“Mexaniki portağal” modern dünyanın əksi

Post date:

Author:

Category:

XX əsr dünya, eləcə də ingilis ədəbiyyatında öz sözünü demiş yazıçı Entoni Börces (Anthony Burgess) çoxsaylı romanlar müəllifidir. Onun qələmə aldığı distopik əsərlərdə bəşəriyyətin gələcəyi, nəsillərarası ziddiyyətlər, sosial-ictimai quruluşun insan psixologiyasına təsiri kimi mövzular öz əksini tapır. Yazıçı insan təbiətindəki vəhşiliyin, onun xislətindəki şərin böyüyərək hansı fəsadlar törədəcəyini göstərməyə çalışmış və bunu özünəməxsus şəkildə, bütün çılpaqlığı ilə nümayiş etdirməkdən çəkinməmişdir.

Müəllif 1962-ci ildə ərsəyə gətirdiyi “Mexaniki portağal” (A clockwork orange) əsəri üçün deyirdi: “Bu lənətə gəlmiş kitab ağrı-acıyla yoğrulmuş əzablı zəhmətin nəticəsidir”. Yazıçıya beyin xərçəngi diaqnozu qoyulanda onun 45 yaşı vardı və yalnız bir il ömrü qaldığını öyrənərək bu müddət ərzində həyat yoldaşının maddi ehtiyaclarını təmin etmək məqsədiylə biri “Mexaniki portağal” olmaqla, beş roman yazmışdı. Xoşbəxtlikdən, daha sonra diaqnozun yanlış olduğu ortaya çıxmışdı.
“Mexaniki portağal” (” A clorkwork orange”) adı da əsərə təsadüfi seçilməyib. Kitabdakı “orange” sözü portağalı deyil, insanı ehtiva edir. “Orange” kəliməsi malay dilindəki “orang” sözündən olub, mənası “insan” deməkdir. Bu isə həm də bir dilçi kimi İngiltərənin o zamanki koloniyası olan Malayziyada müəllimlik etmiş yazıçının yaradıcı gücünü göstərir. “Mexaniki portağal” isə ingilis dilində hər gün məqsədsiz şəkildə işə, məktəbə gedən, sanki qurulan bir yay, zəngli saat kimi yaşayan insanlar üçün işlədilən bir ifadədir.
Əsərdə hadisələr yeniyetmələrin vəhşiləşdiyi, insanların gecələr rahat şəkildə gəzə bilmədiyi, qorxu dolu, insani dəyərlərin yoxa çıxdığı distopik bir dünyada baş verir. Bu dünyanın özünəməxsus qayda-qanunları var. Cəmiyyətin korlanmış təbəqəsi – yeniyetmələr bütün əxlaqi normalardan uzaqlaşaraq ağlagəlməz cinayətlər törədir, qarşılarında dayananları isə rəhmsizcəsinə əzib keçirlər. Romanın süjet xətti İkinci Dünya Müharibəsindən sonra İngiltərədə yazıçı və arvadının birlikdə yaşadığı real hadisələrə əsaslanır. Müəllifin həyat yoldaşı da məhz “həmin gənclər” tərəfindən döyülərək, təcavüz edilmişdi və bu hadisədən sonra bir daha normal həyata qayıda bilməmişdi. E. Börces həyat yoldaşının və özünün bu ağrılı yaşantılarını təsvir edərək, əsərdəki yazıçı obrazında bir növ öz prototipini yaratmışdır.
Roman dörd hissədən ibarətdir. Hadisələr əsərin əsas qəhrəmanı 16 yaşlı yeniyetmə Aleksin dilindən nəql olunur. Əvvəlcə dörd dostdan ən kiçiyi olan Aleks oxucunu öz yoldaşları Pit, Corc və Tem ilə tanış edir. Aydın olur ki, “dostlar” axşamlarını “Korova” barında keçirirlər. Hər gecə narkotik tərkibli süd içəndən sonra küçələri gəzərək oğurluq edir, qızlara təcavüz edir, yaşlıları döyür, həmyaşıdları ilə qanlı mübahisələrə girişirlər. Belə gecələrin birində yeniyetmələr ev sahiblərini aldadaraq içəri girir. Yazıçının əl-qolunu bağlayaraq gözləri qarşısında arvadına təcavüz edirlər. Sonra da evi dağıdaraq şən halda çıxıb gedirlər.

