Mədə xərçəngi

Post date:

Author:

Category:

Epidemiologiyası-Mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən formasıdır və bütün lokalizasiyalı bəd xassəli şişlərin 40% – ni təşkil edir. Həzm sisteminin bəd xassəli şişləri içərisində isə kişilərdə birinci, qadınlarda ikinci yer tutur. Ümumilikdə isə kişilərdə 2, qadınlarda 4-cü ən çox rast gəlinən xərçəng növüdür.Ən sıx Yaponiya və Çin, Kolumbiya,  Finlaniya, İslandiya, Rusiya, Çilidə rast gəlinir. Uganda kimi Orta Afrika ölkələrində isə rastgəlmə tezliyi çox aşağıdır.  Rastgəlmə tezliyi Yaponiyada Afrikanın çox bölgəsindən 10, Şimali Amerikadan isə 65 dəfə daha yüksəkdir.

Dünya Sağlamlıq Təşkilatının (WHO) rəqəmlərinə görə  xərçəng xəstəliyi ildə 7.6 milyon ölümün səbəbidir və bunun 736000-i mədə xərçənginin payına düşür. Ölkəmizdə də mədə xərçəngi sıxlıqla rast gəlinir. 2018-ci ildə ölkəmizdə 11123 nəfər bədxassəli şişlərlə xəstələnib. Bunun 1211 nəfəri mədə xərçənginin payına düşür.

Son 50 ildə isə dünya üzərində mədə xərçəngi və xərçəngdən ölüm halı azalmışdır. Bunun səbəbi müalicə metodlarının inkişafından əlavə həyat şərtlərinin yaxşılaşdırılması və qidalanmamızda meyvə və tərəvəz istifadəsinin artımı olaraq göstərilir.

Mədə xərçənginin rastgəlmə tezliyi 30 yaşdan sonra artır, daha çox isə 50 yaşdan sonra rast gəlinir. Kişilərdə rəqəmlər qadınlardan 2 dəfə çox görülür.

Etiologiyası.

Əmələ gəlmə səbəbi olaraq irsi faktor və ətraf mühit amilləri, fərdi gösəricilər göstərilir. Bu haqda mexaniki, kimyəvi ,hormonal, virus nəzəriyyəsi kimi müxtəlif nəzəriyyələr mövcuddur. Lakin heç biri ayrılıqda əmələ gəlmə səbəbini və patoloji genezini hələ tam aydınlaşdıra bilməmişdir.

Xərçəngönü adlandırılan bir çox patoloji proseslərin vaxtında aşkar edilməsi həm kliniki, həm də rentgenoloji diaqnostika cəhətdən böyük önəm kəsb edir. Xərçəngönü xəstəliklər dedikdə potensial olaraq xərçəngə çevrilə bilən xəstəliklər nəzərdə tutulur. Anasid, atrofik qastritlər, mədə polipləri, mədənin digər xoş xassəli şişləri, mədə xorası, Adisson-Birmer xəstəliyi bu xəstəliklərdəndir.

İrsi faktor yalnız 4 % təşkil edir. 1953-cü ildə Aird A qan qrupu ilə (2-ci) mədə xərçəngi arasındakı əlaqəni müəyyən etmişdir. A qrupundan olan xəstələrdə 0 (1-ci) qrupundan olan xəstələrə görə risk  daha çoxdur. Kişi cinsi də risk faktoru olaraq görülür. Həmçinin xəstəliyin etiologiyasında bir çox qida maddələri rol oynamaqdadır.

Xüsusilə süd, heyvani zülal və vitamini az olan, nişastası çox olan aşağı keyfiyyətli qidalar xəstəliyin inkişaf səbəblərindəndir. Çox duzlu qidalar, hisə verilmiş ət və balıqlar da xəstəliyin inkişafında rol oynayır. Hisə verilmiş ətin tərkibində  benzopiren kimi xəstəliyin etiologiyasında rol oynaya biləcək aromatik karbohidrogenlər mövcuddur. Həmçinin nitrozaminlər də qastrik mukoza üçün kanserogen sayılır. Yüksək protein dietləri ilə qida qoruyucu olaraq və ya su ilə qəbul edilən nitrat və nitritlər qastrointestinal bakteriyalar tərəfindən nitrozaminlərə çevrilə bilirlər.

Qida rasionunda qurudulmuş, ədviyyatlı yeməklər, çörəyin, pendirin, düyünün, isti xörəyin üstünlüyünün, tünd alkoqollu içkilərin qəbulunun mədə xərçənginin daha tez inkişafına səbəb olması müəyyən olunmuşdur. Bundan başqa siqaret, keçirilmiş qastrik cərrahi proses, adenomatoz poliplər, Barret ezofaqusu , H.pylori,  intestinal metaplaziya, parsiyel gastrektomiya əməliyyatı (10-20 il sonra) da xəstəliyin etiologiyasında rol oynayır.

