Makroiqtisadi Göstəricilərin Hesablanması

Post date:

Author:

Category:

İlk iqtisadi məktəblər iqtisadiyyatı ev təsərrüfatı və şirkət səviyyəsində təhlil edirdilər. Amma iqtisadi münasibətlər genişləndikcə və iqtisadi elm inkişaf etdikcə, artıq bütün detalları bir bötöv model vasitəsilə öyrənməyə ehtiyac yarandı. Müvafiq olaraq, iqtisadiyyat daha yüksək səviyyələrdə öyrənilməyə və araşdırılmağa başlandı. Artıq əsas məqsəd kimi, ayrıca ev təsərrüfatının davranışı və istehlakı yox, ayrı-ayrı ölkələrin milli iqtisadiyyat səviyyəsində davranışı və ya ayrı-ayrı istehsal sahələrinin inkişafına təsir edən amillər önəmli rol oynamağa başladı. Eyni zamanda artıq dövlətin iqtisadiyyatda rolu da artmağa başladı. Bu da makroiqtisadiyyatın yaranmasını şərtləndirdi. Makroiqtisadiyyat hər bir ölkənin və bölgənin iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. “Makro” sözü yunan sözü olub, tərcümədə “böyük ölçülər” deməkdir.

Bir elmi nəzəriyyə kimi, makroiqtisadiyyat XX əsrin 30-cu illərində formalaşmağa başlamış və onun əsasını “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri” adlı əsərin müəllifi Keyns qoymuşdur. Bu zaman dövlətin iqtisadi prosesləri tənzimləmə cəhdləri və iqtisadiyyata müdaxilə etməsi, iqtisadiyyatın cəmiyyət və ölkə miqyasında öyrənilməsinin zəruriliyi makroiqtisadiyyatın yaranmasına səbəb oldu. Sonrakı illərdə makroiqtisadiyyatın tədqiqat sahəsi daha da genişləndi. Məsələn, 1950-ci illərdən başlayaraq, iqtisadiyyata dair dərsliklərdə o, ayrıca bir bölmə kimi öyrənilirdi, həmçinin makroiqtisadi problemlər riyazi modellər əsasinda şərh olunurdu. Bu isə makroiqtisadiyyat üçün əsas olan real iqtisadi hadisə və proseslərin sistemli şəkildə izahından uzaqlaşmaq idi. Lakin sonralar – 50-60-cı illərdə yaranan nəzəriyyələrdə makroiqtisadiyyatın iqtisadi, sosial və psixoloji hadisələrlə qarşılıqlı əlaqəli şəklində öyrənilməsinə üstünlük verilmişdir.

Makroiqtisadiyyatı əsaslandıran əsas cəhətlərdən biri də məhdud resurslar şəraitində istehlakçının davranış qaydalarını cəmiyyət səviyyəsində mövcud iqtisadi imkanlar dairəsində öyrənmək zəruriyyətinin meydana gəlməsidir. Müasir şəraitdə onun rolunun və önəminin artması milli dövlət quruculuğu ilə əlaqədardır. İqtisadiyyatın bu qolu iri həcmli və ya genişmiqyaslı problemlərin sistemli həlli yollarını göstərir. Başqa sözlə, ölkə səviyyəsində problemi həll etmək üçün, artıq mikroiqtisadi yox, makroiqtisadi təhlildən istifadə etmək lazımdır. Əsas səbəb kimi, ayrıca ev təsərrüfatı və ya şirkətin davranışını, ümumi şəkildə isə müəyyən bir ərazidə cəmlənən ev təsərrüfatları və şirkətlərin davranış müxtəlifliyini göstərə bilərik. Makroiqtisadi təhlil ev təsərrüfatlarının kompleks şəkildə tədqiqinə imkan verir və müxtəlif sosial-iqtisadi quruluşların nəyə görə fərqlənməsini müəyyənləşdirir. Müvafiq olaraq, makroiqtisadi təhlilə əsaslanaraq, müxtəlif ölkələrdə mövcud olan ev təsərrüfatlarının yaşam tərzindəki fərqləri müəyyən edə bilərik.

