Karl Marksın iqtisadi təlimi – Dəyər və İzafi Dəyər

Post date:

Author:

Category:

 MARKSIN İQTİSADİ TƏLİMİ

 

İzafi Dəyər və Dəyər. Karl Marks “Kapital”ın müqəddiməsində deyir: “Əsərimin son məqsədi, müasir cəmiyyətin, yəni kapitalizm cəmiyyətinin, burjua cəmiyyətinin iqtisadi inkişaf qanununu aşkara çıxarmaqdır”. Marksın iqtisadi təliminin məzmunu tarixcə müəyyən,mövcud cəmiyyətin istehsal münasibətlərini,bunların meydana gəlməsi,inkişafı və dağılması halında tədqiq etməkdən ibarətdir.Kapitalizm cəmiyyətində əmtəə istehsalı hökm sürür,buna görə də Marks əmtəənin təhlilindən başlayır.

 

                                                 DƏYƏR

 

Əmtəə, 1-cisi, insanın müəyyən təlabatını ödəyən şeydir; 2-cisi, başqa bir şeylə mübadilə edilən şeydir. Şeyin faydalı olması onu istehlak dəyəri edir. Mübadilə dəyəri (və ya sadəcə dəyər), hər şeydən əvvəl,bir növdən olan müəyyən miqdar istehlak dəyərlərinin başqa növdən olan müəyyən miqdar istehlak dəyərləri ilə mübadilə edilməsindəki nisbətdir, proporsiyadır. Gündəlik təcrübə bizə göstərir ki, milyonlarla və milyardlarla bu kimi mübadilə,bir-birilə müqayisə edilə bilməyən hər cür və ən müxtəlif istehlak dəyərlərini daim bir-birinə bərabərləşdirir. Bəs müəyyən ictimai münasibətlər sistemində daim bir-birinə bərabərləşdirilən bu müxtəlif şeylərin ümumi cəhəti nədən ibarətdir? Bunların ümumi cəhəti ondan ibarətdir ki, bunlar əmək məhsullarıdır. İnsanlar məhsulları mübadilə edərkən,ən müxtəlif əmək növlərini bir-birinə bərabərləşdirirlər. Əmtəə istehsalı elə bir ictimai münasibətlər sistemidir ki, burada ayrı-ayrı istehsalçılar müxtəlif məhsullar yaradırlar (ictimai əmək bölgüsü) və bütün bu məhsullar mübadilə zamanı bir-birini bərabərləşdirir. Deməli,bütün əmtəələrdə olan ümumi cəhət, müəyyən istehsal sahəsindəki konkret əmək deyil, bir növdən olan əmək deyil, mücərrəd  insan əməyidir, ümumiyyətlə insan əməyidir. Mövcud cəmiyyətin bütün əmtəə dəyərləri məcmusunda təmsil olunan bütün iş qüvvəsi, eyni dərəcədə insan iş qüvvəsidir: milyardlarla mübadilə faktı bunu sübut edir. Deməli,hər bir ayrıca əmtəə ictimai-zəruri iş vaxtının yalnız müəyyən bir hissəsidir. Dəyərin miqdarı ictimai-zəruri əməyin miqdarı ilə, yaxud müəyyən bir əmtəəni ,müəyyən bir istehlak dəyərini istehsal etmək üçün lazım gələn ictimai-zəruri iş vaxtı ilə müəyyən olunur.

“Adamlar, mübadilə zamanı özlərinin müxtəlif məhsullarını bir-birinə bərabərləşdirməklə, öz müxtəlif növ əməklərini bir-birinə bərabərləşdirirlər. Onlar bunu dərk etmirlər, lakin bunu edirlər”.

 

