Plüralist demokratiya nədir?

Post date:

Author:

Category:

Plüralist demokratiya konsepsiyaları – ümumi zəminini hakimiyyətin həyata keçirilməsində çoxlu təşkilatlar və muxtar qruplar iştirak etdiyi zaman dövlətin demokratik hesab edilməsi haqqında müddəa təşkil edir. Siyasi plüralizm ideyalarının yaranması kapitalist cəmiyyətinin sosial strukturunun mürəkkəbləşməsi, inkişaf etmiş sənaye ölkələrində çoxpartiyalı sistemin formalaşması ilə bağlı idi.

Siyasətdə plüralist baxışların əsasını reformist sosializm ideoloqları qoymuşlar. Onlar sosial birliklərin müxtəlifliyini cəmiyyətin imtiyazsız təbəqələrinin maraqlarını ifadə və müdafiə etmək vasitəsi kimi nəzərdən keçirirdilər; bu, hər şeydən əvvəl, parlament demokratiyası şəraitində ali dövlət orqanlarının siyasətinə real təsir göstərmək imkanlarından məhrum edilmiş və alternativ (qeyri-dövlət) təşkilatlar – həmkarlar, gildiyalar, istehlakçı kooperativləri və s. vasitəsilə öz maraqlarını müdafiə etməyə çalışan fəhlə sinfinin maraqlarıdır.


Plüralist demokratiyası idealını daha geniş şəkildə İngiltərənin leyboristlər partiyasının görkəmli xadimi və nəzəriyyəçisi Harold Laski (1893-1950) əsaslandırmışdır. O, “dövlətin plüralist nəzəriyyəsi” və “siyasi plüralizm” anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.


Laskinin təliminə görə, müasir dövlət tipi reformasiya dövründə, dünyəvi hakimlər kilsə üzərində qələbə çalaraq hakimiyyəti bütövlükdə öz əllərində cəmləşdirdikləri zaman təşəkkül tapmağa başlamışdır. Sonralar, kapitalizm möhkəmləndikcə dövlət hakimiyyəti bürokratlaşdırılmış və şəxsi mülkiyyətçilərin maraqlarına xidmət edən mərkəzləşdirilmiş ierarxiya idarəetmə sisteminə çevrilmişdir. H.Laski belə dövləti monistik adlandırırdı. Nümayəndəli təsisatlar (parlament və yerli özünüidarəetmə orqanları) prinsipial olaraq heç nəyi dəyişmir, çünki onlar mülkiyyət sahiblərini müdafiə edən vahid institutlar sisteminə daxildir. Laski yazırdı ki, parlament demokratiyası olan ölkələrdə fəhlələrin seçki hüququ deklarativ, formal xarakter daşıyır. “Vətəndaşlar effektiv fəaliyyət göstərən mərkəzləşdirilmiş hakimiyyət qarşısında gücsüzdürlər”. Bundan da Laski belə bir ümumi nəticə çıxarmışdı: “Kapitalizm azadlıqla bir araya sığmır”.

Nəzəriyyəçi azadlığın təsdiqini yeni ictimai quruluşla – sənaye demokratiyası ilə əlaqələndirirdi. Laski gələcək cəmiyyəti təsvir edərkən belə bir mövqedən çıxış edirdi ki, orada şəxsi mülkiyyət saxlanılacaq, amma istehsalat üzərində idarəetmə funksiyası zəhmətkeş kollektivlərinə veriləcək. Mərkəzləşdirilmiş hakimiyyət təşkilatını “plüralist dövlət” əvəz edəcək; burada ərazi prinsipi ilə qurulmuş təsisatlar sistemini peşəkar maraqların nümayəndəlik orqanları – istehsalat assosiasiyaları (məsələn, dəmiryolları korporasiyası), həmkarlar ittifaqları, müstəqil kilsələr tamamlayacaq. Bununla da dövlət suverenliyinin dispersiyası (səpələnməsi, yayılması) baş verəcək: siyasi hakimiyyət müxtəlif sosial maraqları təmsil edən çoxsaylı birliklərə paylanacaq. Hakimiyyət mərkəzlərinin sayının artması cəmiyyətin federativ təbiətini, onun differensiallaşdırılmış strukturunu əks etdirəcək.