Makroiqtisadiyyat bir çox iqtisadi problemləri həll etməyə imkan və vasitə verir. Elm daxilində hər hansı vəziyyət üçün müəyyən modellər təklif olunur. Bu modellərin tətbiqi üçün isə müvafiq göstəricilər lazımdır. İstifadə olunan göstəricilərin ümumiləşdirilmiş adı makroiqtisadi göstəricilərdir. Həmin göstəricilər bütövlükdə iqtisadiyyatın və ya onun ayrıca bir sahəsinin ümumi vəziyyətini, insanların ümumi həyat səviyyəsini və digər zəruri xüsusiyyətləri təsvir edir. Bu modellərdən istifadə etməklə, milli iqtisadiyyatın inkişafı üçün büdcə-vergi, pul-kredit, xarici ticarət vasitələrindən istifadə etməyin optimal həddini müəyyənləşdirməyə, həmçinin makroiqtisadi sabitliyin təmin olunması və iqtisadiyyatda fəaliyyət göstərən tərəddüdlü vəziyyətlərin idarə edilməsinə şərait yaranır. Beləliklə, makroiqtisadiyyat milli iqtisadiyyatın həcm və strukturunu, qiymətlərdə baş verən dəyişiklikləri, iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətlərini və bir çox başqa məsələləri tədqiq və təhlil edir.

Makroiqtisadiyyat çərçivəsində təhlil etdiyimiz hadisələri və prosesləri şərti olaraq iki əsas hissəyə bölmək olar. Adətən prosesləri keçdiyi müddət əsasında bölürlər: qısamüddətli və uzunmüddətli dövrdə baş verən proseslər. Birincisi qısamüddətli dövrdə baş verən prosesləri, ikincisi isə uzunmüddətli dövrdə baş verən iqtisadi prosesləri təhlil edir. Qısamüddətli prosesləri əsasən 1-2 il ərzində baş verən prosesləri aid edirlər. Əgər hər hansı iki il bir biri ilə müqayisə olunursa, o zaman qısamüddətli effekt müəyyən edilir. Amma əgər müəyyən dövr ərzində inkişaf tendensiyalarını tapmaq istəyirlərsə, o zaman 10-15 illik müddət müqayisə olunur. Hər hansı iqtisadi proses və ya iqtisadi amilin təsiri qısamüddətli və ya uzunmüddətli ola bilər. Burada hər hansı tədbirin nəticəsi bir il ərzində reallaşmır.

Təhlil və araşdırma zamanı iqtisadiyyatı ölçməyə ehtiyac yaranıb. Nəticədə makroiqtisadi göstəricilər sistemi yaranıb. Müasir statistika sistemində makroiqtisadi göstəricilər iki hissəyə: iqtisadi və sosial göstəricilərə bölünür. İqtisadi göstəricilərə daha çox iqtisadiyyatı təsvir etmək üçün istifadə olunan göstəricilər aiddir. Buraya biz ümumi daxili məhsul (ÜDM); sənaye məhsulunun həcmi, o cümlədən istehlak malları; kapital qoyuluşları; pərakəndə əmtəə dövriyyəsi; pullu xidmətlərin həcmi; nəqliyyat müəssisələrinin yük dövriyyəsi; xarici ölkələrə əmtəələrin ixracı və digərlərini aid edə bilərik. Sosial göstəricilərə isə iqtisadiyyatın insan həyatına təsirini təsvir edən göstəricilər aiddir. Buraya əsasən sərəncamda olan real pul gəlirləri; bir işçinin orta aylıq nominal əmək haqqı; əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi; BƏT-in metodologiyasına, o cümlədən rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayına uyğun olaraq hesablanmış işsizlərin ümumi sayı (dövrün sonuna); minimum yaşayış səviyyəsindən aşağı pul gəlirləri olan əhalinin sayı (min nəfərlə və ya bütün əhaliyə görə %-lə); yaşayış evlərinin istifadəyə verilməsi və digərlərini aid edə bilərik.

Ümumilikdə ölkə iqtisadiyyatı haqqında məlumat almaq üçün orada fəaliyyət göstərən müəssisələrin statistik məlumatlarına ehtiyac duyulur. Ayrı-ayrı müəssisələrdən əldə edilən belə makroiqtisadi göstəriciləri birləşdirməklə ölkə iqtisadiyyatının vəziyyəti haqqında təsəvvür yaratmaq olar. Makroiqtisadi göstəricilərin toplusu Milli Hesablar Sistemi (MHS) adlanır. Cəmiyyətin müəyyən dövr ərzində əldə etdiyi iqtisadi nəticəni ölçmək üçün makroiqtisadi göstəricilərdən istifadə olunur.

