İntellekt nədir ?

Post date:

Author:

Category:

İntellektin  ümumi qəbul olunmuş tərifi hələ yoxdur. Bu qabiliyyət tədqiqatçılar tərəfindən fərqli şəkildə təsvir və izah edilir.

“Oxford Dictionary of Psychology intelligence” məqaləsi belə başlayır : “ İntellekt koqnitiv (zehni, eyni zamanda əqli) qabiliyyətdir“. Lüğət məqaləni Amerika psixoloqu Vekslerin (en. David Wechsler)  1944-cü ildə intellektə verdiyi təriflə davam etdirir. : “İndividual, məqsədyönlü hərəkət etmək, rasional düşünmək və ətraf mühitlə effektiv rəftar etməsindən ibarət məcmu və ya qlobal qabiliyyətidir”

Amerika psixoloqu Robert Sternberq intellekti, real mühitə uyğunlaşmaq, bu mühitdə seçim etmək və onu formalaşdırmaqdan ibarət mental fəaliyyət hesab edir.  Azərbaycan Sovet Ensiklopediyasında intellekt məqaləsi belə başlayır : ( latıncadan –intellectus-idrak,düşüncə,anlayış ) –cisim və hadisələr arasındakı əlaqə və münasibətləri dərk edərək, insanın öz davranışını şəraitin tələbinə uyğun olaraq dəyişdirmək qabiliyyəti. İntellekt fəal və mürəkkəb idrak əməliyyatı sistemi olub ,yalnız həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil, insan fəaliyyətinin istiqaməti, təhrik və motivlərin xarakteri ilə müəyyən olunur “

İnsan intellektinin öyrənilməsinin erkən tarixi

İngilis polimat (red. ensiklopedist), antropoloq, tədqiqatçı, psixometrik və statistiki Frensis Galton (en. Francis Galton) dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını araşdıraraq qabiliyyətlərin irsən keçməsini öyrənən tədqiqat apardı.

 

 

Sir Francis Galton

Bu tədqiqatı o 1869-cu ildə “Hereditary Genius” kitabında təsvir etdi. Bir neçə il sonra Galton öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu kral cəmiyyətinə daxil olan alimlərə göndərdi. O, bu sorğu ilə respondetlərinin elmə olan marağının daşıdıqları irsiyyət ilə (dünyaya gəlmə, irq, məşğuliyyət) əlaqəsinin olub-olmadığını müəyyənləşdirməyə çalışırdı. Galton bu araşdırmaları 1874-cü ildə “English men of science  :Their Nature and Nurture” kitabında nəşr etdirdi. Bu tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiliyin və ya ətraf mühitin daha mühüm rol oynaması sualını ortaya qoymuş oldu. Bundan əlavə Galton ilk olaraq müxtəlif fiziki və mental göstəricilər arasında  korrelyasiyanı (red. Statistik əlaqə) ölçdü (1888). İntellektin öyrənilməsinin Galtonun bu tədqiqatları ilə başladığı hesab edilir.  Galton ilk olaraq nümayiş etdirdi ki, “Laplace-Gauss paylanması” (red. normal paylanma) insanın psixoloji xüsusiyyətlərinə, o cümlədən də, intellektə tətbiq oluna bilər.

1904-cü ildə Fransız hökuməti inkişafda gecikmiş uşaqların təhsili üçün plan hazırladı və bu iş üçün psixoloqlardan ibarət komissiya təyin etdi. Komissiyaya tapşırıldı ki, belə uşaqları müəyyənləşdirmək üçün mexanizm hazırlasın. Bu komissiyanın üzvü olan Fransız psixoloq Alfred Bine (fr. Alfred Binet) öz həmkarı Simon (fr. Theodore Simon) ilə birlikdə uşaqların qabiliyyətlərini müəyyənləşdirən, günümüzdə “Bine-Simon şkalası” adlanan testi hazırladı. Bu test sonradan Bine və Simon tərəfindən dəfələrlə təkmilləşdirildi. İngilis psixoloqu, faktor analizin müəllifi Çarlz Spirmen (en. Charles Spearman) 1904-cü ildə “ümumi intellekt” ideyasını təklif etdi.

