Platon fəlsəfəsi

Post date:

Author:

Category:

Platon hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir,hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.

Klassik yunan fəlsəfəsinin tanınmış nümayəndəsi olan Platon təxminən m.ö. 427-347-cı illərdə Afinada dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. O, Sokratın tələbəsi olmuşdur. Onun dünyagörüşünün formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir. Çünki Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya səfərlər etmişdir. Orada olarkən Elea məktəbinin və pifaqorçuların təlimləri ilə də tanış olmuş, sonra isə öz fəlsəfi fikirləri ilə çıxış etmişdir. M.ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya adlanan bir məktəb təsis etmişdir və bu akademiya 529-cu ildə Bizans imperatoru Yustinianın bütün antik məktəblərin bağlanması haqqında fərman verməsinə qədər fəaliyyət göstərmişdir.

Afina məktəbi (Rafael)

Platon öz fəlsəfəsində əsas diqqəti ontoloji məsələlərə eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir.

Platon özündən öncəki filosoflardan fərqli olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada görürdü.

Platon hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.

Buna örnək kimi at, qoyun, bəbir və siçanı göstərmək olar. Onların hər biri fərqli varlıq olmasına baxmayaraq, biz onların hamısını “heyvan” adlandırırıq. Halbuki, onların hər biri fərqli varlıqlardır: biri at, başqası siçan və.s. Ancaq Platona görə həmin “heyvan” anlayışı təkcə bizim beynimizin məhsulu deyildir. O müəyyən bir məkanda doğrudan da vardır. At, siçan, bəbir, qoyun və.s. onun görüntüləridirlər. Deməli, “heyvan” bunların pərdə arxasında olan ideyasıdır. Platona görə, bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada “varlıq”dan başqa “yoxluq” da vardır.

Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir.

Deməli, yuxarıdakı örnəkdə sözü keçən at, qoyun, bəbir və siçan əslində yoxdur. Onlar ideya olan həqiqi varlığın yansımasıdırlar (əks olunmasıdırlar). Beləliklə, Platonun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiyadır. Bu dünya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın (maddənin) arasındadır. Bir tərəfdən onun var olması ideyalar aləmindən xəbər verir, başqa tərəfdən isə o həm də yoxluqdur, çünki bu dünya keçicidir və onun üzərində olan hər şey ölümə, həmçinin məhv olmağa məhkumdur.

Platon tanrı barəsində fərqli fikirlərlə çıxış etmişdir. Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı “Demiurqos”dur. Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu “yaradıcı” adlandırmaq olar.

Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan monoteistik Tanrıdan fərqlənirdi.

Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir. Tanrı (Vahid) və dünya anlayışları Platon fəlsəfəsində həm də eyniləşir. “Parmenides” dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şeylərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən isə o dünyada da təzahür etməli və duyulmalıdır. Burada Vahidin eyni zamanda həm var olması, həm də yoxluğu; həm bir, həm də çox olması kimi paradoksal nəticələrə gəlinir.

Belə ki, Platon “Parmenides” dialoqunda hipotezlər (ehtimallar) irəli sürmüşdür. Burada iddia edilir ki, əgər Vahid vahiddirsə, onda onun hissələri yoxdur. Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur.O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də söz irəli sürmək mümkündür.

Nəticədə isə Vahid haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara çevrilir.

O dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur. Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da “vardır” və “mövcuddur” ikiliyindən başlanır; ikilik isə çoxluğun başlanğıcıdır. Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun.

Daha sonra “Vahid yoxdur” iddiasının nəticələri onun özü və ondan ayrısı üçün araşdırılır. Sonda isə bu iddia Vahidə çoxluğun və çoxluğun çoxluğa münasibəti baxımından baxılır. Əgər Vahid yoxdursa, onda başqa şeylər nə tək, nə də cəm olaraq düşünülməz, çünki Vahidsiz çoxluq haqqında düşünmək mümkün deyildir.

Platon ruh haqqında da düşünmüş və onu bədənə qarşı qoymuşdur. Hər bir insan ideal aləmin və eyni zamanda materiyanın (maddənin) daşıyıcısıdır. Bədən keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz və ölməz ideyadır. Ona görə də həyatın mənası əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır. Platona görə ruhların ağıllı, qəzəbli və nəfsi səviyyələri vardır. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və çətinliklərə qarşı dözümlü edir. Nəfsi səviyyə isə insanı maddi aləmə bağlayır, onu geriyə çəkir və ideyalar aləmindən uzaqlaşdırır. Durumdan asılı olaraq insanlarda bəzən ağıllı, bəzən qəzəbli, bəzən isə nəfsli səviyyə üstün olur.

