Məntiqə Giriş. Məntiqin mövzusu nədir?

Post date:

Author:

Category:

Məntiq nədir?

Məntiq, “doğru düşünmənin prinsiplərini ortaya qoyan elmdir” kimi tərif edilir. Düşüncəmizin normal fəaliyyətini psixologiya elmi araşdırar.  Ancaq duyğu və iradə fenomenləri məntiqə maraqlı deyil. Bu halda duyğu və iradə fenomenlərini tədqiq sahəsindən xaric etsək, sadə zehin hadisələri üzərində etdiyimiz araşdırmalarla düşünmənin elmini öyrənmiş oluruq.

Məntiq kəlməsi yunan sözü olan `logike`nin ərəbcə tərcüməsidir. “Logikos logosa yəni, sözə (parol), ağıla (raison) və ya əqli nəticə(raisonnement) aid deməkdir”. Buradan da görsənir ki, kəlmə mənası ilə logik, həm söz, həm də ağılla əlaqəlidir.  Məntiq kəlməsi də eynən bu cürdür. Fərabi kəlmənin açıqlamasını belə verir: “Bu sənətin (məntiqin) adı nitq kəlməsindən əmələ gəlmişdir. Bu kəlmə keçmişdəkilərə görə üç şeyə dəlalət edib: 1 – İnsanın məqbulları idrak edəbiləcəyi qüvvəyə dəlalət edər. Bu qüvvə ilə elm və sənətlər əldə edilir və onunla hərəkətlərin gözəli və çirkini ayırd edilir. 2 – İkincisi insanın nəfsində anlayış yolu ilə hasil olan məqbullardır; bunlara daxili nitq deyilir. 3 – Üçüncüsü, daxildə olan şeyi dil ilə deməkdir; buna da xarici nitq deyilir

Məntiq termini

Məntiq kəliməsi həm bir elmə ad olaraq, həm də bir düşünmə tərzini bildirmək üçün istifadə olunur. Hər hansı bir söz və ya yazı qarşısında məntiqli və yaxud məntiqsiz deyimlərini istifadə edərkən nəzərdə tutulan məntiq, məntiq elmi deyil. İnsan məntiq elmini öyrənmədən də məntiqli düşünür. İnsan yaradılışından bəri məntiqli düşünə bildiyi halda, məntiq elminin quruluşu daha çox sonralar yaranmışdır.

Məntiqli düşünmə ilə məntiq elmi arasında sıx bir əlaqə var. Məntiq, məntiqli deyilən düşünmə tərzini özünə mövzu olaraq seçən elmə verilən addır. Başqa deyişlə məntiq elmi, məntiqli düşünmənin sistematik təsbitindən ibarətdir.

Tərif:

Məntiq həqiqətə aparan düzgün təfəkkürün formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir.  Lakin məntiqin tədqiqat sahələrinin çoxluğunu düşündükdə, onun geniş və dəqiq tərifinə ehtiyac hiss olunur, biz də E. Voysşvillo və M. Deqtyarevin verdiyi tərifi daha münasib hesab edirik: “Məntiq mücərrəd təfəkkür mərhələsində nəzəri idrakın formaları, üsulları, metodları və bu metodların əsasını təşkil edən qanunlar haqqında, həmçinin idrak vasitəsi kimi dil haqqında ümumelmi xarakter daşıyan elmdir”.

Düşünmə, əqli nəticə və ya əqli nəticələr zənciridir. Əqli nəticə isə hökmlər arasında əlaqə yaradaraq, zehnin, bilinənlərdən bilinməyənləri əldə etməsidir. Qədim məntiqçilər məntiqi mövzusuna görə tərif verəndə “bilinəndən bilinməyənin əldə edilməsinə vasitə olan elmdir“, “Məntiq həqiqətə sövq edən təfəkkür əməliyyatlarının elmidir” deyərdilər. Məntiqi bir də məqsədinə görə tərif verərlər. “Məntiq ağlı xətadan qoruyan bir fənn, bir elmdir“.

Bu təriflərdən çıxarılan nəticə budur ki, məntiqin həm nəzəri həm də praktiki yönü vardır.

Məntiq bir elm kimi hansı məntiqi üsullardan və hansı fikir əməliyyatlarından istifadə olunması baxımından mühakimənin təhlili ilə maraqlanır, başqa cür desək, astronom Qaliley kometasının hərəkəti haqqında mühakimə yürüdərkən “necə?”, “nə cür?” suallarından istifadə edir ki, bu suallar “O düzgünmü mühakimə yürüdür?” kimi başlıca məntiqi komponenti özündə birləşdirir. Bu cür suallara məntiq elmi cavab verir.

Bu cəhətdən məntiqin elmlər sistemində tutduğu yeri müəyyənləşdirmək daha vacibdir. “Müasir dövrdə təbiət və cəmiyyəti öyrənən çoxlu elm sahələri vardır. Tədqiqat obyektindən asılı olaraq bütün elmləri təbiətşünaslıq (fizika, kimya, biologiya və s.) və cəmiyyət haqqındakı elmlərə (tarix, sosiologiya, politologiya, hüquqşünaslıq elmləri və s.) ayırmaq olar.

Məntiq elminin spesifikliyi

Göstərilən elmlərlə müqayisədə məntiqin spesifikliyi odur ki, onun tədqiqat obyekti bəşər təfəkkürüdür. Lakin mürəkkəb və çoxcəhətli hadisə olan təfəkkür prosesi bir çox elmlər (fəlsəfə, psixologiya, dilçilik, kibernetika, insanın ali əsəb fəaliyyətinin fiziologiyası və s.) tərəfindən öyrənilir ki, biz də burada təfəkkürü öyrənən digər elmlərdən fərqli olaraq, məntiqin spesifikliyini, onun xüsusi tədqiqat predmeti olması məsələsini yığcam formada nəzərdən keçirəcəyik.