Radioaktiv şüalanma da mədə xərçənginə meyilliliyi artırır. Həmçinin onkogen virusların da rolu qeyd edilir.

Dondurulmuş qidalar və oolong çayı (Yaponların) isə risk faktorunu azaldan amillərdəndir. Son zamanlarda ailəvi mədə xərçənglərinə rast gəlinir.

Mədə xərçənginin daha tez-tez rast gəlinən fonu mədənin sekretor çatışmazlığı ilə gedən atrofik qastritdir. Mədənin selikli qişasının atrofiyası ilə müşayiət edilən B12-defisitli anemiyalı xəstələrin mədə xərçəngindən ölüm halları bu xəstəliyi olmayanlara nisbətən 3-20 dəfə çoxdur. Mədə polipləri isə 50% hallarda bədxassəlik əldə edir. Xronik mədə xorası 1-20% hallarda xərçəngə çevrilir.

Adenokarsinoma, limfoma, qist, leyomisarkoma mədənin bədxassəli şişlərinə aiddir.

Image result for mide adenokarsinoması
stomach cancer computed tomography ile ilgili görsel sonucu

Adenokarsinoma

Mədə xərçəngləri arasında  adenokarsinomalara daha çox rast gəlinir. (95%) Limfomalar, karsinoidlər və malign mezenximal tümörlərə daha az rast gəlinir.(3-5%) Ən çox kiçik əyrilik üzəri antropilorik bölgədə yerləşirlər.

Histoloji cəhətinə görə mədə xərçənginin iki tipi ayrıd edilir:

diffuz tipli (70%) – xüsusi qişadan inkişaf edir, sürətli invaziyaya və metastazlara meyillidir, gənc xəstələrdə, qadınlarda çox rast gəlinir, daha çox proksimal hissədə yerləşir. Xroniki qastrit və H.pilory ilə əlaqəsi yoxdur. E-cadherin mutasiyası və və 1-ci qan qrupu riski artırır. Proqnozu pisdir. Gənc yaşlarda daha çox rast gəlinir.
intestinal tip (30%) – selik ifraz edən hüceyrələrdən təşkil olunan karsinomalardır, yaşlılarda çox rast gəlinir, H.pilory infeksiyası ilə əlaqəlidir, qastrit-metaplaziya-displaziya morfogenezi xarakterikdir, proqnozu nisbətən yaxşıdır. Sıxlıqla xroniki qastrit fonunda intestinal metaplaziya ilə əlaqəlidir. Rastgəlmə tezliyi azalmaqdadır. 50 yaşdan sonra və kişilərdə daha çox rast gəlinir. Hüceyrələri bağırsaq epiteli hüceyrələrinə bənzəyir.

Mədə xərçəngi yerləşməsinə görə 3 qrupa bölünür.

  • Antral və kiçik əyrilikdə (40%)
  • Cisim və dibdə (30%)
  • Kardiada (25%)
  • Bütün mədəni tutan (5%)

Mədə xərçəngi formasına görə 5 növə bölünür

  • Xoraşəkilli – divara invaziya etmiş törəmə mərkəzi nekrozlaşaraq xoraya çevrilir (25%)
  • Polipşəkilli – törəmə mənfəzə  polip şəkilində  çıxır (25%)
  • Səthi və ya erkən forma – törəmə mukoza və submukoza səviyyəsində olur,  divar boyu yayılır (10% – 30%)
  • Linitis plastika – törəmə divarın bütün qatlarını tutur və desmplastik fibrotik reaksiya ilə müşayət olunduğu üçün sərt qutuya bənzəyir (10%)
  • İrəliləmiş karsinoma – törəmə həm mənfəzə, həm də divardan ətrafa doğru böyüyür, və ən çox rast gəlinən formadır (35%)

Yayılma dərəcəsinə görə mədə xərçənginin  mərhələlərinin bir neçə təsnifatı var.

Erkən mədə xərçəngi: Mukoza və submukozanı əhatə edir.

Gecikmiş mədə xəçəngləri: Submukozanı keçmiş xərçənglərdir. Endoskopiyada kütlələr şəklində görünürlər.

Klinikası.

Əlamətlər olduqca gec büruzə verir və xəstəliyə xas olmur. Epiqastrik bölgədə narahatlıq, ağrı, anoreksiya, kilo itkisi sıx görülən şikayətlərdəndir. İştahsızlıq, ümumi halsızlıq, disfagiya, bulantı və qusma da şikayətlərə daxildir. Gizli qanamaya sıx rast gəlinir. İləri mərhələlərdə massiv qanaxmaya da rast gəlinə bilir. Hepatomeqaliya, asit, sarılıq metastazın göstəriciləridir. Palpasiya zamanı abdominal kütləyə rast gəlinir. Mədə xərçəngi torasik kanal vasitəsilə (ən böyük limfa damarı) yayılaraq supraklavikular (körpücüküstü) limfa düyünlərində metastaz verir. Peritoneal metastaz 20 %, qan yolu ilə qaraciyərə metastaz 30 % hallarda rast gəlinir. Ən çox rast gəlinən əlamətlər bunlardır:
  • Arıqlama- 60%
  • Ağrı-50%
  • Ürəkbulanma- 30%
  • İştahsızlıq-30%
  • Köp-20%
  • Melena-20%
  • Zəiflik və digər əlamətlər.