ÜDM iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. ÜDM (ing. GDP və ya Gross Domestic Product) – müəyyən zaman kəsiyində (il, rüb) ölkə sərhədləri daxilində istehsal edilən son məhsul və xidmətlərin bazar dəyəridir. Bu göstərici iqtisadiyyatda iştirak edənlərin fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. Ölkə sərhədləri deyərkən o nəzərdə tutulur ki, məhsul və xidmət istehsalında həm yerli, həm də xarici istehsal faktorundan istifadə olunsun. Misal olaraq belə demək olar ki, Azərbaycan Respublikasında ÜDM-i açıqlanarkən onun tərkibində həm yerli vətəndaşların əməyi, yerli resurs və kapitaldan, həm də xarici ölkələrin kapitalından, qeyri-vətəndaşların əməyindən istifadə nəticəsində son məhsul və xidmətlərin istehsalı başa düşülür. Son məhsul və xidmət deyərkən, birbaşa istifadə üçün nəzərdə tutulan, hazırlanarkən başqa bir firma üçün xammal təşkil etməyən məhsul və xidmətlər nəzərdə tutulur. Satış məqsədi olmayan məhsullar ÜDM-un tərkibinə daxil edilmir.

Yuxarıda göstərilən göstəricilər arasında xüsusi yeri milli gəlir anlayışı və müxtəlif qiymət indeksləri tutur. Ümumi milli gəlir (ing. gross national income) – iqtisаdi əlаqələr nəticəsində yаrаnаn (verilən və аlınаn) ilкin gəlirlərin sаldоsu nəzərə аlınmаqlа, rezident-vаhidlər tərəfindən əldə edilən ilкin gəlirlərin cəmidir. Ümumi milli gəlir ümumi dахili məhsuldаn, bаşqа ölкələrə verilmiş və yа bаşqа ölкələrdən аlınmış ilкin gəlirlər nəzərə аlınmаqlа hesаblаnır. ÜMM hesablanarkən ölkə sərhəddi əvəzinə ölkəyə məxsus olan istehsal faktorunun (əsasən əmək, ölkənin vətəndaşı) köməyi ilə istehsal olunan məhsul və xidmətlərin dəyəri nəzərə alınır. Yəni Azərbaycanlı Rusiyada çalışırsa, onun əldə etdiyi qazanc Azərbaycanın ÜMM-nə, istehsal etdiyi məhsul isə Rusiyanın ÜDM-nə daxil edilir.

ÜDM-in bir neçə hesablama üsulu mövcuddur. Adətən, daha çıx istifadə olunan üsul, ÜDM-in xərclər üsuludur. Bu üsulun tərifi bu şəkildə göstərilə bilər: ÜDM-in istifadə edilməsi  əmtəə və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir. Başqa sözlə iqtisadiyyatda həyata keçirilmiş bütün xərclərin məcmusudur. Bunun hesablamaq üçün aşağıdaki düsturdan istifadə edilir:

GDP = C + I + G + (X – M)

Burada,

GDP (Gross Domestic product) = xərclər üsulu ilə hesablanmış ÜDM-dir;

C (consumption) – istehlak və ya istehlakın ümumi həcmi;

I (investment) – sahibkarlar tərəfindən iqtisadiyyata qoyulmuş sərmayələrin həcmi;

G (government spending) – dövlətin xərcləri;

X (export) – ixracat;

M (import) – idxal;

(X – M) – ticarət saldosu və ya ixrac ilə idxal arasında fərq.

Burada istifafə olunan üç göstərici istehlaka aiddir. Hər bir göstərici müxtəlif iqtisadi subyektlərin istehlakını göstərir. Belə ki, istehlak – birbaşa olaraq əhalinin son istehlakını, dövlət xərcləri – hökumətin istehlakın və investisiya isə sahibkarların istehlakını göstərir.

İxrac göstəricisi – ölkə sərhədinin il ərzində xaric istiqamətində keçən çıxarılmış məhsulların ümumi dəyəridir. İdxal isə onun əksi – sərhədddən keçərək ölkə daxilində istehlak olunan məhsulların ümumi dəyəridir. Şərti olaraq deyə bilərik ki, ixrac hər hansı ölkənin xaricə satdığı malların, idxal isə aldığı malların dəyəridir. Onlar arasında fərq ticarət saldosu adlanır. Ticarət saldosu müsbət və mənfi ola bilər. əgər idxal ixracdan çoxdursa, o zaman mənfi, əksinə baş verəndə isə müsbət saldo qeydə alınır.