Köhnə bir iqtisadçı demişkən, dəyər iki şəxs arasındakı münasibət deməkdir; həmin iqtisadçı yalnız bunu da əlavə edib gərək deyəydi: şey pərdəsinə bürünmüş münasibət deməkdir.Dəyərin nə olduğunu yalnız cəmiyyətin müəyyən bir tarixi formasiyasının ictimai istehsal münasibətləri sistemi nöqteyi-nəzərindən anlamaq olar. “Dəyər olmaq etibarilə əmtəələr yalnız müəyyən miqdar yığılmış iş vaxtıdır”. Marks əmtəələrdə təcəssüm edən əməyin ikili xarakterini müfəssəl təhlil etdikdən sonra, dəyər formasının və pulun təhlilinə keçir. Həm də burada Marksın başlıca məqsədi dəyərin pul formasının mənşəyini  tədqiq etməkdir, mübadilənin ayrı-ayrı, təsadüfi hallarından başlamış ( “dəyərin bəsit, ayrıca və ya təsadüfi forması”: müəyyən miqdar bir əmtəə müəyyən miqdar başqa bir əmtəəyə mübadilə olunur), ta bir sıra müxtəlif əmtəələrin eyni bir müəyyən əmtəəyə mübadilə edildiyi ümumi dəyər formasınadək və dəyərin pul formasınadək, yəni həmin müəyyən əmtəənin, ümumi ekvivalentin, qızıldan ibarət olduğu formasınadək mübadilənin genişlənməsinin tarixi prosesini  tədqiq etməkdir. Mübadilə və əmtəə istehsalı inkişafının ən yüksək məhsulu olan pul xüsusi işlərin ictimai xarakterini, bazarın birləşdirdiyi ayrı-ayrı istehsalçılar arasındakı ictimai əlaqəni pərdələyib gizlədir. Marks pulun müxtəlif vəzifələrini son dərəcə ətraflı təhlil edir, həm də (ümumiyyətlə Kapitalın ilk fəsillərində olduğu kimi) burada da xüsusi olaraq bu cəhəti qeyd etmək mühümdür ki, bəzən sırf deduktiv görünən abstrakt ifadə tərzi əslində mübadilə və əmtəə istehsalının inkişaf tarixinə aid olan külli miqdarda fakt materialını göz qabağına gətirib canlandırır. “Pul əmtəə mübadiləsinin müəyyən bir yüksəklikdə olmasını tələb edir. Pulun müxtəlif formaları- ya sadə əmtəə ekvivalenti, ya tədavül vasitəsi, ya ödəniş vasitəsi, sərvət və ümumdünya pulu olmaq formaları- bu fraksiyalardan birinin müxtəlif miqyaslarda tətbiq edilməsindən, bu funksiyalardan birinin nisbətən üstün olmasından asılı olaraq,ictimai istehsal prosesinin olduqca müxtəlif pillələrini göstərir”  (“Kapital”, I).

                                              İZAFİ DƏYƏR

 

Əmtəə istehsalının müəyyən inkişaf pilləsində pul dönüb kapital olur. Əmtəə tədavülü formulu belə idi:

Ə (əmtəə) – P (pul) – Ə (əmtəə)

Yəni bir əmtəə satıb başqa bir əmtəə almaq. Kapitalın ümumi formulu isə,əksinə belədir: P- Ə – P, yəni alıb (mənfəətlə) satmaq.Marks dövriyyəyə buraxılan pulun ilk dəyərinin belə artmasını izafi dəyər adlandırır. Kapitalist dövriyyəsində pulun belə “artması”  faktı hamıya məlumdur. Pulun məhz belə “artması” onu xüsusi, tarixən müəyyən bir ictimai istehsal münasibəti olan kapitala  çevirir. İzafi dəyər əmtəə tədavülündən törəyə bilməz, çünki burada ancaq ekvivalentlər mübadilə olunur, qiymətin artırılmasından da törəyə bilməz, çünki burada da alıcılarla satıcıların qarşılıqlı surətdə itirdikləri ilə qazandıqları bir-birinin yerini doldurar; burada isə fərdi bir hadisədən deyil, məhz kütləvi, orta və ictimai bir hadisədən bəhs olunur. İzafi dəyər əldə etmək üçün “əmtəə sahibi bazarda elə bir əmtəə tapmalıdır ki, bunu istehlak dəyərinin özü, dəyər mənbəyi olmaq kimi orijinal bir xassəyə malik olsun”, yəni elə bir əmtəə tapmalıdır ki, bunun istehlak prosesi eyni zamanda dəyər yaratmaq prosesi olsun. Belə bir əmtəə isə vardır.

Bu, insanın iş qüvvəsidir.

 