Charles Spearmen

Spirmen mental testləri yerinə yetirmiş uşaqların nəticələrini gözdən keçirərkən müşahidə etdi ki, hər uşağın nəticəsini iki faktor istiqamətində bölmək olar. Bu faktorlardan biri həmin uşağın yerinə yetirdiyi müxtəlif sahələrə aid testlərdə eyni qalır. Digər faktor isə testdən-testə dəyişirdi və Spirmen bunu spesifik faktor adlandırdı.

1939-cu ildə Amerika psixoloqu Veksler müasirləşdirilmiş intellekt testini yaratdı. Əsasında “Bine-Simon” şkalası duran Vekslerin testi intellektin qiymətləndirilməsinə bir çox yeniliklər gətirdi. 1930-cu illərdə digər bir Amerika psixoloqu Terston (en. Louis Leon Thurstone) əvvəlki intellekt nəzəriyyələrindən daha fərqli olan “Əsas Qabiliyyətlər Teoriyası“nı yaratdı. O, intellekt testlərindən və bir qədər dəyişdiyi faktor analizdən istifadə edərək sübut etməyə çalışdı ki, intellekt 7 əsas qabiliyyət vasitəsilə üzə çıxır : Nitq səlisliyi, deyiləni dərk etmək, obrazları fəzada təsəvvür etmək, ədədlərlə işləmək, assosiativ yaddaş, mühakimə və qavrama sürəti.

İntellekt haqqında irəli sürülən bir sıra müasir nəzəriyyələrə diqqət edək :

Maye və kristallaşmış intellekt.

Amerika psixoloqu Reymond Kettell (en. Raymond Cattell) Spirmenin elmi fəaliyyətinin təsiri ilə insan intellektini tədqiq etməyə başladı. O, Spirmenin ideyasını davam etdirərək 1960-cı illərdə belə nəticəyə gəldi ki, ümumi intellekt 2 faktordan ibarətdir. Bu faktorları Kettell “maye və kristallaşmış intellekt” adlandırdı. Kettellə görə maye intellekt əvvəlki təcrübələrdən asılı olmadan, obyektlər arasındakı münasibətləri dərk etmək qabiliyyətidir.  Kristallaşmış intellekt isə əvvəllər əldə edilmiş təcrübələrə əsaslanaraq məsələləri həll etmək bacarığıdır. Beləliklə, obyektlər arasındakı əlaqələrin kəşf edilməsi, baş verən hadisələrdə qanunauyğunluğun aşkarlanması, məsələlərin yeni həll yollarının tapılması maye intellektlə əlaqədardır. Əldə edilmiş biliklərin tətbiqi isə kristallaşmış intellekt ilə bağlıdır.

Nəzəriyyənin müəllifinin və onun davamçılarının fikrincə maye intellekt erkən gəncliyə qədər inkişaf edir və sonra onun səviyyəsi enməyə başlayır. Kristallaşmış intellekt isə orta yaşlara qədər artır, bir müddət sabit qalır və tədricən azalmağa başlayır.

Çoxtərəfli intellekt

Amerika psixoloqu Gardner (en. Howard Gardner) tərəfindən 1983-cü ildə təklif edilən çoxtərəfli intellekt nəzəriyyəsinə görə bütün insanlar eyni tipli intellektə malik olmurlar.

 

Howard Gardner

Hər bir fərd fərqli sahələrdə başqalarından daha üstün intellektə sahib ola bilər. Gardner 7 belə sahə müəyyənləşdirdi və onları aşağıdakı kimi təyin etdi :

Bədən/Kinestetik intellekti – Bədənin və onun hissələrinin çevikliyi və qıvraqlığını, ətraflardan (əllər və ayaqlardan) müxtəlif işləri keyfiyyətlə yerinə yetirmək və yaradıcılıq üçün istifadə etmək qabiliyyətini əhatə edir ;

Vizual/Fəza intellekti – Fəzada obyektlərin bir-birinə nəzərən vəziyyətlərini, yerəşməsini müəyyən etmək və yerdəyişmə zamanı yarana biləcək dəyişikliyi təyin etmək qabiliyyətindən, obrazları və şəkilləri aydın təsəvvür etmə bacarığından ibarətdir;

