İnduksiya və Deduksiyanın qarşılıqlı əlaqəsi

Post date:

Author:

Category:

Əqli nəticələr sistemində induksiyanı ayrılıqda düşünmək olmaz, o deduksiya ilə sıx əlaqədardır.

Bu əlaqəni konkret belə bir müddəa ilə ifadə etmək olar: İnduksiyasız deduksiya və əksinə, deduksiyasız induksiya yoxdur”.  Həqiqətən induktiv yolla alınan ümumi biliklər olmasaydı, bu biliklərə əsaslanan deduktiv əqli nəticə də mümkün olmazdı. Öz növbəsində deduksiya təkcə və xüsusilər haqqında bilik verməklə, ayrı-ayrı predmetlərin, onların qrupları haqqında, bununla da yeni ümumi bilik almaq məqsədilə induktiv tədqiqatların gələcək inkişafına əsas yaradır. Deduktiv biliklərdən kənarda induksiya prosesinin özünü, məntiqi forma kimi onun mexanizmini izah etmək olmaz.

             İnduktivDeduktiv əqli nəticə arasındakı oxşar və fərqli cəhətlər

 Yekun biliyinin bütün formalarından müfəssəl tədqiq olunanı induksiyadeduksiyadır, çünki bu idrak formalarının hər birinin predmet və hadisələrin dərkində xüsusi rolu vardır. İnduksiyanın mahiyyəti ondadır ki, burada fikrin hərəkəti təkcələrdən, xüsusilərdən ümumiyə doğru gedirsə, deduksiyada isə ümumidən təkcələrin, ayrıcı və xüsusilərin tədqiqinə doğru gedir. Hər iki halda nəticə biliyinin məzmununu fikrin məlumdan naməluma hərəkəti təşkil edir. Özlüyündə induksiyadeduksiya hadisələrin inikasında əkslikləri təşkil edir, idrakın əks istiqamətə yönəlmiş üsullarıdır. Digər tərəfdən induksiyada çox vaxt ehtimali, deduksiyada isə həqiqilik dərəcəsi çox olan gerçək biliklər alınır. Başqa bir məqamı da qeyd etməmək olmaz. İnduksiyada daha çox faktlardan, empirik materiallardan, eksperimental məlumatlardan, deduksiyada isə fərziyyə və nəzəriyyələrdən istifadə olunur.

Buna görə də yuxarıda deyildiyi kimi, bu idrak metodlarını bir-birindən nə təcrid etmək, nə də qarşılaşdırmaq olmaz, çünki bunlar dialektik vəhdətdədir, biri digərini tamamlayır. Lakin məntiq tarixində çox vaxt bu metodlar ayrı-ayrılıqda tədqiq olunurdu, onlara birtərəfli yanaşmaqla, müqayisə olunmayan üsullar kimi nəzərdən keçirilirdi. Burada xüsusilə iki cərəyanın adını çəkmək olar:

                                             Tarixilik prinsipi

1. Deduktivistlər (Aristotel və onun ardıcıllarıdır); 2. İnduktivistlərdir (F.Bekon, C.Mill, Gerşel və başqalarıdır). Qısaca haşiyə çıxmaq olar ki, bu metodların birtərəfli şərhinə (hər iki alimin əsərlərində) tarixilik prinsipindən yanaşmaq olar. Aristotelin yaşadığı dövrdə təcrübi biliklər zəif inkişaf etdiyinə, eksperimentləşmə üsulundan istifadə olunmadığına görə spekulyativ mühakimələrə üstünlük verilirdisə, F. Bekonun əsərində isə biliklərin təcrübi yolla əsaslandırılması ön plana çəkilməklə, eksperimentdən, müşahidədən geniş istifadə olunmağa başlanılır, təbiət hadisələrinin təhlilinə xüsusi diqqət yetirilirdi.

