Kişilərdə cinsi zorakılıq: Testosteronun rolu nədir?

Post date:

Author:

Category:

Xüsusilə, son illərdə qadınların daha cəsarətli çıxışları nəticəsində zorakılıq halları daha çox aşkarlandı və cəmiyyətin müzakirəsinə çıxarıldı. Bunun bərabərində isə zorakılıq göstərən kişilərin psixologiyası ilə bağlı araşdırmalar da diqqət mərkəzində oldu.

Məlumdur ki, insan bioloji, psixoloji və sosioloji varlıqdır və varlığın bu üç ölçüsü bir-biri ilə intensiv və mürəkkəb bir əlaqədədir. Buna görə mövzu ilə bağlı fərqli sahələrdən tədqiqatlar aparılır. Hər üç sahədən gələn məlumatlar bütövlükdə qiymətləndirilmədiyi müddətcə tam bir nəticə əldə etmək mümkün deyildir. Buna baxmayaraq, bu sahələrin birindən gələn məlumatlara diqqət yetirmək və həmin sahədəki biliklərimizi aydınlaşdırmaq üçün digər biliklərimizi də şərh etmək faydalıdır.

Qadınlara qarşı cinsi zorakılığın və qadın düşmənçiliyinin (mizoginiya) çox sayda sosial və mental səbəbi vardır. Psixoloji səviyyədə aparılan araşdırmalarda ortaya çıxan ümumi nəticələrə görə, bu yola əl atan kişilər, güc sahibi olsalar da, özlərini güvənsiz hiss edirlər və narsisistik simptomlar göstərirlər (Halper and Rios, 2018). Psixoloji və sosial amillər bu kişilərə o qədər təsir göstərir ki, bəzi kişilərdə qadınlara qarşı nifrət hissi hətta hormonlardan asılı olmadan baş verə bilir. Çünki biokimyəvi olaraq qısırlaşdırılmış kişilərdə də xədim edildikdən sonra belə qadınlara qarşı zorakılığın davam etdiyi bildirilmişdir (Sapolsky, 2017). Göründüyü kimi, kişilərdəki cinsi zorakılıq meylini yalnız “bioloji olaraq cütləşmək istəyən heyvan” səviyyəsinə salmaq mümkün deyil. Bu meylin mənşəyi sosiologiya və psixologiya baxımından araşdırıldıqda aydın olur.

Psixoloji və sosial amillərin davranışlarımıza güclü təsir göstərməsi bir həqiqətdir. Həmçinin, hormonal infrastrukturumuzun da cinsi instinkt və davranışlarımıza ciddi təsir göstərməsi bu həqiqəti dəyişdirmir.

Bu yazıda bu üç amil arasındakı qarşılıqlı əlaqəni daha çox bioloji baxımdan nəzərdən keçirəcəyik.

Bir kişidə ifraz olunan testosteronun miqdarı bir qadından təxminən on qat daha çoxdur. Aktivliyinin cins və orientasiya ilə çox güclü bir əlaqəsi olan testosteron hormonunun aqressiv və rəqabətcil (cinslərarası mübarizə) davranışlarla da əlaqəli olduğu məlumdur (Book et al., 2001). Bunun təkamül funksiyası göz qabağındadır: cinsi instinktləri oyanmış bir kişi ətrafındakı oxşar vəziyyətdə olan kişilərlə rəqabət aparmalı və əksər hallarda döyüşməli olacaqdır. Başqa sözlə, orqanizm fərdi həm cinsi əlaqəyə, həm də mübarizəyə hazırlamalıdır; çünki cinsi əlaqənin baş vermə ehtimalı bir çox vəziyyətdə mübarizə aparmağa da məcbur edir (Archer, 1988). Testosteron səviyyəsi artan kişilərdə amiqdalada “döyüş və ya qaç” reaksiyası qıcıqlanır və bu da ümumi oyanıqlığa və stressə səbəb olur (Stefan et al., 2014).

Cinsi əlaqəyə girə bilməyən erkək heyvanlarda stress və aqressiya əlamətləri müşahidə olunur, çünki testosteron aktivliyi artan bu fərdlərdə cinsi əlaqə həyata keçə bilmir. Bu vəziyyətdə olan erkəklər bir müddət sonra normal hormonal səviyyələrinə qayıdaraq sakitləşirlər.

