Pablo Pikassonun həyatı və əsərləri

0
37

Pablo Pikasso (Pablo Picasso) ispan rəssam və heykəltəraşdır. XX əsr incəsənətinin ən məşhur adlarındandır. Corc Brakla (George Braque) birlikdə kubizm cərəyanını başlatmışdır. Məşhur rəssamın 11 maddə ilə həyatını ümumiləşdirdik.
1) Pikasso 25 oktyabr 1881-ci ildə Malaqada dünyaya gəlmişdir. Birinci adı Pablo, digər adları isə Ruiz Pikasso idi. Bir müddət sonra atasının soyadı Don Xose Ruiz yerinə anasının soyadı Pikassonu istifadə etməyə başlamışdır. Atası yerli rəsm məktəbində müəllim idi. Oğlundakı bacarığı görüb onu rəssam olaraq yetişdirməyə başladı.

2) Pikassonun 2 kiçik bacısı var idi: Lola və Konsepsion (Konçita). Konçita 8 yaşında difteriyadan vəfat etdi. O vaxt 14 yaşında olan Pikassonun bacısının ölümündən nə qədər təsirləndiyini bilmirik. Ancaq bundan sonra xəstə insanların yanında durmağa dözə biilmədiyini bilirik.

“Elm və xeyirxahlıq” , 1895

 

Pikasso bu akademik əsərini 15 yaşında çəkmişdi. Bu əsər 1987 Milli İncəsənət sərgisində tərif almış və Malaqa şəhərindəki bir müsabiqədə qızıl medal qazanmışdır. Rəsmdə xəstə qadının nəbzini tutan həkim Pikassonun atasını xatırladır. Görəsən, Pikasso xəstə anayla rahibənin qucağında ona baxan balaca qızın rollarını tərsinə çevirmişdi? O vaxtlarda bacısının ölümünü hələ unuda bilməzdi.

3) 1900-cü ildə dostu Kasegemas ilə Parisə köçdü. Kasegemasın intiharı Pikassonu dərindən sarsıtmışdı və bu rəsmlərində də əks olunurdu. 1901-ci ildən 1904-ə qədər mavi rəngin hakim olduğu şəkillər çəkdi. Bu dövr Mavi dövr adlandırılır.
Bu əsərdəki fiqurların kim olduğunu və niyə sahildə toplaşdıqlarını bilməsək də, bu rəsmin çəkiliş tərzi və mavinin hakim olması Pikassonun rəsmi dostunun ölümündən sonra çəkdiyini göstərir.

4) Pikassonun 1904-dən 1905-ə qədərki dövrü  Çəhrayı dövr və ya Sirk dövrü adlandırılır. Bu dövrdə mavi rəng çəhrayıya çevrilmiş və klounların, sirk işçilərinin, akrobatların şəkillərini çəkməyə başlamışdı.
Bu əsərdə olan obrazlara insanların gözündəki əyləndirici rolları ilə ziddiyyət təşkil edən ciddi görüntü hakimdir. Bu dövrdə çəkdiyi digər rəsmlərdə olduğu kimi qrupun nəyi təmsil etdiyini bilmirik, amma klounun (yəni Pikassonun) əlini tutan və əlində bir səbət gül olan kiçik qızın varlığı diqqəti cəlb edir. Təsvir olunan qız Pikassonun itirdiyi bacısı ilə təxminən eyni yaşda olmalıdır.

“Təlxəklər ailəsi” , 1905

Bəziləri kök klounun Pikassonun dostlarından Apollinaireni, oturan qadının isə o dövrdə sevgilisi Fernande Olivieri təmsil etdiyini irəli sürür.

5) Pikasso 1906-cı ildən etibarən incəsənət aləmində diqqəti cəlb etməyə başladı. 1907-ci ilin yaz və yay ayları boyunca qərb rəsm sənətinə, hardasa, 500 ildir hakim olan bədii ənənəni yıxacağını düşündüyü bir əsər üzərində çalışdı. Bu əsərə əvvəlcə Le Bordel (Fahişəxana) adını verdi, amma əsər sonradan Les Demoiselles d’Avignon (Avinyonlu qızlar) adıyla tanındı.

“Avinyonlu qızlar” , 1907

Bu əsər XX əsr kubizm cərəyanının başlanğıcı hesab olunur. Pikasso ən böyük əsəri üçün saysız-hesabsız eskizlər çəkmişdi. Əsərin ilkin halında fahişəxanada bir dənizçi və tələbəylə birlikdə çılpaq qadın görünürdü. Pikasso rəsm üzərində işlədikcə rəsmin görünüşü də dəyişməyə başladı. Tələbə və dənizçinin yerini daha çox qadın əvəz etməyə başladı. Əsərdə kəskin şəkildə arxadan görünən fiqurlar, künclü və uyğunsuz kompozisiya diqqəti cəlb edir. Ənənəvi rəsmlərdən çox fərqli olduğu olduqca barizdir. Tamaşaçı artıq rəsmə gerçək dünyanın genişlədilmiş forması kimi yanaşmır və əsərə dərinlik qazandıran perspektiv və göz yanılmaları yaratmaq üçün bir təşəbbüs yoxdur.