Bu qüvvənin istehlak edilməsi əməkdir, əmək isə dəyər yaradır. Pul sahibi iş qüvvəsini onun öz dəyərinə alır, iş qüvvəsinin dəyəri isə, hər bir başqa əmtəənin dəyəri kimi, onun istehsalı üçün lazım olan ictimai-zəruri iş vaxtı ilə (yəni fəhlənin və onun ailəsinin dolanacaq xərclərinin dəyəri ilə) müəyyən olunur. Pul sahibi iş qüvvəsini alandan sonra onu istehlak edə bilər, yəni bütün gün, məsələn, 12 saat işlədə bilər. Halbuki fəhlə 6 saat ərzində (“zəruri”  iş vaxtı) öz dolanacaq xərcini ödəyəcək qədər məhsul yaradır ,o biri 6 saat ərzində isə (“izafi”  iş vaxtı), kapitalist tərəfindən əvəzi ödənilməyən “izafi”  məhsul və ya izafi dəyər yaradır. Deməli, istehsal prosesi nöqteyi-nəzərindən kapitalın iki hissəsini bir-birindən fərqləndirmək lazımdır: bunlardan biri sabit kapitaldır ki, istehsal vasitələrinə (maşınlara, əmək alətlərinə, xammala və sairəyə) sərf olunur və bunun dəyəri dəyişmədən (bir dəfədə və ya hissə-hissə) hazır məhsula keçir; o birisi isə dəyişən kapitaldır ki, iş qüvvəsinə sərf olunur. Bu kapitalın dəyəri dəyişməz qalmır, əmək prosesində artaraq, izafi dəyər yaradır. Buna görə də iş qüvvəsini kapitalın nə dərəcədə istismar etdiyini ifadə etmək üçün izafi dəyəri bütün kapitalla deyil, yalnız dəyişən kapitalla müqayisə etmək lazımdır. Marksın izafi dəyər forması adlandırdığı bu nisbət, bizim misalımızda, məsələn, belə: 6:6, yəni 100% olacaqdır.

Kapitalı meydana gətirən tarixi ilk şərait, 1-cisi, ümumiyyətlə əmtəə istehsalı nisbətən yüksək səviyyədə inkişaf edərkən ayrı-ayrı şəxslərin əlində müəyyən məbləğ pulun yığılmış olmasıdır və 2-cisi iki mənada “azad”  fəhlənin mövcud olmasıdır, yəni həm öz iş qüvvəsini heç bir sıxıntı və ya məhdudiyyət olmadan azad satan ,həm də torpaqdan  və ümumiyyətlə istehsal vasitələrindən azad olan sahibsiz fəhlənin, yaşamaq üçün öz iş qüvvəsini satmaqdan başqa heç bir vasitəsi olmayan “proletar” fəhlənin mövcud olmasıdır.

İzafi dəyər iki əsas üsulla artırıla bilər: iş gününü uzatmaq yolu ilə (“mütləq izafi dəyər”), bir də zəruri iş gününü qısaltmaq yolu ilə (“nisbi izafi dəyər”). Marks birinci üsulu təhlil edərək,iş gününü qısaltmaq uğrunda fəhlə sinfinin mübarizəsi və dövlət hakimiyyətinin işə qarışıb iş gününü uzatmağa (XIV-XVII- əsrlər) və onu qısaltmağa çalışması (XIX-əsrdəki fabrik qanunları) kimi çox böyük bir mənzərəni geniş təsvir edir. “Kapital” meydana gələndən sonra dünyada bütün mədəni ölkələrin fəhlə hərəkatının tarixi bu mənzərəni aydınlaşdıran minlərlə yeni faktlar vermişdir.

Marks nisbi izafi dəyər istehsalını təhlil edərək, kapitalizmin əmək məhsuldarlığını yüksəltməsindəki üç əsas tarixi mərhələni: 1) bəsit kooperasiyanı; 2) əmək bölgüsü və manufakturanı; 3)maşınları və iri sənayeni tədqiq edir. Kapitalizmin inkişafının əsas, tipik cəhətlərini  burada Marksın nə qədər dərindən aşkara çıxardığı bir də ondan görünür ki, Rusiyanın “kustar”  sənayesi deyilən sənayesinin tədqiq edilməsi həmin üç mərhələdən birinci ikisini aydınlaşdırmaq üçün olduqca zəngin material verir. İri maşınlı sənayenin 1867-ci ildə Marks tərəfindən təsvir edilmiş inqilabiləşdirici təsiri isə o vaxtdan bəri keçən yarım əsr ərzində bir sıra “yeni” ölkələrdə (Rusiyada, Yaponiyada və başqalarında) özünü göstərmişdir.

