Miqren nədir?

Post date:

Author:

Category:

Miqren və ya hemikraniya – irsi nevroloji xəstəlik olub, travmalar, şişlər və ya insult ilə əlaqəli olmayan artan pulsator baş ağrısı şəklində özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə miqren, gərginlik baş ağrısından sonra baş verən spontan baş ağrılarının əsas səbəbi və insanın sosial adaptasiyasını ən çox pozan 19 xəstəlikdən biridir. Bəzən miqren zamanı əmək qabiliyyətinin itirilməsi o dərəcəyə gəlib çatır ki, xəstəyə əlillik dərəcəsi təyin edilir.

Etiologiya və patogenez

Miqren nevroloji xəstəliklərə aiddir, buna görə də onun baş verməsinə aşağıdakı patologiyalar səbəb ola bilər:

  • kəllədaxili təzyiqin artması;
  • baş və boyun əzələlərinin spazmları;
  • onurğanın boyun nahiyəsinin osteoxondrozu;
  • qlaukoma;
  • arterial təzyiqin nasazlığı, arterial hipertoniya.

Miqren necə meydana gəlir və onun inkişafına nə kömək edir?

  • Miqrenoz ağrılar beyinin sərt qişasının serebral damarlarının genişlənməsinə gətirib çıxaran damar patologiyası nəticəsində baş verir. Bu damarlar qeyri-bərabər şəkildə genişlənərək, onların yaxınlığında yerləşən sinir hüceyrələrinə təzyiq göstərir.
  • Qan damarlarının daralması nəticəsində yaxın toxumalarda qan dövranı pozulur ki, bu da ağrı sindromunun yaranmasına səbəb ola bilər.
  • Sistem xəstəlikləri, metabolizmin pozulması və ya mərkəzi sinir sisteminin patologiyası da miqrenin inkişafına səbəb ola bilər.
  • Miqrenli xəstələrin 70% – də bu xəstəliyə irsi meyllik qeyd edilir. Onların valideynlərində də oxşar patologiyanın olması məlum olur. Miqren zamanı ağrınin inkişaf mexanizmi tam olaraq tədqiq olunmamışdır, bu barədə bir neçə nəzəriyyə mövcuddur.

Simptomlar

Tibbi araşdırmalara əsasən, qadınlar daha tez-tez miqren xəstəliyinə məruz qalırlar. Qadınlarda ayda orta hesabla 7 tutma, kişilərdə isə 6 tutma baş verir. Qadınlarda tutmanın orta davametmə müddəti 7,5 saat, kişilərdə isə 6,5 saatdır. Qadınlarda tutmanın səbəbləri daha çоx atmosfer təzyiqinin, havanın temperaturunun dəyişməsi və digər iqlim dəyişiklikləridirsə, kişilərdə – gərgin fiziki iş fəaliyyətidir. Miqreni müşayiət edən simptomlar da ayırd edilir: bu, kişilərdə daha çox fotofobiya və depressiya, qadınlarda isə tez-tez ürəkbulanma halları və qoxubilmənin pozulmasıdır.

  • Miqren tutmalarının baş verəcəyindən xəbər verən əlamətlər və ya prodrom – zəiflik, səbəbsiz yorğunluq hissi, konsentrasiyanın zəifləməsi, diqqətin pozulması şəklində özünü göstərir. Tutmalardan sonra bəzən bir postdrom – yuxusuzluq, zəiflik, dəri örtüyünün solğunlaşması müşahidə olunur.
  • Miqrenoz baş ağrısının xarakteri digər mənşəli baş ağrılarından fərqlənir – gicgahlardan başlayaraq, pulsasiya edən və sıxıcı ağrı, tədricən başın bir yarısını əhatə edərək, alın və göz nahiyələrinə yayılır.
  • Birtərəfli ağrı, tutmadan-tutmayadək növbələşərək başın gah sol,gah da sağ tərəfini və ya ənsə nahiyəsini əhatə edir.
  • Miqren zamanı həmişə bir və ya bir neçə müşayiətedici simptomlar-fotofobiya; ürəkbulanma; qusma; səsdən qıcıqlanma; iybilmənin,görmə və diqqətin zəifləməsi müşahidə olunur.
  • Qadınlarda rast gəlinən miqren xəstəliyinin 10%-də, tutmalar menstruasiya zamanı baş verir və başlandıqdan sonra bir və ya iki gün davam edir. Bu xəstəliyi olan bütün qadınların 1/3-i məhz menstrual miqrendən əziyyət çəkir.
  • Adətən uşaqlarda miqren zamanı yanaşı simptom kimi yuxululuq qeyd edilir və tutmalar yuxudan sonra keçib gedir. Kişilərdə miqren ağır iş gördükdən sonra inkişaf edir. Hərəkət və ya gəzinti zamanı, ağır yük qaldırdıqda, nərdivana qalxanda ağrı artır

