Marksizm, Fəlsəfi Materializm və Dialektika

Post date:

Author:

Category:

Marksın təlimi

Marksizm – Marksın baxışları və təlimi sistemidir. Marks  XIX əsrdə bəşəriyyətin üç ən qabaqcıl ölkəsindəki üç əsas ideya cərayanı; klassik alman fəlsəfəsini, klassik ingilis siyasi iqtisadını və ümumiyyətlə fransız inqilabi təlimləri ilə əlaqədar olan fransız sosializmini davam etdirmiş və dahiyanə surətdə başa çatdırmışdır. Marksın, hətta əleyhdarları da etiraf edirlər ki, onun baxışlarında mükəmməl bir ardıcıllıq və bütövlük vardır, bu baxışlar bütünlükdə götürüldükdə müasir materializm və müasir elmi sosializmdir, dünyada bütün mədəni ölkələrin fəhlə hərəkatının nəzəriyyəsi və proqramıdır, odur ki, biz marksizmin əsas məzmununu, yəni Marksın iqtisadi təlimini şərh etməzdən əvvəl, onun, ümumiyyətlə dünya görüşünün müxtəsər xülasəsini verməliyik.

        Fəlsəfi Materializm

     Marksın baxışları müəyyən bir şəkil aldığı zamandan-1844-1845-ci illərdən başlayaraq Marks materialist və xüsusən L.Feyerbaxın tərəfdarı olmuş və sonralar da belə hesab etmişdir ki, L.Feyerbaxın zəif cəhətləri yalnız onun materializminin lazımınca ardıcıl və hərtərəfli olmamasıdır. Marks Feyerbaxın ümumdünya-tarixi əhəmiyyətini, “tam bir dövr təşkil edən”  əhəmiyyətini məhz Hegel idealizmindən tamamilə uzaqlaşmasına və materializmi irəli sürməsində görürdü ki, bu materializm də hələ “XVIII əsrdə xüsusən Fransada yalnız mövcud siyasi təsisata qarşı deyil, həm də… hər cür metafizikaya” (“ayıq fəlsəfədən”  fərqli olaraq “sərxoş spekulyasiya” mənasındakı metafizikaya) “qarşı mübarizə demək idi”  ( “Əbədi Mirasdakı”   “Müqəddəs ailə”).

Hegel

Marks yazırdı: “Hegelin ideya adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin demiurqudur (yaradıcısıdır, qurucusudur)… Mənim fikrimcə isə, əksinə, ideal olanlar insanın başına köçürülmüş və orada yeni şəkil almış maddi varlıqdan başqa bir şey deyildir” (“Kapital”, I, 2-ci nəşrə müqəddimə). F.Engels Marksın bu materialist fəlsəfəsinə tamamilə uyğun olaraq və bu fəlsəfəni şərh edərək “Anti Dürinq”də (bax) belə yazırdı: –Marks bu əsərin əlyazmasını oxuyub tanış olmuşdu – “…Dünyanın vəhdəti onun varlığından ibarət deyil, onun maddiliyindən ibarətdir ki, bunu da… fəlsəfənin və təbiətşünaslığın uzun zaman ərzində çətin inkişafı sübut edir… Hərəkət materiyanın varlıq formasıdır. Heç yerdə və heç bir zaman hərəkətsiz materiya və materiyasız hərəkət olmamışdır və ola da bilməz… Əgər belə bir sual versək ki, təfəkkür və idrak nədir və bunlar insan beyninin məhsuludur və insan özü də müəyyən bir təbii şəraitdə və təbiətlə birlikdə inkişaf etmiş təbiət məhsuludur. Buna görə özlüyündə aydındır ki, insan beyninin məhsulları da nəticə etibarilə təbiət məhsulu olub, təbiətin başqa rabitəsinə zidd deyil, ona uyğundur”. ”Hegel idealist idi, yəni beynimizdəki fikirlər onun nəzərində həqiqi şeylərin və proseslərin az-çox mücərrəd inikasları (Abbilder, əksləri, Engels bəzən “surətləri”  deyir) deyildi, əksinə, şeylər və bunların inkişafı, Hegelin nəzərində dünya əmələ gəlməzdən əvvəl harada isə mövcud olan bir ideyanın inikasları idi”. F.Engels “Lüdviq Feyerbax”  adlı əsərində Feyerbax fəlsəfəsi haqqında öz baxışlarını və Marksın baxışlarını şərh edir və Hegel ilə Feyerbax haqqında, habelə tarixi materialistcəsinə anlamaq məsələsinə dair 1844-1845-ci  illərdə Marksla birlikdə yazdığı köhnə əlyazmasını bir də oxuduqdan sonra çapa göndərdiyi  bu əsərində belə yazır; “Hər  bir fəlsəfənin və xüsusən ən yeni fəlsəfənin ən böyük əsas məsələsi, təfəkkürün varlığa, ruhun təbiətə münasibəti məsələsidir… Bunlardan hansı o birindən əvvəldir-ruh təbiətdən, yoxsa təbiət ruhdan?

