NİKKOLO MAKİAVELLİ və onun “HÖKMDAR” əsəri

Post date:

Author:

Category:

  

      NİKKOLO MAKİAVELLİ VƏ ONUN «HÖKMDAR» ƏSƏRİ

   Görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkolo Makiavelli 1469-cu ildə Florensiyada müflisləşmiş zadəgan ailəsində anadan olmuşdu. 1498-ci ildən Florensiya respublikasında yüksək dövlət vəzifəsi tutmuş və mühüm diplomatik tapşırıqları yerinə yetirmişdi. 1512-ci ildə Mediçilərin hakimiyyətə gəlişindən sonra vəzifədən kənarlaşdırılmış və Florensiya ətrafındakı malikanəsinə sürgün edilmişdir. 1527-ci ildə dünyasını dəyişən N. Makiavelli özündən sonra böyük irs qoymuşdur. «Tit Livinin birinci dekadası haqqında düşüncələr», «Hökmdar», «Knyaz» və «Florensiyanın tarixi» onun başlıca əsərləridir.

   Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Artıq beş əsrdir ki, onun ən məşhur əsəri olan «Hökmdar» əsəri ətrafında qızğın mübahisələr gedir, mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edilir və onun baxışları «makevializm» termini altında siyasi, habelə insana xas olan hiyləgərliyin, ikiüzlülüyün, yaltaqlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın və bu kimi şeylərin sinonimi kimi qələmə verilir.

   Tarixdə elə hadisələr olub ki, ən təmiz, ən vicdanlı, ən nəcib, ən ağıllı və yüksək əxlaqlı adamlar əxlaqsızlıq üstündə, mövcud olan əxlaqi norma və qaydalara, habelə qanunlara qəsd etmək üstündə mühakimə olunub. Sokratı və Epikuru, C.Bruno və Spinozanı, Tomas Moru və Koperniki, Kompanella və digərlərini xatırlamaq kifayət edər. Bunların hər biri həqiqətpərvər və yüksək mənəviyyata malik insanlar olsalar da, mövcud cəmiyyətin ən əxlaqsız nümayəndələri onları əxlaqsızlıqda günahlandırmışlar. Haçan ki, əxlaqsız adamlar əxlaqdan dərs deyir və onun haqqında fikir yürüdür, haçan ki, elm və bilik cahil adamların nəzarəti altında olur, haçan ki, siyasətlə vicdansız, çirkin qəlbə malik, əliəyri adamlar, avantüristlər, fırıldaqçılar, intriqaçılar məşğul olur, məgər onların bilikli, müdrik, doğruçu, nəcib adamlara nifrət bəsləməsinə təəccüb etmək olarmı? Lakin bizim söhbətimiz onlar haqqında deyil, onlar heç buna dəyməz də.

   Yuxarıda deyilənlərə baxmayaraq Makiavelli və onun «Hökmdar» əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb və dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olub.

   Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir.

   O, bir çox şeyləri nəzərə alaraq göstərir ki, hakimiyyətə can atan adam öz məqsədinə yetməkdən ötrü əliaçıq olmalıdır. Makiavelli hesab edir ki, hətta belə hallarda pulu əsirgəmək lazım deyil, ələlxüsus da özgələrin pulunu.

   Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir. Bu və buna bənzər fikirlər üstündə Makiavellinin qəddarlıqda təqsirləndirirdilər. Bu indinin özünə kimi davam etməkdədir. Lakin Makiavellinin ünvanına söylənilən bu kimi ittihamların heç bir əsası yoxdur. Axı o, heç zaman, heç yerdə mütəmadi olaraq sərt tədbirlərin keçirilməsi haqqında heç nə yazmamışdır.

   Öz böyük həyat təcrübəsinə əsaslanan Makiavelli hökmdarlara məsləhət görür ki, insanları qorxu altında saxlamaq, onların sevimlisi olmaqdan daha məqsədəuyğundur. Çünki insanların çoxu satqın, qorxaq, riyakar və yalançıdır. Təhlükə qarşısında onların bü xüsusiyyətləri tezliklə üzə çıxır. Əmin-amanlıq zamanlarında belə adamlar səndən ötrü nə qədər əldən-ayaqdan gedirlərsə, ara qarışdıqda onların üzü səndən bir o qədər dönür, belə vaxtlarda onlar səni nəinki satmağa, hətta məhv etməyə də hazırdırlar.

   Makiavelli çox yaxşı görürdü ki, ən gözəl insani münasibətlər – məhəbbət, dostluq, sədaqət, alicənablıq və bu kimi şeylər digər şeylər kimi alınıb-satılır. Buna görə yeni hökmdar həm bunları, eləcə də insanların əmlakı, pulu, sərvəti yüksək qiymətləndirməsini nəzərə almalıdır. Eyni zamanda da bilməlidir ki, insanlar gücə hörmət etdikləri qədər də ondan çəkinirlər. O, məsləhət görürdü ki, sərt tədbirləri hər zaman deyil, yalnız lazım olan vaxt tətbiq etmək gərəkdir. Makiavelli həm də insanların mülkiyyətinə toxunmağı xətərli hesab edirdi. O, açıqca göstərirdi ki, insanlar öz atalarının ölümünü bağışlayarlar, əmlaklarının itirilməsini isə yox.

   Makiavelli əsərin sonunda alovlu bir vətənpərvər kimi İtaliyanın birləşməsini arzulayır və bütün ölkəni bu iş uğrunda mübarizəyə qalxmağa çağırır, hətta bu mübarizənin başında dura biləcək adamın da kim olduğunu açıqlayır. Bu, o adamdır ki, mütəfəkkir öz məşhur əsərini ona həsr etmişdir.

   Görkəmli mütəfəkkirin məşhur «Hökmdar» əsəri Azərbaycan oxucusuna öz ana dilində ilk dəfədir ki, təqdim olunur, çünki bu ilk tərcümədir. Ona görə də zamanın sınağından çıxmış bu əsərin Azərbaycan dilində çap olunması önəmli hadisədir. Arzu edirik ki, ölkəmizin mədəni həyatında bu cür hadisələr tez-tez təkrar olunsun və bu işlərdən bəhrələnənlərin sayı zaman-zaman artsın.

    F.Təbibi

   ƏLAHƏZRƏT LORENSO DEİ MEDİCİYƏ

   NİKKOLO MAKİAVELLİDƏN1

   Adətən, hökmdarın hüsn-rəğbətini qazanmaq istəyilə adamlar ona hədiyyə olaraq özlərində olan ən qiymətli şeyləri göndərirlər, yaxud o şeyləri ki, bunun vasitəsilə ona hədsiz dərəcədə zövq vermək istəyirlər: atlar, silah, zərxara, qiymətli daşlar və digər zinət şeyləri, hansılar ki, hökmdarın əzəmətinə layiqdir. Mən isə öz minnətdarlığımı əlahəzrətə bildirmək qərarına gəldikdə sahib olduğum şeylər içərisində görkəmli adamlar haqqında əldə etdiyim biliklərdən daha qiymətli və dəyərli heç nə tapmadım. Uzun illərin zəhməti hesabına qazandığım bu biliklər isə müasir dövrdə və keçmiş zamanlarda baş verən hadisələri əhatə edir. Düşünüb dərk etdiklərim üzərində çox vaxt və zəhmət sərf edib, öz fikirlərimi çox da böyük olmayan yazılı ifadədə söyləmişəm ki, bunu da hədiyyə olaraq əlahəzrətə göndərirəm. Hərçənd mənə elə gəlir ki, bu yazılı ifadə sizin qarşınızda olmağa layiq deyil, hər halda inanıram ki, mənim sizə daha dəyərli hədiyyə verməyə gücüm çatmadığını bildiyinizdən iltifat göstərib bunu qəbul edəcəksiniz. Mən bu yazılı ifadənin nə gözəl olması üzərində, nə cümlələrin ibarəliliyi və ahəngdarlığı üzərində işləmiş, nə də bunun qəşəng olması üçün heç bir üsuldan istifadə etməmişəm, hansı ki, öz ifadələrini bəzəyib rəngarəngləşdirmək çoxlarının xoşuna gəlir, zira mən istəyirəm ki, mənim əsərim ya tamamilə az tanınsın, ya da mövzunun yalnız orijinallığına və əhəmiyyətinə görə məşhurlaşsın. Mən həm də istəyərdim ki, kiçik və əhəmiyyətsiz zümrədən olan bir adamın hökmdarların hərəkətləri haqqında mühakimə yürüdüb, onlara yol göstərməsinə qərar verməsini həyasızlıq sanmayasınız. Necə ki, mənzərə çəkən rəssam dağlara və təpələrə nəzər salmaq üçün vadiyə enir, vadini görmək üçün isə dağlara çıxır, eləcə də xalqı yaxşı tanımaqdan ötrü hökmdar olmaq, hökmdara yaxşı bələd olmaq üçün isə xalqın bir hissəsi olmaq lazımdır.

   Beləcə, əlahəzrət qoy bu kiçik hədiyyəni mənə hakim olan hislərlə qəbul etsin; əgər siz mənim əsərimi diqqətlə oxuyub, bunun üzərində düşünməyi qət etsəniz, siz mənim ən böyük istəyimi hiss edəcəksiniz, o istəyimi ki, əlahəzrət məhz taleyin ona hazırladığı və onun məziyyətlərinə uyğun olan bir yüksəliş əldə etsin. Əgər ki, əlahəzrətin nəzəri haçansa bir vaxt qalxdığı bu yüksəklikdən mən yaşadığım aşağı tərəfə yönəlsə, onda görər ki, mən necə də haqsız olaraq taleyin güclü və amansız sarsıntılarına dözürəm.

   I FƏSİL

   DÖVLƏTLƏR HANSI FORMALARDA OLUR

    VƏ ONLAR NECƏ ƏLDƏ EDİLİR

   Xalq üzərində hakimiyyətə malik olmuş və olan bütün böyük və kiçik dövlətlər bir adam tərəfindən idarə edilən ya respublika, ya da monarxiya olub və olaraq da qalır. Axırıncı ya təzə, ya da hökmdarın nəsli əgər uzun müddət idarəçilikdə bulunubsa, varislik yolu ilə əldə edilmiş ola bilər. Təzə ya Françesko Sfortsanın yiyələndiyi Milan kimi bütöv bir dövlət ola bilər, ya da onun bir hissəsi, hansı ki, istila nəticəsində hakimiyyətin vərəsəlik yolu ilə əldə edildiyi dövlətə birləşdirilir, necə ki, İspaniya kralının yiyələndiyi Neapol krallğı. Təzə dövlətlər iki cür olur: təbəələrin adətən hökmdarlara itaət etdiyi dövlətlər və xalqın əvvəllər hürriyyət içində yaşadığı dövlətlər; bunlar necə ki, öz vətəndaşları, eləcə də özgələrin silahlı qüvvələri tərəfindən, ya taleyin lütfü sayəsində, ya da igidlik nəticəsində əldə edilir.

   II FƏSİL

   VƏRƏSƏLİK YOLU İLƏ ƏLDƏ EDİLƏN MONARXİYALAR HAQQINDA

   Respublikalar barəsində digər yerdə müfəssəl surətdə söhbət aparacağımıza görə mən bu məsələ üzərində dayanmayacağam. İndi mən birbaş hakimi-mütləqin idarəçiliyinə keçəcəyəm və yuxarıdakı müəyyən qaydaya əsasən araşdıracağam ki, hökmdar dövləti hansı üsullarla idarə edə və bunun üzərindəki hakimiyyəti necə saxlaya bilər. Mən ondan başlayacağam ki, hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş olan hökmdara, hansı ki, təbəələr artıq bu nəslin idarəçiliyinə öyrənib, hakimiyyəti saxlamaq təzə adamdan daha asandır, axı bundan ötrü o, sadəcə olaraq əcdadlardan qalan adətləri pozmamalıdır, daha sonra tələsmədən yeni şəraitə keçməlidir. Bu cür hərəkət etsə, yaxşı hökmdar olmasa da belə hakimiyyəti itirməz, bunu yalnız o təqdirdə itirə bilər ki, daha güclüsü və qüdrətlisi onu devirsin, lakin bu halda da o, qəsbkarın ilk uğursuzluğundan sonra hakimyyəti özünə qaytara bilər.

   Bizim İtaliyada Ferraranın hersoqunu buna misal göstərmək olar, hansı ki, 1484-cü ildə venetsiyalılara və 1510-cu ildə Papa Yuliyə məğlub olduqdan sonra hakimiyyəti özündə saxlamışdır. Bu isə yalnız onun soyunun uzun müddət Ferraranı idarə etməsinə görə idi. Axı hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş hökmdarın öz təbəələrini incitməsinə səbəb və ehtiyac daha azdır, buna görə də əgər onun vətəndaşlarda nifrət doğura biləcək dərəcədə bir qüsuru yoxdursa, o da öz əməlinə görə onların rəğbətini qazanacaqdır. Bir soyun uzun müddət idarəçilikdə bulunması haçansa baş verən çevrilişlərin və bunları doğuran səbəblərin unudulmasına gətirib çıxarır, baxmayaraq ki, hər hansı dəyişiklik yeni dəyişikliklərə səbəb olur.

   III FƏSİL

   QARIŞIQ DÖVLƏTLƏR HAQQINDA

   Təzə, habelə hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş hökmdar əgər öz ərazisinə yeni ərazi birləşdiribsə, bunun nəticəsində isə dövlət bir növ qarışıq olubsa, onun üçün hakimiyyəti saxlamaq daha çətindir. Belə yerdə hakimiyyəti saxlamaq hər şeydən öncə ona görə çətindir ki, bütün təzə dövlətlərdə bu, çevrilişlə nəticələnir. Məsələ ondan ibarətdir ki, xalq təzə hökmdarın yaxşı olacağını güman edərək könüllü surətdə əvvəlkinə qarşı qiyam edir, təcrübə tezliklə göstərir ki, o, yanılıb, axı təzə hökmdar həmişə əvvəlkindən pis olur. Bu həm də təbii və qanunauyğundur, çünki istilaçı öz yeni təbəələrini istismar edir, onların üzərinə müxtəlif mükəlləfiyyətlər qoyur, ordusunu vətəndaşların evlərində yerləşdirməklə onları zəhmətə salır, hansı ki, istila zamanı bunsuz keçinmək mümkün deyil. Beləliklə də o, kimləri ki, incidib, onlar arasında özünə düşmən qazanır və istila zamanı ona kömək edənlərin dostluğundan məhrum olur, çünki bu adamların gözlədiyi mükafatı onlara vermək iqtidarında deyil, həmçinin də onlara borclu olduğu üçün bu şəxslərə qarşı ciddi tədbirlər görə bilmir, ona görə ki, ordusu nə qədər güclü olsa da belə onların köməyi olmadan ölkəyə soxula bilməzdi. Məhz buna görə Fransa kralı XII Lüdovik Milanı tez zəbt etdiyi kimi tez də itirmişdi. Elə bu səbəb üzündən hersoq Lodoviko Milanı öz gücü ilə geri qaytarmağa müvəffəq olmuşdu. Axı qapını kralın üzünə açan xalq tezliklə özünün mülahizə və ümidlərinin puça çıxdığına əmin olub, təzə hökmdarın yaratmış olduğu sıxıntılara dözməkdən imtina etdi.

   Lakin qiyam etmiş ölkə əgər ikinci dəfə fəth olunarsa, hökmdar üçün burda öz hakimiyyətini möhkəmləndirmək asan olar, axı qiyam ona günahkarları şərtsiz olaraq cəzalandırmağa, şübhəli bilinənləri üzə çıxarmağa, yerlərin, hər şeydən öncə də zəif yerlərin müdafiəsini təşkil etməyə imkan verir. Əgər ki, birinci dəfə hersoq Lodoviko Milanın sərhədlərində yalnız hay-küy salmaqla onu Fransadan geri almışdısa, ancaq ikinci dəfə yuxarıda göstərilən səbəblərə görə İtaliyanın bütün dövlətləri Fransanın üzərinə hərblə gedib, onun qoşunlarını qovana qədər o, Milanı özündə saxlamışdı.

   Beləliklə, Fransa Milanı hər iki dəfə itirdi. Mən kralın birinci uğursuzluğunun səbəbini, hansı ki, buna bənzər bütün səbəblərlə səciyyəvidir, göstərdim, indi ikinci səbəbi göstərmək qalır, araşdırmaq lazımdır ki, Lüdovik və ya onun yerində ola biləcək hər hansı bir adam fəth etdiyi ərazinin daha etibarlı müdafiə olunması istiqamətində, necə ki, bunu Fransa etmişdi, nə kimi imkanlara malik olmuşdu. Ondan başlamaq lazımdır ki, fəth edilmiş və miras qalmış torpaqlar ya əhalisi eyni dildə danışan bir ölkənin sahəsi, ya da əhalisi müxtəlif dillərdə danışan müxtəlif ölkələrin sahəsi ola bilər. Birinci halda fəth edilmiş torpaqları, xüsusən də yeni təbəələr əgər əvvəlki vaxtlarda da azad deyildilərsə, saxlamaq asandır. Bunlar üzərində hakimiyyəti gücləndirməkdən ötrü əvvəlki hökmdarın nəslini kəsmək kifayətdir, axı adətlərin ümumi olduğu, əvvəlki qaydalarınsa saxlandığı yerdə təhlükə yalnız ondan gələ bilər. Bizə məlum olduğu kimi belə bir şey Fransanın tərkibinə çoxdan daxil olan Bretanda, Burqundiyada, Normandiyada və Qaskonda baş vermişdir; onların dilləri bir-birindən azca fərqlənsə də, lakin adətləri bir-birinə bənzədiyindən mehriban yaşayırlar. Belə halda istilaçı iki ehtiyat tədbiri görməlidir: hər şeydən öncə onun qeydinə qalmalıdır ki, əvvəlki hökmdarın nəsli kəsilsin, sonrasa əvvəlki qanun və vergilərin saxlanılmasına göz olmalıdır, belədə fəth olunmuş ərazilər istilaçının uzun müddət hökmdar olduğu məmləkətlə qısa bir vaxt ərzində vahid bir dövlət təşkil edəcəkdir.

   Fəth edilmiş, həm də miras qalmış ölkələrdə əhali əgər dilinə, adət-ənənəsinə və qanun-qaydalarına görə bir-birindən fərqlənirsə, belə yerdə hakimiyyəti saxlamaq olduqca çətindir: burda həm böyük uğur, həm də bacarıq lazımdır. Buna yetmək üçün ən doğru və düzgün vasitə yaşayış yerini bura köçürməkdən ibarətdir. Bu, fəth edilmiş ərazilərin müdafiəsini gücləndirər və bu yerləri təhlükəsiz edər, türk sultanı Yunanıstanla əlaqədar, məhz bu cür hərəkət etmişdir, zira öz paytaxtını əgər ora köçürməsəydi, bütün gücünü işə salsaydı belə Yunanıstanı öz hakimiyyəti altında saxlaya bilməyəcəkdi. Axı yalnız ölkədə yaşamaqla orada başlanacaq qiyamı duymaq və bunun qarşısını vaxtında almaq olar, əks təqdirdə bu barədə xəbər o vaxt gəlib çatacaqdır ki, vəziyyət olduqca ciddi xarakter alacaq və buna qarşı tədbir görmək artıq gec olacaqdır. Fəth etdiyi ölkəyə köçməklə hökmdar həm də onu məmurların soyğunçuluğundan qoruyar, çünki təbəələr bilavasitə öz hökmdarlarının məhkəməsinə müraciət etməyə imkan qazandığından, daha bir səbəb yaranacaq ki, itaətdə bulunanlar onun hörmətini gətirsin, boyun əyməyənlər isə ondan qorxsun. Əgər qonşu dövlətlərdən hər hansı biri hücum etmək fikrinə düşsə, onda o, daha ehtiyatlı olacaq, çünki hökmdar əgər ora köçübsə, çətin ki, fəth etdiyi ölkəni asanlıqla əlindən versin.

   İkinci yaxşı vasitə istilaçının öz dövləti ilə yeni əraziləri əlaqələnlirmək üçün bir neçə yerdə koloniyalar təşkil etməkdir. Bundan əlavə bu, ölkədə böyük miqdarda atlı və piyadaları yerləşdirməkdən ötrü yaxşı imkandır. Koloniyalar böyük xərc tələb etmir, bunların təşkili və saxlanılması praktiki cəhətdən hökmdara heç nəyə başa gəlir, bu yalnız zəmiləri və evləri köçkünlərin əlinə keçən sakinləri müflis edir, yəni müflis olub, ölkə boyu dağılışan çox az miqdarda adam heç vəchlə hökmdara zərər yetirə bilməz, toxunulmaz qalan digərləri isə tezliklə sakitləşəcəklər, eyni zamanda da ehtiyat edəcəklər ki, əgər sözə baxmasalar, onlar da müflis olanların taleyini yaşayacaq. Beləliklə, koloniyalar hökmdara baha başa gəlmir, ona sədaqətlə xidmət edir, həm də sakinlərin yalnız çox az qismini müflisləşdirir, hansı ki, yoxsullaşıb dağılışdıqdan sonra hökmdara zərər yetirmək halında olmurlar. Buna onu əlavə etmək olar ki, xalqla ya mehriban davranmaq, ya da onu məhv etmək lazımdır, zira insan kiçik bir yamanlığa görə qisas ala bilər, böyük yamanlığa görə isə yox, buradan belə nəticə çıxarmaq olar ki, qisasdan ehtiyatlanmamaq üçün insana edilən haqsızlığın dərəcəsi nəzərə alınmalıdır. Amma ölkədə koloniyaların yerinə əgər qoşun olsa, bunun təminatı kifayət qədər baha başa gələcək və təzə dövlətdən gələn bütün gəlirləri üstələyəcək, nəticədə əldə edilmiş şey heçə çevriləcək. Üstəlik, bundan kifayət qədər adam əziyyət çəkəcək, axı ordunun vətəndaşların evində yerləşməsi bütün əhali üçün bir yükdür və incidilən hər kəs hökmdara düşmən kəsilir, belə düşmənlər isə ona zərər yetirməyə qadirdir, axı onlar məğlub edilsələr də öz evlərindədirlər. Beləliklə, bu cür qarnizonu saxlamaq hər baxımdan zərərli, koloniyalar təşkil etmək isə xeyirlidir.

   Əhalisi adət və dilinə görə fərqlənən ölkədə də istilaçı hamıdan öndə olub, həm qonşu dövlətlərdən daha zəif olanları müdafiə etməli, həm də güclüləri zəif salmaqdan ötrü tədbirlər görməlidir, eyni zamanda da ona nəzarət etməlidir ki, gücünə görə ondan geri qalmayan yadelli hökmdar heç bir vəchlə ölkəyə soxula bilməsin. Belələrini həmişə ya şöhrətpərəstlik, ya da qorxu üzündən boyun əymək istəməyən ölkə sakinləri köməyə çağırır, belə ki, etoliyalılar2  bir vaxt romalıları Yunanıstana çağırmışdılar, eləcə də digər bütün ölkələrin yerli sakinləri də onları çağırmışdı. Bu təqdirdə hadisələr belə cərəyan edir, haçan ki, daha güclü hökmdar ölkənin ərazisinə qədəm basır, daha zəif dövlətlər bir qayda olaraq onun onlardan güclü olmasına həsəd aparmaqla yanaşı dərhal onunla birləşirlər, buna görə onun onları öz tərəfinə çəkməyə ehtiyacı olmur, zira onlar özləri məmnuniyyətlə onun yaratdığı dövlətə qoşulurlar. Ancaq onlara artmağa və güclənməyə imkan vermək olmaz, həm də bu vaxt öz silahlı qüvvələri ilə bərabər onların köməyindən də istifadə etməklə daha güclü hökmdarı asanlıqla məğlub etmək və bu ölkədə hakimi mütləq olmaq olar. Əgər ki, hökmdar bütün bunları etməsə, böyük çətinliklərə və əzablara məruz qalaraq, tezliklə əldə etdiklərini itirəcəkdir.

   Romalılar bir ölkəni fəth etdikdə qeyd edilən bütün üsullardan istifadə edirdilər: koloniyalar təşkil edirdilər; zəiflərə güclənməyə imkan verməmək şərtilə kömək edirdilər; güclüləri məğlubiyyətə uğradırdılar; gücə malik olan yadellilərin təsirinin ölkəyə nüfuz etməsinin qarşısını alırdılar. Mən Yunanıstanı misal çəkməklə kifayətlənəcəyəm. Romalılar axeylərin3 və etoliyalıların rəğbətini qazanmışdılar, Antioxu Makedoniyadan qovub, bu şahlığı zəif salmışdılar. Amma axeylərin və etoliyalıların xidmətlərinə baxmayaraq, onlara öz ərazilərini genişləndirməyə imkan vermədilər, Filippi lazımi dərəcədə zəif salmayınca, onun yaltaqlanmasına məhəl qoymayıb onunla ittifaqa girmədilər və Antioxun təzyiqlərinə əhəmiyyət vermədilər. Romalılar bütün ağıllı hökmdarlar necə hərəkət etməliydisə, elə də hərəkət edirdilər, belə ki, yalnız bu günün deyil, həm də sabahın qeydinə qalırdılar və var qüvvələri ilə çalışırdılar ki, mümkün ola biləcək bədbəxtçiliklərə tuş gəlməsinlər – vaxtında görülən lazımi tədbirlərlə bunu çox asanlıqla etmək olar; bədbəxtçiliklərin gəlməsini sadəcə olaraq durub gözlədikdə isə görülən heç bir tədbirin köməyi olmaz, zira son dərəcə zəifliyin axırı çarəsizlik olar.

   Bu təqdirdə baş verənlər vərəmdə olduğu kimidir: həkimlər iddia edir ki, bu xəstəliyi müəyyən etmək olduqca çətin olsa da, sağaltmaq asandır, amma bu xəstəliyin vaxtı keçdikdə onu müəyyən etmək asan, sağaltmaq isə çətindir. Dövlət işləri də eynən belədir: əgər dərinləşməkdə olan tənəzzül vaxtında aşkar edilsə, hansı ki, bunu yalnız ağıllı hökmdar edə bilər, bundan asanlıqla qurtulmaq olar, əgər ki, bunun vaxtı keçibsə, yəni bu artıq hamıya bəllidirsə, buna daha heç bir əlac olmayacaq.

   Romalılar gələn bəlanı əvvəlcədən görüb, bunun müharibəyə səbəb olacağından ehtiyatlanaraq, dərhal fəaliyyətə başlayıb lazımi tədbirlər görürdülər, axı onlar bilirdilər ki, müharibənin qarşısını almaq mümkün deyil, bunu yalnız ləngitmək olar ki, bundan da düşmən faydalana bilər. Bununla əlaqədar onlar Filipp və Antioxla müharibəyə başlamağı qərar verdilər ki, sonradan onlarla İtaliya ərazisində hərb etmək məcburiyyəti qarşısında qalmasınlar. Romalılar onda hələ onların biri ilə olduğu kimi digəri ilə də baş verə biləcək müharibənin qarşısını ala bilərdilər, lakin onlar bunu etmək istəmədilər. İndiki müdriklərin mütəmadi olaraq təkrar etdikləri atalar sözləri romalıların xoşuna gəlmirdi, çünki insanın ancaq öz rəşadət və ehtiyatkarlığına ümid etməsi ağıllı iş hesab edilirdi: sən özünü hər şeyi yaxşılığa doğru dəyişən zamanın ixtiyarına burax. Lənglik isə nəyə desən gətirib çıxara bilər, axı zaman hər şeyi həm yaxşı, həm də pis tərəfə dəyişə bilər.

   Bununla belə yenidən Fransaya müraciət edək görək o, mənim göstərdiyim şərtlərin heç olmasa bircəciyini həyata keçiribmi. Mən Karl barəsində deyil, Lüdovik barəsində danışacağam, zira o, İtaliyada hakimiyyəti daha çox saxlamışdı, buna görə də onun etdiyi hərəkətlər bizə daha yaxşı məlumdur və Siz əmin olacaqsınız ki, o, əhalisi adət və dilinə görə bir-birindən fərqlənən ölkədə heç də hakimiyyəti qoruyub saxlamaq istəyində olan hökmdar kimi hərəkət etmədi. Kral Lüdovik İtaliya torpağına venetsiyalıların köməkliyilə girdi, onlar öz ərazilərini genişləndirməyə çalışdıqlarından göstərdikləri yardıma görə bütün Lombardiyanın yarısını tələb etdilər. Mən kralı belə bir razılaşmaya görə təqsirləndirmirəm: İtaliyaya heç olmasa bir ayağı ilə qədəm basmaq arzusunda olan, lakin burada heç bir müttəfiqi olmayan, xüsusən də Karlın ucbatından bütün qapıların Fransanın üzünə bağlandığı bir vaxtda o, başqa çıxış yolu olmadığından müttəfiqlik haqqında saziş imzalamağa məcbur olmuşdur. Hər halda əgər o, sonradan səhv buraxmasaydı onun bəxti daha çox gətirərdi. Lombardiyanı fəth etməklə o, Karlın dövründə Fransanın itirmiş olduğu nüfuzu dərhal geri qaytardı: Genuya fəth olundu, florensiyalılar, Mantuyanın markizi, Ferraranın hersoqu, Bentivolyi ailəsi, qrafinya Forli və Faentsin, Pezaronun, Rimininin, Kamerinonun, Pyombinonun, Lukkanın, Pizanın, Siyenanın hakimləri müttəfiqlik təklif etdilər – hamı Lüdovikə öz dostluğunu bildirməyə tələsdi. Venetsiyalılar məhz bu vaxt öz hərəkətlərindəki ehtiyatsızlığa əmin oldular: Lombardiyanın bir cüt şəhərindən ötrü onlar İtaliyanın üçdə iki hissəsini kralın sərəncamına verdilər.

   İndi özünüz düşünün, əgər kral göstərilən qaydalara əməl etsəydi və kilsəninmi, venetsiyalılarınmı qorxusundan onun himayəsinə sığınmaq məcburiyyəti qarşısında qalan çoxsaylı, lakin zəifləmiş müttəfiqlərin təhlükəsizliyini təmin etsəydi, öz üstünlüyünü nə qədər də asanlıqla möhkəmləndirərdi; onların köməkliyi ilə o, özünü hələ güclü olanlardan qoruyardı. Amma o, Milana daxil olcaq tərsinə hərəkət etdi: Romanyanın alınmasında papa Aleksandra köməklik göstərdi, bununla da öz hakimyyətini zəiflətdiyini, müttəfiqlərdən uzaqlaşdığını və özünün himayə altında bulunduğunu görmədi, üstəlik, onsuz da güclü dini hakmiyyətə malik olan papaların dünyəvi hakimiyyətinin möhkəmlənməsinə də əhəmiyyətli dərəcədə yardım etdi. Birinci səhvi buraxmaqla o, bu yolun ardını getməyə məcbur oldu və məcburiyyət qarşısında İtaliyaya gəldi ki, Aleksandrın şöhrətpərəstlik üstündə bərqərar olan niyyətlərinin qarşısını alsın və onun Toskananı istila etmək cəhdlərinə əngəl törətsin. Amma, görünür, Lüdovikə kilsənin hakimiyyətini möhkəmləndirmək və müttəfiqləri ilə aranı vurmaq az olmuşdu: Neapol krallığına yiyələnmək arzusunda bulunaraq, bunu İspan kralı ilə bölüşdürdü, yəni şəxsən özünün hökmranlıq etdiyi İtaliyaya, özü ilə eyni gücə malik olan rəqibi dəvət etdi, yəqin ona görə ki, narazı olanlar və şöhrətpərəstlər kiminsə himayəsinə sığına bilsin. Kralı qovaraq, hansı ki, ona xərac verə bilərdi, o, onun özünü qovmaq iqtidarında olan bir hökmdarı krallığa dəvət etdi.