Testosteronun aqressiv təsiri heyvanlarda daha güclü müşahidə olunsa da, əhəmiyyətli dərəcədə sosial və psixoloji varlıqlar olan insanlarda fərqli təsirlər müşahidə olunur (Kitab et al., 2001).

İvan Pavlovun 19-cu əsrin sonunda təməlini qoyduğu şərti reflekslər təliminin əsası, iki qıcıqlandırıcının tez-tez birlikdə verildiyi zaman, əsas qıcıqlandırıcıya verilən reaksiyanın digərinə də verilməsidir. Məsələn, tez-tez zəng səsi verildikdən sonra qida verilən it müəyyən müddət sonra təkcə zəng səsiylə də ağız suyu ifraz edəcək. Burada qida şərtsiz qıcıqlandırıcıdır, çünki itə təsiri birbaşadır. Zəng səsi isə şərti olaraq qıcıqlandırıcıdır. Başlanğıcda it üçün zəng səsinin qida ilə heç bir əlaqəsi olmasa da, müəyyən ardıcıllıqla təkrarlandıqda zəng səsi də ağız suyu ifrazına səbəb olur. Bu vəziyyətdə, “orqanizm zəng səsini avtomatik olaraq qidalanma instinkti ilə birləşdirir (asossiasiya edir) ” deyə bilərik.

Əsrlər boyu, bəlkə də, minilliklər boyu, fərdi inanc və ənənələr tərəfindən formalaşan mədəniyyət, insanların cinsi davranışlarına böyük təsir göstərmişdir. Bu təsir təbii ki, mədəniyyətin təşəkkül formasından asılıdır. Buna görə də, zamana və mədəniyyətə görə dəyişir. Məsələn, cinsi əlaqənin normal qəbul edildiyi yaş ölkələrə görə dəyişir. İranda evlənmə və beləliklə cinsi əlaqənin normal yaşı qadınlar üçün 13, kişilər üçün 15 yaşdır (İran mediasında bu haqda). Dünyanın böyük əksəriyyətində bu yaş 18 olduğuna baxmayaraq, demək olar ki, hər bir ölkədə qanunla bu yaşı yuxarı və ya aşağı salan istisnalar mövcuddur. Digər tərəfdən, Yaponiya və Yeni Zelandiya kimi ölkələrdə bu yaş 20, Sinqapur və ya Bəhreyn kimi ölkələrdə bu yaş 21-dir.

Və ya cinsi əlaqənin cəmiyyət tərəfindən kimlərlə və necə olacağının normal qəbul edilməsi yolları da dəyişkəndir.

Kanadada iki kişinin ailə qurması və bir-biri ilə cinsi əlaqədə olması mümkünkən, halbuki İtaliyada evlənmək mümkün olmasa da, eyni yaşayış yerində yaşaya bilərlər. Meksikanın bəzi bölgələrində yalnız xaricdən gələn həmcins cütlüklərə icazə verilərkən, bəzi digər bölgələrdə isə Kanada kimi azadlıq mövcuddur. Türkiyədə bu cütlükləri qanuni olaraq tanıyan hər hansı bir qurum olmadığı kimi, Rusiyada bu əlaqələrə mane olacaq və ya təzyiq göstərəcək qanunlar mövcuddur. Belə bir cütlük Somalidə həbsxanaya göndərilə bilərkən, Səudiyyə Ərəbistanında cəzası ölüm hökmü ola bilər.

Cəmiyyətin seksuallığa göstərdiyi ən vacib təsirlərdən biri də, “orqanizmin bu instinktə müəyyən məhdudiyyət qoymasıdır” deyə bilərik. Xüsusilə, daha mühafizəkar cəmiyyətlərdə müəyyən şərtlər – məsələn, evlilik kimi şərtlər yerinə yetirilməzsə cinsi əlaqə yolverilməzdir. Bu hissləri sıxışdırıb-gizlətməyin və seksuallığı “ayıb” olaraq görməyin necə başlandığı dəqiq bilinməsə də, Ernest Becker kimi kultural antropoloqlar bunun əsasının insanın “öz heyvani mənşəyindən utanması” ilə əlaqəli olduğunu düşünürlər.

