İntihar

0
10

İntihar tarixi

İnsanların ilk dəfə nə vaxt intihar etmələri hələ də öz sirrini qoruyur. Çünki ölüm elə həyat qədər qədimdir. Ancaq bu da məlumdur ki, uzaq keçmişdə insanlar ölüm və ölümdən sonrası haqqında çox düşünüblər və nəticədə, özlərindən dəfələrlə güclü tanrılar və böyük insan kütlələrinə təsir edən dinlər yaradıblar.

Günümüzdə haqqında çoxlu məlumat toplanan qədim Misirdə də intiharın qadağan olunması ilə bağlı hər hansı qayda-qanun yox idi. Əksinə, intihar qədim misirlilər tərəfindən fiziki və mənəvi problemlər səbəbindən həyatın sonlandırılması üçün ləyaqətli üsul hesab olunurdu. Digər iki böyük mədəniyyətdə də, Roma və Yunanıstanda intihara münasibət qədim Misirdə olduğu kimi idi. Romada sağalması üçün bütün çarələr tükəndiyi zaman həkimlər tərəfindən xəstələrə təklif olunurdu. Hətta, aralarında xəstə insanların olmasını istəməyən qohumlar da xəstəyə intiharı məsləhət görürdülər.

Tarixdə intihara qarşı ilk fikir Sokrat tərəfindən irəli sürülmüşdür. O, düşünürdü ki, insanlar tanrılara aiddir və öz həyatları üzərində heç bir hüquqa malik deyillər, bir sözlə, intihar etmək haqları yoxdur. Bununla belə, Sokrat Afinada çıxarıldığı məhkəmə tərəfindən təqsirli hesab olunaraq zəhər içməklə intihar etməsinə qərar verildi. Bu hadisə isə tarixin ironik səhnələri arasında öz yerini aldı.

Məşhur yunan materialisti Epikür həyatdan daima zövq almağın tərəfdarı idi. Sokratdan fərqli olaraq o, həyatdan daha həzz alınmadığı təqdirdə intihar etməyi təbliğ edirdi.

İntiharın sosiologiyası

İnsan dünyaya gözlərini açdığı andan yaşamaq uğrunda mübarizəyə başlayır. Təbiətdə bu mübarizə fiziki cəhətdən daha şiddətli gedir, sivilizasiyaya sahib cəmiyyətlərdə isə bu mübarizə ətraf mühitə görə vəhşi təbiətdən müəyyən qədər fərqlənsə də, mahiyyət etibarilə olduğu kimi qalır. Ola bilsin ki, intihar insan təbiətinə ziddir, ancaq əlverişsiz şəraitdə insana qarşıdır. Bu əlverişsiz şəraitə qarşı olan mübarizədə isə hamının eyni müqaviməti göstərməsi mümkün deyil.

Sosioloqlara görə, cəmiyyətin fərd üzərində idarəsi, gücü zəiflədiyi zaman intihar baş verir. İntiharla bağlı bir çox nəzəriyyələr fransız sosioloq Emil Durkaymın (Emile Durkheim) işlərinə əsaslanır.

Məhz Durkaym intiharın sosioloji səbəblərini (lat. socius – cəmiyyət, logos – elm, cəmiyyətlə bağlı) öyrənmiş və onları 3 qrupa ayırmışdır.

  • Eqoistik intihar

Fərdin aid olduğu din, ailə, siyasi qrup və s. tərəfindən kifayət qədər qorunmadığı halda baş verir. Başqa sözlə desək, fərdin cəmiyyətlə və ya bağlı olduğu qrupla əlaqəsi zəifləyir və özünü yalnız hiss edir. Bu halda fərd üçün daha həyatın mənası olmur və o, intihar edir.

Durkaym Avropa cəmiyyətlərini də analiz edərək statistikaya əsasən, katoliklərdə intihar edən insan miqdarının protestantlardan daha az olduğunu demişdir.

Bu statistika aşağıdakıdır:

– hər 1 milyon insanda intihar miqdarı;

– protestant cəmiyyətlərdə – 190

– protestant və katolik (qarışıq) cəmiyyətlərdə – 96

– protestant cəmiyyətlərdə – 58

Durkayma görə, bunun səbəbi protestantlığın katolikliyə nisbətən daha azad olmasıdır.

Fərdin aid olduğu siyasi qrup da (partiya, hərəkat və s.) onu intihardan uzaqlaşdırır. Belə ki, siyası qarışıqlıq zamanı fərdin aid olduğu qrup onun bütün həyatını əhatə edir və o, özünü yalnız hiss etmir.

