Mikroiqtisadiyyat / İqtisadiyyata giriş

Post date:

Author:

Category:

Biz məhdud ehtiyatlar şəraitində yaşayırıq. Bəllidir ki, insanların istəyi və bu istəkləri təmin etmək üçün resurslar bərabər deyil. İstək qeyri-məhduda olsa belə, resursların sayı və həcmi isə məhduddur. İqtisadi nəzəriyyə cəmiyyət üzvlərinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud onların idarə edilməsi problemlərini öyrənir. Bu məsələlərin həlli isə üç əsas suala cavab verməklə mümkündür:

Nə? – bu sualı dəqiqləşdirmək üçün daha iki sual verə bilərik: hansı əmtəə və xidmətlər istehsal edilməlidir və nə qədər?

Necə? – onları necə istehsal etmək lazımdır?

Kimin üçün – hansı istehlakçı qrupu üçün istehsal olunan əmtəə və xidmət lazımdır?

Bu üç sualı həmçinin “nə, necə və kimin üçün” prinsipi adlandırmaq olar. Eyni zamanda,, nəzərə almalıyıq ki, müxtəlif səviyyələrdə istəklər tamamilə fərqlənir. Buna görə, iqtisadçılar müxtəlif səviyyə münasibətlərini müxtəlif elmlər daxilində tədqiq edirlər. “Ekonomiks”, əsasən, iki səviyyədə öyrənilir:

1. Mikroiqtisadiyyat – iqtisadiyyatı ev təsərrüfatı, şirkət və bazar səviyyəsində öyrənir.

2. Makroiqtisadiyyat – bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini öyrənir.

Mikroiqtisadiyyat iki sözdən ibarətdir, “mikro” və “iqtisadiyyat”. Söz birləşməsindən başa düşdüyümüz kimi, bu istiqamət iqtisadiyyatı daha detallı səviyyədə öyrənir. Başqa sözlə, mikroiqtisadiyyat – istehsalın və xidmətin müəssisə, şirkət və ev təsərrüfatı səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisə, şirkət, təsərrüfat və digərlərində istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul buraxılmasına səy göstərilir. Bu səviyyədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb, təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur. Onların istifadəsi ilə idarəetmədə daha çevik formalar seçilir. Beləliklə, mikroiqtisadiyyat iqtisadiyyatın fərdi iqtisadi obyektlər, ev təsərrüfatları və şirkətlər tərəfindən məhdud resurslar çərçivəsində qərarları araşdıran bölməsidir. Mikroiqtisadiyyat bu qərar və davranışların mallar və xidmətlərin qiymətlərini təyin edən tələb və təklifə necə təsir göstərdiyni araşdırır. Bu təsir isə öz əksini cəmiyyətdəki sosial-iqtisadi quruluşundan asılı olaraq tapır. Hər bir cəmiyyətdə iqtisadi və sosial münasibətlər müxtəlif cür qurulub. Müvafiq olaraq, insanlar ətrafda baş verən iqtisadi prosesləri onların quruluşundan asılı olaraq başa düşməyə çalışırlar. Bütövlükdə, mikroiqtisadi təhlilin əsas məqsədi cəmiyyəti və bununla da iqtisadiyyatın əsası olan ev təsərrüfatlarını tədqiq etməkdir. Belə ki, cəmiyyətdəki sosial-ictimai problemləri məhz ev təsərrüfatlarının davranışının tədqiqi həll etməyə kömək edir. Digər tərəfdən, istehsal edilən bütün əmtəələr və xidmətlər ev təsərrüfatları tərəfindən istehlak olunur.

Yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, mikroiqtisadiyyat cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. Ümumən belə nəticəyə gələ bilərik ki, XXI əsrdə iqtisadiyyatın əsasını bazar münasibətləri təşkil edir. Bazar – ictimai əmək bölgüsünə və mülkiyyətin müxtəlif formalarına əsaslanan spesifik fəaliyyət sahəsi olub, əmtəə-pul vasitəsilə münasibətdə olan alıcı və satıcıların iqtisadi maraqlarının reallaşdırmasına xidmət edən mürəkkəb iqtisadi mexanizmdir.

Müasir dünyada müxtəlif sahələrdə bazarların rolu getdikcə genişlənir. Bununla da, bazarların funksiyaları artır: əks iqtisadi əlaqə yaratmaq; istehsal və istehlak sahələrini birləşdirmək; istehsal sahəsinin son nəticələri üzərində nəzarət; iqtisadi mənafeələrin reallaşdırmasına xidmət; tənzimləyici; bölüşdürücü; qiymət formalaşdırıcı və s.

Göründüyü kimi, bazar idarəedici sistemə malik olmasa da, bir çox funksiyala malikdir və onların vasitəsilə alqı-satqı, istehsalçı-istehlakçı arasında münasibətlər tənzimlənir. Bazar istehsalçının və istehlakçının öz mənafeələrinin həyata keçirilməsi üsullarından biridir və bunu təmin etmək üçün həm kəmiyyət, həm keyfiyyət nəzarəti həyata keçiri.

Eyni zamanda hər bir bazarı şərtləndirən amillər mövcuddur. Bu amillər sırasında ən vacib yeri rəqabət tutur. Rəqabət – bazar mexanizmində müəyyən mənada “mühərrik” rolunu oynayır. Belə ki, rəqabət sahibkarlar arasında daha əlverişli istehsal şəraitinə malik olmağı, əmtəələri satmağa, istehsalı genişləndirməyə görə mübarizədir. Amma bazarda mövcud olan əlaqələrin müxtəlifliyi, rəqabəti də müəyyən şərtləri ödəməyə məcbur edir. Bu şərtlər arasında xüsusi yeri alıcının və satıcının azadlığı tutur. Alıcının azadlığı – əvəzedici və sərbəst nemətlərdən istədiyini seçmək azadlığı, ən yaxşı xidmət göstərən və əmtəəsini əlverişli şərtlərlə satanı tapmaq azadlığıdır. Satıcının azadlığı isə qiyməti sərbəst olaraq təyin edib, daha münasib alıcı tapmaq və satışdan əldə etdiyi vəsaitlə öz arzusuna uyğun sərəncam vermək azadlığıdır. Ümumi olaraq, alıcı və satıcı üçün azadlıq ticarət sövdələşmələrində istədiyi qədər seçim etmək imkanında olmasıdır. Eyni zamanda mülkiyyət formaların müxtəlifliyi bazarda fəaliyyəti aktivləşdirir və müxtəlif sahələr üzrə iqtisadi fəaliyyət göstərməyə imkan verir.

Yuxarıda deyilənlərə əsaslanıb deyə bilərik ki, bazar mürəkkəb münasibətlər sistemidir və bu münasibətlər bazara xas olan qanunlara və onların fəaliyyət mexanizmləri ilə tənzimlənir. Belə qanunlar sırasında tələb, təklif, rəqabət, dəyər, mənfəət və bir sıra digər qanunları qeyd edə bilərik. Hər bir qanuna xas olan fəaliyyət mexanizmi mövcuddur və onlar məcmu halda bazarın fəaliyyət mexanizmini təşkil edir.

Mikroiqtisadiyyat iki iqtisadi subyektin münasibətlərini təhlil edir. Bir tərəfdən ev təsərrüfatı, başqa tərəfdən isə şirkət və ya müəssisə çıxış edir. Ev təsərrüfatının bazarda davranışını təsvir edən kateqoriya tələb adlandırılır. Tələb – bazarda təklif olunan əmtəə və ya xidmətlərə tədiyyə qabiliyyətli istəkdir. Başqa sözlə istehlakçı tərəfindən müvafiq qiymətə ala biləcəyi əmtəənin miqdarıdır. İqtisadiyyata iki anlayışı tələb və istəyi ayırmaq lazımdır. Belə ki, istək sərhədsiz ola bilər, amma tələb yalnız alıcının imkanları ilə məhdudlaşan bir həcmdir. Sahibkarla nəyinsə istehsalına başladıqda məhz insanların tələbi ilə hesablanmalıdırlar.

Tələb faktiki olaraq insanda olan vəsaitlər ilə məhdudlaşır. Eyni zamanda onun formalaşmasına gəlirdən əlavə digər amillər də təsir edir: qiymət; gəlir; əvəzetmə və tamanlanma effekti; zövq; dəb.

Qeyd olunan amilləri şərti olaraq iki bölməyə ayıra bilərik: iqtisadi və psixoloji. İqtisadi amillər arasında ən başlıcası və ən əsası qiymətdir. Aşağıdaki qrafikdə tələbin kəmiyyəti və qiymət arasında münasibət göstərilib. Tələb qanununa görə, bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin kəmiyyətinin düşməsinə səbəb olur. Bununla da bizdə tələb əyrisi formalaşır. Tələb əyrisi isə qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq isə tələbin qanununa müvafiqdir. Beləliklə, tələb qanunun qrafik çəkilişi tələb əyrisi vasitəsilə göstərilə bilər. 

İqtisadi amillər arasında ikinci amil kimi gəlirlərin səviyyəsini göstərmək olar. Məhz gəlirlərin səviyyəsi hər bir istehlakçının alıcılıq qabiliyyətini müəyyən edir. İqtisadi amillər arasında həmçinin başqa əmtəələrin qiymətləri, xüsusən də əvəzedici və ya bir-birini tamamlayan əmtəələrin mövcudluğu və qiymətləri də aiddir. Ümumiyyətlə, qiymətdə baş verən dəyişikliklər əvəzetmə effektinə yol aça bilər. Bu effektin məğzi ondadır ki, hər bir istehlakçı alternativlərdən daha ucuz məhsulu seçə biləcək. Misal üçün, bir birini əvəz edə bilən alma və portağal şirələri arasında seçim edə bilər. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Əvəzləmə effekti nəticəsində eyni tələbatı ödəyən iki əmtəədən ən ucuzunu aldıqda daha çox əmtəə almaq mümkün olur və alıcının tələbi daha dolğun ödənilir. Deməli tələbə təsir edən amillərdən biri də qarşılıqlı əvəzlənən əmtəələrin olmasıdır. Həmçinin tələbə təsir edən iqtisadi amillər arasında reklam, ölkədə mövcud olan kredit sistemi, müəyyən infrastrukturun mövcudluğu, alıcıların sayı və digərlərini göstərmək olar. Psixoloji amillər sırasında əsas yeri alıcıların zövqü, alınmış məhsuldan mənəvi məmnuniyyəti və dəb amilini göstərə bilərik. Bunlar psixoloji amillər olduğuna görə, onları müəyyən hesablamadan keçirmək çətindir.

Təklif anlayışı bazarda ikinci tərəf olan – satıcını təmsil edir və müvafiq olaraq tələbin əksini təsvir edir. Eyni zamanda mövcud bazarda qiymətə ciddi təsir göstərir. Əvvəl də qeyd etdiyimiz kimi, təklif satıcıların satmaq üçün bazara çıxardıqları əmtəələrin miqdarıdır. Təklifi həmçinin belə də izah etmək olar: satıcıların bazara müəyyən müddətdə və hər bir qiyməyə satmağa hazır olduğu məhsu həcmidir. Təklif qiymət ilə düz mütənasibdir. Təklif qanununa görə: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymətin artımı satıcı gəlirinin artması deməkdir və buna görə də yüksək qiymət satıcını (və ya istehsalçını) bazara daha çox mal təklif etməyə vadar edir.

Təklifin artımına və ya azalmasına səbəb ola bilən bir neçə amillər mövcüddur. Xüsusi yeri resursların və ya istehsal vasitələrin qiyməti tutur. Belə ki, istehsala yönəldilən xərclər və bazarda təklif edilən əmtəə arasında sıx əlaqə mövcuddur. Təklif artdıqca, istehsal da artmalıdır, deməli hər əlavə istehsal vasitələrindən istifadə etməliyik. Xərclər isə əlavə resurslar deməkdir.

Tələbdə olduğu kimi, təklifə də bir neçə amil təsir edir. Ümumi şəkildə onları üç amil kimi göstərə bilərik: istehsal vasitələri, dövlət tənzinlənməsi, texnologiyalar, əvəzedici amillər, bazarda gözləntilər və satıcıların sayı. İstehsal vasitələrin təsiri ilk əvvəl istehsal prosesinsən başlayır. Hər hansı məhsulun qiyməti ilk əvvəl, onun istehsalında istifadə olunan xammal və materialdan asılır.

Amma yuxarıda göstərilən üç amilin təsiri inkişaf getdikcə dəyişir. Belə ki, əgər XIX və XX əsrlərdə, xammal və material böyük rol oynayırdısa, indi artıq texnologiyalar və hətta dövlət tənzilənməsi daha böyük rol oynamağa başlayır. Yuxarıda qeyd olunan dövlət tənzinlənməsi müxtəlif formalarda çıxış edə bilər. Buraya həm vergi və rüsumlar, dövlət tərəfindən verilən dotasiya və subsidiyalar və həmçinin müxtəlif qurumlar tərəfindən verilən icazələr, keyfiyyət sertifikatları və digərlərini aid etmək olar. Əlbəttə ki, əsas yeri vergilər və dotasiyalar tutur. Çoxlu şirkətlər vergilərə istehsalın xərcinə kimi yanaşırlar. Eyni zamanda bəzi məhsullara görə, dövlət də sahibkarlara ödənişlər edir və ya dəstək tədbirləri həyata keçirir. Misal üçün, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan şəxslər vergilərdən azaddılar. Hətta bəzi məhsulların satışına görə isə fermerlər dövlət subsidiya da ala bilərlər. Bu isə xərcləri azaldıb, qiymətə də təsir edə bilər.

Yuxarıda göstərilən daha bir amil əvəzedici məhsulların olmasıdır. Əvəzedici əmtəələrin mövcudluğu həm tələbə, həm də təklifə təsir göstərir. Xüsusən bir-birini tam əvəz etmə qabiliyyəti olan əmtəələr təklifin miqdarına və qiymətinə təsir edir. Misal üçün, buğda qiymətinin artımı, istehsalçıları qarğıdalıdan buğdaya keçməyə şərait yaradır. Nəticədə buğdanın təklifi artır, qarğıdalının azalır.

Təklifə təsir edən xüsusi amil qismində biz həmçinin gözləntiləri də göstərə bilərik. Məsələn, bir sıra neft satıcıların, neft qiymətinin artımını gözləsələr, o zaman öz məhsulunu satışdan saxlaya bilərlər və nəticədə bazarda mövcud olan təklif azalacaq. O biri tərəfdən isə, emaledici sənayedə əgər xammalın qiymətlərinin artımı gözlənilirsə, o zaman cari alışlar arta bilər. Hər halda bu həm qiymətə, həm də bazardaki təklifə təsir edəcək. Təklifin təsir edən vacib amili kimi satıcıların sayını da qeyd etmək lazımdır. Bazara daxil olan yeni istehsalçılar təklifin və rəqabətin artmasına səbəb olurlar. Daha çox satıcı hər halda daha aşağı qiymət deməkdir.

Yuxarıda qeyd olunan amillərin təsiri altında təklif qiyməti formalaşır. Təklif qiyməti – əmtəələrin istehsalına çəkilən xərclər və mənfəətlə bağlıdır. Təklif qiymətinin ən aşağı həddi istehsala çəkilən xərclərdir. İstehsalçı əmtəəsini elə bir qiymətə satmalıdır ki, qoyduğu xərcləri ödəsin və mənfəət əldə etsin. Ən pis halda qiymət istehsal xərclərini ödəməlidir.

Tələb və təklif hər hansı müxtəlif müstəvilərdə mövcud deyillər. Hər ikisi eyni məkanda və eyni müstəvidə fəaliyyət göstərirlər. Bu kateqoriyaların bir biri ilə necə təmasa daxil olduqları barəsində isə bazar tarazlığı anlayışının təhlilində görə bilərik. Məhz tələb və təklifin nisbətindən asılı olaraq qiymət qalxıb-enir. Nəticədə qiymət elə bir səviyyədə dayanır ki, o nöqtədə tələb və təklifin tarazlığı yaranır. İki əyrinin kəsişdiyi nöqtədəki qiymət tarazlıq qiyməti, tələb olunan əmtəənin miqdarı isə tarazlıq həcmi adlanır.

“Tarazlıq” sözünün lüğəti mənası «müxtəlif istiqamətli qüvvələrin bəra­bərləşdiyi vəziyyət» kimi başa düşülür. Bu tərif tamamilə bazar tarazlığını əks etdirir. Tarazlıq qiymətdə alıcıların istədikləri və əldə etmək imkanına malik olduqları əmtəələrin miqdarı satıcıların istədikləri və satmaq imkanına malik olduqları əmtəələrin miqdarına uyğun gəlir. Bəzən tarazlıq qiymətini xalis bazar qiyməti adlandırırlar, ona görə ki, o, bazarda bütün iştirak­çıların tələbatını ödəyir; alıcı almaq istədiklərinin hamısını alır, satıcılar isə satmaq istədikləri bütün əmtəələri reallaşdırır. Alıcıların və satıcıların hərəkəti təbii olaraq bazarda tələb və təklifin tarazlığı­na doğru aparır.

Bu nəzəriyyə nəticəsində qrafik olaraq biz məşhur “Marşall xaçı”-nı əldə edirik. Bu faktiki olaraq tələb və təklif əyrilərin qrafik olaraq bir-birinə münasibətidir. Onların kəsişmə nöqtəsində formalaşan qiymətə tarazlıq qiyməti deyilir. İndiki bazarlarda baş verən prosesləri faktiki olaraq bu qrafik vasitəsilə izah edə bilərik. Belə ki, daha aşağı qiymət olsa, o zaman alıcılar daha çox məhsul almağa çalışacaqlar. Amma istehsal olunan əmtəələrin həcminin məhdud olmasını nəzərə alsaq, o zaman bazarda məhsul qıtlığı yaranacaq. Qıtlığ yaranmasın deyə və eyni zamansa istehsalçılara satış daha sərfəli olsun, onlar qiyməti artıracaqlar.

Eyni zamanda daha yüksək qiymət olsa, istehsalçılar bazara daha çox məhsul təqdim etməyə hazırdılar. Amma alıcılar isə bu qiymətə bu həcmdə məhsulu əldə edə bilməyəcəklər. Nəticədə bazarda məhsul artıqlığı yaranacaq. Ona görə, qiymət də azalacaq. Nəticə etibarilə bizdə müəyyən bir tarazlıq qiyməti formalaşacaq. Bu qiymət çərçivəsində tələb təklifə bərabər olacaq.

Qiymət dəyişkən komponentdir. Amma fəaliyyət göstərmək bu dəyişikliyin hansı səviyyədə və nədən asılı olmasını bilmək lazımdır. Çünki bazarın formalaşmasında iştirak edən amillər müəyyən göstəricilərdən ibarətdir və hər bir göstəricidə baş verən dəyişiklik digər göstəriciyə və ya digər amilə təsir edə bilər. Məsələn, mobil şəbəkə şirkətləri tarifləri qaldırarkən, istehlakçılar ya telefon danişiqlarının sayını azaldırlar, ya da digər şəbəkəni seçməyə üstünlük verirlər. Amma əgər şəbəkə tarifləri yenə də keçmiş səviyyəyə qaytarsa, o zaman həm telefon danışıqların sayı artacaq, həm də başqa şəbəkələrdən istifadəçilər keçməyə başlayacaq. Eyni vəziyyətdə başqa vəziyyətə keçmək və sonradan ilkin vəziyyətə qayıtmağa isə elastiklik deyilir. Ümumən yuxarıda təsvir olunan proses tələb qanununa uyğundur, amma elastiklik kateoqriyası bizə bu prosesin hansı çərçivədə və necə keçdiyini göstərir. Göstərilən misala dair isə adətən tələbin qiymət elastikliyi deyilir. Eyni vəziyyət təklif ilə də təkrarlanır. Təklif də elastik və qeyri-elastik olur. Beləliklə, deyə bilərik ki, elastiklik bir göstəricinin digər göstəricinin dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu göstərici yalnız bir-birinə təsir edə bilən amillər üçün hesablanır. Adətən elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Başqa sözlə əgər bir göstərici 1% dəyişdisə, başqa göstəriciyə neçə faiz təsir edəcək.

Əslində elastikliyi bir çox göstəricilər arasında hesablamaq olar. Amma keçəcəyimiz iqtisadi nəzəriyyədə əsasən iki əsas elastiklik seçilir: tələb və təklif elastikliyi. Tələb elastikliyin 3 əsas növü seçilir: qiymət, gəlir və çarpaz-qiymət elastikliyi. Eyni zamanda təklif elastikliyin iki növü seçilir: qiymət və miqyas elastikliyi. Hər iki halda, elastiklik tələb və təklif qanunlarından irəli gəlir. Başqa sözlə tələb ən azı uç ümildən asılıdır: qiymət, gəlir və əvəzedici olmasından. Müvafiq olaraq elastiklik də müvafiq amillərə əsasən hesablanır. Tələbin gəlir üzrə elastikliyi insanların gəliri dəyişdikdə müvafiq məhsula tələbatın dəyişməsini, qiymət isə qiymətdə olan dəyişikliyin təsirini araşdırır.

Elastiklik barədə danışarkən, həmçinin müddət anlayışı da istifadə etmək lazımdır. Çünki bəzi əmtəələrdə, qısamüddətli olaraq qeyri-elastik olsalarda, bir müddətdən sonra onlar da elastik hesab olunur. Bu adətən uzunmüddətli əmtəə növlərinə aiddir, misal üçün, avtomobil və təyyarələr. Çünki bu tipli əmtəələrə uzun müddət ərzində fəaliyyət göstərə bilər.

Daha geniş məlumat almaq üçün Toğrul Vəliyevin “Baku Research Institute” üçün dediyi “Mikroiqtisadiyyat” mühazirəsini dinləməkdə fayda var.

STAY CONNECTED

20,764FansLike
2,452FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.