İqtisadiyyata giriş

Post date:

Author:

Category:

İqtisadiyyatın həyatın bir istiqaməti olması, hələ onun elm kimi formalaşması demək deyil. Ayrı bir anlayış və tədqiqat sahəsi kimi, iqtisadiyyat yalnız insanlar arasında müəyyən qaydaların və icmalar arasında münasibətlərin formalaşması nəticəsində mümkün oldu. İqtisadi elm predmetin əsasını təlimlər təşkil edir. İqtisadi təlimlər isə cəmiyyətin iqtisadi həyatında baş verən dəyişikliklərlə əlaqədar iqtisadi sistemlərin bir-birini əvəz etməsinin qanunauyğunluqları tədqiq edir. Eyni zamanda bu əvəz etmə baş verəndə insanların davranış qaydaları da dəyişir və bu dəyişikliklərin məntiqi də predmetin vacib hissəsidir.

İndiki formada mövcud olan iqtisadi nəzəriyyə təxmini 250 il əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlməsinə baxmayaraq ilkin olaraq iqtisadiyyat ilə bağlı müxtəlif təlimlər və fikirlər ondan əvvəl də mövcud idi. İlk fikirlər hələ Qədim Yunanıstanda irəli sürülmüşdü. Amma bu fikirlər çox da yayıla bilmədi. Müvafiq iqtisadi münasibətlər buna imkan vermədi. Yalnız min ildən çox müddət keçəndən sonra ilk formalaşmış iqtisadi nəzəriyyə irəli sürüldü. Bu da merkantilizm nəzəriyyəsidir. Merkantilizmə qədər iqtisadi nəzəriyyə müstəqil tədqiqat sahəsi olmamışdı. Aparılan iqtisadi tədqiqatlar sistemsiz şəkildə həyata keçirilirdi və hətta iqtisadi fəaliyyətin özü belə müstəqil fəaliyyət sahəsi kimi qəbul edilməmişdi. İlk dəfə “siyasi iqtisadiyyat” terminin tətbiqi məhz merkantilistlərə aiddir.

Alimlər merkantilizm nəzəriyyəsinin inkişafını ümumi olaraq iki dövrə bölürlər: ilk dövrünü XV-XVI əsrlərə, ikinci dövrünü isə XVII əsrə aid edirlər. Onları ümumiləşdirən cəhətlərə pulun vacibliyi (pul ticarəti stimullaşdırır), “aktiv ticarət balansı” (ixracat daima xeyir verir, amma idxal əksinə), yerli sənayenin inkişaf etdirilməsi aid etmək olar. Sadəcə bu məsələlərə yanaşmalar bir qədər fərqlənirdi. Merkantilizm iqtisadi siyasət və iqtisadi nəzəriyyələr sistemi kimi fəaliyyət göstərirdi. İqtisadi siyasəti ölkədə və dövlət xəzinəsində qiymətli metalların, yəni pulun hər vasitə ilə toplanmasından, nəzəriyyəsi isə iqtisadi qanunauyğunluqları tədavül sahəsində, xüsusən xarici ticarətdə və pul dövriyyəsində axtarılmasından ibarət idi. Merkantilist siyasətin əsas məqsədi dövlətin sərvətini və qüdrətini artırmaq idi. Bunun yolları isə “ticarət sistemində” axtarılırdı. Müvafiq olaraq merkantilizmin ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini müdafiə edirdi. Ümumiyyətlə merkantilizmin inkişaf dövrü natural təsərrüfatın bazar münasibətləri tərəfindən sıxışdırılması dövrü idi. Məhz buna görə, merkantilistlər əsas diqqətlərini tədavül sahəsinə yönəldirdilər. Onlar istehsala sadəcə olaraq sərvəti artırmaq üçün bir vasitə kimi baxırdılar: istehsal xarici ticarətin məqsədinə tabe etdirilir. Karl Marksın fikrincə bu dövr “kapitalın ilkin yığım” dövrünə aid idi. Başqa sözlə vəsait gəlməlidir, amma getməməlidir. Bu şəraitdə istehsal pulun xaricə axmasına əngəl kimi görünürdü.

Məhz merkantilistlərin iqtisadi ideyaları (Fransada ən böyük təmsilçi 17-ci əsrdə faktiki hökumət rəhbəri olan Can Batist Kolber idi və merkantilizim onun adı ilə bağlanırdı) ilə mübarizə nəticəsində fiziokratlar məktəbi yarandı. Bu məktəbin nəzəri əsaslarını qoyan fransız həkim Fransua Kenedir. O yazılı olaraq, fiziokrat ideyaların “İqtisadi cədvəl”-də göstərmişdi. Fiziokratların merkantilistlərdən əsas fərqi varlığın mənbəyi ilə bağlı idi. Belə ki, adından da başa düşüldüyü kimi (“fiziokratizm” – “təbiətin hakimiyyəti”), bu məktəbin nümayəndələri əsas gəlir mənbəyi kimi torpağı qəbul edirdilər və onların fikrincə mənfəət yalnız kənd təsərrüfatı sahəsində yaranan əlavə istehsalın nəticəsidir. Bu məktəbin əsas prinsipləri bunlardır:

  • Varlıq ticarətdə yox, kənd təsərrüfatında yaranır – əsas iqtisadi sahə kimi kənd təsərrüfatı və əsas mülkiyyət kimi torpağ başa düşülürdü.
  • Cəmiyyət üç təbəqəyə bölünür: birinci təbəqə fermerlər, ikinciyə sənətkarlar, sənaye işçiləri, ticarətçilər və ev qulluqçuları aid idi, üçüncünü isə torpaq sahibləri təşkil edirdi  (Kene onları: “istehsal təbəqəsi”  (əkinçilər), torpaq sahiblərin təbəqəsi və “səmərəsiz” təbəqə (sənaye işçiləri, ticarətçilər və digərləri) adlandırdırdı).
  • Yalnız fermerlərin əməyi mənfəət yarada bilər. Beləliklə əsas gəlir mənbəyi qismində torpaq rentası çıxış edir.
  • İstehsal amilləri arasında xüsusi rol torpağa aiddir.

Merkantilistlər ilə mübahisə nəticəsində isə klassik siyasi iqtisadiyyat formalaşdı. Klassik iqtisad elminin banisi Adam Smit hesab olunur. Şotland əsilli olan iqtisadçı ümumi olaraq iqtisadi nəzəriyyənin banisi və indiki formada təhlil etdiyimiz elmin başlanğıcını qoyan insandır. 10 illik işin və Avropa üzrə səyahətin nəticəsi olaraq, 1776-ci ildə “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (ing. An Inquiry into the Nature and Causes of the Wealth of Nations) adlı yayımlanan əsəri oldu. Çap olunduqdan sonra böyük uğur qazanan kitab, Smitin dünyada məşhur iqtisadçı kimi tanınmasının da əsas səbəbi olmuşdur. Bu əsər xalqların sərvəti iqtisadi prinsiplərin ortaya çıxmasını və eyni zamanda müstəqil və sistematik hala gəlməsini təmin etdiyi üçün iqtisad elminə ciddi təsir edib. Bu kitab “azad ticarət”, “iqtisadi insan”, “gözəgörünməz əl”, “rəqabət” və digər iqtisadi təməl anlayışlarını ilk dəfə istifadə edən əsərdir. Bu əsər ilk dəfə idi merkantilizm nəzəriyyəsinə tam qarşı olan bir iqtisadi əsər kimi tarixə daxil oldu. Eyni zamanda, “Xalqların sərvəti” ABŞ və İngiltərədə baş verən iqtisadi prosesləri tədqiq edən və onları nəzəri olaraq izah edən, bu proseslərin vacibliyini və gələcəyini tədqiq edən elmi əsərdır. Hətta iki əsr sonra A. Smit tərəfindən daxil edilmiş “azad ticarət” anlayışı iqtisadiyyatın əsas inkişaf prinsipi kimi başa düşülür. Onun istifadə etdiyi metodologiya indiki vaxta kimi “laissez-faire” adı ilə qalıb.

