Konformizm (latınca conformis “uyğun” , “oxşar”) – sosial-siayasi və psixoloji anlayış olub kütləvi şüurun hakim fikir, standart və stereotiplərini qeyri-tənqidi qəbul etməni və onlara kor-koranə riayət edilməsini ifadə edir. Konformizm totalitar və avtoritar rejimlərin, kütləvi cəmiyyətin sosial-psixoloji əsası kimi çıxış edir. Bu rejimləri tədqiq edən H.Arendt, Ç.Mills kimi alimlərin əsərlərində konformizmin təhlili verilmişdir. Konformizm kütləvi informasiya vasitələrinin və təşviqatın, ənənələrin, kollektiv və fərdi sosial-siyasi təcrübənin təsiri altında formalaşır. Freydizm konformizmin formalaşması mexanizmlərinə zorakılığı, qorxutmanı, milli və sosial təkəbbürlüyü (narsisizm), rəhbərlə və hakim qrupla identifikasiyanı (burada: empatiyanın şişirdilmiş halı. fərd özünü başqa adamlara onların arasında mövcud olan emosional rabitələr əsasında şüurlu və ya şüursuz olaraq eyniləşdirir, özünü bu rabitələrlə bağlı şəxs kimi aparır), seksual hissin boğulmasını aid edir. E.Fromm konformizmi insanın özünü tənhalıqdan, qorxudan və azadlıqdan qoruduğu sığınacaq adlandırır.
Mənbə: Elmi Ensiklopediya