Fərdi cəmiyyətə yaxınlaşdıran faktorlardan biri də ailədir. Durkaym ailəni siyasi qrupla eyni funksiyaya sahib olduğunu deyərək bütün cəmiyyətlərdə evlilərlə müqayisədə subaylarda daha çox intihar halları baş verdiyini vurğulamışdır. Hətta, evlilər arasında da uşaqsız ailələrdə uşaqlı ailələrə nəzərən daha çox intiharlar olduğunu qeyd etmişdir.

  • Altrustik intihar

İnsan təkcə cəmiyyətdən uzaqlaşdığı zaman yox, həm də cəmiyyətə çox yaxın olduğu zaman da intihar edir. Buna misal olaraq, Hindistanda ərləri ölən qadınların özlərini 1 gün ərzində yandırmalarını (bu ritual “Sati” adlanır) göstərmək olar. Hər nə qədər “Sati” qanunnamə ilə qadağan edilmiş olsa da, hələ də Hindistanın Bengal və Rajastan bölgələrində bunun nümunələrinə rast gəlmək olar.

Altrustik intiharlarda fərd cəmiyyətdəki bir missiyanı yerinə yetirmək üçün özünə qəsd edir. Bu hallarda həyat insan üçün hələ də mənalı yaşamağa dəyər olur, ancaq o, həyatını daha ali hesab etdiyi bir məqsəd üçün fəda edir.

  • Anomik intiharlar

Bu tip intiharlar sosioloji böhran, cəmiyyətdə baş verən kəskin dəyişikliklər zamanı özünü büruzə verir.

Bir çoxlarının fikrincə, səfalət intihara səbəb olur. Durkaym isə məsələyə daha fərqli yanaşaraq baş verən iqtisadi böhranları anomik intihar üçün olan səbəblərdən biri kimi göstərmişdir. Onun fikrincə belə böhranlar istər zənginləşməyə, istərsə də yoxsullaşmağa səbəb olsa da, fərdin həyatında böyük dəyişikliklər yaradır. Bir sözlə, onun həyatını alt-üst edir. İntihara səbəb isə məhz bu disbalansdır (qarışıqlıq).

İqtisadi böhranlar insan həyatında  disbalans yaradan yeganə faktor deyil. Belə ki, evli cütlüklərdə boşanma və ya onlardan birinin ölməsi fərdin alışdığı həyatını darmadağın edir. Dul kişi və ya qadınlar  evlilərdən və həmçinin, subaylardan  diqqətə çəkəcək dərəcədə çox intihar edirlər. Bununla bağlı statistika aşağıda verilmişdir:

Hər min evlilikdə illik boşanma, hər 1 milyon (orta göstərici) nüfusda intihar:

Boşanmanın az olduğu cəmiyyətlər:               2.07                                     46.5

Boşanmanın orta olduğu cəmiyyətlər:           6.4                                       109.6

Boşanmanın yüksək olduğu cəmiyyətlər:      37.3                                      257

İntiharın qadağan olunduğu cəmiyyətlərdə qadınlarda intihar miqdarı kişilərə nisbətən az olur. Əgər boşanma qadağandırsa və ya cəmiyyət tərəfindən olan təzyiq nəticəsində boşanma sayı azdırsa, bu zaman qadınlarda kişilərə görə daha çox intihar  halları baş verir. Məlumdur ki, boşanma qadağası və ya buna görə olunan sosioloji təzyiq birbaşa kişinin lehinədir. O vaxt ki,  evlilik dözülməz olur, tək çıxış yolu kimi qadın intihar edir.

Bir halda ki, bu yaşamaq və ölümü müəyyən edir, insan ani olaraq intihar etmir. Bunun üçün “intiharın davamlılıq modeli” öyrənmək lazımdır. Professor Faust (Voler Faust) “Psychatrie Heute” adlı əsərində bu haqda qeyd edir:

Passiv suisidallıq

Passiv suisidallığa (ing. suicide – intihar) sahib ola insanda həyatındakı monotonluq və rahatlıqdan sıxılır və onda ölüm arzusu baş qaldırır. Bunu günümüz dünyasında bir çox inkişaf etmiş ölkələrdə, məsələn, İsveç, Danimarka və s.-da asanlıqla müşahidə oluna bilər

Daxilən artan istək nəticəsində, intihar etməklə bağlı fikirlər tez-tez ağla gəlir. Artıq intiharın mümkünlüyü haqda ciddi şəkildə düşünülür və nəhayət, buna qərar verilir.