6) 1916 -cı ildə rus bir generalın qızı Olqa Hoklova ilə evlənir. 1921-ci ildə oğlu Paulo dünyaya gəlir.

“Divanda oturan Olqanın portreti” , 1917 / “Uzunqulağa minən Paulo” , 1923

1927-ci ildə Mariya-Terese Valter (Marie-Therese Walter) adlı 17 yaşlı qız ilə tanış oldu. Pikasso evli olduğundan aralarındakı münasibət gizli davam etdi. 1935-ci ildə həyat yoldaşı Olqadan ayrıldı. Mariya ilə münasibətindən 1935-ci ildə Mariya Konsepsiyon (Marie-Concepcion) adını verdiyi bir qızı oldu. Uşağa qısaca Maya deyirdilər.

“Mariya-Terese Valterin portreti” , 1939 / “Maya dənizçi uşaqla” , 1938

1936-cı ildə bir dostu vasitəsilə Dora Maar ilə tanış oldu. Pikasso bu portreti Mariya Teresenin şəklini çəkdiyi zamanlarda çəkmişdi. Görünür, iki qadın arasında bir problem baş verməmişdi.

“Dora Maar” , 1937

7) Pikassonun İspaniyasında 1936-cı ildə vətəndaş müharibəsi baş verdi. Gücsüz bir demokratik hökumət tərəfindən idarə edilən İspaniya Franko rəhbərliyindəki sağ yönümlü generallarının inqilabı ilə qarşı-qarşıya gəldi. Cümhuriyyətçi qüvvələr 1937-ci ildə Şimali İspaniyada Bask şəhəri olan Gernikada toplaşdılar. Franko yeni təyyarələrini təcrübədən keçirməyə həvəsli alman Nazi hava qüvvətlərinin köməyini təmin etmiş və 3 hava donanmasını yerləşdirmişdi. Şəxsi heyəti ispan uniforması geyinmiş alman pilotlardan ibarət bu donanmalar Legion Condor adlanırdı. Gernikanın Nazi təyyarələri tərəfindən bombalanmasının nəticəsində şəhər xarabaya çevrildi və qaçmağa cəhd edən minlərlə mülki vətəndaş qətlə yetirildi.

“Gernika” , 1937

 

Pikasso hadisələri eşidəndə adını Gernika qoyduğu əsər üzərində çalışırdı və deyirdi: “İspaniyadakı müharibə xalqa və azadlığa qarşı müharibədir. Bir rəssam kimi cəhalət və incəsənətin ölümünə qarşı mübarizə apardım. Hazırda üzərində işlədiyim və Gernika adını verəcəyim bu əsərdə İspaniyanı səfalət və ölüm okeanına aparan hərbi sinifə qarşı hiss etdiyim qəzəbi göstərməyə çalışıram”.

Əlavə oxu: http://rezonanss.com/arxivlər/5064

8) Pikasso 1945-ci ildə özündən 40 yaş kiçik Fransua Gilot (Françoise Gilot) ilə münasibət qurmağa başladı. Cütlüyün 1957-ci ildə Klaud adında oğulları, 1949-cu ildə isə Paloma adında  bir qızları dünyayı gəldi. Münasibətləri 1953-cü ilə qədər davam etdi.

“Fransua Gilot ilə Paloma və Klaud” , 1954

 

9) 1953-cü ildə Jakelin Rok (Jacqueline Roque) ilə tanış oldu və 1961-ci ildə evləndilər.

Fransua Gilot ilə Paloma və Klaud” , 1954

10) Mavi dövrdə çəkdiyi rəsmlərdən biri 1967-ci ildə yaşayan bir rəssamın əsərinə verilən ən yüksək qiymətə, yəni 532.000 dollara satılmışdır.

“Dəniz kənarında ana və uşaq” , 1902

11) Pablo Pikasso 91 yaşında vəfat etmişdir. 1981-ci ildə (ölümündən 8 il sonra) avtoportreti auksionda satışa qoyulmuş və 5.5 milyon dollarlıq rekord bir qiymətə satılmışdır.

“Mən Pikasso” , 1901

Mənbə: http://www.leblebitozu.com/11-maddede-pablo-picasso/

Hazırladı: Lalə Yusifova

Redaktə etdi: Lalə Yusifova

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here