Mayya sivilizasiyası / Mezoamerika mədəniyyəti

Post date:

Author:

Category:

Mərkəzi Amerika sivilizasiyaları içərisində öz orijinallığı və yüksək inkişafı ilə fərqlənən mədəniyyətlərdən biri də Mayyaların sivilizasiyası (b.e.ə.3000-ci il – XVI əsr) hesab edilir. Bu xalq planetin yüksək yaradıcılıq qabiliyyətlərinə malik xalqlarından biridir. Min il əvvəl bu xalq, müasir Meksika ştatlarnın (Yukatan, Kampeçe, Tabasko, Çyapasa, Kistana-Roo) Qvatemala, Beliza, qərbi Honduras ərazilərində yaşayırdılar. Bu mədəniyyətin təşəkkülünün dəqiq tarixi haqqında heç nə söyləmək mümkün deyil.

Təbiətə çağırış kimi, məntiqdən uzaq şəkildə mayyalar öz unikal şəhərlərini sudan kənarda – çətin keçilən cəngəlliklərdə qururdular. Bundan fərqli olaraq həmin dövrdə dünyada buna bənzər sivilizasiyalar böyük çayların kənarında yaranmışdı. Mayyaların tarix və mədəniyyəti üç əsas dövrə bölünür: formalaşma dövrü (b.e.ə. 3000-b.e.317-ci il); qədim şahlıq dövrü (317-b.e.987-ci il); yeni şahlıq dövrü (987-XVI əsr).

Mayya şəhər-dövlətləri (qədim yunana oxşar) mədəniyyət və hakimiyyətin mərkəzi hesab edilirdi. Bunların özünəməxsus tikinti sxemi mövcud idi. Tikintinin mərkəzi tənə üzərində yerləşirdi. Onun ətrafında kahin və varlıqların (amelhenlər) sarayları yerləşirdi. Bunlar, adətən, fasadı şərqə istiqamətləndirilmiş eyvanlardan ibarət, 1-5 mərtəbəli daş və əhəngdən monumental saraylar idi. Bunların mehrabı, hamamı da var idi. Otaqlar çox sadə və rahat şəkildə təchiz olunurdu.

Şəhər-dövlətin başında xalaç-vinik (aparıcı şəxs) dururdu. Onun hakimiyyəti irsi, ömürlük və qeyriməhdud idi. Xalaç-vinikin “seçilmiş” olduğunu göstərmək üçün sifəti totuirovka ilə bəzədilir, burnu böyük qartal dimdiyi ölçüsündə plastik əşyadan böyüdülür, dişlər yonularaq nefritlə bəzədilirdi. Libas isə, xalaç-vinikin müqəddəs rütbəyə malik olduğunu qabardırdı. Libas balıqqulaqları, daş və lələklərdən ibarət naxışlarla bəzədilirdi. Xalaç-vinikin baş örtüyü heyvan timsalında tərtib olunaraq allahla vəhdətlik rəmzini əks etdirirdi. İri, üçqat şaquli keçidlə bəzənmiş (bu möhtəşəmlik əlamətidir) dairəvi sinəbənd hakimin fövqəltəbii qüvvələrə malik olduğunu sübut edir. Xalaç-vinikdə varlı və kahinlərdən ibarət dövlət şurası da mövcud idi. Onlar mayya cəmiyyətinin elitasına daxil idi.

Sadə insanlar iki qrupa bölünürdü: birincisinə, tabe olanlar, lakin azad təsərrüfatçılar (fəhlə, sənətkarlar, qullar, allaha qurban gətirilməyən borclular və cinayətkarlar) aid idi. Ən aşağı zümrəyə, torpaqla bölüşənlər daxil idi. Onların əsas məşğuliyyəti təsərrüfat və quşçuluq (ördək, hind quşu) təşkil edirdi. Onlar, həm də saray və ehramlar inşa edir, şəhərlər arasında geniş, möhkəm “ağ yollar” salırdılar. Orta səviyyəli yollar 10 m. enliyində olmaqla 100 km məsafəni əhatə edirdi.

