Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Post date:

Author:

Category:


Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan zəhərli element -Arsen barəsində nə bilirik ?

Arsen (As), dövri cədvəldə atom nömrəsi 33 olan kimyəvi elementdir. Bir çox minerallarda, kükürd və metallarla birlikdə, eyni zamanda, saf kristal olaraq meydana gəlir. Yarımmetaldır.

Arsen element kimi, 1250-ci illərdə, alman kimyagər Albetrus Magnus tərəfindən kəşf olunub, 1649-cu ildə isə, alman əczaçı Johann Schrooder tərəfindən saf şəkildə əldə edilmişdir.
Lakin, eramızdan əvvəl yaşamış xalqlar müxtəlif birləşmələrin tərkibindəki bu maddədən xəbərdar idi.

Qədim Yunanıstanda, Çində dərman kimi istifadə olunur, Misirdə isə, metalların parladılmasında işlədilirdi. Arsen qədim dövrlərdən cinayət məqsədi ilə istifadə olunan maddədir, ancaq az tapılması, dolayısıyla da, bahalı olması səbəbindən, sadə xalq arasında geniş istifadə olunmurdu. Arsenin yayılmasına əsas kömək edən, məhz sənaye inqilabı olmuşdur. (Qeyd : Sənaye inqilabı (birinci sənaye inqilabı) – Avropa və ABŞ da yeni istehsal proseslərinə keçid dövrü. 18 və 19-cu əsrləri əhatə edir. )

Metalların işlənməsi (saflaşdırılması) sənaye inqilabı dövründən başlanır. Mədənlərdən çıxarılan cövhərləri alova tuturlar. Bu proses zamanı metal tərkibindəki qarışıqlardan təmizlənir və istifadəyə yararlı hala gəlir. Bu vaxt, metal cövhərinin tərkibindəki arsen oksigen ilə reaksiyaya girir, ‘arsen trioksid’ – As2O3 (ağ arsen, arsen turşusu) qazı əmələ gəlir və havaya buraxılır.

Lakin, bu qaz çox tez qatılaşdığına görə, fabrikdən çıxa bilmədən, bacalara yapışır, tıxanmaya səbəb olurdu. Bu səbəbdən, bacalarda tez-tez təmizlənmə prosessi aparılırdı. Fabrik sahibləri isə, əllərindəki tonlarca zəhərli tullantını atmaq əvəzinə, bazara çıxardıb, gəlir əldə etməyə başladılar.

Həmin arsen ilə, ucuz şamlar hazırlanır, evlərdə xanımlar gəmiricilərə qarşı zəhər kimi istifadə edirdilər. Divar kağızları, fişənglər istehsal olunurdu. Qeyd etmək lazımdır ki, əksər ağır metallar yaxud birləşmələri göz oxşayan canlı rənglərə malik olurlar. ( kadmium qırmızısı, titanium bəyazı, xrom sarısı və s. buna misal olabilər) Həmçinin arsenid yaşılı Scheele yaşılı, Paris yaşılı, zümrüd yaşılı. Bunların hər biri, arsenidə (arsenin birləşməsi) verilən adlardır.

Arsenin, cəmiyyətin fərqli təbəqələri tərəfindən, müxtəlif sahələrdə geniş istifadəsinin səbəbi də məhz həmin birləşmənin cəlbedici rəngi olmuşdur. Bu gözoxşayan rəng, beləcə, makyaj vasitələrində, paltarlarda, peçenyelərdə qida boyası olaraq, süni çiçəklərdə, oyuncaqlarda istifadə olunmağa başlandı.

Təbii ki, xalqın böyük bir qismi bu dövrdə arsenin olduqca zəhərli bir element olduğundan xəbərsiz idi . Ağ arsen isə, hətta dərman kimi istifadə olunur, müasir dövrdəki antibiotikləri əvəz edirdi.. Yoxsulluqdan əziyyət çəkən və çoxuşaqlı ailələrdə isə, valideyn fərdlər sonsuzluq üçün bu maddədən hazırlanmış qarışıqlardan istifadə edirdilər.