Qeyd etdiyimiz kimi, merkantilistlərin bazis fikirlərindən biri, dövlətin iqtisadiyyatda aktiv iştirakıdır. Buna qarşı çıxış edərək, A. Smit qeyd edib ki, azad bazarlar hər nə qədər qarışıq və idarə olunmayan görünsələr də, əslində bir “gözəgörünməz əl” tərəfindən tənzimlənir. Məsələn, bir məhsulda istehsal əskikliyi olduğunda qiymət artır və bu vəziyyət sonda qıtlığa son verir. Əgər bazara həddindən artıq istehsalçı daxil olarsa, istehsalçılar arasında rəqabətin artması qiymətlərin düşməsinə səbəb olaraq, məhsulun təbii qiymətinə satılmasına yol açır. İqtisadi mənfəət göstəricisi ortalama bazar qiymətində sıfırlanarsa da mal və xidmət istehsalı üçün təşviq ortadan qalxmır, çünki bütün istehsal məsrəfləri, istehsal olunanın qiymətinə təsir etməkdədir. Əgər qiymətlər orta mənfəət göstəricisindən aşağı səviyyəyə düşərsə, istehsalçılar bazardan çıxmağa başlayırlar. Mənfəət göstəricisinin sıfırdan yüksək olduğu müddət ərzində, istehsalçılar bazara girməyə davam edirlər. Beləliklə, onun sözlərinə görə, iqtisadi münasibətlərin və alıcı-satıcı münasibətlərin əsasında rəqabət durur. Bu məqsədlə, Smit təklif və tələb bərabərliyini avtomatik olaraq gerçəkləşdirən qiymət mexanizmi üzərində dayanmaqdadır. Smitə görə qiymətlər tarazlıq ünsürüdür. Smitə görə gömrük rüsumları, vergilər və digər ödənişlər uzun müddətdə yüksək qiymətlərə səbəb ola bilərlər.

Əməyə münasibətdə, Smit qeyd edir ki, əməyin iki forması olur: məhsuldar və qeyri-məhsuldar. O, yazır, “sərf olunan bir növ əmək, predmetin dəyərini artırır, başqa növ əmək belə nəticə vermir”. Onun sözlərinə görə, müəyyən dəyər istehsal edən əməyə məhsuldar əmək demək olar. Bu şərtə tabe olmayan əmək isə qeyri-məhsuldar adlanır. Beləliklə, manufaktura fəhləsi üzərində işlədiyi materialın dəyərini öz əməyi ilə artırır, bu artım onun özünü saxlanmalı və sahibkarın mənfəətini ödəməlidir. Ev qulluqçusunun əməyi isə dəyərə heçnə əlavə etmir. Onun xidməti elə xidmət göstərdiyi anda yoxa çıxır (manufaktura fəhləsinin istehsal etdiyi məhsul isə müəyyən dövrdən sonra istehlak olunur). Bundan başqa Smit həmçinin istehsal amilləri, dəyər, qiymət, mübadilə, gəlir, vergi və digər anlayış və kateqoriyaların əsaslarını qoyub. Bəzi sahələrdə indiyə kimi onun qoyduğu əsaslar tətbiq olunur (misal üçün, vergiqoymanın prinsipləri, dəyərin iki forması və s.). Bununla belə, Smitin qeyd etdiyi bəzi nəzəriyyələr ya real praktika ilə üst-üstə düşmürdülər, ya da tamamilə əks vəziyyəti təsvir edilrdilər. Misal üçün, ticarət sahəsində məşhur olan absolyut üstünlüklər nəzəriyyəsi real praktikaya tam sığışmırdı. Bu məsələləri isə ondan sonraki iqtisadçılar tədqiq edib, təkmilləşdirirdilər. Belə iqtisadçılar arasında xüsusi yeri David Rikardo tutur.