Sonra Marksın təlimində son dərəcə əhəmiyyətli və yeni olan cəhət, kapital yığımını, yəni izafi dəyərin bir hissəsinin kapitla çevrildiyini, kapitalistin şəxsi ehtiyac və qəribə arzularına deyil, yeni istehsala sərf edildiyini təhlil etməsindən ibarətdir. Marks (Adam Smitdən başlayaraq) bütün keçmiş klassik siyasi iqtisadın səhvini göstərmişdir; keçmiş klassik siyasi iqtisad belə zənn edirdi ki,kapitala çevrilən bütün izafi dəyər dəyişən kapitala sərf olunur. Həqiqətdə isə izafi dəyər istehsal vasitələri, bir də dəyişən kapitala bölünür. Sabit kapital (bütün kapital məbləğində) dəyişən kapitala nisbətən daha çox sürətlə artır ki, bunun da kapitalizmin inkişafı və sosializmə çevrilməsi prosesində çox böyük əhəmiyyəti vardır

     Kapital yığımı maşının fəhlələri sıxışdırıb aradan çıxarmasını sürələndirərək, bir qütbdə sərvət,o biri qütbdə isə yoxsulluq yaradaraq, “ehtiyat fəhlə ordusu”  deyilən bir ordu, “nisbi fəhlə artıqlığı” və ya “kapitalist əhali artıqlığı” törədir ki, bu da son dərəcə müxtəlif şəkillər alır və kapitala  istehsalı son dərəcə sürətlə genişləndirmək imkanı verir. Bu imkan,həmçinin kreditlə və kapitalın istehsal vasitələri şəklindəki yığımı ilə əlaqədar olaraq, kapitaslist ölkələrində əvvələr orta hesabla hər 10 ildə bir, sonralar isə daha uzun və az müəyyən olan fasilələrlə vaxtaşırı baş verən həddindən artıq istehsal böhranlarını başa düşmək üçün bir vasitədir.Kapitalizm zəminindəki kapital yığımından ilkin yığımı, yəni işçinin istehsal vasitələrindən zorla ayrılmasını,kəndlilərin torpaqdan qovulub çıxarılmasını,icma torpaqlarının oğurlanmasını, müstəmləkələr, dövlət borcları, himayəçi gömrük vergiləri sistemini və sairəni fərqləndirmək lazımdır. İlkin yığım bir qütbdə azad  proletarlar, o biri qütbdə isə pul sahibi, kapitalist yaradır.

Kapitalist yığımının tarixi meylini”  Marks aşağıdakı məşhur sözləri ilə təsvir edir: “Bilavasitə istehsalçılar ən amansız bir vəhşiliklə və ən alçaq, ən çirkin, ən iyrənc və ən qızğın ehtirasların təzyiqi altında mülkiyyətdən məhrum edilirlər. Mülkiyyətçinin (kəndli və sənətkarın) öz əməyi ilə əldə etdiyi və ayrıca müstəqil bir işçinin öz əmək alətləri və vasitələri ilə, necə deyərlər, qovuşmasına əsaslanan xüsusi mülkiyyəti, özgələrin iş qüvvəsini, lakin rəsmən azad olan iş qüvvəsini istismar etmək üzərində qurulmuş kapitalist xüsusi mülkiyyəti tərəfindən sıxışdırılıb aradan çıxarılır… Daha indi, özü müstəqil təsərüffatla məşğul olan fəhlə deyil, çoxlu fəhləni istismar edən kapitalist mülkiyyətdən məhrum edilməlidir. Kapitalistin mülkiyyətdən məhrum edilməsi kapitalist istehsalının özünə xas olan qanunların təsiri ilə, kapitalların mərkəzləşməsi yolu ilə əmələ gəlir.Bir kapitalist bir çox kapitalisti məğlub edir.Bu mərkəzləşmə və ya bir neçə kapitalistin bir çox kapitalisti mülkiyyətdən məhrum etməsi ilə yanaşı olaraq, əmək prosesinin kooperativ getdikcə daha geniş və daha böyük miqyasda inkişaf edir, elmin texnikada şüurlu surətdə tətbiqi, torpaqdan müəyyən planla istifadə olunması, əmək vasitələrinin yalnız birlikdə işlədilə bilən əmək vasitələrinə çevrilməsi, bütün istehsal vasitələrini quraşıq ictimai əməyin istehsal vasitələri kimi işlətmək yolu ilə bu vasitələrə qənaət edilməsi, bütün xalqların dünya bazarına cəlb edilməsi və bunula birlikdə kapitalist rejiminin beynəlmiləl xarakterdə olması inkişaf edir.Bu çevrilmə prosesinin bütün faydalarını qəsb edib inhisara alan kapital maqnatlarının sayca daim azalması ilə bərabər, kütləvi yoxsulluq, zülm, əsarət, cılızlaşma və istismar artır, bununla birlikdə isə, kapitalist istehsalı prosesinin öz mexanizminin öyrətdiyi,birləşdirdiyi və təşkil etdiyi fəhlə sinfinin hiddəti də artır. Kapital inhisarı onunla birlikdə və bu inhisar şəraitində əmələ gəlib böyümüş istehsal üsulu üçün bir buxov olur. İstehsal vasitələrini mərkəzləşməsi və əməyin ictimailəşməsi elə bir nöqtəyə gəlib çatır ki, daha öz kapitalist qabığına sığa bilmir. Bu qabıq partlayır. Mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum edirlər” (“Kapital”I)