ÜDM iqtisadi vahidlərin-rezidentlərin əmtəə və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin cəmi kimi, yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilir. Bu xərc üsulunun tam əksidir. Başqa sözlə burada biz insanların xərclədiklərini yox, qazandıqlarını göstəririk. Yuxarıda qeyd etdiyimiz kimi, əgər kimsə hər hansı vəsait xərcləyirsə, bu eyni zamanda kiminsə qazancıdır. Müvafiq olaraq gəlir üsulu da sadəcə ÜDM-in xərc üsulunun əksidir.

ÜDM-in gəlir üzrə hesablamasını aşağıdaki düstur vasitəsilə göstərə bilərik:

ÜDM = milli gəlir + amortizasiya + dolayı vergilər – subsidiyalar – xalis xaricdən mənfəət (ya da ölkə ərazisində fəaliyyət göstərən xaricilərin gəlirləri əlavə edilir)

Burada:

Milli gəlir = əmək haqqı + icarə ödənişləri (renta) + faiz ödənişlər + şirkətlərin mənfəəti;

Amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması deməkdir;

Dolayı vergilər – birbaşa ödənilməyən vergilər. Buraya ƏDV, aksiz və digərləri. Bu vergilər adətən hər hansı məhsulun qiymətində göstərilir və bu vergiləri alıcı ödəyir;

Subsidiyalar – dövlət tərəfindən hər hansı məqsəd ilə yardımlardır. Subsidiyalar ayrı olaraq hesablanmır.

Həmçinin investisiya gəliri anlayışını da əlavə edə bilərik. İnvestisiyadan gəlir – iqtisadi aktivlərə qoyulmuş vəsaitdən əldə olunmuş faydanı əks etdirir və bu zaman gəlirin növü investisiyalaşmanın həyata keçirildiyi iqtisadi aktivin forması ilə müəyyənləşdirilir.

Həmçinin ÜDM-i hesablayarkən, eyni əmtəənin qiymətinin iqtisadi proses dövründə iki dəfə hesablamamaq məqsədi ilə, statistikada həmçinin aralıq istehlak anlayışından da istifadə edirlər. Aralıq istehlak – hesabat dövründə istehsal prosesində faktiki dəyişdirilən və ya tam istehlak edilən mal və xidmətlərin dəyəridir.

Yuxarıda deyilənləri düstur formasında göstərmək lazım gələrsə:

ÜDM = əlavə dəyərlərin cəmi = ümumi gəlir – aralıq istehlak

Beləliklə, burada görə bilərik ki, müəyyən tarixin inkişaf nəticəsində, iqtisadi vəziyyəti göstərmək üçün iqtisadçılar tərəfindən optimal göstərici kimi ÜDM seçildi. Bununla belə, ÜDM-in hesablanması bir çox üsullar vasitəsilə həyata keçirilə bilər və müxtəlif vəziyyətlərdə müxtəlif məlumatlara əsaslanaraq, onu hesablamaq olar. Hər hansı ölkə üçün hansı göstərici daha optimaldır, onun vasitəsilə də ÜDM-o hesablayır. Son zamanlar yuxarıda göstərilən üç üsulun müəyyən bir sintezi adətən istifadə olunur. Çünki ayrı-ayrılıqda göstəricilər fərqlənə bilər, amma üç üsulun da nəticəsi eyni olmalıdır. Bunun üçün onların sintez versiyası istifadə olunur.

Eyni zamanda yuxarıdaki hesablamalada gördüyünüz kimi nə qiymət dəyişikliyi, nə inflyasiya, nə də digər xarici amillər nəzərə alınmır. Bu amillər isə göstəriciyə ciddi təsir göstərə bilər. Müvafiq olaraq, məhz bu amilləri nəzər almaq məqsədilə, ÜDM-ə aid nəzəriyyə daha da inkişaf etdirilib və indiki dövrdə ÜDM-in bir sıra növləri, ona aid göstəricilər müəyyən edilir.

Bazar iqtisadiyyatına xas olan mühüm əlamətlərindən biri də işsizlikdir. Bu dəqiqə ümumiyyətlə müasir iqtisadiyyatı işsizlik kateqoriyası olmadan təsəvvür etmək mümkün deyil. İşsizlik — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizlik insanlara birbaşa və ən sərt şəkildə təsir edən problemdir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizlik makroiqtisadi problem olmaqla bərabər, həmçinin mikroiqtisadi vəziyyətə də ciddi təsir.