Daha mühafizəkar cəmiyyətlərdə, yəni cinsi əlaqəyə girməyin tamamilə məhdudlaşdırıldığı yerlərdə yetkin kişilər testosteronun özlərindəki təzyiqini azaltmaq üçün masturbasiya edirlər. Ancaq masturbasiya, cinsi ehtiyacın tamamilə ödənməsi demək deyil; çünki burada cinsi əlaqədə mövcud olan bir çox təmas, hormon və qarşılıqlı əlaqə yoxdur. Şimpanze, at və itlər kimi masturbasiya edə bilən növlərin belə bəzən cinsi əlaqəyə girmək üçün ciddi fiziki mübarizəyə girməsi bu halı təsdiqləyir.

Bu vəziyyətdə testosteronun yaratdığı təzyiq insanlarda fərqli bir mexanizmə səbəb olur ki, bu da şərti reflekslərlə sıx bağlıdır. Qadınlara qarşı hər zaman seksual cəzb hiss edən, ancaq cinsi əlaqəyə girə bilməyən kişilərdə cinsi oyanıqlıq və zorakılıq meyli eyni vaxtda və tez-tez müşahidə olunur. Yəni kişi qadını görür, cinsi oyanıqlıq yaşayır, eyni zamanda zorakılıq meyli hiss edir; ancaq cinsi əlaqə baş vermir. Bu tez-tez təkrarlandıqda, kişidə şərti refleks meydana gəlir və arzuladığı “qadın” obrazı və hiss etdiyi “təcavüzkarlıq” (red. əldə etmə istəyi, hakimiyyət əzmi) anlayışı birləşərək qadınlara qarşı cinsi zorakılıq meyli hiss etməyə başlayır. Hiss edilən bu duyğu testosteronun əsas təsirlərindən biri olan dominantlıq duyğusu, müdafiə mexanizmi və rəqabət instinktlərini birləşdirərək daha da artır. (Dabbs, 2000).

Sonra tanış olduğunuz bir proses işə başlayır. Seksual davranışları məhdud və ya “yetərsiz” olan kişi cinsi oyanıqlıqla bərabər gələn gərginliyi hiss etməmək üçün qadının seksual davranışlarını idarə etməyə çalışır. Daha dəqiq desək, qadının cinsi olaraq cəlbedici xüsusiyyətlərini aradan qaldırmağa çalışır və qadını da bunu etməyə məcbur edir. Bu səyin əsas məqsədi qadının özünü, daha doğrusu qadınlıq xüsusiyyətlərini daha az göstərməsidir. Qadına qarşı hiss etdiklərinin sağlam şəkildə öhdəsindən gələ bilməyən kişi qadının düşməninə çevrilir, çünki bir müddətdən sonra qadının seksuallığı ağıla gəldikdə qadının özü də gəlmiş olur.

Tez-tez eşitdiyi zəng səsinə ağız suyu axıdan it qida verilmədikdə bir müddət sonra aclıqdan stress keçirir; ancaq yəqin ki, itin “boş ümid” doğuran səs tonuna qarşı aqressivləşdiyini görə bilməzsiniz; çünki itlərdə uzun bir təbiisüni seçmə proseslərindən keçərək yaranmış çoxlu genlər mövcuddur (red. İtlər insan qarşısında aclıqla imtahan olunsa da, əhilləşdirilmiş canlı olmaqdan çıxmır) . Ancaq insanlarda bu hal müşahidə oluna bilər, çünki, insan belə bir təkamül prosesindən keçməmişdir və daha yüksək idrak funksiyalarına sahibdir.

Mədəniyyətin seksuallığı sıxışdırıb-gizlətdiyi cəmiyyətlərdə kişilərin şərti refleksin təsiri ilə qadınlara qarşı seksual oyanıqlıq hiss etməsi, özlərində zorakılıq meyli və stress yaratdığı üçün bu “qıcıqlandırıcını” aradan qaldırmağa çalışırlar. Qadını örtməyə çalışır və ya buna məcbur edirlər.

Mövcudluğunun vizuallığını azaltmağa çalışır, qadının səsindən, saçından belə cinsi zorakılığa səbəb ola biləcək qədər təhrik ola bilirlər. Həmçinin, digər kişilərdə də mexanizmin özlərindəki kimi olduğunu düşünürlər. Testosteronun dominantlıq, müdafiə və rəqabətedici təsirləri də bu duyğularla birləşərək kişinin düşüncəsində bütün bu diskomfort və gərginliyi idarə edə biləcəyini sandığı bir sosial sistem meydana çıxır. Bu sistemdə qadın, kişiləri cinsi rəqabətə cəlb etməsin deyə sosial həyatdan geri çəkilir. Ətrafda olduqda isə qadınlığını mümkün qədər gizlətməlidir. Həyatda qadının “müqəddəs” vəzifəsi doğmaq, uşağa baxmaq və evin işlərini yerinə yetirməkdir. Bunları da adətən kişiyə məxsus evdə yerinə yetirirlər, seksuallıq isə yalnız kişini məmnun etmək üçün şəkilləndirilmişdir.