   Əlbəttə, ərazilər almaq cəhdi təbii və adidir; bu işdə öz imkanlarını nəzərə alan adamları hamı ya təqdir edər, yaxud da heç olmasa qınamaz. Qınağa layiq olan səhvləri isə o adam buraxır ki, o, öz imkanlarını nəzərə almır və nəyin bahasına olursa olsun ərazilər fəth etməyə can atır. Fransa, əgər öz qüvvəsiylə Neapola yiyələnmək iqtidarında olsaydı buna cəhd edə bilərdi, lakin o, bunu bölüşdürmə yolu ilə etməyə səy göstərməməliydi. Əgər Lombardiyanın venetsiyalılarla birgə bölüşdürülməsinə, kralın heç olmasa İtaliyada məhkəmlənməsinə kömək etmiş bir iş kimi haqq qazandırmaq olsa da, ikinci bölüşdürməyə heç bir hacət olmadığından, bu yalnız qınağa layiqdir.

   Beləliklə, kral bütövlükdə beş səhv buraxdı: daha zəif hökmdarı qovdu, İtaliyanın daxilində güclü hökmdarın hakimiyyətinin möhkəmlənməsinə köməklik göstərdi, ora özü ilə eyni gücə malik olan yadellini dəvət etdi, köçüb İtaliyada qalmadı, orada koloniyalar təşkil etmədi.

   Əgər o, altıncı səhvi buraxmasaydı və venetsiyalıların torpaqlarına əl uzatmasaydı, sağlığında etdiyi o beş səhv bəlkə də onun üçün bu qədər fəlakətli olmayacaqdı. O, hələ kilsənin nüfuzunu artırana və ispanları dəvət edənə qədər gərək Venetsiyanın odunu alaydı; bu iki səhvi etdikdən sonra o, gərək Venetsiyanın yenilməsinə imkan verməyəydi. Kifayət qədər güclü qalmaqla o, Lombardiyanın işğal olunmasına maneçilik törədərdi – hər şeydən öncə ona görə ki, özü buna iddialıydı, bundan əlavə Lombardiyanın Venetsiyaya qismət olmasından ötrü heç kim Fransaya qarşı müharibəyə başlamaq istəməzdi, Fransa və Venetsiyaya qarşı eyni bir vaxtda müharibə aparmağa isə heç kim cürət etməzdi. Əgər kimsə mənə öz etirazını bildirib, iddia etsə ki, müharibə olmasın deyə Fransa Romanyanı Aleksandra, Neapolu isə ispan kralına güzəştə getdi, mən bunu yenə həminki dəlillərlə təkzib edəcəyəm: müharibə qaçılmaz olduqda müharibə olmasın deyə nizamsızlığa yol vermək olmaz, burdakı üstünlüyü isə əldən vermək olar. Əgər hər kim etiraz etsə ki, kral, papaya kral nikahının ləğv edilməsi və Ruan arxiyepiskopuna kardinal rütbəsinin verilməsi əvəzində Romanyanın istila edilməsinə kömək göstərəcəyini vəd etdiyinə görə sıxışdırılmışdı, mən buna o fəsildə cavab verəcəyəm ki, orada söhbət hökmdarların vədləri və onların icra edilməsi yolları haqqında gedəcək.

   Beləliklə, kral Lüdovik yalnız, istila etdikləri ölkələri özlərində saxlamaq istəyində olan hökmdarların əməl etdikləri qaydaları pozduğundan Lombardiyanı itirdi. Bu isə təəccüb doğurmur, əksinə, hər şey təbii və tamamilə qanunauyğundur. Bu barədə mən Valentine (papa Aleksandrın oğlu Çezare Bordcanı belə bir sadə dildə çağırırdılar) Romanyanı fəth etdiyi bir vaxtda, Nantda Ruan kardinalı ilə danışmışam: kardinal qeyd etdi ki, italyanlar hərb sənətindən yaxşı baş çıxarmırlar, mən cavab verdim ki, fransızlar da düzgün siyasət yürüdə bilmirlər, əks təqdirdə onlar kilsənin bu qələr güclənməsinə imkan verməzdilər. Təcrübə göstərdi ki, kilsə və İspaniya Fransanın köməkliyi ilə İtaliyada sahiblik etdikləri əraziləri genişləndirdi, Fransa isə onların ucbatından orada hər şeyini itirdi. Buna əsasən nəticə çıxarmaq olar ki, bunun da doğruluğu dəfələrlə sübut olunub: özgənin qüdrətini artıranlar sonda fəlakətə düçar olurlar, axı bu bacarıq və güc hesabına başa gəlir, bu iki şey isə qüdrət sahibi olan adamda inam doğurmur.

   IV FƏSİL

   DARANIN İSGƏNDƏR TƏRƏFİNDƏN FƏTH

   OLUNMUŞ DÖVLƏTİ NƏ ÜÇÜN BU ŞƏXSİN ÖLÜMÜNDƏN SONRA İSGƏNDƏRİN

    XƏLƏFLƏRİNƏ QARŞI QİYAM QALDIRMADI

   İstila olunmuş dövlət üzərində hakimiyyətin qorunub saxlanılmasının nə qədər çətin olduğunu araşdırdıqdan sonra, bir neçə ilə Asiyanı fəth edən və tezliklə dünyasını dəyişən Böyük İsgəndərin qurduğu dövlət bütünlüklə, gözlənilənin əksinə olaraq nəinki dağıldı, hətta dinc surətdə onun xələflərinə qaldı, onlar isə aralarındakı şöhrət düşgünləri istisna olmaqla, bu dövlətləri qayğı bilmədən idarə etdilər. Bunun izahını vermək üçün qeyd etmək lazımdır ki, təkbaşına idarə edilən bütün dövlətlər, xadimlərlə əhatələnmiş hökmdar tərəfindən idarə edilən və baronlarla əhatələnmiş hökmdar tərəfindən idarə edilən dövlətlərə bölünür. İdarəetmədə hökmdara kömək edən xadimlərin dövlət idarəçsiliyində təmsil olunması onun lütfkarlığı və iltifatı sayəsində olsa da, baronların dövlət idarəçiliyində təmsil olunması hökmdarın iltifatı sayəsində deyil, onların ancaq qədim kökdən olmalarına görədir. Bu baronlar vərəsəlik yolu ilə əldə etdikləri ərazilərə, həm də onların ağalığını qəbul edən və bir qayda olaraq onlara bağlı olan təbəələrə sahibdirlər.

   Dövləti xadimlərin köməkliyi ilə idarə edən hökmdarın hakimiyyəti daha güclüdür, axı bütün ölkədə təbəələr yalnız hökmdarı qəbul edir, amma onlar əgər xadimlərə də itaət edirsə, onda bu yalnız kübarlara və məmurlara münasibətdəki kimi olur, onlara qarşı da heç bir bağlılıqla müşahidə olunmur.

   Türk sultanı və Fransa kralının idarəçilik üsullarını bizim dövrümüzdə ayrı-ayrı idarəetmə üsullarına nümunə kimi göstərmək olar. Türk monarxiyası yalnız hökmdarın tabeçiliyindədir; Dövlətdə təmsil olunan digərləri isə onun xidmətində bulunan xadimlərdir; ölkə sancaqlara, yəni vilayətlərə bölünür ki, sultan da bunların hər birinə canişin təyin edir, lazım bildikdə də özü onların yerini dəyişir və onları başqasıyla əvəz edir. Fransa kralını isə əksinə, çoxsaylı zadəganlar nəsli əhatə edir ki, onları da öz təbəələri qəbul edir və sevir, bundan əlavə onlar imtiyazlara malikdirlər, kral bu imtiyazları məhdudlaşdırdıqda bunun cəzasını çəkir.

   Əgər bu dövlətləri müqayisə etsək, görmək olar ki, sultanın dövlətini almaq daha çətindir, lakin aldıqdan sonra saxlamaq asandır; əksinə Fransa kimi dövləti nisbətən asanlıqla almaq olsa da, saxlamaq xeyli çətindir. Sultanın dövlətini almaq ona görə çətindir ki, istilaçı heç hansı yerli hökmdarın onu köməyə çağırmasına ümid etmir, yaxud ona görə ki, sultana yaxın olan adamların hiddətlənməsi hakimiyyətin ələ keçirilməsini çətinləşdirir. Bizim yuxarıda dediyimiz kimi sultanın yaxın adamları onun yanında nökər kimi bulunur, bir halda ki, onların malik olduğu hər şey yalnız onun iltifatı sayəsindədir, onları ələ almaq çətindir, lakin hətta ələ alınsalar belə onlardan bir xeyir götürmək çətin olardı, axı yuxarıda göstərilən səbəbə görə onlar xalqı öz arxalarınca apara bilməzlər. Beləliklə, kim ki, sultanın üstünə hücum etmək istəyir, gərək ümumi müqavimətlə rastlaşacağına hazırlaşsın, həm də öz gücünə daha çox bel bağlasın, nəinki özgələrin haqq-hesab çəkməsinə.

   Lakin sultan əgər məğlubiyyətə uğradılıbsa və onun qoşunu açıq döyüşdə tamamilə darmadağın edilibsə, istilaçı sultanın yaxın qohumlarından başqa heç kəsdən ehtiyat etməyə bilər. Əgər onlar da məhv edilibsə, təbəələri daha öz tərəfinə çəkməyə bir adam qalmadığından, artıq heç kəsdən qorxmamaq olar: necə ki, qələbəyə qədər xalqın köməyinə bel bağlamağa dəyməzdi, eləcə də bundan sonra ondan qorxmağa dəyməz.

   Fransaya bənzər dövlətlərdə başqa cür olur: bura hər hansı bir baronla əlbir olub, soxulmaq çətin deyil, belə ki, onların aralarında həmişə narazı və dəyişikliklərə can atan adamlar tapmaq olar. Bu səbəblərə görə onlar istilaçının ölkəyə girməsinə şərait yarada bilər və onun qələbəsini asanlaşdırar. Amma belə ölkədə hakimiyyəti saxlamaq çox çətindir, çünki təhlükə həm bu işə kömək göstərənlərdən, həm də silahlı qüvvələr vasitəsilə məğlub edilənlərdən gələ bilər. Bu təqdirdə kralın nəslini kəsmək azdır, axı yeni qiyamlara məmnuniyyətlə başçılıq edə biləcək baronlar həmişə qalır, amma onların tələblərini ödəmək, özlərini isə məhv etmək mümkünsüz olduğundan, onlar ilk əlverişli məqamda hakimiyyəti götürəcəklər.

   Daranın hökm sürdüyü dövlət üzərinə qayıtdıqda biz görürük ki, o, sultana məxsus olan dövlətə bənzəyir, buna görə də İsgəndər Daranın qoşunlarını açıq döyüşdə tamamilə darmadağın edib, onu məğlubiyyətə uğratmalı idi. Belə bir qələbədən və Daranın həlakından sonra, yuxarıda göstərilən səbəbə görə o, öz hakimiyyətinin sarsılmazlığından narahat olmaya bilərdi. Onun xələfləri də, həmçinin bir-biriləriylə mehriban dolanıb, sakitcə hökm sürə bilərdilər: onların dövlətlərində özlərinin yaratdıqları problemlərdən savayı, heç vaxt ayrı bir fəsad ortaya çıxmayıb.

   Əksinə, Fransanın dövlət quruluşuna bənzər ölkələrdə hökmdar belə qayğısızcasına hökm sürə bilmir. Ərazisində çoxlu sayda kiçik hökmdarları olan İspaniya, Fransa və Yunanıstanda romalılara qarşı mütəmadi olaraq iğtişaşlar olurdu. Romanın əvvəlki quruluşu meydana çıxana qədər onun hakimiyyəti hələ davamlı deyildi; amma bu unudulmağa başlandıqda romalılar öz qüvvələrindən və uzun müddət davam edən hökmranlıqlarından yararlanaraq öz hakimiyyətlərini bu ölkələrdə daha çox möhkəmləndirirdilər. Belə ki, sonralar, romalıların öz aralarında baş verən müharibələr dövründə, qarşıdurmada bulunan tərəflərin hər biri hansı əyalətdə ki, daha çox nüfuza malik idi, onları bu mübarizəyə cəlb etmişdi. Amma yerli əhali də, əvvəlki hökmdarlar da, hansı ki, məhv edildilər, romalılardan savayı heç bir hökmdar tanımadılar. Əgər bütün bunları nəzərə alsaq, İsgəndərin Asiya dövlətlərini öz əlində nə üçün belə asanlıqla saxlaması məlum olur, halbuki Pirr və bir çox başqaları almış olduqları ölkələri çox çətinliklə saxlayırdılar. Bu, qalibin şücaətinin çox və ya az olmasından deyil, zəbt edilmiş ölkələrin dövlət quruluşunun müxtəlifliyindən asılı idi.

   V FƏSİL

   İSTİLA OLUNMAZDAN ÖNCƏ ÖZ QANUNLARI

    İLƏ YAŞAYAN ŞƏHƏR VƏ DÖVLƏTLƏR NECƏ

    İDARƏ OLUNMALIDIR

   Sərlövhədə göstərildiyi kimi, əgər istila edilmiş dövlət əzəldən bəri müstəqil olubsa və öz qanunları ilə idarə edilibsə, onlar üzərində hakimiyyəti saxlamağın üç yolu var. Birincisi, onu viran etmək, ikincisi köçüb orada yaşamaq, üçüncüsü vətəndaşlara öz qanunları ilə yaşamağa icazə vermək, bu halda onların üzərinə vergi qoyub, az qisminə idarəçilik işlərində yer vermək lazımdır ki, onlar hökmdara qarşı şəhərlərin dostluq münasibətində bulunmasına təminat verə bilsin. Bu cür inanılmış şəxslər yalnız hökmdarın sayəsində ixtiyar sahibi olduqlarını, həm də yalnız onunla bulunduqları dostluq münasibətinə görə və onun qüdrəti sayəsində güclü olduqlarını bildiklərindən istənilən yolla ona dəstək olacaqlar. Həmçinin müstəqil yaşamağa öyrənmiş şəhəri viran etmək arzusunda olmayacaqlar, çünki onun üzərindəki hakimiyyəti elə onun öz vətəndaşlarının köməkliyi ilə saxlamaq başqa bir üsula əl atmaqdan daha asandır.

   Bunu Spartanın və Romanın timsalında görmək olar. Spartalılar Afina və Fivaya sahib idilər, bunlarda oliqarxiya təşkil edib, sonradan hər iki şəhəri itirdilər. Romalılar Kapuyada, Karfagendə və Numansiyada hakimiyyəti saxlamaqdan ötrü onları viran etdilər, bununla da öz hakimiyyətlərini saxladılar. Onlar da spartalılar kimi Yunanıstanda hakimiyyəti saxlamağa çalışırdılar, yəni orada oliqarxiyanı tətbiq edərək, onların müstəqilliyini və öz qanunları ilə yaşamaq imkanlarını əllərindən almadılar, lakin uğur da qazanmadılar, Yunanıstanı isə bütünlüklə itirməsinlər deyə orada bir çox şəhərləri viran etməli oldular.

   Axı əslində, şəhərə yiyələnməkdən ötrü, onu viran etmək kimi digər etibarlı bir yol yoxdur. Əzəldən bəri müstəqil olan şəhəri zəbt edib, ona aman verəni şəhər özü bağışlamayacaq. Orada həmişə müstəqilliyə yetməkdən və əvvəlki qaydaların qaytarılmasından ötrü qiyam etməyə səbəb tapılacaq, axı nə vaxtın dəyişməsi, nə də təzə hakimiyyətin xeyirxahlığı bunları unutdura bilmir. Bütün cəhdlərə baxmayaraq, əgər vətəndaşları parçalayıb, pərən-pərən salmasalar, onlar heç zaman nə əvvəlki müstəqilliklərini, nə də əvvəlki qaydaları yaddan çıxarmayacaqlar və imkan düşən kimi bunları geri qaytarmağa səy göstərəcəklər, necə ki, Piza yüz il florensiyalıların hakimiyyəti altında qaldıqdan sonra bunu etmişdi.

   Əgər şəhər, yaxud ölkə hökmdarın hakimiyyəti altında olmağa alışmışsa, ancaq onun nəsli kəsilmişdirsə, şəhər əhli elədə tez silaha sarılmayacaq, axı bir tərəfdən itaətdə bulunmağa adət etdiklərindən, digər tərəfdən isə əvvəlki hökmdar olmadığından, onlar nə təzəsini seçmək, nə də müstəqilliyə yetmək işində bir razılığa gələ bilməyəcəklər. Buna görə istilaçının onların rəğbətini qazanmağa, bununla da öz təhlükəsizliyini təmin etməyə vaxtı çatacaq. Respublikalarda isə həmişə daha çox adam, daha çox nifrət, daha çox qisas almaq yanğısı var: orada heç zaman əvvəlki müstəqillik yaddan çıxmır, çıxa da bilməz. Buna görə onlar üzərində hakimiyyəti saxlamağın ən yaxşı yolu həmin yerləri viran etmək, yaxud da bu yerlərə köçüb yaşamaqdır.

   VI FƏSİL

   SİLAH VƏ ŞƏXSİ İGİDLİK NƏTİCƏSİNDƏ

   ƏLDƏ EDİLMİŞ YENİ DÖVLƏTLƏR HAQQINDA

   Hakimiyyətin əldə edilməsi haqqında, hökmdar və dövlət haqqında söhbət açarkən, mənim ən görkəmli adamlardan misal gətirmək istəyimdə heç bir qəribə şey yoxdur. Adamlar adətən, kimlərəsə bənzəmək istədiyindən, onların yolu ilə gedir və fəaliyyətini bu istiqamətdə qurur, amma həmin adamlara eynən bənzəməyin, igidlikdə onlara çatmağın mümkünsüzlüyünü nəzərə alaraq, ağıllı adamlar tanınmış ən görkəmli adamların yoluna bənzər bir yol tutub getməli və ən layiqlilər kimi hərəkət etməlidir, ona görə ki, hətta o, igidlikdə onlara tən gələ bilməsə də, heç olmasa bu ruhda köklənsin. Təcrübəli atıcılara oxşamaq lazımdır, hansı ki, hədəfin həddindən artıq uzaqda olduğunu görərək bir qədər yuxarını nişan alırlan, amma ona görə yox ki, ox yuxarıdan keçsin, məhz ona görə ki, kamanın gücünü bilərək, yuxarını nişan almaqla uzaqdakı hədəfə dəyə bilsinlər.

   Beləliklə, yeni dövlətlərdə hakimiyyətin qorunub saxlanılmasının asan və ya çətin olması yeni hökmdarın şücaətindən asılıdır. Kiməsə elə gələ bilər ki, əgər bir adam ya igidlik, ya da taleyin lütfü sayəsində hakimiyyətə gələrsə, onda bu ona sonralar bir çox çətinliklərin dəf edilməsində kömək edəcək. Əslində, hər kim taleyin lütfünə daha az ümid bağlayırdısa, o hakimiyyətdə daha çox qalırdı. Hər şey ona görə asanlaşırdı ki, yeni hökmdar başqa torpaqlara malik olmadığından istila etdiyi əraziyə köçmək məcburiyyətində olurdu.

   Taleyin lütfü ilə deyil, ancaq öz igidlikləri sayəsində hakimiyyət əldə edənlərə nəzər saldıqda, onlar arasında ən layiqliləri mən deyərdim ki, Musa, Kir, Tezey və bu kimi adamlardır. Hərçənd ki, Musa barədə müzakirə açmağa bir ehtiyac yoxdur, axı o, yalnız Tanrının iradəsini həyata keçirirdi, hər halda göylərin ona göndərdiyi müstəsna qabiliyyət qarşısında baş əymək lazımdır, çünki Allahla danışmaq, məhz bunun nəticəsində ona nəsib olmuşdur.

   Kir, habelə digər fatehlərə və səltənətlərin qurucularına müraciət edək: onların əzəmətinə məftun olmamaq çətindir, gördüyümüz kimi də onların əməlləri və qanunları ərşi-əladan gəlib Musaya təlqin olunanlardan pis deyil. Bu adamların həyatı və qəhrəmanlıqları haqqında düşündükdə, biz buna əmin oluruq ki, tale onlara yalnız imkan verib, yəni müxtəlif formalara salına bilən materialla onları təmin edib: əgər belə bir imkan olmasaydı, onlar igidlik göstərə bilməyib kölgədə qalardılar; əgər onlar igid olmasaydılar, onlara verilən imkan da hədər olardı.

   Musa əgər Misirdə İsrail xalqının misirlilər tərəfindən əsarət altında saxlanılmasını və sıxışdırılmasını görməsəydi, bundan qurtulmaq üçün onu öz ardınca getməyə sövq edə bilməzdi. Romul əgər anadan olduqdan sonra taleyin ixtiyarına buraxılmasaydı, Alba isə ona çox balaca görünməsəydi, o, nə Romanın çarı olmazdı, nə də dövlətin banisi. Əgər Kirin əzəmət sahibi olmasına qədər midiyalıların hökmranlığı farsları qıcıqlandırmasaydı, o, buna yetməzdi, midiyalılar isə zəifləyib uzunmüddətli sülhün arzusunda bulunmazdılar. Tezey əgər afinalıların bir-birindən təcrid olunmuş halda yaşamasını gəlib görməsəydi igidlik göstərməzdi. Beləliklə, bu adamların hər birinin çox yaxşı imkanı olub, lakin onların qeyri-adi igidliyi onlara bu imkanın əhəmiyyətini görməyə kömək etmişdi, bunun da nəticəsi olaraq onların vətəni məşhurlaşdı və xoşbəxtlik içində bulundu.

   Kim bu insanlar kimi qəhrəmanlıq yolunu tutub gedirsə, onun üçün hakimiyyətə yiyələnmək çətin, bunu saxlamaq isə asandır, çətinlik hər şeydən öncə ondan ibarətdir ki, onlar yeni qanun və qaydalar tətbiq etməyə məcbur olurlar, hansı ki, bunlarsız dövləti təşkil, öz təhlükəsizliklərini isə təmin etmək mümkün deyil. Axı məlumdur ki, harda ki, quruluş daha çətin, idarəetmə daha qorxulu, uğurlar isə daha şübhəlidir, bundan o yanası yoxdur, nəinki köhnə qaydaların təzələri ilə əvəzlənməsi. Kim bununla məşğul olmağa cəhd edirsə, onu köhnə qaydaları istəyən adamların qərəzkarlığı, təzə qaydaları istəyən adamların isə soyuqluğu gözləyir. Bu soyuqluq ilk növbədə iki şeylə izah olunur: həm öz düşmənlərindən qorxmaqla, hansı ki, qanun onların tərəfindədir, həm də adamlara qarşı inamsızlıqla, hansı ki, əslində heç bir təzə şeyə inanmırlar, ta o vaxta qədər ki, uzun müddət tətbiq edildikdən sonra bunun doğruluğu üzə çıxır. Köhnə qaydaların tərəfdarları, görəndə ki, fəaliyyət göstərmək imkanı var, təzə qanunların tərəfdarları zəif müdafiə olunsa da, onlar kəskin hücuma keçir, buna görə də təzə qanunun tərəfdarlarına pənah aparanlar özlərini təhlükəyə məruz qoyur.

   Bunu lazımınca araşdırmaqdan ötrü ondan başlamaq lazımdır ki, görək öz-özlüyündə bu kimi islahatçılar kifayət qədərdirmi, yoxsa onlar kənardan gətiriləcək köməkdən asılıdır, başqa sözlə, öz təşəbbüslərinin uğurunu təmin etmək üçün onlar güc istəməli, yoxsa güc tətbiq etməlidirlər. Birinci halda onlar uğursuzluğa məhkumdur, ikinci haldasa, əgər güc tətbiq edə bilsələr, onların məğlubiyyətə uğramaq ehtimalı olduqca azdır. Məhz buna görə silahlanmış bütün peyğəmbərlər qalib gəliblər, silahsızların hamısı isə həlak olub. Axı yuxarıda göstərilənlərdən savayı mütləq onu nəzərə almaq lazımdır ki, adamların xasiyyəti dəyişkəndir, əgər onu özünə inanmağa məcbur etmək asandırsa, onda bu inamı saxlamaq çətindir. Buna görə də o şeyə hazırlaşmaq lazımdır ki, xalqın inamı itdikdə bu ona güclə də olsa qaytarılsın. Əgər Musa, Kir, Romul və Tezey silahsız olsaydı, onlar özlərinin müəyyən etdikləri qanunların uzun müddət həyata keçirilməsinə nail ola bilməzdilər. Bizim zamanda yaşayan Fra Cirolamo Savonarolo ilə də olmuşdu: xalq onun müəyyən etdiyi qaydalara öz inamını itirən kimi, bunlar da heç-puç oldu; onun kim ki, hələ ona inanırdı, onlardakı inamı möhkəmləndirməyə və kim ki, artıq ona inanmırdı, onları inanmağa məcbur etməyə imkanı olmadı. Mənim sadaladığım adamlar kimilərin qarşısında olduqca çox çətinliklər və təhlükələr durur, bunların dəf olunmasından ötrü isə böyük cəsarət lazımdır. Amma məqsədə nail olunduqda, təbəələr hökmdarı qəbul etdikdə, paxıllar isə işdən kənar edildikdə, o uzun müddət əzəmət, sülh, hörmət və xoşbəxtlik içində bulunur.

   Belə dəyərli misallara, mən dəyəri nisbətən az olan misallar da əlavə etmək istərdim, amma görünür ki, və mənə elə gəlir ki, bu cür misallar burada kifayət qədər olacaq. Mən Sirakuzalı Giyeronu nəzərdə tuturam, hansı ki, adi bir adamdan gəlib Sirakuzanın çarı oldu, hərçənd ki, yaxşı imkanlardan savayı tale ona heç nə bəxş etməmişdi: Sirakuzanın sıxışdırılan sakinləri onu özlərinə sərkərdə seçdilər, o isə öz xidmətləri sayəsində onların çarı oldu. Hətta bu yüksəlişə qədər, o dövrün müəllifinin dediyi kimi o, öz şücaəti ilə o qədər fərqləndi ki, «nihil illi durat ad reqnandum praeter reqnun» («ona çarlıq etmək üçün yalnız səltənət çatmırdı» (lat)). O, köhnə ordunu buraxıb, təzəsini yığdı, köhnə müqavilələri ləğv edib, təzələrini bağladı. Öz qoşunu və müttəfiqləri kimi bir özül üstündəsə o, istənilən binanı tikə bilərdi. Beləliklə, hakimiyyətə yiyələnmək ona böyük zəhmət hesabına başa gəlsə də, bunu saxlamaq asan oldu.

   VII FƏSİL

   ÖZGƏLƏRİN SİLAHLI QÜVVƏLƏRİ HESABINA

    YAXUD DA TALEYİN HÖKMÜ İLƏ ƏLDƏ

   EDİLƏN YENİ DÖVLƏTLƏR HAQQINDA

   Kim ki, öz igidliyinə görə deyil, taleyin lütfü ilə hökmdar olubsa, belələri hakimiyyəti asanlıqla əldə etsələr də , onu çətinliklə saxlayırlar. Elə bil, hədəfə sarı gedən bütün yolu keçib getdikdən sonra onlar bir çox çətinliklərlə üzləşirlər. Mən o vətəndaşları nəzərdə tuturam ki, onlar pulun gücünə hakimiyyətə gəliblər, yaxud da bunu bir sədəqə kimi alıblar. Bu tez-tez Yunanıstanın İoniya və Hemesmonta şəhərlərində baş verirdi, bu yerlərə Dara öz adına və təhlükəsizliyinə görə canişinlər təyin edirdi; bu tez-tez Romada baş verirdi; orada xüsusi şəxslər əsgərləri pulla öz tərəfinə çəkmək yolu ilə özlərini təntənəli surətdə imperator elan etməyə cəhd edirdilər.

   Belə hallarda hökmdarlar tamamilə onları hakimiyyətə gətirənlərin iradəsindən və uğurlarından asılı olurlar, yəni son dərəcə dönük və şıltaq qüvvələrin; hakimiyyəti saxlamağa isə onların gücü çatmır, həm də bunu bacarmırlar. Ona görə bacarmırlar ki, xüsusi istedad və igidlikdən məhrum olan, habelə ömrü boyu adi bir vəzifə tütan adamın idarəetməni gedib haradansa öyrənməsi mümkün iş deyil; gücü də ona görə çatmır ki, nə müttəfiqləri, nə də sidq ürəklə arxalanmağa bir kəsləri yoxdur, bu haradan gəldiyi məlum olmayan hökmdarlar, təbiətdə olduqca tez yaranıb, boy atan bütün şeylər kimi, nə kök salmağa, nə də şaxələnməyə macal tapmır, buna görə də birinci pis havadaca məhv olur. Yalnız əsl igidliyə malik olan adam gözlənilmədən yüksəldikdə, taleyin ona bəxş etdiyini itirməyə bilər, yəni artıq hökmdar olduqdan sonra başqalarının hələ hakimiyyətə yiyələnməzdən əvvəl qoyduğu özülü qoya bilər.

   Bu iki imkanla – igidlik və ya taleyin lütfü ilə yüksəlməyi, mən sizə eyni dərəcədə məlum olan iki misalla göstərəcəyəm: mən Françesko Sfortsa və Çezare Bordcanı nəzərdə tuturam. Françesko böyük igidlik göstərərək, eyni surətlə Milanın hersoqu oldu və ona böyük səylər hesabına başa gələn hakimiyyəti çətinlik çəkmədən saxladı. Sadə adamlar tərəfindən hersoq Valentine adlandırılan Çezare Bordca isə, onun atasını yüksəklərə qaldıran hakimiyyəti taleyin lütfü sayəsində əldə etmişdi; amma atasını itirdikdən sonra o, hakimiyyəti də itirdi, hərçənd ki, müdrik və cəsarətli adam kimi, mümkün olan bütün səy və bacarığını ortaya qoydu ki, özgələrin silahlı qüvvələri və uğuru hesabına əldə edilmiş dövlətlərdə möhkəmlənsin. Axı mən artıq necə ki, demişdim, əgər özül yoxdursa, onda böyük fədakarlıq göstərməklə, bunu sonralar da qoymaq olar, hətta inşaatçının böyük səyi və bütün tikintinin riski hesabına olsa da belə.

   Hersoqun fəaliyyətini təhlil etdikdə, onun gələcəkdə qüdrətli olmaqdan ötrü möhkəm özül qoyduğunu asanlıqla yəqin etmək olur və hökmdardan ötrü bundan yaxşı dərs olmadığından, mən bunu müzakirə etməyi lazım bilirəm. Hersoqun ehtiyatkarlığı onun iflasının qarşısını ala biliməsə də bu onun günahı deyildi, əslində, taleyin həddən artıq qərəzli olmasından irəli gəlirdi.