David Rikardo maraqlı bir iqtisadi həyat sürüb. Adətən 18-19-cu əsrlərin iqtisadçıları iqtisadiyyatı nəzəri cəhətdən tədqiq edib, və iqtisadiyyat sahəsində dövlət idarəçiliyi cəhətdən ya da müəyyən səviyyədə iqtisadçılar kimi çıxış edirdilər. Amma D. Rikardo əvvəl iqtisadi fəaliyyətlə məşğul olub, öz dövrün ən varlı insanların birinə çevrilib (varislərinə indiki pulla 100 milyon dollar miras qoya bilib), sonradan işlərdən uzaqlaşıb iqtisadi nəzəriyyəyə dair əsərlər yazmağa başlayıb. Onun əsas fəaliyyəti London birjası ilə bağlı idi. 42 yaşında o, artıq maliyyə sahəsində fəaliyyətindən uzaqlaşıb, elmi işlər ilə məşğul olmağa qərar verdi. İqtisadi nəzəriyyəyə marağı isə onda 1799-cu ildə oxuduğu Adam Smitin kitabı oyatdı. Nəticədə, 1809-cu ildə öz ilk elmi qeydini yazıb və 1817-ci ildə onun ən məşhur elmi əsəri olan “Siyasi iqtisadiyyatın və vergi qoymanın prinsipləri” (ing. Principles of Political Economy and Taxation) nəşr edib.

Smitin davamçısı olaraq, Rikardo da dövlətin iqtisadiyyata qarışmasına qarşı çıxış edirdi. O, azad sahibkarlığı və azad ticarəti dəstəkləyirdi. Buna görə, o, məşhur “çörək qanun”larına (1815-1846-ci illərdə İngiltərədə idxal olunan buğdaya tətbiq edilən rüsumlar barədə qanunlar) qarşı daim çıxış edirdi. Rikardoya görə, iqtisadi nəzəriyyənin əsas bir neçə məqamı mövcuddur. Ona görə, cəmiyyət üç təbəqədən ibarətdir: lendlordlar, kapital sahibləri və işçilər. Birincilər iqtisadi proseslərdə onlara məxsus olan torpaq ilə çıxış edirlər. İkincilər istehsal üçün lazım olan vəsait və kapitala sahibdilər. Başqa sözləsahibkarlar və ya kapitalistlər. Üçüncülər isə sahibkarlara məxsus olan istehsalatda məşğul olan işçilərdir. Müvafiq olaraq, hər təbəqənin gəlirini renta, mənfəət və əmək haqqı kimi göstərmək olar.

İqtisadi nəzəriyyənin məqsədlərinə dair danışanda Rikardo isə qeyd edirdi ki, siyasi iqtisadiyyatın əsas vəzifəsi gəlirlərin bölgüsünü idarə edən qanunları müəyyən etməkdir. İqtisadiyyat və dövlət arasında münasibətlər yalnız iqtisadi prinsiplərə əsaslanmalıdır və verqiqoyma vasitəsilə həyata keçirilməlidir. Onun sözlərinə görə, yüksək vergilər əhalini daha pis vəziyyətə salır və əhalinin çox hissəsi bu səbəbdən kasıb qalır (hətta mövcud olan kasiblar üçün vergi də Rikardonun fikrincə əksinə iqtisadiyyata pis təsir edir). Rikardo həmçinin iqtisadiyyatda modelləşmənin banisidir. O, öz iqtisad nəzəriyyələrini sübut etmək üçün müqayisəli təhlil və modelləşdirimədən istifadə edib. Eyni zamanda riyazi üsulların iqtisadiyyata gətirilməsində böyük rol oynayıb.

Rikardo tərəfindən təkli edilmiş nəzəriyyələr arasında bir neçəsi xüsusi əhəmiyyət daşıyır. Bu nəzəriyyələr arasında xüsusi yeri isə dəyər nəzəriyyəsi tutur. Rikardo dəyərin əmək nəzəriyyəsini tətbiq edən iqtisadçılar arasında birinci idi. Düzdür, onun fikrincə əmək nəzəriyyəsi təkmil bazar şəraitində tam işlək deyil, amma siyasi iqtisadiyyatı izah etmək üçün ən rahat yoldur. Onun sözlərinə görə, istehsal olunan məhsulun qiymətinə ona xərclənən vəsaitlər ilə bərabər, işçinin əmək qüvvəsi də daxildir. Rikardoya görə kapitala istehsalı hərəkətləndirmək üçün işçi tərəfindən istifadə olunan bütün vəsaitlər aiddir (qida, maşınlar, alətlər, xammal və s.).