Qadınları “evdəki qiymətli çiçək” olaraq görən bu ibtidai meyl, mentalitetə təsir göstərərək çıxılmaz vəziyyət yaradır: Mentalitet qadının sosial həyatdakı mövcudluğunu sıxışdırır. Cinsi davranışları məhdudlaşdırılan kişi də stress və zorakılıq meylinin öhdəsindən gəlmək üçün qadının varlığının vizuallığını azaltmağa çalışan o mentalitetin əsas dəstəkçisinə çevrilir. Bu yanaşma cəmiyyətə daxil edildiyi müddətcə bunu normal qəbul edən hekayələr, şeirlər və miflər yaranır. Beləliklə, kişi zorakılığının cəmiyyətdəki yeri pərçimlənir; bu da yeni yetişən kişilərin bu mentalitetlə tanış olmalarına, yəni bu şəkildə davranmağa şərtlənmələrinə səbəb olur. Bu cərəyan beləliklə davam edir.

Bioloji nöqteyi-nəzərdən baxdıqda gördüyümüz budur: Bütün qadınlara, xüsusilə, sosial həyatda özünü azad şəkildə ifadə edə bilən qadınlara qarşı aqressiv və məhdudlaşdırıcı xüsusiyyətlər əldə edən kişilər əslində bu çıxılmaz vəziyyətin qapısında narahatlıq içindədir.

Ziqmund Freyd (Froyd) “Sivilizasiyanın narahatlığı” adlı kitabında mədəni dəyərlərin instinktlərə təsirinin birbaşa bağlılığı olduğunu vurğulayır. Onun sözlərinə görə, sivilizasiyasının əsası bir çox instinktlərə nəzarət etmək və bəzilərindən də imtina etmək üzərində qurulmuşdur. Sivil bir insan özünə və ya başqalarına zərər verə biləcək instinktlərini kompensasiya etmək üçün sağlam özünü müdafiə mexanizmlərini işə salır. Təkamül psixologiyası açıq şəkildə insanın “mənfi” instinktlərini təsdiqlədiyi haqda tənqid edilir. Ancaq həqiqət bunun əksidir; Təkamül psixologiyası sayəsində biz nəzarət etməli və imtina etməli olduğumuz instinktlərimizi tanıya bilirik. Təkamül psixologiyası faydasız və hətta açıq-aşkar baxımdan zərərli olan meyllərimizi elmi olaraq araşdırır. Bir problemi obyektiv aşkar etməyincə o problemi həll edə bilməzsiniz.

Mental dəyərlərə görə və bəzən də cinsi disfunksiyası olduğundan sağlam bir cinsi həyata sahib ola bilməyən kişilər də olur. Psixoloji cəhətdən sağlam kişilər sağlam müdafiə mexanizmləri ilə testosteronun yaratdığı bu aqressiyanı kontrol edirlər. Ancaq kişi psixi sfera baxımından sağlam bir fərd deyilsə, həmçinin içində yaşadığı cəmiyyət qadınlara qarşı cinsi zorakılığı normal qəbul edir və hətta dəstəkləyirsə, kişi bir qıcıqlandırıcıya reaksiya verən heyvan kimi hərəkət edərək zorakılıq göstərə bilir. Elə buna görə də, özünü idarə edə bilmədiyi üçün qadını idarə etməyə çalışır.

Sivilizasiyanın əsası instinktləri və bu instinktlərdən gələn, insanlara və başqalarına zərər verə biləcək meylləri idarə etməkdir. Bunun əvəzində bir insan öz instinktlərini təmin etmək üçün başqa insanlara zərər verməyə üstünlük verirsə, bu onun Pavlovun itindən və ya ağacdakı meymundan fərqli olmadığını göstərir.

Məqalə Evrim Ağacı portalında Rezonanss.com üçün tərcümə edilmişdir.

Tərcüməçi: Leyla Əliyeva

Redaktor: Ziya Mehti

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....