Laski bu müddəaları əsaslandıraraq dövlət suverenliyi haqqında (J.Boden, T.Hobbs), dövlətin ümumi iradəsi haqqında (J.J.Russo) və suverenin iradəsinin ifadəsi kimi hüquq haqqında (C.Ostin) əvvəlki təlimləri tənqid etmişdir. Onun nöqteyi-nəzərincə, sadalanan doktrinalar dövləti hədsiz dərəcədə yüksəldir və cəmiyyətin federativ təbiətinə əks çıxır. Əslində isə, Laski hesab edirdi ki, “istənilən assosiasiya öz üzvlərinə əmrlər verərkən onlar üçün dövlət qanunları tipindən daha çox, səviyyəsi ilə fərqlənən hüquqlar yaradır. Elə bu qayda ilə də dövlət hakimiyyəti ilə digər assosiasiyaların hakimiyyəti arasında səviyyə fərqindən başqa bir fərq göstərmək çətindir”.

Laski, həmçinin hüquqi dövlət konsepsiyası ilə də razılaşmırdı. Hüquqi olmaq üçün müasir dövlət öz vətəndaşlarının yaşayış minimumu və kifayət qədər istirahət hüququ, müştərək sosial hərəkətlər üçün birləşmək hüququ kimi təbii insan hüquqlarını etiraf və təmin etməlidir.
Laskinin ilk əsərlərində sənaye demokratiyasına dinc keçid proqramı var idi. 30-cu illərin ortalarından sosial-siyasi qüvvələrin yerləşdirilməsində baş verən dəyişikliklərin təsiri altında onun görüşləri mühüm dərəcədə təkamülə məruz qalmışdı. Bu dövrdə o, plüralist demokratiyanın ideallarının təbliğindən imtina etmiş və əsasən, yaxın perspektiv üçün leyborist partiyasının taktikasının hazırlanması ilə məşğul olmuşdur. İkinci Dünya müharibəsi illərində Laski belə bir fikrə gəlir ki, hərbi qüvvəyə arxalanan burjuaziyanın hökmranlığına, çox güman ki, yalnız zorakı inqilab yolu ilə son qoymaq olar.

Siyasi plüralizm ideyaları yeni liberal doktrinalarda tamamilə başqa qiymət almışdır (ən erkən konsepsiyalar: Fransada M.Oriunun institusionalizmi, ABŞ-da A.Bentlinin təzyiq qrupları nəzəriyyəsi). Dövləti fəal iqtisadi siyasət keçirməyə çağıran yeni liberallar, eyni zamanda, başa düşürdülər ki, bu, ayrı-ayrı sahibkarlar və korporasiyalar üçün “daha əlverişli şərait” rejiminə çevrilə bilər. Bunu nəzərə alaraq, yeni liberalizm ideoloqları dövlət müdaxiləsinin ona ayrılmış iqtisadiyyatın sabit inkişafının təminatı çərçivəsindən çıxmasına mane ola biləcək vasitələr axtarırdılar.

Bu vasitələr arasında həlledici rol şəxsi maraqların siyasi təminatına, dövlət hakimiyyətinin muxtar sosial institutlarla neytrallaşdırılmasına məxsus idi.
İnstitusionalizm nəzəriyyəsinin banisi Moris Oriu (1856-1929) Tuluza universitetinin hüquq fakultəsinin professoru və dekanı olmuşdur. Onun əsərləri sosiologiya və hüquq elmləri tarixində böyük iz buraxmışdır.
Fransız hüquqşünası cəmiyyəti çoxlu sayda institutların məcmusu kimi nəzərdən keçirirdi. O yazırdı ki, sosial mexanizmlər “insanlardan, həmçinin müəyyən mənada bu fərdlərin enerjisini çıxaran vasitə rolu oynayan ideya, ideal, prinsiplərdən ibarət təşkilatlar və ya institutlardır”. Əgər ilkin olaraq bu və ya digər adamlar müştərək hərəkət üçün birləşərək təşkilat yaradırlarsa, ona daxil olan fərdlərin öz birliklərini dərk etdikləri andan etibarən həmin təşkilat institut olur. Oriu məhz istiqamətləndirici ideyanı bu institutun fərqləndirici xüsusiyyəti hesab edirdi.
Oriunun izahına görə, institut hüquqi vasitələrlə həyata keçirilən iş və ya müəssisənin ideyasıdır. Məsələn, ticarət müəssisəsi gəlirli alver ideyası üzərində, hospital isə mərhəmət ideyası üzərində qurulmuşdur. Oriu vurğulayırdı ki, dövlət vətəndaş cəmiyyətinin vətəndaşa himayədarlıq ideyasını, fərdlərin azadlıq sahəsi kimi şəxsi mülkiyyətin müdafiəsini həyata keçirir. Zaman keçdikcə institutlar sabit xarakter alır və adətən, onları yaradanlardan daha çox yaşayır.