Bu xalq çox güclü, həyatsevər və gözəl idilər. XVI əsrdə bu əraziyə gəlmiş avropalılar onları qəşəng bədənə malik, hündür, cəld və təmizkar kimi qələmə verirdilər. Olmeklərdən gözəllik etalonunu mənimsəyən məyyalar ona öz xüsusiyyətlərini də əlavə etmişlər: ətirli bitkilər əlavə etməklə qırmızı rəngli mazlarla sifət və bədən naxışlanırdı. Kişilər nadir quşların lələkləri, pambıqdan naxışlarla bəzədilmiş uzun kvadrat yağmurluq və gödəkçələr geyirdilər. Önlük-yubkalar dizə qədər bədəni örtürdü. Bel maral dərisindən hazırlanmış qeyri-adi düyünlərdən ibarət kəmərlə bağlanırdı. Qol və ayaq dizlərinə sıxılmış bilərziklər bəzək kimi deyil, bədənin hissələrinin əlaqələndirilməsi məqsədinə xidmət edirdi. Muncuq, bahalı daş-qaşlardan (zümrüd, füruzə, nefrit) üzüklər bayram, təntənə əhvali-ruhiyyəsi yaradırdı. Geyimi qeyri-adi bah örtüyü tamamlayırdı: qaşlara qədər sarılmış sarğıya qəribə gözəlliyə malik quşların parlaq lələkləri (qara-sarı, göy-aşıl) möhkəmləndirilirdi. Bu, yol gedərkən yuxarı hissəsi kəsilmiş dönmüş konusun titrəməsi, tərpənməsi, təsəvvürünü yaradırdı. Ayaqqabılar isə, bərli-bəzəkli səndəllər idi. Kişi tualetinin əsas atributu, qəribədə olsa, güzgü idi. Zərif məxluq olan qadınların geyimi nisbətən saf idi: uzun yubka, köynək əvəzinə qoltuq altından ikiqat örtük onların ənənəvi geyimi sayılırdı. Mayyalara görə, qadının ən gözəl bəzəyi – ciddiliyidir.

Mayyaların təsəvvürlərinə görə, dünya, kainat müqəddəs qüvvələrlə örtülmüş mürəkkəb məkandır. Mövcud aləmin yaradıcısı ali allah – Xunab Kudur. Onun İtsamnu adlı oğlu günəşlə eyniləşdirilmişdi. Yağış allahı Çaki, qarğıdalı allahı Yum Kaam, qadın himayədarı İşçel, Kukulkan, ölüm allahı Ax Puç, intihar allahı İştab da fəxri allahlar siyahısına daxil idi. Qədim mayyaların fəlsəfəsinə görə bu allahlar dünyanın məkan-zaman strukturu və təbiət qüvvələrinin tərkib hissəsinə daxildir. Məhz bunlar Kainatı yaratmışlar. Kainat 13 səma və 9 yeraltı dünyadan ibarətdir, yer bunların arasında yerləşir. Kainatın kosmosda mövcudluğunu Dünya ağacı, yerdə isə, monarx təmin edir. Onun sehrli, ritial sayağı hərəkətləri dünyanı yeniləşdirir, ona yeni qüvvələr bəxş edirdi. Mayyaların dünyagörüşlərinə görə allah və insanlar bir-birilərinin qayğısına qalmalıdırlar. Allahlar insanlara həyat, sağlamlıq, zənginlik, xoşbəxtlik bəxş etdiyi halda, insanlar ona öz güc və enerjilərini, qanlarını verməlidirlər. Bu təsəvvürlərdən qurbanvermə ideyası formalaşır. Qurbanvermə müxtəlif formalarda: gül-çiçək, qida, sevimli heyvan və ya bəzək-düzək, sənət nümunəsi, insan qəlbinə yaxın hər şey ola bilərdi. Qurbanvermənin ən ciddi növü dil, bədənin qurşaq hissəsi, yanaq və dodaqların məftillə deşilməsi və qadının qanı hesab olunurdu. Mayyalar dəqiq əmin idilər ki, insan bədənindəki yara fövqəltəbii qüvvələrə, əcdadların dünyasına keçid rolunu oynayır. Məhz bunların köməyi ilə səma cisimlərinin gücü yerə ötürülürdü. Mayyalar yerlə, kosmosun vəhdətini bu cür təsəvvür edirdilər. Qurbanvermənin ən amansız növü — ritual ölüm və hannibalçılıq idi. Bunlar ən böhranlı vəziyyətlərdə (təbiət kataklizmləri, siyasi hadisələr, epidemiyalar və digər bədbəxtliklər) yerinə yetirilirdi.