   VI Aleksandr öz oğlunu yüksəltmək istəsə də qabaqcadan nəzərə aldı ki, onları bura aparan yolun üstündə həm indiki, həm də gələcək zamanda böyük çətinliklər gözləyir. Hər şeydən öncə o, başa düşürdü ki, onun malik olduğu torpaqlar kilsənin ixtiyarındadır, amma bunlardan birinin hersoqa verilməsi üçün edilən hər bir cəhdin qarşısını Milan hersoqu və venetsiyalılar alacaqdı, hansı ki, artıq Faentsi və Riminini öz himayələri altına almışdılar. Üstəlik, İtaliyadakı qoşun, xüsusən də, hansının ki, köməyindən istifadə etmək olardı, papanın güclənməsindən narahat olan adamların rəhbərliyi altında idi, yəni Orsininin, Kolonnanın və onların tərəfdarlarının. Beləliklə, dövlətlərdən bəzilərini asanlıqla ələ keçirməkdən ötrü hər şeydən öncə müəyyən edilmiş qaydanı pozub, onların arasını vurmaq lazım idi. Bunu həyata keçirmək ona görə asan oldu ki, venetsiyalılar öz maraqları naminə fransızları İtaliyaya dəvət etdilər, buna isə papa nəinki mane olmadı, hətta kral Lüdovikin əvvəlki nigahının pozulmasına kömək etdi.

   Bu surətlə kral, venetsiyalıların köməkliyi və Aleksandrın razılığı ilə İtaliyaya girdi, Milanı əldə edən kimi, dərhal papaya dəstə göndərdi ki, o da bunun köməkliyi ilə Romanyaya sahib oldu, bu isə ona görə cəzasız qaldı ki, onun arxasında kral durmuşdu. Romanya, bu minvalla, hersoqun ixtiyarına keçdi, Kolonnanın dəstəsi isə məğlubiyyətə uğradı, amma hersoq hər halda bundan o yana gedə bilmədi, zira iki əngəl var idi: birincisi, ordu, hansı ki, ona şübhəli görünürdü, ikincisi Fransanın planı. Başqa sözlə, o, ona görə narahat idi ki, Orsininin qoşunu, hansı ki, onun xidmətində bulunurdu, onu tərk etməklə, yaxud bundan da pisini, kralın edəcəyi işi etməklə, yəni əldə edilmiş şeyləri zorla ondan almaqla, onun arzu və niyyətlərini poza bilərdi. Orsininin döyüşçüləri barəsində o zaman şübhəyə düşdü ki, Faentsi ələ keçirdikdən sonra o, onları Balonyanın üzərinə apardı və gördü ki, onlar həvəssiz hücuma keçirlər, kralın məqsədini isə Urbinonu götürdükdən sonra Toskana istiqamətində hərəkət etməyə başlayan zaman başa düşdü, o isə onu geri çəkilməyə məcbur etdi. Buna görə hersoq qərara aldı ki, nə özgələrin silahlı qüvvələrinə, nə də kiminsə dəstəyinə bel bağlamasın. Əvvəlcə o, Orsini və Kolonnanın Romada olan dəstələrini zəiflətdi: onların tərəfində olan bütün zadəganları qulluğa götürüb, yüksək məvacib verməklə tovlayıb, öz yanına çəkdi, orduda rəhbərlikdə olan yerləri hər kəsin qabiliyyətinə görə bölüşdürdü, belə ki, bir neçə aydan sonra onlar öz dəstələrini tərk edib, hersoqun tərəfinə keçdilər. Sonra o, Kolonnanın axırına çıxıb, Orsininin dəstəsinin rəhbərləri ilə hesablaşmaq üçün əlverişli məqam gözləməyə başladı. Əlinə düşən yaxşı imkandan o, əla surətdə istifadə etdi. Orsini kilsənin güclənməsinin onlar üçün xətərli olduğu fikrinə gəldiyindən, Perudcanın yaxınlığında yerləşən Madconedə məşvərət çağırdılar. Bu məşvərət hersoq üçün bir çox ciddi işlərlə, hər şeydən öncə Urbinodakı üsyanla və Romanyadakı iğtişaşla nəticələnsə də o, fransızların köməkliyi ilə bunların öhdəsindən gəldi.

   Hersoq əvvəlki nüfuzunu qaytararaq, sonralar özünü təhlükəyə məruz qoymamaq və yalana əl atmamaq üçün qərara gəldi ki, daha nə Fransaya, nə də başqa bir xarici qüvvəyə bel bağlamasın. O, Orsininin başını o qədər qatdı ki, hər cür lütfkarlıq göstərib qəbul etdiyi, həm də libas, at və pul bağışladığı sinyor Paolo vasitəsilə əvvəlcə onunla sülh bağladı, sonra isə Siniqalda ona könüllü surətdə təslim oldular.

   Beləliklə, dəstələrin rəhbərləri ilə hesablaşdıqdan sonra onların tərəfdarlarını öz tərəfinə çəkən hersoq öz əzəməti üçün çox möhkəm özül qoydu: Urbino hersoqluğu ilə bərabər bütün Romanya onun ixtiyarına keçdi, ən vacibi isə o, inanırdı ki, xalq idarəçilikdə onun alicənablığını gördükdən sonra onu sevir. Hersoqun fəaliyyətinin bu dövrü diqqətə və təqlid edilməyə layiqdir, buna görə mən bunun üstündə ətraflı dayanmaq istərdim. Romanyanı almazdan əvvəl, orada dəyərsiz hökmdarlar hökm sürürdü, hansı ki, öz təbəələrinin qeydinə qalmaqdan çox, onları talan edirdilər və həmrəyliyə deyil, ədavət toxumu səpməyə çalışırdılar, belə ki, bütün bölgə çəkişmədən, daxili qarışıqlıqdan və qanunsuzluqdan əziyyət çəkirdi. Romanyaya yiyənləndiklən sonra hersoq onu möhkəm əllərə tapşırmağı qərara aldı ki, aranı sakitləşdirsin və ali hakimiyyətə tabe etsin, bu məqsədlə də bütün səlahiyyəti sərt və əzmkar adam olan messer Ramiro de Orkoya verdi. O, qısa müddət ərzində Romanyada sakitlik yaratdı, çəkişmələrə son qoydu və bütün bölgəni qorxu altında saxladı. Bundan sonra hersoq qərara aldı ki, hakimiyyəti həddən artıq əlində cəmləməyə ehtiyac yoxdur, zira bu təbəələrin qəzəbinə səbəb ola bilər və başda hörmətli adam olmaqla mülki məhkəmənin əsasını qoydu, burdasa hər şəhərin marağını güdən vəkil vardı.

   Amma əvvəlki sərtliyinin xalqda hər halda ona qarşı pis fikir yaratdığını başa düşərək, o, günahı öz boynundan atmaqdan və təbəələrin rəğbətini qazanmaqdan ötrü onlara göstərdi ki, baş verən sərt idarəetmənin günahı onda yox, onun kobud canişinindədir. Bir gün səhər isə onun əmrilə Cezenedəki meydanda kötüyün və qana bulaşmış qılıncın yanında messer Ramiro de Orkonun yarıya bölünmüş bədəni atılmışdı. Xalqın gördüyü bu qəddarlıq, onu eyni zamanda həm qane etdi, həm də heyrətləndirdi.

   Amma biz yayındığımız məsələnin üstünə qayıdaq. Beləliklə, hersoqun öz qoşunu oldu və qonşuluqda yerləşdiyinə görə onun üçün təhlükəli olan qoşunun böyük bir hissəsini darmadağın etdi, bununla da öz qüdrətini artırıb, müəyyən dərəcədə öz təhlükəsizliyini təmin etdi; indi ona yalnız Fransa kralı mane olurdu: kral öz səhvini olduqca tez başa düşsəydi belə sonrakı işğalçılığa dözə bilməyəcəkdi. Buna görə hersoq yeni müttəfiqlər axtarmağa başladı və Fransaya münasibətdə özünün qeyri-müəyyənliyi ilə fərqləndi, bu, məhz o zaman idi ki, fransızlar Qaetanı mühasirədə saxlayan ispanlara qarşı yürüşə başlamağı qət etmişdilər. O, Fransa ilə münasibəti pozmaq istəyirdi, əgər papa Aleksandr bu işi uzatmasaydı, bu ona çox tezliklə müyəssər olacaqdı.

   Hersoq həmin zamanda belə hərəkət edirdi. Gələcəkdə isə hamıdan çox Aleksandrın ehtimalda olan xələfi təhlükəli idi, hansı ki, yalnız düşmənçilik etməklə kifayətlənməzdi, həm də Aleksandrın hersoqa verdiklərinin hamısını geri ala bilərdi. Bunun olmaması üçün o, dörd ehtiyat tədbiri düşündü: hər şeydən öncə təzə papanın, onun müflis etdiyi hökmdarları müdafiə etmək üçün bəhanəsi olmasın deyə onları ailələri ilə birlikdə məhv etmək; ikincisi, Roma kübarlarının rəğbətini qazanmaq ki, Aleksandrın gələcək xələfinin cilovunu onların köməkliyi ilə əlində saxlaya bilsin; üçüncüsü, kardinalların heyətində onun adamları mümkün qədər çoxluq təşkil etsin; dördüncüsü, papa Aleksandrın ölümünə qədər öz ərazilərini çalışıb o qədər genişləndirsin ki, xaricdən olan birinci təzyiqin qarşısını müstəqil surətdə ala bilsin. Aleksandrın ölümünə qədər hersoq öz planının dörddə üç hissəsini həyata keçirdi, dörddə bir hissəsini də həyata keçirmək ərəfəsində idi. Müflis etdiyi hökmdarlardan hansına əli çatdısa, onu məhv etdi, yalnız az qisminə xilas olmaq müyəssər oldu; Roma kübarlarını öz tərəfinə çəkdi; kardinalların heyətində çoxunun dəstəyini qazandı. Ərazilərini genişləndirməyə gəldikdə isə o, Toskananın hökmdarı olmağı qət etməklə, Perudca və Pyombinonu zəbt etməyə, Pizanı isə öz himayəsi altına almağa müvəffəq oldu. Bu vaxt artıq o, Fransadan qorxmaya bilərdi; ispanlar fransızları Neapol krallığından tamamilə sıxışdırıb çıxardıqdan sonra, onlar da, o birilər də hersoqla yaxın münasibətdə bulunmağa məcbur oldular. Belə ki, Pizanı almağa da çox qalmamışdı. Bundan dərhal sonra həm qorxudan, həm də florensiyalıların acığına Siyena və Lukka da az qala təslim olacaqdı; florensiyalılar isə çıxılmaz vəziyyətə düşmüşdülər. Bunların hamısı hələ ilin axırında papa Aleksandr ölən vaxt baş verə bilərdi, əgər baş versəydi, hersoq elə bir qüdrət və nüfuz sahibi olacaqdı ki, o, nə heç kimin himayəsinə ehtiyac duymayacaqdı, nə də özgələrin silahlı qüvvələrindən və uğurundan asılı olmayacaqdı, yalnız öz cəsarəti və gücünə güvənəcəkdi. Amma hersoq birinci dəfə qılınca öz atasının ölümünə cəmi beş il qalmış əl atdı və öz hakimiyyətini yalnız bir dövlət üzərində – Romanyada möhkəmləndirə bildi, digər dövlətləri almaq cəhdi isə iki qorxulu düşmən qoşununun əhatəsində və ölüm ayağında olduğu halda yarımçıq qalmışdı.

   Bununla belə hersoq hünər və fədakarlıq cəhətdən o dərəcədə aşıb-daşırdı ki, o, adamları elə yaxşı cəlb edib, bir yerə toplayırdı ki, qısa zaman ərzində qurduğu hakimiyyətin bünövrəsi o qədər möhkəm idi ki, düşmən orduları onu iki tərəfdən sıxsa da və ya xəstəlikdən təngə gəlsə də o, yenə hər bir çətinliyi üstələyəcəkdi. Biz onun hakimiyyətinin möhkəm əsaslar üzərində qurulduğuna əmin olduq: Romanya onu bir aydan artıq gözlədi; hətta Romada ölüm ayağında olduqda belə o, təhlükədən uzaq idi: ora gələn Balyoni, Orsini və Vitelli heç kimi öz arxasınca apara bilmədi; onun istədiyi adam papa seçilməsə də o, hər halda ona nail oldu ki, istəmədiyi adam da bu vəzifədən kənarda qaldı. Əgər hersoq papa Aleksandr ölən vaxtda ölüm ayağında olmasaydı, o, istənilən çətinliyi asanlıqla dəf edə bilərdi. II Yuli seçilən zaman o, mənə dedi ki, ehtiyat üçün hər şeyi nəzərə alıb, əgər atası ölərsə, istənilən vəziyyətdən çıxacaq, amma tək bir şeyi – həmin zaman ölüm ayağında ola biləcəyini nəzərdən qaçırmışdı.

   Hersoqun hərəkətini təhlil etdikdə mən tənəyə layiq heç nə görmürəm; üstəlik mənə elə gəlir ki, o, taleyin lütfü ilə və ya özgələrin silahlı qüvvələri hesabına hakimiyyəti əldə edənlərin hamısına bir örnək ola bilər. Axı böyük fikirlərlə yaşayan və qarşısına yüksək məqsədlər qoyan bu adam başqa cür hərəkət edə bilməzdi: yalnız Aleksandrın vaxtsız ölümü və onun özünün xəstəliyi məqsədlərinin həyata keçməsinə mane oldu. Beləliklə, hər kim təzə dövlətdə özünü düşmənlərdən qorumaq, dost tapmaq, güc tətbiq etməklə, yaxud bicliklə qələbə qazanmaq, xalqa qorxu və məhəbbət, əsgərlərə itaət və hörmət təlqin etmək, etibarlı və sədaqətli orduya malik olmaq, bacarıqlıları toplamaq, yaxud mükəlləfiyyəti olanlara ziyan vurmaq, köhnə qaydaları təzələmək, etibarsız ordudan yaxa qurtarmaq və özününkünü təşkil etmək, tələbkarlıq və xeyirxahlıq, alicənablıq və səxavət göstərmək, nəhayət, hökmdar və kralların işə yaraması, habelə hücum etməkdən çəkinməsi üçün onlarla dostluq etmək istəyirsə – onların hamısı özü üçün çətin ki, hersoqun hərəkətindən daha əsaslı nümunə tapa bilsin. Onu yalnız bir şeydə – Yulinin kilsə başçısı seçilməsində günahlandırmaq olar. Bu məsələdə o, hesablamanı düz aparmamışdı, zira o, özünə lazım olanı keçirə bilməsə də, artıq biz dediyimiz kimi arzu edilməyən adamı aradan götürə bildi, buna görə o, heç bir vəchlə kardinalların papa hakimiyyətində bulunmasına yol verməməliydi, o kardinalların ki, onları o, əvvəllər incitmişdi, yaxud onların ki, seçildikləri halda onlardan ehtiyatlanmaq lazım olacaqdı. Axı insanlar ya qorxduqlarına, ya da nifrət etdiklərinə görə qisas alırlar. San-Pyetro in Vikula, Kolonna, San-Corco, Askanio onun alçaltdığı adamlar sırasında idi, digərləri taxt-tac sahibi olduqlarından ondan çəkinə bilərdilər. İspanlarla Ruan kardinalı isə istisnalıq təşkil edirdi, birincilər – qohumluq əlaqələrinə və götürdükləri öhdəliyə görə, ikinci – onun arxasında dayanan Fransa krallığına görə. Bunun üçün hər şeydən öncə ispanların içərisindən birinin seçilməsinin qeydinə qalmaq lazım idi, bədəbəddə Ruan kardinalının, San Pyetro in Vinkulanın seçilməsinə isə heç bir vəchlə yol vermək olmazdı. Kim hesab edirsə ki, yenidən edilən yaxşılıqlar bu dünyanın böyüklərinə köhnə inciklikləri unutdura bilər, zənni onu azdırır. Beləliklə, hersoq öz hesabında yanıldı, bu da nəhayət, onun məhvinə səbəb oldu.

   VIII FƏSİL

   HAKİMİYYƏTİ CİNAYƏT YOLU İLƏ

    ƏLDƏ EDƏNLƏR HAQQINDA

   Hər halda hökmdar olmağın daha iki yolu var, hansı ki, nə taleyin lütfünə, nə də igidliyə müncər deyil; mənə elə gəlir ki, bunun üstündən ötüb keçmək olmaz; hərçənd ki, bunlardan birini respublikalar haqqında söhbət gedən vaxt təhlil etmək daha yerinə düşərdi. Mən bir adamın ali hakimiyyəti ya cinayət yolu ilə, ya da vətəndaşların göstərdiyi iltifat nəticəsində əldə etməsini nəzərdə tuturam. Birinci vasitədən danışarkən iki hadisəni önə çəkəcəyəm – onlardan biri keçmişdə, digəri bizim zamanda baş verib, bununla da kifayətlənəcəyəm, hesab edirəm ki, bu iki hadisə, tarixdən kimə iqtibas lazımdırsa, ona bəs edəcək.

   Siciliyalı Aqafokl Sirakuzada taxta oturdu, hərçənd o, nəinki sadə, hətta aşağı və hamının həqarətlə baxdığı bir zümrədən idi. O, dulusçu ailəsində anadan olmuşdu və şərəfsiz bir həyat sürürdü, amma cavanlıq illərindən öz əzmkarlığı və qəşəng qədd-qamətə malik olması ilə fərqləndiyi üçün, hərbi xidmətdə bulunub, Sirakuzada yavaş-yavaş pretor vəzifəsinə qədər gəlib çatdı. Bu vəzifəni tutduqdan sonra o, Sirakuzanın hökmdarı olmaq, bununla da könüllü surətdə ona həvalə edilən şeyi mənimsəmək istədi. Bu zaman Siciliyada olan karfagenli Hamilkarı öz planı ilə tanış etdi, bir gün səhər isə o, guya respublikaya aid olan məsələləri həll etmək üçün Sirakuzanın sakinlərini və senatını bir yerə topladı; hamı yığıldıqdan sonra onun əsgərləri, onlara verilən işarəni görcək bütün senatorları və xalqın içərisində olan varlı adamları öldürdülər. Onlara bu minvalla divan tutduqdan sonra Aqafokl vətəndaşlar tərəfindən kiçicik belə etiraz olmadan idarəetməyə başladı. Karfagenlilər onu iki dəfə darmadağın etsələr də, hətta mühasirədə saxlasalar da, o, şəhəri nəinki tərk etmədi, hətta öz adamlarının bir qismini onun müdafiəsi üçün qoyub, digər qismi ilə Afrikaya soxuldu; qısa müddət ərzində o, Sirakuzanı mühasirədən qurtardı və karfagenliləri o dərəcədə zəiflətdi ki, onlar onunla saziş imzalamağa məcbur oldular, o şərtlə ki, özləri Afrikadakı əraziləri ilə kifayətlənirlər, Sİciliyanı isə Aqafokla verirlər.

   Düşündükdə biz görürük ki, Aqafoklun nə həyatında nə də hərəkətlərində, demək olar, taleyin lütfü baxımından qazanmış olduğu heç bir şey yoxdur, axı artıq deyildiyi kimi o, hakimiyyəti kiminsə himayəsi sayəsində deyil, bir çox təhlükə və məhrumiyyətlərlə üzləşmiş olduğu hərbi xidmətdə əldə etmiş, bunu da mətanət və şücaətini ortaya qoymaqla, cəsarətli hərəkətləri sayəsində saxlamışdı. Amma vətəndaşların öldürülməsinə, satqınlığa, namərdliyə, qəddarlığa və cinayətə yaxşı ad vermək olmaz: bütün bunların sayəsində hakimiyyətə yetmək olar, şərəfə, ad-sana isə yox. Belə ki, əgər çətinliklər zamanı onun göstərdiyi hünəri, hansı əzmkarlıqla əzab-əziyyətə qatlaşmasını önə çəksək, onda çətin ki, o, hər hansı bir sərkərdədən geri qalsın, amma onun qəddarlığını və amansızlığını, törətdiyi bütün cinayətləri andıqda onu görkəmli adamlarla müqayisə etmək olmaz. Beləliklə, onun nail olduğu işlərin nə taleyin lütfünə, nə də igidliyə heç bir dəxli yoxdur.

   Bizim dövrdə, papa Aleksandrın vaxtında isə başqa bir hadisə baş verib. Fermodan olan Oliveretto uşaqlıqdan yetim qaldığı üçün Covanni Folyani adlı dayısının yanında tərbiyə almış, hələ cavanlıqdan hərb elminə yiyələnib, orduda layiqli yer tutmaq üçün Paolo Vitellinin komandanlığı altında xidmətə başlamışdı. O, Paolo öldükdən sonra onun qardaşı Vitellotsonun komandanlığı altına keçdi və fərasətli, güclü, həm də cəsur bir adam olduğundan çox tezliklə orduda birinci oldu. Amma başqa adamların tabeçiliyində bulunmağı həqarət sanaraq o, Vitellotsonun xeyir-duası və öz vətənlərinin köləliyini onun müstəqilliyindən üstün tutan bir sıra həmvətənlərinin köməkliyi ilə Fermonu zəbt etməyi qərara aldı. Covanni Folyaniyə göndərdiyi məktubda ərz etdi ki, uzun illərin ayrılığından sonra, yolüstü ona qalan mirasın qədərini müəyyənləşdirərək doğma yerlərə gedib dayısına baş çəkmək istəyir, zəhmətə qatlaşmaqla o, yalnız ad-san haqqında düşünür, həmyerlilərinə də vaxtının boş yerə keçmədiyini göstərmək arzusunda olduğundan sanballı bir heyətin – yüz atlının, öz dostları və xidmətçilərinin müşayiəti altında yola çıxmasına icazə istəyir, Fermonun sakinləri də qoy onu elə hörmətlə qəbul etsinlər ki, bu yalnız onun özünə yox, həm də ona atalıq edən dayısına zövq versin. Covanni Folyani bacısı oğlunun xahiş etdiyi şeylərin hamısını yerinə yetirdi, şəhər əhlinin də onu hörmətlə qarşılamasının qeydinə qaldı. Gəlib öz evində yerləşdikdən sonra bir neçə gün, yəni planlaşdırılmış cinayətə hazırlıq başa çatana qədər gözlədi və bayram naharı təşkil edərək bura Covanni Folyanini və Fermonun bütün adlı-sanlı adamlarını dəvət etdi. Yeyib-içməyi və əylənməyi, hansı ki, belə vaxtlarda olur, qurtardıqdan sonra Oliverotto qəsdən papa Aleksandrın və onun oğlu Çezarenin işləri və böyüklüyü barəsində xətərli söhbətə başladı. Covanni və başqaları ona cavab verdikdə isə o, qəfildən qalxaraq ərz etdi ki, belə söhbətləri xəlvət yerdə davam etdirmək yaxşı olar, bunu deyib içəri otaqlara keçdi, dayısı və o biri adlı-sanlı qonaqlar da onun ardınca getdilər. Ancaq oturmağa macal tapmamış, pusquda duran əsgərlər çıxıb onların hamısını öldürdülər. Bu qırğından sonra Oliveretto ata minib sürətlə şəhərin o biri başına çapdı və saraydakı yüksək çinli məmurları tutub saxladı, onlar qorxularından ona tabe oldular və yeni idarə təşkil etdilər, Oliverottonu isə şəhərin hakimi elan etdilər. Narazı qalıb, ona zərər yetirə biləcək bütün adamların axırına çıxdıqdan sonra Oliverotto tətbiq etdiyi yeni hərbi və mülki qaydalarla öz hakimiyyətini möhkəmləndirdi, həmin vaxtdan da Fermoda ona qarşı nəinki təhlükə yox idi, hətta onun özü bütün qonşu dövlətlər üçün artıq təhlükəyə çevrilməyə başlamışdı. Qeyd edildiyi tək, Siniqalda iki başçını – Orsini və Vitellini tovlayıb tələyə salan Çezare Bordca əgər Oliverottonu aldatmasaydı, Aqafokl kimi onu da şəhərdən qovub çıxarmaq çətin olacaqdı; Oliverotto atalığının qətlindən bir il sonra göstərdiyi igidliklərdə və etdiyi cinayətlərdə ona müəllimlik etmiş olan Vitellotso ilə bərabər ora gəldi və oradaca onu öz müəllimi ilə birlikdə boğub öldürdülər.

   Kimsə təəccüb edə bilər ki, nəyə görə vicdansızlıq və xəyanət nəticəsində özünə yol açan Aqafokl və onun kimilərinə öz vətənlərində uzun zaman xoşbəxt yaşamaq, xarici düşmənlərdən müdafiə olunmaq və şəhər camaatının sui-qəsdinə tuş gəlməmək müyəssər olub, halbuki bir çoxları nəinki təhlükəli müharibə zamanlarında, hətta hökm sürən sabitlikdə də hakimiyyəti qəddarlıq yolu ilə saxlaya bilməyiblər. Bu, mənə elə gəlir ki, qəddarlığın növ-növ olmasından irəli gəlir. Qəddarlıq etmək o halda yaxşıdır ki, bu vaxt pis işi yaxşı adlandırmaq olsun – bunu dərhal və əmin-amanlığa nail olmaq üçün etdikdə, bundan sui-istifadə etmirlər və bunu mümkün qədər təbəələrin xeyrinə yönəldirlər; siftə qisasçılığın nadir hallarda baş verdiyi və bunun azalmayıb, əksinə tədricən artdığı yerlərdə isə bunu tətbiq etmək pisdir. Birinci üsula uyğun surətdə fəaliyyət göstərdikdə Allahın və insanların köməkliyi ilə, Aqafokl kimi, hakimiyyəti saxlamaq mümkündür, ikinci üsula uyğun surətdə fəaliyyət göstərdikdə – mümkün deyil.

   Bundan belə nəticə çıxarmaq olar ki, dövləti istila edən şəxs bütün haqsızlıqları qabaqcadan görməlidir ki, bunlara birdəfəlik son qoysun və hər gün bu işin üstünə qayıtmasın, onda insanlar tədricən sakitləşər, hökmdar isə onlara əl tutub, yavaş-yavaş hamının razılığını qazana bilər. Hər kim qorxudan və ya pis bir niyyət ucbatından özünü başqa cür aparsa, onda artıq ona öz qılıncını qınına qoymaq və davam edən yeni-yeni haqsızlıqlardan əziyyət çəkən təbəələrinə bel bağlamaq nəsib olmayacaq. Beləliklə, cəzanı dərhal vermək lazımdır; bunun acısını nə qədər az adam çəksə, ziyanı daha az olar, yaxşılığı isə mümkün qədər yaxşı duymaq üçün, bunu tədricən etmək məsləhətdir. Hökmdar üçünsə ən başlıcası təbəələrlə elə davranmaqdır ki, heç bir hadisə, bu istər pis olsun, istərsə yaxşı, onun onlara qarşı olan münasibətini dəyişdirməsin, zira ara qarışdıqda kiməsə pislik etmək gec olacaq, yaxşılığın isə mənası olmayacaq, çünki arzularına rəğmən bunu ideal bir şey hesab edəcəklər və bu yaxşılığa görə razılıq edən olmayacaq.

   IX FƏSİL

   VƏTƏNDAŞ TƏKHAKİMİYYƏTLİLİYİ HAQQINDA

   Mən indi o hadisələrə müraciət edəcəyəm ki, bunlarda hər hansı bir şəxs cinayət və qanunsuzluq yolu ilə deyil, vətəndaşların istəyi ilə öz ölkəsində hökmdar olur, bu işin baş tutması üçün sadəcə olaraq, igidlik və bəxtin gətirməsi kifayət deyil, burda daha çox yaxşı bir fənd işlətmək lazımdır. Qeyd etmək lazımdır ki, belə təkhakimiyyətlilik – bunu vətəndaş təkhakimiyyətliliyi adlandırmaq olar, – ya zadəganların, ya da xalqın tələbi ilə təsis edilir, zira elə bir şəhər yoxdur ki, orada bu iki tərəf həmrəy olsun. Zadəganlar xalqı itaətdə saxlamağa və sıxışdırmağa çalışır, xalq itaətdə və təzyiq altında olmaq istəmir, bu iki tərəfin arasında baş verən toqquşma isə öz həllini üç yolla tapır, yəni ya təkhakimiyyətliliklə, ya anarxiya ilə, ya da hürriyyətlə.

   Təkhakimiyyətlilik ya zadəganlar, ya da xalq tərəfindən təsis olunur, bu, əlverişli məqamın birinci olaraq kimin əlinə düşməyindən asılıdır. Zadəganlar xalqın qarşısında duruş gətirməyəcəklərini gördükdə, özününkülərdən birinə söykənib öz məqsədlərini həyata keçirmək üçün onu hökmdar elan edirlər. Xalq da, həmçinin, zadəganlara qarşı müqavimət göstərə bilməyəcəyini gördükdə, hansısa bir adamı yüksəldir ki, onun hakimiyyətinə söykənməsilə özünü müdafiə edə bilsin. Zadəganların dəstəyi ilə hakimiyyətə gələn adama bunu saxlamaq daha çətindir, nəinki xalqın dəstəyi ilə buna yetən adam, zira hökmdarın ətrafı özlərini ona bərabər tutan zadəganlardan ibarət olduqda o, nə hökm edə, nə də müstəqil surətdə fəaliyyət göstərə bilir. Hakimiyyətə xalqın dəstəyi ilə gəlmiş adamsa idarəetmə ilə tək məşğul olur və onun ətrafında, demək olar, elə bir kəs yoxdur ki, ona tabe olmaqdan boyun qaçırsın.

   Bundan əlavə, zadəganların iddialarını vicdanla, digərlərini sıxışdırmadan təmin etmək mümkün olmadığı halda xalqın tələblərini təmin etmək mümkündür, çünki xalq daha doğru məqsədə qulluq edir: zadəganlar xalqı sıxışdırmaq istəyir, xalqsa təzyiq altında bulunmaq istəmir. Üstəlik, düşmənçilik əhval-ruhiyyəsində olan xalqa qarşı, o çoxluq təşkil etdiyindən, heç nə etmək olmaz, zadəganlara qarşı isə olar, çünki onlar azdırlar. Nəhayət, xalq hökmdarı rədd edə bilər, halbuki düşmənçilik əhval-ruhiyyəsində bulunan zadəganlar hökmdarı nəinki rədd edə, hətta ona qarşı çıxa da bilər, çünki onlar daha tədbirli, daha hiyləgər, əvvəlcədən nicat yolunu düşünən adamlardır, hər kim də güclüdürsə ona yaltaqlıq edirlər. Bunu da əlavə edək ki, hökmdar xalqı seçmək iqtidarında olmasa da, cəzalandırmaq və bağışlamaq, özünə yaxınlaşdırmaq və özündən uzaqlaşdırmaq hüququna malik olduğundan zadəganları seçə bilir.

   Axırıncı cümləni mən daha müfəssəl surətdə təhlil edəcəyəm. Adlı-sanlı adamlarla onların hərəkətlərinə uyğun olaraq davranmaq lazımdır. Onlardan isə iki cür hərəkət gözləmək olar: onlar ya göstərəcəklər ki, hökmdarın taleyini onunla bölüşməyə hazırdırlar, ya da bunun əksini nümayiş etdirəcəklər. Birincilərə, əgər onlar şöhrətpərəst deyillərsə, hörmət etmək və mehribanlıq göstərmək lazımdır, ikincilərə gəldikdə isə, burda iki şey müəyyənləşdirilməlidir. Əgər bu adamlar özlərini qorxaqlıq və qətiyyətsizlik üzündən belə aparırsa, onlardan istifadə etmək lazımdır, ələlxüsus, o kəslərdən ki, onların müəyyən işlərdə təcrübəsi var. Yox, əgər onlar özlərini şöhrət düşgünü olduqlarına görə qəsdən belə aparırsa, onda bu o deməkdir ki, onlar özlərini hökmdardan üstün tuturlar. Bu halda onlardan aşkarda olan düşmənlər qədər ehtiyat edib, qorxmaq lazımdır, çünki ara qarışdıqda onlar hökmdarı hər an məhv edə bilər.