Sonra bütünlüklə götürülmüş ictimai kapitalın təkrar istehsalına “Kapital” -ın II cildində Marksın verdiyi təhlil son dərəcə mühüm və yeni bir şeydir. Marks burada da fərdi bir hadisəni deyil, kütləvi hadisəni, cəmiyyət iqtisadiyyatının bir hissəciyini deyil, bu iqtisadiyyatı bütünlükdə götürür. Marks klassiklərin yuxarıda göstərilən səhvini düzəldərək bütün ictimai istehsalı iki böyük şöbəyə: 1) istehsal vasitələri istehsalına və 2) istehlak şeyləri istehsalına bölür və rəqəmlər şəklində götürdüyü misallara əsasən, həm əvvəlki ölçüdə olan təkrar istehsal şəraitində, həm də yığım şəraitində bütün ictimai kapitalın tədavülünü ətraflı tədqiq edir. “Kapital” -ın III cildində dəyər qanununa əsasən, orta mənfəət normasının əmələ gəlməsi məsələsi həll edilmişdir.İqtisad elmində Marksın irəliyə doğru atdığı böyük addım ondan ibarətdir i, o təhlil edirkən bayağı siyasi iqtisadın  və ya “faydalı olmağın son həddi nəzəriyyəsi  kimi müasir nəzəriyyənin tez-tez kifayətləndiyi nöqteyi-nəzəri deyil, rəqabətin ayrı-ayrı qəribə halları və ya zahiri cəhəti nöqteyi-nəzərini deyil, kütləvi iqtisadi hadisələr, bütün ictimai təsərüffat nöqteyi-nəzərini əsas götürür. Marks əvvəlcə izafi dəyərin əmələ gəlməsini təhlil edir, sonra isə onun mənfəətə, faizə və torpaq rentasına bölünməsinə keçir. Mənfəət ,izafi dəyərin müəssisəyə qoyulmuş bütün kapitala olan nisbətidir. “Üzvi quruluşu yüksək” olan kapital (yəni sabit kapitalı dəyişən kapitala nisbətən ictimai orta dərəcədən yüksək olan kapital) orta dərəcədən aşağı mənfəət norması verir. “Üzvi quruluşu aşağı”  olan kapital isə orta dərəcədən yuxarı mənfəət norması verir. Kapitallar arasındakı rəqabət, bunların sərbəstdə bir sahədən başqa sahəyə keçməsi hər iki halda mənfəət normasını gətirib orta dərəcəyə çıxaracaqdır. Mövcud cəmiyyədəki bütün əmtəə dəyərlərinin məcmusu əmtəə qiymətlərinin məcmusuna uyğun gəlir, lakin ayrı-ayrı müəssisələrdə və ayrı-ayrı istehsal sahələrində rəqabətin təsiri altında əmtəələr öz dəyərinə deyil, istehsal qiymətlərinə (və ya istehsalat qiymətlərin) satılır ki, bu qiymətlər də sərf edilmiş kapitalla orta mənfəətin məcmusuna bərabərdir.

Beləliklə, hamıya məlum və şübhəsiz olan faktı, yəni dəyərlərdən və mənfəətin bərabərliyindən kənara çıxması faktını Marks dəyər qanunu əsasında tamamilə izah etmişdir, çünki bütün əmtəə dəyərlərinin məcmusu qiymətlərin məcmusuna uyğun gəlir.Lakin dəyər (ictimai dəyər) qiymətlərə (fərdi qiymətlərə) sadə və bilavasitə yolla deyil, çox mürəkkəb yolla çevrilmiş olur:tamamilə təbiidir ki,bir-birilə ancaq bazar vasitəsiylə əlaqədə olan dağınıq əmtəə istehsalçıları cəmiyyətində qanunauyğunluq ,yalnız bu və ya başqa bir tərəfə edilən fərdi meyllərin bir-birini tarazlaşdırması yolu ilə, orta, ictimai, kütləvi bir qanunauyğunluq şəklində meydana çıxa bilər.