Diaqnostika. 

Ilk öncə rentgenoqrafiya edilir (bariumla). Rengenoqrafiya zamanı dolma effekti, mukoza qatında dəyişikliklər, divarda rigidlik müşahidə edilir.  Ən vacib diaqnostik üsul endoskopik biopsiya sayılır. Həmçinin  mərhələni təyin etmək üçün kompüter tomoqrafiya, laporoskopiyadan da istifadə olunur.

Mərhələnin təyini 2 mərhələdə mümkündür: klinik və cərrahi

Klinik (əməliyyatönü) mərhələni təyin etmək üçün görüntüləmə müayinələri ilə yerli və uzaq yayılma axtarılır. Yerli yayılmanı təyin etmək üçün KT, endoskopik USM, uzaq yayılmanı təyin etmək üçün laparoskopiya , döş qəfəsi KT, PET-KT tövsiyə edilir. 

Cərrahi mərhələni təyin etmək üçün əməliyyatdaxili nəticələr nəzərə alınır, çıxarılan preparatın patohistoloji müayinəsi aparılır- kəsik xətti invaziya dərəcəsi limfa düyünlərinə yayılma yoxlanılır.

Ağırlaşmaları. 

Ağırlaşmalarına qanaxma, perforasiya, mədənin obstruksiyası, tromboz və ümumi ağırlaşmalar aiddir.

Müalcəsi. 

Mədə xərçənglərinin günümüzdə ən təsirli müalicəsi cərrahidir. Bu zaman cərrahi rezeksiya (açıq və laparoskopik)- distal mədə rezeksiyası və ya qastrektomiya, omentektomiya və limfatik diseksiyadan (D1-D2) istifadə olunur. Kimyaterapiya və Radioterapiya paralel aparıla bilər.

Mədə limfoması. Mədənin limfatik toxumasından inkişaf edir, metastatik xarakterli limfoproliferativ xəstəlikdir.

Yerləşməsinə görə birincili və ikincili limfomaya rast gəlinir.

Birincili limfoma əsasən mədədə lokalizasiya olunur və histoloji cəhətinə görə 3 növü vardır.

  • aşağı dərəcəli -mukozaya aid limfatik toxumanın B-hüceyrə limfoması -50%
  • yüksək dərəcəli– diffuz B hüceyrə limfoması  (48-50%)
  • digər

İkincili limfoma – sistemik Hodkin və ya qeyri-Hodkin limfomaların mədəyə yayılmasıdır. Simptomlar adenokarsinomada olduğu kimidir.

Diaqnoz. 

Endoskopik biopsiyadan istifadə edilir.

  • İkincili limfomalardan fərqləndirmək üçün immunositokimya, qanın müayinəsi, sümük iliyi biopsiyası aparılır.
  • Mərhələsinin təyini üçün döş/qarın/çanaq KT sümük iliyi biopsiyası (30% hallarda cəlb olunur) və böyümüş limfa düyünlərinin biopsiyası aparılır.

Klinikası. 

Epiqastral ağrı, arıqlama, iştahsızlıq, ürəkbulanma, qusma, gizli qanaxmalar müşahidə olunur. 50% xəstələrdə  epiqastrik kütlə palpasiya olunur.30 % xəstədə sümük iliyində yayılma tapılır.

Müalicəsi. 

Əsasən cərahi yolla aparılır. Birincili qastrik limfomalarda ilk növbədə anti-helikobakter müalicəsi verilir və 70-100 % remissiya əldə edilir . Helikobakter eradikasion müalicəsinə cavab verməyən hallarda kimyaradioterapiya edilir. Kimyaradioterapiyaya cavab verilməyən hallarda və ağırlaşmalar zamanı (qanama keçməzlik perforasiya) cərrahi əməliyyat edilir.

Mənbələr: 

Dahiliye (Tusem)- Doç. Dr. Ersan ÖZASLAN Doç. Dr. Tuncay DELİBAŞI

Gastroenteroloji (Enes Başak)

Onkoloji (Enes Başak)

Genel Cerrahi (Tusem)

Patoloji (Tusem, Uzm. Dr. Emrullah BEYAZYILDIZ)

Cərrahi xəstəliklər (Nuru Bayramov)

Müəllif:Aysel Əliquliyeva

Redaktor:Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...