Miqrenin növləri

Miqren ilk öncə auralı və aurasız (sadə) olmaqla 2 növə ayrılır. Kliniki praktikada, əsasən, aşağıdakı tip miqren növləri tanınır:

  • Panik – bu tip miqren boğulma, titrətmə, taxikardiya, sifətin şişməsi kimi simptomlar ilə xarakterizə olunur.
  • Xroniki miqren – tutmalarının müntəzəmliyi və onların hər növbəti baş verdiyi zaman ağrıların intensivliyinin artması ilə xarakterizə olunur. Xroniki miqren diaqnozunu, tutmalar 3 ay müddətində, ayda 15 dəfə təkrarlanarsa təyin etmək olar.
  • Menstrual miqrenlər – miqren tutmaları qanda esterogenin səviyyəsindən asılıdır, buna görə də menstural dövrlə bağlı olaraq meydana çıxır.
  • Yuxu miqreni – onun təzahürü insanın yuxu rejimindən asılıdır və yuxu zamanı və ya yuxudan oyandıqdan sonra baş verir.
  • Oftalmoplegik miqren – miqrenin bu çox nadir növü adətən, gənc yaşlı xəstələrdə rast gəlinir. Ağrı bir göz ətrafında cəmləşir və bir qayda olaraq, adi miqrenə nisbətən daha az intensivlikli olur. Bu forma qusma, ikigörmə, göz qapaqlarının enməsi və göz əzələlərinin iflici ilə müşayiət oluna bilər. Tutmalar bir neçə saatdan bir neçə aya qədər davam edə bilər.
  • Vestibulyar miqren – bu zaman epizodik başgicəllənmələri yaranır ki, onlar da həm ayrı olaraq, həm də baş ağrıları və miqrenin digər simptomları ilə birgə inkişaf edə bilər.
  • Ailəvi hemiplegik miqren – bu, miqrenin çox nadir irsi forması olub, müvəqqəti birtərəfli iflic, görmə ilə problemlər və başgicəllənmə törədə bilər. Bu simptomlar baş ağrısından təxminən 10-90 dəqiqə əvvəl meydana çıxır.

Auralı miqren

4 mərhələdən ibarət olan dəqiq bir struktura malikdir. Onların təzahür müddəti və intensivliyi vəziyyətdən asılı olaraq dəyişir:

1.Başlanğıc əlamətlər mərhələsi: Bu mərhələ prodromal mərhələ də adlanır. Xəstələr tutmanın yaranmasını hər kəs üçün fərqli olan bir simptomlar kompleksinə əsasən təyin edə bilərlər. Ən çox yayılmış təzahürlər yuxululuq, yorğunluq, əsəbilik və diqqətin cəmləşdirilməsinin çətinləşməsidir. Bəzi xəstələrdə prodrom, əksinə, fəaliyyət aktivliyinin artması, yuxusuzluq, iştahın artması ilə özünü göstərir. Bu mərhələdən sonra aura başlayır. Əgər miqren aurasızdırsa, o zaman adətən, prodromal əlamətlər də qeyd olunmur

