Paster dedi: “Cansızdan canlı yarana bilməz…”

Post date:

Author:

Category:

Əvvəlcə bir suala aydınlıq gətirək: Cansızdan canlı yaranması nə deməkdir?
Müasir insan müxtəlif yaradılış nəzəriyyələrini müzakirə etsə də, belə bir ehtimalı çoxdan çıxdaş edib. Heç ağlına da gəlməz ki, yerdə duran cansız bir daşda yaradıcı qüvvə olar, ancaq bu fikir bir zamanlar Aristotel(es)ə məxsus idi. Kortəbii və ya spontan generasiyanın (ing. spontaneous generation) kökündə duran fikir məhz hər bir nəsnədə varlıq gücünün hakim olması idi və bu fikir Pasterə qədər hakim qalmışdı. Hətta günümüz məişətində belə insanlar bəzən cansızdan canlının yarandığını düşünürlər. Məsələn, o dövrün Avropasında pendirin siçanı yaratdığı düşüncəsi çox məşhur idi. Bu günün Azərbaycanında da hələ də yun parçanın güvə yaratdığına olan inanc böyükdür.

Pasterə qədər nə dedilər?

Aristotel(es)in bir düşüncə insanı kimi özündən sonra fəlsəfəni nə qədər təsir altında saxladığı gün kimi aydın bir məsələdir, amma təbii ki, elmin doğulması ilə düşüncələr avtoritetliyindən asılı olmayaraq təcrübə edilməyə başladı. Nə qədər Akvinalı Tomas kimi dindarların, Şekspir kimi romantiklərin yaradıcılığını bəzəsə də, spontan generasiya artıq XV-XVI əsrdən şübhələri öz üzərinə çəkmişdi. Hətta ilk şübhələnənlər xristian teoloqlar (məs. Jan Swammerdam) olmuşdu. Onlar bunun dinlə üst-üstə düşməyəcəyini düşünürdülər. Lakin Helmont (ing. Jan Baptist van Helmont, 1580-1644) ilk dəfə məsələyə elm çərçivəsində suallar verməyə çalışdı. Hətta spontan generasiyanın yanlış olduğunu göstərmək üçün böyük bir səbrlə təcrübələrini etdi. Nə az, nə çox, 5 il! Təcrübənin adı “Helmontun ağacı” adlanır. Helmont 90 kiloqramlıq bir torpağa 2.5 kiloqramlıq bir ağac əkdi. 5 il ərzində torpağa ancaq yağış və distillə suyu verdi. Üstəlik tökülən bütün yarpaqların da çəkisini ölçdü. Helmont 5 ilin sonunda ağacını çəkdi və 77 kiloqram olduğunu gördü. Torpaqda isə sadəcə 57 qramlıq bir itki vardı. Ağac 76.5 kiloqramlıq çəkisini sulardan almışdı. Helmont isə 57 qramlıq torpaq itkisinin torpaqdakı azot və digər maddələr (red. cəmi 1 %) olduğunu təxmin edə bilmədiyindən bunun ölçü səhvi olduğunu düşündü. Aristotel(es)in 4 (hava, od, su, torpaq) həyat ünsürü Helmontun təcrübəsində karbon qazının (red. CO2) müəyyən reaksiyalardan sonra bitkinin enerjisini öz “canında” saxlayan karbohidratı və bizim nəfəs aldığımız oksigen qazını (red. O2) istehsal edir. Bütün bunlardan xəbərsiz olan, ancaq dünyanı təcrübə yolu ilə öyrənməyə həvəsli olan Helmont təcrübələrini davam etdirdi. 28 kiloqramlıq quru odun parçasını yandırdıqdan sonra ortada cəmi 500 qram külün qaldığını görən Helmont uçub gedən tüstünün odun qazı olduğunu dedi və çox ironiyalıdır ki, bu tüstü qaz Parasels(us)un 3 həyat ünsürünə (duz, civə, kükürd) qarşı hava və su birləşməsini təklif etdi. Metodu düz olsa da, Helmont düz nəticəyə gələ bilməmişdi. Çünki onun fotosintez prosesindən xəbəri yox idi və buna görə də bilmirdi ki, görünən Günəş şüalarının yarpağın üstünə düşməsi ilə yarpaqdakı su və havadan alınan adı verən də özü oldu.
Dedi:
“Bu günə qədər görünməyən bu buxara qaz adını verirəm!” ( lat. “Hunc spiritum, incognitum hactenus, novo nomine gas voco!”)
Elə bu adı da yunancada olan “xaos” (yun. Χάος) sözündən götürmüşdü. Xaos yunanca boşluq, boşluğu əhatə edən mənalarında işlənilir. Qaz termini çox keçmədi ki, elmdə öz təsdiqini tapdı. İlk təsdiqləyənlərin sırasında britaniyalı naturalist Robert Boyl (ing. Robert Boyle) və fransız kimyaçı Lavozi (fr. Antoine-Laurent Lavoisier) vardı. Beləliklə, spontan generasiyanı səhv çıxarmaq üçün yola çıxan Helmont özünün də xəbəri olmadan elm dünyasına böyük töhfə vermiş, ancaq mövcud şübhələr təbii ki, öz mövcudluğunu qoruyurdu. Helmontun, ardınca ingilis fizik Uilyam Harvi (ing. William Harvey, 1578-1657) spontan generasiyaya olan şübhələrininin arxasınca gedərək yumurta qoymaqla çoxalan quşları, xüsusilə, toyuqları müşahidə etməyə başladı. Təbii ki, araşdırmalar mikroskop olmadan, adi gözə əsaslanan müşahidə ilə edilirdi, ancaq dövrünün dahisi olan Harvi müşahidələrini
Aristotel(es)in “körpələr qan laxtasından yaranır” (red. Aristotel(es)dən təsirlənən dini mətnlərdə də geniş yer alan bir fikirdir) fikrini təcrübi olaraq izləmək üçün üçün bir çox müşahidələr etdi və belə bir qənaətə gəlmədiyini bildirdi. Yazdığı “Exercitationes de Generatione Animalium” adlı kitabdakı (“Heyvanların Yaranmasına dair Məqalələr”, PubMed portalındakı məqalədən :”Harvey’s phrase: “ex ovo omnia””)  bir cümlə bəs etdi ki, bu kitab dünya tarixinə keçsin. O cümlə belə idi: “Hər şey yumurtalardan yaranır!” (lat. Omnia ex ovo)
Beləliklə, Harvi biogenezin əsasını qoymuşdu. Loru dildə desək ki, kortəbii yaranma və ya spontan generasiya cansızdan canlının yaranmasını ehtiva edən düşüncədir, o zaman biogenez də canlının yalnız canlıdan yarana biləcəyini deyən bir düşüncədir. Daha doğrusu, ilk yarandığı dövrlərdə bir fəlsəfi fikir idi. Daha sonra ortaya çıxan Françesko Redi (itl. Francesko Redi,1626-1697) adlı bir italyan fizik bu düşüncəni nəzəriyyəyə çevirmək üçün elmi metodları işə salmışdı. Məişət şəraitində ətin çürüməsinin səbəbini ətdən yaranan böcək sürfələrində görürdülər. Redi bunun belə olmadığını dedi və çox sadə bir təcrübə etdi.
Təcrübə üçün üç qaba ət parçası qoydu. Birinci qabı açıq qoydu, ikinci qabı tənziflə örtdü, üçüncü qabı isə tamamilə örtdü. Müşahidələrindən sonra Harvinin fikrinin düz olduğunu dedi, çünki açıq qabdakı ət milçəklərin yumurtalarına görə xarab olmuşdu, tənzif olan qabda isə yumurtlar ilişib qalmış, qapalı qabda isə heç bir dəyişiklik olmamışdı. Redinin bu təcrübəsi Harviyə dəstək verən “omne vivum ex vivo” (red. hər canlı canlıdan yaranır) cümləsi ilə tarixdə öz yerini aldı və bir müddətlik spontan generasiyaya inananlar bununla razılaşmağa başladılar. Redinin ardınca Antonio Mikeli (itl. Pier Antonio Micheli,1679-1737) göbələk mitselisini, yəni sporları kəşf edərək göbələyin kortəbii şəkildə yaranmadığını dedi, 1745-ci ildə ingilis bioloq Con Nidm (ing. John Needham) ət bulyonunu qaynadıb, daha sonra soyutmaqla spontan generasiya ilə bağlı tərcrübə etmək istəmişdi, ancaq o gün üçün bilinməz olan optimal temperatur və sterilizasiyaya diqqət etmədiyinə görə təcrübənin sonunda ət çürümüşdü, ancaq italyan bioloq Lazari Spalazani (Lazzaro Spallanzani) buna etiraz etdi və protokol qaydalarını bir az dəyişərək təcrübəni yenidən icra etdi. Ət çürüməmişdi. Bütün bu təcrübələr önəmli olsa da, biogenezin nəzəriyyə halını aldığı düşünülsə də, hələ ki, müzakirələr bitməmişdi. Paster ortaya çıxanadək..