Əmək məhsuldarlığının yüksəlməsi sabit kapitalın dəyişən kapitala nisbətən daha sürətlə artması deməkdir. İzafi dəyər isə yalnız dəyişən kapitalın funksiyası olduğuna görə aydındır ki, mənfəət norması (izafi dəyərin təkcə dəyişən kapitala deyil, bütün kapitala olan nisbəti) azalmağa meyl göstərir. Marks bu meyli və bunu pərdələyən və ya buna əks-təsir göstərən bir sıra cəhətləri ətraflı təhlil edir.  III cildin sələmçi, ticarət və pul kapitalına həsr edilən son dərəcə maraqlı bölmələrini şərh etmək üzərində dayanmayıb, ən başlıca məsələyə: torpaq rentası nəzəriyyəsinə keçək. Kapitalist ölkələrində ayrı-ayrı sahibkarların tutduğu torpaq sahəsi məhdud olduğuna görə, əkinçilik məhsullarının istehsal qiyməti məhsul orta torpaqda deyil,pis torpaqda əldə edilərkən, bazara orta şəraitdə deyil, pis şəraitdə gətirilərkən çəkilən istehsal xərcləri ilə müəyyən olunur.Bu qiymətlə daha yaxşı torpaqlardakı (və ya ən yaxşı şəraitdəki) istehsal qiyməti arasında olan fərq təfavüt rentasını və ya differensial rentanı əmələ gətirir.Marks bu rentanı ətraflı təhlil edərək onun ayrı-ayrı torpaq sahələrinin məhsuldarlığındakı fərq şəraitində ,torpağa qoyulan kapitalın miqdarındaı fərq şəraitində əmələ gəldiyini göstərərək, Rikardonun belə bir səhvini tamamilə aşkara çıxarmışdır( habelə bax: “İzafi dəyər nəzəriyyələri” ,burada Rodbertus haqqındakı tənqid xüsusilə diqqətəlayiqdir)ki,guya diferensial  renta yalnız yaxşı torpaqlardan yavaş-yavaş pis torpaqlara keçdikdə əmələ gəlir.Əksinə, bunun tərsi də olur, bu cür torpaqlar (kənd təsərüffatında texnikanın tərəqqisi, şəhərlərin böyüməsi və sairə nəticəsində) başqa cür torpağa çerirlir,buna görə də bədnam “torpağın münbitliyinin azalması qanunu”  böyük bir səhvdir, kapitalizmin nöqsanlarını, məhdudiyyət və ziddiyyətlərini təbiətin üzərinə yıxmaq deməkdir.Sonra, bütün sənaye və ümumiyyətlə xalq təsərüffatı sahələrindən bərabər mənfəət  götürmək üçün gərək rəqabət tamamilə azad olsun,kapital bir sahədən başqa sahəyə sərbəst axıb gedə bilsin. Halbuki torpaq üzərində xüsusi mülkiyyət inhisar yaradır,kapitalın bu cür sərbəst axıb getməsinə mane olur. Kapitalı aşağı quruluşlu olan və deməli,fərdi cəhətdən daha yüksək mənfəət norması verən kənd təsərüffatının məhsulları həmin inhisar üzündən, mənfəət normasınıtamailə azad şəkildə bərabərləşdirən prosesə girmir; bir inhisarçı olan torpaq sahibi qiyməti ortadan yuxarı səviyyədə saxlaya bilir,bu inhisar qiyməti isə mütləq  renta yaradır.Kapitalizmin mövcud olduğu şəraitdə diferensial yox edilə bilməz, mütləq renta isə yox edilə bilər- məsələn, torpaq milliləşdirildikdə, dövlət mülkiyyətinə keçdikdə yox edilə bilər.Torpağın dövlət mülkiyyətinə keçməsi xüsusi mülkiyyətlərin inhisarını pozmaq demək olardı,əkinçilikdə rəqabət azadlığının daha ardıcıl, daha dolğun şəkildə həyata keçirilməsi demək olardı.Marks qeyd edir ki, buna görə də radikal burjualar tarixdə dəfələrlə bu mütərəqqi burjua tələbini, yəni torpağın milliləşdirilməsi tələbini irəli sürmüşlər, lakin bu tələb burjuaziyanın əksəriyyətini hürküdür, çünki zəmanəmizdə xüsusilə mühüm və “təsirli”  olan başqa bir inhisara da: ümüumiyyətlə istehsal vasitələri inhisarına da çox bərk “toxunur”.