Arsenin bu dərəcə asanlıqla yayılmasının, xalq tərəfindən sorğulanmadan qəbul edilməsinin səbəbi isə, əks təsirlərindən xəbərdar olan həkimlərin; toksikoloqların qeyri-leqal yollarla susdurulması idi. Onların bəzisi, hətta, ‘Arsenin faydaları’ barədə məqalələr hazırlayır, kütləvi qəzetlərdə dərc edir, beləliklə reklamına dəstək olurdular. Bu da məhz, ‘Sənayə inqilabının qaranlıq üzlərindən birisi’ hesab olunur.

Tarix boyu, rəssamların daha çox, qurğuşuna üstünlük verdikləri bilinsə də, arsen incəsənətdə də rəğbət görəbilmişdi. Sənaye inqilabı dönəmi rəssamlarından, Pol Sezan (1839-1906) diabet xəstəliyinə tutuldu, Vinsent Vilhem van Qoq ( 1853-1890) ensafolapatiya nəticəsində dəli oldu və qulağını kəsdi… (Qeyd : Van Qoqa 150-dən artıq həkim, bipolyar pozğunluq, şizofreniya, epilepsiya, Meniere xəstəliyi və s kimi çoxsaylı diaqnozlar qoymuşdur.)

Arsen zəhərlənməsi ; yüksək dozada arsenin udulması yaxud tənəffüs edilməsidir. Lakin zəhər barədə önəmli məqam budur ki, əslində, yuxarıda qeyd edilən şəxslərdən heç biri bilavasitə arsendən ölməyib.

Necə?

Gəlin, əvvəlcə arsenin orqanizmə yayılma yoluna baxaq. Orqanizmdə çoxsayda hormonlar mövcuddur. Bu hormonların aktivləşməsi bir növ, kilid-açar sisteminə bənzəyir. Hər kilidin özünəməxsus quruluşu vardır ki, hormonlarda bunu yaradan məhz kükürd atomlarıdır. Arsen atomları isə, kükürd ilə asan reaksiyaya girəbilir. Reaksiyaya girdikdə, onun quruluşunu, dolayısıyla da, hormonların işini pozur. Bu da hormonlar vasitəsi ilə, orqanizmin hərhansısa bölgəsində başverəcək müvafiq kimyəvi reaksiyanın zəifləməsinə, hətta tamamilə durmasına səbəb olur.

Arseni digər zəhərlərdən fərqləndirən, anlaşılmaz edən önəmli cəhətlərdən birisi məhz elə budur . Qana qarışdıqdan sonra, istiqamətini əvvəlcədən təxmin etmək mümkün deyil. Hərhansısa bir sistemə təsadüfən keçir və uyğunluğu pozur.
Məsələn; tənəffüs sisteminə girərsə, ağciyər çatmazlığına, hüceyrələrin quruluşunu pozarsa; xərçəngə səbəb olar. Ürəyə gedərsə, infarkt güman olunandır. Sinir sisteminə qarışdıqda isə, ensefalopatiyaya səbəb olacaqdır. (Qeyd : Ensefalopatiya – beyin toxumasında degenarativ dəyişikliklər olan xəstəlik kimi tanınır. Neyro-psixi sindromdur. Zəif koordinasiya, əzələlərin bükülməsi, sarsıntı kimi əlamətlər ilə üzə çıxa bilər. Xəstənin komaya düşməsi də mümkün ehtimaldır. Müalicəsi simptomların tezliyindən və şiddətindən asılıdır. Lakin ensefalopatiya nəticəsində beyində yaranmış dəyişikliklər davamlı və sağalmazdır.)

Arseni digər zəhərlərdən ayıran və daha təhlükəli edən ikinci xüsusiyyəti isə, hərhansısa spesifik qoxu və ya dada malik olmamasıdır. Buna görə də, qida və ya içki vasitəsi ilə arsen qəbul etmiş şəxs, zəhərləndiyinin fərqinə vara bilməz.

Uzunmüddətli təsir, adətən, nahiyədə xərçəngin yaranması ilə nəticələnir. Ümumiyyətlə isə, daha çox :
• Qan
• Limfa sistemi
• Qaraciyər
• Ağciyər
• Dəri
• Prostat
• Böyrəklərə təsir göstərir.

