Özünü təsdiqləmək istəyi – Natamamlıq kompleksi nədir?

Post date:

Author:

Category:

Natamamlıq kompleksi nədir?

Natamamlıq kompleksi Alfred Adler tərəfindən irəli sürülən və individual psixologiya sahəsində araşdırılan insanın özünü mənəvi və fiziki cəhətdən dəyərsiz, uğursuz, bacarıqsız, hiss etdiyi psixoloji vəziyyətdir.

Özünü sübut etmək cəhdinə əsaslanan natamamlıq kompleksi güclü asosial davranışlara səbəb olur. Bu kompleksin əsas səbəbləri ailə daxili təzyiqlər, özünə inamsızlıq, obsessiyalar, mədəni degenerasiya, sosial uğur anlayışı olsa da, daha bir çox səbəblər gətirə bildiyimiz dərin bir mövzudur.

Üstünlük kompleksi isə əsasını natamamlıq kompleksindən götürür. Fərdin natamamlıq kompleksindən asılı olaraq, özünü digər insanlardan daha üstün görmə və ya üstün olmaq istəyi onun özünü qəhrəman və ya çox vacib bir insan kimi görməyinə səbəb olur. Yəni, üstünlük duyğusu bu kompleksin yaranmasında rol oynayan ikinci faktordur. Bir növ fərdin natamamlıq duyğusunu kompensasiya etməyə çalışmasıdır. Adler bu insanların ailə, keçmiş xatirələr kimi amillərə görə cəmiyyətdən kənarda qaldığını deyərək bunu natamamlıq kompleksi ilə bağlayırdı.

Alfred Adler

Daha geniş danışmazdan əvvəl insanın tarixinə qısa nəzər salmaq çox vacibdir. İnsan dediyimiz canlı növü Homo sapiens, minlərlə ildir təbiətdə yaşamaq üçün mübarizə aparan adi bir canlı idi. Bu gün sənədli filmdə izlədiyimiz aslan sürülərindən fərqlənmirdik; yeganə düşüncəsi, həyatda qalmaq və növlərinin davam etməsini təmin etmək olan canlı növü idik.

İndi isə vəhşi heyvanların və hər cür təbii fəlakətlərin olduğu və tək olduğumuz böyük bir meşə təsəvvür edək. Risk altındayıq, elə deyilmi? Bir qaban tərəfindən hücuma məruz qala bilərik, yağış yağsa, xəstələnə və ölə bilərik və s. Riskdə olmağımıza səbəb insanın təbiətdə müdafiəsiz canlı olmasıdır. Pəncələrimiz yoxdur, çox kəskin qoxu duyğumuz yoxdur, çox uzağları duya biləcək eşitmə qabiliyyətimiz yoxdur, soyuq havalardan bizi qoruyacaq kürkə sahib deyilik, dərimiz incə, bədənimiz həssasdır, dişlərimiz çox iti deyil.

Əsrlər boyu insan növü həm təbii fəlakətlərdən, həm də digər canlılardan qorunmaq üçün bir yol tapmalı idi. Buna güclərini birləşdirərək, yaşadıqları mühitə ayaqlaşmaqla, daim müşahidə etməklə nail oldular. Təbiətdə digər canlı qruplarından çox zəif olan insan sonda müdafiə mövqeyinə keçməli idi. Bundan əlavə, həmişə diqqətli olmalı idi. Mümkün olan hər hansı bir səhv həyatının sonu demək idi. Beləliklə, insanlar bir-birlərilə əməkdaşlıq etməyin və sosial mühitin qurulmasının vacib olduğunu fərqinə vardılar. Yalnız olduqları zaman həyat zəmanətləri yox idi, təhlükəsizlik yalnızca birlik olmaqdan keçirdi. Bu gün cəmiyyət dediyimiz şey o zaman sürü idi. Hər fərd sürüdən ayrılsa canını təhlükəyə atacağını bilirdi. Hərəkətlərini sürüyə görə ifadə etməli, onlara uyğunlaşma ehtiyacı hiss etməli, başqalarının ona müsbət yanaşmasını təmin etməli idi. Bu iki amil, sürü psixologiyası və müdafiə mövqeyindəki həyat, insanda bir emosiyanı meydana gətirdi: natamamlıq hissi.

Hər şeyə uyğunlaşmaq məcburiyyətində qalanlar sonda özlərini yetərsiz hiss edirlər. Resurslara, reproduktiv imkanlara, sığınacaqlara, təhlükəsiz bir həyata sahib olmaq insan üçün uyğunlaşma qabiliyyəti sayəsində mümkün olmuşdu. Bu da uyğunsuzluq hissini meydana gətirdi. Daha yaxşı başa düşmək üçün bir nümunə verək: Evdə çox fəal, hərəkətli, sözə baxan uşağın məktəbdə tamamilə əks davranışlar göstərməsi hər kəsin rastlaşdığı bir mənzərədir. Bunun səbəbi isə uşağın özünü rahat hiss etməməsi və “sürü”də olarkən onların qaydalarına uyğun yaşamaq məcburiyyətində olduğunun fərqinə varmasıdır. Buna görə də, onlar rahat ola bilmir və fərqli davranırlar. Bunu etməyə məcbur edən şey tək qalmaq qorxusudur və buna görə də ziddiyyətli hərəkətlərlə özlərini göstərməyə çalışırlar. Bununla da onlar ya müəllimlərin yazığı gəlsin deyə həddən artıq sakit olacaq, ya da dominant xarakterini göstərmək üçün qayda-qanunu pozacaqlar.

