İnduksiya nədir? – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

 

                                  İnduksiya və ya induktiv əqli nəticə nədir?

                                                            İnduksiyanın ümumi səciyyəsi:

 Deduksiyadan başqa əqli nəticənin ən ümumi növlərindən biri də induksiyadır. İnduksiyanın özünəməxsusluğu onunla müəyyən olunur ki, o müşahidə və təcrübə ilə və deduksiya ilə sıx qarşılıqlı əlaqədədir. Real təfəkkür praktikasında induksiyanın mahiyyəti onun cürbəcür növlərində aşkara çıxır. İnduksiya insanların təfəkküründə ən qədim və geniş yayılmış əqli nəticədir. İnsanlar təbiətdə və sosial həyatda eyni tipli hadisələri müşahidə edərkən onlarda müəyyən xassə və əlamətlərin təkrar oldunduğuna diqqət yetirirlər. Oxşar şəraitdə özünü göstərən bu təkrarlanma sübut edir ki, həmin xassə və əlamətlər fərdi xarakter daşımır, müəyyən çoxluğun (sinifin) bütün üzvlərinə aiddir. Bu proses xüsusi bilikdən ümumi biliyə keçilməsini ifadə edir və induksiya (latınca şamil etmək, yönəltmək deməkdir) adlanır.

Ayrı-ayrı konkret hadisələrin müşahidəsi nəticəsində əvvəlki təcrübələrə əsaslanaraq insanlar “hər cür hərəkət (sürtünmə) istilik doğurur” ümumi müddəasını formulə etmişlər. Onlar təbiət və cəmiyyət hadisələrini müşahidə edərək, ayrı-ayrı faktların, hadisələrin ümumi qayda-qanunlara tabe olduqlarını dərk etmişlər, bunların təfəkkürdə əksi əqli nəticələr vasitəsilə başa çatmışdır və bununla da fərdi hökmlərdən ümumiyə keçmişlər, ümumidə isə fərdidən fərqli olaraq gerçəkliyə aid olan daha zəruri qanunauyğunluqlar əks olunur. Bu onu ifadə edir ki, insanların nail olduğu bütün biliklərin, elmi müddəaların əsasını müşahidə və təcrübə təşkil edir.

Heç bir apriori (lat. A priori – əvvəldən, əvvəlcədən olan; – Təcrübədən asılı olmayan, amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik. Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin, aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.) bilik, həqiqət yoxdur, ola da bilməz. Təcrübə, müşahidə idrakın çıxış nöqtəsidir. Ümumi fərdi, xüsusi, ayrıca vasitəsilə təzahür edir. Ümuminin dərki insanın təbiətə, ictimai inkişafın gedişinə fəal təsiri nəticəsində əldə etdikləri biliklərin məqsədəuyğun formasıdır. Ümumini dərk etməyin vasitələrindən biri də induksiyadır.

                                                 İnduksiyanın tərifi: 

Beləliklə, induksiya elə bir əqli nəticəyə deyilir ki, burada hər hansı bir sinfə daxil olan hadisələrdə müəyyən əlamətlərin təkrar olunmasına əsaslanaraq, onların həmin sinfin bütün üzvlərinə aid olduğu haqqında nəticə çıxarılır.  Yəni, burada təfəkkür prosesi azdan çoxa, növdən cinsə, təkcə və xüsusilərdən daha çox ümumiyə doğru gedir.

Qeyd edək ki, deduktiv əqli nəticədən fərqli olaraq induksiya dəqiq və mötəbər bilik vermir. Bu yol ilə çıxarılan nəticə həqiqətə bənzər, ehtimali xarakter daşıyır. Lakin bu elmdə və gündəlik həyatda induksiyanın mühüm rolunu inkar etmir. Çünki dünyadakı bütün hadisələr təkcə ilə ümuminin ayrılmaz vəhdəti halında mövcuddur.

Ümumiyə ayrılıqda rast gəlmək olmur, o təbiət və cəmiyyət hadisələrinə xas olan obyektiv keyfiyyətdir. Əgər predmet və hadisələrdə ümumi xassələr, tərəflər olmasaydı, onların ümumiləşdirilməsindən söhbət gedə bilməzdi. Əqli nəticənin digər formaları kimi, induksiyadan da elmi qanunların kəşf olunması prosesində, sübutda, elmi hipotezlərin yaranmasında geniş istifadə olunur, çünki induksiya bəşər təfəkküründə geniş yayılmışdır. İnduksiyanı öyrənməyin əhəmiyyəti ondadır ki, o praktika, canlı həyatla ayrılmaz əlaqədədir və empirik, təcrübi biliklərə yiyələnməyin mühüm vasitəsidir.

İnduktiv əqli nəticənin müqəddimələrini müəyyən əlamətlərin ayrı-ayrı hadisələrə xas olduğunu göstərən hökmlər təşkil edir. Onun sadə sxemi belədir:

S1 P xassəsinə malikdir.

S2  P xassəsinə malikdir.

…………………………………

Sn  P xassəsinə malikdir.

İdrak prosesində induktiv yol ilə nəticə çıxarmanın əsas funksiyasını ümumiləşdirmə (generallaşdırma) təşkil edir. Belə ümumiləşdirmə (yəni ümumi hökmlər almaq) öz məzmununa və idraki əhəmiyyətinə görə çox müxtəlifdir.  Burada adi gündəlik həyatdakı sadə ümumiləşdirmələrdən başlayaraq, empirik elmi ümumiləşdirmələrə və  elmin ümumi qanunlarını ifadə edən universal mühakimələrə qədər müxtəlif qəbildən olan ümumiləşdirmələr vardır.

Mənbə:

http://www.felsefe.gen.tr/mantik/tume-varim-tumevarim-enduksiyon-nedir-ne-demektir.asp

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

Adilə Nəzərova – “Fəlsəfə terminlərinin izahlı lüğəti”. Bakı, “Elm və təhsil”,  2014

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

 

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...