İqrar etmək yerinə düşər ki, insan biliklərinin mütərəqqi inkişafı induksiyadeduksiyanın qarşılıqlı təsirindən kənarda ağlasığmazdır. Ona görə də bu əqli nəticənin növlərindən birini digərinin hesabına birtərəfli şişirtmək, rolunu göylərə qaldırmaq elmi və məntiqi cəhətdən yanlış fikirdir. İnduksiyadeduksiyanın hansının əvvəlcə yaranması məsələsini də ortaya atmaq yanlış nöqteyi-nəzərdir. Əqli nəticənin hər iki növü insan idrakının inkişafı prosesində eyni vaxtda formalaşmışdır. Bu eyni zamanda formalaşmanın əsası ondadır ki, ayrıca ümumidən əvvəl, yaxud ümumi təkcə və ayrıcılardan qabaq mövcud deyildir, çünki predmet və hadisələrin əlaqə və münasibətləri onların özlərindən əvvəl, yaxud əksinə mövcud deyildir.

                     İdrak prosesində induksiyadeduksiyanın rolu

İdrak prosesində induksiyadeduksiyanın rolunu heç cürə təkzib etmək olmaz. Ancaq bəzi məntiqçilər yanlış olaraq bu metodların formal məntiq sahəsinə aid olduğunu iqrar edirdilər, guya dialektik məntiqdə bunların rolu yoxdur. Buna bənzər fikirlər tamamilə lüzumsuzdur, çünki dialektik məntiqin yaradıcıları öz əsərlərində bu metodlardan geniş istifadə etmişdir. F. Engelsin “Təbiətin dialektikası”nda “ümuminduktivistlər”lə “deduktivistlər”in tənqidini, K.Marksın “Kapital”ında bu metodların tətbiqi məsələsini yada salmaq olar. K. Marks kapitalist istehsal üsulunun ayrı-ayrı tərəflərinin tədqiqində induksiyadan istifadə etməklə, müxtəlif faktların müşahidəsi vasitəsilə ümumi nəticələr çıxarırdı. Dialektik məntiqdə bu metodlarda tədqiq olunan proseslərin dəyişməsi və inkişafını nəzərə almaqla istifadə olunur. K. Marks pul, faiz, renta və başqaları kimi gəlir növlərini deduksiya yolu ilə sübut edirdi.

Məntiqi ədəbiyyatda tez-tez belə bir fikrə də rast gəlirik ki, induksiya çox vaxt ehtimali, deduksiya isə gerçək biliklər verir. Real hadisə və proseslərin təhlili və onların inkişafında bu baxışın səthi və yanlış olması aşkara çıxır.  Biz A. Uyemovun belə bir fikrilə razıyıq ki, “Sanki deduksiya həmişə doğru nəticə verir əlamətinə görə onu əqli nəticənin digər formalarından təcrid etmək olmaz. Deduksiyanın özü ehtimali nəticələr verə bilər”.

         Deduksiyanın elmi-nəzəri sahələrdə həqiqi bilik vermədiyini sübut edən bəzi nümunələr

İndi də deduksiyanın elmi-nəzəri sahələrdə həqiqi bilik vermədiyini sübut edən bəzi nümunələri nəzərdən keçirək. Evklid  həndəsəsinə qədərki dövrdə hamıya məlum idi ki, “Hər üçbucağın daxili bucaqlarının cəmi 2d-yə bərabərdir”. Bu böyük müqəddiməyə “Bu həndəsi fiqur üçbucaqdır” – kiçik müqəddiməsini daxil etsək, onda “Bu həndəsi fiqurun daxili bucaqların cəmi 2d-yə bərabərdir” nəticəsi alınır. Bu nəticə elmi baxımdan yanlışdır, çünki elmə məlumdur ki, əyri müstəvilərdə üçbucağın daxili bucaqların cəmi 2d-dən az, yaxud çox ola bilər. Müxtəlif dövrlərdə çıxarılan nəticələrin özündə səhvlər ola bilər, çünki predmet və hadisələrin dəyişməsi və inkişafı prosesində onların yeni xassələri, cəhətləri aşkara çıxarılır, buna görə də elmi ümumiləşdirmələrdə tarixilik prinsipi nəzərə alınmalıdır. Hər cür induktiv ümumiləşdirmələri həqiqi, təkzibolunmaz hesab etmək olmaz, çünki induktiv nəticələrin ehtimali təbiəti deduksiyanın problematikliyinə səbəb olur. İnduktiv nəticə natamam olduqda deduktiv biliklər də həqiqətə-bənzər səciyyə daşıyacaqdır.