Musiqi – İntellekti səsin yüksəkliyini, tonunu, ritmini ayırd etmək, müxtəlif səslərdən kompozisiya yaratmaq, melodiyanı səsləndirmək qabiliyyəti kimi müəyyən edilir ;

Verbal/Linqvistik intellekt – Dilləri öyrənmək qabiliyyətindən, fikrini şifahi və yazılı şəkildə dəqiq ifadə etmək bacarığından ibarətdir;

Məntiqi/Riyazi intellekt – Problemləri məntiqi analiz etmə, elmi tədqiqat aparmaq qabiliyyətlərindən, riyazi əməliyyatları aparma bacarığından ibarətdir ;

Interpersonal – İntellekt başqa insanları anlamaq, onların niyyətlərini, hisslərini başa düşməkdən ibarətdir;

İntrapersonal intellekt – İnsanın özünü anlaması, öz hisslərini,istəklərini, ehtiyaclarını müəyyən edə bilməsindən ibarətdir .

Sonradan Gardner daha 3 intellekt tipini siyahıya əlavə etdi. Bunlar aşağıdakılardan ibarətdir :

Naturalist intellekt – ətraf aləmi, təbiəti başa düşməkdən və onun qanunauyğunluqlarını anlamaqdan ibarətdir;

Spiritual/Ekzistensial intellekt – həyatın mənasını aramaq, həyat və dinə aid suallara cavab tapmaq qabiliyyəti ilə əlaqədardır;

Moral intellekt – başqa insanların maraqlarını nəzərə alaraq qərar qəbul etmək, gördüyü işlərə görə məsuliyyət daşıdığını anlamaq bacarığı ilə əlaqədardır.

Gardnerin fikrincə son 2 tip intellektə aid dəqiq fikirlərə gəlmək üçün çox tədqiqat aparılmasına ehtiyac var.

Üçtipli intellekt

Amerika psixoloqu Robert Sternberq 1985-ci ildə üçtərəfli intellekt nəzəriyyəsini təklif etdi.

 

Bu ideya əvvəlkilərindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Sternberqə görə intellekt 3 istiqamətdə inkişaf etməlidir.

analitik – insan aldığı informasiyanı analiz etməyi, müqayisə etməyi, qiymətləndirməyi bacarmalıdır;

kreativ (yaradıcı) – insan yeni ideyalar verməyi, problemlərin yeni həllini tapmağı, fərz etməyi, kəşf etməyi bacarmalıdır;

praktik – insan nəzəriyyələri tətbiq etməyi, öyrəndiklərindən praktik olaraq istifadə etməyi bilməlidir.

Sternberg hesab edir ki, müasir təhsil sistemi insanların ancaq bilikləri yadda saxlamaq və analiz etmək qabiliyyətlərini qiymətləndirir. Bu zaman yaradıcılıq və bilikləri praktikada tətbiq etmək qabiliyyəti diqqətdən kənarda qalır.

 

Emosional intellekt

Emosional intellekt anlayışı psixologiyaya H.Gardnerin, P.Saloveyin və J.Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. Lakin emosional intellekt nəzəriyyəsi Daniel Golemanın “Emotional İntellegence” adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti Gardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.

Salovey və Mayerə görə emosional intellekt “özünün və başqalarının hisslərinə və emosialarına diqqət edərək onları bir-birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir”

Golemana görə emosional intellektə aşağıdakı sahələr daxildir:

Özünü dərk etmə – öz emosialarını dərk etnə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam;

Özünü idarə etmə – öz emosialarını idarə etmə,etibarlılıq ,uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;

Sosial həssaslıq– empatiya , təşkilat daxilində başqalarına qarşı diqqətlilik

Münasibətlərin idarə edilməsi- ruhlandırıcı rəhbərlik, təsiretmə , başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.

http://www.tecweb.org/styles/gardner.html

http://www.sciencedirect.com/science/article/pii/S0191886916302872

 

STAY CONNECTED

18,757FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.