Soyuq müharibənin ən çox hiss edildiyi zamanda, 1962-ci ildə yazılan bu romanda yazıçı anti- qəhrəmanları üçün yeni bir dil, kitabın özünəməxsus dili olan “nadstat” dilini yaradır. Bu jarqon dil Şekspir ingiliscəsi ilə rus dilindəki sözlərin birləşməsindən əmələ gəlmiş, Aleks və bu kimi gənclər arasında istifadə olunur. Nadstat dilindən istifadə edərək yazıçı bu dili cəmiyyətin anlaşılmazlığı, ünsiyyət əlaqələrinin pozulduğu Soyuq Müharibə dönəminin simvoluna çevirmişdir. Hadisələr distopik cəmiyyətdə baş versə də, biz iyirminci, eləcə də yaşadığımız müasir dövrün ən böyük problemlərini, bütün mənəvi-əxlaqi qayda-qanunlarını, ailə dəyərlərinin heçə sayıldığı nihilist dünyamızı da görmüş oluruq. Əsər cəmiyyətdəki zorakılığı araşdırır, totalitar cəmiyyətlərin insanları nəzarətdə saxlamaq üçün onları necə robota çevirdiyini göstərir. Əsas ideyası ilə məşhur “1984”, “Cəsur Yeni dünya”, ” Biz”  kimi distopik romanları xatırladan “Mexaniki portağal” oxucuya göstərir ki, hakimiyyəti əlində saxlamağa çalışan , mütəq hakimiyyətə can atan cəmiyyətlərdə başqaları tərəfindən öz iradəsi olmadan “yaxşı insana” çevrilmək, persona arxetipinə bürünərək cəmiyyətin əxlaq qanunlarına tabe olmaq, özündən aslı olmayaraq həmişə “doğrunu etmək”, insanlığın, hisslərin və düşüncələrin yox edilməsinə, robotlaşmış, manqurtlaşmış fərdlərin çoxalmasına səbəb olacaq.Maraqlıdır ki, Aleks – “A” (inkar hissəciyi) və “leks” (latınca “qanun”) sözlərinin birləşməsi kimi qanunları inkar etmək, qanunları heçə saymaq mənasında işlədilən ad kimi yazıçı tərəfindən əsas obraza düşünülərək verilib. Yoldaşlarına hörmət etməyən, onları saymayan oğlan onlar üzərindəki hakimiyyətinə də qısqanclıqla yanaşır. Onun fikrincə, “bu ikiüzlü” dünyada gözlədiyi baş verir – “dostları” ona xəyanət edir. Belə ki, növbəti oğurluqlarının birində yaşlı qadının evinə daxil olduqda Aleks polisin əlinə düşür, yoldaşları isə onu qoyub qaçır. Həbsxanada onunla bir kamerada olan adamı da döyərək ölümcül hala salan Aleksi “islah” etmək üçün həbsxanadan çıxarırlar. Eksperimental müalicəyə razılıq verəcəyi təqdirdə ona azad olunacağına dair söz verilir.
İslah xəstəxanasında yeniyetmələri pis vərdişlərdən, əsası da zorakılığa qarşı istəkdən çəkindirən, İvan Pavlovun nəzəriyyələrinə əsaslanan “Lüdoviko üsulu” tətbiq olunur. Exsperimentdə əsas məqsəd insanın aqresiyası azaldaraq onu yaxşı birinə çevirməkdən ibarətdir. Müalicə nəticəsində Aleksdə seksə və zorakılığa qarşı şərti nifrət refleksi yaranır, ona verilən xüsusi dərmanlar sayəsində şiddət və qanlı səhnələrdən ürəyi bulanır, kəskin ağrıları başlayır. Xüsusilə islah olunmazdan əvvəl Bethoven musiqisinə aşiq olan oğlanda indi o musiqi və onunla assosiasiya olunan hər şey ikrah doğurur. Düşünmək olar ki, artıq bu yeniyetmə cəmiyyətə yararlı hala gəlib, o, indi tamamilə “yaxşı insana” çevrilib…
Əsərin sonrakı hissəsində yazıçı “yeni” Aleksin cəmiyyətə adaptasiyasını təsvir edir. Ancaq atdığı hər addımda keçmiş həyatının qurbanları ilə qarşlaşan yeniyetmə kütlə tərəfindən əməllərinin cəzasını almağa başlayır. Valideynləri belə oğullarından üz döndərir. İndi o, qorumasız və zəifdir. “Mən artıq düzəlmişəm, inanın, etdiklərimin cəsasını lazımınca veriblər” – desə də, ətraf onu qəbul etmir və beləliklə, o, intihar həddinə çatır. Xəstəxanaya düşəndən sonra isə hökümət və ona qarşı olan qüvvələrin savaşı başlayır. Belə ki, Aleksi hökümətin bədbəxt qurbanı adlandırıb, onun bu vəziyyətə düşməsində hakim qüvvələri günahlandırırlar.
Xəstəxanada olarkən Aleks özündə dəyişiklik hiss edir. O, artıq Bethoveni rahat dinləyə bilir. Çoxlu qan itirməsi nəticəsində, bədəninə yeridilən dərmanların təsiri itməkdədir. İndi o, tədricən vəhşiləşir, yenidən oğurluqlara və insan öldüməyə qadirdir… Şiddət insan təbiətinin ayrılmaz hissəsidir. İnsan heyvandan da aşağı varlığa çevrilə bilər və bu vəhşət hər insanın qanında dolaşmaqdadır. Aleksin bu hekayəsi də məşhur psixoanalitik Z. Freydin “cinsi istək və vəhşilik” motivinə əsaslanır. İnsanın əlində güc, cəsarət, dağıtmaq qabiliyyəti olmasa, o, aciz, zavallı vəziyyətə düşəcəkdir.
Oxucunu bir sual maraqlandırır. Bəs Aleks nəyə görə belədir? Onu bu hala salan, dünyaya nifrət etdirən nədir? Axı o yoxsulluqda yaşamır, yetim deyil, əksinə çox sakit və onu sıxmayan valideynlərə sahibdir. Ancaq dünyanı “zibil” adlandırır, onun fikirincə, dünyada ədalətə, sevgiyə, yaxşılığa, mərhəmətə yer yoxdur. Bu amillərə elə onun qəlbində də yer yoxdur.
Börcesin distopiyasında müəyyən məqamlar Uilyam Qoldinqin “Milçəklər kralı” (William Golding – “Lord of the flies)  kitabının hissələrini xatırladır. Qoldinq oxucusuna bu sualı verir: ” İnsan doğulandan xeyirxahdırmı, yoxsa körpə və uşaqların pislik etmə gücü olmadığı üçün biz onları günahsız zənn edirik?”. “Mexaniki portağal”da isə sual dəyişərək bu halda səslənir: “Uşaqlıqdan etibarən toplumun basqısıyla yaxşı insan olmaq, yoxsa azad iradə ilə pis olmağı seçmək?”. Bu baxımdan, əsərdəki keşiş obrazı sanki müəllifin dilindən danışır. O deyir: “Xeyirxahlıq, yaxşılıq etmək içdən gələn bir məfhumdur. O seçilir”. Bəs Tanrı bizdən nə istəyir? Yaxşı insan olmağımızımı, yoxsa onu seçməyimizimi? Bəs əgər Tanrı dünyadakı bütün zülmü, pisliyi dəf edərək onları əbədiyyən yox etsəydi…? Bu dəfə də seçim haqqı verilmədiyi üçün etiraz etməzdikmi? Fikrimcə, edərdik. Çünki bizi biz edən və dünyadakı digər canlılardan, varlıqlardan fərqləndirən ən böyük özəlliklərimizdən biri bizə seçim, iradə azadlığının verilməsidir. Ekzistensilistlərin deyimi ilə desək “Insan azadlığa məhkumdur”. Əsərin əsas problematikasını seçim azadlığı, ədalət və ədalətsizlik, müharibə, mənəvi-əxlaqi normaların pozulması, qanunsuzluq və özbaşınalıq kimi amillər təşkil edir.
Entoni Börces təəssüflə yazırdı: “Romanda oxucunu cəlb edən mənim çatdırmaq istədiklərim olmadı. Onlar məzmuna aludə olub formanı unutdular. İnsanlar, təəssüflər olsun ki, zorakılığı sevir. “Times” jurnalı məni pankın xaç atası adlandırdı. Mən etriaz etmirəm, ancaq əslində, məni tamam başqa şey narahat edirdi”.