   Beləliklə, əgər hökmdar hakimiyyətə xalqın dəstəyi ilə gəlibsə, onunla olan dostluq münasibətini saxlamalıdır, bu isə çətin deyil, zira xalqın istədiyi şey odur ki, onu sıxışdırmasınlar. Lakin hökmdar əgər xalqın iradəsinin ziddinə olaraq, hakimiyyətə zadəganların dəstəyi ilə gəlibsə, o, hər şeydən öncə xalqın inamını qazanmalıdır, xalqa havadarlıq etsə, buna da nail olmaq asandır. Axı insanlar elədir ki, onlar kimdənsə pislik gözlədikləri halda, ondan yaxşılıq gördükcə, onlara yaxşılıq edənə daha çox bağlanırlar, buna görə xalq özü hökmdar seçəcəyi təqdirdə ona nə qədər meyl edəcəkdisə, biz dediyimiz halda bundan artıq ona meyl edəcək. Xalqın dəstəyini isə müxtəlif yollarla qazanmaq olar, mən bunlar barədə danışmayacağam, çünki bunlar müxtəlif hallarda müxtəlif cür olur və heç bir qaydaya müncər deyil.

   Sonda yalnız bunu deyəcəyəm ki, hökmdar xalqla yaxınlıq etməlidir, əks təqdirdə ara qarışan kimi onu devirəcəklər. Spartanın hökmdarı Nabid, Yunanıstan və müzəffər Roma ordusu tərəfindən mühasirəyə alınsa da həm hakimiyyətini saxladı, həm də vətənini qorudu, axı təhlükənin ortaya çıxması ilə əlaqədar olaraq o, cəmi bir neçə adamı aradan götürməyə məcbur olmuşdu, əgər onun xalqla münasibəti düşmənçilik səviyyəsində olsaydı, o, buna nail ola bilməzdi. Bunu «Xalqa bel bağlamaq qum üzərində nəsə tikmək kimi bir şeydir» zərbi-məsəli ilə inkar etmək lazım deyil. Düşmənlərin və ya magistratın əlinə keçdikdə, xalqa bel bağlayan və xalqın onu azad etməsinə ümid edən sadə vətəndaşa münasibətdə bu zərbi-məsəl doğru deyildir. Belə bir təqdirdə, həqiqətən, Romada Qrakxi və ya Florensiyada messer Corce Skale kimi səhv etmək olar. Lakin hökmdar əgər xalqa bel bağlayırsa, söhbət o hökmdardan gedir ki, o, xahiş etmir, ancaq hökm edir, əgər o, cəsarətlidirsə, çətinliklər qarşısında əyilməzdirsə, müdafiəyə lazımi səviyyədə hazırlaşmağa laqeydlik göstərmirsə, özünün sərəncamları və cəsarəti ilə ətrafdakıları ruhlandırırsa, beləsi xalqa arxalanmaqda heç vaxt səhv etməyəcək və arxasının möhkəm olmasına əmin olacaq.

   Bu kimi hallarda bir qayda olaraq hökmdarın əlində olan hakimiyyət mülki quruluşdan mütləqiyyətə keçid zamanı təhlükə altına düşür, ona görə ki, hökmdar idarəçiliklə ya magistrat vasitəsilə, ya da təkbaşına məşğul olur. Birinci halda hökmdarın mövqeyi daha zəifdir, çünki o, axıra qədər magistratı təşkil edən vətəndaşların iradəsindən asılıdır, onlarsa hakimiyyəti onun əlindən istənilən vaxt, hətta ara qarışdıqda belə almağa qabildirlər, yəni ya ona qarşı çıxa bilərlər, ya da onun sərəncamını yerinə yetirməkdən imtina edərlər. Belə bir vəziyyətdə, təhlükə ilə üzbəüz qaldıqda, hakimiyyəti bütünlüklə ələ almaq artıq gecdir, axı magistratın sərəncamlarını yerinə yetirməyə adət etmiş vətəndaşlar və təbəələr çətin məqamlarda hökmdarın əmrlərinə qulaq asmayacaqlar. Buna görə də həmişə, məhz ara qarışan vaxtlar hökmdarın yanında kifayət qədər etibarlı adam olmur, axı vətəndaşların dövlətə möhtac olduğu əmin-amanlıq vaxtında baş verənlərə ümid etmək olmaz, bu vaxtlar hər kəs vədlər verməyə tələsir, hər kəs – axı ölüm qorxusu yoxdur – dövlət naminə öz həyatından keçməyə hazır olduğunu bildirir, amma dövlət çətin vaxtlar yaşayıb, öz vətəndaşlarına ehtiyac duyduqda, belələri azlıq təşkil edir. Təcrübə belə bir şeyin təhlükəli olduğunu göstərir, çünki bu yalnız bir dəfə baş verir. Buna görə hökmdar elə etməlidir ki, vətəndaşların həmişə və hər bir vəziyyətdə hökmdara və dövlətə ehtiyacı olsun, axı o, yalnız bu vaxt onlara bel bağlaya bilər.

    X FƏSİL

    CƏMİ DÖVLƏTLƏRİN QÜDRƏTİNİ

   NECƏ MÜƏYYƏN ETMƏLİ

   Dövlətlərin xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olarkən, bunu da nəzərə almaq lazımdır: hökmdar lazımi vaxtda özünə məxsus qüvvələrlə özünü müdafiə etməyə iqtidarlıdırmı, yoxsa onu kənardan gətirilən qüvvələrlə müdafiə etmək lazımdır. İzah edirəm, mən kifayət qədər adamı və ya pulu olan, lazımi miqdarda qoşun yığmaq və istənilən rəqiblə döyüşdə davam gətirmək iqtidarında olan hökmdarı özünü müdafiə etməyə qadir hökmdar sanıram; Mən o hökmdarları köməyə ehtiyacı olanlar sırasına daxil edirəm ki, onlar döyüş meydanında düşmənə qarşı çıxa bilmir və şəhər divarları arxasında gizlənərək müdafiə olunur. Birinci halda necə hərəkət etmək lazım olduğu barədə mən sonra danışacağam, hərçənd ki, bəzi şeylər haqqında mən öz sözümü artıq yuxarıda demişəm. İkinci məsələyə gəldikdə isə burda deməyə söz yoxdur, yalnız bundan başqa ki, hökmdar yaxın ətrafların qeydinə qalmadan şəhərin müdafiə qurğularını möhkəmləndirməli və bu yöndə bütün lazımi işləri görməlidir. Əgər hökmdar bunları lazımi qaydada təşkil edərsə və onun öz təbəələrinə münasibəti yuxarıda və aşağıda göstərilənlərə uyğun şəkildə olarsa, qonşu dövlətlər çətin ki, onun üzərinə hücum etməyə cürət etsin. Axı insanlar ayrı-ayrı çətin tədbirlərdən çəkinirlər, bəs bir hökmdar ki, yaxşı istehkamları olan şəhərə malikdir, xalq isə ona qarşı çıxmır, onda kim onun üzərinə hücuma keçməyi asan bir iş sanar.

   Kiçik mahallara malik alman şəhərləri ən azad şəhərlərdən olub, imperatorun tabeliyində bulunsa da əsla nə ondan, nə də güclü qonşu dövlətlərin heç birindən qorxmurlar, bu şəhərləri zəbt etmək hər kəs üçün çətin və üzücü bir iş olsun deyə onlar kifayət qədər yaxşı istehkamlarla möhkəmləndirilmişdir. Yaxşı divarlarla və səngərlərlə əhatə olunmuş bu şəhərlər kifayət qədər artilleriyaya malikdirlər, ümumi anbarlarda isə ərzaq məhsulları, içki və yanacaq saxlanılır. Üstəlik, rəiyyəti dövlət hesabına yedirtmək üçün şəhərin və qara camaatın yaşayışını təmin edən sahələrdə işləri dayandırmırlar. Onlar hərb sənətinə bağlı olduqlarından, bunu müxtəlif yollarla təşviq edirlər.

   Beləliklə, bir hökmdar ki, yaxşı istehkamları olan şəhərə malikdir, xalq isə ona qarşı çıxmır, o, hücuma məruz qalmaqdan qorxmaya bilər. Lakin bu baş versə düşmən biabırçılıqla geri çəkilməyə məcbur olacaq, zira dünyada hər şey elə tezliklə dəyişir ki, şəhəri mühasirə altında saxlayan zaman, kimsə çətin ki, il boyu əsgərləri işsiz saxlaya bilsin. Mənə etiraz edə bilərlər ki, xalq şəhər kənarındakı zəmilərinin və evlərinin yandığını gördükdə uzun müddət davam edən mühasirənin qarşısında duruş gətirə bilməyəcək, zira şəxsi qayğılar hökmdara qarşı olan sədaqəti üstələyəcək. Mən isə buna cavab verirəm ki, güclü və cəsur hökmdar təbəələrini fəlakətin tezliklə sovuşacağına inandırmaqla, onlara düşmənin amansız olduğunu xatırlatmaqla və ipə-sapa yatmayanları susdurmaqla bütün çətinlikləri dəf edə bilər. Üstəlik, düşmən bir qayda olaraq, adamların hələ həyəcanlı və axıra qədər durmaq əzmində olduğu vaxtlarda şəhərə yaxınlaşarkən zəmiləri yandırıb boş sahəyə çevirir, lakin bir neçə gündən sonra bu həyəcan azaldıqda, vurulmuş ziyan da, edilmiş pislik də artıq öz yerini tapmış olacaq. Bu halda isə xalqa yalnız öz hökmdarının ətrafında birləşmək və ondan razılıq gözləmək qalır ki, onun hakimiyyətini müdafiə etdikdən sonra, o da evlərin yandırılmasına, əmlakın isə talan olunmasına izn versin. Axı insanların xasiyyəti elədir ki, onlar yaxşılıq etdikləri adamlara, yaxşılıq gördükləri adamlardan daha az bağlı olur. Beləliklə, bütün vəziyyətləri təhlil etdikdən sonra mən iddia edirəm ki, ağıllı hökmdar mühasirə ərzində şəhər əhlini ruhlandırmağa asanlıqla vasitələr tapacaq, əlbəttə, o halda ki, onun vəsaiti ərzağa və şəhərin müdafiəsinə bəs etmiş olsun.

    XI FƏSİL

    KİLSƏNİN MÜTLƏQ HAKİMİYYƏTƏ MALİK

   OLDUĞU DÖVLƏTLƏR HAQQINDA

   Mənə kilsənin mütləq hakimiyyətə malik olduğu dövlətləri təhlil etmək qalır, bunları zəbt etmək, demək olar, heç də asan şey deyil, çünki bundan ötrü ya igidlik lazımdır, ya da taleyin lütfü, əldə saxlamaq isə asandır, çünki bundan ötrü yuxarıda deyilən iki şeydən heç biri gərək deyil. Bu dövlətlər müqəddəs dini adətlərə, özü də elə güclü adətlərə əsaslanır ki, bunlar hakimiyyət başında olan hökmdarların necə yaşayıb, özlərini necə aparmasından asılı olmayaraq onları müdafiə edir. Hakimiyyət sahibi olsalar da, yalnız burdakı hökmdarlar bunu saxlamaq uğrunda mübarizə aparmırlar, təbəələri ola-ola onlara rəhbərlik etmirlər, buna baxmayaraq, onların hakimiyyətinə heç kim toxunmur, onların belə bir mövqedə olmasından təbəələr də əziyyət çəkmir, onlardan uzaqlaşmağa isə heç kimin nə həvəsi var, nə də mümkünatı. Belə ki, yalnız bu hökmdarlar firavan və xoşbəxt yaşayırlar.

   Fəqət bu dövlətlər, madam ki, yuxarıdan idarə edilir, bunu isə insan zəkası dərk etmək iqtidarında deyil, onlar haqqında mən danışmayacağam, zira yalnız özündən razı və lovğa adam Allahın yüksəltdiyi və himayə etdiyi şeylər haqqında mühakimə yürütməyi öz öhdəsinə götürə bilər. Lakin məndən soruşa bilərlər ki, kilsə belə hakimiyyətə necə nail oldu, elə hakimiyyətə ki, hətta Fransa kralı da ondan ehtiyat edir, o, kralı İtaliyadan qova bildi, venetsiyalıları isə darmadağın etdi, hərçənd ki, əvvəllər onun dünyəvi hakimiyyətini hətta kiçik sahibkarlar və baronlar da saymırdı, mən hələ İtaliyanın böyük dövlətlərini demirəm. Əgər kimsə bununla maraqlansa, baxmayaraq ki, bu hadisələr hamıya kifayət qədər məlumdur, mən bütün bunların necə baş verdiyini xatırlamağı yersiz şey sanmıram.

   Fransa kralı Karl İtaliyaya soxulmazdan öncə, burda hakimiyyət papa, venetsiyalılar, Neapol kralı, Milan hersoqu və florensiyalılar arasında bölünmüşdü. Bu hökmdarları əsasən iki şey maraqlandırırdı: hər şeydən öncə yadellilərin İtaliyaya girməsinə mane olmaq, sonra isə bir-birini əvvəlki ərazilərdən kənara çıxmağa qoymamaq. Hamıdan çox venetsiyalılardan və papadan şübhələnirdilər. O biriləri Ferraranın müdafiəsində olduğu kimi venetsiyalılara qarşı ittifaq yaratdılar, papaya qarşı isə Roma baronlarından kömək istəməli oldular. İki yerə bölünmüş Kolonna və Orsininin dəstələri, habelə baronlar mütəmadi olaraq qırğınlar təşkil edib, öz güclərini kilsə başçısına göstərirdilər, bu da papa hakimiyyətinin mövqeyinin möhkəmlənməsinə səbəb olurdu. Bəzi papalar, məsələn, Sikts kimi, cəsarətli olsalar da, onlardan heç biri təcrübəyə və əlverişli mövqelərə malik olmalarına baxmayaraq bu bəlanın qarşısını almaq iqtidarında deyildi. Bütün bunların səbəbi onların idarəçilikdə uzun müddət qala bilməməsi idi, zira on il ərzində, hansı ki, onun papa seçilməsindən dünyasını dəyişənə qədər olan bir müddəti əhatə edirdi, o, böyük çətinliklə düşmən dəstələrinin yalnız birini məhv etməyə nail olurdu. Əgər papa, misal üçün Kolonnanın tərəfdarlarını, demək olar, darmadağın etmişdisə də ancaq onun xələfi Orsiniyə düşmən olduğundan Kolonnanın dəstəsinin əvvəlki halına düşməsinə imkan yaratdı, özünün isə artıq Orsininin axırına çıxmağa vaxtı qalmadı. Məhz buna görə İtaliyada papanın dünyəvi hakimiyyətini çox da dəyərləndirmirdilər.

   Amma VI Aleksandr papa olduqdan sonra bütün sələflərindən fərqli olaraq göstərə bildi ki, kilsə başçısının pulu və qüvvəsi olduğu halda o, nəyə nail olmağa qadirdir. O, fransızların ölkəyə soxulmasından istifadə etdi və hersoq Valentinenin köməkliyi ilə yuxarıda, harda ki, söhbət hersoqdan gedir, danışdığımız o işi başa çatdırdı. Lakin o, kilsənin deyil, hersoqun yüksəlişinin qeydinə qalsa da hər halda bu, kilsənin yüksəlişinə səbəb oldu, hersoqun kənarlaşdırılmasından və Aleksandrın ölümündən sonra kilsə onun işlərindən faydalandı. Papa Yuli taxta çıxan zaman kilsə artıq güclü olduğu üçün Romanyaya yiyələndi, Aleksandrın təzyiqi altında Roma baronlarının dağılmış dəstələrini ram etdi, bunlardan əlavə Aleksandra qədər xəzinəni doldurmaq üçün heç kimin istifadə etmədiyi bir mənbə əldə etdi.

   Yuli nəinki bütün bu işləri davam etdirdi, hətta bununla böyük bir səylə məşğul oldu. O, Bolonyanı birləşdirmək, Venetsiyanı darmadağın etmək və fransızları qovmaq istədi, öz planını həyata keçirdikdən sonra isə yerli adamların deyil, kilsənin yüksəlişinin qeydinə qalan şəxs kimi məşhurlaşdı. Üstəlik o, Orsini və Kolonnanın dəstələrini gəlib necə gördüsə, onları o şəkildə də saxladı; bəzi başçılar aranı qarışdırmağa hazır olsalar da, onları bu işdən hər şeydən öncə çəkindirən o oldu ki, həm kilsə güclü idi, həm də onların sırasında həmişə aranın qarışmasına baiskar olan kardinallar yox idi. Əgər bu dəstələrdən hər birinin öz kardinalı olsaydı, onlar arasında heç vaxt barışıq olmazdı; Romada və onun ətrafında dəstələrin qarşıdurmasını daha da gücləndirən kardinallar, bu işə baronları cəlb edirlər, bu surətlə də prelatların hakimiyyətə can atması nəticəsində baronlar arasında çəkişmə və mübarizə başlayır.

   Beləliklə, papa Lev həzrətləri bu vəzifəyə seçilərkən, kilsə artıq güclü idi; əgər onun sələfləri papanın hakimiyyətini silah gücünə yüksəyə qaldırmışdılarsa, biz ümid edirik ki, hal-hazırkı kilsə başçısı onu öz mərhəməti, fədakarlığı və müstəsna qabiliyyəti ilə daha da yüksəklərə qaldırıb şöhrətləndirəcək.

   XII FƏSİL

    QOŞUN NÖVLƏRİ VƏ MUZDLU ƏSGƏRLƏR HAQQINDA

   Mənim əvvəldə xatırlatdığım dövlət formalarını biz yuxarıda ətraflı surətdə təhlil etdik; dövlətlərin inkişafı və dağılması ilə qismən tanış olduq; hakimiyyətə yiyələnmək və onu saxlamaq istəyənlərin hərəkətləri haqqında məlumat əldə etdik. İndisə, yuxarıda adı çəkilən dövlətlərin nə kimi hücum və müdafiə vasitələrinə malik olduqlarına diqqət yetirəcəyik. Artıq qeyd edilmişdir ki, hökmdar öz hakimiyyətini möhkəm əsaslar üzərində qurmalıdır, əks halda o, süqut edəcək. Hər bir dövlətdə isə, bu istər vərəsəlik yolu ilə əldə edilmiş dövlət olsun, istər qarışıq, istərsə də təzə, hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı qoşun təşkil edir. Amma yaxşı qoşun olmayan yerdə yaxşı qanunlar da mövcud deyil və əksinə, yaxşı qoşunu olan yerin qanunları da yaxşıdır, belə ki, qanunları bir kənara qoyub, mən bilavasitə qoşun barəsində danışacağam.

   Ondan başlamaq lazımdır ki, qoşun, hansı ki, hökmdar öz dövlətini bununla qoruyur, xüsusi, müttəfiq, muzdla tutulmuş və ya qarışıq olur. Muzdla tutulmuş və müttəfiq qoşunlar fayda vermir, həm də təhlükəlidir, muzdla tutulmuş qoşuna arxalanan hakimiyyət isə heç vaxt nə güclü olmur, nə də uzunmüddətli, zira muzdlu əsgərlər şöhrət düşgünü, pozğun, dava-dalaşa meylli, dostlarına qarşı münasibətdə təkəbbürlü, düşmən qabağında isə qorxaq, məkrli və pis olurlar; qəti hücum nə qədər gecikirsə, onların da məğlubiyyətinin vaxtı bir o qədər yubanır; müharibə vaxtı düşmən necə qarət edirsə, əmin-amanlıq dövründə də onlar elə edir. Bunu onunla izah etmək olar ki, onları döyüş meydanında saxlayan nə coşğunluqdur, nə də başqa bir meyl, yalnız kiçicik məvacibdir, bu məvacib isə kifayət etmir ki, onlar öz həyatlarını kiminsə yolunda fəda etsinlər. Əmin-amanlıq dövründə kiməsə xidmət etmək onların xoşuna gəlir, ancaq müharibə başlar-başlamaz dal çevirib qaçırlar.

   Zatən aydın olan bir şeyə dəlillər gətirmək lazımdırmı: İtaliyanın süqutunun səbəbi uzun illər boyu muzdlu əsgərlərdən istifadə etməkdə deyil, bəs nədədir? Kimə görəsə muzdlu əsgərlərin fəaliyyəti uğurlu olub və onlar dəfələrlə bir-birinin qarşısında öz qoçaqlıqları ilə öyünüblər, lakin o vaxt ki, düşmən ölkəyə soxuldu, işdə onların kimliyi bizə məlum oldu. Belə ki, Fransa kralı Karl, həqiqətən də, İtaliyaya bir parça təbaşirin vasitəsilə yiyələnə bilərdi. «Biz öz günahlarımızın cəzasını çəkirik» – bunu iddia edən adam doğru danışır, amma onun nəzərdə tutduğu günahların yox, mən sadaladığım şeylərin. Bir halda ki, bu hökmdarların günahları idi, onlar da buna cavab verməli oldular.

   Muzdla tutulmuş qoşunun əngəli nədir – mən bunu müfəssəl surətdə araşdırmaq istərdim. Kondotyerlərin4 hamısı eyni cür deyil: bəziləri cəsurdur, digərləri – elə-belə. Birincilərə inanmaq olmaz, çünki onlar özləri hakimiyyətə can atacaqlar, bunun naminə də ya səni – onları işə götürən adamı, ya da digərlərini devirəcəklər, amma sənin planlarını nəzərə alan olmayacaq. İkincilərə də ona görə inanmaq olmaz ki, onlar döyüşdə məğlub olacaq. Mənə deyə bilərlər ki, bunu istənilən adamdan gözləmək olar, bu istər əli silahlı əsgər olsun, istərsə də başqası. Mən buna cavab verirəm: qoşun ya hökmdarın tabeliyində olur, ya da respublikanın; birinci halda sərkərdə vəzifəsini öz üzərinə götürməklə qoşuna hökmdarın özü başçılıq etməlidir; ikinci halda respublika ordunun başına vətəndaşlardan birini qoymalıdır; əgər o, işin öhdəsindən gələ bilmirsə, bundan kənarlaşdırılmalıdır, başqa hallarda, qanun vasitəsilə onun əl-ayağını yığmaq lazımdır ki, həddini aşmasın. Bizə təcrübədən məlumdur ki, yalnız hökmdar-sərkərdələr və silahlı qüvvələrə malik olan respublikalar böyük uğurlar qazanıblar, muzdlu əsgərlər isə ancaq ziyan vurublar.

   Roma və Sparta əsrlər boyu silahlı qüvvələrə malik olublar və azad yaşayıblar. İsveçrəlilər isə digərlərindən daha yaxşı silahlanıblar və başqalarından daha azaddırlar. Keçmiş zamanlarda Karfagen muzdlu əsgərlərin köməyindən istifadə edirdi, baxmayaraq ki, qoşunun başında Karfagenin öz vətəndaşı dururdu, onu birinci Roma müharibəsindən sonra onlar az qala ələ keçirəcəkdi. Epaminondun ölümündən sonra fivalılar Makedoniyalı Filippi dəvət etdilər ki, onların qoşununa başçılıq etsin, o isə qalib qismində qayıtdıqdan sonra Fivanı azadlıqdan məhrum etdi. Milanlılar hersoq Filippin ölümündən sonra Françesko Sfortsanı işə dəvət etdilər, o isə Karavaconun dövründə venetsiyalıları darmadağın edib, onu işə götürən milanlılara qarşı düşmənlə ittifaqa girdi. Sfortsa, atası Neapol kraliçası Covannanın yanında xidmətdə ola-ola, kraliçanı birdən-birə müdafiəsiz qoydu, belə ki, krallığı xilas etmək üçün o, tələsik Araqon kralından kömək istəməli oldu.

   Mənə dəlil gətirəcəklər ki, venetsiyalılar və florentsiyalılar öz hakimiyyətlərini dəfələrlə muzdla tutulmuş qoşunların köməkliyi ilə möhkəmləndiriblər, buna baxmayaraq, onların kondotyerlərindən hökmdar olan olmadı, xidmət etdikləri adamları da vicdanla qorudular. Mən buna belə cavab verəcəyəm, florensiyalıların bəxti sadəcə olaraq gətirdi: həmin kondotyerlərin içərisindən, hansılardan ki, ehtiyat etmək lazım idi, bəziləri qalib gələ bilmədi, digərlərinin rəqibi vardı, üçüncülərsə hakimiyyətə başqa yerdə can atırdılar. Əgər Covanni Aukuntanın hesabında bir qələbə yoxdursa, onun düzlüyü haqqında nə danışmaq olar, lakin hər kəs razılaşar ki, əgər o, qalib qismində qayıtsaydı, florensiyalılar tamamilə onun hökmü altına düşəcəkdi. Sfortsa ilə Braçço rəqib olduğundan bir-birinə diqqətlə göz qoyurdu, buna görə də öz iddialarını yeritmək üçün Françesko Lombardiyaya getdi, Braçço isə papanın ixtiyarında olan ərazilərə və Neapol krallığına. Bəs bu yaxınlarda nə baş verib? Florensiyalılar çox ağıllı və özünə görə nüfuzu olan Paolo Vitellini işə dəvət etdilər. O, Pizanı alsaydı, məgər aydın deyilmi ki, florensiyalılar yaxalarını ondan qurtara bilməyəcəkdilər? Axı o, düşmən tərəfə keçsəydi, florensiyalılar məğlub olmaq məcburiyyəti qarşısında qalacaqdılar; yox, əgər onların yanında qalsaydı, onda onlar ona boyun əyməli olacaqdı.

   Venetsiyalılara gəldikdə isə onlar ən parlaq və möhkəm qələbələrini ancaq öz gücləri hesabına müharibə aparan zaman, yəni materikdə ərazilər fəth etməyə başlamazdan qabaq qazanmışdılar. Venetsiyanın kübarları və silahlanmış rəiyyəti dənizdə müharibə apararkən dəfələrlə hərbi şücaətlər göstəriblər, amma onlar quruya keçən kimi bütün İtaliyanın hərbi ənənələrinə istinad edirdilər. Quruda hələ geniş ərazilərə sahib olmayan vaxtlarda onların dövləti də möhkəm idi, özlərinin muzdlu əsgərlərindən ehtiyatlanmağa bir əsas yox idi, amma onların fəth etdiyi ərazilər genişləndikdə – bu isə Karmanyolinin dövründə olub – onlar öz səhvlərini başa düşdülər. Onlar Karmanyolini cəsur sərkərdə kimi tanıyırdılar. Onun başçılığı altında onlar Milan hersoqunu darmadağın etdilər, lakin onun astagəllik edib, vuruşmadığını gördükdə isə onlar düşündülər ki, o, qalib gəlməyəcək, çünki buna səy göstərmir, fəth etdikləri ərazilər əlindən çıxmasın deyə onu işdən kənarlaşdırmağa da cürətləri çatmaz: bir müddət sonra öz təhlükəsizlikləri ilə əlaqədar olaraq onu öldürdülər. Sonralar Bartolomeo da Berqamo, Roberto da San-Severino, qraf di Pitilyano və bu kimi adamları onlar işə götürdülər, öz növbəsində də onların döyüşdə qalib gələ biləcəklərindən deyil, məğlub ola biləcəklərindən qorxurdular. Bu da Vayl yaxınlığında baş verdi, burda venetsiyalılar bir günün içində hər şeylərini itirdilər, o şeyləri ki, bunları səkkiz əsr böyük əziyyətlə yığmışdılar. Axı muzdlu əsgərlər diqqətəlayiq cəldliklə də olsa, məlum olduğu kimi ağır və həvəssiz halda hücuma keçirlər. Əgər mən bir nümunə kimi İtaliyanı önə çəkmişəmsə, bu isə o yerdir ki, burda uzun illər boyu muzdlu əsgərlər binagüzarlıq edib, işin xətrinə görə geri qayıtmaq istərdim ki, baxıb görək onların meydana çıxması nəylə əlaqədardır, belə bir nüfuzu da necə əldə ediblər.

   Bilmək lazımdır ki, yaxın zamanlarda, onda ki, imperiya zəiflədi, papanın dünyəvi hakimiyyəti isə möhkəmləndi, İtaliya bir neçə dövlətə bölündü. Böyük şəhərlərin çoxusu onları sıxışdıran və imperatorun himayəsi altında olan zadəganlara qarşı qiyam qaldırdı, halbuki papa öz dünyəvi hakimiyyəti xatirinə şəhərlərə hamilik edirdi; o biri şəhərlərin əksəriyyətində hökmdar vəzifəsinə qədər yüksələn, məhz onların öz vətəndaşları oldu. Beləliklə, İtaliya, demək olar, tamamilə papanın və bir neçə respublikanın ixtiyarına keçdi. Amma hakimiyyətə yiyələnmiş prelatlar5 və vətəndaşlar hərbi işlərdə naşı idilər, buna görə də onlar muzdlu əsgərləri işə dəvət etməyə başladılar. Muzdlu əsgərləri birinci olaraq şöhrətləndirən romanyalı Alberiqo da Konio oldu. Onun xələfləri olan Braçço və Sfortsa öz dövrlərində bütün İtaliyaya yiyələndilər. İndiyə qədər pulla tutulmuş qoşünlara başçılıq edənlərin hamısı onların ardıcılıdır. Onların qəhrəmanlığı ona gətirib çıxardı ki, Karl İtaliyanın bu başından o başına keçib getdi, Lüdovik onu müflis etdi, Ferdinand fəth elədi, isveçrəlilər isə ələ saldı.

   Onlar ondan başladı ki, yüksəldikdən sonra, hər yerdə piyada qoşununu alçaltdılar. Bu onlara lazım idi, səbəb bu idi ki, öz peşələrinin hesabına dolanırdılar, heç bir mülkə, torpağa da yiyəlik etmirdilər, buna görə onlar böyük piyada qoşununu saxlamaq iqtidarında deyildi, kiçik piyada qoşunu isə onları şöhrətləndirə bilməzdi. Atlı qoşunla kifayətlənməklə onların az bir qismi özlərinin dolanışacağını lazımınca təmin edib, hörmət-izzət sahibi oldu. İş o yerə gəlib çatdı ki, iyirmi minlik qoşunun içərisində heç ikicə min piyada yox idi. Sonra onlar özlərini və əsgərləri riskdən və müharibə həyatının çətinliklərindən qorumaq üçün qeyri-adi bacarıq göstərdilər: toqquşma zamanı onlar bir-birini öldürmürlər, ancaq əsir alırlar, azad etmək üçünsə pul tələb etmirlər, gecə vaxtı mühasirəni yarmağa cəhd göstərmirlər, şəhər müdafiə olunarkən çadırlara basqın etmirlər, düşərgəni çəpər və xəndəklə araya almırlar, qışda müharibə aparmırlar. Onların hərbi təlimində bunların hamısına icazə verilir və bunu da onlar, qeyd olunduğu kimi, riskə yol verməmək, həm də müharibə həyatının çətinlikləri ilə üzləşməmək üçün qəsdən düşünmüşdülər: beləliklə də onlar İtaliyanı şərəfsizliyə və köləliyə sürüklədilər.