Beləliklə, işsizliyin ciddi makroiqtisadi problem olduğuna görə, dövlət bu problemin həll edilməsi üçün müəyyən tədbirlər görməlidir. Buna görə, adətən bir çox ölkələrdə dövlətin məşğulluq proqramı və ya işsizlik ilə mübarizə proqramları mövcuddur. Başqa tərəfdən işsizlik probleminin həll edilməsi üçün ilk əvvəl onu yaradan səbəbləri müəyyən etmək lazımdır. İşsizliyi doğuran əsas amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s. Müxtəlif dövrlərdə və müxtəlif şərtlərdə işsizliyin müxtəlif səbəbləri ola bilər. Səbəblərə əsaslanaraq işsizliyin aşağıdakı növlərini seçirlər:

Friksion işsizlik – o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün müəyyən bir müddət lazımdır. Ona görə müvafiq müddətdə işçi işsiz sayılır. Məhz bu işsizlik friksion adlanır.

Struktur işsizlik – bəzən şirkətlər yeni texnologiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnologiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yaranan işsizliyə struktur işsizlik deyilir.

Mövsumi işsizlik – kənd təsərrüfatında, tikintidə və bəzi digər sahələrdə işlər mövsumi xarakter daşıyır. Nəticədə müəyyən dövr ərzində işləyən şəxslər, ilin digər dövrlərində işsiz qalırlar.

Dövrü(tsikl) işsizlik – bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.

Təbii işsizlik – işsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan, yaxud artıran faktorlar tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır. 

İşsizlik probleminin həlli üçün vacib məsələ anlayışın özüdür. Belə ki, Beynəlxalq Əmək Təşkilatına görə işi olmayan, amma iş axtaran şəxs işsiz hesab olunur. Adətən ölkələrdən fərqli olaraq buraya dövr də əlavə olunur (4 həftə ərzində və s.). İnsan işsiz qaldıqda, amma iş axtarmadığı halda onu işsizlər kateqoriyasına adətən aid etmirlər.

Bazar nəzəriyyəsi cəhətindən cəmiyyət çərçivəsində heç bir halda bütün əmək resursları iş ilə təmin olunmur. Bunun əsas səbəbi bazarın effektivliyin artırılması istiqamətində inkişafıdır. Belə ki, bazar nəzəriyyəsinə görə hamı iş ilə təmin olduğu halda, iqtisadiyyatda effektivlik azalacaq. Effektivliyin azalması işçilərin işsiz qalmaq qorxusu ilə rastlaşmaması. Hesab olunur ki, işsizliklə rastlaşdığı halda işçilər daha effektiv işləyəcklər. Müvafiq olaraq, işsizliyin müsbət cəhətlərinə bunları aid etmək olar:

1) İşəgötürənlər daha effektiv işçiləri tapıb, işə götürə bilərlər və eyni zamanda işçilər də daha effektiv işləməyə can atacaqlar, çünki hər zaman onlar işsiz qalmaq ehtimalı ilə rastlaşırlar;

2) İşsizlik dövründə insanlar əlavə boş vaxt əldə edirlər. Eyni zamanda əgər bu dövrdə onlar dövlətdən müəyyən müavinatı əldə edirlərsə, onlar həm yeni ixtisasa yiyələnə bilərlər və eyni zamanda yeni bir sahədə məşğul ola bilərlər. Adətən məhz belə vizəyyət yeni sahələrin və yeni texnologiyaların yaranmasına səbəb olur.

Bazar iqtisadiyyatı çərçivəsində dövlət hər bir işçini iş ilə təmin etmək iqtidarında deyil. Bunun üçün onun imkanları çatmaz. Müvafiq olaraq, dövlət tənzinlənməsinin əsas məqsədi ondadır ki, işçi özünə iş tapa bilsin və eyni zamanda iş tapdıqda onun hüquqları pozulmasın və özünü və ailəsinin yaşada bilsin. Bunu aşağıdaki misalda nümayiş etdirə bilərik.

Yeri gəlmişkən, işsizliyin əməkhaqqı səviyyəsinə təsiri də təsvir olunur. Belə ki, ümumi formada əmək haqqı aşağıdaki düstur ilə göstərilə bilər:

W = Pe F(u, z)

                 –,+

Burada, ümumi əmək haqqı göstəricisi (W), uç amildən asılıdır:

Pe – gözlənilən qiymət səviyyəsi;

u – işsizlik səviyyəsi;

z – digər amillər.

