İnancla bağlı ideologiyalar (Teizm, Deizm və s.)

0
25
ateizm, teizm, deizm, aqnostizm, panteizmn nədir

İnsanlar yaşam tarixlərinin başından bəri tanrı haqqında inanclara sahib olmuşlar. Çoxsaylı tanrıların və ya tək tanrının varlığı haqqında inanclar mövcuddur. Bu inanclar öncələri özünü mifologiya formasında göstərmiş, fəlsəfənin ortaya çıxmasından sonra isə daha fərqli şəkillərdə ifadə olunmuşdur. (Mifologiya haqqında bu linkdən və saytımızda əlaqəli digər məqalələrdən öyrənə bilərsiz: Mifologiya . Fəlsəfə inkişaf etdikcə inanclar da daha mütəşəkkil ifadə üsulları ilə qarşımıza çıxdı. Lakin ifadə üsulundan asılı olmayaraq, tanrı anlayışı daima iki əsas xüsusiyyətə malik olmuşdur. Bunlardan birincisi, yaratma xüsusiyyəti, ikincisi isə idarə etmə xüsusiyyətidir. Heç də hər inancda tanrı hər iki xüsusiyyətə malik olmur. Məsələn, çoxtanrılı inanclarda, əsasən, baş tanrı dünyanın yaradıcısı hesab olunur, digər tanrılar isə ya hər biri öz sahəsinin həm yaradıcısı, həm idarəedicisidir, ya da yaratma sadəcə baş tanrıya aid olmaqla, hər sahə bir tanrı tərəfindən idarə olunur. Bu cür sadə bölünmə, əsasən, mifik inanclara aiddir. Hazırki inanclar məsələyə daha fərqli şəkillərdə yanaşa bilir.

Bu yazımızda hər din üzərində dayanmaq əvəzinə, hazırda mövcud olan ən əsas inanc ideologiyalarından bəhs edəcəyik.

Teizm (Theism)

Teizm hərşeyi yaradan və həmçinin də idarə edən tək və ya bir neçə tanrının mövcudluğu üzərində qurulur. Yəni tanrı sadəcə yaradıcı deyil, həmçinin də insanlara getməli olduqları yolu o göstərir. Teizm əsas etibarilə müqəddəs hesab edilən kitablara və tanrının göstərdiyi yolu ən yaxşı bildiyi hesab olunan şəxslərin tövsiyyələrinə əsaslanır. Teizmə xas olan ən əsas xüsusiyyətlərdən biri də insana tanrı tərəfindən xüsusi ilahi vəhy gəlməsinin qəbul edilməsidir.

Deizm (Deism)

Deizm latınca “deus” – “tanrı” sözündən gəlir və hər şeyi yaradan bir tanrının varlığı üzərində qurulur. Lakin Deizmə görə insan yaradılmışdır və yolunu tapması onun öz üzərindədir, insana yol göstərən hər hansı bir idarəedici yoxdur. Deizm iddia edir ki, yaradıcının olduğunu bilmək üçün nə möcülərə, nə də tanrının qayda və kitablarına ehtiyac yoxdur, tanrının varlığı təbiəti sadə müşahidə ilə qavranıla bilər.

Deizmi qəbul edən individual şəxslər fərqli inanclarla çıxış edə bilir. Bəzi deistlərə görə, tanrı dünyaya heç bir formada müdaxilə etməzkən, bəzilərinə görə tanrının insana məntiq və emosiyaları verməsi dünyaya dolayı yolla müdaxiləsidir. Bəzi deistlərə görə, tanrı insanın təsnifindən kənardadır və insanlar müasir elmin imkanlarından istifadə edərək tanrını dərk etməyə çalışmalıdır.

Dünya Deist Birliyi (World Union of Deists) deizmə bu şəkildə anlayış vermişdir: “Deizm mövcudluğu təbiətin və kainatın şəxslər tərəfindən müşahidəsi vasitəsilə anlaşıla bilən, insanın daxili bacarığı olan məntiqi tərəfindən təsdiqlənən insandan daha üstün universal yaradıcı gücün varlığının qəbul edilməsi və şəxslər və mütəşəkkil dini birləşmələr tərəfindən iddia edilən insana xüsusi ilahi vəhy gəlməsinin təkzib edilməsidir.”

Panteizm (Pantheism)

Pantezim yuxarıda qeyd etdiyimiz məsələyə daha mürəkkəb yanaşmaların bir nümunəsidir. Panteizm də tanrının varlığının qəbul edilməsi üzərində qurulur.

Panteizm ideyalarının minillərlə yaşı var, ancaq bu termini ilk dəfə istifadə edən 1697-ci ildə Gozef Rafson (ing. Joseph Raphson) olmuşdur.

Panteizm sözü qədim yunan sözləri olan “pan” – “hər şey” və “theos” – “tanrı” sözlərindən əmələ gəlmişdir və ən ümumi anlamda “hər şey tanrıdır” deməkdir.

Teizmdə və Deizmin bəzi nümunələrində (deizmdə individual inanc fərqlilikləri daha genişdir) dünyəvi aləmdən müstəqil, daha üstün ilahi aləm olduğu qəbul edilir. Panteizm isə dünyəvi və ilahi anlayışlarının eyni olduğunu iddia edir. Panteizmə görə kainat özlüyündə elə tanrıdır. Ilahilik kainatın təbiətində mövcuddur. Kainatda mövcud olan hər şey, eləcə də insan, həmin ilahilikdən – tanrıdan bir hissə daşıyır özündə. “Həqq mənəm, həqq məndədir” deyən İmadəddin Nəsimi və ümumilikdə hürufilik panteizmin bir qolu hesab edilir..