Oriu iki institut tipi ayırırdı: korporativ (ticarət cəmiyyətləri, assosiasiyalar, dövlət, həmkarlar ittifaqları, kilsə) və mülkiyyət (hüquq normaları). O, hər iki növü ideal sosial münasibətlərin özünəməxsus modeli kimi xarakterizə edirdi. Onlar arasındakı fərqi bunda görürdü ki, birincilər sosial kollektivlərdə birləşdirilmişdirsə, ikincilər öz təşkilatlarına malik deyildilər və istənilən birlik çərçivəsində tətbiq oluna bilərdilər.

Oriunun nəzəriyyəsində korporativ institutlara daha çox diqqət ayrılmışdır. Muxtar təşkilatlar kimi onların ümumi cizgiləri var: müəyyən istiqamətləndirici ideya, hakimiyyətin təşkili və daxili qayda-qanunu tənzimləyən normaların məcmusu. Oriu göstərirdi ki, “insan qruplarının hüquq və intizam vasitəsilə idarə olunması tələb edir ki, idarə edənlər özləri hüquq yarada bilsinlər”. Onun doktrinasında hakimiyyət, idarəetmə, hüquq anlayışları bütün korporativ institutlara aid idi. Bununla da, sosial birləşmələr bir-birinə bərabərləşdirilmişdi, eyni qaydanın hadisələri kimi təsvir edilirdilər.

Plüralizm konsepsiyasına idarəetmənin ictimailəşdirilməsi və istehsalat üzərində fəhlə nəzarəti ideyasını əlavə edən Laskidən fərqli olaraq, Oriu korporativ institutları kapitalizm quruluşunun möhkəmləndirilməsi aləti kimi nəzərdən keçirirdi. İnstitutlar nəzəriyyəsi sosial qruplara bazar iqtisadiyyatını sabit bərabərlik vəziyyətində saxlayan mexanizm rolunu ayırmışdı. Oriu yazırdı ki, liberal rejim üçün “iqtisadi istehsalatda fərdlərin sahibkarlığının birinci yerdə qalması, sosial qrupların, o cümlədən dövlətin də sahibkarlığının arxa plana çəkilməsi vacibdir… Sosial həyatın dinamik konsepsiyasında bu o deməkdir ki, fərdlərin səyləri hərəkətdir, halbuki qrupların səyləri fərdlərin hərəkətlərini tarazlaşdırmaq üçün əks təsirdir”.

Oriu belə ziddiyyətlərin zəruriliyini onunla izah edirdi ki, sahibkarlar kapitalın artmasına və iqtisadi hakimiyyətin onların əlində cəmlənməsinə çalışırlar. O güman edirdi ki, azad sahibkarlıq fəaliyyəti cəmiyyətdə tarazlığın pozulmasına səbəb olur. Yeni liberalizmin digər nümayəndələri kimi, Oriu da “qayda-qanunun saxlanılması məqsədilə siyasi müdaxilə kimi ortaya çıxan və dövləti iqtisadi birlik etməyə çalışmayan dövlət müdaxiləsini qəbul etməyin” zəruriliyini sübut edirdi (iqtisadiyyatın milliləşdirilməsinin kommunist layihələri nəzərdə tutulur). Öz növbəsində bu siyasətin həyata keçirilməsi dövlət hakimiyyətinə münasibətdə əlavə tarazlaşdırmalar tələb edəcək.