Bəs Paster nə dedi?

 

Lui Paster bir mikrobioloq idi və sələflərinin etdiyi təcrübələri müzakirə edənləri susdura bilərdi. O, Redinin təcrübəsində hava olmadığına görə canlının yaranmadığını iddia edənləri çox sadə bir yolla susdurdu. 1862-ci ildə yeni bir təcrübəyə imza atdı. Təcrübə üçün içində ət bulyonu olan iki kolba seçib kolbalardan birinə qu quşunun boynuna bənzər bir borucuq taxdı və digərini isə açıq qoydu. Paster bilirdi ki, toz və havadakı dənələri çökdürə bilsə, havanın daxil olması problem olmayacaq. Düşündüyü kimi də oldu. Borucuq taxılan kolbada spontan nəzəriyyəçilərin fikirləri özünü doğrultmadı və beləliklə, spontan generasiya və ya kortəbii yaradılış fikri tarixə qərq oldu, artıq hər kəs bilirdi ki, hər bir canlı başqa bir canlıdan yaranmalıdır.
Daha sonralar elm bu canlı deyilən şeyə tərif verməyə çalışdı və bu gün isə bizim üçün canlı və ya cansız o qədər də fərqlənmir. Nuklein turşusu və zülalı olana canlı, olmayana isə cansız deyirik. O qədər müxtəlif canlı və cansız tanıdıq ki, artıq bu bizi maraqlandırmır. Bizi daha dərində olanlar maraqlandırır. Mikroaləmdə…
Riçard Feynman (ing. Richard Feynmann): “Əsas prinsip özünü aldatmamaqdır. İnsan özünü çox tez aldadır. Və elm ən sonda insanın özünü aldatmasının qarşısını alır.”

Müəllif: Ziya Mehdiyev ( Məqalə “Rezonans Toplusu 1” üçün hazırlanmışdır, kitaba istinad etmək mütləqdir)

 

Mənbələr:
Encyclopædia Britannica (Francesco Redi, William Harvey, Jan Baptista van Helmont, Pasteur məqalələri)
Stanford Encyclopedia of Philosophy (“Aristotle on Causality” məqaləsi)
Russell Levine; Chris Evers (1999). “The Slow Death of Spontaneous Generation” (1668-1859)

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.