Əsərin dünyaca məşhurlaşmasında dahi rejissor Stenli Kubrikin rolu danılmazdır. Kubrikin romana əslanaraq ərsəyə gətirdiyi filmi o qədər təsirli olmuşdu ki, premyerasından qısa müddət sonra İngiltərədə cinayət, oğurluq kimi faktlar görülməmiş dərəcədə artmışdı. Ağır təzyiqlərə, ölüm həddinə çatan təhdidlərə məruz qalan rejissor bu gedişatı dayandırmalı olduğunu anlayaraq öz istəyi ilə İngiltərədə filmin ekranlardan uzaqlaşdırılmasına göz yummalı olmuşdur. Lakin qadağa 1999-cu ildə götürülmüşdür. Bütün bunlara baxmayaraq film kinematoqrafiya dünyasında bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

“Mexaniki portağal”da qəddarlıq və 60-cı illərin Qərb dünyasına qarşı kəskin tənqid var. E.Börces müharibəninasist rejimi dəhşətlərini Bethoven musiqiləri fonunda əks etdirir, hakimiyyətin təkcə insanların həyatına deyil, onların bədənlərinə, şüurlarına, psixikalarına nüfuz edərək onları “kiçicik, ağıllı, azadlıqdan məhrum” varlıqlara çevirəcəyindən bəhs edərək öz qorxularını dilə gətirir. Bu səbəbdən distopik roman və ya film olan “Mexaniki portağal” insanları daxili nəfslərinə qul olmamağı, qəddarlıq və pislikdən uzaq durmağı tapşıraraq, əks təqdirdə gələcəkdə yarana biləcək təhlükələrdən xəbərdar edən ən böyük vasitələrdən biridir.

 

Redaktor: Xavər Zahir

Mənbə:

1.https://www.britannica.com/topic/A-Clockwork-Orange-novel

2.https://www.anthonyburgess.org/a-clockwork-orange/

3.https://amp.theguardian.com/books/booksblog/2015/feb/03/baddies-in-books-alex-a-clockwork-orange-anthony-burgess

4.http://a-clockwork-orange.wikia.com/wiki/Ludovico_Technique

5.https://freebooksummary.com/comparison-of-a-clockwork-orange-and-lord-of-the-flies-50808

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...