Gördüyünüz kimi, düsturda da göstərilib ki, işsizlik səviyyəsinin və işçinin əmək haqqı arasında münasibətlər tərs mütənasibliyə malikdir. Belə ki, işsizlik artdıqca, əmək haqqının səviyyəsi də azalır. Eyni zamanda gözlənilən qiymətlər səviyyəsi isə işəgötürənləri maaşları artırmağa məcbur edir. Bu əsasən işçinin özünü təmin etməsi ilə bağlıdır.

Üçüncü amil qismində “digər təsiredici amillər” göstərilib. Buraya bir qədər əvvəl qeyd edilən işçiszlik sığorta haqqı, dövlət tərəfindən təyin edilən minimal məbləğ və kollektiv müqavilələri əlavə edə bilərik. Kollektiv müqavilələrə adətən həmkarlar ittifaqları və işəgötürənlər arasında imzalanır. Bu kollektiv müqavilər işçi və işəğötürən arasında münasibətləri Əmək məcəlləsindən kənar da tənzimləməyə imkan verir. Adətən bu müqavilələr maaş səviyyəsi, tətil vaxtları və işçi üçün vacib olan digər məqamları dəqiqləşdirir. İnkişaf etmiş ölkələrdə bu müqavilələr vacib rol oynayır. Əks halda işçilər tətillər elan etmək imkanındadır və həmkarlar ittifaqı bu tətili təşkil edir (ittifaqların məqsədi məhz işçiləri birləşdirməkdir). İttifaqın üzvü olmayan işçilər hüquq cəhətdən daha zəif olurlar.

Yuxarıda qeyd etdiyimiz kimi, əmək haqqının səviyyəsinə təsir edən amillərdən biri də qiymətlər səviyyəsidir. İqtisadi nəzəriyyəyə görə, inkişafı müşayiət edən proseslərdənbiri də qiymət artımıdır. Amma bir çox hallarda qiymətlər gəlirlərdən daha yüksək səviyyədə artır. Bu isə iqtisadiyyat üçün böyük problemlər yaradır. Ona görə, makroiqtisadi nəzəriyyənin əsas məqsədlərdən biri də qiymət artımı ilə müşayiət olunan inflyasiyanın səbəblərini müəyyən etməkdir.

İqtisadiyyatda böhran müşahidə edilərkən, işsizlik ilə bərabər həmçinin inflyasiya da və ya qiymət artımı səviyyəsi də artır. Ona görə, hər bir hökumət böhrandan çıxmaq üçün strategiya hazırlayarkən həmçinin inflyasiyanın cilovlanması barədə də düşünür. İnflyasiya (lat. inflatio – şişmə deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Adından da başa düşüldüyü kimi, bu müəyyən prosesin nəticəsidir. Adətən inflyasiya pul kanalların pul vəsaitlərin dolmasının nəticəsidir (başqa sözlə pul alətlərin “şişməsi”). Bunun nəticəsi kimi pulun və ya valyutanın dəyərdən düşməsi olur. Pul alətinin dəyəri düşdüsə, müvafiq olaraq bu pul aləti vasitəsilə göstərilən əmtəə və xidmətlərin qiyməti də artacaq. Qiymətlər isə əslində müxtəlif səbəblərə görə arta bilər. Buraya məhsul keyfiyyətinin yaxşılaşdırılması, istehsal xərclərinin artması, mövsumi amillər aid ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olan prosesə deyilir. İnflyasiya anlayışına müxtəlif yanaşmalar mövcuddur:

1. İnflyasiyanın səbəbləri kimi əmtəə pul sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər;

2. İnflyasiya milli gəlirin bölüşdürülməsində olan səhvlərin nəticəsi kimi;

3. İnflyasiya makroiqtisadi və ya ümumiqtisadi problem və proses kimi.

Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pul buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, indiki dövrdə yanaşmada fərqli olmayaraq, inflyasiyanın hesablanması əsas bir variant vasitəsilə müəyyən olunur. İnflyasiyanın ölçülməsi, miqdarca qiymətləndrilməsi vacibdir. İnflyasiyanın ölçülməsi və ortaya çıxarılan rəqəm iqtisadiyyatın ümumi mənzərəsini əks etdirir. İnfilyasiyanın mövcudluğunu və səviyyəsini ÜDM–un defliyatoru, istehlakçı və istehsalçı qiymətləri indeksi və digər üsullarlarla mümkündür. Bunların arasında istehlakçı qiymət indeksi ən yaxından izlənən qiymət indeksidir. İstehlakçı Qiymət İndeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. İndeks hesablanarkən buraya təsir edə biləcək mövsumi və ya digər amillər nəzərə alınmır. Bu amillərin təsiri sıfıra kimi endirilir və yalnız bazarda baş verən dəyişikliklərin nəticəsində yaranan qiymət səviyyəsi müəyyən olunur. Hesablandıqdan sonra yeni index əvvəlki dövrün indeksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır.

Inflyasiya=\frac{IQI_1-IQI_0}{IQI_0}\cdot 100

Burada IQI – istehlakçı qiymət indeksidir.

IQI0 – müəyyən etdiyimiz dövrdən bir dövr əvvəlki göstərici (misal üçün 1999-cu il)

IQI1 – keçən dövrün müvafiq göstəricisi (misal üçün 2000-ci il).

İnflyasiyadan qaçmaq mümkün olmadığına görə, iqtisadçılar inflyasiyanı müxtəlif amillərə əsaslanaraq təsnifatlandırıblar. Bu təsnifatlara uyğun olaraq ölkənin maliyyə institutları (maliyyə nazirliyi, Mərkəzi Bank və s.) ös ziyasətlərini müəyyən edirlər. Əsasən inflyasiyanı qiymətlərin artım sürətinə, qiymətlərin tarazlıq səviyəsinə və xarakterinə görə təsnifatlandırırlar.  Makroiqtisadiyyatın vəzifələrindən biri də inflyasiyanın səbəblərini müəyyən etməkdir. Müxtəlif yanaşmalara görə səbəblər də fərqlənir. Ümumi olaraq qeyd edə bilərik ki, inflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, ölkə daxilində inflyasiyaya səbəb olan prosesləri (büdcə kəsiri, gəlirlərin düzgün bölünməməsi, pul kredit sistemi və s.) aid etmək olar.

Bu proseslərin təsirini azaltmaq üçün hər bir ölkədə anti-inflyasiya siyasəti də mövcuddur. Müxtəlif ölkələrin antiinflyasiya siyasətini təhlil etsək görə bilərik ki, burada əsas üç yanaşma mövcuddur.

Birinci yanaşma aktiv büdcə siyasəti ilə bağlıdır. Adətən bunu müasir keynsçi iqtisadçılar ilə əlaqələndirirlər. Bu zaman dövlət gəlirləri və vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etməyə çalışır: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər. Hətta böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır. Başqa tərəfdən indi böyük büdcə kəsirinə malik olan ölkələr dünyanın inkişaf etmiş ölkələr sırasındadır (ABŞ, Böyük Britaniya, Yaponiya və s.). Bu ölkələrdə inflyasiya səviyyəsi normal olaraq qalır.

İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarının yanaşmasıdır. Onlar ilk öncə ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli tələbatı məhdudlaşdırmaq üçün deflyasiya tədbirləri həyata keçirməli, çünki iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır. İndiki dünyada inflyasiyaya nəzarət pul-kredit siyasətini həyata keçirən orqana – Mərkəzi Banka (Azərbaycanda da eynən) – adətən aid edilir.

Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək əmək haqqının məhdudlaşdırılması yönələn siyasətidir. Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır.

Yeri gəlmişkən, inflyasiyanın əksi də, yəni qiymətlərin azalması ilə müşahidə olunan proses də mövcuddur. Buna deflyasiya deyilir. Bu zaman iqtisadiyyatda əksinə qiymətlər aşağı düşür. Amma bu da neqativ prosesdir. Çünki qiymətlərin düşməsi nəticəsində sahibkarlarda istehsal etmək və ya satmaq stimulu itir. Nəticə etibarilə bu daha da pis nəticələrə gətirə bilər. Ona görə, hökumətlər adətən deflyasiyaya qarşı mübarizə aparırlar və iqtisadçılar tərəfindən müəyyən inflyasiya hüdudları hesablanıb. Bu müəyyən səviyyədir ki, ondan artıq iqtisadiyyat üçün mənfidir, amma bu hüdudlarda iqtisadi inkişafa nail olmaq olar.

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....