Buradan aydındır ki, bu natamamlıq kompleksinin irsi bir mirasdır. Bu emosional vəziyyətdən qurtula bilmərik. Ancaq müəyyən bir səviyyədə saxlamaq bizim əlimizdədir. Bu isə maariflənmədən keçir. Natamamlıq hissi hər bir insanda mövcuddur və özünə inamlı davranışlar sərgiləyən insanın digərlərinə olan üstünlüyü sadəcə rola girmək  qabiliyyətidir. Qadınlara qarşı özünü yetərsiz hiss edən bir kişi, həmcinsləri ilə birlikdə olduqda olduqca normal davrana bilər. Ancaq qadınlarla bir mühitdə səssiz qalmağa üstünlük verə bilər. Güclü yumor hissinin olduğuna baxmayaraq, qadınların yanında bunu çəkinərək dilə gətirdiyi üçün heç kəs ona gülməz və o da öz növbəsində biabır olduğunu düşünər, yəni belə vəziyyətlər mühitdən-mühitə dəyişir.

Mövzu uşaqlıqdan başlayır.

Uşağın inkişafı ailə, toplum və həm də cəmiyyətin dəyərlərindən asılı olaraq onun cinsiyyəti ilə əlaqəlidir. Təhsil baxımından ailələrə baxsaq, əvvəlcə akademik təhsili olan və olmayan ailələri nəzərdən keçirə bilərik. Buradakı əsas mövzu isə bu ailələrdə fərdi təhsilin olub-olmamasıdır.

Ali təhsili olub və mənəvi inkişafa sahib olan və olmayan ailələrlə, ali təhsili olmayıb mənəvi inkişafa sahib olan və olmayanlar olaraq 4 tip ailəyə bölə bilərik.

Bütün hallarda mənəvi inkişafı aşağı olan ailələr övladlarının zehni və mənəvi inkişaf prosesində onlara lazımi şərait yarada bilmirlər. Pis təməlli bir quruluşu miras alan bu uşaqlar natamamlıq kompleksi və onunla birgə gələn üstünlük kompleksi yaşaya bilərlər. Çünki uşaq doğulan anda ailənin din, dil, irq, cins, uğur, cəmiyyət, ana perspektivi, ata perspektivi anlayışı xəmirində yoğurulur. Daha sonra məqsədlər formalaşır.

Adlerin sözlərinə görə, bu hədəflər yaxşı bir ailəyə sahib olmaq, ailəmizlə yaxşı keçinə bilmək və yaxşı bir peşə və peşə həyatına sahib ola bilməkdir. Bütün bu hədəflərə çatan çalışan şəxs sosial mühiti ilə uyğunluq içində olur.

Adler nevrozlar, psixozlar və fiziki qüsurları olan insanların cəmiyyətə uyğunlaşa bilmədikləri üçün qeyd etdiyimiz 3 əsas məqsədə çata bilmədiyini və çatmaq iqtidarında olmadığını  müdafiə etdi. Beləliklə, bu insanların başqaları tərəfindən yetərsiz sayıldığını düşündü. Ancaq mövzu yalnız bu üç əsas hədəfin reallaşması ilə bağlı deyil.

Adlerin fikrincə, hər bir insanın müəyyən bir mövzuda özünə inamsızlıq hissi var. Yaşadığımız mühit, sosial çevrəmizin genişliyi kimi faktorlar natamamlıq kompleksinin bir çox sahədə yarana bilmə ehtimalını artırır. İnsanlar özünü bu xoşagəlməz kompleksdən qurtarmaq üçün onu psixoloji və ya bioloji cəhətdən kompensasiya etməyə çalışırlar. Adler buna nümunə kimi, “İnsan görmə qabiliyyətini itirdikdə, başqa bir hissi, yəni barmaqların həssaslığını inkişaf etdirərək hiss etdiyi natamamlıq kompleksini kompensə etməyə cəhd edir. Bu, bioloji kompensasiya nümunəsidir.” demişdir. Adler psixoloji kompensasiyaya da nümunə olaraq, özünü cəmiyyətdən təcrid etmək istəyən bir insanın psixoza girərək tamamilə psixoloji cəhətdən kar olması faktını göstərərək izah edir.

Ölkədə və dünyada bitmək bilməyən xaos və mübarizələrə baxdıqda əslində hamısının mənbəyinin natamamlıq və üstünlük komplekslərindən irəli gəldiyini görmək mümkündür.

Simptomları nələrdir?

  • Rəqabətdən uzaq durmaq.
  • Tənqidlərə qarşı çox həssaslıq.