Gündəlik dini ritual hərəkətlərə iyli bitkilərin siqaret kimi çəkilməsi, dualar, duz, istiot, ət, seksdən imtina etmək, dini rəqs və mahnılar təşkil edirdi. Bütün dini təntənələrə kahinlər (Ax Kinlər – “Günəş adamları”) rəhbərlik edirdilər. Kahinlər ciddi iyerarxiyaya malik bir sistemdə fəaliyyət göstərirdilər. Onun başçısı – “cənab ilan” (Axav-Kan-May) adlanan birinci ruhani təşkil edirdi. O, dövlətin teoloqu, yazı işlərinin, astrologiya, astronomiyanın magistri idi. Xüsusi kahin məktəblərində o, öz ustalığından Mayya cəmiyyətinin kübar təbəqəsinin gələcək nümayəndələrinə dərs deyirdi. Bu vəzifə irsi idi. Kahinlərin hamısı adi insanlar kimi geyinirdilər. Yalnız geyimin üstündən pambıqdan çoxsaylı kəmərləri yerə dəyən qırmızı lələklərdən ibarət yağmurluq geyilirdi. Onların əsas atributları başda hündür tac və ilan quyruğundan hazırlanmış çiləyici hesab edilirdi.

Məbədlər qədim mayyaların əsil tədqiqat mərkəzləri idi. Riyaziyyat, astronomiya, yazını onlar olmeklərdən əxz etmişlər. O zamanlar bu elmlər bir-birilə vəhdət təşkil edirdi. İlk dəfə, məhz mayyalar nömrələnmənin dəqiq sistemini işləmiş və böyük sayların yerləşmə ideyasını tətbiq etmişlər. Bütün varlığın (ulduz, səma cisimləri, insanlar) harmoniyanın kəmiyyət ardıcıllığı, zəruriliyi, stabilliyi qanunlarına tabeliyi astrologiya elminin təşəkkülünə təkan verdi. Mayyaların bürcləri kosmos modelinin təsvirini verir. 13 əsas bürc mövcud idi: Qaban (Oxatan), Maral (Oğlaq), Meymun (Dolça), Yaquar və ekizlər (Balıq), Dələ (Qoç), Qurbağa (Əqrəb), Tutuquşu (Tərəzi) və s. insanın taleyini onun mayalanmasından doğuluşu anınatək təyin edirdilər. Buna öz mürəkkəbliyi ilə fərqlənən astronomik biliklər kömək edirdi. Mayyaların məişətində təqvim sistemi mühüm yer tuturdu.

Bu xalq olmek heroqlif yazısını yeni ünsürlərlə zənginləşdirərək inkişaf etdirdilər. Mayyaların heroqlif yazısı fonetik əhəmiyyəti və heca xüsusiyyətləri ilə seçilirdi. Uzun illər bu yazının açılışına nail olunmasa da, lakin 1959-cu ildə rus alimi Y.V.Knorozov ilk dəfə onları oxuya bilmişdi. Təəssüf ki, bu yazıların əksəriyyəti XVI əsrdə ispan işğalçıları tərəfindən məhv edilmişdi. Dövrümüzə qədər gəlib çatmış kitabların əksəriyyəti şərti şəkildə adlandırılan kodekslər idi. Saxlanma məkanların görə, onları Paris, Drezden, Madrid kodeksləri də adlandırırlar. Bunlardan başqa, Amerikanın avropalılar tərəfindən işğalının ilk illərində latınca yazılmış bir neçə əlyazma da mövcuddur. Bunlara, “Popol-Vux”, “Çilan-Balam” aiddir. “Popol-Vux” üç mühüm hissədən ibarətdir: kosmoqonik, mifoloji və antropoqonik hissələr. Bunların mətni mayyaların dini, fəlsəfi və estetik dünyagörüşlərini əhatə edir.