   XIII FƏSİL

   MÜTTƏFİQ, QARIŞIQ VƏ XÜSUSİ

    QOŞUNLAR HAQQINDA

   Müttəfiq qoşunlar – bu, lüzumsuz qoşunların daha bir növüdür – güclü hökmdarın qoşunudur, bunlar kömək etmək və müdafiə olunmaq üçün dəvət olunur. Bu cür qoşunların köməyindən yaxın zamanlarda papa Yuli istifadə etmişdi: Ferraraya qarşı müharibədə o, öz muzdlu əsgərlərinin yarıtmazlığını görüb, ispan kralı Ferdinandla razılığa gəldi ki, o, atlı və piyada qoşunlarla ona kömək edəcək, özlüyündə belə qoşunlar öz hökmdarına çox yaxşı və can-başla xidmət edə bilər, lakin onları köməyə çağıranlar üçün onlar, demək olar, həmişə təhlükəlidir, çünki onların darmadağın edilməsi hökmdarın məhvi ilə, qələbəsi isə-asılılıqla nəticələnir.

   Tarixçilərin əsərlərində belə misalların çox olmasına baxmayaraq, mən istərdim ki, elə həmin papa Yulidən sitat gətirim. Ferraranı tutmaq üçün yadelli hökmdara bel bağlamaq onun tərəfindən atılan olduqca ehtiyatsız addım idi. Əgər taleyi üzünə gülməsəydi o, öz ehtiyatsızlığının cəzasını çəkəcəkdi: onun müttəfiq qoşunu Ravenna yaxınlığında məğlubiyyətə uğradı, lakin isveçrəlilərin gözlənilmədən peyda olması və heç kimin gözləmədiyi halda qalibləri qovması nəticəsində papa nə düşməndən asılı vəziyyətə düşmədi, çünki o geriyə çəkilmişdi, nə də müttəfiqlərdən, çünki qələbəni başqaları qazanmışdı. Qoşunları olmadığından florensiyalılar Pizanın üstünə on min fransız göndərdi ki, vaxtilə başlarına gələn fəlakət bir də təkrar olunmasın. İmperator Konstantin qonşu dövlətlərlə müharibə apararkən Yunanıstana on min türk dəvət etdi, müharibə qurtardıqdan sonra onlar çıxıb getmək istəmədilər, bu da kafirlərin Yunanıstanı əsarət altına almasının başlanğıcı oldu.

   Beləliklə, qələbəni qiymətləndirməyənlər, qoy müttəfiq qoşununu dəvət etsin, zira belə qoşun muzdla tutulan qoşundan daha qorxuludur. Müttəfiq qoşunlar onları dəvət edənlərin şəksiz məhvinə səbəb olacaq, çünki bu qoşunlar mütəşəkkildir və yalnız öz hökmdarına tabedir, muzdla tutulan qoşuna isə ziyan vurmaq üçün qələbədən sonra daha çox vaxt və əlverişli məqam lazımdır; onun mütəşəkkilliyi yüksək səviyyədə deyil, o, sən tərəfdən təchiz edilir, dolanışacağı da səndəndir, sənin tərəfindən onlara başçı qoyulan adam isə dərhal elə qüvvə yığmaq iqtidarında deyil ki, onlar sənin üçün ciddi rəqibə çevrilsin. Əlqərəz, muzdla tutulan qoşun öz alçaqlığı, müttəfiq qoşunu isə hünərli olmağı ilə qorxuludur.

   Belə ki, ağıllı hökmdarlar üstünlüyü həmişə öz qoşunlarına veriblər. Onlar hesab ediblər ki, öz qoşunları ilə məğlub olmaq, özgə qoşunlarla qələbə çalmaqdan daha yaxşıdır, zira başqalarının hesabına qələbə qazanmaq əsl qələbə deyil. Tərəddüd etmədən yenə Çezare Bordcadan sitat gətirəcəyəm. Hersoqun Romanyaya girdiyi vaxtlarda fransızlardan ibarət atlı qoşunu vardı, o bunun köməkliyi ilə İmola və Forliyə yiyələnmişdi. Bir müddətdən sonra o, müttəfiq qoşunların etibarsız olduğunu başa düşdü və muzdla tutulan qoşunun onun üçün daha az təhlükəli olduğunu qət edib Orsini və Vitellidən kömək istədi. Amma işdə onların möhkəm olmadığına və ona xəyanət edə biləcəklərinə əmin olduqdan sonra onlardan uzaqlaşdı və özü üçün qoşun yığdı.

   Bu növ qoşunlar arasındakı fərqi dərk etmək çətin deyil, bundan ötrü hersoq əvvəl ancaq fransızların, sonra Orsini və Vitellinin muzdla tutulan qoşunlarının, nəhayət özünün xüsusi qoşununun kömək göstərdiyi vaxtlarda, ona qarşı münasibətin necə dəyişməsinə baxmaq kifayətdir. Biz aşkar edəcəyik ki, hersoqun hörməti durmadan artsa da, adamlar yalnız onun sərəncamında özünün xüsusi qoşununun olduğunu gördükdən sonra onunla axıra qədər hesablaşmağa başladılar.

   Mən yaxın zamanlarda İtaliyada baş verən hadisələrdən kənara çıxmaq istəmirdim, bununla belə yuxarıda xatırlatdığım sirakuzalı Giyerondan sitat gətirəcəyəm. O, deyildiyi kimi vətəndaşların istəyi ilə Sirakuza ordusunun komandanı olduqdan sonra başa düşdü ki, muzdla tutulan qoşunun faydası azdır, axı ondakı kondotyerlər indikinə bənzəyirdi. Gördükdə ki, onları nə qovmaq, nə də saxlamaq mümkündür, o əmr etdi ki, onları qılıncdan keçirsinlər, o vaxtdan da başqasına deyil, ancaq öz qoşunlarına arxalandı. Əhdi-ətiqdəki bir əhvalatı da burda xatırlatmaq yerinə düşər. Onda ki, Davud filitimlilərin düşərgəsindən Qoliafı təkbətək döyüşə çağırdı, Saul Davudu ruhlandırmaq üçün öz döyüş paltarını ona geyindirdi, amma o, bundan imtina edib dedi ki, özgənin yaraq-əsləhəsində özünü yaxşı hiss etmir, yaxşı olardı ki, o, düşmənin üzərinə öz sapand və bıçağı ilə getsin. Həmişə elə olur ki, özgənin geyimi ya böyük olur, ya kiçik, ya də həddən artıq yekə.

   XI Lüdovikin atası VII Karl bəxtinin gətirməsi nəticəsində və şücaətli olduğuna görə ingilisləri Fransadan qovduqdan sonra başa düşdü ki, özlərinin qoşunu olmalıdır və əmr etdi ki, həmişəlik atlı və piyada qoşunları təşkil edilsin. Sonralar onun oğlu kral Lüdovik piyada qoşununu dağıdaraq, xidmətə isveçrəliləri götürməyə başladı; onun varisləri belə səhvləri daha çox buraxdılar, hal-hazırda isə Fransa krallığı bunun ağrısını çəkir, zira Fransanın isveçrəlilərə üstünlük verməsi onun qoşununda ruh düşgünlüyünə səbəb oldu: piyada qoşununu dağıtdıqdan sonra muzdla tutulan qoşuna verilmiş olan süvari dəstələri öz gücü hesabına qələbə çalmaq ümidini itirdi. Belə çıxır ki, fransızlar isveçrəlilərlə vuruşa bilməz, isveçrəlilərsiz də başqaları ilə dava etməyə cürətləri çatmaz. Beləliklə, Fransanın ordusu qarışıqdır: bir hissəsi özününkülərdir, bir hissəsi muzdlu əsgərlər, buna görə də bu bir çox cəhətdən həm müttəfiq, həm də muzdla tutulan qoşundan tamamilə üstündür, amma başdan-başa öz əsgərlərindən ibarət olan qoşundan bir çox cəhətdən geri qalır. Məlum hadisələrdən ancaq birini sitat gətirəcəyəm: Fransa, qoşunun təşkilində əgər Karlın tətbiq etdiklərini təkmilləşdirsəydi, yaxud da heç olmasa bunu saxlasaydı məğlubedilməz olardı. Amma adamların sarsaqlığı ondadır ki, yuxarıda vərəmə aid hissədə deyildiyi kimi, zahirən yaxşı görünən bir şeyin daxilində olan zəhəri hiss etmirlər.

   Beləliklə, əmələ gələn xəstəliyi sezməyən hökmdar çox da müdrik adam deyil, bunu vaxtında ayırd etməyi isə çox az adam bacarır. Əgər Roma imperiyasının tənəzzülünü xatırlasaq, biz görərik ki, bu romalıların muzdlu əsgərləri, yəni qotları xidmətə götürməsindən başlanır. Bu da imperiyanın zəifləməsinə səbəb oldu, romalılar nə qədər zəiflədisə, qotlar da bir o qədər gücləndi. Sonda təkrar edirəm, öz qoşunu olmayan dövlət möhkəm dövlət deyil, o, tamamilə taleyin şıltaqlığından asılıdır, zira şücaət çətin vaxtlarda onun üçün etibarlı müdafiə deyil. Müdriklərin fikrinə görə: «Quod nihil sit infirmum aut instabile, quam fama potentiae non sua vi nixa» [«Özgənin gücünə arxalanmaqla sənin qüdrətli olmağın haqqında gəzən şan-şöhrətdən daha boş və ötəri heç bir şey yoxdur».(Tasit.Salnamə, XIII, 19)]. O qoşun dövlətin öz qoşunudur ki, o, dövlətin öz təbəələrindən, vətəndaşlarından və ya ona sadiq olan adamlardan ibarətdir, yerdə qalanların hamısı isə ya müttəfiq, ya da muzdla tutulan qoşundur. Əgər mən xatırlatdığım dörd nəfərin fəaliyyəti üzərində dərindən düşünsək və Makedoniyalı İsgəndərin atası Filippin, həm də mənim tamamilə inandığım bir çox digər respublikalar və hökmdarların öz ordularını necə yaradıb, silahlandırdıqlarını araşdırsaq, onların necə təşkil olunduğunu asanlıqla dərk edərik.

   XIV FƏSİL

   HÖKMDAR HƏRB İŞİNƏ

   NECƏ YANAŞMALIDIR

   Beləliklə, hökmdar hərbdən, hərbi qüvvələrin təşkilindən və hərb elmindən başqa heç bir şey haqqında düşünməməli, heç nəyin qeydinə qalmamalı, heç nəylə məşğul olmamalıdır, zira hərb işi yeganə vəzifədir ki, hökmdar bunu heç kimə həvalə edə bilməz. Hərb sənəti elə gücə malikdir ki, ancaq hökmdar kimi dünyaya gələn adamın öz hakimiyyətini qoruyub saxlamasına deyil, həm də adi şəxs kimi dünyaya gələn adamın hakimiyyət əldə etməsinə imkan yaradır. Əksinə, hərbi təlimdən çox kef çəkməklə məşğul olan hökmdarlar, sonda öz hakimiyyətlərini də itiriblər. Hakimiyyəti itirməyin əsas səbəbi bu sənətə olan etinasızlıqdır, buna yiyələnmək isə hakimiyyəti əldə etməyin əsasını təşkil edir.

   Françesko Sfortsa döyüşmək bacarığına görə adi adam ikən Milanın hersoqu oldu, onun uşaqları isə müharibənin ağırlığı altına girməkdən çəkindikləri üçün hersoq ola-ola adi adama çevrildilər. Hərb sənətini bilməyən adam çox pis hallarla, o cümlədən ətrafdakıların laqeydliyi ilə üzləşir, buna isə aşağıda qeyd edəcəyimiz kimi heç bir vəchlə yol vermək olmaz. Axı silahlı adamı silahsız adamla müqayisə etmək olmaz, heç vaxt da silahlı adam könüllü surətdə silahsız adama təslim olmaz, silahsız adam isə heç vaxt silahlı bəndələr arasında özünü təhlükəsiz hiss etməz. Əgər iki nəfərdən biri digərindən şübhələnirsə, o birinin də öz növbəsində onu görməyə gözü yoxdursa, onlar bir-biri ilə necə yola gedə bilər. Eləcə də hərb işini bilməyən hökmdar çox bədbəxtçiliklərə məruz qalır, bunlardan biri də odur ki, ordunun yanında hörməti yoxdur, öz növbəsində də ona bel bağlaya bilmir.

   Buna görə hökmdar gərək hərbi təlimləri dayandırmağı hətta xəyalına belə gətirməsin və əmin-amanlıq dövründə bununla müharibə vaxtlarında olduğundan daha çox məşğul olsun. Onlar hər şeydən öncə işlə çulğalanmalıdır, sonra isə düşüncələrlə. İşə gəldikdə hökmdar yalnız orduda olan nizam-intizama və onun hazırlığına nəzarət etməməlidir, həm də özü gərək bədənini möhkəmləndirmək üçün mümkün qədər tez-tez ova çıxsın, eyni zamanda da ətrafı-yüksəkliklərin harada və necə yerləşdiyini, vadilərin istiqamətini, düzənliklərin haraya qədər uzandığını, çayların və bataqlıqların xüsusiyyətini tədqiq etsin. Belə tədqiqatlar ikiqat faydalıdır. Bununla özünə məxsus olan əraziyə daha yaxşı bələd olmaq və onu müdafiə etməyin yollarını düzgün müəyyənləşdirmək olar, üstəlik, bir yeri müfəssəl surətdə tədqiq etməklə, birinci dəfə düşdüyün digər yerlərin xüsusiyyətlərini asanlıqla ayırd edirsən, misal üçün Toskananın yamacları, vadiləri, düzləri, bataqlıq və çayları az və ya çox dərəcədə digər yerlərdəkinə bənzəyir, buna görə bir yerin öyrənilməsi qalan digər yerlərin də tez bir zamanda öyrənilməsi ilə nəticələnir. Əgər hökmdarın belə vərdişləri yoxdursa, demək o, başlıca sərkərdəlik keyfiyyətinə malik deyil, zira düşmənin yerini müəyyənləşdirdikdə, düşərgə saldıqda, düşmənin üstünə getdikdə, hücuma keçdikdə, qalanı mühasirəyə aldıqda üstünlüyü saxlamağa, məhz bunlar imkan verir.

   Axey ittifaqının rəhbəri Filopemenanı antik müəlliflər çox tərifləyirlər, ələlxüsus, ona görə ki, o, hətta əmin-amanlıq dövrlərində də hərbi işlərdən başqa heç nə barədə düşünmürdü. Dostalrı ilə şəhər ətrafında gəzərkən o, tez-tez dayanıb soruşarmış:əgər düşmən o təpəni tutsa, bizim qoşunsa burda olsa, üstünlük kimin tərəfində olar? Bu şəraitdə, hərbi qaydaları saxlamaqla, hücuma necə keçmək olar? Əgər bizi geriyə çəkilməyə məcbur etsələr, biz bunu necə edəcəyik? Əgər düşmən qaçmağa başlasa, onu necə təqib etməli? Bu surətlə o, müharibədə yarana biləcək müxtəlif vəziyyətlərin üstünə gəlirdi, başqalarının fikrinə qulaq asdıqdan sonra isə öz fikrini deyib, bunun doğruluğunu sübuta yetirirdi. O, həmişə belə fikirlərlə yaşadığından ona nail oldu ki, müharibə dövründə heç bir təsadüfi hadisə onu qəfildən yaxalaya bilmədi.

   Biliyini artırmağa gəldikdə isə hökmdar tarixi əsərlər oxumalıdır, bununla bərabər görkəmli sərkərdələrin fəaliyyətinə xüsusi diqqət yetirməlidir, onların necə müharibə apardığını, qələbə və məğlubiyyətlərinin səbəblərini təhlil etməlidir ki, birinciləri qazansın, ikincilərə isə məruz qalmasın. Başlıcası isə – keçmişdə yaşayan dahi şəxslərin bir çoxunun etdiyi kimi qədim dövrün tanınmış və hörmətli adamlarından birini özünə örnək seçib, onun göstərdiyi qəhrəmanlıqları və gördüyü işləri həmişəlik olaraq yadında saxlasın. Nəql edirlər ki, İsgəndər Axillaya, Sezar – İsgəndərə, Ssipion – Kirə bənzəmək istəyirdi. Kirin tərcümeyi-halını, hansının ki, Ksenofont tərtib edib, oxuyan hər kəs razılaşar ki, Ssipionun şöhrətlənməsində onun özünü Kirə oxşatmaq istəməsinin mühüm rolu olub, Ksenofont qeyd edir ki, təmizlikdə, mərifətdə, insanpərvərlikdə və səxavətdə Ssipion Kirə oxşayırdı. Ağıllı hökmdar göstərilən qaydalara əməl etməli, əmin-amanlıq dövründə heç vaxt boş-bekar gəzməməlidir, zira çətin məqamlarda bu şəxs öz çəkdiyi zəhmətin bəhrəsini görəcək və onda tale hətta onu sındırmaq istəsə belə, o, buna müqavimət göstərmək iqtidarında olacaq.

   XV FƏSİL

   ADAMLARI, ƏLƏLXÜSUS DA HÖKMDARLARI

   NƏYƏ GÖRƏ TƏRİFLƏYİRLƏR, YAXUD NƏYƏ GÖRƏ MƏZƏMMƏT EDİRLƏR

   İndi bizə hökmdarın təbəələrə və müttəfiqlərə münasibətdə özünü necə aparmaq lazım olduğunu araşdırmaq qalır. Bu barədə yazıların çox olduğunu bildiyimdən qorxuram ki, məni lovğa adam hesab etsinlər, ona görə ki, seçdiyim bu mövzunu şərh edərkən mən digərlərindən kəskin surətdə fərqlənəcəyəm. Lakin ağıllı adamlar üçün nə isə faydalı bir şey yazmaq məqsədilə, əslində heç vaxt olmayan və heç kimin görmədiyi respublika və dövlətlərdən bəhs edən bir çox adamlardan fərqli olaraq mən uydurmalara deyil, əsl həqiqətə əsaslanmağa üstünlük verirəm. Axı insanların yaşayışı ilə onların necə yaşamaq lazım olması arasında fərq o qədər böyükdür ki, həqiqəti dediyimiz lazım olmaya görə inkar edən şəxs özünə xeyirdən çox ziyan gətirir, zira istənilən həyat şəraitində xeyirxahlıq istəyi ilə bulunan şəxs şərə qulluq edən adamlarla rastlaşdıqda, onun məhvi labüddür. Buna görə hakimiyyəti saxlamaq istəyən hökmdar xeyirxahlıqdan yayınmaq bacarığına malik olmalı və lazım gəldikdə bu bacarıqdan istifadə etməlidir.

   Düşünülmüş yox, həqiqi keyfiyyətlərə malik olan hökmdarlar haqqında danışdıqda, qeyd etmək lazımdır ki, başqalarından üstün olan adamlarda, ələlxüsus da hökmdarlarda təqdlirə və ya məzəmmətə layiq xüsusiyyətlər görmək olar. Məsələn, deyirlər ki, biri səxavətlidir, digəri xəsis – bu, Toskana ləhcəsində belə səslənir, zira bizim dilimizdə, həm də o adamı tamahkar adlandırırlar ki, o, özgənin malını əlindən almaq istəyir, öz malından çox möhkəm yapışan adamı isə xəsis deyə çağırırıq – biri bədxərcdir, digəri acgöz; biri qəddardır, digəri mərhəmətli; biri sədaqətlidir, digəri vəfasız; biri zərif və cəsarətsizdir, digəri ürəkli və cəsarətli; bu səbrlidir, o biri təkəbbürlü; bu pozğundur, o biri əxlaqlı; bu məkrlidir, o biri səmimi; bu inadkardır, o biri yolayovuq; bu dəmdəməkidir, o biri ciddi; bu dindardır, o biri kafir və i.a. Sadalanan bütün yaxşı xüsusiyyətlərin hamısını özündə birləşdirən hökmdar üçün bundan da təqdirəlayiq nə ola bilər? Amma insan öz təbiətinə görə təkcə yaxşı cəhətlərə malik deyil və bunlara əsaslanmaq məcburi olmadığından müdrik hökmdar öz dövlətinin əlindən çıxmasına səbəb ola biləcək nöqsanlı cəhətləri özündən uzaqlaşdırmalı, qalanlarından isə mümkün qədər, lakin bundan artıq olmamaq şərtilə çəkinməlidir. Qoy hökmdarlar hətta öz nöqsanlı cəhətlərinə görə, o cəhətlər ki, onlarsız hakmiyyəti saxlamaq çətindir, ittiham olunmaqdan çəkinməsinlər, axı diqqət yetirsək biz görərik ki, ilk baxışdan yaxşı görünən bir çox cəhətlər əslində hökmdarın məhvinə səbəb olan amillərdir və əksinə, hansı şey ki, nöqsan kimi görünür, bu, həqiqətdə, hökmdara xoşbəxtlik gətirir və onun təhlükəsizliyini təmin edir.

   XVI FƏSİL

   SƏXAVƏT VƏ QƏNAƏT HAQQINDA

   Mən xatırlatdığım birinci xüsusiyyətdən başlayıb deyəcəyəm ki, səxavətli hökmdar kimi ad çıxarmaq yaxşıdır. Amma kim ki, səxavətli sayılmaq üçün səxavət göstərir, o, özü-özünə ziyan edir. Axı bu ağıllı surətdə və lazımi qaydada edilsə, bu barədə heç kim heç nə bilməyəcək, sən isə yenə də xəsislikdə təqsirləndiriləcəksən, buna görə də sənin səxavətli olmağın barədə adamlar arasında söhbətlər gəzsin deyə sən çox gözəl təşəbbüslərdə bulunmalısan, lakin belə hərəkət etsən sən xəzinənin pulunu dağıdarsan, bundan sonra isə səxavətli hökmdar adını itirmək istəmədiyindən, xalqı vergilərlə həddən artıq yükləməyə və pul əldə etmək üçün pis vasitələrdən istifadə etməyə məcbur olacaqsan. Bütün bunlar tədricən təbəələrdə sənə qarşı nifrət oyadacaq, yoxsullaşdıqdan sonra isə onların etinasızlığı ilə üzləşəcəksən. Öz səxavətinlə çoxlarını yoxsullaşdırıb, bəzilərinə yaxşılıq etdikdə isə birinci çətinlik ondan ibarət olacaq ki, hamı sənin üstünə düşəcək, birinci təhlükə isə səndən ötrü fəlakətə çevriləcək. Amma sən əgər ki, vaxtında ağlını başına yığıb vəziyyəti düzəltməyi qərara alsan, səni dərhal xəsis hesab edəcəklər.

   Beləliklə, əgər hökmdar səxavətli adam kimi tanınmaqdan ötrü özünə ziyan vurmadan əliaçıqlıq göstərə bilmirsə, onda xəsis hökmdar adı ilə barışmaq məgər onun üçün daha ağıllı hərəkət olmazmı. Axı tədricən adamlar görəndə ki, qənaətkarlığına görə gəliri ona bəs edir və o, xalqa əlavə vergilər qoymadan müharibə aparır, onda səxavətli hökmdar adını təzədən özünə qaytaracaq. Əslində isə o, kimlərdən ki, heç nə almayıb, belələri isə çoxluq təşkil edir, məlum olacaq ki, onlara qarşı səxavətli olub, kimlərisə varlandırmaq iqtidarında olub, belələri isə azlıq təşkil edir, məlum olacaq ki, onlara qarşı xəsis olub. Bizim günlərdə yalnız kasıb sayılan adamlar böyük işlər görə bilib, qalanları isə hiss edilmədən ortalıqdan çıxıb. Papa Yuli istəyirdi ki, yalnız hakimiyyətə yiyələnənə qədər onu səxavətli hesab etsinlər, müharibəyə hazırlaşdıqdan sonra isə əliaçıqlığı tamamilə bir yana qoydu. Fransanın bu günkü kralı əlavə xərcləri əvvəlcədən görüb, məhz qənaətkarlıq etdiyinə görə bir neçə müharibəni xüsusi vergilər tətbiq etmədən apardı. İspaniyanın hazırkı kralı əgər səxavətli hökmdar adı üçtündə əssəydi, bü qədər müharibəyə başlaya və onları uda bilməzdi.

   Beləliklə, təbəələri kasıblıq həddinə çatdırmamaq üçün, müdafiədən ötrü kifayət qədər pulun olması üçün, özünün kasıblaşmamağı üçün, etinasızlığa məruz qalmamaq üçün və istər-istəməz tamahkar olmamaq üçün hökmdar xəsis adı ilə tanınsa da buna əhəmiyyət verməməlidir, zira xəsislik – o nöqsanlardan biridir ki, bunun vasitəsilə o, idarə etmək imkanına malik olur. Əgər mənə ərz etsələr ki, Sezar əliaçıq olması ilə özünə yol açıb və bir çoxları səxavətli olduqlarına, habelə əliaçıq sayıldıqlarına görə ən yüksək rütbələrə yetib, mən buna cavab olaraq deyərəm: sən ya hakimiyyətə yetmisən, ya da indi buna yetmək istəyirsən. Birinci halda əliaçıqlıq ziyan gətirir, ikinci haldasa buna ehtiyac var. Sezar Romada mütləq hakimiyyətə doğru gedirdi, belə ki, əliaçıqlıq ona ziyan gətirə bilməzdi, lakin əgər o, hakimiyyətə yetdiklən sonra xərcləri azaltmadan yaşasaydı, onda onun hakimiyyətinin axırı çatardı. Amma mənimlə əgər razılaşmayıb desələr ki, hökmdar olan və qoşunun başında durub böyük qəhrəmanlıqlar göstərən bir çoxları bununla belə ən səxavətlilərdən sayılıb, mən cavab verəcəyəm ki, həm öz malını, həm də özkəninkini israf etmək olar. Birinci halda qənaət, ikinci halda isə – mümkün qədər çox səxavət lazımdır.

   Əgər sənin başçılıq etdiyin qoşun qənimət, qarət, ağır vergilər və özgələrin əmlakı hesabına saxlanırsa, onda sən səxavətli olmalısan, əks təqdirdə əsgərlər sənin ardınca getməz. Həmişə də sənə və sənin təbəələrinə məxsus olmayan var-dövləti sən gen-bol paylaya bilərsən, Gir, Sezar, İsgəndər belə hərəkət edib, axı özgə malını israf etdikdə sən öz şöhrətini bir az da artırırsan, halbuki öz malını israf etməklə, sən ancaq özünə ziyan edirsən. Heç nə özünü əliaçıqlıq qədər zəiflətmir. Əliaçıqlıq göstərməklə sən eyni zamanda bu imkandan məhrum olursan, yaxud kasıblaşırsan ki, bu da etinasızlığa səbəb olur, ya da kasıblıqdan qurtarmaq üçün nifrətə səbəb olan işlərlə məşğul olursan. Axı təbəələrin etinasızlığı və nifrəti ki, var, hökmdar hər şeydən çox özünü, məhz bunlardan qorumalıdır, əliaçıqlıq isə birinciyə də, ikinciyə də gətirib çıxarır. Buna görə kasıb sayılıb, nifrətə səbəb olmayan pis adla tanınmaq daha yaxşı olar, nəinki səxavətli sayılmaq istəyi, o istək ki, bundan ötrü istər-istəməz başqalarını müflisləşdirib pis ad, eyni zamanda da nifrət qazanırsan.

    XVII FƏSİL

   QƏDDARLIQ VƏ LÜTF HAQQINDA, BİR DƏ O HAQDA Kİ, ÖZÜNÜ İNSANLARA

   SEVDİRMƏK YAXŞIDIR, YOXSA ONLARI QORXU ALTINDA SAXLAMAQ

   Yuxarıda göstərilən xüsusiyyətlərə gəldikdə, mən deməliyəm ki, hər bir hökmdar istərdi ki, onu qəddar yox, lütfkar hesab etsinlər, lakin çox da lütfkar olmağa dəyməz. Çezare Bordca çoxları tərəfindən qəddar adlandırılmışdır, lakin bu qəddarlıqla o, Romanyada qayda yaratdı, onu birləşdirdi, orada sakitliyi bərpa etdi, onu məcbur etdi ki, tabe olsun. Diqqət yetirsək görərik ki, o, daha lütfkar olub, nəinki florensiya xalqı, hansı ki, qəddarlıqda təqsirləndirilməkdən qorxaraq Pistoyinin dağıdılmasına yol verdi. Buna görə təbəələri öz itaətində saxlamaq istəyən hökmdar qəddarlıqda təqsirləndirilməsinə əhəmiyyət verməməlidir. Bir neçə cəza tədbirindən sonra o, daha çox lütfkarlıq etmiş olacaq, nəinki geninə-boluna lütfkarlıq göstərib iğtişaşların qarşısını almayanlar. Axı iğtişaşlara, hansı ki, qarət və qətllərlə müşahidə olunur, bütün əhali məruz qaldığı halda, hökmdarın qoyduğu cəzadan yalnız bəziləri ziyan çəkir. Təzə hökmdar qəddarlıqda digər hökmdarların hər hansı birindən daha çox təqsirləndirilə bilər, zira təzə hakimiyyətin təhlükəyə düşmək qorxusu çoxdur. Vergili Diananın dili ilə belə deyir:

   Res dura, et reqni novitas me talia coqunt

   Moliri, et late fines custode tueri

   [«Bizim səltənətimiz gəncdir, təhlükə böyükdür məhz bu məni məcbur edir ki, sərhədləri belə sayıqlıqla qoruyum» (Vergili. Enaida I, 563-564)]

   Bununla belə təzə hökmdar sadəlövh, hər şeydən şübhələnən və cəza verməyə tələsən adam olmamalıdır, hər işdə o, soyuqqanlı, ehtiyatlı və lütfkar olmalıdır. Ona görə ki, qədərindən çox yüngüllük etməsi ehtiyatsızlıq olar, qədərindən çox etimadsızlıq göstərməsi isə təbəələri əsəbləşdirər. Bununla əlaqədar mübahisə yarana bilər, nə yaxşıdır: hökmdarı sevmək, yoxsa ondan qorxmaq. Belə bir fikir var ki, hər şeydən yaxşısı eyni zamanda həm sevmək, həm də qorxmaqdır; amma məhəbbətin qorxu ilə bir yerdə olması müşkül məsələdir, bir halda ki, seçmək lazımdır, üstünlüyü qorxuya vermək daha düz olardı. Axı insanları bütövlükdə nankorlar və tez dəyişənlər kimi xarakterizə etmək olar ki, bunlar da səmimiyyətdən uzaq və yalançı adamlardır; təhlükədən qorxsalar da dünya malına meyllidirlər; nə qədər ki, onlara yaxşılıq edirsən, onlar öz canlarına and içib səndən ötrü heç nələrini: nə qanlarını, nə həyatlarını, nə uşaqlarını, nə mallarını əsirgəməyəcəklərinə and içirlər, amma onlar sənə lazım olan kimi səndən üz çevirirlər. Onların vədlərinə inanıb, təhlükəli hallarda heç bir tədbir görməyən hökmdarın işi çətin olacaq. Axı gözəl hislər və səmimi duyğularla deyil, pul hesabına əldə edilən dostluğu almaq olsa da, saxlamaq mümkün olmadığından ara qarışdıqda onun köməyinə müraciət etmək olmur. Üstəlik, insanlar onların qəlbinə qorxu salan adamlara deyil, onlara məhəbbət bəsləyənlərə pislik etməkdən daha az çəkinir, axı məhəbbət razılıq əsasında olur, pis adamlarsa bunu öz xeyirlərindən ötrü unuda bilər, qorxunun əsasını isə cəza təşkil edir ki, bunu da unutmaq mümkün deyil.