Bu kompleksə sahib insanlar adətən digərlərin onlar haqqında nə düşündüklərinə önəm verirlər. Buna görə də etdiyiniz tənqid və zarafatlar onların yaddaşında uzun müddət qala bilər.

  • Başqa insanlarda nöqsan tapmağa qarşı meyl.

Tənqidlərə açıq olmamalarına baxmayaraq, özləri qarşı tərəfi tənqid etməkdən çəkinmir və bu yolla özlərində natamam gördükləri cəhətləri gizlətməyə çalışırlar. Buna görə də onlarda nöqsan axtarma kimi alışqanlıq ola bilər. Məsələn, onlardan daha uğurlu olduğunu düşündükləri dostları olduqda onlara kariyera yollarının o qədər də uğurlu olmadığını deyə və onları pis hiss etdirməyə cəhd edə bilərlər. Hətta bəziləri bundan daha da irəli gedərək qarşı tərəfə təhqir edə və şiddət göstərə bilir. (red. Cəmiyyətdə “paxıllıq” deyə adlandırılan şey əslində natamamlıq kompleksidir)

  • Arxa planda daha rahat hiss etmək.

Natamamlıq kompleksində rast gəlinən davranışlardan biri də gözdən qaçmaq istəyidir. Məsələn, çoxluqdan kənarda olmaq və arxa plana keçməkdən rahatlıq duya bilmək. Sosial vəziyyətlərdən qaçmaq, rədd edilmə və gülünc vəziyyətə düşmə qorxusundan irəli gəlir. Bu səbəbdən də çox zaman dost tapmaqda çətinlik çəkirlər.

  • Perfeksionistlik və ya maksimalistlik
  • Tərif eşitdikdə inanmamaq ancaq yenə də hər zaman tərifə ehtiyac duymaq.
  • Həmişə ən pisini düşünməyə tələsmək
  • Keçmişdəki səhvlərlə qarşılaşmaqdan çəkinmək
  • Öz səhvlərinin və uğursuzluqlarının səbəbini başqalarında görmək.
  • Başqaları hətta yaxınları uğursuz olduqda buna sevinmək.
  • Deyə biləcəyi bir söz olmadığı və özünü ifadə edə bilmədikləri üçün davamlı olaraq qarşı tərəfə zorakılıq tətbiq etmə meylinə sahib olmaq. Özünü ancaq bu şəkildə ifadə edə bilmək.

Necə qalib gələ bilərik?

Natamamlıq kompleksi həll olunmadıqda, həm sosial əlaqələrdə, həm də iş həyatında problemlər yarada bilər və özünü ifadə edə bilməyən insan təklik hiss edə bilər. Həmçinin bu da digər problemlərə səbəb olur.

1. Əvvəlcə etməli olduğunuz şey bu problemin varlığını qəbul etməkdir. Əgər fiziki xüsusiyyətləriniz və görünüşünüzü bəyənmirsinizsə, bunun irsi olaraq keçdiyini qəbul edərək dəyişdirə bilməyəcəyinizi qəbul etməlisiniz.

2. Özünüzə müəyyən hədəflər qoymalısınız. Çünki hədəfə çatdıqca insanda özünə inam hissi artır və beləliklə, fərd bunu öz içində həll edə bilir.

3. İnsan əvvəlcə özünü tanımalı və bacarıqlarından xəbərdar olmalıdır. Və bu qabiliyyətləri inkişaf etdirərək onları istifadə edəcək sahələr kəşf etməlidir. İnkişaf etdirdiyiniz bacarıqlarınızı müəyyən işlərinizə tətbiq etdikcə bu özünüzə inam hissini artıracaq. İnsanın bacarıqlarının fərqinə varması, perfeksionistlikdən (mükəmməlliyətçilik) uzaqlaşması və hər mövzuda uğurlu ola bilməyəcəyini anlamaq lazımdır.

4. Şəxsin ailəsi tənqidi deyil, qətiyyətli və dəstəkləyici bir münasibətlə yanaşmalıdır. Uşaqlarının müsbət və uğurlu tərəflərinin fərqinə varmalı, valideynlər bunu gördüklərini onlara göstərməlidirlər.

5. Heç kəs mükəmməl deyil. Özünüzü başqa insanlarla müqayisə etməyi dayandırıb enerjinizi öz inkişafınıza sərf etməyə cəhd edin. 

6. Bütün cəhdlərə baxmayaraq davranışlarınızda dəyişiklik olmursa, psixoterapevtlə məsləhətləşmək sizin xeyrinizə olacaqdır.

Ətrafımızda, yaxınlarımızda, xüsusilə, uşaqlarda bu kompleksin olduğunu gördükdə biz onları qərarsızlıqdan vaz keçirməyə çalışmalıyıq. Onları ruhlandırmalı və cəsarətləndirməliyik. Üzləşdikləri çətinliklərin öhdəsindən gələ biləcəkləri inancını onlarda oyatmalıyıq. Yalnız bu yolla onlara özünə inam hissi aşılaya bilər və natamamlıq kompleksindən qurtulmalarına kömək edə bilərik.

Mənbələr:

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.