İosif Brodski – Yeni Jül Vern

Post date:

Author:

Category:

Yeni Jül Vern

Tərcümə: Səlim Babullaoğlu

I

 

Üfüqün qənirsiz zolağı, dümdüz, aydın.
Korvet suları yarmaqda profiliylə Frans Listin.
Kəndirlər gərilir. Lüt meymun
sıçrayır səs-küylə otağından naturalistin.

 

Delfinlər üzür yaxında. Kim isə demişdi bir dəfə:
yalnız bardakı şüşələr asanca tab edir dənizdə yırğaya.
Külək kənara uçurur sonluğu – bitmir lətifə,
yumruğu düyülmüş kapitan tez cumur dirəyə, qarğıya-qarğıya.

 

Arabir ümumi kayutda akkordlar səslənir sonuncu işindən Bramsın.
Pərgarla oynayır şturman, düşünür qüssəylə
hərəkət xəttini.  Durbindən  görünən sahənin hamısı
qabaqda daha tez qovuşur gəmidən arxada qalan hissəylə.

 

II

Sərnişin seçilir matrosdan
ipək paltarın xışıltı səsinə,
yeyəcək-yatacaq şərtinə,
mənasız suala görə ki, heç düşmür ağızdan.

 

Matros seçilir leytenantdan
paqonun yoxluğu,
yaşının azlığı-çoxluğu,
əsəbə görə ki, kəndir tək çəkilib tarıma.

 

Leytenant seçilir kapitandan
nir-nişan və baxış fərqiylə,
Fransuaz və Blanşın şəkliylə,
və həm də halidir Mopassan, “Xalis zəkanın tənqidi”, “Kapital”dan.

 

Kapitan seçilir admirallardan
öz-özü barədə “tənhayam” fikrinə,
maviyə etdiyi nifrinə,
və ona görə ki, qaynata evində son şənbə, qonaqlıq çıxmır yadından.

Və yalnız bir gəmi seçilmir başqa bir gəmidən.
Yalnız dalğalar üstündən aşan bir gəmi
yaradır eynilə həm ağac, həm də ki bir durna görkəmi-
ayağı altdan yer qaçıb həm də.

 

III

 

Ümumi kayutda söhbət

 

“Əlbəttə,  vəhşidir  ershersoq!  Amma ki düşünsək dərindən,
söyləmək gərəkdir, onun da yox deyil bir para xidməti…”
” Kölənin söhbəti ağadır. Ağanın mövzusu kölənin xisləti”.
“Qurtuluş kəməri tapılmır!” “Qeybətin kəməri həmişə yerində”.

 

“Əntiqə heresdir!” “Mən bütün gecəni qalmışam yuxusuz.
Günəşə nə deyim: kürəyim yanıbdı büsbütün”.
“Bəs çatlar… su sızsa, nə olsun? Hardansa oxudum, sızmalar mümkün.
Təsəvvür eləyin, çatlar açılıb, su dolur, batırıq…Qorxmusuz

 

nə vaxtsa batmaqdan, leytenant?” “Qətiyyən. Hərçənd ki dişləyib akula”.
” Eləmi? Maraqlı gəldi lap… Bəs, sızma olarsa… Təsəvvür eləyin…?!”
” Bəlkə bu qaldırar 12b-dəki xanımı yuxarı cəld-yeyin…”
“O kimdir ?” “General qızıdır , son ünvan – Kürasao…” “Əlli də – tekila!”

IV

Göyərtədəki söhbətlər

“Professoram, gənc ikən məni də sarsardı min xəyal,
ya ada, ya heyvan, ya mikrob kəşf etmək – arzumdu”.
“Bəs, sizə nə mane oldu ki? “Heç mənlik deyildi, elm bir zülümdü.
Bir də ki…” Tıs-fıs… “Üzrlər… nə dediz?” ” Heç nə… dişlərim…mənfur  metal”.

 

“İnsan deyilən varlıq, axı o kimdir?! Vur-tut milçək! ”
” Müsyö, orda, Rusiyada, sizdə də olurmu “rezin”?”
“Dişləmə, Valdemar!  Valdemar, di əl çək!
“Unutma… Mən axı…” “Xalaqızı, əvf edin! ”

 

“Mənə bax, ağıllı?” “Nə olub?” “Nədir o eləcə qaralır uzaqda?!”
“Hardadı?” “Bax, bortdan sağdakı”. “Görmürəm”. ” Bax, orda” “Aha, o…
Yəqin ki, balina. Bükməyə nəsə var? ” “Qəzetdi ancaq…
Amma o böyüyür! Bax bircə!… Oho-o… ”

 

V

Dənizlər bir xeyli maraqlı qurudan.
Həm də ki hər şeydən çəkici.
Həm çölü, həm içi.
Balığı dadlıdır armuddan.