Filosoflar bu suala verdikləri cavaba görə iki böyük cəbhəyə ayrılmışlar. Ruhun təbiətdən əvvəl mövcud olduğunu iddia edən və deməli, dünyanın yaradılmış olduğunu bu və ya başqa şəkildə qəbul edənlər idealist cəbhəni təşkil etdilər. Təbiəti əsas başlanğıc hesab edənlər isə materializmin müxtəlif məktəblərinə mənsub oldular”. İdealizm(fəlsəfi idealizm) və materializm anlayışlarını hər hansı bir başqa mənada işlətmək dolaşıqlıq yarada bilər.

Marks təkcə bu və ya başqa bir şəkildə dinlə əlaqədar olan idealizmi deyil, xüsusilə bizim zəmanəmizdə geniş-geniş yayılan Yum və Kant nöqteyi-nəzərini, müxtəlif növ aqnostisizmi, kritisizmi, pozitivizmi də qəti rədd edərək hesab edirdi ki, belə bir fəlsəfi “mürtəcelik edib”  idealizmə güzəştə getmək və olsa-olsa “camaatın gözü qabağında pozulan materializmi utana-utana dal qapıdan içəri buraxmaq” deməkdir.

Bu barəd Engelsin və Marksın göstərilən əsərlərindən başqa 1866-cı il dekabrın 12-dən Marksın Engelsə yazdığı (məktuba bax) məktubda Marks məşhur təbiətşünas T.Hekslinin adi hallarda olduğundan daha ”artıq materialistcəsinə” çıxışını qeyd edir və onun: “biz həqiqətən müşahidə edib düşündüyümüzə görə, heç bir zaman materializm zəminindən uzaqlaşa bilmərik” sözlərini misal gətirib onu aqnostisizmə və yumizmə tərəf qaçmaq üçün “gizli yol”  saxlaması üstündə töhmətləndirir. Xüsusən, azadlığın zərurətə münasibəti məsələsinə Marksın necə yanaşdığını qeyd etmək lazımdır: “Zərurət dərk edilmədikcə, kordur. Azadlıq zərurəti dərk etmək deməkdir” (Engels ”Anti-Dürinq” də) təbiətin obyektiv qanunauyğunluğunu və zərurətin dialektik yolla azadlığa çevrilməsini (dərk edilməmiş, lakin dərk edilə bilən “özündə şeyin” “bizim üçün şeyə” , “şeylərin mahiyyətinin” “təzahürlərə”  çevrilməsi ilə bərabər) qəbul etməkdir. “Köhnə” materializmin, o cümlədən, Feyerbax materializminin (xüsusilə, Buxner-Foqt-Moleşottun bayağı materializminin) əsas nöqsanı Marks və Engelsin fikrincə ondan ibarətdir ki,

1) Bu materializm “başlıca olaraq mexaniki” materializm idi, kimyanın və biologiyanın (bizim zəmanəmizdə isə bunu da əlavə etmək lazım gələrdi: materiyanın elektrik nəzəriyyəsinin) ən son inkişafını nəzərə almırdı;

2) Ondan ibarətdir ki, köhnə materializm qeyri-tarixi və qeyri-dialektik bir materializm idi (dialektikanın ziddinə olan metafizik materializm idi), inkişaf nöqteyi-nəzərini ardıcıl və hərtərəfli yeritmirdi;

3) Ondan ibarətdir ki, onlar “insanın mahiyyətini” “bütün ictimai münasibətlərin” (müəyyən konkret tarixi münasibətlərin) məcmusu  kimi deyil, abstrakt mənada anladılar və buna görə də dünyanı ancaq izah edirdilər, halbuki, məsələ bu dünyanı “dəyişdirmək”  üstündədir, yəni onlar “inqilabi əməli fəaliyyətin əhəmiyyətini”  anlamırdılar.

Karl Marks

        Dialektika

Marks və Engels inkişaf haqqında ən mükəmməl, dərin və məzmunca zəngin bir təlim olan Hegel dialektikasını klassik alman fəlsəfəsinin ən böyük nailiyyəti hesab edirdilər. İnkişaf, təkamül prinsipinə verilən hər hansı başqa bir tərifi onlar birtərəfli, məzmunca yoxsul bir tərif, təbiətdə və cəmiyyətdəki inkişafın həqiqi gedişini (çox vaxt sıçrayışlarla, sarsıntılarla, inqilablarla olan gedişini) eybəcər bir hala salıb qol-qanadını sındıran bir tərif hesab edirdilər. “Marksla mən şüurlu dialektikanı (idealizm və o cümlədən hegelçilik tərəfindən darmadağın edilməkdən) xilas etmək və təbiəti materialistcəsinə anlamaq zəmininə keçirmək vəzifəsini öz qarşısına qoyan demək olar yeganə adamlarıq”.

