Komputer tomoqrafiyası (KT) nədir? /Ensiklopedik bilgi

0
33

KOMPÜTER TOMOQRAFİYASI

Elmin və texnikanın sürətli inkişafı nəticəsində kliniki praktikada yeni bir rentgenoloji metod – kompüter tomoqrafiya tətbiq edilməyə başlandı.

Makrabert Evanderin fikrinə görə rentgen şüalarının kəşfindən sonra təbabətdə ən böyük kəşflərdən biri kompüter tomoqrafiyanı hesab etmək olar. Bu metodla insan orqanizmində mövcud olan daxili üzvlərin vəziyyəti, ölçüləri, forması, quruluşu və onların qonşu üzvlərə görə münasibətini öyrənmək mümkün olur.

Kompüter tomoqrafiya üzvlərin nazik qatlar şəkilində təsvirini ekran üzərində canlandırır. Kompüter tomoqrafiyası ideyası cənubi Afrika respublikasında məşhur fizik Kormak tərəfindən irəli sürülmüşdür. Lakin bəzi çatışmazlıqlar bu metodun o zaman geniş yayılmasına maneçilik törətmişdir.

Yalnız 1972-ci ildə Q.Xaunsfild ilk dəfə olaraq qadının başında beyin şişinin kompüter vasitəsilə aydın şəklini ala bilmişdir. Buna görə də 1979-cu ildə A.Kormak və Q.Xaunsfild Nobel mükafatına layiq görülmüşdürlər.

İlk dövrlərdə kompüter tomoqrafiya yalnız baş beynin xəstəliklərində tətbiq edilməyə başlayır. Hər müayinə üçün 4-20 dəqiqə vaxt sərf olunur. Bu nəsil tomoqrafiya yalnız hərəkətsiz üzvlərin müayinəsi üçün mümkün olurdu. Müayinə edilən sahənin diametri 24 sm-dən artıq olmurdu. İki ildən sonra 1974-cü ildə kompüter tomoqrafiyanın II Nəsil-modeli buraxılır. Bu tomoqraflarda Detektorların (qəbuledicilərin miqdarı bir qədər artırılır. Rentgen borusunun meyl etmə dərəcəsi 3-10-a çatdırılır. Aparılan müayinənin vaxtı 20-60 saniyəyə endirilir.

Yalnız keyfiyyətli kompüter tomoqrafiya müayinələri 1976-1977-ci illərdə III Nəsil tomoqrafiyanın istehsalından sonra başlayır. Bu növ kompüter tomoqrafiyada müayinə edilən sahə böyüdülərək 50-70 sm-ə çatdırılır.

Bu qurğularda Rentgen borusu və Detektorlar 360 dərəcəli bucaq altında fırlanaraq 3-5 saniyə ərzində istənilən üzvün müayinəsini aparmaq mümkün olur.

 

Alınan təsvirin keyfiyyəti xeyli yaxşılaşır. Qabaqcıl firmalar arasında gedən rəqabət nəticəsində 1979-cü ildə yeni növ IV nəsil kompüter tomoqrafiya buraxılmağa başlanılır. Bu növ tomoqrafiyalarda detektorların miqdarı xeyli artırılaraq 1200-ə çatdırılır. Əvvəlki tomoqrafiyalardan fərqli olaraq bu növ aparatlarda detektorlar sərbəst girdə halqavari ştativdə hərəkətsiz olaraq yerləşdirilir. Yalnız Rentgen borusu müayinə edilən xəstələrin ətrafında köndələn istiqamətdə 360 dərəcə meyl etməklə hərəkət edir. Sürətlə texnikanın inkişafı 1986-cı ildə kompüter tomoqrafiyanın yeni müasir V nəslinin meydana çıxmasına səbəb olur. Müasir tipli bu aparatların imkanları daha genişlənərək istər hərəkətli və istərsə də hərəkətsiz üzvlərin müayinəsini aparmağa imkan yaradır.

Alınan təsvirin intensivliyini təyin etmək üçün Xaunsfild şkalasından istifadə edilir. Bu şkalada Absorbsiya əmsalı (A.ə) su üçün «O», sümük üçün «+1000», hava üçün isə «-1000» ilə işarə edilmişdir. Hər bir üzv üçün absorbsiya əmsalı öyrənildiyinə görə alınan təsvirin təhlili asanlaşır.

Təsviri gücləndirmək üçün kontrast maddələrdən istifadə edilir. Bu “gücləndirici” metod adlanır. Hal-hazırda mədəaltı vəzin, beyin yarımkürələrinin, qaraciyər və digər üzvlərin təsvirinin gücləndirilməsində kontrast maddələrdən geniş istifadə edilir. Kompüter tomoqrafiya adi tomoqrafiyadan fərqlənir. Belə ki, adi tomoqrafiyada alınan təsvir plyonka üzərində gizli olaraq qalır. Yalnız bunu biz laboratoriya üsulu ilə aydınlaşdırırıq.

Kompüter tomoqrafiyada isə təsvir televizion ekran üzərində alınır və istənilən vaxt təsvir plyonkaya köçürülür və uzun müddət yaddaşda saxlanmağa imkan yaradılır.

Burada alınan köndələn laylar, qatlar çox nazik 1-5 mm olur. Alınan şüa dozası 0,01-0,2 Qr-ə (Qrey) uyğun gəlir.

Kompüter tomoqrafiyasının aparılması üçün xəstələrə xüsusi hazırlıq tələb olunmur. Yalnız öd kissəsi üçün xəstə acqarına müayinədən keçməlidir. Mədəaltı vəzin təsvirinin aydın alınması üçün xəstəyə 20 ml kontrast maddə 500 ml suda həll edilərək içirdildikdən sonra baxılır.

Kompüter tomoqrafiya vasitəsilə daxili üzvlərin punksiya edilib lazımı materiallar götürülüb histoloji müayinəyə göndərilməsi də mümkündür.

Rentgenoloji metodların keyfiyyətinin yüksəldilməsində insan üçün zərərsiz sayılan kontrast maddələrin kəşfinin böyük əhəmiyyəti olmuşdur. Rentgenoloji təcrübədə tətbiq edilən kontrast maddələr iki böyük qrupa ayrılır: ağır atom çəkiyə və yüngül atom çəkiyə malik kontrast maddələr. Birincilər ağır metal duzlarından təşkil olunmuş maddələrdən ibarətdir. Bu kontrast maddələr rentgen şüalarını çox udduğundan müayinə edilən üzvün kölgəliyinin tündlüyünü yüksəldir və onun aydın görünməsinə şərait yaradır. İkinci qrup kontrast maddələr isə yüngül atom çəkiyə malik havadan, oksigendən, güldürücü qazdan və s. ibarətdir. Bu kontrast maddələr rentgen şüalarına heç bir müqavimət göstərmirlər.

Mənbə: Radiodiaqnostika, Həkim və tələbələr üçün dərslik. ( Bahadur Baxşiyev)

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here