Aktiv suisidallıq

Bu zaman insan məqsədli şəkildə harda, necə və nə zaman intihar edəcəyini planlayır və buna hazırlıq görür. Sonda isə intihar aktı baş verir.

İntihar və intihara təşəbbüs

Bu iki anlayışı bir-birilə qarışdırmaq olmaz. Belə ki, intihar insanın öz arzusu ilə özünə qəsd etməsidir. İntihara təşəbbüs zamanı isə insan həyatından istifadə edərək nələrisə dəyişdirmək istəyir. Məsələn, birini ağır psixoloji-travma və qorxudan sonra hansısa binanın yuxarısına çıxıb istəkləri qarşılanmasa, özünü atacağını iddia etməsi ya da insanın subletal (ölümə səbəb olan miqdardan az) dozada dərman qəbul etməsi intihara təşəbbüsə nümunə ola bilər. Hər nə qədər bunlar intihar məqsədilə edilməsə də, kiçik ehtiyatsızlıqlar ölümə gətirə bilir.

Eyni anda özünə qəsd edən insanların sayına görə də intiharlar bir-birindən fərqlənir. Buna iki insanın birlikdə intihar etməsi mənasına gələn “ikili intihar”ı (alm. Doppel Suizid) aid etmək olar. Başqa örnək isə paranoid depressiyada olan ananın psevdo-altrustik şəkildə kiçik uşağını özü ilə birlikdə öldürməsidir.

İntiharın say baxımından digər növü isə  “toplu intihar”-dır, hansı ki, bir çox dini ayinlərdə də buna rast gəlmək olar.

1978-ci ildə şimali Kaliforiyada Cim Cons (Jim Jones) qurduğu “People’s Temple” (Xalqın məbədi) təriqətinin insanları ilə birlikdə intihar etmişdi. 276-sı uşaq olmaqla, 900 nəfərin özünə qəsd etdiyi bu hadisə tarixin ən böyük toplu intiharlarından biridir.

Bir çoxları xristianlıqda intihar etmənin günah olduğunu deyərək buna qarşı çıxmışdı. Cim Consun cavabı isə belə idi :

“Biz intihar etmirik, biz dünyadakı qeyri-insani həyat şəraitinə inqilabi şəkildə etiraz edirik.”

Düşərgəsinə topladığı insanlara onların qanına sianid yeridildikdən sonra zəhərli içkiləri içmələrini istəyərkən bu sözləri demişdi:

“Övladlarım, ölümdə böyük bir şərəf var. Bu, öləcək olan hər kəs üçün böyük bir tamaşadır. Ölümdən qorxmayın, ölüm sadəcə fərqli bir formaya (boyut) addım atmaq kimidir.”

Qarşı çıxanların hamısı ya intihara məcbur edilmiş, ya da güllələnərək öldürülmüşdür.

FBİ araşdırması bitdikdən sonra içində Cim Consun intihar günü etdiyi çıxış olan səs yazması virtual dünyada sürətlə yayılmışdır.

21-ci əsrdə tez-tez haqqında eşitdiyimiz intiharlardan biri də terrorist intiharlardır. Ancaq buradakı fərq terroristin başqa insanları öldürmək üçün özünü fəda etməsidir.

Terror intihar cəhdləri fərdi intihardan fərqli olaraq, əslində prosesi həyata keçirən şəxsdən çox, üçüncü şəxsləri və başqa varlıqları hədəf aldığı üçün mahiyyət etibarilə cinayət hesab olunur. Terror hücumu üçün seçilən insanlara baxsaq, görərik ki, duyğuları asanlıqla hərəkətə keçirilə biləcək adamlar arasından seçilirlər. Həm də bu insanlar, əsasən cəmiyyətdə özünə yer tapa bilməyənlər arasından seçilir. Bu insanın içində özünü fəda etmək, bir qəhrəman olmaq duyğusu ön plana çıxa bilir.

İntihar terrorizminin altında daha çox “şəhid olmaq” inancı yatır. Bir növ dini duyğuların pis əməllər uğrunda istifadə edilməsi də deyə bilərik. Ümumiyyətlə, yetişdirilən dindar insanlar o biri dünya ilə bağlı vədlərə daha rahat inanırlar. Ən böyük mükafat onların olacaq: həm cənnətə gedəcək, həm də öldükdən sonra dünyada qəhrəmanlaşaraq ölümsüz olacaq.

 

Mənbə:

http://www.intihar.de/sosyolojik.htm

 

https://listelist.com/jonestown-katliami/

 

http://mukaddime.artuklu.edu.tr/issue/27714/292514

 

Redaktə etdi: Fatimə Əliyeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here