Təfəkkürdən bəhs edən məntiq elminin özünəməxsusluğu, yuxarıda sadaladığımız elmlərdən fərqi ondadır ki, bir çox elmlər üçün ümumi olan təfəkkürün ümumbəşəri strukturunu, onun funksiyalarını nəzərdən keçirir və onların idrak prosesində, insanların əməli fəaliyyətində rolu və əhəmiyyətini, bununla yanaşı, fikrin formalarını təşkil edən elementlərin əlaqə və nisbətini tədqiq edir ki, bu da məntiq elminin xüsusi predmetidir.

 Əvvəla, məntiqdə təfəkkür gerçəkliyi dərk etməyin instrumenti (aləti), həqiqi biliklərə nail olmağın vasitəsi kimi nəzərdən keçirilir. Bu da məlumdur ki, insan gerçəklikdə baş verən hadisə və prosesləri ancaq təfəkkürün vasitəsilə deyil, hiss orqanlarının vasitəsilə əks etdirir. Lakin hissi idrak insanın nail olduğu bütün biliklərin mənbəyi, əsası olsa da, onun imkanları məkan və zamanca məhduddur, çünki hissi idraklar keçmişdə baş verən və gələcəkdəki olacaq hadisələri bilavasitə qavraya bilmir. Hissi idrak cisim və hadisələrdəki mühüm əlamətləri (xassələri) qeyri-mühümdən, ümumini fərdidən, zərurini təsadüfdən ayıra bilmir, hadisələrin daxili mahiyyətini aşkara çıxarmır. Hadisələr arasındakı ümumi, mühüm, zəruri xassə və münasibətlər anlayış, hökm və əqli nəticənin müxtəlif forma və sistemlərində ifadə olunur ki, bunu ancaq təfəkkürün köməkliyi ilə anlamaq mümkündür. Predmetlərin mahiyyətinin aşkar olunmasında, idraki problemlərinin həllində tərif, bölgü, əqli nəticə, sübut və bu kimi intellektual əməliyyatların mühüm rolu vardır və bunların əsasında duran təfəkkür vahidlərini məntiq elmi öyrənir.

İkincisi, məntiqi təfəkkürün köməkliyilə düzgün nəticə çıxartmaq əməliyyatları, yekun biliyi almaq qaydaları maraqlandırır ki, burada da əsas cəhət fikrin düzgünlüyüdür. Məntiqi təfəkkür isə müəyyən prinsiplərə, qayda və qanunlara uyğun gələn təfəkkürdür ki, bunların sistemə salınması və təkmilləşdirilməsi məntiqin əsas problemlərindəndir. Maraq üçün aşağıdakı əqli nəticələri nəzərdən keçirək:

  1.  “Bütün oğrular cinayətkardır”. “Bu şəxs oğrudur”. Deməli, “bu şəxs cinayətkardır”.

  2. “Bütün oğrular cinayətkardır”. “Bu şəxs cinayətkardır”. Deməli, “bu şəxs oğrudur”.

Hər iki əqli nəticə eyni hökmlərdən əmələ gəlsə də, əlaqəsi müxtəlifdir. Birinci əqli nəticə məntiqi cəhətdən düzgündür, ikincisi də alınan yekun biliyi yanlışdır, çünki burada hökmlərin əlaqəsi səhvdir.  Məntiqdə bu cür səhvlər “nəticə çıxmır” adlanır. Bu da həqiqətdir ki, məntiqdə müxtəlif intellektual əməliyyatların tabe olduğu məntiqi prinsiplər çoxdur. Lakin məntiqi əməliyyat və qaydaların pozulması həmişə aşkar verilmir. Bu elm haqqında adi təsəvvürü olmayan adam bu səhvlərin nədən irəli gəldiyini və səbəblərini anlaya bilmir. Bu baxımdan məntiqi çox vaxt normativ elm də adlandırırlar. Bu o deməkdir ki, təfəkkür sadəcə olaraq gerçəkliyin hadisə və proseslərini əks etdirmir, müəyyən prinsip və normaların yaradılması yolu ilə müxtəlif intellektual-nitqi əməliyyatları da qaydaya salır. Digər tərəfdən məntiq başqa elmlər kimi, hadisələri qiymətləndirmək elementini də özündə birləşdirir, təfəkkürün konkret, ardıcıl normalarla hərəkətinə təkan verir, məntiqi qaydaların pozulmasının qarşını alır.

Üçüncüsü, məntiqdə düzgünlük anlayışı təfəkkürün formal (struktur) tərəflərinin gerçək vəhdətini ifadə edir, təfəkkürün tamamlayıcılıq prinsipinə üstünlük verilir, fikrin məzmunundan kənara çıxılır, əsas diqqət məntiqi formalarda təzahür edən müxtəlif intellektual-nitqi əməliyyatlar üzərində cəmləşdirilir.

 

Mənbələr:

1. Necati Öner – Klassik mantık, 1986

  •  PAUL FOULQUI,Dietionnaire de la Langlie Philosophique,

Logique maddesi.

  • MUBAHAT KÜYEL (Türker), Farâbrnin Bazı Mantık Eserleri
  • SÜLEYMAN. SIRRI, Mantık 

2.  Nurettin Topçu – Mantık

3. M.M.İsrafilov-Məntiq kursu (Dərslik)

4http://www.felsefe.gen.tr/mantik/mantiga_giris_mantigin_konusu_nedir.asp

Redaktə etdi: Leyla Əlizadə

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...