Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Post date:

Author:

Category:

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu bilirdiniz? Bəs bu kəskin statistik fərq sadəcə kişilərin elmdə daha çox uğurlu olması ilə mi bağlıdır?

Effekti izah etməzdən öncə, qeyd edim ki, sözügedən termin başqa bir effekt – “Metyu (Matthew) effekti” ilə birbaşa bağlantılıdır. Buna görə də, ilk növbədə bu effekti aydınlaşdırmalıyıq.


Sosioloq Robert K. Mertonun elmə gətirdiyi bu anlayış, İsa peyğəmbərin məsəllərində, əziz Metyunun tövsiyələri əsasında yaranıb, adını da məhz ondan alıb. (Bax : Matthew 25 : 14-30)

St. Matthew.


Effektə görə, tanınmayan insanlar tərəfindən edilən iş, hazırda məşhur olan, nüfuz qazanmış insanlar tərəfindən edilən işlə (ikinci tərəfin etdiyi dəyərli bir iş olmasa belə) müqayisə edildikdə, daha az diqqət və əhəmiyyət qazanacaq, hətta ciddiyə alınmayacaq, etibar edilməyəcək.


Bu nəzəriyyə, məşhur insanların işlərinin (elmi yazı, sənət əsəri və s.) heç də yaxşı olmadığı hallarda belə niyə digər insanların dəyərli, keyfiyyətli işlərini asanlıqla kölgədə qoyduğunu aydınlaşdırmağa çalışır.

Və elm tarixçisi Margaret W. Rossiter 1993-cü ildə, elmə bu terminlə bağlı ikinci bir termin gətirmişdir: Matilda effekti. Beləki, müşahidələr göstərir ki, qadın alimlərin çalışmaları, o araşdırmaların əhəmiyyəti, dərinliyi, düzgünlüyü kimi parametrlərə görə yox, məhz müəllifin cinsiyyətinə əsasən təhlil edilir və əksər hallarda üzə çıxarılmır, diqqət görmür.

Margaret Rossiter effektin adını Mathilda Joslyn Gage (1826 – 1898) və onun məqaləsinin şərəfinə belə adlandırmışdır. Mathilda, 19-cu əsərdə yaşamış amerikalı yazıçı və aktivist olub, qadın hüquqlarının ilk və əsas müdafiəçilərindən biri hesab olunur. Yazdığı çox sayda yazıların birində – “Woman as İnvertor”-da (1870) kişi alimlərin qadın alimlərdən daha ön planda tutulması faktını da qeyd edir. Rossiter də, 100 il sonra “Elmdə Matilda Effekti” başlığı ilə bu mövzunu təkrar gündəmə gətirməyi bacarır.

Bu barədə “Matilda Effekti” (müəllif: Ellie İrving) adlı geniş oxucu kütləsinə uyğun bədii kitab mövcuddur. Kitabda, ixtirasının ona məxsusluğuna şübhə duyulan kiçik Matilda və onun illər öncə qadın olduğu üçün kəşfi oğurlanaraq Nobel mükafatından məhrum edilmiş nənəsinin sərgüzəştlərindən danışılır. Sözü gedən əsər, əsasən, uşaqlar üçün olsa da, əslində buradaki mövzu daha dərindir və effektin başqa cəhətlərini üzə çıxarır.

Belə ki, 21-ci əsrə qədər, qadınların nəyisə kəşf yaxud ixtira edə biləcəklərinə olan inamsızlıq o qədər güclü idi ki, onların elmi işləri həyat yoldaşı, qardaşı, tədqiqat partnyoru (cəmiyyətə görə rəhbəri) kimi başqa insanların adına çıxarılırdı. Bir çox hallarda isə onların kəşfləri həmkarları tərəfindən açıqca oğurlanırdı. Bu barədə tarixdə kifayət qədər misal var.

Məsələn, məşhur kimyaçı Mariya Kürinin Nobel mükafatlarını məhz həyat yoldaşı alim Pyer Kürinin sayəsində qazanması iddiası günümüzdə belə yayğındır. Lakin, iddialara rəğmən, Mariya Küri dövründə və hazırda ən çox sayğı görən alimlərdəndir. Əksər qadın alimlər tarixdə daha böyük uğursuzluq və haqsızlıqlar yaşamışdır.