Rikardo həmçinin xarici ticarəti daxili ticarətdən ayıran və ayrı bir model kimi təsvir edən ilk iqtisadçıdır. Bugünkü dönəmdə də ən çox əhəmiyyət daşıyan, aktual və vacib hesab olunan ideyalardan biri isə – nisbi üstünlük nəzəriyyəsidir. Bu nəzəriyyə qloballaşma adlı prosesin əsasını qoyan prosesləri tədqiq edir. Müqayisəli üstünlük – hər hansı bir ölkənin və ya ayrıca sahibkarın digərləri ilə müqayisədə əmtəə və xidmətləri daha aşağı alternativ xərclər istehsal etmək bacarığıdır.

Eyni zamanda klassik liberal iqtisadi nəzəriyyəyə qarşı çıxışlar baş verirdi. İngiltərədə fəhlə sinfinin aktivləşməsi, kapitalizmin Avropada geniş inkişafı nəticəsində, bu ideyaların ziddiyyəti qabağa çıxırdı. Məhz belə bir şəraitdə kapitalizmin əsasını təşkil edən prinsiplərin tənqidi başlandı. Bu tənqidin ən görkəmli nümayəndəsi isə Karl Marks idi.

Tarixdə 100 ən öyrənilmiş, tarixə ən güclü təsir göstərmiş şəxsiyyətlər və bir sıra digər siyahılara daxil olan, kommunizmin müasir formada anlayışının banisi hesab edilən, klassik siyasi iqtisadiyyatın demək olar ki axırıncı nümayəndəsi Karl Marksdır. Karl Makrs iqtisadiyyat ilə bərabər bütün dünya tarixinə təsir edə bilmiş şəxsiyyətdir. Onun “Kapital” əsəri iqtisadi nəzəriyyədə bir sıra mövzuları və problemləri müəyyən edib iqtisadi nəzəriyyənin əsas məsələlərinə çevirdi. Eyni zamanda Fridrix Engels ilə birlikdə yazdığı “Kommunist partiyasının Manifesti” əsəri bütün dünya tarixinə və siyasətinə təsir edən proqram olub. Onun ölümündən sonra növbəti yüzilliklər demək olar ki, onun tərəfdaşları və klassik iqtisadi liberalizmin tərəfdaşları arasında mübarizə ilə yadda qalıb. Bu mübarizə demək olar ki, bütün sahələrdə hətta müxtəlif elm istiqamətlərində davam edir. Ümumi olaraq indiki şəraitdə marksizm adı altında bunlar başa dülür:

1. Elmdə materialistik dialektika üsulunun istifadəsi;

2. Fəlsəfədə materialistik yanaşma;

3. İctimai elmlərdə tarixin materialistik inkişafı;

4. İctimai təcrübədə elmi sosializm anlayışı və siniflər arası mübarizə anlayışı;

5. İqtisadiyyatda siyasi iqtisadiyyatın tənqidi və əlavə dəyər nəzəriyyəsi.

İqtisadiyyatı daha dərindən başa düşmək üçün bizə “Kapital” vacibdir.  Bu əsərin birinci cildi 1867-ci ildə nəşr olunmuşdu. Birinci cild “Kapitalın istehsal prosesi”nə həsr olunub və 25 fəsildən ibarətdir. Burada əsas predmet kimi kapital yığımı prosesi tutur. Ikinci cild əsasən kapitala və əməyin xüsusiyyətlərinə həsr olunub. “Kapitalın tədavül prosesi” adlanan cild üç bölmədən ibarətdir. Birinci bölümdə Marks kapitalın izahını verir və kapitalı sinfi istehsal imkanların göstəricisi kimi səciyyələndirir. İkinci bölüm kapital dövriyyəsinin sürətini təsvir edir və burada kapitalın növləri göstərilir. Marksa görə kapitalın təsnifatı əsasənda əməyin ikili xarakteri durur. Üçüncü bölmə isə yenidən istehsal prosesinə həsr olunub.Üçüncü cild “Kapitalist istehsal prosesi” adlanır. Burada mənfəət və mənfəət norması izah olunub. Eyni zamanda mənfəətin müxtəlif formaları təsvir olunub.