(Marks özü 1862-ci il avqustun 2-de Engelsə göndərdiyi məktubda, kapitaldan əldə edilən orta mənfəət və mütləq torpaq rentası nəzəriyyəsini çox anlaşıqlı bir dillə, yığcam və aydın şərh etmişdir. Bax: “Yazışma”, III cild, səh 77-81.Habelə müqayisə et: 1862-ci il avqustun 9-da göndərdiyi məktub, yenə orada, səh, 86-87). –Torpaq rentasının tarixinə dair bu cəhəti də qeyd etmək mühümdür ki, Marks verdiyi təhlilində işləyib ödəmə rentasının (bu halda kəndli öz əməyi ilə mülkədar torpağına izafi məhsul yaradır) məhsulla və ya natura ilə alınan rentaya çevrildiyini ( bu halda kəndli öz əməyi ilə mülkədar torpağında izafi məhsul yaradıb bunu “qeyri-iqtisadi məcburiyyət” üzündən mülkədara verir), sonra pul rentasına (əmtəə istehsalı inkişaf etdiyinə görə , pula çevrilmiş olan həmin natural rentadır, köhnə Rusiyadakı “töycüdür”) və nəhayət, kapitalist rentasına çevrildiyini göstərir ki,bu halda torpağı muzdlu əməklə becərən sahibkar əkinçilikdə kəndlinin yerinə keçir. “Kapitalist torpaq rentası mənşəyinin” bu təhlili ilə əlaqədar olaraq əkinçilikdə kapitalizmin təkamülünə dair Marksın bir sıra çox dərin ( və Rusiya kimi geri qalmış ölkələr üçün son dərəcə mühüm olan) fikirlərini qeyd etmək lazımdır.”Natural rentanın pul rentasına çevrilməsi ilə yanaşı olaraq, pulla işə götürülən günəmuzdçu yoxsullar sinfi hökmən , nəinki əmələ gəlir, hətta ondan əvvəl ortaya çıxır. Bu sinif meydana gəldiyi dövrdə, hələ yalnız dağınıq şəkildə ortaya çıxdıqda, töycü verməli olan nisbətən varlı kəndlilər arasında təbii olaraq, öz hesabların muzdlu kənd fəhlələrini istismar etmək adəti əmələ gəlir ki, bu da tamamilə feodalizm zamanı varlı təhkimli kəndlilərin özlərinin də təhkimli kəndli saxladıqlarına bənzəyir.Beləliklə, həmin kəndlilər müəyyən əmlak toplamaq və özləri də gələcəkdə dönüb kapitalist olmaq imkanı əldə edirlər. Deməli, müstəqil təsərüffatı olan köhnə torpaq sahibləri arasında kapitalsit icarədarları icarədarları yaradan bir şərait meydana gəlir ki, bu icarədarların da inkişafı kənd təsərüffatından kənarda kapitalist istehsalının ümumi inkişafından asılıdır”.( “Kapital”, III, 332) …”Kənd əhalisinin bir hissəsini mülkiyyətdən məhrum edilib kənddən qovulması, sənaye kapitalı üçün lazım olan fəhlələri, onların yaşayış vasitələrinin və əmək alətlərinin nəinki təkcə “azad edir”, hətta daxili bazar da yaradır”(“Kapital”, I, 778).Kənd əhalisinin yoxsullaşıb var-yoxdan çıxması eyni zamanda kapital üçün ehtiyat fəhlə ordusu yaradılmasında rol oynayır.Hər bir kapitalist ölkəsində “bu səbəbdən kənd əhalisinin bir hissəsi daim şəhər və ya manufaktura əhalisinə ( yəni əkinçi olmayan əhaliyə) çevrilmək halında olur.Bu nisbi artıq əhali bulağı daim axmaqdadır… Kənd əhalisinə ən az əmək haqqı verilir və bu fəhlənin bir ayağı həmişə dilənçilik bataqlığında olur”(“Kapital”, I, 668). Kəndlinin öz becərdiyi torpaq üzərindəki xüsusi mülkiyyəti xırda istehsalın əsasıdır,onun tərəqqi etməsi və klassik bir şəkil alması üçün bir şərtdir.Lakin bu xırda istehsal yalnız istehsalın və cəmiyyətin məhdud və ibtidai bir çərçivədə olduğu yerdə yaşaya bilər. Kapitalizm şəraitində “kəndlilərin istismar edilməsi sənaye proletariatının istismar edilməsindən yalnız forma cəhətdən fərqlənir.Burada da istismarçı həmin kapital özüdür. Ayrı-ayrı kapitalistlər ayrı-ayrı kəndliləri hipoteklər və sələmçilik vasitəsilə istismar edirlər;kapitalistlər sinfi