Oriunun konsepsiyasına görə, dövlət liberal yönümlü kütləvi xidmət olmalıdır. Dövlətin vəzifəsi cəmiyyətin iqtisadi həyatını yönəltmək və nəzarət altında saxlamaqdır, bu zaman özü ümummilli institut olaraq qalmalıdır, yəni vasitəçi qüvvə olmalıdır. “Dövlət qaydaya salınmış və tarazlaşdırılmış rejimə salınan millətin hüquqi şəxsləndirilməsidir”. Sosial kollektivlərin səyləri nə qədər müxtəlif və bir-birinə əks olsa da, Oriunun konsepsiyasına görə, cəmiyyət vahid iqtisadi və siyasi tarazlıq vəziyyətinə gətirilir.
Oriu dövlət və digər institutların nisbəti məsələsini “bərabərlər arasında birinci” formulu ilə həll edirdi. O yazırdı ki, “dövləti suverenlik kimi deyil, institutların institutu kimi nəzərdən keçirmək lazımdır”.

Oriunun nəzəriyyəsində siyasi plüralizm ideyaları hələ aydın ifadə olunmurdu. Buna baxmayaraq, onun cəmiyyət və dövlətin araşdırılması üçün təklif etdiyi yol J.Bürdo, M.Düverje və bir çox digər fransız politoloqlarının plüralist demokratiya konsepsiyalarının formalaşması üçün əsas olmuşdur. İnstitutlar nəzəriyyəsi liberal ideologiyada siyasətin çoxsaylı iştirakçıları olan mürəkkəb proses kimi qavranmasına, siyasətin təhlilini fərdlə dövlət hakimiyyəti arasındakı qarşılıqlı münasibətlərə çevirən klassik liberalizm görüşlərinin aradan qaldırılmasına kömək etmişdir. Əsrin ortalarında institusionalist konsepsiyalar fransız politologiyasında hakim mövqe tutmuşdur (bu, özünü unversitetlərin tədris proqramlarında göstərmişdir: burada dövlət hüququ üzrə ənənəvi fənlər əvəzinə konstitusiya hüququ və siyasi institutlar fənni tədris olunurdu).
Müharibədən sonrakı dövrdə siyasi plüralizm nəzəriyyəsinin ideya məzmunu xeyli genişlənmişdir.

Burada totalitar rejimlərin (faşist və kommunist) tənqidinə geniş yer ayrılmışdır. Bununla əlaqədar olaraq, liberal demokratiya ideoloqları çoxpartiyalı siyasi sistemin üstünlüklərini vurğulayır, plüralizm ideyası və dünyagörüşün, digər siyasi görüşlərin tərəfdarlarına qarşı dözümlülük prinsiplərini, vətəndaşların müxalifət hüququnu əsaslandıran dəlilləri gücləndirirdilər.


Plüralist demokratiya nəzəriyyəsinin sonrakı inkişafı cəmiyyətin siyasi sistemində müxtəlif sosial birləşmələrin yeri və rolunun dəqiqləşdirilməsi ilə əlaqədardır. Politoıoqlar bu günə kimi partiyaların təsnifatını kütləvi hərəkatlarla, təzyiq qrupları və ictimai dəstək birlikləri ilə müqayisədə onların xüsusiyyətlərini fəal müzakirə edirlər.
XX əsrin son onilliklərində Qərb politoloqları plüralizm prinsiplərini hakimiyyətin icraedici qoluna da tətbiq etməyə başlayırlar. 80-90-cı illərdə çap olunmuş bir sıra əsərlərdə qeyd olunduğu kimi, plüralizm yalnız nümayəndəli dövlət orqanlarında deyil, həm də hökumət idarələrində də çoxpartiyalılıq əsasında təşkil olunma tələb edir.

Bu nöqteyi-nəzərin tərəfdarları əmindirlər ki, ardıcıl plüralist demokratiya müxtəlif siyasi partiyaların, o cümlədən bir-birinə müxalifətdə olan partiyaların nümayəndələrinin iştirakı ilə koalision hökumət yaradılmasına zəmin hazırlayır. (Plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir).

Mənbə: Elmi Ensiklopediya

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...