K.Marks əmtəə istehsalına kapitalizm cəmiyyətinin “iqtisadi hüceyrəsi” kimi baxmışdır.  O yazırdı ki, “kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti” külli əmtəə yığını kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. K.Marks əməyin ikili xarakterini – konkret və abstrakt əmək olmaqla, “Kapital” əsərində  kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermişdir. K.Marks göstərirdi ki, kapitalist istehsalının ilkin şərtlərindən biri işçi qüvvəsinin alınıb-satılmasıdır. O qeyd edirdi ki, istehsal prosesinin əvvəlində iki sinif bir biri ilə qarşılaşır: pul sahibi olan kapitalist və ümumi olaraq proletariat adlanan işçi qüvvəsinin sahibi olan fəhlə. İşçi qüvvəsi, yəni fəhlə istehsal vasitələrindən məhrum edilmiş və özünün iş qüvvəsini zərurət üzündən satır. Sahibkar kapitalist isə istehsal vasitələri, yəni mülkiyyət üzərində mövcud olan inhisarından istifadə edərək muzdlu işçi qüvvəsini istismar edir. Başqa sözlə bir insan məcburən başqa insan üçün çalışır və eyni zamanda istehsal etdiyi dəyərdən isə öz payını əldə edə bilmir. Çünki istehsal etdiyi dəyər kapitalistə qalır. İşçi isə yalnız əmək haqqı ilə kifayətlənir. Deməli, kapitalist istehsal prosesi fəhlənin iş qüvvəsinin kapitalist tərəfindən istehlak olunmasıdır, istehsal vasitələrinin sahibləri tərəfindən muzdlu iş qüvvəsinin istismarıdır.

Beləliklə, klassik iqtisadi fikrin sonuncu və görkəmli nümayəndəsi Marks hesab olunur. Ondan sonra mövcud olan iqtisadi fikir artıq tam başqa çevrədə fəaliyyət göstərirdi. Çünki ən azından Marksın nəzəriyyələri iqtisadi elmə münasibəti tam dəyişdirdi. Eyni zamanda məlum oldu ki, iqtisadi elm özü özlüyündə ayrı elm kimi mövcuddursa, o həmçinin digər elmlər ilə sıx bağlıdır. Əgər fəslin əvvəlində gördüyünüz kimi, iqtisadiyyatı ayrı elm kimi heç kim qəbul etmirdisə, 19-cu əsrdə artıq iqtisadiyyat da elmlər siyahısında öz yerini tutdu. Amma burada əks proses də getməyə başladı və artıq digər elmlər iqtisadiyyat ilə inteqrasiya etməyə başladı. Bir çox hallarda bunun baş verməsində Marksın böyük rolu var idi (tarix və iqtisadiyyat, sosioloqiya və iqtisadiyyat və s.).

Növbəti illərdə tam yeni və köhnə məktəbə aid olmayan iqtisadi fikirlər formalaşmağa başladı. Əgər əvvələr, növbəti dövrün iqtisadi fikri pndan əvvəlkinin davamı hesab olunrdusa. Artıq 19-cu əsrin sonlarından əvvəlki dövrlərin iqtisadi fikri ilə heç üst-üstə gəlməyən nəzəriyyələr formalaşmağa başladı. İqtisadiyya klassik iqtisadi fikrin çərçivələrindən çıxaraq, yeni üfüqlər istiqamətində genişlənməyə başladı.

Daha geniş məlumat almaq üçün Toğrul Vəliyevin “Baku Research Institute” üçün dediyi “İqtisadiyyata Giriş” mühazirəsini dinləməkdə fayda var.

Müəllif: Toğrul Vəliyev

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....