Məntiq tarixinə giriş

Post date:

Author:

Category:

Məntiq tarixinə dair, məntiqin mənşəyi və insan zehni ilə əlaqəsindən başlayaraq klassik məntiq ədəbiyyatı,  sonra da müasir məntiq yanaşmaların təqdim edildiyi “Məntiq tarixi” yazı seriyamızın ilk qismi olan qısa bir giriş və təqdimat yazımızla seriyamıza başlamış oluruq. Bu seriyanın sonunda bir akademik nizam olaraq məntiq sahəsinə aid düşüncə tarixində ortaya atılan fikir, teorem və arqumentləri birlikdə dəyərləndirmiş olacağıq.

İnsanın keçmişdən indiki dövrümüzə qədər uzanan düşüncə fəaliyyətlərinin sosial, fəlsəfi, elmi və mədəni cəhətdən dəyər qazanması və bu fəaliyyətlərin bir sivilizasiya yaranma müddətində ortaya çıxması, istifadə edilməsi və qəbul edilməsi şübhəsiz ki, məntiq prinsipləri, qanunları və tətbiqləri ilə əlaqəlidir. Məntiqin, ilk insan cəmiyyətlərinin var olması ilə birlikdə hər nə qədər o dövrdə sistematik bir hala uyğunlaşmamış olsa da, var olduğunu və insan ağlının kainatı müşahidə, qavrama və ona tapşırıq vermə müddətlərində görsənən hala gəldiyini tarixi araşdırmalardan öyrənirik. Elə isə, insan ağlını və fəaliyyətini idrak konstekstində bu cür əhəmiyyətə malik bir intizamın necə sistemləşdiyini və dövrümüzə necə çatdığını anlamaq üçün onun tarixini detallı şəkildə araşdırmaq və müzakirə etmək əhəmiyyətlidir.

Məntiq qədim və zəngin tarixi olan elmlərdəndir, onun yaranması bütövlükdə cəmiyyətin inkişaf tarixilə üzvi vəhdət təşkil edir.

Bir çox alimlər məntiqin tarixi haqqında danışmağı o qədər də düzgün hesab etmirlər. İ. Kant deyirdi ki, iki min il ərzində Aristotelin vaxtından indiyə qədər məntiq bir addım da qabağa getməmişdir. Rus alimi E. A. Bobrov belə bir fikirə gəlmişdi ki, o dövrdən diqqəti cəlb edən ancaq Aristotelin məntiqi sistemi yaranmışdır və bu da artıq köhnəlmişdir, onu əvəz edəcək heç bir şey yoxdur və gələcəkdə yeni məntiqi yaratmaq qarşımızda durur.

Buna bənzər fikirlərin heç bir əsası yoxdur, çünki F. Engelsin dediyi kimi, “hər bir başqa elm kimi, təfəkkür haqqında elm də tarixi elmdir, insan təfəkkürünün tarixi inkişafına dair elmdir… Aristoteldən başlamış bizim zəmanəmizə qədər formal məntiq özü ən qızğın mübahisələr meydanıdır”.

İdrak biliksizlikdən, natamam, yarımçıq, səthi biliklərdən tam, dolğun, həqiqi biliklərə keçidin tarixi prosesi olduğundan, elmi biliklərin inkişafının ümumi gedişilə məntiq elmi də təsirlənmişdir. Müasir məntiq çoxəsrlik inkişafın tarixi məhsuludur. Buna görə də məntiqin bir elm kimi mövcudluğu dövründə onun predmeti olduqca əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Məntiqin spesifikliyi ondadır ki, o nə obyektiv aləmi, nə də təəssüratların subyektiv aləmini deyil, ancaq təfəkkürü öyrənir. Onun vasitəsilə kainatın sirlərinə yiyələnə bilir.