   Üstəlik, hökmdar insanların ürəyinə o dərəcədə qorxu salmalıdır ki, məhəbbət qazanmasa da, heç olmasa nifrətdən uzaq olsun, axı insanların ürəyinə nifrətsiz də qorxu salmaq olar. Nifrətdən, kin-küdurətdən uzaq olmaq üçün hökmdar vətəndaşların və təbəələrin mal-mülkünə toxunmamalı və onların arvadlarına qəsd etməməlidir. Hətta hökmdar əgər kimisə edam etməyi vacib bilirsə, bunu o halda etməlidir ki, onun əlində lazımi dəlillər və aşkar səbəb olsun, amma o, özgənin əmlakını mənimsəməkdən çəkinməlidir, axı adamlar atalarının ölümünü bağışlayırlar, mallarının itirilməsini isə yox. Üstəlik, əmlakın müsadirə edilməsinə həmişə kifayət qədər səbəb var, adamları istismar etmək hesabına yaşamağa başlasan, həmişə özgənin malını mənimsəmək üçün səbəb tapmaq olar, halbuki kiminsə həyatına qəsd etməyi nə iləsə əsaslandırmaq xeyli çətin, buna dəlil tapmaq isə müşkül məsələdir.

   Amma hökmdar çoxminlik orduya başçılıq etdikdə o, üstəlik elə etməlidir ki, onu qəddar hesab etsinlər, axı onu qəddar adam saymasalar o, ordunu mütəşəkkil qaydada və döyüşə qabil vəziyyətdə saxlaya bilməz. Hannibalın heyranedici işlərindən belə bir şeyi də xatırladırlar: özgə əraziləri fəth etməyə gedən bu şəxs böyük və çoxmillətli orduda həm qələbə çaldığı, həm də məğlubiyyətə uğradığı günlərdə qiyamın və dava-dalaşın qabağını aldı. Bu ancaq ondakı qeyri-insani qəddarlıqla izah olunur, o qəddarlıqla ki, onun şücaəti və istedadı ilə birlikdə ordunun canına lərzə salır və onu qorxu altında saxlayırdı; əgər o, qəddar olmasaydı, onun digər keyfiyyətlərinin elə bir təsiri olmazdı. Amma tarixi əsərlərin müəllifləri bir tərəfdən onu bir qəhrəman kimi tərifləyirlər, digər tərəfdən isə-əsassız olaraq onda olan başlıca xüsusiyyəti pisləyirlər.

   Təkcə müasirlərinin arasında deyil, həm də bütün adamların arasında qeyri-adiliyi ilə fərqlənən Ssipionun timsalında bu fikrin nə qədər düzgün olduğunu görmək olar, belə ki, sərkərdə üçün yalnız şücaətli və istedadlı olmaq azdır. Hərbi qaydalar yol verdiyi üçün hədsiz dərəcədə lütfkarlıq göstərib, İspaniyada əsgərlərə istənilən qədər sərbəstlik verdiyinə görə onun ordusu qiyam qaldırdı. Bu işin üstündə Fabi Maksim onu senatın qarşısında ittiham edib, Roma ordusunda pozuculuq işi aparan adam adlandırdı. Elə bu qətiyyətsizliyi ucbatından Ssipion biləndə ki, onun canişinlərindən biri lokrları6 müflis edir, onların tərəfində durub həmin canişini buna cəsarət etdiyinə görə cəzalandırmadı. Təsadüfi deyil ki, senatda ona haqq qazandırmaq istəyən birisi bildirmişdi ki, bu şəxs o adamlardandır ki, onlara özlərini səhvlərdən çəkindirmək, başqalarını səhv üstündə cəzalandırmaqdan daha asandır. Əgər Ssipion təkbaşına komandanlıq etsəydi, bu xüsusiyyəti onun təmiz adına və şərəfinə ləkə vuracaqdı, lakin o, senatdan asılı adam idi, buna görə də onun xarakterindəki bu xüsusiyyət, nəinki pis nəticələrə gətirib çıxarmadı, hətta onun şöhrətinin artmasına səbəb oldu.

   Beləliklə, nəyin – hökmdarı sevməyin, yoxsa ondan qorxmağın yaxşı olması məsələsinə qayıtdıqda, mən bildirirəm ki, hökmdarı sevmək hərənin öz ixtiyarındadır, ondan qorxmaq isə hökmdardan asılıdır, belə ki, müdrik hökmdar başqa birisinə yox, özünə arxalanmalıdır; işin vacib tərəfi ondan ibarətdir ki, biz yuxarıda dediyimiz kimi o, heç bir vəchlə təbəələrdə özünə qarşı nifrət oyatmasın.

   XVIII FƏSİL

   HÖKMDARLARIN ÖZ VƏDLƏRİNƏ NECƏ ƏMƏL ETMƏLƏRİ HAQQINDA

   Hökmdarın verdiyi vədə xilaf çıxmamasının, onun doğruçuluğunun və bu yöndə olan dönməzliyinin nə qədər hörmətə layiq olması haqqında danışmaq artıq olardı. Lakin biz təcrübədə buna əmin olmuşuq ki, bizim dövrümüzdə böyük işlərə yalnız o adamlar nail olubdur ki, onlar verdikləri sözün üstündə durmayıb və kimi də azımdırsa onu aldatmağı bacarıblar; nəhayət, böyük uğurlara imza atan hökmdarların çoxu da, doğruçuluğa üstünlük verənlər yox, məhz belələridir.

   Nəzərə almaq lazımdır ki, düşmənlə mübarizə aparmağın iki üsulu var: birincisi, qanunlarla, ikincisi, güclə. Birinci üsul insanlara xasdır, ikincisi heyvanlara. Amma birinci üsul çox vaxt kifayət etmədiyindən, ikincini də tətbiq etmək lazım gəlir. Burdan belə çıxır ki, hökmdar insanın təbiətinə xas olan şeylərə əməl etməklə bərabər, heyvanınkına da əməl etməlidir. Məgər antik dövr müəlliflərinin bizə sübut etməkdən ötrü vurduqları bu eyham – Axilla və qədimin digər qəhrəmanlarının tərbiyə edilib, müdriklik əxz etməsi üçün Kentavr Xirona verilməsi barəsində etdikləri söhbət bununla bağlı deylmi? Yarıadam-yarıheyvan tərbiyəçinin seçilməsinə daha nə ad vermək olar, bəlkə bu o deməkdir ki, hökmdar adı çəkilən hər iki sifətə malik olmalıdır, axı biri o birisiz kifayət qədər güclü deyil?

   Beləliklə, hökmdar heyvanlardan ikisinə oxşamalıdır: şirə və tülküyə. Şir tələdən qorxur, tülkü canavarlardan, deməli, insan tülkü kimi tələdən yayınmağı, şir kimi də canavarları qorxutmağı bacarmalıdır. Kim yalnız şirə oxşayırsa, o, tələni görməyə bilər. Burdan belə çıxır ki, müdrik hökmdar, əgər verdiyi vəd onun maraqlarına ziyan gətirirsə və əgər bu vədi yerinə yetirməyə daha ehtiyac yoxdursa, sözünün üstündə durmaya bilər və durmamalıdır da. Əgər insanlar öz vədlərinə lazımınca əməl etsəydilər, bu pis məsləhət olardı, amma pis adamlar öz vədlərini yerinə yetirmirlər, belə ki, sən də onlarla elə o cür davrana bilərsən. Verilən vədi pozmağa isə kifayət qədər bəhanə tapmaq mümkündür. Buna çox misallar gətirmək olar: hökmdarların öz vədlərinə sadiq qalmamaları nəticəsində sülh haqqında əldə edilən nə qədər razılıq, nə qədər saziş öz gücünü itirmişdir və ya heç-puç olmuşdur, həmişə də tülkü təbiətli adamlar qalib gəlmişdir. Lakin bu sifəti pərdələməyi də bacarmaq lazımdır, gərək yaxşı yalançı və riyakar olasan; insanlar isə o qədər sadəlövh və ən zəruri ehtiyacları ilə o qədər məşğuldurlar ki, yalançı şəxs onlar arasında həmişə özünü aldatmağa imkan verən adam tapa bilər.

   Yaxın zamanlarda olan işlərdən birini misal çəkməyə bilmərəm. VI Aleksandr bütün ömrü boyu ifrat yalançılardan olub, amma həmişə ona inanmağa hazır olan adamlar peyda olurdu. Bütün dünyada adamı inandırmaq üçün bu qədər əldən-ayaqdan gedən, bu qədər inandırıcı surətdə söz verən və öz vədlərinə əməl etmək xüsusunda bu qədər az narahat olan başqa bir adam tapılmazdı. Amma yalan hər halda ona həmişə nə istəyirdisə, onu da verirdi, zira o, bundan kifayət qədər xəbərdar idi. Burdan belə çıxır ki, xatırlatdığımız bütün məziyyətlərə malik olub, bunlara şərtsiz olaraq əməl etmək zərərlidir, halbuki bunlara malik olan adam kimi özünü göstərmək faydalıdır. Başqa sözlə, insanların qarşısında mərhəmətli, sözübütöv, lütfkar, doğruçu, mömin adam kimi görünmək, əslində də elə bu cür olmaq lazımdır, eyni zamanda da lazım gəldikdə bunlara əks xüsusiyyətləri büruzə vermək üçün hazır olmaq vacibdir. Başa düşmək lazımdır ki, hökmdar, xüsusən də təzə hökmdar hansı işlərə görə ki, insanları yaxşı hesab edirlər, təkcə o işlərdə buluna bilməz, axı dövləti qoruyub saxlamaqdan ötrü o, tez-tez öz vədlərini pozmalı, rəhmdillilikdən , xeyirxahlıqdan və möminlikdən uzaqlaşmalı olur. Belə ki, əgər vəziyyət dəyişsə, yaxud uğursuzluq zolağına düşsə, o, bu işlərə həmişə hazır olmalıdır ki, bunların yönünü dəyişsin, yəni biz dediyimiz kimi, imkan daxilində xeyirxahlıqdan əl çəkməməli, lakin vacib olduqda pislik etməkdən də çəkinməməlidir.

   Beləliklə, hökmdar çalışmalıdır ki, qeyd etdiyimiz beş məziyyəti özündə əks etdirməyən fikir ifadə etməsin. Qoy o, mərhəmətin, sədaqətin, doğruçuluğun, xeyirxahlığın, ələlxüsus da möminliyin özü kimi o adamların qarşısında dursun ki, onlar onu görür və eşidir. Axı insanlar hər şeyi əsasən görkəminə görə müəyyən edirlər, zira baxmağa hamıya icazə verilir, əllə toxunmağa isə – bəzilərinə. Hamı səni tanısa da, əslində, sənin necə şəxs olduğunu az adam bilir, axırıncılar isə əksəriyyətin fikrinə qarşı çıxmağa cürət etməz, çünki onların arxasında dövlət durub.

   O adamların, ələlxüsus da o hökmdarların ki, fikrini öyrənmək mümkün deyil, onların fəaliyyətinə nəticədən asılı olaraq qiymət verilir, buna görə hökmdarlar hakimiyyəti saxlamağa və qələbələr qazanmağa cəhd etməlidir. Onlar hansı işin ucundan yapışsalar, bunu həmişə düzgün hesab edib, bəyənəcəklər, zira sadə xalq üzdə görünən şeylərə və uğura aldanır, dünyada isə sadə xalqdan başqa heç kim yoxdur, onun içərisində də azlığa yer yoxdur, axı dövlət çoxluğun arxasında durur. Adını çəkməyəcəyim indiki hökmdarlardan biri özünü sülhün və ədalətin carçısı kimi tanıtsa da, əslində, həm bu, həm də o biri şeyin qəti əleyhinədir; o, təbliğ etdiyi bu şeylərə əməl etsəydi, çoxdan öz qüdrətini, yaxud dövlətini itirmişdi.

   XIX FƏSİL

   NİFRƏTƏ VƏ ETİNASIZLIĞA MƏRUZ

   QALMAMAĞIN YOLLARI HAQQINDA

   Biz sadaladığımız ən mühüm xüsusiyyətləri müzakirə etdik, digərləri barədə mən qısa şəkildə danışacağam, bundan əvvəl isə bir ümumi qaydanı önə çəkəcəyəm. Hökmdar, yuxarıda deyildiyi kimi, o şeyə nəzarət etməlidir ki, onun gördüyü işlərin heç biri təbəələrin nifrətinə və etinasızlığına səbəb olmasın. Əgər o, bu işdə uğura yetsə, öz vəzifəsini yerinə yetirmiş olacaq və ondakı digər qüsurlar onun üçün heç bir pis şeylə nəticələnməyəcək. Talan və öz təbəələrinin əmlakına, habelə onların arvadlarına edilən qəsd hökmdara qarşı nifrət yaradır. Axı insanların heysiyyatına, yaxud mülkiyyətinə toxunmadıqda, onların əksəriyyəti öz həyatından razı olur, yalnız bəzi şöhrətpərəst adamlar incik qala bilər ki, onlarla da bacarmaq asandır. Hökmdarlardakı etinasızlıq şıltaqlıqdan, zəriflikdən, ruh düşkünlüyündən və qətiyyətsizlikdən doğur. Bu cür xüsusiyyətlərdən oddan uzaq olan kimi uzaq olmaq, hər bir işdə alicənablıq, cəsurluq, mükəmməllik və qətiyyətlilik göstərmək lazımdır. Təbəələrin şəxsi işlərinə gəldikdə onun qərarı qəti olmalı və bu işə elə baxmalıdır ki, heç kim hökmdarı aldatmağı, yaxud ona kələk gəlməyi belə ağlına gətirməsin. Digərlərində özü haqqında belə təsəvvür yaradan hökmdara hörmətlə baxacaqlar, amma məlum olsa ki, hökmdar müstəsna məziyyətlərə malikdir və öz təbəələri arasında hörmət sahibidir, düşmənlər üçün onun üstünə hücum etmək və ona qarşı sui-qəsd hazırlamaq çətin olacaq. Axı hökmdar üçün təhlükə iki yerdən gələ bilər – biri daxildən, təbəələr tərəfindən, digəri isə xaricdən – güclü qonşu dövlətlər tərəfindən. Daxildəki təhlükəni yaxşı qoşunun və yaxşı müttəfiqlərin köməkliyi ilə dəf etmək olar; yaxşı qoşuna malik olan yaxşı da müttəfiqlər qazanacaq. Əlbəttə, əgər gizlin hazırlanan sui-qəsdlər onun ovqatını təlx etməsə, xaricdən təhlükə olmadığı halda, daxildə də sabitlik olacaq. Lakin daxildən hücuma məruz qaldığı halda da, hökmdar qorxuya düşməməlidir, çünki o, əgər ölkəni mən deyən kimi idarə edibsə, istənilən düşmənin hücumunun qarşısını ala biləcək, necə ki, yuxarıda dediyimiz kimi, bunu spartalı Nabid etmişdi.

   Təbəələrə gəldikdə isə, saraydan kənarda yalnız gizlin surətdə hazırlanmış olan sui-qəsdlərdən ehtiyatlanmaq lazımdır. Bunlardan yaxa qurtarmaq üçün əsas vasitə təbəələrin nifrətinə və etinasızlığına tuş gəlməmək və xalqın ürəyinə yatmaqdır, yuxarıda deyildiyi kimi buna mütləq nail olmaq lazımdır. Sui-qəsdin qabağını almaq üçün ən yaxşı vasitə xalqın nifrətinə tuş gəlməməkdir, zira sui-qəsdçi həmişə ona ümid edir ki, hökmdarı aradan götürməklə xalqın könlünü alacaq, amma biləndə ki, bu, xalqı acıqlandıracaq, bu işi etməyə cürəti çatmaz, axı hər hansı bir sui-qəsd çoxlu çətinliklərlə bağlıdır.

   Təcrübə göstərir ki, sui-qəsd tez-tez planlaşdırılsa da çox nadir hallarda uğurla həyata keçirilib. Bunun səbəbi ondadır ki, sui-qəsdçi təkbaşına fəaliyyət göstərməyi və hakimiyyətdən narazı hesab etdiyi adamlar istisna olmaqla, heç kimlə əlbir olmağı ehtimal etmir. Lakin narazı adama inanmaqla, sən dərhal ona razı adamlardan biri olmağa imkan verirsən, ona görə ki, o, səni ələ verməklə özü üçün hər cür imtiyaz əldə edə bilər. Beləliklə, bir tərəfdən açıq-aşkar fayda varsa, digər tərəfdən – bu şübhəlidir, özü də böyük risklə bağlıdır, səni ancaq sənin ən yaxın dostun, yaxud hökmdarın ən barışmaz düşməni olub, səninlə bu işdə əlbir olan adam ələ verməz.

   Əgər qısa danışsaq sui-qəsdçi nigarançılıq və şübhələr içində bulunur, cəzadan qorxusu var, hökmdar isə ixtiyar sahibidir, qanunlar çıxarır, dostları var, dövlətin bütün təsir vasitələri onun əlindədir, əgər bunlara xalqın hüsn-rəğbətini də əlavə etsək, onda çətin ki, kimsə ona qarşı sui-qəsd təşkil etməyə cürət etsin. Axı cinayətdən öncə də sui-qəsdçinin ehtiyatlandığı şeylər var, amma xalq ona qarşı olsa, cinayətdən sonra da onun ehtiyat edəcəyi şeylər olacaq, zira o, heç kimin himayəsinə sığına bilməyəcək. Bu xüsusda mən kifayət qədər misallar çəkə bilərəm, amma bunlardan biri ilə kifayətlənəcəyəm. Bunu isə bizim atalarımız hələ də xatırlayır. Konneskilərdən olan sui-qəsdçilərin əli ilə qətlə yetirilmiş indiki messer Annibalenin babası Boloniyanın hökmdarı messer Annibali Bentivolyinin hələ uşaq olan messer Covannidən başqa heç bir varisi qalmadı. Onun ölümündən dərhal sonra hiddətlənən xalq Konneskilərin hamısı ilə hesablaşdı, axı Bentivoli ailəsinə o vaxt ümumxalq məhəbbəti vardı. Bu məhəbbət isə o qədər güclü idi ki, Boloniyada Bentivolyi ailəsindən dövləti idarə edə biləcək bir adam qalmadıqda, əvvəllər dəmirçi oğlu hesab edilən və Bentivolyinin qohumu olan bir adam haqqında xəbər tutduqda, Florensiyaya gəlib hakimiyyəti ona verdilər, o isə messer Covanninin hökmdar olmaq üçün lazım olan yaş həddinə gəlib yetdiyi vaxta qədər şəhəri idarə etdi.

   Sonda mən bir daha xatırladıram ki, xalqın hüsn-rəğbətini qazanmış hökmdar sui-qəsddən ehtiyat etməyə bilər, əksinə, xalqın gözünə düşmən kimi görünən və onun nifrətini qazanan hökmdar isə bundan ehtiyatlanmalıdır. Yaxşı təşkil olunmuş dövlətlər və müdrik hökmdarlar hər hansı bir vasitə ilə ona nail olmağa çalışıblar ki, kübarlar azğınlaşmasın, xalq isə onlardan razı qalsın, axı bu, hökmdarların ən vacib işlərindən biridir.

   Bizim zəmanəmizdə yaxşı təşkil edilmiş və ağıllı surətdə idarə edilən dövlət Fransadır, burda kralın müstəqilliyini və təhlükəsizliyini təmin edən çoxlu sayda qurumlar var, bunlardan birincisi – səlahiyyətə malik olan parlamentdir. Bu dövlətin banisi kübarların iddialarından və saymazlığından xəbərdar olduğu üçün, hesab edirdi ki, onun cilovunu çəkmək olar, həmçinin xalqın kübarlara qarşı qorxudan doğan nifrətini görərək, kübarları müdafiə etmək istədi. Amma kübarlar kralı xalqın qanunsuz işlərinə göz yummaqda, xalq isə onu kübarlara himayəçilik etməkdə təqsirləndirməsin deyə, həmin şəxs qərara aldı ki, bu işi kralın üstünə atmasın, bu məqsədlə də kralın iştirakı olmadan güclüləri hörmətə mindirən, zəiflərə isə köməklik edən tretey7 təşkilatını təsis etdi. Bundan da yaxşı, bundan da ağıllı bir şey, üstəlik, kralın və krallığın təhlükəsizliyini bundan da etibarlı təminatını təsəvvürə gətirmək çətindir. Bundan daha bir xeyirli nəticə çıxarmaq olar; hansı işlər ki, təbəələrin xoşuna gəlmir, hökmdarlar bunları başqalarına tapşırmalıdır, hansı işlər ki, onların özünə xoş gəlir, bunlarla elə özləri məşğul olmalıdır. Sonda yenə təkrar edirəm ki, hökmdar xalqda nifrət oyatmamaq şərtilə kübarların hörmətini gətirməlidir.

   Yəqin bir çoxları deyəcək ki, bəzi Roma imperatorlarının həyatı və ölümü yuxarıda göstərilən fikirlərlə uzlaşmır. Mən o imperatorlar barəsində danışıram ki, onlar ömürləri boyu xeyirxah olmaqla və əzmkarlıq göstərməklə ya öz hakimiyyətlərini itiriblər, ya da sui-qəsd nəticəsində öldürülüblər. Onların etirazlarını təkzib etmək üçün mən bir neçə imperatorun xüsusiyyətləri ilə bağlı öz fikrimi bildirib sübut etmək istəyirəm ki, mənim, məhz yuxarıda göstərdiyim səbəblər onların iflası ilə nəticələnmişdir. Yeri gəlmişkən mən imperatorların – filosof Markın xələflərindən tutmuş ta Maksiminə qədər, yəni Markın, onun oğlu Kommodun, Pertinaksın, Yulianın, Severin, onun oğlu Antonin Karakallın, Makrinin, Heliohabalın, Aleksandrın və Maksiminin tərcümeyi-halında nə ibrətamiz şeylər tapmaq mümkündürsə, onları göstərmək istərdim.

   İlk öncə qeyd etmək lazımdır ki, əgər hökmdarlar adətən kübarlardakı şöhrətpərəstliyin və xalqdakı özbaşınalığın qabağını almaq məcburiyyəti qarşısında qalırdılarsa, Roma imperatorları bunlardan əlavə, həm də orduda mövcud olan sərtliyin və tamahkarlığın qabağını almaqla məşğul olurdular. Çoxları bu çətin və zəruri olan işi həyata keçirərkən həlak olmuşdur, axı bir dəfəyə həm xalqın, həm də ordunun könlünü almaq çətin idi. Xalq sülhə və asayişə cəhd edirdi, buna görə mülayim xasiyyətli hökmdarları daha çox sevirdi, əsgərlər isə ikiqat maaş almaqdan ötrü, habelə onların sərt hərəkətlərinə və tamahkarlıqlarına göz yumulsun deyə daha çox döyüşkən, qızğın, sərt və qaniçən hökmdarlara (əlbəttə, əgər bu xüsusiyyətlər xalqa qarşı yönəlibsə) meyl edirdilər.

   Bütün bunlar labüd surətdə imperatorların məhvinə səbəb olurdu, onlar – anadangəlmə xüsusiyyətlərinə və ya göstərdikləri səylərə görə – özlərinə elə bir hörmət qazana bilmirdilər ki, bununla həm xalqı, həm də ordunu itaət altında saxlasınlar. İmperatorların əksəriyyəti, ələlxüsus da, imperator hakimiyyətinə vərəsəlik yolu ilə sahib çıxanlar yox, onu əldə edənlər iki od arasında qaldıqda xalqı diqqətdən kənarda qoyub, ordunu razı salmaq üçün üstünlüyü ona verirdilər. Onlar ayrı cür hərəkət edə bilmirdilər, axı hökmdar əgər öz təbəələrindən kiminsə nifrətindən qurtulmaq iqtidarında deyilsə, o hər şeydən öncə çalışır ki, bütünlükdə hamının nifrətinə tuş gəlməsin. Əgər bunu həyata keçirmək mümkün deyilsə, o, çalışmalıdır ki, daha güclü adamlarda özünə qarşı nifrət yaratmasın. Məhz buna görə hamıdan çox köməyə ehtiyac duyan təzə hökmdarlar xalqın yox, tezliklə əsgərlərin tərəfində dururdular. Lakin onda da onlar özlərinə lazımi qədər hörmət qazana bilmədiklərindən məğlubiyyətə uğrayırdılar. Bu səbəbdən də imperatorlardan Mark, Pertinaks və Aleksandr ki, var, onlardan ikisini sadəliklərinə, ədalətin tərəfində durduqlarına, sərtliyə pis münasibət bəslədiklərinə, mülayim və lütfkar olduqlarına görə qarşıda acınacaqlı bir tale gözləyirdi. Yalnız Mark hörmət-izzət içində yaşadı və öldü, Yure Hereditario [varislik haqqında qanuna görə (lat.)] imperator hakimiyyətinə yiyələndi, həm də nə xalq, nə də ordu tərəfindən tanınmaq zərurəti qarşısında qalmadı. Bundan əlavə, o, özünün müxtəlif məziyyətlərilə xalqda özünə qarşı hörmət yaratdı, bu ona imkan verdi ki, xalqı da, ordunu da müəyyən olunmuş qaydalar çərçivəsində saxlasın və onlar tərəfindən nə nifrətə nə də etinasızlığa məruz qalmasın. Pertinaks onun əksinə olaraq, Kommodun dövründə pozğunçuluğa alışmış, düzgün həyat tərzi keçirməyən əsgərlərin istəyinə qarşı çıxıb imperator oldu, o, əsgərləri düzgün yaşamaq məcburiyyəti qarşısında qoyduğundan onların ondan zəhləsi getməyə başladı. Üstəlik də ona yaşının çox olmasına görə xor baxdıqlarından o, öz idarəçiliyinin lap əvvəlində öldürüldü.

   Yeri gəlmişkən qeyd edim ki, pis işlər kimi yaxşı işlərlə də nifrət qazanmaq mümkündür, buna görə də artıq dediyimiz kimi dövləti qoruyub saxlamaqdan ötrü xeyirxahlıq bilərəkdən tez-tez diqqətdən kənarda qalır, zira təbəələrin o hissəsi, hansı ki, hökmdar ona qarşı meyllidir, yəni xalq, kübarlar, yaxud ordu öz yolunu azdıqda, həmin hökmdar onların könlünü almaq üçün müvafiq tədbirlər görmək məcburiyyətində qalır, bu halda isə yaxşı əməllər onun ziyanına işləyə bilər. Bununla belə Aleksandra müraciət edək: nəql edirlər ki, təriflənməkdən ötrü onun mülayimliyi o dərəcəyə gəlib çatmışdı ki, idarəçilikdə bulunduğu ön dörd il ərzində məhkəməsiz heç bir adamın həyatına son qoyulmamışdı. Lakin həddən artıq rahatlığa alışmış və anasının sözünə baxan bir adam olduğu üçün yenə də etinasızlığa məruz qalmış və sui-qəsdçi hərbçilər tərəfindən qətlə yetirilmişdir.

   Bu üç nəfərdən fərqli olaraq Kommod, Sever, Antonin Karakalla və Maksimin xüsusi tamahkarlıqları və sərtlikləri ilə seçilirdilər. Onlar orduya şərait yaradaraqvar gücləri ilə xalqı soyur və ona zülm edirdilər, amma Severdən başqa onların hamısının həyatı pis qurtardı. Sever isə öz şücaəti ilə o qədər məşhur idi ki, xalqı talan etsə də, ömrünün axırına kimi əsgərlər ona rəğbət bəslədi, o da dövləti qayğısız halda idarə etdi. Xalq da, ordu da onun şücaətini görünməmiş bir şey hesab edirdi. Bu, xalqı həm vahiməyə salır, həm də heyrətləndirirdi, ordunun yanında isə onun hörmətini saxlayırdı. Hökmdar olduqdan sonra onun gördüyü bütün işlər diqqətəlayiq və yadda qalan olduğu üçün mən təfsilatına varmadan göstərmək istərdim ki, o, necə də gah şirə, gah da tülküyə oxşamağı bacarırdı, hansı ki, hökmdarlar, mən qeyd etdiyim kimi, bunu bacarmalıdır. İmperator Yulianın alçaqlığı barədə xəbər tutduqda Sever Slavoniyada onun komandanlığı altında olan əsgərləri dilə tutdu ki, birlikdə Romaya gedib pretorianların8 əli ilə həlak olmuş imperator Pertinaksın heyfini alsınlar. O, bu bəhanə ilə, lakin imperator hakimiyyətinə yetmək məqsədini heç kimə bildirmədən, öz ordusu ilə bərabər Romaya doğru hərəkət etdi. İtaliyaya gəlib çıxana qədər isə orada artıq onun yola düşməsi haqqında xəbər yayılmışdı. Onlar Romaya gəlib yetdikdə senat qorxuya düşərək onu imperator elan etdi, Yulianın da həyatına son qoyulması haqqında qərar çıxardı. Amma Severin yolunun üstündə hələ iki əngəl var idi: Asiya ordusunun başçısı Niger özünü imperator elan etmişdi, qərbdə isə onun rəqibi Albin idi. Hər ikisinə qarşı açıq çıxış etmək təhlükəli olduğundan Sever qərara gəldi ki, Nigerin üstünə açıqcasına hücuma keçsin, Albini isə bicliklə aradan götürsün. Axırıncıya o yazdı ki, senat tətəfindən imperator vəzifəsinə yüksəlsə də bu vəzifəni onunla bölmək istəyir, ondan xahiş edir ki, Sezar adını qəbul etsin, senatın qərarı iləsə onu hakimiyyətdə öz şəriki elan edir. O biri bütün bunların həqiqət olduğuna inandı. Lakin Nigerin ordusunun məğlubiyyətindən və onun özünün ölümündən sonra, şərqdə işlərini yoluna qoyan Sever Romaya qayıtdı və senata şikayət etdi ki, guya Albin Severin ona etdiyi yaxşılıqları yaddan çıxararaq, onun qəsdinə durub, buna görə də o, gərək Romadan çıxıb nankorluğuna görə Albini cəzalandırsın. Bundan sonra o, Fransada Albinə yetib, həm onun əlindən hakimiyyəti aldı, həm də onun həyatına son qoydu. Severin hərəkətləri üstündə dərindən düşündükdə biz görürük ki, o, özünü gah şir, gah da hiyləgər tülkü kimi aparıb, bu, qorxu və hörmətlə müşahidə olunsa da, orduda nifrət doğurmurdu. Belə ki, yeni hökmdar kimi onun öz hakimiyyətini belə möhkəmləndirməsi bizi təəccübləndirməməlidir; təbəələri talan etsə də adlı-sanlı adam olduğu üçün onların gözündən düşmədi. Onun oğlu Antonin də görkəmli şəxsiyyət olduğundan xalqı heyrətləndirməyi bacardı, o, əsgərlərə də münasib adam idi. Bu şəxs fəlakətə sinə gərən, gözəl yeməklərə məhəl qoymayan, çətinliyə dözən əsl əsgər idi, buna görə də ordunun məhəbbətini qazanmışdı. Amma görünməmiş vəhşilik və sərtlik göstərdiyindən, çoxlu qətllər törətdiyindən, Aleksandriya əhalisinin hamısını, Roma əhalisinin isə yarısını məhv etdiyindən təbəələrin onu görməyə gözü olmadı və o, özünə yaxın olan adamların canına o qədər qorxu saldı ki, öz ordusunun gözü qarşısında senturionların9 biri tərəfindən öldürüldü.