kəndlilər sinfini dövlət vergiləri vasitəsiylə istismar edir”(“Fransada sinfi mübarizə”). ”Kəndlinin parsellasını (bir parça torpaq sahəsini) əlində bir bəhanə edən kapitalist torpaqdan mənfəət,faiz və renta götürür,bu torpaq sahibinin özünü isə öz mək haqqını könlü necə istəyirsə, elə əldə etməyə vadar edir”(“18 brumer”). Kəndli adətən öz əmək haqqının bir hissəsini  hətta kapitalist cəmiyyətinə, yəni kapitalistlər sinfinə verib, “xüsusi mülkiyyətçi adı ilə, irlandiyalı icarədar dərəcəsinə”(“Fransada sinfi mübarizə”) enir. “Xırda kəndli torpaq sahibliyinin üstün olduğu ölkələrdə taxıl qiymətinin,kapitalist istehsal üsuluna malik ölkələrdəkindən aşağı olması səbəblərindən biri” (“Kapital”, III, 340) nədir? Budur ki, kəndli izafi məhsulun bir hissəsini cəmiyyətə( yəni kapitalistlər sinfinə) müftə verir.” Deməli,belə bir aşağı qiymət (taxılın və başqa kənd təsərüffatı məhsullarının aşağı qiyməti0 heç də istehsalçıların əmək məhsuldarlığının nəticəsi deyil, onların yoxsulluğunun nəticəsidir”(“Kapital”, III, 340).Xırda torpaq mülkiyyəti, xırda istehsalın normal forması kapitalizm şəraitində tənəzzül edir, puça çıxıb məhv olur. “Xırda torpaq mülkiyyəti öz mahiyyətinə görə: əməyin ictimai məhsuldar qüvvələrinin inkişafına,ictimai əmək formalarına, kapitalların ictimai təmərküzünə, böyük miqyasda maldarlığa, elmin getdikcə daha çox tətbiq edilməsinə yol vermir. Sələmçilik və vergi sistemi labüd olaraq, hər yerdə xırda torpaq mülkiyyətinin yoxsullaşmasına səbəb olur. Kapitalın torpaq almağa sərf edilməsi bu kapitalı torpağın becərilməsinə sərf etməyə qoymur. İstehsal vasitələri son dərəcə xırdalanır və istehsalçılar özləri bir-birlərindən ayrı düşürlər”(Kooperasiyalar, yəni xırda kəndli şirkətləri, son dərəcə böyük bir mütərəqqi burjua rolu oynayaraq, bu təmayülü aradan qadırmaq deyil, ancaq zəyiflədir; bunu da yaddan çıxarmaq olmaz ki, bu kooperasiyalar varlı kəndlilərə çox şey , yoxsul kütləsinə isə çox az şey verir, demək olar heç bir şey vermir, sonra isə şirkətlərin özləri muzdlu əməyi istismar edir). “İnsan qüvvəsi çox böyük bir dərəcədə israf edilir. İstehsal şəraitinin getdikcə ağırlaşması və istehsal vasitələrinin bahalanması parsella mülkiyyətinin ( xırda mülkiyyətin) qanunudur”. Kapitalizm, sənayedə olduğu kimi, əkinçilikdə də istehsal prosesini yalnız “istehsalçıların çəkdiyi əzablar” bahasına yenidən qurur. “Kənd fəhlələrinin geniş sahəyə səpələnməsi onların müqavimət gücünü sarsıtdığı halda , şəhər fəhlələrinin bir yerə toplanması onların müqavimət gücünü artırır. Müasir sənayedə olduğu kimi, müasir kapitalist əkinçiliyində də əməyin məhsuldar qüvvəsiin yüksəlməsi və daha artıq əmək intensivliyi, iş qüvvəsinin özünün dağılması və tükənməsi bahasına əldə edilir. Bundan başqa kapitalist əkinçiliyindəkihər bir tərəqqi nəinki təkcə fəhlələri talamaq məharətinin, hətta torpağı qarət etmək məharətinin də tərəqqisi deməkdir… Beləliklə, kapitalist isetehsalı ictimai istehsal prosesinin texnika və kombinasiyasını yalnız elə inkişaf etdirir ki, eyni zamanda hər bir sərvətin mənbəyinin: yəni torpağı və fəhləni də sarsıdır” (“Kapital”, I, 13-cü fəslin sonu).

 

 

 

Mənbə: Vladimir İliç Lenin – Karl Marks (oçerk)

STAY CONNECTED

20,764FansLike
2,413FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.