Kainata, təbiətə və insana aid hansı sahədə araşdırma, ya da müşahidə etməyimizdən  asılı olmayaraq, məntiqin qanunları ilə düşünürük və malik olduğumuz doğru düşüncə forması, bizi istədiyimiz sahədə istədiyimiz doğrulara götürəcək yolu açır. Ağlımız sahib olduğu bu məntiqi düşünmə formasına məhkumdur; həqiqətən də, məntiqi düşüncəni müzakirə etmək üçün belə məntiqdən istifadə edirik. Bu səbəblə məntiq və məntiqi düşüncə bütün işlərimizə təməl təşkil edəcək rasional bir fəalliyəti ifadə edir.

Məntiq ilk başlanğıcdan hər şeyi əhatə edən, ayrı-ayrı elmlərə bölünməyən fəlsəfənin daxilində təşəkkül tapırdı və buna görə də ontoloji səciyyə daşıyırdı.

Başqa cür desək, anlayışların, ideyaların düzülüşünə deyil, əşyaların düzülüşünə aid edilirdi ki, bu da yanlış baxış idi. Məntiqin tarixi göstərir ki, təfəkkür fenomeni haqqındakı təlimin özü əksliklərin mübarizəsi formasında, başqa cür deyilsə, məntiqdə mütərəqqi və mürtəce cərəyanlar arasındakı mübarizədə həyata keçirilirdi. Məntiqin tarixi cəmiyyətin tarixi inkişafının ümumi gedişilə yanaşı, istehsalın, texnikanın inkişafını, sinfi mübarizənin, o cümlədən, fəlsəfənin və digər elmlərin (riyaziyyat, təbiətşünaslıq və i. a.) inkişafı ilə sıx əlaqəsini aydın göstərir. Məntiqin inkişafında müəyyən inkişaf mərhələlərinin dəyişməsini aşkar etməklə, məntiqi təlimlərin inkişafındakı varislik əlaqəsini öyrənə bilərik.

Akademik A. Makovelskinin qeyd etdiyi kimi dünya məntiq elmi xüsusiləşmiş və öz aralarında əlaqəsi olmayan iki istiqamətdə inkişaf etmişdir. Bunlardan biri öz mənbəyini qədim yunan məntiqindən (xüsusilə, Aristotel məntiqindən) götürmüşdür və bunun əsasında Qədim Romada, Bizansda, Zaqafqaziyada, ərəbdilli Yaxın Şərq ölkələrində, Rusiya və Qərbi Avropa ölkələrində məntiqi təlimlər inkişaf etmişdir. Digər istiqamət öz mənbəyini qədim hind məntiqindən götürmüş, bunun əsasında Çində, İndoneziyada, Yaponiyada, Tibetdə, Koreyada və digər yerlərdə məntiq elmi inkişaf etmişdir.

Bir elmi nəzəriyyə kimi məntiqin meydana gəlməsi tarixi minilliklərlə təfəkkür praktikasının dərinliklərinə gedib çıxır.

İnsanların əmək, maddi-istehsal fəaliyyətinin inkişafı ilə onların fikri qabiliyyətləri, xüsusilə də ümumiləşdirmə və mücərrədləşdirmə qabiliyyətləri tədricən inkişaf edir, təkmilləşir. Bu isə gec-tez təfəkkürün özünün, forma və qanunlarının xüsusi tədqiqat obyekti kimi nəzərdən keçirilməsinə gətirib çıxarmalı idi.

Tarix sübut edir ki, məntiq müstəqil bir elm kimi 2.5 min il bundan əvvəl Qədim Hindistanda, Çində, sonralar isə Qədim Yunanıstan və Romada geniş inkişaf etmişdir. Qədim Hindistanda məntiqin inkişafının ilkin mərhələlərində əsas diqqət əqli nəticəyə verilirdi, bəzən də onu sübutla eyniləşdirirdilər. Hind məntiqində ilkin olaraq belə bir baxış var idi ki, sillogizm doqquz üzvdən (hökmdən) ibarətdir. Görkəmli hind məntiqçisi Hotama onun sayını beşə endirmişdir. Bunlar aşağıdakılardır:

1) tezis, 2) əsas, 3) nümunə, 4) tətbiq və 5) yekun.