“Təbiət dialektikanı təsdiq edir, həm də məhz ən yeni təbiətşünaslıq təbiətin bunu son dərəcə zəngin bir şəkildə təsdiq etdiyini (bu sözlər radium, elektron, elektronların çevrilməsi və i.a kəşf ediləndən qabaq yazılmışdır!) gündən-günə çoxlu material topladığını göstərir və sübut edir ki, nəticə etibarilə təbiətdə hər şey metafizik yolla deyil, dialektik yolla əmələ gəlir”.

Engels yazır: “Böyük əsas fikir, yəni, dünya hazır və mükəmməl cisimlərdən ibarət olmayıb, proseslərin məcmusundan ibarətdir, həm də zahirən dəyişilməz kimi görünən cisimlər, habelə bu cisimlərin insan beynindəki fikri şəkilləri, anlayışlar həmin proseslər məcmusunda fasiləsiz surətdə dəyişir, gah törəyir, gah da məhv olub gedir deyən bu böyük əsas fikir Hegel zamanından bəri hamının şüurunda o qədər möhkəm yer tutmuşdur ki, ümumi şəkildə bu fikri, bəlkə də, heç kəs inkar etməyə çalışmaz. Lakin bu fikri sözdə qəbul etmək bir şey, ayrı-ayrı hallarda və hər bir müəyyən tədqiqat sahəsində tətbiq etmək isə başqa şeydir”. “Dialektik fəlsəfə üçün həmişəlik bərqərar olan, şərtsiz və müqəddəs olan heç bir şey yoxdur. Dialektik fəlsəfə hər şeyin üzərində və hər bir şeydə onun labüd olan süqut əlamətini görür, həm də arası kəsilməz törəmə və məhv olma prosesindən başqa, ibtidaidən aliyə doğru sonsuz yüksəlmə prosesindən başqa heç bir şey dialektik fəlsəfə qarşısında dura bilməz. Dialektik fəlsəfənin özü yalnız, bu prosesin düşünən beyində inikasıdır”. Beləliklə, Marksın fikrincə, dialektika “həm xarici aləmin, həm də insan təfəkkürünün ümumi hərəkət qanunları haqqında elmdir”.

Marks Hegel fəlsəfəsinin bu inqilabi cəhətini götürüb inkişaf etdirmişdir. Dialektik materializmin “başqa elmlərdən yüksəkdə duran heç bir fəlsəfəyə ehtiyacı yoxdur”. Əvvəlki fəlsəfədən “təfəkkür və onun qanunları haqqında təlim-formal məntiq və dialektika qalır”. Dialektikaya isə, Marksın fikrincə, habelə Hegelə görə indi idrak nəzəriyyəsi, qnoseologiya adlandırılan nəzəriyyə daxildir ki, bu nəzəriyyə öz obyektini tarixi cəhətdən də təsdiq edib idrakın törəməsi və inkişafını, bilməzlikdən dərk etməyə keçilməsini öyrənib ümumiləşdirməlidir.

Bizim zəmanəmizdə inkişaf, təkamül ideyası, demək olar, bütünlüklə ictimai şüurda özünə yer etmiş, lakin oraya Hegel fəlsəfəsi vasitəsilə deyil, başqa yollarla daxil olmuşdur. Lakin Marks və Engelsin Hegelə əsaslanaraq, bu ideyaya verdikləri tərif yayılmış təkamül ideyasından olduqca mükəmməl və məzmunca çox zəngindir. Keçilmiş pillələri sanki təkrar, lakin bunları başqa cür, daha yüksək bir əsas üzərində təkrar edən bir inkişaf (“inkarı inkar” qanunu) düz xətt üzrə deyil, spiral xətt üzrə olan inkişaf; – sıçrayışlı, sarsıntılı, inqilabi bir inkişaf-“tədriciliklə fasilələr”; kəmiyyətin keyfiyyətə keçməsi-müəyyən bir cismə təsir göstərən və ya müəyyən bir hadisə içərisində, yaxud müəyyən bir cəmiyyət daxilində hərəkət edən müxtəlif qüvvələr və təmayüllərin ziddiyyəti və toqquşmasının inkişafa içəridən verdiyi təkanlar-hər bir hadisənin bütün cəhətləri (həm də tarix daim yeni-yeni cəhətlər meydana çıxarır) arasındakı qarşılıqlı asılılıq və olduqca sıx, möhkəm bir əlaqə, həm də vahid və qanunauyğun bir dünya  hərəkəti prosesini yaradan əlaqə – inkişaf haqqında (adi təlimə nisbətən) daha məzmunlu bir təlim olan dialektikanın bəzi cəhətləri bunlardır. (Müqayisə et: 1868-ci il yanvarın 8-də Marksın Engelsə yazdığı məktub; burada Marks Şteynin “quru trixotomiyalarına” iztehza edir ki, bunları dialektik materializmə qarışdırmaq mənasız olardı).

Mənbə: Vladimir İliç Lenin – Karl Marks (oçerk)

Redaktor: Çinarə Soltanova

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...