2. Aura mərhələsi- Aura tutma başlamazdan əvvəl beyində baş verən dəyişiklikləri əks etdirir. O, yalnız miqrenin 1/3 hallarında baş verir. Hətta eyni bir xəstədə aura, yalnız tutmadan tutmaya baş verir və həmişə eyni şəkildə təzahür etmir. Onun əlamətləri ağrılı keçmir, lakin xəstədə qorxuya səbəb ola bilər, xüsusən ilk dəfə baş verdikdə. Belə ki, vizual aura – gözün qarşısında ləkələrin və görmə şəklini təhrif edən əyri naxışların yaranması; duman və əşyaların silinmiş təsvirləri; əşyaların ölçü və nisbətlərinin dəqiq müəyyən edilə bilməməsi – insanlarda narahatlıq, görmənin vəziyyəti üçün bir təşviş hissi yarada biər. Taktil, eşitmə, iybilmə duyğularının təhrif olunması da aura mərhələsi üçün xarakterikdir. Ətraflarda keylik və iynə batması hissi yarana bilər, bu, adətən barmaqların ucundan başlayır və tədricən, yanaqlar və sifət daxil olmaqla, başa qədər yayılır. Bu zaman, keylik bədənin yalnız bir yarısında – ağrı olan tərəfə əks nahiyədə qeyd edilir. Miqren tutması zamanı ağrı başın sol tərəfini əhatə edirsə, o zaman bədənin sağ tərəfi keyiyir. İnsanın gündəlik fəaliyyəti ilə məşğul olmasına, işləməsinə və bəzən danışmasına mane olan diqqət və fikrinin cəmləşməsinin pozulması yarana bilər. Mərhələnin müddəti 10 dəqiqədən yarım saatadək çəkir, bəzi hallarda aura bir neçə saat davam edə bilər.

3. Miqrenin ağrı mərhələsi: Xəstə üçün ən çətin mərhələ olub, bir neçə saatdan 2-3 günədək davam edə bilər. Ağrının artması sürətli olub 10 dəqiqə ərzində inkişaf edə bilər. Ağrının kəsilməsi isə tədricən, bir neçə saat ərzində baş verə bilər. Bu mərhələdə ağrının intensivliyini azaltmaq və xəstənin vəziyyətini yüngülləşdirmək üçün, ona üfüqi vəziyyətdə qalmaq; hərəkətliliyini maksimal dərəcədə məhdudlaşdırmaq; başını soyuq dəsmalla bürümək; işıqdan və gur səsdən qorunmaq lazımdır. Miqren tutmasını
dayandırmaq üçün müalicə həkimi dərmanlar – analgetiklər və ya triptanlar təyin edir ki, onları da ağrı mərhələsinin başlanğıcında qəbul etmək lazımdır.

4.Tutmadan sonrakı mərhələ: ona rahatlaşma dövrü də deyilir –
xəstə prodromal mərhələsini xatırladan təəssüratlar – əsəbilik və qıcıqlanma,
yorğunluq, üzgünlük, ətraflarında zəiflik kimi hisslər yaşayır. Ümumiyyətlə, bütün bu simptomlar 24 saat ərzində keçib gedir. Bu müddəti yuxuda keçirmək məsləhətdir. Tutmaların intensivliyinin artması, onların qısamüddətli sakitləşmə periodundan sonra dalbadal təkrarlanması zamanı xəstəyə miqrenoz status diaqnozu qoyulur. Miqrenoz status – ürək ritminin yavaşıması, beyin qişalarının qıcıqlanması, ağrının intensivliyinin zərrə qədər də azalması baş vermədən davamlı qusma halları kimi simptomlarla xarakterizə olunur. Bu vəziyyətdə xəstə əmək qabiliyyətini tamamilə itirir və həkim
nəzarəti altında stasionar şəraitdə müalicə edilməlidir.

Miqrenin müalicəsi diaqnozu dəqiqləşdirmədən qətiyyən yolverilməzdir. Dəqiq diaqnoz qoyulmadan özünümüalicə aparmaq təhlükəlidi, bu, yanlış dərman qəbulu nəticəsində meydana çıxan ağrıların yaranmasına səbəb ola bilər. Diaqnoz qoymaq üçün həkimə xəstəliyin kliniki mənzərəsi, anamnezi, tutmaların tezliyi və davametmə müddəti barəsində məlumatları bilmək vacibdir. Çətin hallarda, həkim baş beynin və onurğanın boyun nahiyəsinin MRT-si, reoensefaloqrafiya müayinələrinin keçirilməsini tələb edə bilər.

Mənbə:

FƏRHAD ƏLİSA oğlu ƏHMƏDOV AZƏRBAYCANDA GENİŞ YAYILMIŞ SİNİR XƏSTƏLİKLƏRİ

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...