Hotamanın beş üzvlü sillogizm nəzəriyyəsi hind məntiqində əsas yer tutur. Məntiq müstəqil fundamental bir elmi sistem kimi Yunanıstanda geniş inkişaf etmişdir.

Məntiqin meydana gəlməsinin əsas səbəblərindən biri elmlərin, xüsusilə riyaziyyatın meydana gəlməsi və ilkin inkişafıdır. Bu proses bizim eradan əvvəl 6-cı əsrdə Qədim Yunanıstanda daha sürətli gedirdi. Mifologiya və dinlə mübarizədə meydana gələn məntiq elmi-nəzəri təfəkkürə, xüsusilə də, əqli nəticə və sübuta əsaslanırdı. Bu isə idrak formaları kimi təfəkkürün özünün tədqiqinin zəruriliyinə səbəb olur.

Digər mühüm səbəb – natiqlik sənətinin inkişafıdır.

Qədim yunan demokratiyasının çiçəkləndiyi bir şəraitdə məhkəmə işləri təkmilləşdi. Məntiqi bilmək xüsusilə hüquqşunaslar və natiqlər üçün daha faydalı hala gəldi. Elə bu dövrdə böyük Roma natiqi və alimi Siseron natiqin qüdrəti haqqında danışarkən natiqlik istedadının “ilahi vergi” olduğunu qeyd edirdi.

Natiqlik istedadının inkişafı xüsusilə məhkəmə işlərinin cürbəcürlüyünə, onun təkmilləşməsinə səbəb olurdu. Yaxşı hazırlanmış məntiqi çıxışlarda dolaşıq işlərin əsl mahiyyəti aşkara çıxarılırdı və nitqin ittihamedici qüvvəsinə dinləyicilərdə dərin maraq yaranırdı, bu və ya digər məntiqi nəticələr çıxarılırdı. Məntiq də nitqin ittihamedici qüvvəsindəki “sirri” aşkara çıxarmaq cəhdi kimi meydana gəlmişdir. Məntiq göstərir ki, nitq hansı xassələrə malik olmalıdır, dinləyicilərin nə ilə razı olub – olmadıqlarını onlara necə inandırmalıdır, bir şeyin həqiqi və yaxud yalan olduğunu əsaslandırmalıdır. Siseronun sözlərilə desək, Yunanıstan həqiqətən natiqlik istedadı ilə ehtirasla alışıb yanırdı və uzun dövr onunla şöhrətlənirdi. Buna görə də təsadüfi deyildir ki, Qədim Yunanıstan məntiq elminin beşiyi olmuşdur.

Qədim Yunanistanda baş verən məntiqlə bağlı çalışmalar dövrümüzün məntiq və tətbiqlərinin başlanğıc nöqtəsi sayıla bilər.

Necə ki, bu sivilizasiyada məntiqin yaradıcısı hesab edilən Aristotelin adı ilə bağlı olan klassik məntiq İslamın renessansı və ya İslamın qızıl çağında (VIII əsrdən XIII əsrə qədər) İslam coğrafiyasını və sonraki dövrlərdə Avropanı tərcümələr vasitəsi ilə təsirləndirmiş, əsrlərcə avtoritar qəbul edilmiş və sorğulanmamış, ancaq Avropada müasir elmlər dövründə isə ciddi tənqidlərə tabe tutulmuş və yeni metod olaraq modern məntiq çalışmalarının başlamasına vəsilə olmuşdur. Başqa bir deyimlə müasir elmlərin metodu klassik məntiqin tənqidi və onun üzərinə yeni bir anlayış olaraq simvolik məntiqin qurulması ilə araşdırılmağa başlanılıb.

Məntiqin banisi (bəzən də belə deyilir ki, onun “atası”) məşhur qədim yunan filosofu, ensiklopedist alim, antik fəlsəfənn Hegeli adlandırılan Aristotel(es) (384-322) olmuşdur. Lakin birinci dəfə məntiqi problemlərin kifayət qədər dolğun və sistemli təhlili qədim yunan alimi, təbiətşünası Demokrit(os) tərəfindən verilmişdir. Onun məntiqə aid fikirləri “Məntiqilik və yaxud kanonlar” (Kanon- qayda, ölçü deməkdir) haqqında olan xüsusi traktatında toplanmışdır.