   Yeri gəlmişkən qeyd edək ki, öz həyatından keçməyə hazır olan hər kəs hökmdara qəsd edə bilər, buna görə gözünü qan tutmuş bir adamın əli ilə qətlə yetirilməkdən yaxa qurtarmaq üçün etibarlı vasitə yoxdur. Lakin bundan çox da ehtiyatlanmaq lazım deyil, çünki belə qəsdlər çox nadir hallarda baş verir. Bununçün lazımdır ki, sənin xidmətində bulunan və sənin əhatəndə olan məmurlar və adamlar təhqirə məruz qalmasın, yəni Antoninin etdiyi işi etməmək lazımdır, o, öz senturionunun qardaşı tərəfindən biabırcasına qətlə yetirildi, onu hər gün ölümlə hədələsə də, amma öz yanında cangüdən kimi saxlayırdı. Bu düşünülməmiş bir iş olduğundan bizə məlum olduğu və baş verdiyi kimi Antoninin ölümü ilə nəticələnməyə bilməzdi.

   İndisə Kommoda müraciət edək. O, Markın oğlu olmaqla, varis kimi əldə etdiyi hakimiyyəti asanlıqla saxlaya bilərdi. Əgər o, atasının yolunu tutub getsəydi, çox güman, həm xalqın, həm də ordunun hörmətini qazanardı, amma sərt və alçaq adam olduğundan ordunun köməkliyi ilə xalqı talan etmək fikrinə düşdü və orduya yaltaqlanmağa başlayaraq ondakı özbaşınalığa daha geniş meydan verdi. Ancaq o, arenada qladiatorlarla yarışdığından, həm də digər pis və imperator adına yaraşmayan işlərə yol verib, bir imperator kimi öz ləyaqətini alçaltdığından ordunun etinasızlığına məruz qaldı. Bəzilərinin zəhləsi gedən, digərlərinin isə etinasızlığına məruz qalan bu adam öz yaxın adamlarının içərisində olan sui-qəsdçilər tərəfindən qətlə yetirildi.

   Nəhayət, mən Maksiminin xüsusiyyətləri haqqında danışmalıyam. O, olduqca döyüşkən adam idi, Aleksandr öz rahatlıq sevərliyi ilə ordunu acığa saldıqdan sonra, ordu Maksimini imperator elan etdi. Amma uzun vaxt idarəçilikdə bulunmaq ona nəsib olmadı, zira ordunun, birincisi, ondan ona görə zəhləsi getdi və ordu ona görə ona etinasızlıq göstərdi ki, o bir vaxt Frakiyada qoyun otaran olmuşdu – hamıya məlum olan bu həqiqəti onun təbəələri rüsvayçılıq sayırdı, ikincisi o, özünü imperator elan etdikdən sonra Romada imperator rütbəsinə aid olan nişanları qəbul etmək üçün ora getməyi təxirə saldı və sərtliyi ilə seçilərək öz prefektlərinə10 Romada və digər yerlərdə çox sərt qırğınların keçirilməsini əmr etdi. Bu baş verən zaman ona qarşı olan etinasızlıq, o, aşağı zümrədən olduğuna görə nifrətə çevrilməyə başladı ki, bu da onun sərtliyindən doğan qorxunun nəticəsi idi, buna görə öncə onun üstünə Afrika qalxdı, sonrasa Senat və bütün Roma xalqı, nəhayət, bütün İtaliya onun qəsdinə durdu. Akvileyin mühasirəsində iştirak edən və Maksiminin sərtliyindən, həm də mühasirə işində olan səriştəsizliyindən acığa düşən onun öz əsgərləri də buna qoşuldular: onun düşmənlərinin çox olduğunu gördükdə, onlar cürətlənib, imperatorun qəsdinə durmağa qərar verdilər.

   Heliobalı, Makrini və Yulianı aciz və ən adi hökmdarlar kimi diqqətdən kənarda qoyub, mən söhbətin axırına keçirəm. Bizim dövrümüzdə hökmdarlara ordunun rəğbətini qazanmağa elə bir böyük ehtiyac yoxdur. Əlbəttə, hal-hazırda da orduya diqqət yetirmək lazımdır; amma bu asanlıqla həll edilən problemdir, zira bizim dövrümüzdə hökmdarın əsgərlərlə əlaqəsi yoxdur, Roma imperiyasında isə onlar hakimlərlə və ayrı-ayrı əyalətlərin hakimiyyət orqanları ilə sıx surətdə bağlı idi. Belə ki, o vaxt əsgərlərin rəğbətini qazanmağa əgər böyük ehtiyac vardısa, axı ordu böyük qüvvə idi, hazırda Türkiyə və Misir sultanlarından başqa bütün hökmdarlar üçün böyük güc mənbəyi olan xalqın rəğbətini qazanmaq daha vacibdir.

   Türkiyə sultanı digər hökmdarlardan fərqli olaraq on iki min piyada və on beş min atlı qoşunla əhatələnmişdir ki, bunlar da onun dövlətini qüdrətli edib, bunun təhlükəsizliyini təmin edirlər. Belə hökmdar istər-istəməz hər şeyi bir yana qoyub, çalışmalıdır ki, ordu ilə yaxınlığı qoruyub saxlasın. Bunun kimi Misir sultanı da əsgərlərdən asılı olduğu üçün, xalqın ziyanına olsa da belə, ordunu özündən razı salmalıdır. Qeyd etmək lazımdır ki, Misir sultanının dövləti digər dövlətlər kimi təşkil edilməmişdir, bu yalnız xristian dünyasındakı papalıqla müqayisə oluna bilər. Onu vərəsəlik yolu ilə keçən dövlətlərə aid etmək olmaz, axı sultanın övladları onun yerinə namizəd deyil, burda varislər ancaq xüsusi səlahiyyətə malik adamlar tərəfindən seçilir. Amma bunu təzə bir şey hesab etmək olmaz, axı bu çoxdankı qaydadır, sultan isə yeni hökmdarların üzləşdiyi heç bir çətinliyə məruz qalmır. Bu minvalla, sultan dövlətdə təzə olduqda da təşkilati məsələ əvvəlki qaydada qalır, adi vərəsəlik işlərində olduğu kimi hakimiyyətdəki varislik ənənəsi də qorunub saxlanılır.

   Gəlin mövzunun müzakirəsinə qayıdaq. Yuxarıda göstərilənləri araşdırdıqda biz əmin olacağıq ki, imperatorların məhvinin əsas səbəbi ya onlara qarşı olan nifrət olmuşdu, ya da etinasızlıq və aydınlaşdıraq ki, nəyə görə fəaliyyətləri bir-biri ilə uzlaşmayanlardan yalnız ikisinin həyatı salamatlıqla başa çatmış, qalanlarınınkı isə faciə ilə bitmişdi. İş ondadır ki, yeni hökmdarlar kimi Pertinaks və Aleksandrın özlərini vərəsəlik qanununa görə imperator olmuş Marka bənzətməkləri onlara xeyir deyil, ancaq ziyan gətirdi, Kommod və Maksimin üçünsə özlərini Severə oxşatmaq fəlakətli oldu, zira onun yerişini yerimək üçün onlar onun kimi cəsarətli deyildi. Buna uyğun surətdə yeni hökmdar yeni dövlətdə Marka bənzəməməli, Sever kimi olmağa cəhd etməməlidir, lakin Severdən o şeyləri əxz etməlidir ki, bunlarsız yeni dövləti qurmaq mümkün deyil, Markdan isə – dövləti qoruyub saxlamaq üçün lazım olan ən yaxşı şeyləri götürməlidir, o şeyləri ki, artıq möhkəm və davamlıdır.

   XX FƏSİL

   HÖKMDARLAR TƏRƏFİNDƏN MÜTƏMADİ OLARAQ İSTİFADƏ EDİLƏN QALALARIN

   VƏ BİR ÇOX DİGƏR ŞEYLƏRİN FAYDALI  OLUB-OLMAMASI HAQQINDA

   Bəzi hökmdarlar öz hakimiyyətlərini möhkəmləndirmək üçün təbəələrin silahlarını əllərindən alırdılar, digərləri zəbt etdikləri şəhərlərdə vətəndaşların birliyini pozurdular; bəziləri özlərinə bilə-bilə düşmən qazanırdılar, digərləri hakimiyyətə gələnə qədər şübhəli saydıqları adamların rəğbətini qazanmağa üstünlük verirdilər; bəziləri qalalar tikirdilər, digərləri onları qarət edir və yerli-dibli dağıdırdılar. Bunlardan hansına üstünlük verilməlidir, bu və ya digər qərarın qəbul edildiyi dövlətlərdə işlərin nə yerdə olduğunu bilmədən bunu demək çətindir.

   Beləliklə, heç vaxt elə olmayıb ki, yeni hökmdar öz təbəələrinin əllərindən onların silahını alsın, əksinə, onlar silahsız olduqda hökmdarlar həmişə onları silahlandırıblar, çünki təbəələri silahlandırmaqla sən öz ordunu yaradırsan, bəzilərinin etimadını qazanırsan, bəzilərində isə sənə olan inamı möhkəmləndirirsən, bu minvalla da, təbəələr sənin tərəfdarlarına çevrilir. Bütün təbəələri silahlandırmaq olmaz, amma onların bir hissəsinə silah paylamaqla, yerdə qalanların hamısına əminliklə bel bağlamaq mümkündür. Birincilər onlara üstünlük verildiyini gördükdə sənə minnətdar olacaqlar, ikincilər isə, üstünlüyün böyük məsuliyyət daşıyan və daha çox risk edən adamlara verilməsinin lazım olduğunu qət etdikdən sonra səni bağışlayacaqlar. Əksinə, təbəələrin silahlarını əllərindən aldıqda, sən öz etinasızlığınla onların xətrinə dəyəcəksən, bununla da adamlarda olan qorxaqlıq və şübhələri özün üçün müəyyənləşdirəcəksən, amma bu da, o biri də hökmdar üçün bağışlanmazdır. Bir halda ki, sən ordusuz keçinə bilmirsən, onda istər-istəməz muzdlu əsgərləri dəvət edəcəksən, muzdla tutulan qoşunun nəyə qadir olması haqqında isə biz artıq yuxarıda danışmışıq; amma onlar nə qədər yaxşı döyüşçü olsalar da səni qüdrətli düşmənlərdən və etibarsız təbəələrdən müdafiə etməyə qadir olmayacaqlar. Bununla belə, mən artıq dediyim kimi, yeni dövlətlərdəki yeni hökmdarlar həmişə özlərinə qoşun təşkil etmişlər, bu da tarixdən gətirilən misallarla öz təsdiqini tapır.

   Hökmdar əldə etdiyi yeni əraziləri köhnə dövlətə birləşdirdikdə yeni ərazilərin alınmasında köməklik göstərənlər istisna olmaqla, yeni təbəələr tərki-silah edilməlidir, amma yeni ərazilərin alınmasında köməklik göstərənlərin üzülməsinə və zəifləməsinə imkan yaradaraq ona nail olmaq lazımdır ki, nəhayət, bütün orduda yalnız hökmdarın ətrafında yaşayan köhnə təbəələr qalsın.

   Bizim müdrik sayılan əcdadlarımız deyirdilər ki, Pistoyanı çəkişmələrlə saxlamaq lazımdır, Pizanı isə – qalalarla, buna görə də öz ixtiyarları altında olan bəzi şəhərlərdə hakimiyyəti saxlamaq üçün onlar çəkişmələrə rəvac verirdilər. İtaliyada nisbətən tarazlıq mövcud olan zamanlarda idarəetmənin bu üsulu öz məqsədinə uyğun gələ bilərdi. Amma bizim dövrümüzdə bunun yararlı olması şübhəlidir, zira parçalanmanın haçansa yaxşı bir şeylə nəticələnməsini mən ağlabatan hesab etmirəm; üstəlik, əgər düşmən yaxınlaşsa, məğlubiyyət qaçılmaz olacaq, çünki daha zəif dəstə hücum edənlərlə birləşəcək, güclülər isə şəhəri müdafiə etmək iqtidarında olmayacaq.

   Venetsiyalılar öz ixtiyarları altında olan şəhərlərdə qvelflərlə və qibellinlərlə11 qarşıdurmada, çox güman mənim göstərdiyim səbəblərə görə səhlənkarlıq etmişdilər. Qantökülməyə yol vermədən venetsiyalılar onları bir-birinin üzərinə ona görə qaldırırdılar ki, bir-biri ilə çəkişmiş olan vətəndaşlar onlara qarşı birləşməsin. Amma bizə məlum olduğu kimi, bu onlara kömək etmədi: Vayle ətrafındakı məğlubiyyətdən sonra ilk öncə şəhərlərin bir qismi, sonra isə onların hamısı cəsarətlənərək venetsiyalılardan ayrıldılar. Beləliklə, bu cür misallar hökmdarın əsassız olduğunu göstərir, axı davamlı və möhkəm hakimiyyət heç vaxt parçalanmanın olmasına imkan verməz. Əgər əmin-amanlıq dövrlərində hökmdar bunlardan bəhrələnirsə, yəni bunların vasitəsilə təbəələrin cilovunu öz əlində saxlayırsa, müharibə vaxtlarında bu, fəlakətə səbəb olur.

   Şübhə yox ki, hökmdarlar hədləri aşıb, düşmənləri məhv etdikdən sonra böyüklük qazanırlar. Buna görə tale, ələlxüsus da əgər ona adamlar tərəfindən tanınmasına varisdən daha çox ehtiyac duyan yeni hökmdarı ucaltmaq lazımdırsa, özü bu adama düşmən göndərib, onu mübarizə aparmağa məcbur edir ki, o, onlar tərəfindən qoyulan nərdivanla mümkün qədər daha yüksəklərə qalxsın. Lakin çoxları hər halda hesab edir ki, müdrik hökmdarın şəxsən özü də əlverişli məqamlarda ustalıqla özünə düşmənlər təşkil etməlidir, bu ondan ötrü lazımdır ki, onlar üzərində qələbə çalıb, daha böyük əzəmət sahibi olsun.

   Tez-tez hökmdarlar, ələlxüsus da yeniləri, tədricən o fikrin üstünə gəlirlər ki, onlara ən sadiq və faydalı olan adamlar, əvvəllər onların inam göstərmədikləri adamlardır. Siyenanın hökmdarı Pandolfo Petruççi öz dövlətini hamıdan çox əvvəllər şübhələndiyi adamlara arxalanmaqla idarə etmişdi. Amma bu halda mücərrəd qərar çıxarmaq olmaz, axı hər şey vəziyyətdən asılıdır. Ancaq qeyd etmək istərdim ki, əvvəllər hökmdara dostluq münasibəti bəsləyənlər əgər öz mövqelərini qoruyub saxlamaq üçün onun himayəsinə ehtiyac duyursa, onların iltifatını qazanmaq çətin iş deyil. Onlar da hökmdara daha səylə xidmət göstərməyə başlayacaqlar ki, əvvəllər onlar haqqında olan fikrin yanlış olduğunu sübuta yetirsinlər. Bu minvalla, onlar hökmdar üçün onun etimadına həddən artıq arxalanıb, öz xeyrindən ötrü hədsiz dərəcədə çalışan adamlardan daha faydalı olacaq.

   Madam ki, mövzunun müzakirəsi bunu tələb edir, mən hakimiyyəti vətəndaşların bir hissəsinin köməkliyi ilə əldə edən hökmdarlara xatırlatmaq istərdim ki, hər kim sənə köməklik göstəribsə, onun əsas gətirdiyi şeylərə diqqət yetirmək lazımdır, əgər aşkar olsa ki, hər şey şəxsi sədaqətə görə yox,ancaq əvvəlki hökmdarın yarıtmazlığına görədir, onda dostluq münasibətini saxlamaq çox çətin olacaq, axı belə adamları razı salmaq mümkün deyil. Əgər biz keçmişdə və indiki zamanda olan bir sıra hadisələrə əsaslanaraq bunun səbəbini tapmağa cəhd etsək, onda bizə aydın olar ki, hər kim əvvəlki hakimiyyətdən razı idisə və hər kim buna görə yeni hökmdara düşmən gözüylə baxırdısa, onların dostluğunu qazanmaq daha asandır, nəinki əvvəlki hakimiyyətdən narazı qalanlarla və buna görə çevrilişə yardım göstərənlərlə dotsluğu qoruyub saxlamaq.

   Hökmdarlar öz hakimiyyətlərini qoruyub saxlamaq üçün ta qədimlərdən qalalar tikdirirdilər ki, bunlardan bir noxta və xalta qayışı kimi yararlanıb, qəsdə olan cinayətləri boğsunlar, həm də düşmən qəfil hücum etdiyi halda etibarlı sığınacaqları olsun. Bu köhnə ənənəni təqdir etmək olar. Amma messer Nikkolo Vitellinin Çitta di Kastello şəhərini öz əlində saxlamaq məqsədilə oradakı iki qalanın yerli-dibli dağıdılması haqqında verdiyi əmr mənim yadımdadır. Çezare Bordca qovulduqdan sonra öz torpaqlarına qayıdan Qvido Ubaldo bu əyalətdə olan bütün qalaları yerli-dibli dağıtdı, o düşünürdü ki, bu surətlə dövləti saxlamaq daha asan olar. Bolonyaya dönən Bentivolyi ailəsi də belə etmişdi. Burdan belə çıxır ki, qalaların faydalı olub-olmaması vəziyyətdən asılıdır, əgər bir halda bunlar faydalıdırsa, digər halda – ziyanlıdır. Bir az da ətraflı izah edirəm: xarici düşmənlərdən çox xalqdan ehtiyatlanan hökmdarlara qalaların xeyri var, amma onlardan hansısa biri xalqdan çox xarici düşmənlərdən qorxur, onlara qalalar lazım deyil. Bu surətlə, hersoq Franseçko Sfortsanın Milanda tikdirdiyi qala Sfortsa ailəsinə onların ölkəsində baş verən bütün iğtişaşlardan çox ziyan gətirdi. Buna görə bütün qalalardan ən yaxşısı – xalqda nifrətin olmamasıdır. Əgər xalqın səni görməyə gözü yoxdursa, tikdirdiyin heç bir qala səni xilas etməyəcək, axı xalq silaha sarıldıqda yadellilər həmişə onun köməyinə gəlir. Bizim dövrümüzdə qalalar qrafinya Forli istina olmaqla, heç kimə fayda verməyib, ona əri Cirolamonun ölümündən sonra, qiyam qaldırmış xalqdan qaçıb qalada gizlənmək, Milandan kömək gözləmək və təzədən hakimiyyətə qayıtmaq müyəssər oldu; vəziyyət isə elə idi ki, kənardan heç kim xalqa kömək edə bilmədi; amma sonralar, o vaxt ki, Çezare Bordca onun qalasını mühasirəyə aldı və ona düşmən olan xalq yadellilərlə birləşdi, qalalar da ona kömək etmədi. Buna görə o, daha yaxşı olardı ki, onda da, ondan əvvəllərdə də qalalar tikdirmək əvəzinə, xalqın nifrətindən uzaq olmağa çalışaydı.

   Beləliklə, yuxarıda göstərilənlərin hamısını təhlil etdikdən sonra mən qalaları tikdirənləri də təqdir edəcəyəm, tikdirməyənləri də, amma qalalara ümid bağlayıb, xalqın nifrətindən narahat olmayanları məzəmmət etməyə hazıram.

    XXI FƏSİL

    HÖKMDAR NECƏ HƏRƏKƏT ETMƏLİDİR Kİ,

    ONA HÖRMƏT ETSİNLƏR

   Hərbi yürüşlərin və qeyri-adi hərəkətlərin hökmdara gətirdiyi hörməti heç nə gətirə bilməz. Mən indiki hökmdarlardan İspaniya kralı Ferdinanddan sitat gətirəcəyəm. Onu yeni hökmdar hesab etmək olar, axı əvvəllər zəif olan bu adam sonradan ad-san və şan-şöhrət cəhətdən xristian dünyasının birinci kralı oldu, onun gördüyü işlərin hamısı möhtəşəm, bəziləri isə ümumiyyətlə, olduqca heyrətləndirici idi. Taxta çıxdıqdan bir müddət sonra Qrenada uğrunda başlayan müharibə onun qüdrətinin təməli oldu. O, ölkə daxilində sakitlik hökm sürən vaxtlarda ola biləcək çətinliklər barədə düşünmədən müharibəyə başladı və buna Kastiliya baronlarını cəlb etdi, onların başı müharibəyə qarışdığından çəkişmələri bir yana qoydular, o isə bu vaxt onlardan xəlvəti bütün hakimiyyəti öz əlinə aldı və bu adamları özünə tabe etdi. Ordunun saxlanması üçün lazım olan vəsaiti o, kilsədən və əhalidən aldı, müharibə ərzində yaratdığı qoşun isə ona sonralar böyük şöhrət qazandırdı. Sonra o, daha böyük işlər düşünüb, yenə də dinin müdafiəçisi kimi hərəkət edərək, bu yöndə sərt addımlar atdı: Marranları12 qovub, krallığı onlardan təmizlədi – daha sərt, eyni zamanda da daha qeyri-adi bir iş təsəvvürə gətirmək çətindir. Belə bir bəhanə ilə də o, Afrikada torpaqlara yiyələndi, İtaliyada hərbi əməliyyatlar keçirdi və nəhayət, Fransa ilə müharibəyə başladı. O, baş verənləri diqqətlə izləyən təbəələri aramsız surətdə vəcdə gətirməklə və gərginlikdə saxlamaqla bax belə böyük planlar düşünüb, həyata keçirirdi. Bu hadisələr isə bir-birinin ardınca elə cərəyan edirdi ki, hökmdarın özünün əleyhinə bir şey qərarlaşdırmağa vaxt qalmırdı.

   Hökmdarın böyüklüyünə həm də o zaman əminlik artır ki, o, ölkə daxilində qeyri-adi fərmanlar verir, necə ki, deyilənə görə bunu vaxtı ilə Bernabo da Milane etmişdi. Başqa sözlə, ölkənin həyatında kimsə pis və ya yaxşı nə isə mühüm bir iş gördükdə, onu elə mükafatlandırmaq, yaxud cəzalandırmaq lazımdır ki, bu uzun müddət yaddan çıxmasın. Amma hökmdar üçün ən başlıcası – gördüyü bütün işlərlə özünə qeyri-adi ağıla malik böyük insan obrazı yaratmağa cəhd etməkdir.

   Hökmdara həm də o zaman hörmət edirlər ki, o, özünü açıq şəkildə kiminsə dostu və ya düşməni adlandırır. Yəni tərəddüd etmədən birinin tərəfini saxlamaqla, digərinə qarşı çıxır; həmişə kənarda qalmaqdan bu, yaxşıdır. Axı iki güclü hökmdar kəllə-kəlləyə gəldikdə ehtimal edilən qalib tərəf sənin üçün qorxulu ola da bilər, olmaya da bilər. Hər iki halda açıq və qəti surətdə müharibəyə qoşulmaq faydalıdır. Axı birinci halda müharibəyə qoşulmamaqla sən qalib tərəfin əlinə keçəcəksən, bu da məğlub tərəfin sevincinə səbəb olacaq, sənə isə heç kimdən hay olmayacaq: qalib tərəf onu darda qoyan müttəfiqindən üz döndərəcək. Məğlub tərəf isə əlinə silah alıb ona kömək etməyənləri özünə yaxın buraxmaq istəməyəcək. Romalıları qovmaqdan ötrü etoliyalılar tərəfindən Yunanıstana dəvət edilən Antiox cəhd etdi ki, romalıların müttəfiqi olan axeylər bu işə qarışmasınlar. Romalılar isə əksinə, axeyləri dilə tutdular ki, onlar müharibəyə qoşulsunlar. Axeylər bu məsələni həll etmək məqsədilə məşvərət çağırdıqda Antioxun canişini onları silaha sarılmamağa dəvət etdi, Romanın canişini isə belə dedi:

   «Quod autem isti dicunt non interponendi vos bello, nihil maqis alienum rebus restris est; sine qratia, sine dignitate, praemium victoris eritis»

   [Bunlar ki, sizi müharibəyə qoşulmamağa çağırır, sizin üçün bundan pis heç nə ola bilməz; nankorluq və şərəfsizlik sizi qalib tərəfin əsiri edəcək (lat.)].

   Düşmən həmişə kənarda durmağı xahiş edir, dost isə şəxsən özünə görə açıq-aşkar silaha sarılmağa çağırır. Zəif hökmdarlar yaxınlaşan təhlükəyə tuş gəlməmək üçün, adətən, onların məhvi ilə nəticələnən işlərə bir qayda olaraq qarışmamaq qərarına gəlirlər.

   Əksinə, əgər sən çəkinmədən vuruşan tərəflərdən birini dəstəkləsən və sənin müttəfiqin qalib gəlsə, onda o, nə qədər qüdrətli olsa da və sən ondan nə qədər asılı olsan da, o sənə borcludur, insanlar isə o dərəcədə namərd deyillər ki, öz nankorluqlarını açıq şəkildə göstərib, müttəfiqlərinə hücum etsinlər. Üstəlik, qələbə heç vaxt o dərəcədə qəti olmur ki, qalib daha heç nə ilə hesablaşmasın, ələlxüsus da ədalətlə. Tərəfində durduğun adamsa müharibədə məğlub olsa, o, səni öz yanına aparıb, bacardığı qədər sənə hörmət edəcək, sən isə o adamla həmdərd olacaqsan ki, taleyi bəlkə də yenə bir vaxt onun üzünə güldü.

   İkinci halda, yəni vuruşan tərəflərin heç birindən ehtiyatlanmaq lazım gəlmədikdə isə onlardan hər hansı biri ilə birləşmək daha ağıllı iş olardı. Axı birinin köməkliyi ilə sən digərini darmadağın edəcəksən, hərçənd ki, o, daha da ağıllı olsaydı düşməni xilas edərdi, daha onu məhv etməzdi, amma qələbə qazandıqdan sonra sən müttəfiqini özündən asılı vəziyyətə salacaqsan, o isə sənin köməyinlə mütləq qələbə çalacaq.

   Burda, yeri gəlmişkən, qeyd etmək lazımdır ki, özündən güclülərlə, yuxarıda deyildiyi kimi, əgər buna ehtiyac yoxdursa, müttəfiqlikdən çəkinmək lazımdır. Axı güclü müttəfiqin qələbəsi səni ondan asılı edəcək, hökmdarlar isə digər hökmdarlardan asılı vəziyyətə düşməkdən çəkinməlidir. Məsələn, venetsiyalılar Milan hersoquna qarşı Fransa ilə birləşdilər, bunun nəticəsində də iflasa uğradılar, hərçənd ki, bu işə getməyə bilərdilər. Amma müttəfiqsiz keçinmək mümkün deyilsə, necə ki, buna florensiyalılar tuş gəlmişdi, bu o vaxt idi ki, papa ilə İspaniyanın qoşunları Lombardiyaya qarşı çıxmışdı, onda hökmdar müharibəyə mənim yuxarıda göstərdiyim səbəblərə görə qoşulmalıdır. Ancaq səhvsiz qərar çıxarmaq imkanına ümid etməyə dəyməz, əksinə, hər bir qərarın şübhəli olması ilə əvvəlcədən razılaşmaq lazımdır, axı xoşagəlməz işin birindən yaxa qurtarıb, digərinə tuş gəlmək normal haldır. Müdriklik də, ehtimal edilən bütün xoşagəlməz işləri təhlil edib iki şər işdən ən pisini seçməməkdən ibarətdir.

   Hökmdarın istedadlara hamilik etməsi, qabiliyyətli adamları çəkib gətirməsi, hər sahədə mahir olan peşə və ya sənət adamlarına köməklik göstərməsi də vacibdir. O, vətəndaşları inandırmalıdır ki, onlar arxayınca ticarətlə, kənd təsərrüfatı və hər hansı bir peşə ilə məşğul ola bilərlər. Bu ona görə lazımdır ki, bəziləri öz torpaqlarını itirəcəklərindən qorxmadan burada öz işlərini qaydaya salsınlar, digərləri isə verginin onları müflisləşdirəcəyindən narahat olmadan ticarətlə məşğul olsunlar, bundan başqa o, şəhəri, yaxud da dövləti gözəlləşdirməyə çalışan adamları da mükafatlandırmağı nəzərdən qaçırmamalıdır. Həmçinin o, ilin münasib vaxtlarında bayram və tamaşalarla xalqın başını qatmalıdır. Hökmdar sexlərə13 və tribalara14 bölünmüş olan hər bir şəhərə ehtiram göstərərək, hərdən onların yığıncaqlarında iştirak etməli, həm də özünü səxavətli və alicənab adam kimi göstərməlidir. Bununla bərabər mütləq öz ləyaqətini və əzəmətini qorumalıdır. Bunlarsa onun hər bir hərəkətində olması vacib olan şeylərdir.

   XXII FƏSİL

   HÖKMDARLARIN MÜŞAVİRLƏRİ HAQQINDA

   Hökmdar üçün müşavir seçmək mühüm əhəmiyyətə malik bir işdir, onların yaxşı, yaxud pis olması isə hökmdarın müdrikliyindən asılıdır. Hökmdarın müdrikliyi hər şeydən öncə onun hansı adamları özünə yaxın etməsindən bilinir; əgər onlar sadiq və qabiliyyətli adamlardırsa, onun müdrikliyinə şübhə etmək olmaz, zira o, bu adamların qabiliyyətini görə bilmiş və onları özünə bağlamağa müvəffəq olmuşdur.

   Əgər onlar belə deyilsə, onda hökmdar haqqında müvafiq nəticə çıxarırlar, zira pis köməkçilərə üstünlük verməklə o, artıq birinci uğursuzluğa imza atmışdır. Siyenanın hökmdarı Pandolfo Petruççonun köməkçisi messer Antonio da Venafronu tanıyanların hər biri özünə belə köməkçi seçən Pandolfonun da şəxsən özünün yaxşı cəhətlərinə şübhə etmir.

   Axı ağıl üç formada olur: biri hər şeyi özü öyrənir, digəri birincinin öyrəndiklərini başa düşməq iqtidarındadır, üçüncü isə özü heç nə öyrənmir, başqalarının öyrəndiklərini də başa düşmək iqtidarında deyil. Ağılın birinci forması – son dərəcə gözəldir. İkincisi – çox yaxşıdır. Üçüncüsü – yararsızdır. Deyilənlərdən belə bir qəti fikrə gəlmək olar ki, Pandolfonun ağlı birinci formaya yox, ikinciyə uyğundur. Axı insan əgər adamların hərəkətlərində və sözlərində olan yaxşı və pis şeyləri dərk etmək qabiliyyətinə malikdirsə, onda xüsusi bacarığa malik olmadan o, öz köməkçilərinin verdikləri məsləhətlərdə xeyirli şeyləri zərərli şeylərdən fərqləndirə bilər və xeyirli şeydən ötrü mükafatlandırar, zərərli şeydən ötrü isə cəzalandırar, bundan başqa, köməkçiləri hökmdarı aldatmağa cəhd göstərmədən ona vicdanla xidmət edərlər.

   Köməkçinin əslində necə olmasını öyrənmək üçün bir etibarlı vasitə var. Əgər o, hökmdardan çox özündən narahat olursa və hər şeydə öz xeyrini güdürsə, heç vaxt hökmdara yaxşı xidmət göstərməyəcək, hökmdar da heç vaxt ona bel bağlaya bilməz. Axı hökumət işləri ilə məşğul olan nazir, özü haqqında yox, hökmdar haqqında düşünməlidir və hökmdara dəxli olmayan heç bir işdən ötrü onun yanına gəlməməlidir. Amma hökmdar da öz tərəfindən öz nazirini xidmətinə görə mükafatlandırmaqla, onun mal-mülkünü artırmaqla, onu özündən razı salmaqla, fəaliyyət sahələrini və hörməti onunla bölüşdürməklə onu özünə daha çox bağlamağa cəhd etməlidir ki, o, hökmdarın onsuz keçinə bilmədiyini görsün və kifayət qələr sərvət və hörmət sahibi olduqdan sonra, yenə sərvət və hörmət dalınca qaçmasın, həm də müxtəlif vəzifələr tutduğu üçün sui-qəsddən qorxsun. Əgər hökmdar və onun naziri özlərini belə aparırsa, onlar bir-birinə etibar edə bilər, amma onlar əgər özlərini başqa cür aparırsa, bu axırda həm birinci, həm də ikinci üçün pis qurtarır.