Başqa bir nümunə gətirək. Astronomiyada Kepler tərəfindən kəşf olunmuş və Nyutonun nəzəri cəhətdən əsaslandırdığı – “Günəş sistemi planetləri ellips boyunca fırlanır” qanunu mövcuddur. Lakin sonrakı dövrlərdə elm sübut etdi ki, “bəzi planetlər bu qanuna tabe deyildir. Əgər biz yuxarıdakı müqəddiməyə – “Uran planetdir” hökmünü daxil etsək, onda “Uran ellips boyunca fırlanır” kimi yanlış nəticə alınır. Bu nəticə belə olmalıdır. “Uran istisna olmaqla, Günəş sisteminə daxil olan planetlər Günəş ətrafında fırlanır” məntiqdə bu cür hökmlər ümumi istisnaedici hökm adlanır ki, bunun da idrak prosesində xüsusi əhəmiyyəti vardır.

                           Dövrü sistem qanunu və deduktiv əqli nəticə

Elementlərin dövrü sistemi qanununu kəşf edən D. Mendeleyevə  istisna halları məlum olsa da, o, bu qanundan imtina etmədi, o vaxtlar buna ehtiyac da yox idi. Lakin sonralar elmin inkişafı nəticəsində, xüsusilə E. Rezerfordun tədqiqatlarında onun laboratoriyasında aparılan təcrübələr daha güclü istisna hallarının olduğunu aşkara çıxartdı. Bu fiziki və kimyəvi xassələrinə görə bir-birindən fərqlənən izotopların kəşfilə bağlı idi. Belə halda aşağıdakı deduktiv nəticə də yanlış olacaqdır.

Kimyəvi elementlərin xassəsi onların atom çəkisindən asılıdır.

İzotoplar – kimyəvi elementlərdir.

Nəticə: İzotopların kimyəvi xassəsi onların atom çəkisindən asılıdır.

Əgər burada da, istisnaedici hallardan istifadə olunsaydı, D. Mendeleyevin gəldiyi nəticə nəzəri xarakter daşımazdı və qanun statusu ala  bilməzdi. D. Mendeleyevin bu qanunu nəzəri müddəaların inkişafı üçün fikrin digər gedişini tələb edirdi. N. Bor tərəfindən təklif olunan atom çəkisi və kimyəvi xassələr arasındakı əlaqənin özü də bilavasitə əlaqə deyil. Elementin atom çəkisi atomun nüvəsinin hissəciklərilə, kimyəvi xassəsi isə onun örtüuündəki elektronların kəmiyyətilə müəyyən olunur. Atom çəkisinin elementlərin kimyəvi xassələrinə uyğun gəlməməsi nüvədə digər ağır hissəciklərin olmasından irəli gəlir, elektrik yükünə görə neytral mövqe tutur ki, bu da sonralar neytron adlandırılır. Beləliklə də, nəzəri təfəkkür əlaqələndirici həlqənin vasitəsilə atom çəkisindən elementlərin kimyəvi xassələrinə keçir. Onda belə bir sxem alınır:

  1. Atom – kimyəvi xassə. 2. Atom çəkisi – elektron örtüyü – kimyəvi xassə. Əslində bu sxem K. Marksın “Kapital”ında tətbiq olunan əmtəə-pul inkişafına oxşardır.
  2. Ə1-Ə2 (sadə dəyər forması); 2. Ə1-P-Ə2 (dəyərin forması); 3. Ə1-P-Ə3-P1-Ə2 (kapitalın ən ümumi forması)

Elmi-empirik tədqiqatlar praktikasında induksiyanın nəzərdən keçirilən metodları ayrılıqda, həmçinin müxtəlif birləşdirmələrdə nəzərdən keçirilsə də, burada da müəyyən məntiqi səhvlərə rast gəlirik ki, bunlardan bəzilərini oxucuların diqqətinə çatdırmaq olar.

Mənbə:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Adilə Nəzərova – “Fəlsəfə terminlərinin izahlı lüğəti”. Bakı, “Elm və təhsil”,  2014

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...