Demokrit öz məntiqini empirik əsasda qurmuşdur. Ona görə də onu induktiv məntiqin banilərindən biri hesab etmək olar.

Demokritin üç kitabdan ibarət olan həmin əsərində idrakın mahiyyəti, onun əsas formaları və həqiqətin meyarı araşdırılmaqla, idrakda məntiqi mühakimələrin mühüm rolu göstərilmiş, hökmlərin təsnifatı verilmiş, deduktiv əqli nəticələrin bəzi növlərinin ciddi tənqidi verilməklə, idrak prosesində induktiv metodun rolu məsələsinə də toxunulmuşdur.

Atomist təlimin banisi Demokrit analoji əqli nəticənin, hipotezlərin, anlayışların tərifinin və digər məntiqi problemlərin təhlilinə də xüsusi diqqət yetirmişdir. Təbiətin təcrübi yolla öyrənilməsini əsas götürən Demokrit ilk dəfə məntiq tarixində kafi əsas qanunu da formulə etmiş, lakin o, bu qanunu ancaq təfəkkürə deyil, bütün təbiətə aid ümumi prinsip kimi nəzərdən keçirirdi. Onun fikrincə, heç bir əşya səbəbsiz meydana gəlmir, lakin hər şey bir əsasdan və zərurət gücündən yaranır.

Təəssüf ki, Demokritin traktatları və digər qədim yunan alimlərinin fikirləri zəmanəmizə qədər gəlib çatmamışdır. Lakin məntiqə aid antik dövr yunan alimlərinin mülahizələrinin Aristotelin nəhəng məntiqi sisteminin yaranmasında müsbət rolunu heç cür inkar etmək olmaz. Müasir klassik məntiqin başlanğıcı da Aristoteldən başlayır.

20 il Platonun şagirdi olmuş və sonralar Afinada özünün xüsusi məktəbini (peripatetik, yaxud Likey adlanan) yaratmış antik fəlsəfənin “Makedoniyalı İsgəndəri” adlandırılan Aristotel məntiq problemləri ilə geniş və dərindən məşğul olmuşdur.

Onun əsərləri haqlı olaraq antik fəlsəfənin inkişafının zirvəsi hesab olunur. Aristotel özünə qədərki elmdə olan nailiyyətləri, xüsusilə təfəkkürün formaları haqqındakı dağınıq bilikləri nəzərdən keçirməklə, ümumiləşdirib öz əsərlərində məntiqin bütün problemlərini hərtərəfli və dərindən işləmişdir.

Məntiq tarixi bir-birindən fərqli və müstəqil coğrafiyaların, qarşıqlı təsiri olmayan sivilizasiyaların araşdırmaları kimi və ya istifadəsiz, donmuş bir məlumat toplusu olaraq qəbul edilməməli, əksinə dinamik və hər zaman yemidən mütləqlik qazana bilən araşdırmalar toplusu kimi görülməlidir. Çünki bəlli bir dövr Aristotelin avtoritarı nəticəsində çoxlu sayda bir dəyişiklik göstərməsə də, tənqidlər, qarşı mövqelər və dəyişikliklərlə inkişaf edən bir sahə olaraq məntiqin tənqidləri, şübhəsiz ki, tənqid ediləndən müstəqil deyil. O halda məntiq tarixini incələmək istəyən araşdırmaçılar, təkcə bir dönəmə və ya bir sivilizasiyaya fokuslanmamalı, məntiqin mənşəyindən etibarən bu dəyişiklik müddətini bir bütün olaraq ələ almalıdırlar.

Belə olduğu halda, ilk cəmiyyətlərdən dövrümüzə kimi məntiq elminin inkişafı çox daha doğru və obyektiv bir şəkildə araşdırılacaqdır.

Mənbələr:

M.M.İsrafilov-Məntiq kursu (Dərslik)

https://www.matematiksel.org/mantik-tarihi-01-giris/

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

STAY CONNECTED

20,161FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...