Panenteizm (Panentheism).

Panentheism qədim yunan sözləri “pan” – “hər şey”, “en” – “içərisində”, “theos” – “tanrı” sözlərindən əmələ gəlmişdir və “hərşey tanrının içərisində” anlamına gəlir.

Panenteizmə görə, kainat özü də tanrının içərisindədir. Tanrı kainatdan daha üstündür. Panenteizmin panteizm ilə bir neçə yalnız nəzəri fərqi mövcuddur. Belə ki, panteizmdə kainat, insan və s. – hər şey elə tanrıdır, yəni mahiyyətcə ilahidir. Panenteizmdə isə tanrı bütün bunlardan üstündür. Paenteizmin deizm və teizmdən fərqi isə bundadır ki, onlarda dünyəvi aləmdən kənar ondan üstün ayrıca bir qüvvə mövcuddur. Ki o qüvvə insanın dərk qabiliyyətindən kənardır. Panenteizmdə isə tanrı kainatdan və insandan daha üstün olsa da, panteizmdə o teizmdə olduğu kimi görülmür, insanlara qaydalar qoyaraq, vəhy göndərərək idarə etmir, nə də deizmdə olduğu kimi kənarda durmur, o kainatın içərisində olduğu məkandır, kainatı əhatə edən, eyni anda hər yerdə olan bir qüvvədir.

Qeyd edək ki, tanrı sözü qədim yunanca “theos”,  latınca “deus” kimi ifadə olunur və yunan mifologiyasında baş tanrının “zeus” – “zevs” adlanması da təsadüfi deyil.

Eyni zamanda, inanca əks mövqe bildirən bəzi ideologiyalar mövcuddur ki, tanrının varlığı haqqında müəyyən fikirlər bildirdikləri üçün haqlarında məlumat verməyin lazımlı olduğunu hesab edirik. Bu cür ideologiyalar ümumi bir termin olan “nontheism” adı altında birləşdirilir.

Ateizm (Atheism).

Ateizm kainatı formalaşdıran insanüstü bir qüvvənin olmadığını iddia edir və kainatın formalaşmasındakı bütün mərhələlərin fiziki qanunauyğunluqlarla izah oluna bildiyini, insanüstü yaradıcı bir qüvvənin mövcudluğu zərurətinin olmadığını ortaya qoyur.

Ateizm əsas etibarilə hər şeyin təbiətin qanunları ilə idarə olunduğunu ortaya qoyan Naturalizm düşüncəsi üzərində qurulur.

Aqnostisizm (Agnosticism)

Aqnostisizm tanrının olub-olmadığı haqqında iddialar irəli sürməyin qeyri-mümkün olduğunu irəli sürür. Aqnostisizmə görə tanrının olması və ya olmaması bilinə bilməz, yəni heç bir üsulla sübut edilə bilməz.

Bu termini ilk istifadə edən 1869-cu ildə Tomas Henri Haksli (ing. Thomas Henry Huxley) olmuşdur.

Apateizm (Apatheism).

Apateizm ingilis dilində “apathy” – “laqeydlik” sözündən əmələ gəlir. Apateistlərə görə, insan hər bir halda öz həyatını özü yaşayır, öz yolunu özü tapır və hər hansı bir tanrının mövcud olub olmaması insan üçün heç bir fərq etməməlidir. Bunun üzərində düşünmək mənasızdır.

İtsizm ( İetsism)

Söz holland dilində “iets” və ya “etwas” sözündən gəlir və azərbaycan dilinə “nəsə” (ing. “something”) olaraq tərcümə edilə bilər. Itsizm tam olaraq ideologiya olmamaqla, insanüstü hər hansı bir qüvvənin olması ehtimalının olduğunu özlüyündə düşünən, ancaq ümumilikdə düşüncələri mövcud heç bir ideologiyaya, tam anlamıyla, uyğun gəlməyən insanları adlandırmaq üçün istifadə olunan termindir.

Bunlardan başqa, özlüyündə inancla tam olaraq əlaqəli olmayan, sadəcə verilən hər bir məlumata şübhə ilə yanaşan, təsdiqləmə, isbat tələb edən Skeptisizm (Skepticism) mövcuddur. Skeptiklərin də, təbii olaraq, inanc məsələsinə qarşı da öz düşüncələri vardır.

 

 

Mənbələr və əlavə oxu:

 

http://jewishencyclopedia.com/articles/5049-deism

britannica.com

https://books.google.az/books?id=i4mvAwAAQBAJ&pg=PA1342&lpg=PA134&redir_esc=y#v=onepage&q&f=false

http://www.oxfordreference.com/view/10.1093/acref/9780199541430.001.0001/acref-9780199541430-e-278?rskey=GC0Coc&result=279

https://books.google.az/books?id=VQ-GhVWTH84C&pg=PA122&dq=agnosticism+routledge&redir_esc=y&hl=tr

https://www.thoughtco.com/definition-of-apatheist-247851

https://www.dictionary.com/browse/theism?

https://web.archive.org/web/20080305024712/http://taal.web-log.nl/taaladviesdienst/2007/02/ronald_plasterk.html

 

Müəllif: Nizami Qasımov

Redaktor: Ziya Mehdiyev

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here