Koronavirus ev heyvanlarınıza yoluxa bilərmi və onlardan sizə yoluxma mümkündürmü?

Post date:

Author:

Category:

Həm pişik, həm də itlər koronavirusa yoluxa bilər. Lakin onların xəstələnmə ehtimalı, həmçinin, xəstəliyi sizə və ya başqa heyvanlara yoluxdurma ehtimalı çox aşağıdır.

Bir çox xəstəliklər həm insanlarda həm də heyvanlarda müşahidə olunur. Bronx Zooparkındakı  pələnglərdə  testin müsbət çıxması dramatik olaraq göstərir ki, koronavirus da bu xəstəliklərdən biridir.

“Ev heyvanım koronavirusa yoluxa bilərmi?”

Cavab, bəli. Həm pişiklərin, həm də itlərin koronavirusa yoluxa bildiyinə dair real hadisələrə əsaslanan faktlar və laboratoriya təcrübələrindən irəli gələn sübutlar var.

Honq Konqda səhiyyə rəsmiləri koronaviruslu xəstələrlə birlikdə yaşayan 17 it və 8 pişiyi sınaqdan keçirdilər. İki itdə virusa rast gəlindi. Bunlar pomeraniya və alman çoban iti (ovçarka) idi. Lakin ikisində də xəstəlik baş vermədi.

Səkkiz pişiyin heç birində isə yoluxma və ya xəstəlik müşahidə olunmadı. Ancaq bir müddət sonra Honq Konqdakı bir pişikdə virusun aşkarlandığı haqda məlumat verildi.

Başqa bir hadisə isə, Belçikada yoluxmuş bir pişiyin aşkarlanması idi. Yenə pişiyin sahibində COVID-19 vardı, lakin Honq Konqdakı pişikdən fərqli olaraq, bu pişikdə tənəffüs sistemindəki problemlərlə yanaşı ishal və qusma qeyd olunurdu.

Son məlumatlar isə Vuhandan gəlir, burada tədqiqatçılar 102 pişiyi sınaqdan keçirdi və nəticələrin əvvəlcədən qeydə alındığı bir araşdırma yayınladı. Bu pişiklərdən on beşində virusa qarşı anticisimlər aşkarlandı, yəni pişiklər bu xəstəliyə daha əvvəl yoluxmuşdular. Araşdırmalar müəyyən etdi ki, koronavirus Vuhanda pişik populyasiyasına yoluxub və ehtimal ki, xəstəliyin yayıldığı digər bölgələrdə də bu risk var. Bu araşdırma baytarlar tərəfindən zooklinikalarda sahibləri COVID-19-a yoluxmuş pişikləri test etməklə davam etdirildi. Pişiklərdən üçü sahibləri tərəfindən yoluxdurulsa da, digər 12-sinin virusa necə yoluxduğu məlum olmadı.

Ev heyvanım virusu başqa bir heyvana ötürə bilərmi?

Əgər pişiklər və ya itlər koronavirusu yaya bilirlərsə, səhiyyə təşkilatları və ictimaiyyət bu heyvanlara da nəzarət etməyi pandemiyanın böyüməsinin qarşısını ala bilmək üçün atılan addımlar arasına salmalıdır. Koronavirusun ev heyvanlarında asanlıqla çoxala bildiyini və onu digər heyvanlara ötürə bildiyini isə bilmək çox vacibdir. Çində bir qrup tətqiqatçı bu sualları cavablandırmaq üçün işə başladılar.

Bunu etmək üçün onlar canlı SARS-CoV-2 virusunu böyük dozada it və pişiklərin burunlarına birbaşa olaraq yeritdilər. Alimlər daha sonra bu yüksək dozada yoluxdurulan heyvanlardan bəzilərini virusa yoluxmayan təcrübə heyvanlarının yanına yerləşdirdilər ki, həm xəstəliyə məruz qalan heyvanları, həm də virusun sağlam heyvanlara təsir edib-etməyəcəyini müşahidə edə bilsinlər.

Araşdırmaçılar virusa məruz qalan bala və yetkin yaşlı pişiklərin yoluxduğunu müşahidə etdilər. Virus yoluxdurulan bala pişiklərin beşinin xəstələndiyi, ikisinin isə öldüyü qeyd olundu, lakin yetkin pişiklərin hamısı xəstəliyi yüngül keçirərək infeksiyaya qarşı mübarizə apara bildilər.

Pişiklərin koronavirusu digər pişiklərə də yaya biləcəyi aşkar edildi. Bir həftədən sonra xəstə pişiklərin yanına yerləşdirilən sağlam pişiklərin üçdə-birində koronavirus testi müsbət çıxdı.

Bu nəticələr SARS-CoV-2-nin pişiklərdə çoxala bildiyinə və onları xəstələndirdiyinin isbatıdır. Həmçinin bu araşdırmalar pişiklərin virusu aerogen (hava-damcı) yolla digər pişiklərə də keçirə biləcəyini göstərir.

Eyni tətqiqatçılar itləri də müşahidə etdilər. İtlərin virusa qarşı daha davamlı olduğu və xəstəliyi digər heyvanlara ötürə bilmədiyi aşkarlandı.

Bu vacib məlumatdır, ancaq təcrübənin yerinə yetirildiyi şərait də təbii bir şərait deyildi. Normal ətraf mühit şəraitində pişiklər və itlər arasında virusun ötürülməsi ilə bağlı araşdırmalar aparılmamışdır, buna görə təbii yoluxmanın mövcudluğu məlum deyil. Bu təcrübə pişiklərin və itlərin koronavirusa qarşı güclü immunitetinin olmadığını göstərsə də, ev heyvanları arasında bir pandemiyanın olmamasını və xəstəliyə insanlardan daha davamlı olduğuna aid bəzi dəlillər verir.

“Pişiyimdən koronavirusa yoluxa bilərəm?”

Koronavirusu bir pişikdən və ya itdən yoluxmağın mümkün olmadığını söyləyə bilməsək də, araşdırmalar bunun olduqca çətin olduğunu göstərir. Hal-hazırda insanların heyvanlardan koronavirusa yoluxma  halları barədə məlumat verilməmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı, “mövcud dəlillərə əsaslanaraq, insandan insana ötürülmə” COVID-19 pandemiyasının əsas mənbəyi olaraq qaldığını, lakin “heyvanların və ev heyvanlarının bu xəstəliyi yaya bildiyini anlamaq üçün əlavə sübutlar lazım olduğunu” söylədi.

“Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri” ev heyvanlarının insanlara COVID-19 yoluxdurmasına dair heç bir sübut olmadığını irəli sürür.

Faktlara əsasən, pişiyiniz yoluxubsa, bunun sizə keçmə ehtimalı azdır. Daha dəqiq desək, pişiyinizin yoluxması virusu sizdən aldığını göstərir.

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....