Həmçinin, hamilə qadınlarda, zəhərlənmə, fetala keçərək, doğuşda qüsurlar yaradır. Az dozalı olsa belə, uzunmüddətli təsirə məruz qalan uşaqların fiziki və əqli inkşafında geriləmə müşahidə olunur. (Əlavə qeyd : Çirklənmiş süd vasitəsilə ilə yüksək dozada arsen qəbul etmiş yaponiyalı uşaqlarda epilepsiya, idrak geriliyi və hətta ağır eşitmə itkisi qeydə alınmışdır. )

Arsen zəhərlənməsinin simptomları

  1. Əzələ uyuşmaları
  2. Əl və ayaq barmaqlarında qıcolma
  3. Qarın ağırısı
  4. Mədə bulantısı və qusma
  5. İshal
  6. Anormal ürək ritmi
  7. Bədəndən yayılan sarımsağa bənzər qoxu ( digər zəhərlənmələrdən fərqləndirici xüsusiyyət hesab olunur)
  8. Qızarmış və ya şiş dəri
  9. Dəridə deformasiyalar

Qeyd etmək lazımdır ki, piqment dəyişiklikləri və palmoplantar hiperkeratozlar arsen zəhərlənməsi üçün xarakterik hesab olunur.
Bu zaman yamaq hiperpeqmentasiyası yaranır ki, o da daha çox rast gəlinir :
• Göz qapaqları
• Boyun
• Qasıq nahiyəsi
• Məmə
Xroniki zəhərlənmə zamanı isə izlər – sinə, arxa və qarın nahiyələri boyunca uzanır.
Dəridəki, səpələnmiş , solğun ləkələri olan tünd-qəhvəyi rəngli bu yamalar, adətən, ‘tozlu yolda yağış damcıları’ kimi təsvir edilir.

Orqanizmdəki arsen səviyyəsinin ölçümü üçün testlər aparılır :

  1. Qan
  2. Dırnaq
  3. Saç
  4. Sidik

Sidik analizi, son bir neçə gündəki , digər testlər isə, ən az 6 aylıq zəhərlənməni ölçür.

Müalicə metodları

Bəzi hallarda arsen bədəndən çıxarılır, əksər hallarda isə, bədənə qarışmış maddənin ziyanı minimuma endirilməyə çalışılır.


• arsenlə çirklənən paltarların çıxarılması
• dərinin yuyulması, durulanması
• qan köçürmə
• ürəkdə qüsurlar yarandığı halda, ürək dərmanı qəbul etmək
• Potensial ölümcül ürək ritmi problemlərini azaldan mineral əlavələrdən istifadə etmək
• Həmçinin böyrəyin funksiyasının daimi kontrolu

Çelasiya terapiyası da istifadə edilə bilər. Bu müalicə üsulunda, arseni qan zülallarından təcrid etmək üçün müəyyən kimyəvi maddələrdən, o cümlədən dimerkaptosukkinik turşusu və dimerkaprol istifadə edilir.

Müasir dövrdə Arsen zəhərlənməsinin səbəbləri

Kirlənmiş yeraltı sular, hazırda arsen zəhərlənməsinin əsas səbəbi hesab olunur. Arsen onsuzda fərqli birləşmələrin tərkibində, yer qabığında mövcuddur və yeraltı sularına keçə bilər. Lakin, həmçinin, sənayə müəsisələrinin tullantıları içməli axar sulara qarışdıqda da, ətraf ərazidə yaşayan əhalidə bu hala rast gəlmək mümkündür. (Qeyd : Arsen tərkibli yeraltı sular daha çox, ABŞ, Meksika, Çin və Hindistanda mövcuddur.)

Son olaraq qeyd etmək lazımdır ki, arsenin sənayedə öz tətbiq sahələri də vardır. Çap mürəkkəbləri, həşərat dərmanları, toxuma boyaları, dəri qoruyucuları, ağac qoruyucu kimyəvi maddələr, piqmentlər, siçan zəhəri, xərçəng dərmanları, keramika, lazer, LED və s.
Həmçinin, qadağan olunmasına baxmayaraq, bəzi uzaq Şərq ölkələrinin ixrac etdiyi ucuz boya və kosmetik vasitələrdə hələ də arsendən istifadə olunur.

Mənbə :
https://www.sciencehistory.org/distillations/an-everyday-poison
https://www.makaleler.com/arsenik-nedir-zararlari-nelerdir
https://www.who.int/news-room/fact-sheets/detail/arsenic
https://www.healthline.com/health/arsenic-poisoning

Redatə etdi:Nİsə Qulizadə

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...