Mayya xalqı özünün şifahi ədəbiyyatını qoruyub saxlaya bilmişdi: mahnı və dualar, nəğmələr sehrli obraz, sirli kosmos qüvvələri obrazlarından ibarət poetik aləmi idi. Mayyaların ədəbiyyatı bizi bu xalqın özünəməxsus təfəkkürü ilə tanış edirdi. Mayyalar musiqiyə həssas xalq idi. Oxumaq, çalmaq onların həyatının tərkib hissəsini təşkil edirdi. Dövrümüzə qədər onların istifadə etdikləri musiqi alətləri gəlib çatmışdır. Bunların əksəriyyəti müxtəlif növdən olan təbillər, fleyta, tütək, trubalar idi. Musiqi və oxu, adətən, rəqsi müşayət edirdi. Hərbçilərin, yaşlı qadınların rəqslərinin motivləri, hətta müasir günümüzə qədər gəlib çatmışdır. Bu rəqslərin əksəriyyəti gün ərzində həyata keçirilir, bəziləri, hətta yol gedə-gedə oynanılır. Mayyaların özünəxas teatr, tamaşaları da mövcud idi. Səhnəni kəsilmiş lövhələrdən örtülmüş platformalar təşkil edirdi. Yazılı mənbələr bir çox populyar tamaşaların adlarını xatırlayır. Belələrinə, “Ağ ağızlı Quakamayya və ya Yalançı qadın”, “Ağbaşlı oğlan”, “Kakao hazırlayan”, “Rabinal-Açi” dram baleti və s. qeyd etmək olar. Öz formasına görə bunlar yunan faciələrinə bənzəyirdilər.

Mayya mədəniyyətinin mükəmməlliyini memarlıq və rəngkarlıq da sübut edir. Bu xalq unikal tikililərini kobud şəkildə yonulmuş daşdan tikirdilər. Tikililərin fasadları zəngin relyeflərlə bəzədilirdi. Bunların fərqləndirici cəhəti ciddi sadəlik və yüksək proporsionallıq idi. Mayyalar öz tikililərinə monumentallığı boş məkan ətrafında meydança, düz küçələrin ansambl şəkldə yerləşdirilməsi ilə həyata keçirirdilər. Bu prinsipdən irəli gələrək bu xalq möhtəşəm şəhər, saray və ehramlar inşa etmişdir. Məbədlər kvadrat planlaşdırmaya malik olmaqla daxili məkan xüsusiyyətlərinə görə zahiri ilə vəhdət təşkil edirdi. Mayyaların şəhərlərində rəsədxana, zəfər tağları, monumental pilləkanlar, serpunlar, ritual oyunlar üçün meydançalar mövcud idi. Tikinti, inşaat prosesində mayya tacları – yalançı tac kimi memarlıq üsullarından da istifadə olunurdu. Memarlığı heykəltəraşlıq və rəngkarlıq xüsusiyyətləri də tamamlayırdı. Bunlar mayya cəmiyyətinin reallıqlarını təsvir edirdi. Mayyalar heykəltəraşlıq sənətinin bütün üsullarından – barelyef, qorelyef, dairəvi, modelli həcm və s. bacarıqla istifadə edirdilər. Daşdan əlavə, balıqqulağı, sümük, ağacdan da istifadə olunurdu. Bir çox heykəltəraşlıq nümunələrini müxtəlif rənglərlə bəzədilirdi.

Mayyaların təsviri sənəti haqqında da çox maraqlı məlumatlar mövcuddur.Təsviri sənətdə freskaların işlənilməsi əlamətdar hadisələrdəndir. Xüsusilə, XIII əsrin sonlarında tikilmiş Bonampaka şəhərinin divar rəsmləri mayya təsviri sənətinin əyani və parlaq nümunələrindəndir. Bu təsvirlərdəki realist və dinamik rəsmlər hadisələrin dramatik gərginliyini ifadə edə bilmişdir. Beləliklə, bütün bunlar itib-getmiş böyük və unikal mədəniyyətin – mayya sivilizasiyasının özünəməxsusluğunu sübut edir.

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...