 

Quruda vur-tut dörd divar, bir də dam var.
Qorxarıq biz qurddan, ayıdan.
Ayıdan daha çox; bəzən “Mişa” da çağırar adamlar.
Ağlımız çatsa, ayama qoşarıq Fedyadan- zaddan.

 

Dənizə belə şey xas deyil.
Öz vəhşi, əzəli halıyla balina
bu Borya adını görəsən neyləyir,
ondansa, gəl, Həbəş söyləyək adına.

 

Dənizin anidən sovqatı bəs qədər, bəzisi heç də xoş deyil.
Axtarsaq, səbəb də görmərik çoxunda.
Nə Ayın ləkəli üzündə suç gəzmək iş deyil,
nə qəzəb püskürən kişidə, qadında.

 

Bizdən də soyuqqanlıdır dənizdə məxluqat, iyrənc görkəm
bizi də üşüdər hətta quruda; hətta bazarda satılan balıqsa.
Və əgər Darvin baş vura bilsəydi dənizin dibinə, əminəm,
“çəngəllik qanunu” nə imiş – bilməzdik, ya da ki düzəliş edərdik, alınsa.

 

VI

 

“Kapitan,  burada  batıbdı “Qara prins”
naməlum səbəbdən”. “Şturman Bens!
Kayuta qayıdın, doyunca yatın siz”.
” Burada batıbdır  rusların “Vityaz”ı.
“Şturman Bens! Buraxın bu nazı,
zarafat etmirəm”. “Naməlum… ən azı…”

 

Yolundan sapmadan üzməkdə korvet.
Arxada Avropa, Asiya, Afrika –
Yeni və Əski bir dünya var – sərvət.
Hər yelkən böyürdən  “sual”dır elə bil,
cavablar boşluqda gizlənib, əlbət…

  

VII

 

“İrina, mənə bax!” “Qulağım səndədir”. ” İrina, ayıldın?!”
“Axı mən yatıram”. ” Fərq etməz. Bura bax. O nədir ?” “Hardadır?”
” Şüşədən çölə bax”. ” Məncə o…deyəsən  sualtı qayıqdır?!”
“Axı o qıvrılır !” “Nə olsun, qıvrılır, axı o sudadır.
Dənizdə hər bir şey belədir, əzizim”. “İrina!” “Ey, dartma, neynirsən,

 

çılpağam! ?!””Bir bax da!” “Ay Allah, neynirsən, ay haray!
Yaxşı da baxıram. Hə, gördüm. Qıvrılır….Amma bu…bilirsən…
Bu nəhəng qaniçən… İçəri soxulur, kömək et, Nikolay!

 

VIII

 

Kənardan cansızdır dənizlər, hərçənd
qaynar bir həyatla doludur, bunu sən
suların  dibinə enmədən bilməzsən.

 

Təsdiqlər bu qaynar həyatı atılan torlarla balıqçı kisəsi,
ya da ki, dalğanın xəfifcə rəqsi-
ədyal altında baş verən cəngin elə bil bir lal güzgüdə əksi.

 

Sürətlə üzər su üstdə adamlar.
Su altda sürəti itirər onlar.
Su içmək istər hamı da bir damla

 

Su altda: quruyar boğazın qupquru;
çox qısa sanarsan yaşanmış ömürü;
uzağı sualtıqayıqsan- sivri.

 

Ağzın qovuqcuq buraxar bolluca.
Gözündə şəfəqin bərqi sönüncə
beynində küt bir səs sayar üçəcən.

 

IX 

“Əzizim Blanş, sənə yazıram qarnında oturub nəhəng bir ilbizin.
Möcüzə sanki, salamat qalıbdı şəkilin, qələmim, kağız-kuğuzum.
Nəmişlik canımı sıxır, amma təkliyi duymuram bir elə mən, düzü,

 

yanımda bir cüt vəhşi var daima, birisi gitara çalır – ulduzdu.
Ən əsas budur ki, zülmətdir düz-dünya. Güc-bəla sezirəm –
qübbələr, ya tağlar sataşır gözümə. Başımda səs-küy var, deşilir qulağım.
Həzmetmə sistemi-tədqiqat mövzum, mən buna indilik ciddi cəhd edirəm.
Yeganə xilas yolu bu hələki. Öpürəm. Salamat. Sənin Jakın “.

 

“Yəqin ki anamın bətni də beləymiş, sağ olsun, ilbiz də pis deyil hətta.
Ya batıb qalardım dənizin dibində, ya da ki yeyərdi məni akula.
Axtarış hələ də davam eləyir. Vəhşilər bir işə yaramır, əlbəttə.

 

Nə desəm, döyüküb baxırlar üzümə, yəqin ki, söyürlər, eybi yox, nə olar…
Ətrafda sonsuz tunellər vardır, çoxlu qıvırılan, sürüşkən qollar.
Elə bil hansısa sirli bir yerdi, sarmaşıq dolanbac yeraltı məkan.
Bəlkə də ağlım çaşıbdır, amma, dünən biriylə rastlaşdım yolda.
Adını söylədi, quruyub qaldım, dedi ki, Nemoyam, yəni ki, kapitan…”

 

“Yenə də Nemo. Qonaq çağırdı. Gedəsi
oldum. O özü böyüdüb söylədi ilbizi.
Hamıya üsyandır guya bu həşərat. Ailəsi
var imiş. Qadını və sair. Sonrasa, lap düzü,
qalmayıb bir yolu. Deyir ki, dünya boğulub şərdə.
Deyir ki, ilbiz (İlya – qısaca)
qəddar qəlbləri məhv edir Yerdə.
Ölməzlik vəd edir yanında qalsam” .

 

“Çərşənbə axşamı. Nemoyla şam etdik. Şərabdan, kürüdən azacıq daddıq
(“Prins”dən, “Vityaz”dan ərməğan idi).  Yemək çəkirdi bizə vəhşilər
ağappaq dişini ağardıb arada. Yenə də ölməzlik barədə danışdıq,
dünənki mövzunun davamı kimi. Sonra Paskal, “La Skala”, son işlər.

 

Təsəvvür elə – axşam və şamlar. Büsbütün nəhəng ilbizdir hər yan.
Bir də ki Nemonun uzun saqqalı, körpə tək məsum mavi gözləri.
Ürəyin ağrıyar bir anlıq düşünsən: bu qədər tənha olarmış insan.

 

(Bu yerdə qırılır leytenant Bensin Blanş Delarüyə yazılan sözləri).

 

X 

Elə ki, gəmilər  qayıtmır məlum limana
nə vaxtlı-vaxtında, nə də gec,
Şirkət rəhbəri söyləyir: “Lənət şeytana!”
Admiral: “Ya Rəbbim, kömək et! ”
Onlar səhv edir. Onlar haradan bilsin

 

nə olub? Dindirsən dinərmi qağayı,
ya da ki ağızı dopdolu  akula nə desin?
Dalınca it salmaq onların havayı

 

bir işdir. Və axı, doğrusu,
iz nədir dəryada? Bunlar quruca
xülyadır. Dənizin növbəti uduşu
sonsuz savaşda quruyla.

 

Dəryada hadisə qəfildən baş verir.
Və sonra dalğalar didərgin şeyləri bir xeyli incidir və əzir-
bir lövhə, ya dirək qırığı, qurtuluş kəməri.
Heç yerdə tapılmır əl izi.

 

Vaxt ötür, payız və qış gəlir dalınca.
Güclənir gilavar. Ən mahir vəkili
təbdən çıxaran susqun dalğalar geriyə gəlincə
süslənir, üstündə yellənir qürubun əklili.

 

Və məlum olur ki, yoxdur heç nəticə
ha sual versən də gərilən boğazla –
üfüqə şərqilər oxuyur sakitcə
o mavi qırışlar eyni bir avazla.

 

Arada qəzetlər yazırlar yenə də boşuna dartışıb
çoxdankı o lafı ; ya da ki lağlağı.
Qəhvəyi libaslı bir qadın qapının tirindən yapışıb,
halsızca oturur aşağı.

 

Üfüqün eyni açılır yenə də. Duzun və yodun.
qoxusu havada. Uzaqda qaralır tutaraq ahəngi
yellənir naməlum bir əşya suda . Lloydun
mülkündə boğunuq sədayla çalınır kilsənin zəngi.

STAY CONNECTED

20,128FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...