İbtidai İqtisadiyyatın Təkamülü

Post date:

Author:

Category:

İlk iqtisadi fəaliyyətlər.

 

Bu gün iqtisadiyyat dedikdə, ağlımıza qəliz bank əməlləri, baş açılması mümkünsüz görünən məsələlər və s. gələ bilər. Bəs ilk iqtisadi fəaliyyətlər də belə idimi? Təbii ki, yox. İlk iqtisadi fəaliyyət dedikdə nəzərdə tutduğum qədim dövlətlərin, qurumların iqtisadi məsələləri deyil. Sözün əsl mənasında ilk iqtisadi fəaliyyət insanın “Bu gün doydum, bəs sabah nə yeyəcəyəm?” dediyi anda başlayır. Hansı ki, bu, bir çox canlıda instinkt halını almışdır. Məsələn, sincablar fındığı, arılar balı, quşlar müxtəlif meyvələri və s. stoklayır. Məhz bu stoklama qabiliyyətinin meydana çıxması nəticəsində insanlar getdikcə artır. Hər il qışdan “sağ” çıxanların sayı daha çox olur. Sonra, mezolit(e.ə. 12000-8000 illərini əhatə edir) dövründə, bu stoklama prosesi qismən formasını dəyişdirir və insanlar təbiətdən topladıqlarını deyil, öz bəslədiklərini və ya becərdiklərini stoklamağa başlayırlar. Bunlar bəşəriyyətin e.ə. 8. minilliyə qədər yaşadıqlarının çox qısa tarixçəsi idi. Lakin əsas “həngamə” bundan sonra başlayır.

 

 

 

Sağ qalmaq uğrunda mübarizədən ibtidai sənətkarlıq və mədəniyyətə.

 

İnsanların ilkin istehsala başladıqları mezolit dövründə əkinçilik, heyvandarlıq və sənətkarlıq paralel yaranmış və inkişaf etmişdir. Belə ki, ilk dəfə ox və kamanın ixtirası nəticəsində heyvan ovlamaq asanlaşmış, ovlanan heyvanların sayı çoxalmışdır. Nəticədə isə ələ keçirilən heyvanların bir qismi damazlıq olaraq saxlanılmış, heyvan südü əlçatan olmuşdur. Eyni zamanda bunu toxanın ixtirasına da şamil etmək mümkündür. İlk baxışdan, toxa, sopanın nisbətən dəyişdirilmiş, təkmilləşdirilmiş və əkinçiliyə uyğunlaşdırılmış formasıdır. Lakin bu primitiv alət insanlığın inkişafında sıçrayışa səbəb olmuşdur.

Mezolit dövründən Eneolit(e.ə. 6000-4000 illər) dövrünə qədər əkinçilikdə istifadə olunan toxalar bu və ya buna bənzər formada olmuşdur.

Misal göstərdiyimiz ox, kaman və toxa sənətkarlığın ilk nümunəsidir. İnkişafın sonrakı tarixində, fərdi əkinçilik sahələri yarandığı vaxtlarda ilk dəfə ölçmə işlərinin, yazının və qeydiyyatın da əsası qoyuldu. Belə ki, zamanı ölçə bilən dəqiq vasitələr olmadığından əkinin, biçinin, suvarmanın vaxtını bilmək üçün səmanı müşahidə edəcək insanlar təyin edildi. Bu insanlar ilk nücumçular, astronomlar idilər. Onların işi səmanı tədqiq etmək, bacardıqca çox məlumat toplamaq və qeyd etmək idi. Bu şəxslər həmçinin anbarlara nəzarət edir, ölçmə işlərini aparırdılar. Sonradan bu insanların tanrılarla əlaqəsi olduğu düşünülmüş və onlar rahib adlandırılmışdır. Həmin müşahidə məntəqələri məbədlərə çevrilmişdir. Təsadüfi deyildir ki, ilk böyük mədəniyyətlər də münbit torpağa malik və əkinçiliyi yetərincə inkişaf etmiş Misirdə, Şumerdə və s. yaranmışdır. Çünki, əgər əkinçiliklə məşğul olursunuzsa, məlumatsız iş görə bilməzsiniz. Mütləq işləri əvvəlcədən planlaşdırmalı, mümkün olduqca dəqiq çalışmalısınız. Yoxsa, öz səhvlərinizin və səriştəsizliyinizin üzündən il boyu qıtlığa düçar olan bilərsiniz. Həm də unutmaq olmaz ki, əkinçiliklə məşğul olan cəmiyyətlərdə, qıtlıq, köçəri tayfalara nisbətdə daha faciəvi olur. Çünki, köçəri tayfalarda qıtlıq müddəti daha azdır. Və icma üzvlərinin də sayı əkinçi toplumda daha çox olduğundan, bir illik qıtlıq bütöv bir şəhəri silə bilər. Əlavə məlumat olaraq: ingilis dilindəki culture-mədəniyyət və cultivate-becərmək sözləri eyni kökdən gəlir.

Ilk astronomik qurğular, eyni zamanda müşahidə və hesablama üsulları Şumerdə yaradılmışdır.
Ilk astronomik qurğular, eyni zamanda müşahidə və hesablama üsulları Şumerdə yaradılmışdır.

 

 

Güc birliyi məcburiyyəti

 

Mədəniyyətin əsasının qoyulduğu ilk çağlarda bütün cəmiyyətlərdə kortəbii komunizm hökm sürürdü. Çünki, insanların yaşamaq üçün bir-birinə ehtiyacı var idi. Onlar qruplar halında ov edir, üç qrupdan ikisinin bəxti gətirir, biri uğursuz olurdusa belə, ələ keçən qənimət tərəddüdsüz bərabər bölünürdü. Eyni şəkildə əkin sahələri birlikdə becərilir, hasil edilən bəhrə tələbata görə bölünürdü. Bu adət, mahiyyət etibarilə çox az dəyişmiş və digər insanlardan təcrid olunmuş qəbilələrdə günümüzədək qorunub və qorunur. Məsələn, 18. əsrdə yaşamış Conatan Karyera Şimali Amerika qızıldərililəri haqda demişdir ki, şəxsi ehtiyacları üçün istifadə etdikləri əşyalardan başqa mülkiyyət onlara yaddır. Bir-birlərinə qarşı son dərəcə comərd davranırlar, özlərində artıq olan əşyanı ehtiyacı olana verirlər. Bənzər ənənələri günümüzdə də varlığını qoruyan Afrikanın yerli qəbilələrində görmək mümkündür. Maraqlı burasıdır ki, bu münasibətlər yalnız qəbilə daxilində deyil, qəbilələr arasında da özünü göstərir. Belə ki, davamlı hərəkətdə olan ovçu qəbilələr və çobanlar, köç vaxtı ərzaqları tükənəndə, qıtlığa düşəndə və ya çətinliklə üz-üzə gələndə keçdikləri ərazinin yerlilərindən ərzaq və yardım ala bilirdilər.

 

Müəllif: Ayxan Osmanlı

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.