal, ticarət və kommersiya fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdırılması;
  • qiymətlər üzərində dövlət nəzarətinə yol verilməməsi;
  • dövlətin köməyi ilə bazarın inhisara alınmasına imkan verilməməsi;
  • hakimiyyətdən asılı olmayan, pulların dəyərləri ilə alver etməyə imkan verməyən ardıcıl pul siyasətinin həyata keçirilməsi;
  • əhalinin artımı ilə bazarın ixtisaslaşma dərəcəsinin artırılması;
  • azad fikrin və fəaliyyətin inkişafını təmin edən yaradıcı təhsil sisteminin inkişaf etdirilməsi;
  • yaxşi əməlləri mükafatlandıran və qüsurların qarşısını alan ədalətli ictimai sistemin müəyyənləşdirilməsi üçün kollektiv məsuliyyət və daxili ədalət hissinin təbliği.

Beləliklə, İbn Xəldun öz tövsiyələri ilə insanın iqtisadi fəaliyyətini həm ədalətsiz, vicdansız rəqiblərdən, inhisarçılardan, həm də dövlətin səriştəsiz, natəmiz məmurlarının müdaxilələrindən təcrid etməyə çalışırdı.

Beləliklə, İbn Xəldunu müasir sosial elmlərin atası, siyasi nəzəriyyənin banisi hesab etmək olar. İbn Xəldun öz fəlsəfi-sosioloji təlimi ilə Şərq peripatetiklərinin yüksək rasionalizm ruhunu davamı etdirmişdir.

İbn Xəldun elm tarixində ilk dəfə olaraq ictimai həyatın inkişafını istehsalın inkişafı ilə izah edərək insanların məhsuldar fəaliyyətinin formalarının inkişafı prizmasından cəmiyyətin ən aşağı səviyyədən (barbarlıq səviyyəsin ən yuxarı səviyyəyə (sivilizasiya səviyyəsinə) inkişafı haqqında nəzəriyəsini yaratmışdır.

İbn Xəldun hökmran dini ideologiyanın və ənənənin əksinə, təbii qanunlarla yanaşı, cəmiyyətin özünün obyektiv inkişaf qanunlarından da asılı olaraq, dövlətin inkişafı haqqında ideyanı təsdiq edə bilmişdir. O, ictimai inkişafın əsasını cəmiyyətin maddi bazasında görürdü və göstərirdi ki, səbəbiyyət qanununa uyğun olaraq cəmiyyətin və mədəniyyətin meydana gəlməsi, inkişafı, sonda isə çökməsi və qürubu labüddür. O, bununla da obyektiv tarixi inkişaf ideyasını formula etmişdir.

Dahi müsəlman mütəfəkkiri İbn Xəldun və digər müsəlman alimləri bəşəriyyətin inkişafına əvəzsiz töhvələr vermişlər. Onun “Böyük tarix”ə “Giriş”i (“Müqəddimə”) əsəri xüsusilə məşhurdur. Burada İbn Xəldun insan cəmiyyətlərinin, müxtəlif mədəniyyət və sivilizasiyaların təşəkkülü və inkişafına aid olan bir çox mövzuları öz müşahidələri və təhlilləri ilə əhatə etmiş, ədalətli siyasi idarəetməni vacib saymışdır. Onun əsərləri, öz dövründə və bütün dövrlərdə olduğu kimi, bu gün də böyük əhəmiyyətə malikdir və aktualdır.

Mənbə:

İ.Ə.RÜSTƏMOV, H.Q.CAVADOVA, Y.N.ƏLİYEVA Bakı Dövlət Universiteti- İbn Xəldun dövlət idarəçiliyi haqqında

STAY CONNECTED

20,161FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...