Neyronların çoxalmasını idarə etmək Altsheymer xəstəliyinin müalicəsi ola bilər / ScienceNews

0
12
Altsheymer

Kiçik bir toxuma qatı olmasına baxmayaraq hippokampın (en. Hippocampus) bir çox funksiyaları var. O insan yaddaşına xidmət edir və bizi biz edən həyat xatirələrini özündə saxlayır. Bu hissə həmçinin insanın yaddaşını əlindən alan altsheymer xəstəliyində ən çox zərər görən hissələrdən biridir.

Bəzi araşdırmalar göstərib ki, insanın həyatı ərzində hippokampda yeni neyronlar əmələ gələ bilir. Ancaq bu ideya çox mübahisəlidir. Bunun səbəblərindən biri budur ki, yaxşı saxlanılmış insan beyni toxuması çox nadirdir və hələ yetişməmiş neyronları ayırd edə bilmə üsulları çox müxtəlifdir. Keçən il Nature qəzetində bir yazı‘ qeyd edirdi ki, hippokampda yeni neyronlar yaranması uşaqlıq dönəmindən çıxdıqdan sonra müşahidə edilmir.

Bu həftə Nature Medicine qəzetində yayımlanan bir araşdırma mübahisələri daha da artırdı.  43-87 yaşlar arası yetkin şəxslərin beyin toxumaları ilə işləyən komanda yeni yaranan neyronlara rastladıqlarını və bu neyronların çoxalma sürətinin (Neyrogenezis) yaş artdıqca azaldığını qeyd edir.

Bunun əksinə, 52-97 yaş arası altsheymer xəstəsi şəxslərdə hippokampda gedən neyrogenezisin müqayisədə çox zəif olduğunu vurğulayırlar.

Bu nəticələr hələ digər alim qruplarının tənqidlərini və rəylərini gözləyir, lakin belə bir nəticənin alınması özlüyündə altsheymer xəstəliyinin gedişatının yavaşladıla bilmə ehtimalını ortaya qoyur. Belə ki, xəstəlik zamanı neyrogenezisin azalması ən azından yavaşladıla, ya da qarşısı alına bilərsə, xəstəliyin inkişafının da yavaşladıla bilməsi ehtimalı var.

Son zamanlarda, altsheymer xəstəlikli genlər köçürülmüş siçanlar üzərində aparılan araşdırmalar neyron yenilənməsini artırmağın mümkün olduğunu göstərib. İndi alimlərin qarşısındakı əsas məsələ buna insanda da nail olmağın mümkün olub-olmamasını aydınlaşdırmaqdır.

Altsheymer xəstəliyinin terapiyasında alimlərin əsas məqsədi patogenik amiloidlərin* (ing. pathogenic amyloids) və tau zülallarının artımını sürətləndirən amillərin tapılmasıdır. Diqqəti neyrogenezisə cəmləmək bir müalicə üsuluna gətirib çıxara bilərmi bilmirik, lakin son araşdırmalar göstərir ki, altsheymer və bunun kimi digər neyron degenerasiyası ilə bağlı xəstəliklərin müalicəsində diqqəti ənənəvi aspektlərdən daha çox yeni istiqamətlərə yönləndirmək lazımdır. Bunun üçün isə insan beyninin hər bir qatı incəliyi ilə öyrənilməlidir.

 

*(Neyrogenezis; Neyron – sinir hüceyrələri, Genezis – yaradılış)

 

 

Mənbə: https://www.nature.com/articles/d41586-019-00891-7

 

Tərcümə: Nizami Qasımov

Redaktə: Ziya Mehdiyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here