2-ci Dünya müharibəsi dövründə atom fiziki Lise Meitner Almaniyanı tərk etməli olur, lakin əməkdaşı Otto Hahn ilə məktublaşmağa və ona kömək etməyə davam edir. Hahn, uranla apardığı tədqiqatları şərh etməsi üçün kömək istəyir, Lise isə mexanizmin çox növbəti mərhələlərini də kəşf edir, atom bombası ixtirası üçün lazımi şəraiti yaradır. Lise bu lahiyədə iştirakdan imtina edir, ancaq Hahn özü də 1944-cü ildə Kimya üzrə Nobel mükafatı qazanarkən onun adını heç çəkmir.

Lise ümumiyyətlə, həyatı boyunca düz 48 dəfə elmi işlərinə görə Nobel və digər nüfuzlu mükafatlata laureant göstərilir, ancaq heç vaxt haqqı olan diqqəti görmür, müvəffəqiyyət qazanmır.

Buna görə, Margaret Rossiter effektin adını ilk əvvəl məhz “Lise effekti” kimi düşünmüşdü.

Cecilia Payne, ulduzların hidrogen və helium qazlarından təşkil olunmasını aşkar etdikdə, onun çalışmasına baxan Henry Russell, bu fikri təbiət qanunlarına görə məntiqsiz hesab edir və onun məqaləsini çap etmir. 4 il sonra öz elmi işində bu faktı sübut edən Henry, kəşf barədəki məqaləsində Cecilianın adını çəkmir.

Vera Rubin qalaktika xaricindəki ulduzların daxildəki ulduzlarla eyni sürətə malik olduğunu deyəndə kişi həmkarları ona inanmır. Sonraki illərdə isə kainatın 25%-ni təşkil edən “qara maddəni” – kosmos barədəki ən vacib məfhumlardan birisini kəşf edir, lakin yenə diqqətə alınmır.

Sahibinə Nobel mükafatı qazandıracaq bir kəşf yalnız 20 il sonra, 2006-cı ildə təsdiqlənir və Veraya haqsızlıq edildiyi qəbul edilir.

Dr. Rosalind Franklin, DNT üzərində çalışmalar apararkən, həmkarı Moris Uilkins ona köməkçisi kimi davranırdı. Eyni zamanda onun işlərini diqqətlə izləyən alim, Rosalindin xəbəri olmadan onun DNT fraqmentini (Bilinən adı ilə : Photo 51) başqa 2 akademik ilə – Ceyms Uotson və Frensis Krik ilə bölüşür. Alimlər şəkil üzrə tədqiqatları genişləndirir və illər sonra Nobel mükafatı qazanmağa nail olur. Ancaq mərasimdə artıq uzun müddətdir vəfat etmiş Rosalindin adı belə çəkilmir.

Esther Lederberg həyat yoldaşı ilə birgə antibiotiklər üzərində çalışır, lakin Nobel mükafatı yalnız ərinə verilir, Netti Stevens genetikanın ən böyük kəşfini edir – X və Y xromosomlarını təyin edir, lakin mükafat yalnızca, elmi işi onunla eyni vaxtda aparan Tomas Morgana verilir və s.

Ümumillikdə, tarixdə Metyu və Matilda effektinə misallar kifayət qədər çoxdur.

Elm və incəsənət zəka, bacarıq, zövq kimi parametrlərlə yaradılır. Unutmayın ki, sənətə cinsiyyətə, nüfuza və bu kimi başqa səbəblərə əsasən qiymət verdiyimiz müddətcə, inkişafdan söhbət gedə bilməz. Bir işi, onu təqdim edənin kimliyinə görə yox, sadəcə o işin özünə əsasən dəyərləndirin və hər zaman haqqını verin.

Mənbə :

https://medium.com/@lagaribey/matilda-etkisi-ad3d361c4b16

https://en.wikipedia.org/wiki/Matilda_effect#%3A%7E%3Atext%3DThe_Matilda_effect_is_a%2Cattributed_to_their_male_colleagues.%26text%3DThe_term_%22Matilda_effect%22_was%2CRossiter.?wprov=sfla1

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm