Milet məktəbi haqqında

Post date:

Author:

Category:

Milet fəlsəfi məktəbi qədim yunan fəlsəfi məktəblərinin ilki olmuşdur.

Milet şəhəri müasir Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi. Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və əsatirlərdə olan kosmoqonik (Kosmoqoniya-dünyanın yaranması haqqında nəzəriyyələrdir) və kosmoloji baxışlara elmi praktiki yöndən baxmağa başlamışdılar. Onlar üçün bütün bunlar artıq inanc və adətlər deyil, araşdırma obyekti olmuşdur. Məhz ona görə də, miletlilər müasir fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və başqa elmlərin təməllərini qoymuşdular.Milet filosoflarının irəli sürdüyü ilk problem ontologiya (Ontologiya–varlıq haqqında təlimdir) olmuşdur. Bu da təbiidir, çünki düşüncə fəaliyyəti birinci növbədə varlıq probleminə yönəlir. Ondan isə müxtəlif məsələlər ortaya çıxır.

Məhz bu baxımdan, ilk filosoflar dünyanın yaranması probleminə önəm vermiş, bununla bağlı anlayışların tərifini və anlamını izah etməyə çalışmışdırlar. Beləliklə, bu filosofların fəaliyyətləri nəticəsində mif və onun əsasında formalaşan dinə baxış bucağı dəyişmişdir (həmçinin bax: Fəlsəfə Tarixi #5 – Qədim Yunan filosofları)

Milet filosofları hesab edirdilər ki, dünyanın və varlığın başlanğıcında müəyyən bir ilk maddə durur.

Onlar bu ilk maddənin nə olduğu haqqında düşüncələrini də irəli sürmüşdülər. Çünki, ətrafda olan müxtəlifliyə baxmayaraq, dünya bir tamlıq və vahidlik durumundadır. Ona görə də,dünyanın bir başlanğıcı olmalıdır. Ancaq bu filosoflar dünyanın yaradılışı məsələsində yaradıcı Tanrı haqqında heç nə demirdilər. Çünki onlar hesab edirdilər ki, dünyanın əsasında yaradıcı qüvvə deyil, maddi ünsürlər durur. Tanrılar və insanlar isə artıq var olan materiyadan hər şeyi yaradırlar.

Məhz bu baxımdan da Milet filosofları ilk maddə haqqında fərqli fikirlər irəli sürmüşdülər. Onu da qeyd etmək lazımdır ki, dünyanın əsasında hansısa maddənin durması haqqında rəvayətlərə Misir və Babil mifologiyasında da rast gəlmək mümkündür. Ancaq, miletlilər bu kimi mifoloji təsəvvürlərə fəlsəfi baxımdan yanaşmağa başlamışdılar. Eyni zamanda qeyd olunmalıdır ki, miletlilər dünyanın yermərkəzçi (geosentrik) quruluşu haqqında qədim təsəvvürlərə fəlsəfi baxımdan yanaşırdılar. Bu baxımdan onlar hesab edirdilər ki, yer kainatın mərkəzində durur. Yerin kainatın mərkəzində durması inancı dünya elmində orta əsrlərin sonlarına qədər hakim olmuşdur.

Yalnız Renessans dövründə ((fransızca renaissance – dirçəlmə) Avropanın inkişafında müstəsna rol oynayan, antik zamanların nailiyyətlərinin dirçəlməsi ilə müşayiət edilən və orta əsrləri əvəz edən bir tarixi dövrdür.) bu inanc şübhə altına alınmış, daha sonra isə iflasa uğramışdır.

Bundan başqa miletlilər canlı aləmin yaradılışı haqqında ilk elmi nəzəriyyələr irəli sürmüşdülər. Bu nəzəriyyələrdə canlıların təkamül nəticəsində formalaşması ehtimallarına da rast gəlinir. Milet fəlsəfi məktəbinin fəaliyyətinə miladdan öncə V yüzillikdə son qoyulmuşdur. O zaman Milet şəhəri Əhəmənilər tərəfindən ələ keçirilmişdir. Buna baxmayaraq onların təlimi başqa yunan şəhərlərinə yayılmış və inkişaf etmişdir.


Milet məktəbinin birinci filosofu Fales (yun. təxminən m. ö. 640 – 548) olmuşdur.

O öz dövrünün ən bilikli adamlarından biri hesab edilirdi. Fales bir çox ölkələrə səfərlər etmiş, öz dünyagörüşünü genişləndirmişdir. Buna görə də o, öz biliklərinin əsasında dünyanın yaranması və quruluşu haqqında düşüncələrini irəli sürə bilmişdir. Falesin fikrincə, varlıq sudan yaranmışdır. Bu iddiaya qədim Misir miflərində də rast gəlinir. Ona görə də tədqiqatçılar hesab edirlər ki, Fales qədim Mesopotamiya və Misir dünyagörüşü və elmindən geniş istifadə etmişdir.

Falesin fikrincə yer yastıdır və suyun üzərində durur, o hər tərəfdən su ilə əhatələnmişdir. Kainatda hər şey suyun buxarlanmasından yaranır. Suyun və ondan yaranan şeylərin həyatverici ruhu vardır, onlar ölü deyildirlər. Bunu əsaslandırmaq üçün Fales maqnitin dəmiri özünə doğru çəkməsini örnək kimi göstərirdi. Bu fikir sonralar hilozoizm (maddi aləmin canlı olması) adlandırılmışdır. Fales ilk dəfə olaraq ay işığının əslində günəş şüalarının yansıması (əks olunması) olduğunu iddia etmişdir. O həm də, günəşin tutulmasının səbəbi kimi ayın onun qabağına keçməsini göstərmişdir.

Fales teoremi.

O, həndəsə elmində “Fales teoremi” adlanan qanunauyğunluğu kəşf etmişdir.

Milet məktəbinin ikinci tanınmış filosofu Anaksimander (yun.təxminən m. ö. 610-547) olmuşdur.

O, dünyanın yaranması və quruluşu haqqında fikirlərini “Təbiət haqqında” adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.

Anaksimander (yun.təxminən m. ö. 610-547)


Anaksimander də öz dönəminin ən bilikli adamlarımdan biri olmuşdur. O ilk dəfə “qanun” anlayışını cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmişdir. O, Yunanıstanda ilk dəfə olaraq günəş saatını kəşf etmiş, həm də günümüzə çatmayan dünya xəritəsini çəkmişdir.

Anaksimanderə görə yer kainatın mərkəzində yerləşir, silindr formasındadır və bir sütuna bənzəyir.Onu hər tərəfdən od bürüyür. Hər şey “apeiron” adlanan ilk maddədən yaranmışdır. O da özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan,kainat canlıya bənzər varlıqdır. O yaranır, yaşayır, sonra yenidən yaranmaq üçün məhv olur. Sonda isə hər şey yenidən “apeirona” qayıdır.Onun fikrincə həyat dənizdən başlamışdır. Sonra təkamül nəticəsində bütün canlılar yaranmışdır. İlk olaraq sudan iynə dərili heyvanlar əmələ gəlmiş, sonra onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif
olduğundan başqa cür yaranmışdır. O, öncə balıqların içində olmuş, sonra oradan çıxaraq müstəqil həyat sürməyə başlamışdır.

Milet məktəbinin daha bir filosofu Anaksimenes (yun.təxminən m. ö. 528-524) idi.
Anaksimen (e.ə. 585/560 — 525/502)

O, ”havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını iddia etmişdir. Başqa şeylər isə havanın qatlaşması və seyrəkləşməsindən əmələ gəlmişdir. Onun iddiasına görə, hava seyrəkləşdikcə oda, qatılaşdıqca bərk maddə və mayelərə çevrilir. O həmçinin qeyd etmişdir ki, bunun nəticəsində hər şey müxtəlif formalar alır. Fales kimi Anaksimenes də yeri yastı şəkildə təsəvvür edirdi. O qeyd edirdi ki, yer havada üzür, həm də o həyatverici rol oynayır. Ruhlar havanın nəfəsi və onun əsməsidir. Həm də hava ruhları səmada planetləri saxladığı kimi saxlayır. Anaksimenes planetlərin yerə yaxınlıq məsafəsini də düzgün təyin etmişdir. O deyirdi ki, yerə ən yaxın olan planet aydır, ondan sonra isə günəş gəlir. Ən uzaqda olanlar isə ulduzlardır.

Mənbə: Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

Müəllif: Nisə Quluzadə

Redaktor: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...