   XXIII FƏSİL

   YALTAQLARDAN NECƏ YAXA QURTARMALI

   Mən söhbəti yenə mühüm bir məsələnin, yəni bir nöqsanın üstünə gətirmək istəyirəm, hansı ki, müstəsna ağıla və insanları tanımaq bacarığına malik olmayan hökmdarlar bundan çətin yaxa qurtarır. Mən yaltaqlıq və yaltaqlar haqqında danışıram, belə adamlara hökmdarların saraylarında çox rast gəlmək olar, çünki insanlar o qədər şöhrətpərəst və özlərindən o qədər müctəbehdirlər ki, bundan güclə yaxa qurtara bilirlər. Amma problem bundan ibarətdir ki, hökmdar yaltaqlığın kökünü kəsmək istədikdə, o, etinasızlıqla üzləşmək təhlükəsi qarşısında qalır. Sən adamları inandırmalısan ki, əgər onlar həqiqəti olduğu kimi söyləsə, sən onlardan inciməyəcəksən, axı özünü yaltaqlardan qorumaq üçün bundan başqa bir vasitə yoxdur, ancaq haçan ki, hər kəs sənin üzünə həqiqəti demək imkanına malik oldu, sənə daha lazımınca hörmət edən olmayacaq.

   Buna görə müdrik hökmdar üçüncü yolu tutmalıdır, yəni bir neçə müdrik adam seçərək, yalnız onlardan birinə, başqa şeylər barədə yox, ancaq səni maraqlandıran şeylər barədə onların nə düşündüklərini deməyə icazə verməlisən. Bununla belə hamı ilə maraqlanmaq və hamının fikrini dinləmək lazımdır, qərarı isə özün çıxarmalısan. Hər bir müşavirlə məsləhətləşərkən sənin hərəkətlərindən hamı bilməlidir ki, onlar öz fikirlərini nə qədər cəsarətlə desələr, hökmdarı bir o qədər razı salarlar; onlardan başqa heç kimə qulaq asmaq gərək deyil, çıxarılan qərardan möhkəm yapışıb, birbaş qarşıya qoyulan məqsədə doğru getmək lazımdır. Kim başqa cür hərəkət edirsə, o, ya yaltaqlara uyur, ya da müxtəlif məsləhətlərə qulaq asıb tez-tez öz fikrini dəyişir, bu da onu təbəələrin gözündən salır.

   İndiki dövrdən bir sitat gətirəcəyəm. İmperator Maskimilianın inanılmış Adamı olan Luka ata onun böyüklüyü haqqında danışarkən qeyd etmişdir ki, o, heç kimlə məsləhətləşmir, amma özü bildiyi kimi də hərəkət etmir, çünki onun hərəkət tərzi yuxarıda göstərilənlərdən köklü şəkildə fərqlənir. Axı imperator qapalı bir adam olduqda, inanıb öz planlarını heç kimə bildirmir və heç kimlə məsləhətləşmir. Amma öz planlarını həyata keçirdikdə bunlar hamıya məlum olur və bütün ətrafdakılar onu qınamağa başlayır, hökmdar isə zəif adam olduqda bunlardan imtina edir. Buna görə bu gün başlanılmış işin qarşısı sabah alınır, heç vaxt da başa düşmək olmur ki, hökmdar nə istəyir və necə hərəkət etməyə hazırlaşır, onun heç bir qərarına da bel bağlamaq olmaz.

   Beləliklə, hökmdar həmişə başqaları ilə məsləhətləşməlidir, həm də bunu yalnız öz istəyi ilə etməlidir, daha başqalarının istəyi ilə yox, kim də ona özbaşına məsləhət verməyə cəhd etsə, onu yerində oturtmalıdır. Amma onun özü hər şeylə maraqlanmalı, öz suallarına aldığı doğru cavabları diqqətlə dinləməli, həm də kiminsə hansısa bir səbəbdən həqiqəti ona deməkdən çəkinməsini qeyd edib, bundan narahat olduğunu bildirməlidir.

   Bir çoxları hesab edir ki, müdrik sayılan bəzi hökmdarlar ad-sanı öz hesablarına görə deyil, öz yaxınlarının verdiyi yaxşı məsləhətlər sayəsində qazanıblar, lakin bu yanlış fikirdir. Axı bir fərqli prinsipə görə ağıldan kəm hökmdara, əlbəttə, əgər o özünün yerinə bütün qərarları qəbul edəcək ağıllı bir müşavirə bel bağlamağı təsadüfən qət etməzsə, yaxşı məsləhətlər vermək faydasızdır. Lakin buna yol verilsə, onun axırı tez çatar, zira müşavirin özü hökmdar olar. Əgər hökmdarın bir neçə müşaviri varsa, onda ağıldan kəm olduğu üçün o, bir-birinə zidd olan fikirləri düzgün qiymətləndirə bilməyəcək; üstəlik, hər bir müşavir yalnız öz xeyrindən ötrü çalışacaq, hökmdar isə bunu hiss etməyəcək, heç bir tədbir də görməyəcək. Daha müşavirlərin başqa cürəsi olmur, zira insanları yaxşı olmağa təhrik etmək zəruri olmasaydı, onlar həmişə pis olaraq qalardı.

   Burdan belə nəticə çıxarmaq olar ki, yaxşı məsləhətlər, bunları hər kim vermiş olsa da, hökmdarların müdrikliyindən irəli gəlir, hökmdarların müdrikliyi isə yaxşı məsləhətlərdən yaranmır.

   XXIV FƏSİL

   NƏYƏ GÖRƏ İTALİYA HÖKMDARLARI

    ÖZ DÖVLƏTLƏRİNİ İTİRDİLƏR

   Əgər müdrik hökmdar yuxarıda göstərilən prinsiplərə ağıllı surətdə əməl edirsə, o, tezliklə dövlətdə kök salacaq və özünü orada daha möhkəm və inamlı hiss edəcək, nəinki hakimiyyətə vərəsəlik yolu ilə gəlmiş olsaydı. Axı yeni hökmdar vəliəhd olaraq hakimiyyətə gəlmiş adamdan daha çox maraq doğurur və onun həmişə döyüş meydanlarında igidlik göstərməsi insanları daha çox maraqlandırıb, cəlb edir, nəinki soykökün qədimlərə gedib çıxması. İnsanlar dünəndən çox bu günün qeydinə qalırlar və bu gün əgər faydalı bir şey əldə edirlərsə, bu onları qane edir və başqa şeylərin dalınca qaçmırlar; üstəlik, onlar hökmən lazımi qaydada hərəkət edən yeni hökmdarın tərəfində dururlar. Dövlət qurub, onu yaxşı qanunlarla, yaxşı müttəfiqlərlə, yaxşı ordu ilə və dəyərli işlərlə möhkəmləndirən adamın şöhrəti ikiqat artıq olacaq, hökmdar kimi dünyaya gəlib, ağlının kəmliyindən hakimiyyəti itirən adamsa özünü ikiqat rüsvay edəcək.

   İtaliyada hakimiyyəti itirmiş olan Neapol kralı, Milan hersoqu və başqa hökmdarlara müraciət etsək, biz görərik ki, onların ən zəif yeri ordu olmuşdur, bunun səbəblərini isə yuxarıda müfəssəl surətdə təhlil etmişdik. Üstəlik, onların çoxu ya xalqla düşmənçilik münasibətində olmuşdu, ya da xalqın rəğbətini qazandıqdan sonra kübarlardan müdafiə oluna bilməmişdi. Axı bu kimi nöqsanlar olmayan yerdə ordu yığmaq üçün kifayət qədər gücə malik olan hökmdar hakimiyyəti itirə bilməz. Böyük İsgəndərin atası yox, Tit Kvintsinin darmadağın etdiyi Makedoniyalı Filipp, onun üzərinə hücum edən Roma və Yunanıstana nisbətən daha kiçik dövlətə başçılıq edirdi, amma bir döyüşçü kimi xalqın rəğbətini qazanmağı və kübarları zərərsizləşdirməyi bacardığından romalılarla və yunanlarla çoxillik müharibədə davam gətirə bildi, axırda bir neçə şəhəri itirsə də, amma səltənəti özündə saxladı.

   Qoy uzun illər boyu hökm sürdükdən sonra öz dövlətlərini itirən bizim hökmdarlar bunun günahını taledə yox, ancaq öz ehtiyatsızlıqlarında görsünlər. Küləksiz havada hamının ziyanına olan tufan haqqında düşünülmədiyi kimi, onlar da əmin-amanlıq vaxtlarında ehtimal edilən fəlakəti əvvəlcədən görmədilər, ara qarışdıqda isə qalib tərəfin etdiyi azğınlıqdan hiddətlənmiş olan təbəələrin onları geri çağırmaqlarına ümid edərək, müdafiə olunmağa yox, qaçmağa üstünlük verdilər. Əgər başqa cür hərəkət etmək mümkün deyilsə, onda belə də hərəkət etmək olar, ancaq bundan ötrü digər imkanlardan da imtina etmək olmaz, belə ki, səni bir də yüksəldəcəklərinə ümid edərək, ruhdan düşmək lazım deyil. Hətta dara düşdükdə sənə kömək etsələr belə, bu sənin üçün təhlükəlidir, axı sən asılı və yazıq vəziyyətə düşəcəksən. Ancaq o müdafiə vasitələri yaxşı, düşünülmüş və etibarlıdır ki, bunlar yalnız sənin özünə və igidliyinə əsaslanır.

   XXV FƏSİL

   TALE İNSANLARIN ƏMƏLLƏRİ ÜZƏRİNDƏ

    NECƏ HÖKMRANLIQ EDİR VƏ BUNA NECƏ

    MÜQAVİMƏT GÖSTƏRMƏK OLAR

   Əvvəl də tez-tez deyilirdi, indii də tez-tez deyilir ki, dünyada hamını tale və Tanrı idarə edir, insanlar isə öz ağılları ilə heç nə etmirlər, hətta heç nəyə müqavimət göstərə də bilmirlər; burdan belə çıxır ki, fikir çəkməyin xeyri yoxdur, yaxşısı budur ki, öz taleyinlə barışasan. Axır vaxtlar buna olduqca çox adam inanır, belə ki, dəyişikliklər onların gözü qarşısında elə qəfildən baş verir ki, bu bütün ehtimalların üstündən xətt çəkir. Hərdən baş verənlər haqqında düşündükdə mən də ümumun fikrinə qoşuluram.

   Mən taleyi coşqun çaya bənzədərdim, hansı ki, qəzəblənərək sahilləri basır, ağacları yerindən qoparır, evləri uçurur, torpağı və qabağına çıxan şeyləri yuyub aparır; hamı ondan uzağa qaçır, onun qarşısını almağa güc olmadığından, hamı onun təzyiqi altında geri çəkilir. Lakin bu, hətta belədirsə də, insanlara sakitlik vaxtı ehtiyat tədbirləri görməyə mane olmur, yəni elə sədlər çəkilməli və bəndlər tikilməlidir ki, məcrasından çıxan çay, ya kanallara istiqamət götürsün, ya da özünün coşqun və təhlükəli hərəkətini dayandırsın. Tale də belədir: o, öz gücünü o yerdə göstərir ki, orda şücaət ona mane ola bilmir və öz təzyiqini o yerə yönəldir ki, orda ona qarşı çəkilən heç bir səddə rast gəlinmir. Bunun özündən törənmiş güclü daşqından ziyan çəkən İtaliyaya nəzər salsaq, biz görərik ki, o, düzənliyə bənzəyir, elə bir düzənliyə ki, bura nə bir bənd çəkilmişdir, nə də bir sədd. Almaniya, İspaniya və Fransa kimi o da qəhrəmanlıqla müdafiə olunsaydı, bu daşqın olmaya da bilərdi, yaxud hər halda belə ciddi dağıntılara səbəb olmazdı.

   Bununla da mənə elə gəlir ki, ümumiyyətlə, taleyə müqavimət göstərmək haqqında kifayət qədər danışdıq. Hökmdarlara gəldikdə isə qeyd etmək lazımdır ki, hələ dünən xoşbəxt yaşayan hökmdarlardan hər hansı biri xasiyyət cəhətdən dəyişməsə də, öz məziyyətlərini itirməsə də, bu gün hakimiyyəti itirir. Bunu, mənə elə gəlir ki, yuxarıda müfəssəl surətdə müzakirə etdiyimiz səbəblərlə izah etmək olar, yəni hökmdar əgər özünü bütünlüklə taleyin ixtiyarına buraxsa, onun zərbələri qarşısında dayana bilməyəcək. Mən həm də hesab edirəm ki, xoşbəxtlik və firavanlıq içində bulunanlar zəmanə ilə ayaqlaşa bilən adamlardır, xoşbəxtlik və firavanlıqdan məhrum olan adamlar isə zəmanə ilə ayaqlaşa bilməyənlərdir.

   Axı biz görürük ki, məqsədə, yəni var-dövlətə və şan-şöhrətə yetməyi qarşısına məqsəd qoyub, buna can atan adamlar müxtəlif cür hərəkət edirlər: biri ehtiyatla hərəkət edir, digəri inadkarlıqla; biri zorakılıqla, digəri ustalıqla; biri səbrlə, digəri – əksinə, hər kəsi də, onun seçdiyi yol məqsədə çatdıra bilər. Lakin biz hərdən görürük ki, iki nəfərin eyni cür, məsələn, ehtiyatla hərəkət etməsinə baxmayaraq onlardan yalnız biri məqsədə yetir və əksinə: hər biri öz bildiyi kimi – biri ehtiyatla, digəri zorakılıqla hərəkət etsə də – ikisi də eyni dərəcədə uğur qazanır.

   Bu, məhz ondan asılıdır ki, bir hərəkət tərzi zamanın tələbinə cavab verir, digəri isə yox. Bunun üçün də belə çıxır ki, müxtəlif cür hərəkət edən iki nəfər eyni dərəcədə uğur qazanır, hərdən isə elə olur ki, eyni cür hərəkət edən iki nəfərdən yalnız biri öz məqsədinə yetir. Qəza-qədər də, demək olar, bununla bağlıdır: zaman və şərait nə qədər ki, ehtiyat və səbrlə hərəkət edənin xeyrinə işləyir, o, müvəffəqiyyət qazanır, amma elə ki, zaman və şərait dəyişir, o, əvvəlki kimi qaldığından uğursuzluq zolağına düşür. Bəşər övladı nə qədər ağıllı olsa da, buna öyrəşə bilən adam yoxdur, əvvələn, bu onların canından gəlir, ikincisi, insan, o yol ki, onu həmişə uğurlara doğru aparıb, ordan çıxmağa özünü məcbur edə bilmir. Məhz buna görə də ehtiyatlı hökmdar inadkarlıq göstərmək vaxtı gəldikdə bunu edə bilmir, bu səbəbdən də məhv olur, əgər onun xarakteri zamana və şəraitə uyğun gəlsəydi, işləri həmişə düz gətirərdi.

   Papa Yuli həmişə cəsarətlə hərəkət edərdi, zira zaman və şərait bunu tələb edirdi, buna görə də o, həmişə uğur qazanırdı. Onun birinci işini – hələ messer Covanni Bentivolyinin vaxtında Bolonyanı zəbt etməsini xatırladaq. Venetsiyalılar bunun əleyhinə çıxdı, İspaniya kralı da belə etdi, Fransa iləsə hələ bu barədə danışıqlar gedirdi, amma papanın özü onun üçün adi bir şey olan qarşısıalınmazlıq və inadkarlıqla yürüşə çıxıdı. Heç kim də buna mane olmadı, venetsiyalılar – qorxudan, İspaniya isə – Neapol krallığını özünə tabe etmək ümidi ilə; papanın artıq yürüşə çıxdığını görən və venetsiyalılara qarşı onunla birləşməyə can atan Fransa kralı da güzəştə getdi, o, hesab edirdi ki, orduyla ona kömək göstərməkdən imtina etsə, araya inciklik düşəcək. Bu inadkarlıq və gözlənilməz hadisə nəticəsində papa o işlərə nail oldu ki, bunlara öz ağlı və tədbirliyi ilə digər heç bir kilsə başçısı nail ola bilməzdi; axı o, əgər Romada qalıb hər şeyin düzələcəyini və qaydaya düşəcəyini gözləsəydi, onun yerində kim olsaydı belə edərdi, onda Fransa kralı işğalın əleyhinə minlərlə bəhanə, o biriləri isə minlərlə əsas gətirə bilərdi. Mən onun başqa işləri haqqında danışmayacağam, onların hamısı buna oxşayırdı, hamısı da onun üçün uğurlu oldu, onun idarəçiliyi çox sürmədiyindən o, bax beləcə uğursuzluğa düçar olmadı, amma o, daha çox, yəni ehtiyatkarlığın tələb olunduğu dövrə qədər yaşasaydı, heç bir vəchlə taleyin onu apardığı yoldan dönməyəcəkdi, bununla da onun uğurları sona çatacaqdı.

   Beləliklə, sonda mən ərz edirəm ki, taleyin üzü dönükdür, insan isə inadkarlıqla öz bildiyini edir, bu surətlə, nə qədər ki, onların arasında vəhdət var, insanın işi düz gətirir, haçan ki, ixtilaf başladı, uğurlar da sona yetir. Hər halda mən belə hesab edirəm ki, inadkarlıq ehtiyatkarlıqdan yaxşıdır, zira tale – bir qadındır, kimsə onun öhdəsindən gəlmək istəyirsə, onu çırpmalı və təpikləməlidir – onun müqavimətini bu surətlə qırmaq, onu xoşluqla ələ gətirməkdən daha asandır. Buna görə də o bir qadın kimi daha cəsarətli, daha ürəkli və onun qarşısını daha qaba hərəkətlərlə alan gənclərlə dostluq edir.

   XXVI FƏSİL

   İTALİYAYA YİYƏLƏNMƏYƏ VƏ ONU

   BARBARLARIN ƏLİNDƏN XİLAS ETMƏYƏ ÇAĞIRIŞ

   Bütün deyilənləri götür-qoy edib, öz-özlüyümdə düşünürəm ki, görəsən, İtaliyanın yeni hökmdarını salamlamaq vaxtı çatıbmı və onda material qalıbmı ki, müdrik və igid bir adam vətənin xeyri naminə ona forma verib, özünü şöhrətləndirsin, mən güman edirəm ki, yeni hökmdarın gəlməsi üçün əlverişli imkanlar o qədər çoxdur ki, həmin işdən ötrü bundan münasib vaxt çətin ki, haçansa bir zaman yenə olsun.

   Necə ki, bir vaxt İsrail xalqı misirlilərin əsarəti altında olmalıydı ki, Musa fədakarlıq nümayiş etdirsin, midiyalılar farsları sıxışdırmalıydı ki, Kir qəhrəmanlıq göstərsin, afinalılar ayrılmalıydı ki, Tezey öz işini görsün, eləcə də indi italiyalıların fədakarlığının aşkar olması üçün İtaliya bu günkü bədnamçılığa qədər gəlib çatmalıydı: yəhudilərldən çox əsarətdə olmalı; farslardan çox sıxışdırılmalı; afinalılardan çox parçalanmalı: burda nə başçı qalıb, nə qayda-qanun, o, darmadağın edilib, qarət olunub, əldən salınıb, tapdalanıb, alçaldılıb.

   Bəzi məqamlarda bizə elə gəlib ki, qarşımızda peyda olan adam Allahın İtaliyanı xilas etmək üçün göndərdiyi adamdır, lakin məqsədə yaxınlaşarkən taleyin üzü ondan dönmüşdü. İtaliya isə son gücünü itirir, öz yaralarını sağaldacaq, Lombardiyanı Neapol krallığının və Toskananın qoyduğu ağır vergilərdən azad edəcək adamı gözləyir, onun çürüyən yaralarını kim sağaldacaq. O, Allaha yalvarıb-yaxarır ki, onu barbarların vəhşilik və zorakılığından xilas etmək üçün bir adam göndərsin! O, ümumi bir bayrağın altında cəmləşməyə nə qədər də can atır, təki bu bayrağı daşıyan bir adam olsun. O, hamıdan çox sizin ailəyə ümid bağlayır, belə ki, igidlik və taleyin lütfü, Allahın və kilsənin himayəsi sayəsində sizin ailənin başçısı İtaliyanı azad etmək uğrunda işə başlaya bilər, əgər yuxarıda göstərilən adamların həyatı və işləri sizin üçün bir örnək olsa, bu elə də çətin olmayacaq. Belələri nə qədər az olsa da və insanları heyrətləndirsə də, hər halda onlar adamdır, həm də indi olan imkan heç də onların hamısının əlinə düşməmişdi. Axı onların işi daha ədalətli, daha asan, yaxud daha savab iş deyildi. Bizim işimiz doğrudan da ədalətli işdir, –

   «Justum enim est bellum guibus necessarium, et pia arma ubi nulla nisi in armis spes est»

   [«Axı müharibə o adamlar üçün ədalətlidir ki, onların buna ehtiyacı var, sonuncu ümid olan silahdan daha müqəddəs silah yoxdur»(lat.)].

   Burdakı şərait doğrudan da əlverişlidir, şəraitin əlverişli olduğu yerdə isə çətinlik də olmur, ələlxüsus da mənim yuxarıda adlarını çəkdiyim adamları örnək seçdikdə. Biz Allahın qeyri-adi, təkrarolunmaz möcüzələrini gördük: dəniz aralandı, qayadan su çıxdı, səma mannası15 yerə töküldü: hamı sizin ailənin böyüklüyünü qabaqcadan görüb, bir araya gəldi. Qalan işləri siz görməlisiniz. Allah bizim müstəqilliyimizi və bizə çatacaq şan-şöhrəti əlimizdən almamaq üçün hər işi Özü etmir.

   Yuxarıda xatırlanan italiyalılardan heç birinin məqsədə yetməməsində heç bir qəribəlik yoxdur, mən ümidvaram ki, buna sizin adlı-sanlı ailəniz nail olacaq, İtaliyada isə çox çevrilişlərin və müharibələrin olmasına baxmayaraq, onun hərbi şücaətindən elə bil ki, əsər qalmamışdır. Bu, onunla izah olunur ki, köhnə qaydalar pisdir, təzələrini isə heç kim tətbiq edə bilməmişdir. Axı hökmdarı ən çox şərəfləndirən şey təsis edilmiş yeni qanun və qaydalardır. Bunlar öz yerini tapdıqda və çox yaxşı olduqda, hökmdar buna görə hörmətə minir və təriflənir; İtaliyada isə kifayət qədər material var ki, bunlara da istənilən formanı vermək olar. Onun övladları çox igiddir, təəssüf ki, bunu onun başçılarına aid etmək olmaz. Təkbətək döyüşlərə və kiçik toqquşmalara baxın: İtaliyalılar cəldlik, ustalıq və güc cəhətdən nə qədər də fərqlənirlər. Lakin böyük vuruşmalarda onlar sanki bütün bu xüsusiyyətlərini itirirlər. Bunun günahı sərkərdələrin zəifliyindədir; hətta kimsə nəyisə başa düşürsə, onu dinləmək istəyən olmur, hər kəsin də özünü səriştəli saymasına baxmayaraq, hələ indiyə qədər özünün cəsarətini və əldə etdiyi uğurları göstərən elə bir adam ortalığa çıxmayıb ki, yerdə qalanların hamısı ona tabe olsun. Belə ki, son iyirmi ildə aparılan bütün müharibələrdə yalnız italiyalılardan təşkil olunmuş qoşunlar həmişə məğlubiyyətə uğrayıb, əvvəlcə Taro, sonra isə Alessandriya, Kapuya, Genuya, Vayl, Bolonya və Mestridəki hadisələr bunu göstərir.

   Əgər sizin tanınmış ailəniz böyük adamların yolu ilə gedib, vətənin xilaskarı olmaq istəyirsə, onda o, hər şeydən öncə özünə qoşun yığmalıdır, hansı ki, bunsuz heç bir işin əsası yoxdur, zira onun nə sədaqətli, nə cəsur, nə də yaxşı əsgərləri olmayacaq. Hər halda onların hər biri ayrı-ayrılıqda yaxşıdır, əgər onlara hörmət edib, üstünlük edən bir hökmdarı qoşunun başçısı kimi görsələr, onların hamısı birlikdə daha yaxşı olar. Belə qoşun həqiqətən ona görə lazımdır ki, italiyalıların şücaəti yadellilərin hücumları qarşısında duruş gətirə bilsin. İspaniya və İsveçrənin piyada qoşunları təhlükəli sayılsa da, həm bunun, həm də o birinin qüsurları var. Belə ki, başqa cür təşkil olunmuş qoşun nəinki onlara qarşı dura, həm də onları üstələyə bilər. Axı döyüş meydanında ispanlar inadkarlıqda onlardan geri qalmayan atlı qoşunun qarşısından geri çəkilir, isveçrəlilər isə belə piyada qoşundan qorxurlar. Biz, fransızların atlı qoşununun qabağından ispanların necə geriyə çəkildiyini artıq bir neçə dəfə görmüşük və bunu yenə görəcəyik. Axırıncını istədiyimiz kimi görmək bizə hələ nəsib olmamışdır, lakin Ravenna yaxınlığında İspan piyada qoşunu İsveçrə ordusunun dəstələri kimi təşkil olunmuş, alman dəstələri ilə üz-üzə gələn zaman buna çox da qalmamışdı. Hiyləgər ispanlar kiçik qalxanların, nizələrin altında özlərini qorumaqla vəziyyətlərini yaxşılaşdıra bildilər və təhlükəsiz yerdə olarkən düşməni elə əzişdirdilər ki, o, onlara qarşı heç nə edə bilmədi, əgər atlı qoşun onların üzərinə hücum etməsəydi, onlar düşmənin piyada qoşununu tamamilə məhv edəcəkdilər.

   Beləliklə, bunun da, o birinin də ordusunda olan nöqsanları araşdırıb, yeni bir qoşun yığmaq lazımdır, elə bir qoşun ki, atlı qoşuna müqavimət göstərməyə qadir olsun və başqa piyada qoşununun qarşısında aciz qalmasın, buna müxtəlif növ yeni silahlarla, eləcə də ordunun yenidən təşkili ilə nail olmaq olar. Bütün bunlar isə yeni hökmdarı hər şeydən çox şöhrətləndirib, yüksəklərə qaldıran yeniliklərə aiddir.

   Beləliklə, bu imkanı qaçırmaq olmaz: uzun zamanların intizarından sonra İtaliya, nəhayət, öz xilaskarını görməlidir. Yadellilərin qəsbkarlığından zərər çəkənlərin ona hansı bir məhəbbətlə, hansı bir intiqam həvəsiylə, hansı bir sarsılmaz inamla, hansı hıçqırtılarla yanaşacağını sözlə ifadə etmək çətindir. Kim onun üzünə qapıları bağlayar? Kim onun tabeçiliyində olmaqdan imtina edər? Kim paxıllıqdan ona əngəl törədər? Hansı italiyalı onun hörmətini gətirməz? Barbarların hakimiyyətinin necə üfunət qoxuduğunu hamı hiss edir. Qoy sizin tanınmış ailəniz ədalətin bərqərar olduğu hər bir işdə olduğu kimi elə bir cəsarətlə və elə bir ümidlə bu vəzifəni öz üzərinə götürsün ki, onun bayrağı altında bizim vətənimiz böyüsün və onun başçılığı altında Petrarkanın sözləri gerçəkləşsin:

    Şücaət azğınlığa qarşı çıxacaq,

    Bu döyüşsə az çəkəcək:

    Axı italiyalıların ürəyində

    Cəsarət qalmaqdadır hələ.

   ŞƏRHLƏR

   1. Əlahəzrət Lorenso Dei Mediçiyə Nikkolo Maikavellidən – traktatın ithafı 1515-ci ilin sentyabrından 1516-cı ilin sentyabrına aiddir. Mediçi (1492-1519) – Pyetro Mediçinin oğlu, Florensiyanın hakimi (1513-cü ildən), Urbinonun hersoqu (1514-cü ildən).

   2. Etoliyalılar – B.e.ə. Qədim Yunanıstanın Etoliya vilayətində məskunlaşmış icma.

   3. Axeylər – Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası B.e.ə. 8-ci əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. B.e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.

   4. Kondotyer – kondotyer (1. orta əsrlərdə İtaliyada muzdla tutulan dəstənin başçısı; 2. məc. pul müqabilində hər iş üçün vuruşmağa hazır olan avantürist).

   5. Prelat – prelat (katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri)

   6. Lokrlar – Qədim Yunanıstanın mərkəzi hissəsində yerləşən Lokrida vilayətində məskunlaşmış tayfa.

   7. Tretey – münsiflər.

   8. Pretorianlar – Qədim Romada əvvəlcə sərkərdələrin şəxsi mühafizə dəstəsinin, sonralar imperator qvardiyasının əsgərləri. 2-ci əsrin sonundan Romanın siyasi həyatında mühüm rol oynamışlar (dövlət çevrilişlərində iştirak edirdilər). Pretorian qvardiyasını 4-cü əsrdə imperator Konstantin ləğv etmişdir.

   9. Senturionlar – Qədim Roma ordusunda bölmə komandiri. Cəsur və təcrübəli döyüşçülərdən təyin olunurdu. Senturionlar sıravi legionerlərlə müqayisədə müəyyən imtiyazlara malik olub, sərt nizam-intizamın qorunmasında böyük rol oynayırdılar.

   10. Prefekt – Qədim Romada inzibati bölgü vahidi olan prefekturaya nəzarət edən şəxs. Avqustun (e.ə. 1-ci əsrin sonu) dövründən Misiri, sonralar bütün əyalətləri idarə edir, habelə məhkəmə və əlahiddə idarə işlərini yerinə yetirirdi.

   11. Qvelflər və Gibelinlər – 12-15-ci əsrlərdə İtaliya şəhərlərində siyasi qruplaşmalar. Bunlar «Müqəddəs Roma imperiyası» imperatorlarının öz ağalığını Appennin yarımadasında bərqərar etmək cəhdləri ilə əlaqədar yaranmışdı. Tacir-sənətkar təbəqələrindən olan qvelflər imperator tərəfdarları olan gibelinlərlə mübarizə aparırdılar.

   12. Marranlar – Orta əsrlərdə İspaniya, habelə Portuqaliyada rəsmi surətdə xristianlığı qəbul etmiş yəhudilər. Əhalinin digər qruplarından fərqlənirdilər. Ticarət və s. işlərlə məşğul olmaqla yanaşı dövlətdə yüksək vəzifələr də tuturdular. Varlı olduqlarından din xadimləri və feodallar onlara qibtə edirdilər. İnkvizisiya marranları vaxtaşırı xristian dinindən dönməkdə ittiham edib, onları təqiblərə məruz qoyurdu.

   13. Sexlər – feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları.

   14. Triba – Triba (Qədim Romada əhalinin bölündüyü

    seçki dairələrinin adı).

   15. Səma mannası – dini əfsanəyə görə səhrada dolaşan isairillilər üçün göydən tökülən azuqə.

      Bakı – 2006

   Tərcümə edəni: Fikrət Təbibi

STAY CONNECTED

20,454FansLike
2,295FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.