Platona görə ruh ölməzdir, çünki insanın bilikləri onun ruhunun məhsuludur.

Onlar səbəbsiz yaranmır, keçmiş həyatın xatirələridir. Bu baxımdan da bilik itmir və heç bir vaxt yaddan çıxarıla bilməz. Bu da unutma və xatırlama silsiləsini təşkil edir. Platon qeyd etmişdir ki, heç də hər bir insanın ruhu ölümdən sonra tanrılar aləminə ucalmır. Ancaq həyatı boyu özünü tanıma ilə məşğul olan, hər şey haqqında düşüncələrə qapınan və həqiqəti axtaranların (filosofların) ruhları bu məqamlara çatır. Filosof olmayan insan isə saflaşaraq tanrılara çata bilməz. Filosoflar bədənin ölümündən sonra yeni bədəndə dünyaya gəlməzlər. Başqa insanların ruhları isə yaşadıqları həyat tərzinə uyğun olaraq yeni bədənlərə köçürlər. Filosofun ölümü adi insanın ölümünə bənzər deyil. Onun ruhu ilahi əbədilik ideyasının təcəssümüdür.

Beləliklə, dini məzmun daşıyan ölməzlik ideyası ilk dəfə fəlsəfəyə keçmişdir.

Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən, insan və ruh fəlsəfəsi aspektində açıqlanır.O hesab edirdi ki, insanlar yetkin cəmiyyəti fərdi şəkildə qura bilməzlər.Ona görə də, dövlətə və qanunlara ehtiyac vardır. Ancaq dövlət öz vəzifəsini yerinə yetirmək üçün ideala yaxın olmalıdır. Bu məqama çatmaq üçün isə idarəçilik üsullarının və qanunun müəyyən tələblərə cavab verməsi lazımdır. Ümumiyyətlə, Platon insanları üç təbəqəyə bölmüşdür.

Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır. Çünki onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan insanlarda ideyaların ardıcıllığı ilə ahəngi əks olunur və bu kimi insanlar ideal gözəlliyi də dərk edə bilirlər. Onlar həmçinin Xeyrə doğru yönələrək ədalət və həqiqət tərəfdarları olub, dünyanın aldadıcı özəlliklərinə aldanmırlar. Məhz, ağıl sahibi olan insanlar müdrik filosoflardır və onlar dövləti idarə etməlidirlər.

İkinci təbəqəni emosional insanlar (10, 190) təşkil edir. Onların mənəviyyatında emosionallıq (affektlik) payı daha çox olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. Ancaq bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də ola bilərlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı qorumalı, öz xidməti borclarını yerinə yetirməlidirlər.

Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil edirlər. Onların ruhları maddi aləmdən həzz almağa meyllidir. Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə məşğul olmalı, dövlətin maddi vəziyyətini
yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər.

Platona görə dövlət quruluşları aşağıdakılardır:
  1. Aristokratiya-azlığı təşkil edən ən yaxşı vətəndaşların ədalətli hakimiyyəti;
  2. Timokratiya-azlığı təşkil edən hərbiçilərin və başqa dəyərli insanların ədalətsiz hakimiyyəti;
  3. Oliqarxiya-azlığı təşkil edən varlıların ədalətsiz hakimiyyəti;
  4. Demokratiya-çoxluğun həm ədalətli, həm də ədalətsiz hakimiyyəti;
  5. Tiranlıq-bir nəfərin ədalətsiz hakimiyyəti.

Platonun fəlsəfəsində ədalətli və kamil dövlət ən yüksək idealdır. Bu dövlətdə hamı öz vəzifəsini yerinə yetirməlidir. O hesab edirdi ki, şəxsi mülkiyyət və ailə toplumda qarşıdurmaların yaranmasına gətirib çıxardır. Bu isə toplumun və dövlətin birliyini pozur. Ona görə də, hakimiyyətdə olan təbəqənin və əskərlərin mülkiyyəti və qadınları ümumi olmalıdır.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

Müəllif: Nisə Quluzadə

STAY CONNECTED

18,748FansLike
1,989FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.